banner banner banner
Qılınc və qələm
Qılınc və qələm
Оценить:
Рейтинг: 0

Полная версия:

Qılınc və qələm

скачать книгу бесплатно

Qılınc və qələm
Məmməd Səid Ordubadi

Milli ədəbiyyat #33
Məmməd Səid Ordubadinin tarixi romanlarından sonuncusu olan “Qılınc və qələm”də böyük Azərbaycan şairi və mütəffəkiri Nizami Gəncəvinin yaşadığı dövrün geniş, hərtərəfli mənzərəsi yaradılıb. Tarixi sənədliliklə bədii təxəyyülün ustalıqla əlaqələndirildiyi romanda iki qəhrəmana daha geniş yer verilib: bunlardan biri Nizami, digəri isə Fəxrəddindir. Kitabda Nizaminin fikri-bədii təkamülündə rol oynayan şəxsiyyətlərin bədii surətləri də diqqəti cəlb edir. Roman iki hissədən ibarətdir. Bu kitabda hər iki hissə öz əksini tapıb.

Məmməd Səid Ordubadi

Qılınc və qələm

(roman)

BİRİNCİ HİSSƏ

XƏRABAT

Öz evlərinə qapanıb xısın-xısın ağlayanların sayı küçələrə çıxıb şadlıq edənlərin sayından bir neçə qat artıq idi. Zahirdə şadlıq edən gəncəlilər bu şadlığı dərin bir kədər kimi qarşılayırdılar.

Azərbaycan hakimi Şəmsəddin Eldəniz təzəcə ölmüşdü. Onun yerinə oğlu Cahan Pəhləvan keçən gündən bəri Azərbaycan xalqının həyatı daxili müharibələrdə keçirdi. Cahan Pəhləvan Atabəy Məhəmməd iş başına keçdiyi zaman Azərbaycanın ən mühüm hissələri olan Marağa və Təbriz şəhərləri Ağ Süngər Əhmədin əlində qalmışdı. Buna görə də Atabəy Məhəmməd azərbaycanlıları, xüsusən, aranlıları səfərbərliyə alaraq Təbrizlə Marağanı qurtarmaq üçün uzunmüddətli müharibə təşkil etmişdi. Atabəy Məhəmməd Marağa və Təbrizi alandan sonra şəhərlərə qasidlər göndərib rəiyyətlərinə böyük qələbənin xəbərini elan edirdi.

Bu gün Atabəyin qasidi Gəncəyə gəlmişdi. Eyni zamanda illər uzunu cəbhələrdə yaşayan Aran ordusu Arana qayıdırdı. Gəncə hakimi Əmir İnanc bu qələbənin böyük bir şadlıqla qarşılanması üçün Gəncə xalqına qəti fərman vermişdi. Xalq cəbhədən qalib bir surətdə qayıdan ordunu qarşılamaq üçün küçələrə çıxmışdı. Lakin çoxları öz oğul və qardaşlarını qalib qayıdan ordunun cərgəsində görmürdü. Mizraqdan, nizə və qılıncdan salamat qurtaranların çoxu aclıqdan və xəstəlikdən məhv olmuşdu. Matəm və kədəri qələbənin saxta və aldadıcı pərdəsi ilə gizlətməyə çalışanlar küçələrdə böyük bir fəaliyyət göstərirdilər. Nə ağlamağa, nə də ölənlərdən danışmağa imkan var idi. Bu barədə Gəncə hakimi qəti tapşırıq vermişdi. Gəncə xalqına ancaq küçələrə çıxmaq və ‘‘Yaşasın Atabəy Məhəmməd! Yaşasın zəfər!” − deyə qışqırmaq icazəsi verilmişdi.

Qəlbində ağlayanların hamısı yuxarıdakı kəlmələri təkrar edir və qışqırırdı, çünki bu kəlmələri təkrar etməyənlər təqib edilir və adları siyahıya alınıb hökumətə təqdim olunurdu.

Evindən çıxmayanlar ağac və qamçı zərbələri altında küçələrə çıxarılırdı. Əyinində təzə paltarı olmayanlar geri qaytarılır və təzə paltar geyindikdən sonra təkrar küçələrə çıxarılırdı. Ruhanilər, xətiblər dəstələrin qabağına düşüb Quranda yazılan zəfər ayələrini bir-birinin dalınca oxuyurdular. Hər kəs hökumət məmurlarının yanından keçdiyi zaman özünü şad göstərməyə və kədərini gizlətməyə çalışırdı, lakin hər kəs ‘‘yaşasın zəfər” sözünü ancaq hökumət məmurlarının və hökumətə casusluq edənlərin yanından keçəndə qışqırırdı.

