скачать книгу бесплатно
Danqlar məktubu ondan araladı:
– Məhz buna görə də, nə desəm, nə etsəm, hamısı zarafatdır, bizim sevimli Dantesə bir şey olarsa, ən birinci kədərlənən mən olaram. Belə!
O məktubu götürüb əzdi və köşkün küncünə atdı.
Kadruss dedi:
– Bax belə! Dantes mənim dostumdur, ona zərər dəyməsini istəmirəm.
– Danqlar ayağa qalxıb, altdan-altdan küncə atılmış kağıza baxıb katalanlıya tərəf döndü:
– Axı kim ona zərər verməyi düşünür? Dəqiq desək, nə mən, nə də Fernan!
– Onda, – deyə Kadruss davam etdi, – yenə şərab gəlsin! Mən gözəl Mersedes və Edmonun şərəfinə içmək istəyirəm.
Danqlar dedi:
– Əyyaş, sən onsuz da artıqlaması ilə içmisən, bir az da içsən burada yatmalı olacaqsan, çünki artıq ayaq üstə dura bilmirsən.
Kadruss sərxoş lovğalıqla qalxaraq dedi:
– Mən? Mən ayaq üstə dura bilmirəm? Mərc gələrəm ki, səndələmədən Akkul zəng qülləsinə qalxaram.
Danqlar onun sözünü kəsdi:
– Yaxşı, ancaq sabah mərc gələrik. Bu gün artıq evə getmək vaxtıdır. Əlini mənə ver, gedək.
– Gedək, – Kadruss cavab verdi, – lakin sənin əlinə ehtiyacım yoxdur. Fernan, sən necə gedirsən? Bizimlə Marselə gedirsən?
– Xeyr mən evə, Katalana gedəcəyəm.
– Nahaq yerə; gedək bizimlə Marselə, gedək.
– Ora getmək istəmirəm, Marseldə nə işim var.
– Necə dedin? İstəmirsən? Yaxşı, necə istəyirsən! Azadsan, sərbəst qal… Danqlar, gedək, bu cənab isə istəyirsə, qoy Katalana getsin.
Danqlar, Kadrussun etiraz etmədiyini görüb, onu Marselə gedən yola çıxartdı. Lakin Fernana kəsə yol qalsın deyə, Riv-Nev sahil boyu deyil, Sen-Viktor darvazasına tərəf yollandı. Kadruss isə onun əlinə söykənərək dalınca gedirdi.
İyirmi addım getməmiş, Danqlar dönüb gördü ki, Fernan əzilmiş kağızın üzərinə tullanıb onu götürdü və köşkdən çıxaraq şəhərə tərəf qaçdı.
Kadruss dedi:
– O, nə edir? Yalandan Katalana gedəcəyini deyib indi şəhərə qaçır. Ey, Fernan! Dostum, sən düz getmirsən!
Danqlar onun sözün kəsdi:
– Sənin gözlərin torlanıb, o, düz Köhnə Xəstəxanaya tərəf gedir.
– Doğrudan? Mən and içərəm ki, o, sağa döndü… Düz deyirlər, şərab adamı güdaza verər.
Danqlar:
– Deyəsən işlər təkərə düşüb, indi hər şey qaydasındadır, – deyə pıçıldadı.
V. NİKAH
Sabahısı gün isti və aydındı. Günəş şəffaf və parıltılı idi, onun ilk al-qırmızı şüaları dalğaların daraq dişli köpüklərini sanki yaquta boyamışdı.
Ziyafət artıq köşkündən tanıdığımız “Rezerv”in ikinci mərtəbəsində təşkil edilmişdi. Bu altı pəncərəli böyük bir salon idi və (ancaq yaradana məlum bir səbəbdən) hər pəncərənin başında, Fransanın ən böyük şəhərlərindən birinin adı yazılmışdı.
Pəncərələr boyunca, binanın özü kimi taxtadan qalereya uzanırdı.
Ziyafət günortaya təyin edilsə də, səbirsiz qonaqlar saat on birdən qalereyada gəzişməyə başlamışlar. Onlar “Faraon”dan olan dənizçilər və Dantesin bir neçə əsgər dostları idi. Bəylə gəlinə hörmət əlaməti olaraq, qonaqlar təmtəraqlı geyinmişdilər.
Qonaqlar arasında ziyafətə “Faraon”un sahiblərinin də təşrif buyuracaqları barədə şayiə dolaşırdı, lakin bu təklif Dantes üçün çox böyük bir şərəf olduğundan heç kim inana bilmirdi.
Kadrussla birlikdə gələn Danqlar bu xəbəri bir daha təsdiq etdi. Bu sabah cənab Morreli görmüş və cənab Morrel ona naharı “Rezerv”də edəcəyini demişdi.
