banner banner banner
Qılınc və qələm
Qılınc və qələm
Оценить:
Рейтинг: 0

Полная версия:

Qılınc və qələm

скачать книгу бесплатно

Qızıl Arslan burada ya Babək üsyanının hansı ünsürlərdən mürəkkəb olduğunu bilmir, yainki Babəkdən sonra Azərbaycanda baş verən üsyanların mündəricəsilə tanış deyildir. Onun, Məmunun xülasələrindən alıb bizə məsləhət üçün göstərdiyi parçalar isə ya təhrif olunmuş və yaxud da başqa bir məqsəd daşımaqda olan müəyyən adamların fikridir, çünki Babək üsyanı bütün mahiyyəti ilə İslam dini əleyhinə başlanmışdı. Şübhəsizdir ki, xəlifəlik İslam dini əsasında qurulduğu üçün xəlifələr bu dini müdafiə etməyə başlayacaqdı.

Qızıl Arslanın Məmundan alaraq bizə aşılamaq istədiyi yanlış fikirlərin birisi də, Babəkin dinə qarşı yox, təriqətlərə qarşı üsyan etməsinin zəruri olduğunu isbata qalxışmasıdır. Bu nə qədər gülünc bir səhvdir. Babək təriqətlərə qarşı elmi və fəlsəfi mübarizə açdığı zaman təriqət mübahisələri bir daha alovlanmağa başlayacaqdı. Lakin dinin əsasına qarşı qoyulan üsyan ən doğru bir yol idi, çünki dünyada bir təriqət yoxdur ki, o, dinə istinad etməsin, dinin yıxılması bütün təriqətlərin hökumət əleyhinə çevrildiyi üçün məğlub ola bildiyini göstərməklə bizi qorxutmaq istəmişdir.

Məktubda məni qənaətləndirəcək bir cəhət vardır ki, o da Qızıl Arslanın “Azərbaycanlılar bizi öz hökumətləri kimi tanımazsa, müdafiə etməz” deməsidir. Onlar ağıllı və siyasət bilən adamlar olarsa, ancaq yuxarıdakı iddialarını həyata keçirdikdən sonra Azərbaycan hökuməti hesab ediləcəklər.

Bizim təbii hüdudlarımız tamamilə Azərbaycan atabəylərinin əlindədir. Zənnimcə, onlar Şirvan şahlığı məsələsini təsviyə edə bilərlər. Qızıl Arslanın milli mədəniyyət barəsində qoyduğu məsələlər də əsas məsələdir. Müəyyən və möhkəm bir quruluşla idarə edilməyən və bir mərkəz ətrafında yığılmayan kiçik-kiçik məmləkətlərdə islahat aparmaq olmaz. Qızıl Arslanın Səlcuqilərin hökumət quruluşları barəsindəki fikirləri tamamilə doğrudur.

Hər halda mən ikinci məktubumda onun bəzi səhvlərini qeyd edəcəyəm, zənn edirəm ki, o, bundan inciməz.

Fəxrəddin də:

− Bütün fikirlərinlə razılaşıram! – dedi.

SÜLEYMANİ

On dörd gecəlik ay, bu qara xəyanəti görməmək üçün başını qara buludların yorğanına çəkib gizlənmək istəyirdi.

Mavi fəzanın hovuzunda çimən ulduzlar da qara qətifələrə bürünərək öz yatağına çəkilirdi. Daima pəncərələri öyməyə adət edən Gəncə küləkləri şəhər xalqını bu qara hadisədən xəbərdar etməmək üçün öz şiddətini dayandırmışdı. Gecə olduqca sakit və durğun idi. Hər şeydə bir sükut hiss edilirdi. Sanki bütün təbiət Əmir İnancdan sükut əmrini almışdı. Saray da yatmışdı. Nə həyətdə, nə də dəhlizdə cınqırını çəkən var idi. Cariyələr otaqlarının çıraqlarını söndürmüşdülər. Uzun və geniş dəhlizin baş tərəfində yanan piy çırağı da sönürdü. Lakin xacə Müfid adəti üzrə oğru pişiklər kimi dolaşıb saray xalqı yatan otaqların qapısını qoxulayırdı. O, Dilşadın otağının qapısında durdu, onun otağının açarını əlindəki başqa açarların içərisindən asta-asta tapmaq istərkən Dilşad oyandı, titrəməyə başladı, çünki gecənin bu vaxtında xacə Müfid heç bir zaman könülaçan bir xəbər gətirməzdi. Bu vaxt cariyələr ya istintaq edilməyə, ya cəza verilməyə, ya da Əmir sərxoş olduğu zaman onu əyləndirməyə aparılırdı.

