скачать книгу бесплатно
Onu xəncərlə vurmaq istəyirdim, lakin Mersedes ona bir şey olarsa, özünü öldürəcəyini dedi.
Boşlayın! Bu kimi sözlər deyilər, amma əməl edilməz.
Siz Mersedesi tanımırsınız. O hədələdisə, deməli, yerinə yetirəcək.
– Gicbəsər! – Danqlar pıçıltı ilə dedi. – Qoy özünü öldürsün, mənə nə dəxli var, təki Dantes kapitan olmasın.
Fernan qətiyyətlə davam etdi:
– Lakin mən Mersedesdən əvvəl ölərəm.
Kadruss sərxoş səsi ilə bağırdı:
– Bax, budur sevgi! Buna əsl sevgi deyərlər, ya da mən bu işdən heç nə anlamıram!
Danqlar dedi:
– Mənə baxın, lənətə gəlsin, fikrimcə bu vəziyyətdə mən sizə kömək etməliyəm…
Kadruss onun sözünə qüvvət olaraq nəsə deməyə çalışdı:
– Hə, de.
Danqlar onun sözünü kəsdi:
– Əzizim, sən, demək olar, tamamilə sərxoşsan, butulkanı sonadək içsən tamamilə hazır olacaqsan. İç və bizim işlərə qarışma. Bizim işlər üçün açıq zehinli baş lazımdır.
– Sərxoş mənəm? – Kadruss bağırdı. – Buna bax! Mən dörd belə butulka içərəm: bu ki odekolon şüşəsidir! Pamfil ata, şərab ver!
Kadruss stəkanla masanı döyəcləməyə başladı. Həsrətlə yarımçıq qalmış ifadənin sonunu gözləyən Fernan Danqlara dedi:
– Deməli, siz deyirsiniz ki…
– Mən artıq nə dediyimi xatırlamıram. Bu əyyaş bütün fikrimi qarışdırdı.
– Nə deyirəm, qoy belə olsun, əyyaş; şərabdan ehtiyat edənlər üçün bu daha qorxuludur; onlar bəd fikrə sahibdirlər, şərab onları ələ verər deyə, qorxurlar.
Kadruss, o zamanlar çox dəbdə olan mahnını oxumağa başladı:
Bütün yaramazlar içən olurlar
Bunu təsdiqləyir sellər, daşqınlar.
Fernan davam etdi:
– Siz mənim dərdimə kömək etmək istəyirdiniz, sonra da əlavə etdiniz…
– Bəli, lakin sizin dərdinizə kömək etmək üçün Dantesin sevdiyiniz qızla evlənməsinə mane olmaq lazımdır, məncə o, ölməsə də toyu asanlıqla saxlamaq olar.
– Onları ancaq ölüm ayıra bilər, – Fernan dedi.
Kadruss onun sözünü kəsdi:
– Əzizim, siz dəniz ilbizi kimi fikir yürüdürsünüz, Danqlar isə hiyləgərdir, ağıllıdır, alimdir. Səhv etdiyinizi sübut edəcək. Danqlar, sübut et. Mən sənin əvəzindən söz verdim. İndi sübut et ki, ölməsi lazım deyil; əgər Dantes ölsə, heyf olar. Mən Dantesi sevirəm, o, yaxşı adamdır. Dantes, sənin şərəfinə!
Fernan, dilxor halda əlini yellədərək, masadan qalxdı.
Danqlar katalanlıdan tutdu:
– Ona fikir vermə, sərxoş olsa da, həqiqətə daha yaxındı. Ayrılıq, adamı ölümdən heç də pis ayırmır, Mersedeslə Dantes arasında bir həbsxana divarının mövcudluğunu təsəvvür edin. O, onları qəbir daşı kimi birdəfəlik ayırmağa qadirdir.
Kadruss bütün fikrini toplayaraq söhbətə müdaxilə etdi:
– Bəli, lakin həbsxanadan çıxırlar, bu adamın adı Edmon Dantesdirsə və o, həbsxanadan azad olunsa, hökmən qisas alacaq.
