banner banner banner
Qılınc və qələm
Qılınc və qələm
Оценить:
Рейтинг: 0

Полная версия:

Qılınc və qələm

скачать книгу бесплатно

− Nə istəyirsən?

Qoca gülümsünərək cavab verdi:

− Sənin sağlığını istəyirəm. Mən Əmir İnancın bağbanıyam, sənə məktub gətirmişəm.

İlyas qocaya təəccüblə baxaraq soruşdu:

− Əmir İnancdan mənə məktub?!

− Həyəcan lazım deyil, məktubu Əmirin özü yox, qızı göndəribdir.

İlyas yenə də böyük bir həyəcanla soruşdu:

− Əmirin qızımı?!

Bağban:

– Bəli, Əmirin qızı, Qətibə xanım sənə məktub göndəribdir, − dedi və əlləri titrəyə-titrəyə məktubu İlyasa uzatdı.

İlyas məktubu böyük bir həyəcan və tərəddüdlə bağbandan aldı, bağban isə baş endirib getdi. İlyas məktubu açıb oxumağa başladı:

“Qəhrəman və şair!

Bu məktubu sənə göndərən qız, Əmir İnancın qızı və xəlifeyiruyi-zəminin nəvəsidir. Qəlbini sənə açan bu qız öz üzünü günəşə belə açmamışdır. Birinci kərədir ki, yabançı kişiyə məktub yazıram. Buna görə də məktubda buraxdığım ədəbi nöqsanları mənə bağışla. Mənim qəlbimi kişilərə açmaq istəmədiyimin əsas səbəbi onları müxtəlif mündəricə və mövzularda təbir etdiyimdir.

Sən özün bizim adətimizi bilirsən. Bu adətlər qızların kişilər ilə üz-üzə oturmasına imkan vermədiyindən, səninlə görüşmək səadəti mənə qismət olmamışdır. Şübhəsiz ki, bu məhrumiyyətin başqa-başqa səbəbləri də vardır ki, onların hamısını bu məktubda göstərməyə lüzum görmədim.

Mən bəzən kişiləri kitablardan öyrənməyi düşünürdüm, lakin tez bir surətdə bu fikrimdən daşındım, çünki insan təbiətini öyrənmək üçün kitab yazanların özləri də səhv edə bilərlər. Hər şeyi bilavasitə öyrənmək caizdirsə, insanları bilavasitə təhlil etmək və nəliyini təyin etmək lazım gəlir.

Bu fikirlərə əsaslanaraq kişiləri bilavasitə öyrənmək qərarına gəldim.

Mən Bağdadda təhsilimi bitirib Gəncəyə gəldiyim zaman sənin qüdrətli bir şair olduğunu eşitmişdim. Hətta Əbül-Ülanın cariyəsi Səba xanım sənin on iki misralıq bir qəzəlini mənə vermişdi:

“O gözəl, incə, sevgilərdən şən,

Bir çiçəkdir, doğuldu şəbnəmdən”.

Bu qəzəlini gündə bir neçə dəfə oxuyuram. Bu şeirdə bədiilikdən başqa yüksək mündəricə vadır. Burada gözəl insanları yaradan bir qətrə murdar su şəbnəm kəlməsi ilə ifadə edilmişdir. Bədii ədəbiyyatda ancaq bədii kəlmələr işlətmək lazım olduğunu sən, gənc şair, hamıdan əvvəl təyin etmisən. Bu qəzəlin haqqında danışmaq üçün səni görmək istəyirdim. Bir dəfə səni Məlikşah meydanından keçdiyin zaman səni uzaqdan görmüşəm. Bir kərə də Ozanlar məhəlləsinə girdiyin zaman gördüm. İki kərə də Əbül-Ülanın evində olduğun vaxt danışmaq istəyirdim, lakin mümkün olmadı. Bu təsadüflərin heç birisində sənin şəxsiyyətini təyin etmək mümkün olmamışdı. Son dəfə atam səni hüzuruna çağırdığı zaman səni lazımınca gördüm və şəxsiyyətinlə kifayət qədər tanış oldum. Doğrusu, xəyalımda sənə müxtəlif şəkillər verməkdən yorulmuşdum, haman tanışlıqdan sonra qismən dincimi aldım.