Minlərcə Azərbaycanlının məhvi üzərində qurulmuş olan bu qələbənin bütün xalqın yox, ancaq bir nəfərin qələbəsi olduğunu xalqın simasından sezmək olurdu.

Küçələrə çıxanların içərisində iki gənc − İlyasla Fəxrəddin də var idi. Gəncə mühitini titrədən bu süni şadlığı görüncə bu iki yoldaşın ürəyində Atabəy Məhəmmədə və onun Gəncə hakimi Əmir İnanca qarşı dərin bir nifrət oyandı. Gənc İlyas küçələrdən sel kimi axıb Məlikşah meydanına tərəf gedən xalqı Fəxrəddinə göstərib dedi:

− Sən mənə boğazdan yuxarı ‘‘yaşasın” deyən bu xalqın içərisində bir nəfər də olsun xoşbəxt olan və Atabəy Məhəmmədin xoşbəxt olmasını istəyən adam göstərə bilərsənmi?

Fəxrəddin çox yavaşdan cavab verdi:

− Öz hökmranlığını möhkəmlətmək üçün onlar nə iraqlılardan, nə də iranlılardan istifadə edə bilərdilər. Buna görə də hər bir müharibədə azərbaycanlılar iştirak etməli və məhv olmalıdırlar.

Gənc İlyas ətrafını gözdən keçirərək yavaşdan dedi:

− Azərbaycan xalqı qırılıb azaldıqca məmləkətdə ərəb-fars nüfusu çoxalmaqdadır.

İlyasla Fəxrəddin bu sözləri danışa-danışa Toğrul bəy küçəsindən El Arslan və Məsudiyyə küçələrinə girir və Sultan Səncər camesinin qarşısındakı Məlikşah meydanına yaxınlaşırdılar.

Əhali meydanda durub Gəncə xətibinin gəlməsini gözləyirdi. İlyasla Fəxrəddin də məscidin qapısı qarşısındakı hovuzun yanında dayandılar və xətibi gözləməyə başladılar.

Fəxrəddin fikirli halda başını qaldırıb İlyasa dedi:

− Bəli, indi bu saat gələcək, Təbriz və Marağa fəthini elan edəcək, əvvəlcə xəlifənin, sonra da Toğrul və Atabəy Məhəmmədin adına xütbə oxuyacaqdır. Eyni zamanda təzə bir müsibətin elanını da verəcəkdir.

İlyas Fəxrəddinə əyri bir nəzərdə baxıb soruşdu:

− Nə kimi müsibət?

− Atabəy Rey məmləkətinə hücum etməyə hazırlaşır. Rey hakimi səlcuqilər zamanından bəri Atabəylərə verdiyi vergidən boyun qaçırıbdır. Lakin bu müharibə qorxulu bir müharibədir. Çünki Rey hakimi öz ağzı ilə yox, Xarəzm şahlarının ağzı ilə danışır. Gec-tez onlar Rey məmləkətini öz əllərinə alacaqlar.

İlyas yenə də ona sual verdi:

− Sən buna nə cür baxırsan?

− Nə cür baxacam? Azərbaycan torpağı deyil ki, müdafiə edək.

İlyas etiraz edərək dedi:

− Mən səndən bir qardaş kimi rica edirəm, bu fikrini başqalarının yanında demə, çünki tamamilə yalnış bir fikirdir.

Fəxrəddin təəccüblə soruşdu:

− Bu fikrin yalnışlığı harasındadır?

− Doğrudur, Rey bizimki deyil, Həmədan necə? Bizimdir, ya yox?

− Bizimdir, Azərbaycanın qədim paytaxtıdır.

− Elə isə onu bilməlisən ki, Rey Azərbaycan atabəylərinin əlində olmazsa, Həmədanı saxlamaq mümkün deyil, çünki bir çox hadisələrdə reylilərin Qəzvini əldə etdiyi və Təbrizlə Həmədanın əlaqəsinə maneə törətdiyi görülmüşdür. Heyif ki, mən qılınc və mizraq işlətmək işində savadsızam. Buna görə də sənə bir məsləhət görəcəyəm. İndi ki qılınc və mizraq işlətməyə, ox və kaman işlərilə məşğul olmağa həvəsin vardır, onları yaxşı öyrən. Mən də qələm işlərində yüksək mərtəbə əldə etməyə çalışacağam. Bunların ikisi də bizə lazımdır.

İlyasla Fəxrəddin bu söhbətləri edərkən Gəncə xətibi öz müridləri ilə Gəncə hakimi Əmir İnanc da öz əsgər və qulamları ilə bərabər Məlikşah meydanına daxil oldular. Lakin bunlar xalq tərəfindən çox da təntənə ilə qarşılanmadı.

İlyasla Fəxrəddin də əhaliyə qoşulub Səncər məscidinə daxil oldular. Xətib minbərə çıxıb birinci növbədə, Atabəy Məhəmmədin Marağa və Təbriz altındakı müharibələrdə qazandığı qələbənin xəbərini verdi. Lakin bu xəbər xalqı tərpədə bilmədi; əhali bu xəbəri çox soyuqqanlıqla qarşıladı. Xətib xəlifə və Atabəy Məhəmmədə dua etdiyi zamanda da xalqın bu iki ada qarşı bəslədiyi mənfi münasibət bir daha özünü göstərmiş oldu. Dualara qarşı deyilən “Amin… Amin!” kəlmələri də ürəkdən yox, boğazlardan çıxırdı. “Amin” səsləri o qədər zəif idi ki, camenin mərmər sütunları və qövsi tağları altında itib gedirdi. Ürəkdən “amin” deyənlər ancaq xətibin müridləri və Əmir İnancın nökərləri idi.

Bu vəziyyət həm Gəncə xətibinə, həm də Əmir İnanca çox pis təsir bağışladı.

Əmir İnanc xalqın soyuq münasibətini hiss edincə başını uzadıb Gəncə xətibinin qulağına nə isə pıçıldadı. Bu anda Fəxrəddin də ağzını İlyasın qulağına uzadıb:

− Müvəffəqiyyət! Müvəffəqiyət! Xalqdakı dönüşü hiss edirsənmi? Bunu haramzadə hakimdə də hiss etdi. Xətibin qulağına, şübhəsiz ki, bu barədə pıçıldadı, – dedi:

Əmir İnanc xətibin qulağına pıçıldadıqdan sonra xətib təzə səfərbərlik haqqında bir söz danışmayaraq xütbəsini bitirdi.

Xətib minbərdən yerə düşməmiş əhali hakimi və xətibi gözləməyərək məsciddən çıxdı. Bu hadisə Əmir İnanca və Gəncə xətibinə qarşı bir hörmətsizlik kimi nümayiş edildi. Meydanda yığılan xalq bu barədə danışmağa və pıçıldaşmağa başladı.

Məscidin qapısında Əmir və onun əyanları üçün yəhərlənmiş atlar saxlandığı kimi xətibin müridləridə ağ ulaqları hazır saxlamışdılar. Xətiblə Əmir məsciddən meydana çıxdıqları zaman yenə də pıçıldaşmaqda davam edirdilər.

Əmir xətibə olan hörmətini meydanda yığılan əhaliyə göstərmək üçün uzunqulağın üzəngisindən tutub xətibi mindirdi, sonra isə özü atına minib yola düşdü. Əmiri atlı nökərlər, əyanlar, xətibi isə yüzlərcə müridləri piyada olaraq müşayiət edirdi. Küçələr “Yol ver, çəkil! Başını əy!” səsləri ilə dolmuşdu.

Əmir İnanc Gəncə xətibini və Gəncənin əyanlarını Atabəy Məhəmmədin qələbə bayramı şərəfinə düzəlmiş ziyafətə dəvət etmişdi. Buna görə də şəhərin əyanları və xətibin müridləri xətibin və əmirin dalınca gedirdilər. Təntənə ilə keçən bu dəstə hökumət sarayına getmək üçün yaxın bir yol seçməyə məcbur idi. Onlar Xərabat

küçəsinin tinindən keçərək Əlmənsur

küçəsi ilə başıyuxarı qalxmalı idi.

Dəstələr birdən-birə dayandı. Keçməyə yol yox idi. Pir Osman

küçəsindən gələn dəstə Xərabat məhəlləsinin tinində durub ikimərtəbəli köşkün pəncərəsindən eşidilən musiqi və nəğmələri dinləyir və başqa küçələrdən gəlib keçmək istəyənlərə yol vermirdi.

