banner banner banner
Qılınc və qələm
Qılınc və qələm
Оценить:
Рейтинг: 0

Полная версия:

Qılınc və qələm

скачать книгу бесплатно

Qətibə bu sözdə başını qaldırıb yalvarıcı bir surətdə dedi:

− Şair, mənə inan, nə atam, nə də anam mənim xoşbəxtliyimə mane ola bilər. Sən özün bilirsən ki, onlar bu işdən xəbərdardırlar.

Nizami çox gözəlcəsinə bilirdi ki, o, Qətibənin sevgisinə razılıq versə belə, bu hadisə yenə də baş tutmayacaqdır, çünki Əmir İnanc xalqa rəhbərlik edən şəxsiyyətlərin hər birisini bir vasitə ilə aldatmağa və bununla da, sabiq nüfuzunu əldə etməyə çalışırdı.

Əmir İnanc Qətibənin Nizamiyə hüsn-rəğbət göstərməsinə yol verməklə bərabər, onu Hüsaməddinə də vəd edirdi; Dilşadı Bağdada göndərməyə hazırlandığı halda, Fəxrəddinin də başını aldadır və Dilşadın Fəxrəddinlə olan tanışlığına maneə törətmirdi.

Lakin Qətibə atasının bu siyasətindən xəbərdar deyildi, buna görə də şairi ata-anası tərəfindən maneə törədilməyəcəyinə inandırırdı.

Qətibə titrək və həyəcanlı bir səslə:

− Mən bu gün şairdən qəti cavab almaq qərarına gəlmişəm, – dedikdə Nizami dərin bir fikrə qərq oldu. Bunun üçün Qətibə soruşdu:

− Nəyi düşünürsən?

− Bir qəlbi tikmək üçün başqa bir qəlbi yıxmağın mümkün olub-olmamasını düşünürəm. Təbiət bir qəlbin iki tərəfə bölünməsi imkanını yaratsaydı, mən heç də vicdan əzabı çəkməzdim.

Qətibə şairin nə demək istədiyini dərhal hiss edərək söylədi:

− Bir qəlbin iki tərəfə bölünməsinə hansı qız razı ola bilər?!

− Mən çox təəssüf edirəm ki, gənclərdən bir çoxunun qəlbi özündə olmadığı zaman gözəl qızlar onların qəlbini tələb edirlər. Nə edəsən, qəlb elə bir şey deyil ki, birinin əlindən alıb o birisinə verəsən.

− Doğrusunu söylə, sən qəlbini mənə verməyəcəksənmi?

− Birisinə doğru demək üçün başqasına yalan deməyə məcbursan. Lakin mən bunu vicdanıma sığışdıra bilmirəm. Doğrusu budur.

− Mən səni gözəl, yaraşıqlı bir gənc olduğun kimi sənətkar bir şair olduğun üçün də sevdim.

− Zənnimcə, yoxsul bir şairə bu qədər böyük əhəmiyyət vermək yersizdir. Mənə verdiyiniz bu qədər əhəmiyyət, göstərdiyiniz səmimi hörmətlər məni daha da rahatsız edir. Özünüz söyləyin! Mənə qarşı bu qədər sevgi və ehtiram bəsləyən bir qızı mən necə aldada bilərəm?

Qətibə Nizaminin əlini yenə də əlinə aldı və dedi:

− Mən istəyirəm ki, o nəfis şeirlərin ilhamı məndən alınsın. Sənin ilham dənizindən çıxan nadir incilər, bir kəndli qızının boynundan yox, Qətibənin boynundan asılsın. Daha doğrusu, sənin bütün Şərqdə qazana biləcəyin şöhrətin şəriki olmaq istəyirəm. Mən sənin yaratdığın xəzinənin divarları sarı samanla suvanmış palçıq otaqlarda çürüməsini istəmirəm. Mən sənin daxmalardan, həqir otaqlardan çıxarıb ali saraylar, kaşanələr, malikanələr, təntənə və dəbdəbələr sahibi etmək xəyalındayam. Mən istəyirəm ki, bütün Şərqdə məşhur olan nəcib Qətibənin dünyası səninlə bir daha şərəflənsin. Sən bundan sonra xəlifə babamın – müqəddəs Müstərşidbillahın şairi sifətilə Bağdad dünyasını ələ alacaq, tarixin məşhur şairi Əbü Nəvvas və Əbülətahiyələrin əldə etmiş olduğu şərəfi qazanacaqsan. Bundan sonra sənin şeirlərini lal, kar meşələr yox, bəni Abbas xəlifələrinin təntənəli sarayları eşidəcəkdir.

Qətibə zənginliklərdən, saraylar və malikanələrdən danışdığı zaman Nizami düşünür və xəfif-xəfif gülürdü. Lakin Qətibənin onun tez-tez yoxsul deyə təkrar etməsi, xüsusən, onun evinin fəqirliyindən danışması, hətta Rənanın adını çəkdiyi zaman “bir kəndli qızı” deyə onu təhqir eləməsi Nizaminin acığına gəldi və ona bu məzmunda bir şeir oxudu:

“Fəqir bəxtəvərəm, şairəm, zəbərdəstəm,

Cahan kiminsə qoy olsun, mən onda sərbəstəm.

Həqiqət əhliyəm, hər eybdən mübərrayam.

Əgər dağılsa, bu dünya, mən ayrı dünyayam.

* * *

Əgər həyat üçün aləm həyata yalvarsa,

Dağılsa, yansa bəşər, kainata yalvarsa,

Fəqət mən ölsəm, əzilsəm də, iczə dil açmam,

Qəza gəlirsə də, gəlsin, mübarizəm, qaçmam.”

Qətibə dərhal şairin acıqlandığını hiss edərək onu sakit etməyə çalışdı:

− