banner banner banner
İblisin vəkili
İblisin vəkili
Оценить:
Рейтинг: 0

Полная версия:

İblisin vəkili

скачать книгу бесплатно

‒ Miss Uilsonun dərslərində özünü çox da yaxşı aparmırdın, elədir, Barbara? ‒ o, dindirmənin əvvəlində olduğu kimi yenə də sakit və dostcasına soruşdu.

‒ Bəli, ‒ Barbara gözlərini sildi. ‒ Ancaq mən günahkar deyiləm, ‒ sualların istiqamətinin dəyişdiyinə sevinən qız tələsik əlavə etdi.

Kevin bir qədər susdu, sanki eşitdikləri üzərində düşünürdü. Sonra o, növbəti sualını verdi:

‒ Düşünürsən ki, miss Uilson səni sevmir? Buna görə də sənə çətinliklər yaradır?

‒ Bəli.

‒ Onun qalıb yenidən sizin sinfinizə dərs deməsini istəməzdin?

Barbara gözlərini ona zilləmiş Loisin baxışları altında büzüşdü və çiyinlərini çəkdi.

‒ Hə, ya yox? ‒ Kevin təkid etdi.

‒ İstədiyim bircə o idi ki, məndən əl çəksin…

‒ Anlayıram. Hər şey yaxşıdır, Barbara. Miss Uilsonla aranızdakı hadisə nə vaxt baş vermişdi? Təxminən ayın neçəsi olardı?

‒ Etiraz edirəm, möhtərəm hakim, ‒ Balm sıçrayıb yerindən qalxdı. ‒ Düşünmürəm ki, bu balaca qız bütün dəqiqliyi ilə tarixləri yadında saxlamalıdır.

‒ Möhtərəm hakim, bu balaca qız müdafiə etdiyim şəxsə qarşı ittiham irəli sürən tərəfin əsas şahididir. Bu cür ciddi ittihamdan söhbət gedən yerdə biz şahidin nələri yadında saxlayıb, nələri saxlamadığı arasında təsadüfi seçim edə bilmərik. Əgər onun şahid ifadələrində nəsə bir qeyri-dəqiqlik varsa…

‒ Yaxşı, mister Teylor, ‒ hakim razılaşdı. ‒ Sizin mövqeyinizi anladım. Etiraz rədd edilir. Suallarınızı verin, mister Teylor.

‒ Təşəkkür edirəm, möhtərəm hakim. Yaxşı, Barbara, gəl tarixləri unudaq. Həmin hadisə bazar ertəsi, yoxsa çərşənbə axşamı baş vermişdi? ‒ Kevin tez-tez danışırdı, az qala qızın üzərinə hücuma keçmişdi.

‒ E-e-e… çərşənbə axşamı.

‒ Çərşənbə axşamı? ‒ Kevin Barbaraya bir az da yaxınlaşdı.

‒ Bəli.

‒ Axı çərşənbə axşamları sizin incəsənət dərsiniz yoxdur, Barbara, ‒ Kevin dərhal etiraz etdi. İstədiyinə nail olmuşdu, qızı çaşdırmağı bacarmışdı.

‒ E-e-e… mən cümə axşamı demək istəyirdim, ‒ Barbara karıxmış halda mızıldandı.

‒ Sən cümə axşamı demək istəyirdin. Bunun bazar ertəsi baş vermədiyinə əminsənmi?

Barbara başını yırğaladı.

‒ Məlumdur ki, miss Uilson fasilə zamanı çox vaxt müəllimlər otağına gedirdi, ‒ Kevin dedi. ‒ Şagirdlər sinif otağından çıxanda o da içəridə qalmırdı.

Barbara heç nə anlamır və vəkilə baxırdı.

‒ Deməli, bu, cümə axşamı baş verib?

‒ Bəli, ‒ qız astadan təsdiq etdi.

‒ Başqa qızların da başına bu əhvalatın cümə axşamları gəldiyini təxmin etmək olar? ‒ Kevin nədənsə özünü çaşbaş qalmış kimi göstərdi.

‒ Etiraz edirəm, möhtərəm hakim. Qızı başqalarının ifadələri ilə tanış edən olmayıb.

‒ Əksinə, ‒ Kevin dilləndi. ‒ Məncə, onu başqalarının ifadələri ilə çox yaxşı tanış ediblər.

‒ Kim edib? ‒ prokuror hiddətləndi.