Xacə Müfid otağa girərkən Dilşad ceyran kimi hürkərək otağın bucağına qısıldı. O, qaranlıq otaqda titrəyərək xacə Müfirin nə üçün gəldiyini bilməyə tələsirdi.

Xacə Müfid şamı yandırıb Dilşadın bucağa qısıldığını görərkən adəti üzrə güldü. O, gözəl cariyələrin bu vəziyyətindən daima ləzzət alırdı. Dilşadı qorxudan da həmin bu məsələ idi.

Xacə Müfid irəli gəldi, əlini uzadıb Dilşadın açıq saçlarını sığallamaq istədikdə qızın əndamı titrədi, əti çimçəşdi. Xacə Müfidin bu nəvaziş və bu gülüşləri Dilşadın həyəcanını heç də azaltmadı. Çünki xacə Müfid cariyələri döydürməyə və cəzalandırmağa da belə gülər üzlə aparırdı. İndi Dilşad onun bu saxta nəvazişlərini görərkən cəzalandırmaq üçün aparılacağına şübhə etmirdi. Xacə Müfid hər nə edirsə, etsin, Dilşad yenə də onun ağzına baxır və əmrinin intizarını çəkirdi. O, qorxusundan şəkil kimi quruyub divara yapışmışdı.

Lakin xacə Müfid qızın həyəcan və intizarını nəzərə almayaraq, çox laqeyd hərəkət edirdi, çünki belə hallarda cariyələri intizarda qoymaq özü də bir cəza idi.

Xacə Müfid əlində şam, bir şey itirmiş adamlar kimi Dilşadın otağını gəzdi, qızın paltarlarını, zinət şeylərini gözdən keçirdi, hər şeyin yerində olub-olmamasını yoxladı. Adətən, gözəl cariyələrə verilən qiymətli paltarları, qiymətli daş-qaşları tez-tez yoxlayırdılar ki, onlar başqa bir kəsə verilməsin. Şeylərin hamısı öz yerində idi. Xacə Müfid onların hamısını Dilşadın yatacağı ilə yanaşı duran kürsünün üstünə yığıb, Dilşada baxdı, yenə də gülməyə və onun saçlarını sığallamağa başladı. Dilşadın bağrı çatlamaq dərəcəsinə gəlmişdi; o qışqırmaq istəyirdi. Nəhayət, xacə Müfidin dodaqları hərəkətə gəldi. Çox yavaşdan, hətta eşidilməz bir tərzdə dedi:

− Qorxma, götür, nə deyirəmsə, yaz!

Dilşad birinci dəfə idi ki, xacə Müfidin dilindən “qorxma” sözünü eşidirdi. Buna görə də xacə Müfidin bu sözü onun həyacanını deyil, təəccüb və heyrətini artırdı. Ona görə ki xacə Müfid bütün ömründə heç bir kəsin həyacanının sakit olmasına imkan verməzdi, o, daima cariyələri qorxu və həyəcanlar içərisində yaşatmağı sevərdi. O, gözəl cariyələrin ürək çırpıntısı içərisində qıvrıldıqlarını hiss edərkən daima ruhən, qəlbən şadlanardı. Xüsusən, o, cariyələrin gözəl olanlarını heç də sevməzdi, buna görə də onun cəzasına düçar olanların hamısı gözəl cariyələr idi. Onun özü xacə olduğu üçün qadınlara nifrət edirdi. Qadınlar onun birinci düşməni idi. O, özünün məhrum olduğu bir nemətin məhvini və başqalarına qismət olmamasını istəyirdi. Dilşadı Müfidin “qorxma” deməsi deyil, gecədən çox keçdiyi üçün Əmirin yanına getməmək əmniyyəti sakit edirdi, çünki Əmirin hüzuruna istintaqa getmək və ya işgəncə verilmək üçün aparılmaq zamanı keçmişdi. Əmirin özü də, saray xalqı da sərxoş olub çoxdan hərə öz yatağına çəkilmişdi. Əmirin rəqs və şərab salonunun çilçıraqları da söndürülmüşdü. Buna görə də işgəncə verilmək üçün aparılmayacağı Dilşadı sevindirirdi. Çünki Əmir cariyələri cəzalandırdığı zaman rəqqasələr rəqs edər, saqilər şərab paylar, xanəndə qızlar oxuyar, müqəssir cariyə isə Əmirin oturduğu kürsünün ayaqlarına atılıb döyülərdi. Əmir isə çalığı tərənnümlərinə həmahəng olan o ağlayış və yalvarış səslərindən nəşə alardı. Dilşadı isə görünür, başqa bir hadisə gözləyirdi.

