banner banner banner
İblisin vəkili
İblisin vəkili
Оценить:
Рейтинг: 0

Полная версия:

İblisin vəkili

скачать книгу бесплатно

‒ Davam et…

‒ O dedi ki, bəzi xüsusi yerlər var…

‒ Xüsusi?

‒ Ah… Bəli.

‒ Bu yerlər barədə o sənə nə izah etmək istəyirdi, Barbara?

Barbara bir anlığa Lois Uilsona nəzər salıb tez üzünü Balma çevirdi.

‒ Barbara, o sənə nə öyrətmək istəyirdi? ‒ prokuror təkrar soruşdu.

‒ Dedi ki, ora… ora kimsə toxunanda nəsə qeyri-adi bir şey baş verir.

‒ Aydındır. Bəs sonra nə etdi? ‒ prokuror qızı ruhlandırmaq üçün başını tərpətdi.

‒ O mənə həmin yerləri göstərdi.

‒ Göstərdi? Necə?

‒ Onları göstərdi, sonra dedi ki, hər şeyi başa düşməyim üçün gərək ona həmin yerlərə toxunmağa icazə verim.

‒ Sən də icazə verdin, Barbara?

Barbara dodaqlarını bir-birinə bərk sıxıb başını tərpətdi.

‒ İcazə verdin?

‒ Bəli.

‒ O sənin haralarına toxunub, Barbara?

‒ Burama və burama, ‒ Barbara döşlərinə və ayaqlarının arasına işarə etdi.

‒ O, sadəcə, sənə toxunurdu, yoxsa başqa nəsə də edirdi?

Barbara alt dodağını dişlədi.

‒ Barbara, başa düşürük, sənə çox çətindir. Ancaq ədalətin qalib gəlməsi üçün biz bu sualları sənə verməliyik. Axı sən bunu anlayırsan, düzdür?

Qız başını tərpətdi, yəni «bəli, anlayıram».

‒ Məhkəməyə cavab ver, miss Uilson daha nələr edirdi?

‒ O, əlini bura qoydu, ‒ qız sağ əlini paçasına qoyub cavab verdi, ‒ və ovuşdurmağa başladı.

‒ Əlini bura qoydu? Demək istəyirsən, paltarın altından?

‒ Bəli.

‒ Sonra nə baş verdi, Barbara?

‒ O, bir şey hiss edib-etmədiyimi soruşdu. Mən dedim ki, qıdığım gəlir, o hirsləndi və əlini çəkdi. Dedi ki, bunu anlamağa hələ hazır deyiləm, amma başqa vaxt bir də cəhd edəcək.

‒ Cəhd etdi?

‒ Mənimlə yox, ‒ Barbara tez cavab verdi.

‒ Rəfiqələrinlə? Sinfinizdən olan başqa qızlarla?

‒ Ah… Bəli.

‒ Qızlara miss Uilsonun səninlə nələr etdiyini danışanda onlar da özləri barədə söz açdılar?

‒ Bəli.

Zaldakılar yüngülcə uğuldadı. Hakim tərs-tərs içəridəkilərə baxdı, dərhal zala sakitlik çökdü.

‒ Sonra da siz birlikdə hər şeyi mister Kornblöyə danışdınız?

‒ Bəli.

‒ Yaxşı, Barbara. İndi mister Teylor sənə suallar verəcək. Ona da mənə olduğu kimi düzünü danış, ‒ prokuror bunu deyib Kevinə tərəf döndü və başını tərpətdi. Mister Balm da dramatik jestlərin ustası idi.

«Yaxşı fənddir, ‒ Kevin fikirləşdi. ‒ Gərək yadımda saxlayım: «Ona da mənə olduğu kimi düzünü danış»».

‒ Barbara, ‒ Kevin yerindən qalxdı, ‒ sənin tam adın Barbara Elizabet Stenlidir, düzdür?

O çox sakit və dostyana danışırdı.

‒ Bəli.

‒ Sizin sinfinizdə başqa bir Barbara da var, düzdür?

Qız başını tərpətdi və Kevin gülə-gülə ona yaxın gəldi.

‒ Ancaq həmin qızın adı Barbara Luiza Martindir, ‒ Kevin davam etdi. ‒ Sizi qarışdırmamaq üçün miss Uilson onu Barbara Luiza, səni isə, sadəcə, Barbara çağırır, elədir?

‒ Bəli.

‒ Barbara Luiza sənin xoşuna gəlir?

Qız çiyinlərini çəkdi.

‒ Sənə elə gəlmirmi ki, miss Uilsonun səndən çox Barbara Luizadan xoşu gəlir? Necə düşünürsən?

Barbara Stenli gözlərini qıyıb Loisə baxdı.

‒ Bəli.

‒ Barbara Luiza daha yaxşı oxuduğuna görə?

‒ Bilmirəm.

‒ Bir də Barbara Luiza sənin kimi sinifdə pis sözlər işlətmədiyinə görə, elədir?

‒ Bilmirəm.

‒ Sən heç vaxt başqa qızları Barbara Luizaya qarşı qızışdırmamısan ki?

‒ Xeyr.

‒ Yadına sal, Barbara, hakim demişdi ki, sən məhkəmədə ifadə verəndə ancaq həqiqəti söyləməlisən. Sən həqiqəti söyləyirsən?

