скачать книгу бесплатно
Vilfor markiz de Sen-Meranın arvadını və qızını söz verdiyi kimi, gəlib kabinetində gördü. Gənc Reneni gördükdə diksindi: Renenin yenə Dantes üçün xahiş edəcəyindən qorxurdu. Lakin, əfsus! Boynumuza almalıyıq ki, bizim xudbinliyimizin əksinə olaraq gənc qız yalnız bir işlə: nişanlısının yola salınması ilə məşğul idi.
Vilfor Reneni sevirdi; o, toy ərəfəsində yola düşürdü, nə zaman qayıdacağını heç özü də dəqiq bilmirdi; Rene isə, Dantesə yazığı gəlmək əvəzinə, bu cinayətlə əlaqədar onu nişanlısından ayıran adamı lənətləyirdi.
Bəs Mersedesin vəziyyəti nə yerdə idi?
De-la-Loj küçəsində onun ardınca gəlmiş Fernan gözləyirdi; Mersedes Katalana qayıtdı və yarıcanlı, ümidsiz halda yatağının üzərinə atıldı. Fernan bu yataq qarşısında diz üstə çökərək, onun soyuq əllərini əlinə alıb, həyəcanlı şəkildə öpməyə başladı, lakin Mersedes bunların heç birini hiss etmədi.
Gecə belə keçdi. Qabdakı yağ yanıb bitdikdən sonra, gecə lampası söndü, lakin Mersedes bunu hiss etmədi, işığı da hiss etmədiyi kimi səhərin açılmasını da hiss etmədi.
Kədər onun gözlərini pərdələmişdi, Edmondan başqa heç nə görmürdü.
Nəhayət Fernana tərəf dönərək dedi:
– Sən burdasan!
Fernan kədərlə nəfəs alaraq dedi:
– Dünəndən yanından ayrılmamışam.
Morrel özünü məğlub edilmiş saymırdı. O, dindirmədən sonra Dantesi həbsxanaya apardıqlarını bilirdi, bütün dostlarına baş çəkib, bütün təsir edə biləcək adamlara dəydi, lakin artıq hər tərəfdə Dantesin Bonapartın casusu olduğuna görə həbs olunması haqda şayiələr gəzirdi, o zaman hətta ən cəsur adamlar belə, Napoleonun taxt-tacı özünə qaytarmaq cəhdini ağılsızlıq hesab etdiyindən, Morrel müraciət etdiyi yerlərdə yalnız soyuq münasibət, qorxu və imtina ilə rastlaşırdı. O, evə ümidsiz halda qayıtdı, qəlbində başa düşürdü ki, işlər çox pisdir və heç kəs kömək etmək iqtidarında deyil.
Öz tərəfindən Kadruss da böyük narahatçılıq içində idi. Dantesə kömək məqsədi ilə, Morrel kimi bütün şəhəri dolanmaq əvəzinə, söz yox, bu heç nəyi dəyişməyəcəkdi, o, iki butulka şərab alıb evinə qapanaraq bütün həyəcanını şərabla boğmağa çalışırdı. Lakin onun itirilmiş ağlını dumanlandırmaq üçün iki butulka şərab kifayət etməzdi. Ona görə də həm evdən şərab dalınca çıxmağa halı olmadığından, həm də baş verənləri unutmamaq üçün, sınıq ayaqlı oturacağa söykənib, iki boş butulka arasında oturmağa davam edərək hisləyən şamlar işığında Qofmanın fantastik toz şəklində punşdan nəm çəkmiş səhifələr üzərində xəyalatların fırlanaraq rəqs etməsinə tamaşa edirdi.
Təkcə Danqlar narahat deyildi, təlaş da keçirmirdi. Hətta sevinirdi; o düşmənindən qisasını almış, “Faraon” gəmisində isə məhrum olmaqdan qorxduğu vəzifəni təmin etmişdi. Danqlar qulağının arxasında lələk və ürək yerinə mürəkkəb qabı ilə doğulan, öz xeyrini bilən, ehtiyatlı adamlardan biri idi; dünyada nə varsa onun üçün vurma və çıxma ilə bağlı idi, rəqəmlər isə onun üçün bir adam tərəfindən azaldıla bilən cəmi artırmağa qadir idisə, adamdan daha böyük əhəmiyyət kəsb edirdi.
Ona görə də Danqlar adəti üzrə yatdığı vaxtda yatağına girib rahat yatdı.