Əmir atının, Gəncə xətibi isə uzunqulağının cilovunu çəkib dayandı. Minlərcə əhalinin heç birindən səs çıxmırdı. Pəncərədən eşidilən incə nəğmələr, musiqi səsləri kütlələri özünə cəlb etmişdi. Oxunan rübailərin hər bir kəlməsini və çalınan udun naləsini eşitmək mümkün idi.

Əmir və xətib dayanıb durmuşdular. Onlar qadın barmaqlarında inləyən pərdələrdən, qadın dodaqlarından çıxan misralardan ayrılıb gedə bilmirdilər. Onlar da xalqa qoşulub mənliyini itirmişdilər; onlar da pəncərədən eşidilən səsləri öz qanına yeritmək və onu öz ruhunda həzm etmək üçün bütün varlıqları ilə qulaq asırdılar.

Əmir və xətibin dəstəsi dayandığı zaman köşkün pəncərəsindən belə bir mahnı ətrafa yayıldı.

“Gər mülki tö Misr, Rum, Çin xahəd bud

Afaq türa ziru nikin xahəd bud.

Xoş baş ki, aqibət nəsibi mənu tü,

Yek gəz kəfən, se gəz zəmin xahəd bud”.

Pəncərədən eşidilən bu rübai küçədə duranlar tərəfindən böyük bir maraqla qarşılandı. Hökumətin zülmündən təngə gəlmiş xalq hökumətə qarşı yazılan bu rübainin təkrar edilməsini tələb etməyə başladı. Səs-küy ucaldı və dəstələrin hamısından: “Bir daha! Bir daha!” sözləri eşidildi.

Əmir İnanc Hüsaməddinə

sual verdi:

− Bu ev kimin evidir?

Hüsaməddin baş endirib:

− Bu ev məşhur şairə Məhsəti xanımındır,– dedi.

− Oxuyan kimdir?

– Oxuyan Məhsəti xanımın özüdür. Musiqi və nəğmə müəlliməsidir. Bir ay əvvəl cənab xətibin şikayət etdiyi əxlaqsız qadındır. Xalqın qızları bunun yanına gəlib musiqi və nəğmə dərsi oxuyurlar.

Hüsaməddinlə Əmir İnancın söhbəti bitməmiş pəncərədən daha bir musiqi nəğməsi eşidildi:

“Yek dəst bə mushəfəm, yek dəst bə cam,

Gəh nəzdü həlaləmü, gəhi nəzdü həram.

Maim dər in günbədü nə püxtə, nə xam,

Nə kafəru mütləq, nə müsəlmanü təmam”.

Bu rübai eşidildikdən sonra iki səs ucadan:

− Əhsən, yüz əhsən! – dedi.

Bunlardan birisi Fəxrəddin, o birisi isə İlyas idi.

Dəstələrin içərisində də gurultu eşidilirdi. “Yaşa, yaşa!” səsləri bir-birini təqib edirdi.

Xətib uzunqulağın başını çevirib Əmir İnanca yanaşdı və dedi:

− Kafirdir, ədəbsizdir! Bunu Gəncə xalqının başından rədd etmək lazımdır.

Bu anda Məhsəti xanım da “yaşa, yaşa”! – qışqıranlara razılıq vermək üçün başını pəncərədən eşiyə çıxartdı. Onun ixtiyarlaşmağa başının ağarmağa başlamış saçları, gülümsər və təbəssümlü gözləri, minlərcə rübainin xəzinəsi sayılan sinəsi görünərkən xətibin müridləri belə gözlərinin pəncərəyə dirəyib böyük şairə və müəlliməyə baxmağa başladılar. Xətib bu vəziyyəti görüncə müridlərinə əmr verdi:

– Daşa basın dağıdın bu fisq-fücurun yuvasını!