Xacə Müfid bir daha irəli gəlib əllərini onun saçlarında gəzdirərək:

− Otur, otur, ağılsız və vəhşi ceyran, – dedi, – gözəl olduğun qədər də ağılsızsan. Bu da təbiidir. Təbiətdə bərabər olan heç bir şey yoxdur. O bir şeyi insana artıq verəndə o bir şeyi azaldır. Lakin insanda gözəllik yerinə ağıl olsaydı, başı səninki kimi bəla çəkməzdi. Sənin ağlının azlığı bir çox acı təcrübələrdən sonra da gözünün açılmasına imkan vermədi. Bu da təbiidir, gözəl qızlar öz zahiri gözəlliklərinə güvənərək ağlın və fərasətin gözəlliyinə əhəmiyyət verməzlər. Sən də elələrindənsən. Sənin təqsirin gözəlliyindən bir neçə qat böyükdür. Çünki öz vəliyülnemətinə xəyanət etdin. Sən bu hərəkətinlə özünü ən yaramaz bir qız kimi göstərdin. Xəlifənin qadını Safiyə xatunun namusunu ləkələmək və onu Əmirin gözündən salmaq istədin. Sən Fəxrəddinin göstərişi ilə Əmirin katibi Mühakim İbn-Davudun möhürünü qələmdanından oğurlayıb öz xanımı Safiyənin otağına atdın. Bu iş sənin işin idi. Sən bu xəyanətinlə xəlifə ilə Əmir həzrətləri arasında ixtilaf çıxarmaq istəyirdin. Əmiri də onun qadınını da bədbəxt edirdin. Sən bir də kişilərin “sevirəm” demələrinə aldanma, onlar az bir mənfəətdən ötrü başqasının varlığını sata bilərlər. Fəxrəddinin son hərəkəti də bunu göstərdi. İndi de görüm bütün bu təqsirlərin cəzası nədir? Sən bilirsən ki, bu cür işləri üçün Tərxan xanımı çuvala salıb hovuza atdılar. Sənin öz gözünün qabağında Lamiyə xanım kimi gözəl bir qızı Mərcan kimi iyrənc bir qara qulun otağına atdılar. Halbuki sənin təqsirin onların təqsirindən bir neçə qat artıq idi. Sən gərək Güləndam kimi gözəl bir cariyənin yanaqlarına dağ basıldığını yadından çıxarmayaydın. Lakin sən nə qədər ki öz bədbəxtliyinə çalışırsan, xoşbəxtlik yenə də inad göstərib sənin yanından çəkilmir. Bəxtin səni daima əfvedilməz günahların cəzasından azad edir.

Xacə Mufid çox danışdı, yoruldu, nəhayət, sağ əlini belinə qoyub kürsülərin birinin üzərinə oturdu. Dilşad isə sükutdan istifadə edib danışdı:

− Mənə cəza verildiyi zaman həbsə alındığım zaman demişəm, yenə də deyirəm. Mənim bu işlərin heç birisindən xəbərim yoxdur. Əbəs yerə məni və Fəxrəddini bunun üçün təqsirləndirirsiniz.

Xacə Müfid başı aşağı olduğu halda altdan yuxarı gözlərini qaldırıb baxdı və dedi:

− Ay şeytan balası, şeytan! Sən bilirsən ki, mən saraydakıların hamısını beş barmağım kimi tanıyıram. Cariyələrin başında nə qədər tük olduğunu belə bilirəm. Bunların hamısı keçib gedibdir. Sən Zübeyrə və Tahirə kimi buzlu hovuza salınıb döyülmədin, çünki sən xoşbəxt idin. İndi də xoşbəxtsən. çünki Əmir səni Fəxrəddinə vermək üçün razı olubdur, mən də bu məsələni səninlə danışmaq üçün gecənin bu zamanı yanına gəlmişəm.

Dilşad şadlığından qışqırmaq istədi. Sevindiyindən hönkür-hönkür ağladı, xacə Müfid isə:

− Otur, dediklərimi yaz! Gecə keçir, otaqları gəzmək və yoxlamaq lazımdır, − dedi.