O axşam mən qarşımda nümunəvi bir kişi siması görməyə müvəffəq oldum. İnan, İlyas! Anamın canına və babam xəlifənin müqəddəs varlığına and içirəm, mən haman axşam ancaq səni müdafiə etmək üçün mühakimə otağında oturmuşdum. Mən sənin barəndə çıxarılan hər bir mənfi qərarı dəyişdirəcəkdim. Səndən rica edirəm, həmin bu məktubun cavabını yazıb bağbanımız Salimin vasitəsilə mənə göndər. O məktub mənim qəlbim kimi hər bir kəsə gizlin qalacaqdır. Sən mənim məktubumu dostlarına göstərmə.

Sənə daima bir dostluq hörməti bəsləyən Qətibə”.

İlyas Qətibənin məktubunu oxuduqdan sonra bir xeyli düşündü. Nəhayət, gülümsəyərək məktubu cibinə qoydu. O qalxıb getmək istəyirdi, çünki axşam yaxınlaşırdı, səyahətçilərin bir çoxu meşədən çəkilib gedirdi.

Rəna ağacların dalından çıxıb yavaş-yavaş İlyas oturan söyüd kötüyünün yanına doğru irəlilədi, sonra olduğu yerdə donub durdu. O utanırdı, başını yuxarı qaldırıb ətrafına baxmırdı. İlyas qalxıb getmək istərkən Rənanın quruyub qaldığını gördü. Qızın məhbub çöhrəsində bir kədər var idi. Onun gözlərində İlyasa ilham verən o daimi gülüşlər artıq yox idi. Çöhrəsi tez-tez dəyişirdi. Çöhrənin rəngi yağışdan çıxmış fəzanın qövs-qüzehləri kimi rəngdən-rəngə keçirdi. O, bahar buludu kimi dolmuşdu, yağmağa başlamasına az qalırdı. İlyas ona imkan vermək istəmədi, irəli gəlib onun hər iki çiynindən döşünə sallanmış qara saçlarını sığalladı və bu şeiri oxudu:

Nədir bu qəmli baxış səndə, sevgilim Rəna?!

Dodaqlarında nədir ol sükut pürməna?!

Rəna İlyasın bu sualından sonra başını utana-utana yuxarı qaldırıb İlyasın üzünə baxdı, lakin yenə də kədərlərinin səbəbini açıb deməkdən utandı, ancaq bu sözləri deyə bildi:

− Mən çoxdan bəri ağacların dalında durub səni dinləyirdim, − dedi, − hətta yazdığın təzə şeiri də eşitdim.

İlyas Rənanın nə demək istədiyini və nə səbəbə görə kədərləndiyini dərhal bir şair duyğusuyla hiss etdi və onun saçlarını sığallayaraq:

– Kədərlənmə, mənim ruhum! − dedi, − sənin məhəbbətin yaşayan qəlbə başqa bir məhəbbət yol tapa bilməz. Onu yəqin et!

Nəhayət, nisan buludlarından damcılar axmağa başladı. Rəna ağladı və başını İlyasın çiyninə söykədiyi zaman ancaq bir kərə yavaşdan:

− O qız çox varlıdır, − deyə bildi.

Rənanın bu sözündən sonra İlyas iki əlilə onun başını tutdu, qara saçlarını kənara çəkərək qızın gözlərinə baxdı və:

− Ağlamağa heç bir səbəb yoxdur, − dedi, − o qız varlı deyildir. O, sənin malik olduğun təbii zənginliyin qarşısında bir dilənçi müqabilində də deyil. Mən sənin məhəbbətinlə padşahların xəzinəsində tapılmayan nadir incilər yaradacağam.

Rəna tutqun və titrək bir səslə əlavə etdi:

− Mən heç vaxt sənin zənginliyini istəmirəm.

İlyas soruşdu:

− Nə üçün, mənim ruhum?

− Çünki sən zəngin olduğun zaman yoxsul bir qızı atacaq və “səviyyəmiz bir deyil” – deyə zəngin bir qız axtaracaqsan.