Pəncərə örtüldü, sanki bir günəş buludun altına çəkildi. Musiqi və rübai səslərini pəncərəyə və divarlara toxunan daşlar əvəz etdi. Lakin xalq dəstələri xətibin və Gəncə hakiminin bu kimi vəhşiliyinə qarşı öz nifrətini gizlədə bilmədi. Xətibin müridlərinə hücum etdilər. Onları döyüb Məhsəti xanımın qapısından kənara atdılar. Xətibin müridlərindən bir çoxu ölmüş və yaralanmışdı. Xətibin özü isə Əmir İnancın sarayında gizlənməklə yaxasını xalqın intiqamından qurtara bilmişdi…

Üç gün sonra İlyasla Fəxrəddin Pir Osman məhəlləsində görüşdülər. Fəxrəddin birinci növbədə İlyasın əlini sıxaraq sevincli bir səslə dedi:

− Biz düşünən kimi oldu. Kütlələr Əmir İnanca qarşı hörmət bəsləmirlər. İndi başqa bir məsələ də vardır.

− Nə kimi məsələ? – deyə İlyas soruşdu.

− Atabəyin təzə səfərbərliyinə əngəl törətmək məsələsi.

− Bu yalnız Gəncənin işi deyil, buna bütün Azərbaycanı hazırlamaq lazımdır. Sən getməsən də, Atabəy Cənubi Azərbaycanı səfərbərliyə ala bilər.

Fəxrəddin etiraz edərək dedi:

− Fikrinizlə şərik deyiləm. Rəhbərlik daima Şimali Azərbaycanın vəzifəsi olmuşdur. Paytaxt Həmədanda olduğu üçün Atabəy hökuməti zülmlərinin bütün ağırlığı Cənubi Azərbaycanın zərinə düşür. Biz onlara rəhbərlik etmiş olsaq, onlar üsyana tez qoşula bilərlər. Buna görə də şimalda başlanmış üsyanın xəbərini Cənubi Azərbaycana yaymaq lazımdır. Üsyan etmək üçün bu gündən sərfəli gün əlimizə düşməyəcək.

İlyas bir az düşünərək dedi:

− Doğru deyirsən. Lakin üsyan əsaslı və siyasi bir məqsəd daşımadıqca, xalqı vaxt ikən o məqsədlər ətrafında səfərbər etmədikcə, ümumi üsyan məsələsindən danışmaq artıqdır. Üsyanın arxasında silahlı qüvvə lazımdır. Bu qüvvə olmadan başıpozuq xalqla hökumət qarşısına çıxmaq savadlıqsızdır. Xüsusən, Cənubi Azərbaycan barəsində ehtiyatlı olmaq lazımdır. Çünki Atabəylər İraq və Bağdad qoşunlarının köməyilə Cənubi Azərbaycanı bir neçə günün içərisində xarabazara döndərə bilərlər. İndi de görüm, elə bir hadisədə sənin köməyə getmək üçün silahlı qüvvən vardırmı?

Fəxrəddin dərin-dərin düşünəndən sonra bir ah çəkərək dedi:

− Təəssüf olsun ki, o qüvvə bizdə yoxdur. Lakin mən onu düzəldəcəyəm. Bunun üçün də mən bütün fikrimi silah işlətməyə vermişəm.

− Belə də lazımdır. Lakin biliksiz və siyasi düşüncəsi olmayan adamların silahları da qələbə qazana bilməz. Qəhrəmanlıq yalnız silah deyil, bilik də tələb edir.

Fəxrəddin İlyasa bir sual verdi:

− Sənin Təbrizdə tanışın vardırmı?

− Vardır, Şəmsəddin İbn Süleyman bizimlə həmfikir bir gəncdir.

Mən səni onunla tanış edərəm.

* * *

Günəş Sultan Səncər camesinin minarəsinin mavi rəng qaşlarını işıqlandırmağa başladığı zaman quşlar da günəşi salamlamaq üçün zərdəşti nəğmələri oxuyurdu. İlyas adəti üzrə otağından çıxıb, qərənfil güllərini sulamaq istəyirdi. O, qızılgüllərin ətrafında dolaşan bülbülləri rahatsız etməmək üçün qədəmlərini çox ehtiyatla götürürdü. Birdən qapı bərk döyüldü. Bu, İlyasın qaçırmamağa səy etdiyi quşların qaçmasına səbəb oldu. İlyas çox narazı surətdə qapıya getdi, qapıda Fəxrəddini görüb:

− Öz ehtiyatsızlığın nəticəsində sakit bir cəmiyyətin rahatsızlığına səbəb oldun. Mən bu gündən etibarən qapının çax-çaxını çıxarıb atmalıyam. Mən quşlardan eşq və məhəbbəti öyrənirəm, onlar isə məndən ülfət və dincliyi öyrənir. Fəxrəddin ağızucu dedi:

− Bəli, elədir. Lakin…