Doğrudan da bir neçə dəqiqədən sonra Morrel salona daxil oldu. Dənizçilər onu gurultulu alqışlarla qarşıladılar. Onlar armatorun iştirakını Dantesin kapitan təyin ediləcəyi haqdakı şayiələrin təsdiqi kimi qiymətləndirirdilər. Dənizçilər Dantesi çox sevirdilər, sahibkarın seçimi onların arzuları ilə üst-üstə düşdüyünə görə öz təşəkkürlərini bildirirdilər. Cənab Morrel içəri girər-girməz, Danqlarla Kadruss hamının istəyi ilə onların sevincinə səbəb olmuş armatorun gəlişini xəbər vermək və tələsdirmək üçün bəyin yanına göndərildilər.
Danqlarla Kadruss qaçaraq getdilər, lakin yüz addım getməmiş bəy və gəlinlə qarşılaşdılar.
Gəlini, dörd katalanlı qız, Mersedesin rəfiqələri müşayiət edirdi; Edmon isə onunla qol-qola gedirdi. Gəlinin yanında yaşlı Dantes, arxada isə Fernan irəliləyirdi. Qəzəbli gülüş onun dodaqlarının sıxılmasına səbəb olmuşdu.
Bu gülüşü nə Mersedes, nə də Edmon hiss edirdi. Onlar elə xoşbəxt idilər ki, yalnız özlərini və sanki onlara xeyir-dua verən buludsuz açıq səmanı görürdülər.
Danqlar və Kadruss onlara verilən tapşırığı yerinə yetirdilər; sonra Edmonun əlini möhkəm və dostcasına sıxıb öz yerlərinə – Danqlar Fernanın, Kadruss isə hamının diqqət obyektinə çevrilən yaşlı Dantesin yanına keçdilər.
Yaşlı Dantes cilalanmış polad düyməli ipək kaftanını geymişdi. Onun arıq, lakin qüvvətli əzələlərə malik ayaqları bir verstdən ingilis qaçaqmalçılığından xəbər verən kağız corablar içində idi. Üçbucaq şlyapasından bir dəstə bağlanmış ağ və göy rəngli lent sallanırdı. O başı yuxarı əyilmiş, antik əsaya bənzər burma əsaya söykənmişdi. Bir sözlə, yaşlı Dantes 1796-cı ildə yeni açılmış Lüksemburq və Tüilriysk saray bağlarında gəzişən modabazlardan heç də fərqlənmirdi.
Dediyimiz kimi, Kadruss ona qoşuldu, o, gözəl nahar ümidi ilə Danteslə tamamilə barışmış, onun yaddaşında ötən gündən yalnız gecə gördüyü yuxunun tozanaq kölgəsi kimi bulanıq xatirələr qalmışdı.
Danqlar Fernana yaxınlaşaraq diqqətlə incimiş aşiqə baxdı. Fernan, öz eşqinə aludə olmuş və Edmondan başqa heç kəsi görməyən Mersedes tərəfindən tamamilə unudulmuş halda gələcək ər-arvadın arxasınca gedərək gah qızarır, gah da saralırdı.
Vaxtaşırı Marselə tərəf baxırdı, bu zaman özündən asılı olmayaraq diksinirdi. Adama elə gəlirdi ki, Fernan, hansısa bir mühüm xəbər gözləyir və ya hansısa hadisənin gedişindən əvvəlcədən xəbərdardır.
Dantes sadə geyimdə idi. Ticarət gəmisində qulluq edən Dantes, hərbi geyimlə mülki geyim arasında olan bir paltar geyinmişdi və onun sevincdən parlayan sifəti bu geyimdə çox yaraşıqlı görsənirdi.
Mersedes qara gözləri və mərcan dodaqları ilə Kipr və yaxud Xioss yunan qızları kimi gözəl görünürdü. O, yunan, ya da Kipr gözəlləri kimi azad və sərbəst addımlarla irəliləyirdi. Şəhərli qız öz sevincini, heç olmazsa duvaq və ya ən azı məxməri kirpikləri altında gizlədərdi, lakin Mersedes gülərək ətrafdakılara baxır, onun gülüşü, baxışı, dodaqların deyə biləcəyi qədər açıq-aşkar şəkildə: “Siz mənə dostsunuzsa, onda mənimlə bərabər sevinin, çünki mən doğrudan da xoşbəxtəm!” – deyirdi.
Bəy, gəlin və onları müşayiət edənlər “Rezerv”ə yaxınlaşdıqda, əsgər və dənizçilərlə əhatə olunmuş Morrel, Dantesə verdiyi sözü, mərhum Leklerin yerinə onu kapitan təyin edəcəyini təkrar edə-edə onları qarşıladı. Dantes onu gördükdə Mersedesin əlini buraxıb yerini cənab Morrelə verdi. Armator, gəlinlə bərabər qonaqlara nümunə olaraq pillələrlə yeməkxanaya doğru qalxmağa başladı, beş dəqiqə boyunca qonaqların ağır addımları altında pillələr cırıldamağa davam etdi.