− Nə yazım?

− Əmirin bu izdivaca riza verməsini Fəxrəddinə xəbər verməlisən.

− Bu məktubu yazmaq mənim üçün bir qorxu və bir təhlükə təşkil etməzmi?

− Bunu sənə xacə Müfid deyir. Burada nə qorxu var, nə təhlükə. Götür yaz!

− Qələmdan və kağız yoxdur.

− Buyur, mən gətirmişəm.

Xacə müfid cibindən qələmdan və kağızı çıxarıb Dilşada verdi. Dilşad xacə Müfidin dediklərini yazıb bitirdi, xacə Müfid isə:

− Oxu, görüm, nə yazdın! – deyə əmr verdi.

Dilşad oxudu:

“Əziz və möhtərəm Fəxrəddin!

Bilərək və bilməyərək buraxdığım səhvlərə baxmayaraq, Əmir həzrətləri yenə də mənim xoşbəxtliyimə mane olmaq istəmədi. Əmir də, onun möhtərəm hərəmi Safiyə xatun da mənim günahlarımı öz nəcib və müqəddəs ürəkləri ilə bağışladılar. Əmirin verdiyi əmrə görə, Ramazan ayı çıxan kimi bizim xeyir işimiz baş tutacaqdır. Məktubu sənə hazırlıq görmək üçün yazıram. Demək, iyirmi günlük bir müddətdən sonra bizim həyatımız birləşəcəkdir. Səni təbrik edirəm, sən də məni təbrik edə bilərsən.

Sənin Dilşadın”.

Xacə Müfid məktubu alıb bükdü və gülə-gülə cibinə qoydu. Dilşad hər bir əziyyət və işgəncənin bitdiyini zənn edirdi. O, sevindiyindən xacə Müfidi öpür və ayaqlarına düşmək istəyirdi. Lakin bu şadlığın müddəti bir neçə dəqiqədən artıq olmadı. Xacə Müfid ayağa durduğu zaman:

− Gecə keçir, indi hazırlanmaq lazımdır, – dedikdə, Dilşad təəccüblə soruşdu:

− Nə üçün indidən hazırlanmaq? Hazırlanmaq üçün əlimizdə olan iyirmi günlük imkan kifayət deyilmi?!

− Bu hazırlıq başqa hazırlıqdır. İndi də sənə başqa bir xoşbəxtliyin müjdəsini verəcəyəm.

− Hansı xoşbəxtliyin?

− Əmir həzrətləri səni öz qayınatası Müstərşidbillaha hədiyyə göndərir. Səni cəzalardan qurtaran səbəblər də bundan ibarət idi. Dur, hazırlan, köçmək vaxtına çox az qalır.

Dilşad bu xəbərdən titrəyib oturdu, ağlaya-ağlaya dedi:

− Bu xəbər mənə veriləcək cəzalardan daha dəhşətlidir. Rica edirəm, mənə rəhm edin, məni məhv etməyin, bu səfəri təxirə salın.

− Heç də mümkün deyil, Bağdada göndərilən bir sən deyilsən, Süsən də gedir. Qırx nəfər başqa cariyə də göndərilir. Əmir məsələnin təxirə salınmasına icazə verməmişdir.

− Bəs məktubu nə üçün yazdırdın? Vicdansız, şeytan, haramzadə…

Xacə Müfid bu söyüşdən gülərək dedi:

