скачать книгу бесплатно
– Qulaq as, mən nə dəliyəm, nə də rahib; ola bilsin, dəli olacağam, lakin təəssüflər olsun ki, hələlik ağlım tamamilə başımdadır; sənə başqa təklifim var.
– Nədir?
– Sənə var-dövlət təklif etməyəcəyəm, çünki buna imkanım yoxdur, lakin Marselə gedərkən, Katalana baş çəkib, Mersedes adlı qıza məktub verməyə razı olsan… yüz ekyu təklif edə bilərəm, hətta məktub deyil, iki sətirlik yazı.
– Mən bu iki sətri verdiyim zaman tutularamsa, aylıq gəlir və yeməyi hesaba almadan min livr dəyərində olan iş yerimi itirərəm; gördüyünüz kimi mənim üç yüz almaq üçün min livri itirməyim dəlilik olardı.
Dantes dedi:
– Yaxşı! Onda qulaq as və yaxşıca yadında saxla: sən məktubu Mersedesə aparmasan və ya ən azı ona burda olduğumu xəbər etməsən bir dəfə qapının arxasından güdərək içəri girdiyində taburetlə başını əzərəm!
Həbsxana gözətçisi bir addım geri çəkilib müdafiə vəziyyəti alaraq bağırdı:
– Aha, hədələmələr! Sizin ağlınız həqiqətən yerində deyil, rahib də sizin kimi başlamışdı, üç gündən sonra sizdə onun kimi dəlilik etməyə başlayacaqsınız; yaxşı ki, İf qalasında karserlər var.
Dantes tabureti qaldırıb başı üzərində oynatdı.
Həbsxana qulluqçusu dedi:
– Yaxşı, yaxşı, siz hökmən bunu istəyirsinizsə, komendantı məlumatlandıraram.
Dantes tabureti döşəməyə qoyub üzərində oturaraq, başı aşağı vəziyyətdə, çaşan gözlərini oynadaraq doğrudan da ağlı çaşmağa başlayan adam kimi söylədi:
– Bax belə!
Həbsxana gözətçisi bayıra çıxıb bir neçə dəqiqədən sonra dörd əsgər və bir kapralla geri qayıtdı.
– Komendantın əmrinə əsasən, məhbusu bir mərtəbə aşağı endirin.
Kapral dedi:
– Deməli, zülmətə.
– Dəliləri dəlilərlə bir yerə – zülmətə salmaq lazımdır.
Özünü itirmiş Dantesi dörd əsgər yaxaladı və o, heç bir müqavimət göstərmədən onların ardınca yollandı.
On beş pillə aşağı endilər; qaranlıq kameranın qapısı açıldı və o, donquldanaraq içəri girdi:
– O, doğru deyir, dəliləri dəlilərlə bir yerə salmaq lazımdır.
Qapılar bağlandı, Dantes əllərini uzadıb divara çatana qədər irəli getdi; küncə çatıb oturdu və uzun müddət yerindən tərpənmədi, bu arada onun gözləri yavaş-yavaş qaranlığa alışaraq əşyaları seçməyə başladı. Həbsxana qulluqçusu səhv etməmişdi: Dantes dəliliyin bir addımlığında idi.
IX. NİŞAN GÜNÜNÜN AXŞAMI
Qeyd etdiyimiz kimi, Vilfor yenidən Qran-Kur küçəsindəki xanım de Sen-Meranın evinə yollandı, qonaqlar artıq yemək otağından çıxmış, qonaq otağında qəhvə içməkdə idilər.
Rene digər qonaqlar kimi onu səbirsizliklə gözləyirdi. Buna görə də onlar Vilforu şən nidalarla qarşıladılar.
Qonaqlardan biri qışqırdı:
– Hə, başkəsən, dövlətin dayağı, kralsevərlərin Brutu! Necə oldu?
Başqa birisi soruşdu:
– Sui-qəsd hazırlanmır ki?
Üçüncüsü soruşdu:
– Korsikan adamyeyəni öz mağarasından çıxmayıb ki?
Vilfor gələcək qayınanasına yaxınlaşaraq dedi:
– Məni bağışlayın, markiza, geri qayıtmaq üçün sizdən izin istəmək məcburiyyətindəyəm… Markiz, izin verirsəniz sizə təklikdə iki kəlmə söz deyərəm.
Vilforun qaşqabaqlı sifətini görən markiza dedi:
– Deməli, məsələ doğrudan da ciddidir?
– Çox ciddidir, mən buna görə bir neçə günlüyünə sizi tərk etməyə məcburam.
Reneyə müraciətlə əlavə etdi:
– Məsələnin nə dərəcədə ciddi olduğunu bundan görə bilərsiniz.
Kədərini gizlədə bilməyən Rene ucadan dedi:
– Siz gedirsiniz?
Vilfor cavabında dedi:
– Təəssüflər olsun ki, bu lazımdır.
Markiza soruşdu:
– Bəs hara?