Mersedes masanın tam ortasında dayanaraq dedi:
– Atacan, siz mənim sağ tərəfimə əyləşin, – sonra o səsinə məlahət verərək əlavə etdi, – sol tərəfimdə isə qardaş əvəzi olan şəxs oturacaq.
Onun səsindəki bu məlahət Fernanın ürəyinə xəncər kimi saplandı. Onun dodaqları göyərdi və günəşdən yanmış dərisinin altından qanın sifətindən ürəyinə necə sızması göründü.
Dantes cənab Morrellə Danqları öz yanına əyləşdirdi: birincisini sağ, ikincisini isə sol tərəfinə; sonra digərlərinə əli ilə işarə edərək istədikləri şəkildə oturmağa dəvət etdi.
Artıq ləpələrin sahilə vurduğu və şükürlü balıqçıların ümumilikdə “dəniz məhsulları” adlandırdıqları, zərif, dadlı dəniz xərçəngləri, gül rəngli balıqqulağı venerkalar, yeyilən dəniz ilbizləri, “zirehli geyim” içində latlar və s., ətirli aral kolbasaları masanın ətrafını bürüyərək “dolanmağa” başlamışdı.
Yaşlı Dantes restoranın sahibi tərəfindən gətirilən və Mersedesin qarşısına qoyulmuş sarı rəngli topaz çaxırından qurtum-qurtum içə-içə:
– Necə də sakitlikdir! – dedi. – Kim deyə bilər ki, burada zarafat etməyə hazır otuz adam toplaşıb?
Kadruss:
– Adaxlı həmişə xürrəm olmur, – deyə qeyd etdi…
– Bəli, – deyə Edmon dəstək verdi. – Mən şadam ki, xoşbəxtəm. Qonşu, əgər siz bunu demək istəyirsinizsə, tamamilə haqlısınız. Xoşbəxtlik bəzən qəribə təsirə malik olur, o da adama kədər kimi əzab verir.
Danqlar Fernana baxdı, onun qəlbindəki hər bir tərpəniş üzündə əks olunurdu.
Danqlar soruşdu:
– Siz nədənsə qorxursuz? Mənə elə gəlir, əksinə, sizin bütün arzularınız yerinə yetir.
– Məni qorxudan da elə budur, – Dantes cavab verdi. – Mənə elə gəlir, insan belə asan xoşbəxtlik üçün yaradılmayıb! Xoşbəxtlik, qapılarını əjdahalar qoruyan əfsanəvi saraya bənzər. Oranı zəbt etmək üçün şiddətli mübarizə aparmaq lazımdır. Düzünü desəm, Mersedesin əri olmaq xoşbəxtliyini necə əldə etdiyimi bilmirəm.
Kadruss gülərək dedi:
– Əri!… Kapitan, hələ yox; çalış özünü ər yerinə qoyasan, onda səni necə qəbul etdiklərini görərsən.
Mersedes qızardı.
Hər kiçik səs gəldikdə, Fernan yerində qurcalanır və dolu yağışının ilk damlaları kimi alnına çıxan təri silirdi.
Edmon Kadrussa dedi:
– Hər xırda-xuruş şey üstə mübahisə etməyə dəyməz. Bu düzdür, Mersedes hələlik mənim arvadım deyil… – O saatına baxdı. – Lakin saat yarımdan sonra olacaq!
Geniş təbəssümlə hələ də möhkəm olan dişlərini göstərən qoca Dantesdən başqa hamı sevincdən qışqırdı. Mersedes də gülümsədi, lakin bu dəfə qızarmadı. Fernan narahat halda bıçağının dəstəyinə əl atdı.
Danqlar rəngi qaçmış halda dedi:
– Saat yarımdan sonra! Necə yəni?
Dantes dedi:
– Bəli, mənim dostlarım, cənab Morrelin səyi nəticəsində, atamdan sonra hamıdan çox ona borcluyam, bütün maneələr dəf edilib. Biz elansız ötüşmək üçün artıq ianə işini də həll etmişik, saat üçün yarısında Marsel meri bələdiyyə binasında bizi gözləyəcək. Gördüyünüz kimi ikiyə on beş dəqiqə işləyib, bir saat otuz dəqiqədən sonra Mersedesin artıq xanım Dantes deyə çağırılacağını desəm, heç də səhv etmiş olmuram.
Fernan gözlərini yumdu: alovlu duman onun göz qapaqlarını yandırdı; yıxılmamaq üçün masaya söykəndi və bütün cəhdlərinə baxmayaraq qonaqların səs-küyü və qəhqəhəsi içində yox olan zarıltısını saxlaya bilmədi.