− Bu dünya belədir. Məlaikələr və peyğəmbərlər kimi yaşamaq yerdəkilərə nəsib ola bilməz. Yerdə ancaq bizim kimilər yaşaya bilər. Lakin şeytan olmadan xoşbəxt yaşamaq hələlik yer əhlinə nəsib ola bilməmişdir. Vicdansız deyə məni söyləməkdə haqlısan, ancaq onu bilməlisən ki, vicdan da, ruh da, qan da hamısı ağanın xidmətindədir. Vicdan göstərişilə yaşamaq üçün bir adam Allah qədər qüvvətə malik olmalıdır. Vicdan daşımaq, tabe olanlar üçün mümkün deyil. Əmir belə əmr edir. Onun qarşısında əyilən zahirdə mənim başım isə batində mənim vicdanımdır. Lakin bu vicdan hər kəsə yamanlıq etsə də, sənin haqqında yaxşılıq edir. Elə ki sənin təmiz bətnindən dünyaya cahanı idarə edəcək xəlifələr gələcək, o zaman mənim nə qədər sənə mehriban olduğumu yəqin edəcək və mənə dua-xeyir verəcəksən. Əmir-əl-möminin xəlifə həzrətləri sənin bu nar məmələrinlə əyləndiyi zaman sən xacə Müfidi xatırlayacaqsan, çünki onlar mənim nəzarətim altında bəslənmişdir. Mən sənin incə dodaqlarının qara qulların dodaqlarında çeynənməsinə imkan verməmişəm, sən o dodaqları xəlifənin dodaqlarında gördüyün zaman bu fəqirə dua edəcəksən. Tər qönçə ikən sənin gülünü dərmək istəyirdilər. Gül olduğun zaman Əmir həzrətləri səni şərəfləndirmək istəyirdi. Mən mane oldum, çünki sənin gülünü adi adamlar dərə bilməzdi, bu qiymətli gülü xəlifə həzrətləri öz tacına taxmalı idi. Sən niyə də şad olmayasan?! Hazırda iqbal öz nicat əlini uzadıb səni kədərlərin, işgəncə və cəzaların pəncəsindən qopararaq müqəddəs bir həyatın qoynuna və xəlifənin nurani qucağına doğru aparır; o qucaqda həm dünyanın, həm də axirətin səadəti vardır. İndi çox danışmaq vaxtı deyil, dur, hazırlaş, mən bir azdan sonra qayıdacağam. Lazım olan şeylərini bir yerə yığ. Başqa cür düşünmək yersizdir. İnsan hadisələrin nökəridir, hadisələrsə qəza və qədərdir, ondan boyun qaçırmaq olmaz. Sən hələlik həyatı anlamırsan, ancaq birinci olaraq xəlifənin hərəminə daxil olduğun zaman sənin həyatın başlanacaqdır. Xəlifənin şərəfinə nail olaraq qadınlıq dövrünə qədəm qoyduqdan və sədəfdən saf olan bətninə insan şəbnəmi düşdükdən sonra dünyaya nadir dürlər, incilər atdığın zaman qoca xacənin verdiyi öyüd və nəsihətlərin qiymətini biləcəksən. Sevgi yalan bir kəlmədir. O, gənclik dövründəki dəliliyin ibtidai bir şəklidir.

Xacə Müfid gedəndən sonra Dilşad dəhşətindən dəli olmaq dərəcəsinə çatırdı. Bu xəbəri Fəxrəddinə nə vasitə ilə yetirəcəyini düşünürdüsə, bir çarə tapa bilmirdi. Dilşad ağlayır və qəlbində Fəxrəddinə acıqlanıb deyirdi: “Sən məni, doğrudan da, sevsəydin, indiyə qədər buradan alıb aparardın, görünür, xacə Müfidin dedikləri tamamilə doğrudur. Sən məni sevsəydin, mən bu gecəki hadisənin qarşısında tir-tir titrəməzdim”.

Dilşad bunları düşünərkən xacə Müfid əlində bir bağlama içəri girdi, onun kürsünün üstündə qoyub dedi:

− Bunlar sənin yol paltarlarındır. Bu cavahiratı, bu inciləri, bu almazları da xəlifə hüzuruna getdiyin zaman üstünə taxmalısan.

Xacə Müfid Dilşada soyunub yol paltarlarını geyinmək üçün imkan verdi, qapını örtüb dəhlizə çıxdı. Dilşad soyunub yol paltarlarını geydiyi dəqiqələrdə, yenə Fəxrəddini xəbərdar etmək barəsində düşünürdü. Geyindi, Fəxrəddinin yadigar verdiyi gərdənbəndi bir dəsmala büküb qoynuna qoydu.

Xacə Müfid otağa girib, onun şeylərini bağlayaraq götürdü və dedi:

− İndi dalımca gəl, burada özünü yaxşı aparmadınsa, xəlifə sarayında yaxşı apar. Bağdadı Gəncə hesab etmə, orada həyat tamamilə başqadır. Orada gözəllik nə qədər qiymətlidirsə, ağıl və fərasət də qiymətlidir. Səndən daha gözəl şəkilləri rəssamlar çəkə bilər. Sən hərgah xəlifənin qəlbini ələ ala bilsən, bütün Bağdadı əlinə almış olacaqsan. Lakin özgənin sözünə baxsan, gözü dağınıq olsan, xəlifəyə məxsus cavahiri başqalarının boynuna salmaq istəsən, səadətini həmişəlik itirəcəksən.