‒ Cənablar! ‒ hakim çəkicini döyəclədi. ‒ Etiraz qəbul edilir. Mister Teylor, sizin suallarınız bilavasitə qarşımızdakı şahidin ifadələrinə aid olmalıdır.

‒ Çox gözəl, möhtərəm hakim. Barbara, başına gələnləri başqa qızlara nə vaxt danışdın? Elə o saat? ‒ Kevin qızın özünə gəlməsinə imkan vermədən ona suallar yağdırırdı.

‒ Xeyr.

‒ Sən onlara bu barədə Ceraldla Toni sizdə olanda danışmısan?

Qız yenidən alt dodağını dişlədi.

‒ Onlara bu barədə həmin gün danışmısan? Sən hansısa səbəbdən məhz o günü seçmisən? Həmin gün səni bu barədə danışmağa vadar edən nəsə baş vermişdi?

Barbaranın yanaqlarından yenə yaş süzüldü. O, başını yırğaladı.

‒ Əgər sən miss Uilson barədə danışdıqlarına inanmağımızı istəyirsənsə, bizə hər şeyi söyləməlisən, Barbara. O biri qızlar da həmçinin. Nə üçün sən miss Uilson barədə məhz həmin gün söz açmısan? Oğlanlarla nə ilə məşğul idiniz?

Barbaranın dəhşət içində olduğu üzündən oxunurdu.

‒ Əlbəttə, əgər bütün bu əhvalatı o biri qızlarla əlbir olub uydurmamısansa… ‒ Kevin Barbaraya geri çəkilməyə ayaqyeri qoydu. ‒ Sən hər şeyi uydurmusan, Barbara?

Qız, demək olar ki, yerində quruyub-qalmışdı. Dodaqları əsirdi. O susurdu.

‒ Əgər indi bizə həqiqəti danışsan, hər şey bitəcək, ‒ vəkil söz verdi. ‒ Qalan şeyləri də izah etməyə ehtiyac qalmayacaq, ‒ o, pıçıltı ilə əlavə etdi.

Barbara susurdu.

‒ Barbara? Cavab gözləyirik.

‒ Möhtərəm hakim, ‒ Balm araya girdi, ‒ mister Teylor şahidi qorxudur.

‒ Mən belə düşünmürəm, mister Balm, ‒ hakim onun sözünü kəsdi. O, qıza tərəf əyilib dedi: ‒ Barbara, sən suala cavab verməlisən.

‒ Miss Uilsondan xoşun gəlmədiyi üçün mister Kornblöyə yalan söyləmisən? ‒ Kevin cəld soruşdu.

Bu, əla gediş idi. Qızın suala müsbət cavab verəcəyinə şübhə qalmamışdı. Kevin gözünün ucu ilə andlılar skamyasına nəzər saldı, aydın görünürdü ki, işin məcrasının bu istiqamətə dəyişməsindən onlar da əməllicə heyrətləniblər.

Barbara başını yırğaladı, o ağlayırdı.

‒ Sən anlayırsan ki, miss Uilsonun karyerasını məhv edə bilərdin, Barbara? ‒ Kevin soruşdu və kənara çəkildi ki, Lois Uilson düz qızın gözünə baxa bilsin. ‒ Bu, oyun deyil. Bu sizin evinizdə «xüsusi yerlər»lə oynadığınız oyuna da bənzəmir.

Son sözləri Kevin pıçıltı ilə dedi. Amma elə dedi ki, hamı eşitsin. Qız qıpqırmızı qızardı, gözləri bərəldi. O, ümidsiz halda zala baxdı.

‒ Əgər sən indiyədək həqiqəti olduğu kimi deməmisənsə, onu elə bu dəqiqə söyləsən yaxşıdır. Hər halda, indi yalan danışmasan, hələ də gec deyil, hər şeyi yaxşıya doğru dəyişmək olar. Barbara, fikirləş və bizə düzünü de! ‒ Kevin qızın başının üstünü kəsdirmişdi, düz ona baxır və gözləri parıldayırdı.

Sonra o, həlledici zərbə endirməyə hazırlaşan boksçu kimi arxaya çəkildi.

‒ Miss Uilsonun əli başqa qızlara heç vaxt dəyməyib. Onların müəlliməni ittiham etmələrinə səbəb həmin gün sizin evdə xüsusi bir işlə məşğul olmağınızdır, elədir? Onları hədələyib demisən ki, əgər sənə kömək etməsələr, hər şeyi danışacaqsan.