Yaşlı Dantes dedi:
– Buna deyərəm iş! Bu vaxtı itirməmək deməkdir! Dünən səhər gəlib, bu gün saat üçdə isə artıq evlisən! Yalnız dənizçilər belə edə bilərlər!
Danqlar tərəddüdlə dedi:
– Müxtəlif rəsmiyyətçilik var, müqavilə, kağızlar…
Dantes gülərək əlavə etdi:
– Müqavilə! Müqavilə hazırdır. Mersedesin heç nəyi yoxdur, mənim də həmçinin! Nəyimiz varsa ümumidir… Bunu qeydə almaq o qədər də vaxt aparmaz, həm də ucuz başa gəlir.
Bu zarafat yeni qəhqəhə və alqışa səbəb oldu.
Danqlar dedi:
– Deməli biz nişanda yox, sadəcə toydayıq.
Edmon etiraz etdi:
– Yox, sakit olun siz heç nə itirmirsiniz. Sabah səhər mən Parisə gedirəm. Dörd gün ora, dörd gün geri qayıtmağım, bir gün də verilən tapşırığın icra olunması, doqquzu martda burada olaram, onunda isə əsl toy ziyafəti olar.
Yeni ziyafət ümidi ilə şadlıq səsi iki qatına çıxdı, yeməkdən əvvəl sakitlikdən deyinən yaşlı Dantes indi ümumi səs-küyün ortasında yeni evlənənlərin şərəfinə söz deməyə imkan tapa bilmirdi.
Dantes atasının fikrini başa düşərək ona sevgi dolu gülüşlə cavab verdi. Mersedes divar saatına baxıb Edmona başı ilə işarə etdi.
Masada yeməyin sonuna yaxın sadə adamlara xas olan təbii səs-küy hökm sürürdü. Öz yerlərindən narazı qalanlar, masadan qalxıb daha şən həmsöhbətlərinin yanında oturdular. Hamı bir ağızdan danışır, suallara cavab verilmirdi, hərə öz fikri ilə məşğul idi.
Danqlar da demək olar, Fernan kimi solğun görünürdü; sonuncuya gəldikdə isə günahkar olaraq alov çəmbərinə qərq olmuş və ancaq nəfəs alırdı. O, masadan ilk duranlardan biri idi, salonda gəzişərək səslərin gurultusu və qədəhlərin toqquşması içində hər bir səsi eşitməyə çalışırdı.
Kadruss Fernana yaxınlaşdı, Danqlar dərhal onlara qoşuldu, görünür Fernan ondan çəkinirdi.
– Nə düzdürsə, o düzdür, – Kadruss dedi, lakin Edmonun mehribançılığı və yaşlı Pamfilin xoş şərabı Dantesin gözlənilməz xoşbəxtliyindən Kadrussun qəlbində baş qaldırmış paxıllıq hissini tamamilə söndürmüşdü. – Dantes çox səmimi gəncdir; onun nişanlısı ilə oturmağına baxıb fikirləşirdim, dünən siz düşündüyünüz o murdar hərəkəti yerinə yetirsəydiniz, necə də pis olardı.
– Axı sən gördün ki, biz o işdən necə əl çəkdik, – Danqlar dedi. – Yazıq Fernan elə bir ümidsiz vəziyyətdə idi ki, əvvəlcə ona yazığım gəldi; lakin o öz dərdi ilə barışıbsa, hətta öz rəqibinin sağdış-soldışı olmağa razılıq veribsə, deməli, artıq danışmağın yeri yoxdur.
Kadruss Fernana baxdı, – onun rəngi meyit rəngi idi.
– Gəlinin gözəl olması itkini daha da ağırlaşdırır… – Danqlar davam etdi. – Lənətə gəlmiş! Mənim gələcək kapitanım xoşbəxtdir. Bir günlüyünə Dantesin yerində olmaq istərdim.
Mersedesin mülayim səsi eşidildi:
– Gedək? Saat ikini vurur, bizi isə üçə on beş dəqiqə işləmiş gözləyirlər.
Dantes tez ayağa qalxdı:
– Bəli, bəli, gedək.
Qonaqlar xorla dilləndilər:
– Gedək.
Pəncərə altlığı üzərində oturmuş Fernanı diqqətlə izləyən Danqlar həmin dəqiqə onun gözlərinin necə vəhşicəsinə bərəlməsini və yerindən sıçrayıb yenidən pəncərə altlığında oturduğunu gördü. Bayırdan aydın olmayan səs-küy gəlirdi; ağır addımların taqqıltısı, başa düşülməyən səslər və silah cingiltisi qonaqların şən söhbətini batırıb yerini həyəcanlı sükuta verdi.