– Olsun! – Fernan pıçıldadı.
Kadruss xatırlatdı:
– Bəs Dantes nəyə görə həbsxanaya salınacaq? Qətl törətməyib, oğurlamayıb, doğramayıb…
Danqlar onun sözünü yarımçıq qoydu:
– Səsini kəs!
– Kəsmirəm! İstəyirəm Dantesi nəyə görə həbs etmək istədiklərini desinlər. Mən Dantesi sevirəm. Sənin şərəfinə Dantes! – O daha bir qədəh şərab boşaltdı.
Danqlar, dərzinin tamamilə xumarlanmış gözlərinə baxıb Fernana tərəf döndü:
– İndi başa düşdünüz ki, onu öldürməyə çox da ehtiyac yoxdur? Dediyiniz kimi, Dantesi həbsxanaya salmaq üçün belə bir səbəb varsa, onda əlbəttə lazım deyil. Lakin hardadı belə bir səbəb?
Danqlar dedi:
– Yaxşı axtarsan belə bir səbəb tapılar. Bir də, nəyə görə bu işə qarışıram? Axı bu işin mənə heç bir dəxli yoxdur.
Fernan onun əlindən tutaraq bağırdı:
– Bilmirəm sizə dəxli var, ya yox, amma bilirəm ki, Dantesə nifrət etmək üçün öz səbəbiniz var. Kim nifrət edirsə, başqalarının hisslərindən də başı çıxır.
– Dantesə nifrət etmək üçün mənə bir səbəb deyə bilərsinizmi? Sizi əmin edirəm, heç bir səbəb yoxdu. Gördüm ki, dərdlisiniz, xoşbəxt deyilsiniz və dərdiniz məndə sizə kömək etmə hissi oyatdı, vəssalam. Lakin, əzizim, əgər özüm üçün çalışdığımı düşünürsünüzsə, salamat qalın və bu bəladan necə bacarırsınızsa, elə də çıxın.
Danqlar özünü qalxmaq istəyən adam kimi göstərdi.
Fernan onu tutub saxladı:
– Xeyir, qalın! Dantesə nifrət edib-etməməyinizin mənim üçün nə fərqi var? Ona nifrət edirəm, bunu da gizlətmirəm. Bir əlac tapın. Mən hər işi yerinə yetirərəm; yalnız ölüm olmasın, çünki Mersedes dedi ki, Dantes öldürülürsə, o da ölər.
Kadruss başını masadan qaldırıb ağır və mənasız baxışlarla Fernan ilə Danqlara baxdı:
– Dantesi öldürəcəklər! Dantesi kim öldürməyə hazırlaşır? Bunu istəmirəm. O, mənim dostumdur, hələ bu səhər elə o da pullarını mənimlə bölüşmək istəyirdi. İstəmirəm ki, Dantesi öldürsünlər!
Danqlar onun sözünü yarımçıq kəsərək dedi:
– Səfeh, sənə kim deyir ki, onu öldürmək istəyirlər! Biz sadəcə zarafat edirik. – Danqlar Kadrussun qədəhini dolduraraq davam etdi, – Dantesin salığına iç və bizi rahat burax.
Kadruss şərabı içərək dedi:
– Bəli, bəli, Dantesin şərəfinə! Onun sağlığına!… Onun sağlığına!… Bax belə!…
Fernan yenə soruşdu:
– Bəs səbəb… əlac?…
– Siz hələ onu tapmamısınız?
– Xeyr, lakin bu işə özünüz başladınız…
Danqlar dedi:
– Düzdür. Fransızların ispanlardan fərqi budur, ispanlar ətraflı düşünür, fransızlar isə düşünüb tapırlar.
Fernan səbirsiz halda bağırdı:
– Elə isə düşünün, tapın!
Danqlar bağırdı:
– Qulluqçu! Kağız, mürəkkəb və lələk gətir!
Fernan donquldandı:
– Kağız, mürəkkəb, lələk?
– Bəli, mən hesabdaram: kağız, mürəkkəb və lələk mənim silahımdır, onlarsız heç nə edə bilmərəm.