Xacə Müfid otaqdan dəhlizə çıxdı. Saraydan küçə qapısına gələnə qədər Dilşada bu nəsihətləri verirdi. Küçəyə çıxdıqları zaman Dilşad qapıda bir neçə taxt-rəvanın dayandığını gördü. Taxt-rəvanları silahlı qulamlar və atlılar aralığa almışdı, çünki Əmir İnanc Fəxrəddinin Dilşadı qaçırmağa hazırlaşdığını eşitmişdi.

Xacə Müfid Dilşadın şeylərini birinci taxt-rəvana qoydu, sonra qızın qolundan tutub taxt-rəvanın pillələrindən yuxarı qaldırdı. Taxt-rəvan ipək pərdə və nəfis xalçalarla bəzənmişdi. Dilşad orada iki dəst yorğan-döşəyin qoyulduğunu görüb Müfidə sual verdi:

− Burada kim gedəcəkdir?

− Burada bir sən, bir də sənə xidmət etmək üçün məşşatə gedəcəkdir.

Bir azdan sonra məşşatə də taxt-rəvana çıxdı. Xacə Müfid məşşatəyə müraciət edib tapşırıq verdi:

− Əmir həzrətləri bu qızı sənə tapşırır. Buna çox ciddi diqqət verməlisən. Bunun yeməyi, içməyi və bütün ehtiyacları öz vaxtında yerbəyer edilməlidir.

Müfid bu sözləri deyib taxt-rəvandan düşdü.

Taxt-rəvanlar yola düşdü. Bütün şəhər yatmış, ay isə Kəpəzin arxasına çəkilmişdi. Küçələrdəki qarovulların hərəsi bir bucağa qısılıb mürgüləyirdi. Hər ehtimala qarşı taxt-rəvanların ətrafında gedən atlılara hiss etdirmədən pərdənin yanını qaldırıb hansı küçə ilə getdiyini öyrənməyə çalışırdı.

Taxt-rəvanların karvanı Məsudiyyə adlı xərabə karvansaranın qarşısından keçirdi. Gəncə səfilləri və şəhər dilənçiləri yan-yana düzülərək divarların dibində yatmışdılar. Dilşad bu yerdən keçərkən Fəxrəddinin ona yadigar verdiyi süleymanini dəsmalın içərisində dilənçilərin üstünə atdı. Qəlbi qismən sakit oldu, çünki qiymətli şeyi bölüşdürmək üçün dilənçilərin arasında ixtilaf çıxacaq və belə bir qiymətli şeyin dilənçilərin əlinə nə vasitə ilə düşdüyü ətrafa yayılacaqdı.

Süleymaninin üzərində “Fəxrəddindən sevgili Dilşada yadigar” sözləri yazılmışdı.

ARAN

Gəncə şəhərində böyük bir həyəcan var idi. Azərbaycanda mövcud olan itaətsizliyi ləğv etmək üçün göndərilən İraq və fars qoşunundan 5 min nəfər də Aran ölkəsində yerləşdirilmişdi. Atabəy Məhəmməd tərəfindən göndərilən bu dəstə Əmir İnancın göstərişi ilə hərəkət edir, vaxtilə vergidən boyun qaçıran kəndliləri cəzalandırır və qarət edirdi. Həbslərin və sürgünlərin sayı-hesabı yox idi. Minbərlərdə xəlifə Toğrul və Atabəy Məhəmməd adına xütbə oxutdurmamaq üstündə üsyançı kəndliləri qırıb məhv edirdilər. Lakin Gəncə şəhərində mövcud olan itaətsizliyi təsviyə etmək mümkün olmamışdı; çünki Gəncə ziyalıları və orada toplanmış xalq rəhbərləri, özlərinin yerli hökumət tərəfindən aldadıldığını yəqin edincə, acıqlanmış və itaətsizliyə başlamışdılar.