Qraf de Salvyodan zəmanət məktubu alan Vilfor, Renenin hər iki yanağından öpərək, markiza de Sen-Meranın əlinə dodaqlarını yapışdırıb, markizin əlini sıxaraq, poçt faytonu ilə Eks yoluna doğru çapdı.
Kədərindən dərin sarsıntı keçirən yaşlı Dantes isə ölümcül təlaş içərisində idi.
Edmona gəldikdə isə, onun başına nə gəldiyi artıq məlumdur.
X. TÜİLRİDƏ KİÇİK OTAQ
Var gücü ilə üç hissədən ibarət olan və mal-qaranın sürülməsi üçün nəzərdə tutulan Paris yoluyla çapan Vilforu bir yana qoyub, iki-üç qonaq otağını keçərək Tüilridə kiçik bir mənzilə baş çəkək. Yarımdairəvi pəncərələri olan bu mənzil, Napoleon və XVIII Lüdovikin, sonra isə Lui-Filippin sevimli iş otağı olmağı ilə məşhur idi.
Qeyd olunan iş otağında, Qartveldən gətirilən qoz ağacından hazırlanmış masa arxasında, dahi şəxsiyyətlərə məxsus qəribə bir şıltaqlıqla oturmuş XVIII Lüdovik pərişan halda, ağ saçlı, kübar sifətli, gözəl geyimli, əlli yaşlarında olan bir adamı dinləyirdi. Eyni zamanda o, Qrifius nəşriyyatı tərəfindən Horatsinin nəşr edilmiş, çox da dəqiq hesab edilməyən, lakin pərəstiş edilən, əsərinin səhifələri kənarında qeydlər aparırdı, bu qeydlər, əlahəzrətlərinə hiyləgər ədəbi müşahidələr aparmaq üçün, geniş qida mənbəyi idi.
Kral dedi:
– Cənab, deməli siz deyirsiniz ki…
– Əlahəzrətləri, mən hədsiz dərəcədə narahatam.
– Doğrudan? Siz yuxuda yeddi arıq, yeddi kök inək görməmisiniz?
– Əlahəzrətləri, xeyr. Bu bizə yalnız yeddi il aclıq, yeddi il isə bolluq gözlədiyindən xəbər vermiş olardı; əlahəzrət, sizin kimi tədbirli kralın yanında aclıqdan qorxmağa dəyməz.
– Əziz Blakas, bəs onda sizi narahat edən nədir?
– Əlahəzrət, mənə elə gəlir, cənubda dolu var.
XVIII Lüdovik cavab verdi:
– Əziz hersoq, mənə elə gəlir, belə bir vəziyyətdə siz pis məlumatlanırsınız. Əksinə mən dəqiq bilirəm, orada hava əladır.
XVIII Lüdovik bilikli adam olsa da, yüngül zarafatları sevərdi.
De Blakas dedi:
– Cənab, heç olmazsa sadiq qulunuzu sakitləşdirmək üçün Lanqedok, Provans və Dofine əyalətlərinə dəqiq məlumat gətirməyə etibarlı adamlarımızın göndərilməsinə izin verin.
Kral Horatsi səhifələrinin kənarlarında qeydiyyat apara-apara cavab verirdi:
– Canimus surdis.[6 - Biz lal-karlara oxuyuruq.]
– Əlahəzrətləri, – özünü Venetsiya şairinin yarım bənd şeirini başa düşən kimi göstərmək istəyən saray əyanı gülərək davam etdi: – Əlahəzrətləri, ola bilsin, Fransanın sadiqliyini nəzərə alaraq, siz haqlısınız; lakin düşünürəm ki, hər hansı bir cəhddən çəkinməklə, mən də haqlı hesab edilə bilərəm…
– Kimin tərəfindən?
– Bonapart, yaxud onun partiyası tərəfindən.
Kral dedi:
– Əziz Blakas, sizin qorxunuz mənə işləməyə imkan vermir.
– Cənab, sizin rahatlığınız isə məni yatmağa qoymur.
– Əzizim, durun gözləyin: ağlıma gözəl bir məzəmmət gəldi, Pastor quum traheret;[7 - Çoban sürərkən… (Horatsi. Odalar, I, 15).] gözləyin, sonra deyərsiniz.
Sükut çökdü, kral Horatsi səhifələri yanında kiçik xətlə bir neçə sətir nə isə yazdı.