− Səhv etmə, Rəna! Mən şeirimin qiymətli incilərini sənə olan sevgi duyğularımın nəhayətsiz dənizlərindən əldə edirəm. Sənin sevgindən aldığım ilham tarixdə misli yazılmayan dastanların mövzusunu verir. Rəna! Sən onu bilməlisən ki, əsrlərin tarixi sənin qara saçlarından süzülüb böyük-böyük kitabların vərəqlərinə töküləcək. Əmin ol, Rəna! Gəncənin yaşıl təbiəti arasında çırpınan bu qəlbim ancaq sənin sevgilərinlə şeir dünyasını fəth edə biləcək. Mənə inan, Rəna! Bu gənc şair sevgi dastanını səninlə başlayıb səninnlə də bitirməyə çalışır.

Nəhayət, Rəna İlyasa sual verdi:

− Bəs o məktub nə məktub idi?

− O bir parça kağızdır. Sənin məhəbbətindən aldığım ilhamlar isə zəngin bir kitabxanadır.

Rənanın qəlbi bir az sakit oldu. O, başı İlyasın çiynində ikən dedi:

− Bu gün oxuduğun şeir əvvəlki şeirlərinə nisbətən daha zəngindir.

İlyas yenə də onun saçlarını sığallayaraq:

− Əlbəttə, sən o şeiri sevəcəksən, çünki şeirin mövzusu sənə olduqca tanışdır.

İlyasın bu sözündən Rəna təəccüb etdi. O, İlyasın üzünə baxıb soruşdu:

− Necə yəni “haman şeirin mövzusu sənə tanışdır”? – Əcəba, sən o şeiri mənim yanımda bir neçə dəfə oxumuşdunmu?

− Xeyr, oxumamışdım. Lakin o şeir bahara yazıldığı üçün səninlə əlaqədardır. Çünki sən də mənim həyatımın baharında bitən ilk çiçəksən. Daha açığı, o şeir Rənadır. O şeirin içərisində qocalmaz bir gənclik bəslənir.

Bu sözlərdən sonra Rəna əlini İlyasın əlindən çəkərək sürətlə çəkilib getdi, İlyas onu dayandırmaq üçün səslədi:

Ey gözəl mələyim, dur, məni dinlə,

Dünya yaradıram sənin eşqinlə!

* * *

İlyas Rəna ilə görüşüb vidalaşdı. Çayın kənarındakı söyüdlərin kölgəsi ilə çəkilib getmək istəyirdi. İlyas getməyə tələsirdi, çünki uzaqdan qız-qadın səsləri gəlirdi. Səslər get-gedə yaxınlaşırdı. Az keçmədən Əmir İnancın nökərləri meşədə göründü və bunun dalınca da cariyənin və kənizlərin oxumaq səsləri eşidildi:

Güllü, çiçəkli Gəncə,

Al kəpənəkli Gəncə,

Əlvan-əlvan güllərdən

Qoynu bəzəkli Gəncə!…

İlyas bu nəğmələri eşidərkən qədəmlərinə sürət verdi. Bu nəğmələr Əmirin arvadının və yaxud qızının meşə səyahətinə çıxdığını bildirirdi. İlyas bu gün meşənin qoruq olduğunu bilmirdi. Buna görə də meşənin səyahətinə çıxmaq qorxulu idi. Qulamlar və nökərlər meşəni aralığa alıb ağacların altını bir-bir axtarırdı. Çünki bəzən belə hallarda kişilər Əmirin qızına, qadınına və gözəl cariyələrinə tamaşa etmək üçün meşədə və çayın kənarında gizlənirdilər. Meşədə gizlənənlər tapıldığı zaman döyülür, həbsə alınır və yaxud qulamlar tərəfindən cərimələnib buraxılırdı. Bunun üçündə İlyas meşədən kənar olmağa çalışırdı. Ancaq bu zaman meşədə bərk axtarış gedirdi. İlyas çıxılmaz vəziyyətdə qalmışdı, onun meşədə ələ keçməsi böyük şübhələrə səbəb olacaqdı. Xüsusən, Əmir İnanc Qətibəyə tamaşa etmək üçün meşədə gizləndiyini eşitsəydi, onu cəzalandıracaqdı.