– Bu istintaq sirridir. Mənim yaxınlarımdan biri bu gün Parisə gedir, ora aid kiminsə bir tapşırığı varsa, bunu məmnuniyyətlə öz üzərinə götürə bilər.
Hamı bir-birinə baxdı.
Markiz dedi:
– Siz mənimlə danışmaq istəyirdiniz?
– Bəli, əgər icazə versəniz, kabinetinizə keçərdik.
Markiz Vilforun qolundan tutdu və onlar birlikdə çıxdılar.
Kabinetə daxil olduqda markiz soruşdu:
– Nə olub? Danışın.
– Parisə təcili yola düşməyim üçün vacib səbəblər mövcuddur. Markiz, indi isə yersiz və nəzakətsiz suala görə məni bağışlayın: sizdə dövlət istiqrazları varmı?
– Mənim bütün yatarlarım ondadır; altı yüz, ya yeddi yüz min frank dəyərində.
– Elə isə onları satın, satın, əks halda iflas edəcəksiniz.
– Onları buradan necə sata bilərəm?
– Parisdə dəllalınız varmı?
– Var.
– Mənə ona ünvanlanmış bir məktub verin: bir dəqiqə, bir saniyə itirmədən belə, hamısını satsın; ola bilsin, mən həddindən artıq gec gedib çataram.
Markiz dedi:
– Lənətə gələsən! Onda gəlin vaxt itirməyək!
O, masa arxasına keçib öz müvəkkilinə, istiqrazların istənilən qiymətə satılmasına dair təlimat yazdı.
Vilfor kağızı səliqə ilə cib kisəsinə qoyaraq dedi:
– Artıq məktubun biri hazırdır, indi mənə o biri də lazımdır.
– Kimə ünvanlanmış?
– Krala.
– Krala?
– Bəli.
– Lakin mən zati-alilərinə bir səbəb olmadan, durduq yerə məktub yaza bilmərəm.
– Amma mən sizdən məktub yazmağınızı istəmirəm, sizin qraf de Salvyodan məktub yazmasını xahiş etməyinizi istəyirəm. Dəyərli vaxtımızı itirməmək üçün mənə elə məktub lazımdır ki, müxtəlif rəsmi sənədlərin tərtibinə vaxt itirmədən, onunla bilavasitə kralın yanına girmək imkanım olsun.
– Bəs ədliyyə naziri necə? Axı, o Tüilriyə girməyə səlahiyyətlidir və siz onun əli ilə istədiyiniz vaxt kralın yanına girmək üçün izin ala bilərsiniz.
– Əlbəttə. Lakin mənim apardığım vacib xəbəri başqası ilə bölüşməyin mənası yoxdur. Başa düşürsünüzmü? Ədliyyə naziri, şübhəsiz, məni ikinci plana itələyib uğurumu mənimsəyəcək. Markiz, sizə yalnız bunu deyə bilərəm: Tüilriyə birinci çataramsa, bu mənim mənsəbimin təmin olunması deməkdir, çünki krala elə bir xeyrim dəyəcək ki, o, bunu heç zaman unutmayacaq.
– Dostum, əgər belədirsə, gedin yol hazırlığına başlayın; mən Salvyonu çağıraram, o sizə elə məktub yazar ki, buraxılış vəsiqəsini əvəz edər.
– Yaxşı, lakin vaxt itirməyin; on beş dəqiqədən sonra mən poçt karetində olmalıyam.
– Tapşırıq verin bizim evin qarşısında dayansın.
– Siz əlbəttə, mənim əvəzimdən markiza və mademuazel de Sen-Merandan üzr istəyəcəksiniz, çünki böyük təəssüf hissi ilə də olsa, belə bir gündə ondan ayrılıram.
– Onlar sizi mənim kabinetimdə gözləyəcəklər, onlarla orada vidalaşarsınız.
– Min dəfələrlə təşəkkür edirəm. Elə isə məktubu hazırlayın.
Markiz zəngi çaldı. Nökər içəri girdi.
– Qraf de Salvyonu dəvət edin gəlsin… – Markiz Vilfora müraciətlə dedi: – Siz isə gedin.
– Mən tezliklə geri dönərəm.
Vilfor tələsik çıxdı; lakin qapının ağzında kral prokurorunun köməkçisi harasa iti addımla addımlamasının bütün şəhərin rahatlığını poza biləcəyini düşünüb özünün adi vüqarlı yerişi ilə addımlamağa başladı.
Öz evinə çatarkən qaranlıqda tərpənmədən onu gözləyən ağ bir kölgə gördü.
Bu Mersedes idi, Edmondan xəbər tuta bilməyən Mersedes, onun nə üstə həbs olunduğunu öyrənməyə qərar vermişdi.