– Başqasının fikrini təhlil edərkən özünü yeni bir fikrə gəlmiş adam kimi göstərən kral, başını özündən razı halda qaldıraraq dedi, – əziz hersoq davam edin. – Mən sizi dinləyirəm, davam edin.
Balakas əvvəlcə Vilforun gətirdiyi xəbərdən özü yararlanmaq istəyirdi, odur ki, sözə belə başladı:
– Əlahəzrətləri sizə deməliyəm ki, boş şayiələr və əsasız sözlər məni çəkindirmir. Ağıllı, etibarımı tamamilə qazanmış və tərəfimdən Fransanın cənubuna nəzarət etməyə təyin olunan, – hersoq bu sözləri deyərkən bir az tutuldu, – məlumat çatdırmaq üçün poçt faytonu ilə çaparaq gəlib: kralı qorxulu təhlükə gözləyir. Əlahəzrət, ona görə də sizin yanınıza gəlməyə belə tələsirdim.
Kral qeydlərinə davam edə-edə dedi:
– Mala ducis avi domum.[8 - Acı fəlakətə aparırsan (Horatsi. Odalar, I, 15).]
– Əlahəzrət, ola bilsin, siz mənim bu mövzunu bağlamağımı istəyirsiniz?
– Xeyir, xeyir, əziz hersoq, lakin əlinizi uzadın…
– Hansını?
– Hansını istəyirsiniz; bax ora, sol tərəfə…
– Əlahəzrət, burada?
– Mən sol tərəfə deyirəm, siz isə sağ tərəfdə axtarırsınız; məndən sol tərəfə demək istəyirəm; bəli, burda; burada polis nazirinin dünənki tarixlə məlumatı olmalıdır… Bax, bu da Dandrenin özü… Deyəsən siz cənab Dandre dediniz? – Kral Polis nazirinin gəlişini xəbər vermək üçün içəri daxil olan otaq xidmətçisinə müraciətlə davam etdi.
Otaq qulluqçusu cavab verdi:
– Bəli, ser, baron Dandre.
– Bəli, baron, – deyə, XVIII Lüdovik hiss edilməyən gülüşlə dedi, – gəlin, baron, cənab Bonapart haqda bütün son xəbərləri hersoqa xəbər verin. Vəziyyət nə qədər ciddi olsa da heç nəyi gizlətməyin. Elba adasının bir vulkan olduğu, ətrafa küllü və alovlu müharibə püskürdüyü doğrudurmu: bella, horida bella?[9 - Müharibələr, dəhşətli müharibələr.]
Dandre, iki əli ilə gözəl bir şəkildə oturacağın arxasına söykənərək dedi:
– Əlahəzrət, dünən mənim məlumatımla tanış olmaq şərəfinə nail olmuşdumu?
– Oxudum, oxudum; lakin onu tapa bilməyən hersoqa özünüz danışın, orada nə yazılmışdı? Qəsbkarın öz adasında nə ilə məşğul olduğuna dair, ona ətraflı məlumat verin.
Baron hersoqa müraciət edərək dedi:
– Əlahəzrətin bütün sadiq qulları kimi, Elbadan alınan son məlumatlara sevinməyə məcburuq. Bonapart…
Dandre XVIII Lüdovikə baxdı, o, hansısa qeydiyyatla maraqlandığından başını belə qaldırmadı.
Baron davam etdi:
– Bonapart ölümcül şəkildə darıxmaqdadır; bütün gün ərzində Porto-Lanqone limanında mina düzənlərin işini izləyir.
Kral əlavə etdi:
– Əylənmək üçün də qaşınır.
Hersoq dedi:
– Qaşınır? Əlahəzrətləri, siz nə demək istəyirsiniz?
– Məgər siz unutmusunuz ki, bu böyük adam, qəhrəman, yarı Tanrı dəri xəstəliyindən əzab çəkir?
Polis naziri davam etdi:
– Hersoq, bu azmış kimi, biz əminik ki, yaxın vaxtlarda qəsbkar dəli olacaq.
– Dəli olacaq?
– Şərhsiz; onun ağlı qarışır, gah acı göz yaşları tökür, gah var gücü ilə qəhqəhə çəkir; bəzən saatlarla sahildə oturub suya daş atır, əgər daş beş-altı dəfə sapırsa, onda yenidən Marenqo, yaxud Austerlits döyüşündə qalib gəldiyi kimi sevinir. Razılaşarsınız ki, bu əsl dəlilik əlamətləridir.