Vaxtilə, “sürgün edilmişdir” deyə şöhrət tapan Gəncə xətibi Məkkədən qayıdıb şəhərə gəlmişdi. Xalqın intiqamından qorxub Şirvanşahların himayəsinə pənah aparan müridlər Gəncəyə yığışıb, əllərində ağac, dəstələrlə küçələri gəzir və qabaqlarına keçənləri döyüb təhqir edirdilər. Alimlər, şairlər, incəsənət işçiləri camaat gəzən yerlərə, məscidlərə və səyahət yerlərinə getməkdən məhrum edilmişdilər. Müridlər Məhsəti xanımın Gəncədən köçürülməsi üçün yenə də Əmir İnanca müraciət etməyə başlamışdılar. Lakin Əmir İnanc Azərbaycan hökmdarı Qızıl Arslanın şeir və ədəbiyyata qiymət qoyduğunu, Məhsəti və Nizamiyə hörmət bəslədiyini eşidincə xətibə məsələni anlatdı, müridlərin bu təcavüzünə imkan verə bilməyəcəyini xatırlatdı. Xətibin Gəncəyə qayıtması ilə xalqın hökumətə qarşı bəslədiyi nifrətin alovları bir daha artmış oldu. Əmir Gəncədə təzə bir üsyan çıxmasına imkan verməmək və biət almaq üçün Gəncə xalqına rəhbərlik edənləri məscidə dəvət etmişdi. O, xalqı həm qorxutmaq, həm də təzə xanədana itaət etdirmək üçün nəsihət vermək istəyirdi. Məscidə Fəxrəddin də dəvət edilmişdi. Dilşadın ona göndərdiyi məktub onun Əmirə qarşı mövcud olan şübhələrini azaltmışdı. O, məktubun Dilşad tərəfindən yazıldığına inanırdı. Məktub Dilşadın öz xəttilə yazılmışdı. Fəxrəddin Əmirin çağırdığı müşavirədə iştirak etsəydi, Əmirin əleyhinə çıxış etməməli idi. Onun çıxışı hər halda Dilşadın vəziyyətini ağırlaşdıracaq, bəlkə də, Əmir onların izdivacına verdiyi razılığı geri götürəcək idi. Fəxrəddin bunları düşünürdü.

O, Dilşada olan sevgi və duyğularını nə qədər səfərbər edirsə, etsin, Əmir İnancın bu sevgiyə verdiyi imkanları nə qədər qiymətləndirirsə, qiymətləndirsin, yenə də Əmir İnancın və onun Atabəyi Məhəmmədin Azərbaycandakı hərəkətləri ilə barışa bilmirdi. O, xalq azadlığının ərəb mizraqları, fars və İraq qılıncları altında məhv edilməsinə soyuqqanlılıqla baxa bilmirdi. O, bu vəziyyət qarşısında acizləşmişdi. Qəhrəmanlığına baxmayaraq, yazıq və həyatın bütün imkanlarını uduzmuş adamlar kimi nə edəcəyini bilmirdi. Əmirin əleyhinə hərəkət etmək fikrini qərarlaşdırdığı zaman sanki Dilşad gəlib gözünün qarşısında durur:

− Fəxrəddin, özünü ələ al, Əmir öz sözünü geri götürərsə, mən məhv olaram, – deyirdi.

Lakin Dilşadın saçlarını sığallayıb, fikrində: “Dilşad, mənə inan, sənin sevgin mənə hər şeydən artıqdır”, demək istədiyi zaman, dilənçi halına gətirilən minlərcə ailələrin qız və qadınları Fəxrəddinin gözünün önündə təcəssüm edir və xalqın kürəyində səslənməkdə olan qamçı və mizraq səsləri Dilşadın yalvarış səslərini örtürdü.

Nizami məscidə bərabər getmək üçün Fəxrəddinin yanına gəldi. O, Fəxrəddini öz təbii halında görməyərək soruşdu:

− Səni təbii halında görmürəm.

− Doğrudur, fikirliyəm.

− Nəyin fikrini edirsən?

− Xoşbəxtliyimiz baş tutur.

− Hansı xoşbəxtliyiniz?

− Dilşad ilə olan xoşbəxtliyimiz.

− İzdivac məsələsinimi deyirsən?

− Bəli, onu deyirəm. Səncə, o, sadə bir xoşbəxtlikmidir?

− Baş tutarsa, böyük xoşbəxtlikdir.

− Ona mən də inanmırdım. Lakin indi inanıram.

− Təzə xəbərmi var?

− Var, çox da gözəl xəbər!

− Ayıq ol ki, bu xəbər Səba xanım gətirən xəbərlərdən olmasın.

− Yox, bu xəbər deyil, Dilşadın özünün yazdığı məktubdur. Gizlin bir söz yoxdur, alıb oxuya bilərsən.