O biri tərəfdən də İlyas Qətibəyə rast gəlməməyə çalışırdı. Lakin qurtarmaq mümkün deyildi. O, hər tərəfə getsəydi, yenə də Qətibənin qulamlarına rast gələcəkdi. Heç bir tərəfdən çıxış yolu tapa bilmədiyindən, olduğu yerinə qayıtdı və həmişə oturduğu söyüd kötüyünün üstündə oturdu.

İki dəqiqə keçməmişdi, bir dəstə cariyə əllərində ud və çəng oxuya-oxuya meşəyə girdi. Bunların dalınca da bir dəstə qulam çiyinlərində taxt-rəvan gəldi. Taxt-rəvan yaşıl budaqlar və gül dəstələrilə bəzənmişdi. Qətibə başında qiymətli daşlar düzülmüş qızıl tac olduğu halda taxt-rəvanın içində oturmuşdu. Əlvan ipəklər və cürbəcür qumaşlarla bəzənmiş Qətibə tovuz quşunun qanadları kimi parıldayırdı.

Taxt-rəvanı yerə qoydular. Gözəl cariyələr Qətibənin qolundan tutub taxt-rəvandan çıxardılar. Qulamlar çəkildi. Qətibənin ətrafında cariyələr və kənizlər qaldı. Qızlar çalıb oynamağa, qəhqəhələrlə gülməyə başlarkən İlyas da oturduğu yerdən bir tərəfə gedə bilmədiyindən həyəcanlı dəqiqələr keçirirdi. Qəhqəhə səsinə meşənin quşlarının da həyəcanlı səsləri qarışaraq meşədə qeyri-adi bir vəziyyət törəyirdi. Cariyələr Qətibənin yanında gələn iki nəfər xacəni qıdıqlayıb gülüşürdülər. Gözəl cariyələr xacələrin yaxasından tutaraq:

− Ölsən də, qalsan da, sənə ərə gedəcəyəm, sənin eşqindən dəli divanəyəm, − deyərək zarafatlaşırdılar.

Qətibəni əyləndirmək və güldürmək üçün xacələr, cariyələrin əlində məzhəkə aləti kəsilmişdi. Cariyələr onları ağladana qədər oynadıb Qətibəyə şikayətə gedincəyə qədər incitdilər. Nəhayət, Qətibə xacələri cariyələrin əlindən alıb buraxdı, indi də cariyələr qara kənizlərə yanaşıb onlarla əylənirdilər. Qətibənin Kafur adlı qulamı uzaqdan qışqırdı:

− Yabançı! Yabançı!

“FƏRMAN-HÜMAYUN”

Bəhram şahla Atabəy Məhəmməd arasında gedən müharibələr bitmişdi. Kirman şəhəri altında bağlanan müqavilə ilə Kirman məmləkətinin böyük bir hissəsi Atabəy məmləkətinə ilhaq olunmuş və Toğrulun səltənəti bir daha möhkəmləndirilmişdi.

Fars ölkələrində məşğul olan ordular paytaxta qayıtmış və oradan da ölkə daxilində mövcud olan başıpozuqluğu təsviyə etmək üçün lazımi yerlərə göndərilmişdi.

Şimali Azərbaycana da ərəb, fars və iraqlılardan ibarət böyük bir ordu gəlmişdi. Xüsusən, Aranın paytaxtı olan Gəncə şəhərinə Atabəy Məhəmmədin xas alaylarından ibarət böyük bir qüvvə gəlmişdi.

Bu qoşunun gəlməsi onun inzibati işlərə başlaması Atabəylərin tərəfindən düzəldilmiş təzə qanunların elan edilməsi, vergiləri verməkdən boyun qaçıran kəndlərə göndərilən vergi məmurlarının qoşun dəstələri ilə getmələri, gələcəkdə nə kimi hadisələr vücuda gələcəyini aydınlaşdırmışdı.

