скачать книгу бесплатно
Qayıq irəli hərəkət edirdi; lakin məhbus qayıq haqda deyil, Mersedes haqda düşünürdü. Nəhayət işıqlandırılan pəncərə qaya çıxıntısı arxasında gözdən itdi. Dantes dönüb qayığın sahildən uzaqlaşdığını gördü.
O, öz düşüncələrinə qərq olduğu müddətdə avarlar yelkənlərlə əvəz olunmuş və qayıq küləyin istiqaməti ilə hərəkət edirdi.
Dantes jandarmı sorğu-sual etmək istəməsə də, onun yanına yaxınlaşıb əlini tutaraq dedi:
– Dostlar! Sizin vicdanınıza və əsgər andınıza and verirəm: mənə yazığınız gəlsin, cavab verin. Məni xəyanətdə ittiham etsələr də, namuslu və mərhəmətli bir fransızam, kapitan Dantesəm. Məni hara aparırsınız? Deyin, sizə dənizçi sözü verirəm ki, öz borcumu yerinə yetirərək taleyimin hökmünə tabe olacağam.
Jandarma boynunu qaşıyıb yoldaşına baxdı. O, müəyyən hərəkətlə sanki: “mənə elə gəlir, indi demək olar” – demək istədi, Dantesə tərəf dönərək:
– Bəli, namusuma and olsun ki, bilmirəm.
– Siz heç şübhələnmirsiniz də?
– Xeyr.
– Ola bilməz.
– Müqəddəs torpağa and içirəm! Allaha and içirəm, söyləyin!
– Bəs əmr?
– On dəqiqədən, yarım saatdan, ola bilsin, bir saatdan sonra öyrənə biləcəyimi mənə deyilməsini əmr qadağan etmir. Siz yalnız məni daimi tərəddüddən qurtarırsınız. Bir dost kimi xahiş edirəm, mənə baxın, müqavimət göstərməyə və qaçmağa hazırlaşmıram. Bu mümkün də deyil. Biz hara gedirik?
– Siz ya korsuz, ya da heç zaman Marsel limanından kənara çıxmamısınız; yoxsa hara aparıldığınızı görməyə bilməzdiniz.
– Bilmərəm?
– Onda ətrafınıza baxın.
Dantes ayağa qalxıb qayığın hərəkət etdiyi istiqamətə baxdı və özündən yüz sajen irəlidə dik qara görüntülü, üzərində də İf qalasının yüksəldiyi qayalığı gördü.
Bu hədsiz dəhşət yaradan, qəribə zahiri görünüşə malik həbsxana və üç yüz ildir, Marseli öz qorxunc rəvayətləri ilə qidalandıran qala, anidən Dantesin qarşısına çıxaraq onda ölümə məhkum olunmuş adamın eşafot üzərinə çıxarkən keçirdiyi hissi yaratdı.
O, ucadan dedi:
– Aman Tanrım! İf qalası? Biz nə üçün ora gedirik?
Jandarma gülümsədi.
Dantes əlavə etdi:
– Lakin məni ora sala bilməzlər! İf qalası mühüm siyasi cinayətkarlar üçün nəzərdə tutulan dövlət həbsxanasıdır. Mən heç bir cinayət törətməmişəm. Məgər İf qalasında hansısa müstəntiqlər, hansısa hakimlər var?
Jandarma dedi:
– Bildiyimə görə orada yalnız komendant, məhbuslar, qarnizon dəstəsi və qala divarları var. Dostum, yaxşı, yaxşı, təəccüblənməyi kənara qoyun, yoxsa xeyirxahlığımın əvəzini mənə məzəmmətlə ödədiyinizi düşünərəm.
Dantes jandarmın əlini elə sıxdı ki, az qala sındıracaqdı.
– Deməli məni İf qalasına aparıb orada saxlayacaqlarını deyirsiniz?
Jandarma dedi:
– Çox güman, lakin mənim əlimi belə güclü sıxmaq lazım deyil.
– Heç bir istintaq olmadan? Heç bir rəsmi işlər olmadan?
– Bütün rəsmi işlər yerinə yetirilib, istintaq isə bitib.