Vilforu gördükdə divardan ayrılıb onun qarşısını kəsdi. Dantes Vilfora nişanlısı barədə məlumat vermişdi, ona görə də Mersedesin ona özünü təqdim etməyinə ehtiyac yox idi; onsuz da Vilfor onu tanımışdı. Qız gözəlliyi və şux qaməti ilə Vilforu mat qoymuşdu, Mersedes nişanlısını ondan soruşanda, Vilfora elə gəldi o təqsirləndirilən, Mersedes isə hakimdir.
– Sizin haqqında danışdığınız adam qatı cinayətkardır, mən onun üçün heç nə edə bilmərəm. – Vilfor cavab verdi,
Mersedes hönkürtü ilə ağlamağa başladı; Vilfor onun yanından ötmək istədi, lakin Mersedes onu saxladı.
– Heç olmazsa onun yerini deyin ki, onun diri və yaxud da ölü olduğunu öyrənə bilim.
Vilfor cavab verdi:
– Bilmirəm, o, artıq mənim sərəncamımda deyil.
Onun bəsirətli baxışı və yalvarıcı hərəkətləri Vilforu darıxdırırdı; Mersedesi itələyib evə daxil oldu və sanki bu qızın kədərindən qorunmaq üçün, cəld qapını çırpıb örtdü.
Lakin kədəri uzaqlaşdırmaq o qədər də asan deyil. Onunla yaralanan adam Vergilinin dediyi kimi, onu ölüm oxu kimi özü ilə aparır. Vilfor qapını bağlayıb qonaq otağına qalxdı, yalnız burada ayaqlarının necə taqətdən düşdüyünü hiss etdi; onun köksündən hönkürtüyə bənzər dərin bir nəfəs çıxdı və kresloya yıxıldı.
Məhz belə bir zamanda, bu xəstə qəlbdə, ölümcül xəstəliyin ilkin əlamətləri ortaya çıxdı. Öz şöhrətpərəstliyinə qurban etdiyi, onun atasının günahlarına görə cəzalandırılan və heç nədə günahı olmayan o gənc, nişanlısını qoluna alaraq solğun və qəzəbli bir şəkildə onun vicdanını parçalayaraq qarşısında dururdu, bu vicdan əzabı xəstələrin dik atılmasına səbəb olan, alın yazısı dediyimiz deyil, vaxtaşırı törətdiyin əməllərə görə ürəyi parçalayan və məzaradək gündən-günə dərinləşərək vicdanı yeyib bitirən bir əzabdır.
Vilfor, sonuncu dəfə daha bir dəqiqəlik tərəddüd keçirtdi. Artıq birinci dəfə deyildi ki, o mübarizə həyəcanından başqa heç nə hiss etməyərək, məhkumlara ölüm cəzası tələb edirdi; onun ildırım sürətli gözəl nitqi hesabına, hakimlərin və iclasçıların marağına səbəb olan və baş tutan bu edamlar onu qətiyyən narahat etmirdi, çünki müttəhimlər təqsirkar idilər və ya Vilfor onları belə görürdü.
Bu səfər isə məsələ tamamilə başqa idi: o, günahsız, xoşbəxt bir adama ömürlük həbs cəzası vermişdi: Vilfor ondan təkcə azadlığını yox, xoşbəxtliyini də almışdı; buna görə də o, özünü hakim deyil, cəllad hesab edirdi.
Bunları düşünərkən bu zamanadək hiss etmədiyi küt və ağrıverici zərbələr hiss etməyə başladı, onlar onun sinəsində əks olunaraq qəlbini hesabda olmayan qorxu ilə doldururdu.
Əgər bu anda Rene zərif səsi ilə onun bağışlanması üçün yalvarsaydı, yaxud da gözəl Mersedes içəri girib ona desəydi: “Bizi görən və mühakimə edən Tanrının adına and verirəm, mənim nişanlımı mənə qaytarın”, – Vilfor artıq qaçılmaz məğlubiyyətə tabe olaraq, başına gələcəklərə baxmayaraq, tamamilə ona tabe olar və buz bağlamış əlləri ilə Dantesin azad olunması haqda əmri imzalayardı; lakin sakitlikdə heç kimdən səda gəlmədi və qapı yalnız otaq xidmətçisi üçün açıldı, o, poçt atlarının faytona qoşulduğunu bildirdi.
Vilfor ayağa durdu, daha doğrusu daxili mübarizədən qalib çıxmış adam kimi atılıb yazı masasına tərəf qaçaraq orada saxlanılan qutulardan birinin içərisindəki bütün qızılları cibinə doldurdu, özünü itirmiş halda hələ də otaqda dolanaraq alnını əli ilə silir və rabitəsiz sözlər donquldanırdı; nəhayət otaq qulluqçusunun yağmurluğunu çiyinlərinə atdığını hiss edib, tez çıxıb faytona atılaraq kəskin halda əmr etdi:
– Qran-Kur küçəsinə, markiz de Sen-Merangilə sürün.
Zavallı Dantes geri dönüşü olmayan bir məhkumluğa məruz qalmışdı.