Fəxrəddin cibindən Dilşadın məktubunu çıxarıb inandırıcı bir tövr ilə Nizamiyə uzatdı. Nizami məktubu alıb çox diqqətlə oxudu, məktubu əlində saxlayaraq qaşlarını qoşalaşdırdı və bir az fikir etdikdən sonra:

− Məktub Dilşad tərəfindən yazılmışdır, buna şübhə yoxdur. Lakin bu məktub bir səbəbsiz deyil.

− Səbəb odur ki, Əmir bununla məni xəbərdar etmək istəmişdir. Bu da ki hazırlıq görmək üçündür.

− Yox, Fəxrəddin, inana bilmirəm. Mən səni bu qədər də avam və sadə bilmirdim. Sən Əmir İnancı tanımırsanmı? Onun xəlifəyə yazdığı məktubu oxumadınmı? Vaxt qazanmaq üçün Dilşadı sənə vədə verdiyini başa düşmürsənmi? Necə olur ki, Əmir İnanc mövqeyini möhkəm etdiyi və arxasında hədsiz-hesabsız bir qoşun durduğu zaman heç bir təzyiq olmadan özü məktub göndərib Dilşadı sənə verir? Mən bunu bir hiylə hesab edirəm, mənə inan, bu məktub böyük bir hadisə ilə əlaqədardır. Mən istərdim ki, dostum qılınc və mizraq qəhrəmanı olduğu kimi tədbir və düşüncə qəhramanı da olaydı! Özünü şaşırtma, mən elə bilirəm ki, Dilşad Gəncədə deyildir. Məktub isə səni iğfal etmək üçündür.

− Dilşad məni iğfal etməkmi istəyir?! Buna kim inana bilər?!

− Səni Dilşad iğfal etmək istəməz, biləks onu iğfal edib bu məktubu yazdırarlar.

Fəxrəddin fikrə qərq oldu, bu fikrin təsiri ilə də ağzından bu sözlər çıxdı:

− Gedəcəyəm də, bildiyimi danışacağam da – dedikdə Nizami dərhal onun nə barədə düşündüyünü anladı və gülərək dedi:

− Xalq susduğu zaman sənin danışmağın sükutu pozar, xalqın fikrinə təkan verər, lakin rəhbərlər susduğu zaman xalq düşmənin haqlı olduğu qənaətinə gələrək rəhbərləri ata da bilər. Cəbhədə qılınca, məclisdə gözəl və dəyərli nitqə malik olanlar qəhrəmandır. Bizcə, xalqın gələcəyi və müqəddəratı nə qədər dəyərsiz və yoxsul olursa olsun, o yenə tək bir şəxsin zəngin müqəddaratından dəyərli və qiymətlidir. Halbuki bu kimi iclaslarda bütün Şərqdə nümunəvi və yüksək bir mədəniyyətə malik olan Azərbaycan xalqının müqəddaratı həll edilir. Bizim mədəniyyətimizi sönmüş və geri qalmış fars və ərəb mədəniyyətilə bir qaba yerləşdirmək istəyənlərə açıq danışmaq lazımdır. Biz irəlidəyik, bizi bir daha geri qaytarıb ərəb mədəniyyətinin qabağına soxmaq istəyənlər səhv edirlər. Bunu onlara anlatmaq lazımdır. Bu isə açıq danışmaqla mümkündür. Ərəblər bizə din gətirdilər, qəbul etdik, təriqətlər, məzhəblər gətirdilər, qəbul etdik, lakin dillərini, mədəniyyətlərini qəbul etməyəcəyik, çünki bizim mədəniyyətimiz öz dilimizin əsasında qurulmuşdur. Biz təriqətləri və onların doğurduğu tükənməz mövhumatı ancaq mədəniyyətimizin vasitəsilə təsviyə etməliyik. Düşmənlərimiz bizi iranlılarla müqayisə etməməlidirlər. Onlar istilaçı İskəndəri peyğəmbər deyib göylərə qaldırdıqları halda, biz bunun əksinə olaraq ərəblərlə dörd yüz ildən bəridir vuruşuruq və müharibəmiz indi də davam edir. Mən əminəm ki, nəhayət, qalib də gələcəyik. Dur ayağa, vaxtdır, məscidə getmək lazımdır. Bütün Aran ölkəsinin gözü bizim ağzımızdadır. Qalx, deyirəm, qalx!


Вы ознакомились с фрагментом книги.
Для бесплатного чтения открыта только часть текста.
Приобретайте полный текст книги у нашего партнера:
Полная версия книги
(всего 10 форматов)