Fernan da:
– Kağız, mürəkkəb və lələk, – deyib qışqırdı.
Aşxana qulluqçusu əli ilə işarə etdi:
– O masadadır!
– Elə isə bura ver.
Qulluqçu kağız, mürəkkəb və lələyi götürüb onlara verdi.
Kadruss əli ilə kağıza vurdu:
– Adamı meşə kənarında gözləyib qətlə yetirməkdənsə, bununla öldürmək daha etibarlıdır! Nahaq yerə qılınc və tapançadan çox kağız, mürəkkəb və lələkdən qorxmuram.
Danqlar ona işarəylə:
– Deyəsən bu təlxək o qədər də sərxoş deyil, – dedi. – Fernan buna bir az da süz.
Fernan Kadrussun qədəhini doldurdu, o isə əsl əyyaşlar kimi əlini kağızdan çəkib şəraba uzatdı.
Katalanlı Kadrussun yenidən bir nəfəsə içməsini və qədəhini masanın üzərinə qoymasını, daha doğrusu əlindən salmasını gözlədi.
Kadrussun olub-qalan ağlının bu qədəhə qərq olduğunu görən katalanlı dedi:
– Beləliklə?
Danqlar davam etdi:
– Misal üçün Dantesin Neapola və Elba adasına etdiyi gəmi səfəri haqda kral prokuroruna onun Bonapartın agenti olması kimi bir xəbər çatdırılsa…
Katalanlı dərhal ucadan cavab verdi:
– Mən çatdıraram!
– Yaxşı, lakin siz həmin məlumatı imzalamalısınız, üstəlik məlumat verdiyiniz adamla üzləşdiriləcəksiniz. Əlbəttə, sizə Dantesi təqsirləndirmək üçün lazımi dəstəyi verəcəyəm. Lakin Dantes həbsxanada ömürlük qalmayacaq. Azad olandan sonra isə vay onu ora salanın halına!
– Mənə ancaq onun mənimlə mübahisə etməsi lazımdır.
– Bəs Mersedes? Sevgilisi Edmona barmağınızla belə toxunsanız Mersedes sizə qənim kəsiləcək!
– Bu doğrudur, – Fernan dedi.
Danqlar davam etdi:
– Yox, yox, belə bir işə qərar verəcəksinizsə, ən yaxşısı lələyi mürəkkəbə batırıb tanınmasın deyə, sol əllə belə bir məzmunda kiçik məlumat yazmaq kifayətdir.
Danqlar məsləhətlərinə misallar əlavə edərək, sol əli ilə əyri-üyrü hərflərlə adi xəttinə heç bənzəməyən sənədi yazıb Fernana verdi.
Fernan alçaq səslə oxudu:
“Taxt-tac tərəfdarı və inamlısı cənab kral prokurorunu xəbərdar edirəm ki, “Faraon” gəmisinin kapitan köməkçisi bu gün Neapol və Porto-Ferrayoya daxil olmaqla Smirnadan dönən Edmon Dantes Müratdan qəsbkara və qəsbkardan Parisdəki, Bonapart komitəsinə məktub çatdırmaq üçün seçilib.
Saxlanılarsa onu ələ verən məktub özündə, atasında, ya da şəxsi kayutunda ola bilər”.
– Bax belə, – Danqlar dedi, – bu bir işə yaradı, çünki belə bir xəbər sizin özünüzə qarşı çevrilə bilməz, hər şey isə qaydasında gedər. Yerdə qalır məktubu bu şəkildə büküb ünvanını yazmaq: “Cənab kral prokuroruna”. Bununla da bütün işlər qaydasına düşmüş olar.
Danqlar istehza ilə gülərək ünvanı yazdı.
Kadruss bütün qüvvəsini toplayıb məktubu dinlədi və qeyri-iradi olaraq hiss etdi ki, bu kimi xəbərlərin necə ağır nəticələri ola bilər; o, var gücü ilə:
– Bəli, hər şey bitdi, – deyə qışqırdı, – lakin bu çox əclafcasına oldu! – Məktubu götürmək üçün əlini uzatdı.