XVIII Lüdovik gülərək dedi:
– Yaxud, cənab baron, müdriklik, keçmişdə böyük sərkərdələr, əyləncə saatlarında, suya daş atmaqla əylənərdilər; Plutarxı açın və Afrikalı Sipionun həyatına nəzər salın.
Həm kralda, həm də nazirdə bu laqeydliyi görən de Blakas fikrə getdi. Vilfor, başqalarının onun sirrindən istifadə etməməyi üçün hamısını açıqlamayıb, lakin onları narahat etmək üçün kifayət edəcək qədər məlumat vermişdi.
– Dandre, davam edin, – kral dedi: – Blakas hələ tam əmin deyil. Qəsbkarın necə haqq yoluna qayıtmasından danışın.
Polis naziri baş əydi.
– Haqq yoluna? – Hersoq Vergili çobanları kimi növbə ilə danışan krala və Dandreyə baxaraq pıçıldadı: – Qəsbkar haqq yoluna qayıdıb?
– Sevimli hersoq, sözsüz.
– Hansına?
– Xeyirxahlıq yoluna. Baron, izah edin.
Nazir tamamilə ciddi şəkildə sözə başladı:
– Hersoq, məsələ ondadır ki, Napoleon bu yaxınlarda baxış keçirib; onun köhnə deyingənlərindən ikisi, ya üçü Fransaya qayıtmaq arzusunda olduqlarını bildirib; o, onları təkidlə xeyirxah krala xidmət etməyi məsləhət görərək buraxıb; hersoq, sizi əmin edirəm, bu onun öz sözləridir.
Kral, qarşısındakı açıq şəkildə durmuş nəhəng kitabdan qoparaq, təntənəli surətdə soruşdu:
– Hə, Blakas, necədir? Buna nə deyirsiniz?
– Mən daha təmtəraqlı demək istəyirəm, ikimizdən biri səhv edir: ya cənab polis naziri, ya da mən; lakin sizin əmin-amanlığınızı və cəlalınızı qoruyan polis nazirinin səhv etməsi mümkün olmadığından çox güman, mən səhv edirəm. Lakin əlahəzrət, sizin yerinizdə olsaydım, məruzə edən adamı heç olmazsa sorğu-suala tutardım; mən hətta ona bu şərəfi göstərməyinizi təkidlə xahiş edirəm.
– Hersoq, izin verin; sizin göstərişinizlə mən kimi istəsəniz qəbul edərəm, lakin onu əlində silah qəbul etmək istəyirəm. Cənab nazir, sizin daha yeni məlumatlarınız yoxdur? Bunun üzərində 20 fevral göstərilib, bu gün isə mart ayının üçüdür.
– Xeyir, əlahəzrət, lakin mən hər an yeni məlumat gözləyirəm. Evdən səhər çıxmışam, ola bilsin, mən olmayanda artıq xəbəri alıblar.
– Prefekturaya gedin, əgər o hələ də alınmayıbsa, onda… – Lüdovik güldü, – onda özünüz quraşdırın; deyəsən, axı bu belə edilir?
Nazir cavab verdi:
– Cənab, Tanrıya şükürlər olsun ki, bizə heç nəyi uydurmaq gərək deyil, hər gün müxtəlif, ətraflı xəbərlərlə bol-bol təmin edirlər; onların göstərmək istədikləri, lakin göstərə bilmədikləri xidmət qarşılığında bəzi şeylər almaq ümidi ilə, hər cür başı bəlalı adamlar yazırlar. Onlar xoşbəxt təsadüfə ümid edirlər və gözlənilməz bir hadisənin onların bu ümidlərini doğruldacağını gözləyirlər.
Kral dedi:
– Yaxşı, gedin, unutmayın ki, mən sizi gözləyirəm.
– Əlahəzrət, on dəqiqədən sonra burdayam…
– De Blakas dedi, – əlahəzrət mən də gedib xəbərçimi gətirim.
Kral dedi:
– Dayanın, dayanın. Bilirsiniz, Blakas, mən sizin gerbinizi dəyişməliyəm; sizə qanadlarını açmış, caynaqlarında əbəs yerə qurtulmaq üçün çırpınan, şikar tutan və başı üzərində belə bir: Tenax[10 - Tutduğunu buraxmayan.] şüarı olan qartal vermək istəyirəm.
Hersoq əsəbindən dırnaqlarını çeynəyərək cavab verdi:
– Sizi dinləyirəm, zati-aliləri.