Bunsuz da Əmir İnancın vaxt qazanmaq üçün Azərbaycan xalqına verdiyi istiqlal vədələrinin mündəricəsi məlum idi, çünki zahirdə Şirvan şahı Əbülmüzəffərə qarşı qoyulan təbliğat işlərinin Şirvan şahı ilə Əmir İnanc arasında müştərək düzəldiyinə dair vəsiqələr də əldə edilmişdi. Arana gətirilən qoşun dəstələrindən başqa Şirvan şahının ixtiyarına da xalis farslardan ibarət böyük bir dəstə qoşun gəlmişdi. Atabəy Məhəmmədin gördüyü bu tədbirlərin mündəricəsi də bəlli idi. Şimali Azərbaycan Atabəyin qoyduğu təzə qanunları qəbul etmədiyi zaman Şirvan şahlığında yerləşən qoşunlar Şirvanın öz xüsusi qüvvəsilə birlikdə Şimali azərbaycanlıları arxadan vuracaqdı. Atabəy Məhəmməd ilə Şirvan şahı Əbülmüzəffər arasında hərbi ittifaq bağlandığı xəbərləri də aralıqda gəzirdi.

Nəhayət, şayiə şəklində dolaşan xəbərlər bir həqiqət kimi görünməyə başladı.

Günəş hələ bir cida boyu qalxmamışdı, şəhər xalqı yerindən təzəcə qalxırdı, hökümətin carçıları küçələri dolaşıb bu sözləri qışqırırdı:

– “Səlcuq camesinə yığışın!

Xəlifənin fərmanı oxunacaqdır, hey…”

Cümə günü idi. Məlikşah meydanı Gəncə əhalisi ilə dolmuşdu. Cümə bazarında iştirak etmək üçün Dehi, Püsəran, Xursənək, İsfahan, Yurt, Rud, Aqsuvan və Yam kəndlərindən gələnlər də Məlikşah meydanına yığışaraq xəlifədən gələn fərmanın nədən ibarət olduğu ilə maraqlanırdı. Arana qoşun gəldiyini görərkən “istiqlalı müdafiə üçün gəlibdir” deyən sadə ürəklilər indi də “Xəlifə istiqlalımızı təsdiq etdiyi üçün fərman göndəribdir” deməyə başlamışdılar. Məsciddə boş yer yox idi, qırx sütunlu, geniş məscidin qadınlar bölməsində də minlərcə adam yerləşmişdi. Məsələnin həqiqətini bilənlər də, bilməyənlər də fərmanı eşitməyə tələsirdilər. Gəncə və ziyalıları da məsciddə idi.

Fəxrəddin və Nizami hamıdan əvvəl məscidin əyan və ziyalılara məxsus bölməsində oturub Əmirin əyan və Gəncə qazısının intizarını çəkirdilər.

Fəxrəddin Nizaminin qulağına pıçıldayıb:

− Hərgah məsciddə bizdən biət almaq istəyərlərsə, təklifimiz nədir? – deyə soruşduqda Nizami:

− Baxıb görək, fərmanda nə yazılır, o zaman təklifimiz aydınlaşar, – dedi.

Əmir İnanc və Gəncə xətibi Əmirin qoca vəziri Toxtamışla bərabər məscidə girdilər. Əmir və vəziri Toxtamış hökumətə məxsus bölmədə oturdular, xətib isə birbaş xalqın cərgələrini yarıb minbərə çıxdı. Qısa bir xütbə oxudu. Xütbəni Xəlifə Müstərşidbillah, Soltan Toğrul və onun atabəyi Cahan Pəhləvan Məhəmmədin adları ilə başlayıb onların adları ilə bitirdi.

Xətib xütbəsini bitirdikdən sonra Hüsaməddin əlində üstünə yaşıl atlasdan örtük çəkilmiş gümüş sini minbərə yaxınlaşdı. Xətib əlini uzadıb sininin üstündən örtüyü götürərək:

− Allahüməsəlli əla-Məhəmməd və ali-Məhəmməd! – dedi, bunun dalısınca da məsciddən yüksələn salavat səsi Məlik meydanına əks etməyə başladı.

Meydanda yığılan xalqdan da salavat gurultuları eşidildi. Nəhayət, xətib ayaq üstündə durub “salavat” kəlməsini təkrar edənlərin yerə oturmasını əmr etdi. Xətib ərəbcə yazılmış fərmanı oxumağa başladı. Sonra da Əmirin qoca vəziri ayağa qalxıb fərmanı qısa bir surətdə yerli dilə tərcümə etdi:

“Allah-təbarək-təalanın böyük iradəsi və peyğəmbər-zişənimizin himayəsi İslam milləti və İslam məmləkətlərinin himayə işlərini xəlifələrə həvalə edibdir. Buna görə də biz, dini-İslamın müdafiəsi, Qurani-şərifin hökmlərinin bütün dünyada nəşr edilməsi, İslam ölkələrinin əmin-amanlığı, məmləkətlərinin abad edilməsi işini səlahiyyətdar olan soltanların öhdəsinə tapşırmalıyıq. Dünya səltənətini Məlikşahın xələfi olan Soltan Toğrula, onun atabəyi Cahan Pəhləvan Məhəmmədə tapşırmağı qərara aldım.