Barbaranın ağzı açıq qalmışdı, heç nə deyə bilmirdi. Üzü pörtmüşdü, sanki bədənindəki bütün qan sifətinə vurmuşdu. O, çarəsiz halda valideynlərinə baxırdı.

Kevin elə dayandı ki, qız dairə prokurorunu görə bilməsin.

‒ Biz sənin evində olanları açıb-tökməyəcəyik, ‒ o, yumşaq səslə dedi. ‒ Amma müəllimənizlə aranızda belə bir hadisə baş verdiyi barədə danışmağı rəfiqələrindən sən tələb etmisən. Üstəlik, onlara nəyi və necə deməli olduqlarını da öyrətmisən. Düzdür, Barbara?

Kevin qızı ona lazım olan cavaba doğru ustalıqla istiqamətləndirirdi.

‒ Başqa qızları bura dəvət edəndə onlar həmin gün sizin hansı oyunları oynadığınız barədə danışmağa məcbur olacaqlar. Onlar həqiqəti deməli olacaqlar. Ancaq əgər sən indi hər şeyi danışsan, onları bura çağırmağa ehtiyac qalmayacaq. Onları sən öyrətmisən?

‒ Bəli, ‒ qız mızıldadı.

‒ Nə?

‒ Bəli, ‒ Barbara hönkürdü.

‒ Beləliklə də, onlar mister Kornblöyə sənin öyrətdiklərini danışıblar, ‒ Kevin, necə deyərlər, tabutun qapağına sonuncu mismarı çalıb sözünü bitirdi.

O, üzünü Barbaradan andlılara çevirdi. Vəkilin sifətinə eyni anda hiddət və kədər hakim idi. Hamı əvvəlcə qıza, sonra isə Kevinə baxdı.

‒ Ancaq mən onlara yalan danışmamışam! ‒ Barbara göz yaşları içində qışqırdı. ‒ Mən yalan danışmamışam!

‒ Barbara, sən bu zalda artıq kifayət qədər yalan danışmısan.

Kevin dairə prokuroruna tərəf çevrilib başını yırğaladı. Barbara hönkür-hönkür ağlayırdı. Onu zalın yan qapısından çıxarmalı oldular.

Kevin zalda toplaşanlara baxa-baxa yerinə qayıtdı. İçəridəkilərin əksəriyyəti çaşqınlıq içində idi. Bəziləri özlərini tamamilə itirmişdilər. Mister Kornblö və şəhərin bir çox tanınmış sakinləri isə qəzəblərini gizlədə bilmirdilər. Miriam isə başını yırğalayıb gözünün yaşını silirdi. Bircə arxa sırada əyləşmiş centlmen Kevinə baxıb gülürdü.

Lois Uilson vəkilindən işarə gözləyirdi. Kevin başını tərpətdi. Bundan sonra o, Barbaranın dalınca baxdı, həmin baxışları ilə sanki qızı bağışladığını ifadə etdi və roluna yaxşı hazırlaşmış bir aktrisa kimi gözündən süzülən yaşı sildi.

Dairə prokuroru yerindən qalxıb hakimə və dinləyicilərə soyuq nəzər saldı, çünki prosesi davam etdirməyin mənasız olduğunu anlayırdı.

II fəsil

«Brembl İnn» Blisdeyl ətrafında yerləşən ən yaxşı restoranlardan biri idi. Manqalda qızardılmış quzu əti və meyvəli biskviti ilə məşhur olan bu ingilis restoranının ab-havası Kevinlə Miriamın xoşuna gəlirdi. Belə bir ab-hava daşla döşənmiş yoldan tutmuş ağır taxta skamyaları və kərpic buxarısı olan vestibülə qədər hər yerdə hiss olunurdu. Buxarıda odunlar çatırtı ilə yanırdı. Qış axşamı əlində kokteyl «Brembl İnn»in barındakı həmin buxarının qırağında oturmaqdan daha romantik əyləncə tapmaq çətin idi. Adətən, bu restorana kifayət qədər mötəbər adamlar yığışırdı. Onların çoxu Kevini tanıyır, bəziləri ayaq saxlayıb qazandığı uğur münasibətilə onu təbrik edirdi.

Elə ki təklikdə qaldılar, Kevin Miriamın çiyninə qısılıb onu yanağından öpdü.