– Cənab Vilforun vədinə baxmayaraq?
Jandarma dedi:
– Mən bilmirəm cənab Vilfor sizə nə vəd edib; ancaq onu bilirəm ki, biz İf qalasına gedirik. Eh! Siz nə deyirsiniz? Yoldaşlar, buraya gəlin! Tutun!
Dantes cəld, ildırım sürətli hərəkətlə dənizə tullanmaq istədi, lakin bu, təcrübəli jandarmın gözündən yayınmadı və dörd güclü əl Dantesin ayaqları yerdən üzüldüyü anda onu yaxaladı.
O hirsindən bağıraraq qayığın içinə yıxıldı.
Jandarma dizini onun sinəsinə qoyaraq dedi:
– Ey, qardaş! Sən dənizçi andını belə yerinə yetirirsən? Bundan sonra bu kimi mülayim adamlara gəl inan da! İndi əzizim, tərpənən kimi güllə ilə alnından vuracağam! Mən əmrin birinci bəndini yerinə yetirməmişəm, lakin narahat olma, ikinci bənd dəqiq yerinə yetiriləcək.
Bunu deyib doğrudan da tüfəngin lüləsini Dantesin gicgahına dayadı. Dantes ilk növbədə qəti bir hərəkətlə onun üzərinə düşən və şahin kimi caynaqlarına alan bu gözlənilməz bəladan qurtulmaq istədi. O, məhz bu bəla belə gözlənilməz olduğuna görə, çox uzun sürə bilməz deyə düşünürdü; sonra Vilforun verdiyi vədi yadına saldı; bir də boynuna almalı idi ki, qayığın dibində, jandarmın əlində ölmək ona iyrənc və acınacaqlı gəlirdi.
Taxtanın üstündə oturub acizlik, hiddət içində əlini dişləyirdi.
Güclü zərbədən qayıq silkələnib durdu. Avar çəkənlərdən biri qayığın burnu ilə toxunduğu sıldırım qayalığa tullandı, çarxdan açılan kəndirin dartılma səsi gəlirdi, Dantes harasa yan aldıqlarını başa düşdü.
Əllərindən və yaxasından tutub saxlayan jandarmlar onu məcburən ayağa qaldırıb sahilə endirərək darta-darta qala qapısına aparan pilləkənin yanına gətirdilər. Arxalarından başında süngülü tüfənglə silahlanmış pristav gəlirdi.
Yeri gəlmişkən, Dantes faydasız müqavimət haqda heç düşünmürdü də. Onun ləng tərpənməsi müqavimət istəyindən deyil, süstlüyündən irəli gəlirdi. Dantesin başı gicəlləndiyindən sərxoş adamlar kimi səndələyirdi. O, yenə sıldırım yamacda iki sıra düzülmüş əsgər gördü; pilləkənin onun ayaqlarını qaldırmağa necə məcbur etdiyini, darvazadan içəri necə girdiyini, bu darvazaların onun arxasından necə bağlandığını hiss etdi, lakin bunların hamısı sanki duman içində, şüursuz halda və heç nəyə aid edə bilmədiyi bir vəziyyətdə baş verirdi. O, hətta məhbusların işgəncə mənbəyi olan, geniş sahəsinə baxıb vahimə içərisində onu qət etməkdə necə aciz olduqlarını dərk etdikləri dənizi də görmürdü.
Bir dəqiqə durduqdan sonra Dantes özünə gəlib ətrafına baxdı. O hündür divarlar arasında dörd künc həyətdə durmuşdu; ölçülü addımlarla gəzişən gözətçilərin addım səsləri eşidilirdi və hər dəfə onlar işıq düşən pəncərələrin qarşısından keçdikcə onların tüfəngləri parıldayırdı. Onlar on dəqiqəyə yaxın dayandılar. Dantesin qaça bilməyəcəyini bilən jandarmlar onu buraxdılar. Görünür, əmr gözləyirdilər; nəhayət kiminsə səsi gəldi:
– Məhbus hardadır?
Jandarmlar cavab verdilər:
– Burda.
– Qoy mənim ardımca gəlsin, onu kamerasına aparacağam.
Jandarma Dantesi itələdi:
– Gedin.