‒ Bəli.

‒ Sən dərsdə rəfiqələrinə Barbara Luizanı lağa qoyan məktublar yazmamısan?

Barbara Stenlinin dodaqları əsdi.

‒ Bəs bu cür məktubları sinifdəki başqa qızlara ötürəndə miss Uilson onları sənin əlində tutmayıb ki? ‒ Kevin başını tərpədib soruşdu.

Məktəbli qız Lois Uilsona baxdı, sonra gözünü zala, valideynləri oturan tərəfə çevirdi.

‒ Miss Uilson sinifdə baş verən hər şeyi dəftərinə qeyd edir, ‒ Kevin üzünü Kornblöyə tutub qovluqdan kağız çıxardı. ‒ O, qeydlərini saxlayıb. Sən Barbara Stenli hansısa rəfiqənə yazmısan: «Gəlin onu Barbara Luzer[1 - Luzer (ing. loser) – uduzan, uğursuz] çağıraq». Başqa qızlar da bundan sonra onu belə adlandırmağa başlayıblar, elədir?

Barbara susurdu.

‒ Miss Uilsonun guya onları da yoldan çıxarmaq istədiyini iddia edən qızlar da Barbara Luizanı «Barbara Luzer» çağırırdılar, elədir?

‒ Bəli, ‒ Barbara az qala ağlayacaqdı.

‒ Deməli, mən səndən başqa qızları Barbara Luizaya qarşı qızışdırıb-qızışdırmadığını soruşanda yalan danışdın, elədir? ‒ Kevin qəfildən sərt şəkildə soruşdu.

Barbara Stenli alt dodağını dişlədi.

‒ Deməli, sən yalan danışdın? ‒ vəkil əl çəkmirdi.

Barbara başını tərpətdi.

‒ Bəlkə, indicə mister Balma danışdıqların da yalan idi?

Qız başını yırğaladı.

‒ Xeyr, ‒ o, güclə eşidiləcək səslə dedi.

Kevin zaldakıların nifrət dolu baxışlarını üzərində hiss etdi. Barbaranın yanağından göz yaşları süzülürdü.

‒ Sən həmişə istəmisən ki, miss Uilson səni də Barbara Luiza kimi çox istəsin. Elədir, Barbara?

Qız çiyinlərini çəkdi.

‒ Sən həmişə istəmisən ki, sinifdə hamının diqqətini çəkəsən. Oğlanların da, qızların da. Düzdür?

‒ Bilmirəm.

‒ Bilmirsən? Bəlkə, yenə yalan danışırsan? ‒ Kevin andlılara tərəf baxdı. ‒ Sən bunu Meri Lesterə demisən, düzdür?

Barbara başını yırğaladı.

‒ Mən Merini bura çağırtdıra bilərəm, yaxşısı budur, düzünü söyləyəsən, Barbara. Sən Meriyə hamının Barbara Luizaya nifrət etməsini, səni isə sevməsini arzuladığını demisən?

‒ Bəli.

‒ Deməli, Barbara Luiza sinifdə daha çox sevilən bir qız imiş, elədir?

‒ Ah… Bəli.

‒ Sən də elə olmaq istəyirdin? Kim istəməz ki?! ‒ Kevin, demək olar, gülürdü.

Barbara bu suala cavab vermək lazım olub-olmadığını anlamadı, lakin onun cavabı vəkili maraqlandırmırdı.

‒ İndi isə, Barbara, sən və digər qızlar miss Uilsonu sizə qarşı seksual hərəkətlər, pis hərəkətlər etməkdə günahlandırırsınız, elədir?

Barbara başını tərpətdi və gözlərini qaldırdı. Kevin gözünü ondan çəkmirdi.

‒ Bəli, ‒ nəhayət, qız dilləndi.

‒ Birinci dəfə idi ki, sənə qarşı bu cür seksual hərəkətlər edilirdi? Barbara, sən birinci dəfə idi ki, nəsə seksual bir şey edirdin? ‒ vəkil tez-tez soruşdu.

Zaldakılar diksindilər, sonra narazı pıçıltılar eşidildi. Hakim çəkicini taqqıldatdı.

Barbara başını yavaşca tərpətdi.

‒ Bəli? – vəkil sözlə cavab tələb etdi.

‒ Bəli, ‒ qız cavab verdi.

‒ Bəs sənin dərsdən sonra Ceraldla Tonini evinizə dəvət etdiyin gün yadındadır? Hansı ki, valideynlərin evdə yox idi. Həmin gün siz nə ilə məşğul olmuşdunuz? Pola, Sara və Meri də səninlə idilər?

Barbara qızardı. O, acizanə şəkildə gözlərini döyürdü. Kevin ona yaxınlaşıb sakitcə, az qala pıçıltı ilə soruşdu:

‒ Sən bilirsənmi ki, Meri sizin evinizdəki həmin hadisə barədə miss Uilsona danışıb?

Barbara dəhşət içində başını yırğaladı.

Kevin gülümsündü, Martin Balma baxdı: prokuror çaşqınlıq içində idi. Kevin bundan nə qədər böyük məmnunluq hissi keçirdiyini gizlətməyərək ona yüngülcə təzim etdi. Sonra isə andlılara tərəf çevrildi və xəfifcə güldü.