Bir ay əvvəl Miriam qara dəri ətək və gödəkçə almış, ancaq onları dolabda gizlətmişdi. Kevinə sürpriz etmək üçün münasib məqamın yetişməsini gözləyirdi. Budur, indi həmin məqam gəlib çıxmışdı. Qadının əyninə kip oturan dar ətək beldən aşağı onun gözəl bədən quruluşunu nəzərə çarpdırır və qəşəng ayaqlarını nümayiş etdirirdi. Miriam olduqca cazibədar görünür, bununla belə, əsla ətrafdakılara meydan oxumurdu. Gödəkçənin altından sanki məhz onun şux döşləri və incə ensiz çiyinləri üçün tikilmiş yaşılımtıl-ağ trikotaj köynək geyinmişdi.

Qalın tünd-xurmayı saçları burulub çiyinlərinə düşən ucaboylu Miriam Teylor heç yerdə diqqətdən kənarda qala bilməzdi. O, düz bir il Mari Simonun Manhettendəki modellər məktəbində dərs almışdı. Heç vaxt gerçək səhnəyə çıxmasa da, super modellərə xas qədd-qamətini və incəliyini həmişəlik qoruyub saxlamışdı.

Qadın Kevini öz səsi ilə valeh etmişdi: dərin, seksual səsi ilə. Onun səsi Loren Bekollu[2 - Loren Bekoll ‒ 1924-2014-cü illər arasında yaşamış və Amerika kino institutu tərəfindən Hollivud tarixində ən dahi kino ulduzlarından biri kimi dəyərləndirilmiş aktrisa] xatırladırdı. Kevin ondan tez-tez sevimli filmindən bu sözləri təkrarlamağı xahiş edirdi: «Sadəcə, fit çal! Axı sən fit çalmağı bacarırsan, Sem… Dodaqlarını büz və fit çal».

Miriamın parlaq qonur gözlərini ərinə dikib «Sem»i «Kevin»lə əvəz etməsi və həmin sözləri deməsi kifayət idi ki, Kevin hansısa gözəgörünməz bir əlin onun ürəyini sıxdığını hiss etsin. Miriam istəsəydi, o, boynuna kəndir taxar, ucunu da arvadına verərdi. Miriamın xətrinə hər şeyə hazır idi.

‒ Mən öz arvadımı dəlicəsinə sevdiyim üçün günahkaram, ‒ Kevin qadına deyirdi. ‒ Olduqca nadir, az rast gəlinən bir günahdır! Səni tanımağımla birinci qadağanı pozmağım bir oldu: özünə büt yaratma.

Onlar Kevinin işlədiyi «Boyl, Karlton və Sessler» hüquq firmasında təşkil olunan əyləncə gecəsində tanış olmuşdular. Firma Blisdeyldə yeni tikilmiş binada ofis açmışdı. Miriam gecəyə valideynləri ilə birgə gəlmişdi. Onun atası Artur Morris şəhərin ən tanınmış diş həkimi idi. Senford Boyl gənc hüquqşünası Morrislər ailəsi ilə tanış etdi və elə ilk andan Kevinlə Miriam gözlərini bir-birindən çəkə bilmədilər. Onlar hey baxışır, bir-birinə gülümsəyirdilər. Nəhayət, söhbət etməyə başladılar. Onlar gecə boyu söhbətləşdilər, axırda isə Miriam Kevinin şam yeməyinə dəvətini qəbul etdi. Gənc cütlük ildırımsürətli, ehtiraslı və alovlu bir eşq macərasına atıldıqdan cəmi bir ay sonra evləndilər.

İndi isə onlar «Brembl İnn»in barında oturub Kevinin sonuncu qələbəsini qeyd edirdilər. Miriam fikir vermişdi ki, tanış olduqları gündən bu yana əri çox dəyişib.