O, bələdçinin arxasınca getdi, onu doğrudan da yarızirzəmi kameraya gətirib çıxartdılar, çılpaq nəm divarlardan sanki göz yaşları süzülürdü. Taburet üzərinə qoyulmuş dayaz boşqab və naməlum piy içində üzən piltə bu qorxunc məkanın divarlarını və bələdçini işıqlandırırdı; kobud sifətli, köhnə geyimli bir adam, çox güman, həbsxananın aşağı təbəqəli qulluqçularından idi.
– Bu da sizin bu gecəlik kameranız. – O dedi. – İndi gecdir və cənab komendant yatıb. Sabah duranda haqqınızda olan sərəncamı oxuyar, ola bilsin, sizi başqa kameraya təyin edər. Hələlik isə bu sizə çörək. Su parçdadır, küncdə isə saman var. Məhbus ancaq bu qədərini arzulaya bilər. Gecəniz xeyrə qalsın.
Dantes ona cavab verməyə macal tapmamış, çörəyi hara qoyduğunu, su ilə dolu parçın harada durduğunu, onun gələcək yatağı olan samanın hara töküldüyünü görməmiş dustaqxana gözətçisi boşqabı götürüb qapını örtərək dustağı həbsxananın yaş divarlarını göstərən o zəif işıqdan da məhrum etdi.
O, sükut və qaranlıq içində yalnız qalaraq, yeraltı məcəllənin qanununa əsasən, lal və qaradinməz halda olduğu yerin öldürücü soyuğunu istidən yanan alnında hiss etdi.
Günəşin ilk şüaları bu “mağaranı” işıqlandırar-işıqlandırmaz həbsxana gözətçisi, dustağı burada saxlanmaq əmri ilə geri döndü. Dantes əvvəlki yerindəydi. Sanki dəmir bir əl onu əvvəlki gün dayandığı yerə mıxlamışdı, yalnız doyunca ağlamamış gözləri şişmişdi. Tərpənmədən yerə baxırdı.
O, bütün gecəni bir dəqiqə də yuxuya getmədən ayaq üstə keçirmişdi.
Həbsxana gözətçisi ona yaxınlaşıb ətrafında dövr etdi, lakin Dantes sanki onu görmürdü.
Onun çiyninə toxundu. Dantes diksinib başını yellədi.
– Siz yatmamısınız? – deyə həbsxana gözətçisi soruşdu.
– Bilmirəm. – Dantes cavab verdi.
Həbsxana gözətçisi təəccüblə ona baxırdı.
– O davam etdi, – siz ac deyilsiniz?
Dantes təkrar etdi:
– Bilmirəm. Mən komendantı görmək istəyirəm.
Həbsxana gözətçisi çiyinlərini çəkərək çıxdı.
Dantes onu nəzərləri ilə yola salaraq əlini yarıaçıq qapıya tərəf uzatdı, lakin qapı çırpılıb bağlandı. Onun qəlbindən güclü bir hönkürtü qopdu.
Yığılıb qalmış göz yaşları sanki sel kimi axırdı. O, diz üstə düşüb, başını döşəməyə basaraq uzun müddət dua etdi, sonra öz həyatını yadına salaraq özündən belə cəza almaq üçün, bu gənc yaşımda görəsən hansı günahları işlədiyini xəbər aldı.
Gün bu şəkildə gəlib keçdi. Dantes yalnız bir neçə tikə çörək və bir neçə qurtum su içə bildi. O, gah fikirli halda oturur, gah da dəmir qəfəsdəki vəhşi heyvan kimi divarın dibiylə dövr edirdi.