Bütün İraq, Fars və Azərbaycan xalqına tapşırılır ki, Əmir-əl-mömininin etimadını qazanmış, Soltan Toğrula və Eldənizin dəyanətli xələfi olan Cahan Pəhləvan Məhəmmədə bilavasitə biət etsin. Həmədan sabiqdə olduğu kimi Toğrul səltənətinin paytaxtıdır. Azərbaycan hökuməti Təbriz paytaxt olmaq şərtilə Atabəy Məhəmmədin qardaşı Qızıl Arslana tapşırılır. Şirvan xaqanı Əbülmüzəffər Şirvan şahı təsdiq olunur. Aran ölkəsinin idarəsi Atabəy Məhəmmədə tabe olmaq şərti ilə Əmir İnanca həvalə olunur”.

Toxtamış fərmanı oxuduqdan sonra onu əlində yuxarı qaldırıb məsciddə oturanlara dedi:

− Fərmanı Əmir-əl-möminin xəlifəyi-ruyi-zəmin Müstərşidbillah həzrətlərinin özü imza edib və xilafət möhürü ilə möhürləmişdir.

Vəzir bu sözləri dedikdən sonra fərmanı yenə də gümüş sininin içinə qoydu və yaşıl atlası üzərinə çəkərək Əmirin qarşısına gətirdi. Əmir ayağa qalxdı, çünki xəlifənin təklif etdiyi biəti qəbul edənlər bir-bir gəlib fərmanı öpməli və Əmirə biət edib keçməli idilər.

Ən əvvəl xətib və Əmir divanxanasının məsul xidmətçiləri bir-bir gəlib fərmanı öpüb keçdilər. Lakin məscidə yığılan camaatın gözü Fəxrəddində, Nizamidə və sairlərdə idi. Heç kəs yerindən hərəkət edib fərmanı öpməyə və “biət edirəm” deməyə cəsarət etmirdi.

Toxtamış dərhal vəziyyətin ağır olduğunu hiss edərək əyanlara müraciət etdi:

− Xalq öz rəhbərlərinin xəlifə nümayəndələrinə biətini gözləyir. Ağalar buyurub biət etsinlər.

Yenə də heç kəsdən səs çıxmadı.

Fəxrəddin Nizaminin qulağına pıçıldayıb soruşdu:

− Təklifiniz nədir?

Nizami Fəxrəddinə cavab vermədən əvvəl Toxtamışın cavabını verib dedi:

− Biz ərəb olmasaq da, ərəbcəni bir ərəb kimi bilirik. Biz bunu bilməyə məcbur idik. Xəlifə həzrətlərinin göndərdiyi fərmanın məzmunu burada xalqdan Toğrula və Atabəy Məhəmmədə biət yığmağa icazə vermir.

Nizaminin bu sözlərindən sonra məsciddə tamamilə təzə bir vəziyyət törəmiş oldu. On minlərcə adam əlini qulağının dalısına sipər edib minbərin yaxınında gedən söhbətləri eşitməyə tələsirdi. Toxtamış Nizaminin sözünə cavab verib dedi:

− Mən cavan şairin sözlərinə çox təəccüb edirəm, onun xalqın şüurunda şübhə yaratmaq üçün meydana atdığı bu əsassız fikrinin mənasını anlamıram. Əvvəla, fərmanda biət edilməsi sözləri çox açıqcasına qeyd edilmişdir. İkincisi də, ağsaqqallar, yaş və sərvət cəhətcə yüksəkdə duran ağalar oturan yerdə həyat meydanına təzə atılan bir gəncin üləma və əyanlar hüzurunda diliuzunluq etməsi ədəbsizlikdir.