«Lap kişiləşib», ‒ Miriam düşündü. Kevinin iyirmi səkkiz yaşı olsa da, daha yaşlı görünürdü. O hər şeyi nəzarətdə saxlamağa qadir yetkin bir kişiyə çevrilmişdi. Yaşıl gözlərindən özünəinam oxunur, hərəkətlərindən isə, adətən, insanın uzun illər ərzində əldə etdiyi təcrübə hiss olunurdu. Kevini iricüssəli adlandırmaq olmazdı, amma o, əsl idmançı kimi möhkəm bədənə malik idi və ətrafa enerji saçırdı. Lazım olanda gücünü və hisslərini nümayiş etdirir, lakin, əsasən, təmkinini qoruyub saxlayırdı. Kevin o dərəcədə intizamlı, sağlam, şöhrətpərəst və inadkar idi ki, Miriam tez-tez ona sataşır və köhnə mahnılardan birinin sözlərini yada salırdı: «O elə gözəl, elə qəşəngdir, cismən və ruhən sağlamdır, şəhərdə ən hörmətli adamdır…»

‒ Mənə de görüm, bu gün məhkəmə zalında oturanda hansı hisslər keçirdin? Məsələn, mənimlə fəxr etdinmi? Azca da olsa…

‒ Kevin, mən demirəm ki, səninlə fəxr etmirəm! Sən… ustacasına hərəkət edirdin, ‒ qadın cavab verdi. Miriam balaca qızın qorxu ifadə edən sifətini, Kevinin onu hədələdiyi, evlərində rəfiqələri ilə nə işlərlə məşğul olduğunu hamıya danışacağını dediyi zaman uşağın gözlərində yaranan təlaşı unuda bilmirdi, odur ki dərhal da əlavə etdi. ‒ Mən sənin bu işi uşağa sirlərini açıb-tökəcəyini deyərək onu qorxutmaqla yox, başqa cür udmağını istəyirdim…

‒ Əlbəttə, belə daha yaxşı olardı, ‒ Kevin başını tərpətdi. ‒ Ancaq mən bunu etməli idim. Bir də yadından çıxarma ki, Barbara Stenli özü də rəfiqələrinə hədə-qorxu gəlməklə onları müəlliməyə şər atmağa vadar etmişdi.

‒ Sən onun üstünə atılanda qıza lap yazığım gəldi…

Kevinin rəngi ağardı.

‒ Unutma, Lois Uilsona qarşı belə ağır ittihamı irəli sürən mən deyildim, ‒ o dedi. ‒ Bunu Martin Balm etmişdi. Barbara Stenlini məhkəməyə çağırıb çarpaz dindirməyə məruz qoyan da odur. Mən öz müştərimi, onun hüquqlarını və gələcəyini müdafiə edirdim. İlk növbədə məhz bu barədə düşünməli idim.

‒ Kevin, bəlkə, qız təkcə özü ifadə verməkdən qorxduğu üçün rəfiqələrini bu işə təhrik edib?

‒ İttiham tərəfi gərək başqa cür hərəkət edəydi, ya da etiraz irəli sürəydi… Bunun mənə dəxli yoxdur. Miriam, unutma, mən vəkiləm və müştərimi istənilən üsullarla müdafiə etməliyəm. Əks halda öz vəzifəmi yerinə yetirməmiş olaram. Bunu ki, anlayırsan?

Miriam başını tərpətdi. O, könülsüz də olsa, əri ilə razılaşmışdı. Kevin də haqlı idi.

‒ Yəni mənim işi necə apardığımla heç fəxr etmirsən? ‒ Kevin arvadının çiynini qucaqlayıb yenidən soruşdu.

‒ Sən dahi aktyor ola bilərdin. Ora-bura elə hərəkət edir, andlılara elə baxır, sualları elə bacarıqla verirdin ki… ‒ Miriam ürəkdən güldü. ‒ «Oskar»a namizədliyini irəli sürmək lazımdır!

‒ Bu, əsl tamaşa idi, elə deyil, Miriam? Ümumiyyətlə, məhkəmə zalına daxil olanda məndə nəsə qeyri-adi dəyişiklik baş verir. Bunun səbəbini izah edə bilmirəm. Sanki pərdə qalxır və mən öz rolumu oynamağa başlayıram. Müştərinin kimliyi, işin mahiyyəti mənasını itirir. Sadəcə, mən səhnəyə çıxıram və nə lazımdırsa, onu da edirəm…

‒ Necə yəni müştərinin kimliyi və işin mahiyyəti mənasını itirir? Sən, həqiqətən, kimi gəldi müdafiə etməyə hazırsan?

Kevin dillənmədi. Miriam bir daha soruşdu:

‒ Kimi gəldi?

Kevin bu dəfə çiyinlərini çəkib dedi:

‒ Düşünürəm, bu, qonorardan asılıdır.

Miriamın gözləri qıyıldı.

‒ Kevin, mənə düzünü de!

Gənc vəkil sağ əlini qaldırıb arvadına baxdı.