Hər şeydən çox belə bir fikir onu qəzəbləndirirdi: o bura köçürülən zaman hər işdən bixəbər və hara aparıldığını bilmədiyindən, bu dərəcə sakit və laqeyd oturmaq əvəzinə, ən azı on dəfə suya tullana bilərdi və Marseldə heç kəsin bacarmadığı qədər üzməyi, suya dalmağı bacardığına görə suyun altında gizlənərək gözətçiləri aldadıb hansısa boş limana çıxaraq Genuya, yaxud Katalan gəmilərindən birinə oturub İtaliyaya, ya da İspaniyaya keçə bilərdi, oradan da Mersedesə məktub yazaraq onu yanına çağırmalı idi. Dantes öz dolanışığı üçün narahat deyildi: tale onu hansı ölkəyə atmağından asılı olmayaraq yaxşı dənizçilərə hər yerdə böyük ehtiyac olduğunu bilirdi; Dantes toskaniyalı kimi italyanca, Kastilyanın sadiq oğlu kimi ispanca danışa bilirdi. O, Mersedes və atası ilə, çünki atasını da çağıracaqdı, azad və xoşbəxt yaşaya bilərdi. Bunun əvəzinə o İf qalasının məhbusudur, bu həbsxanadan ona çıxış, üstəlik Mersedeslə atasına nə olduğundan da xəbəri yoxdur; bunların hamısı da onun Vilfora inanmasından irəli gəlmişdi. Dəli olmağa səbəb çox idi, Dantes hiddət və qəzəbindən həbsxana gözətçisinin gətirdiyi təzə samanın üstündə o yan-bu yana çevrilə-çevrilə qalmışdı.
Ertəsi gün həmin saatda həbsxana gözətçisi gəldi. O soruşdu:
– Necə oldu, bir az ağıllandınızmı?
Dantes cavab vermədi.
– Məyus olmayın! Nə istəyirsiniz deyin. Deyin də!
– Mən komendantı görmək istəyirəm.
Həbsxana gözətçisi təəssüflə cavab verdi:
– Sizə dedim axı, bu mümkün deyil.
– Nəyə görə mümkün deyil?
– Çünki, həbsxana nizamnaməsinə görə, dustaqların ona müraciət etməsi qadağandır.
Dantes soruşdu:
– Bəs burada nəyə icazə vardır?
– Pullu yaxşı yeməyə, gəzintiyə, bəzən də kitablara.
– Kitab mənə lazım deyil; gəzmək də istəmirəm, yeməkdən isə razıyam. Mən yalnız komendantı görmək istəyirəm.
– Əgər buna görə məndən əl çəkməyəcəksinizsə, sizə yemək gətirməyi dayandıracağam.
Dantes cavab verdi:
– Nə olsun, yemək gətirməyəcəksiniz, mən də acımdan öləcəyəm, vəssalam!
Bu sözləri Dantes elə tərzdə söylədi ki, həbsxana gözətçisi onun ölümə sevinəcəyini hiss etdi, lakin hər dustağın ona orta hesabla hər gün on su[5 - Su – Fransada pul vahidi.] gəlir gətirdiyin nəzərə alan həbsxana gözətçisi tez bundan gələcək zərəri hesablayaraq mülayim şəkildə dedi:
– Qulaq asın: xahiş etdiyiniz şey mümkün deyil; deməli siz bunu bir daha xahiş etməməlisiniz; komendantın dustağın xahişi ilə onun kamerasına gəlməsi hələ görünməyib, ona görə də özünüzü rahat aparın, sizə gəzintiyə çıxmağa icazə verərlər və ola bilsin, təsadüfən komendantı görərsiniz. Ona orda müraciət edərsiniz, məsləhət bilsə sizə cavab verər, bu artıq onun öz işidir.
– Bəs bu görüşü mən nə qədər gözləməliyəm?
Həbsxana gözətçisi dedi:
– Kim bilir? Bir ay, üç ay, yarım il, bəlkə də bir il.
Dantes onun sözünü kəsdi:
– Bu çox uzun müddətdir, mən onu indi görmək istəyirəm!
– Təkid etməyin, yerinə yetirə bilmədiyimiz bir arzunuza görə iki həftəyə dəli olarsınız.
Dantes dedi:
– Sən belə düşünürsən?
– Bəli, dəli olarsınız; dəlilik həmişə belə başlayır. Bizdə artıq belə hadisə olub; burada bir rahib yaşayırdı, o, daima komendanta azad olması üçün var-dövlət təklif edirdi, bununla da ağlını itirdi.
– Bəs o, nə vaxtdandır burada yaşamır?
– İki ildir.
– Onu azad etdilər?
– Xeyr, karserə saldılar.
Dantes dedi: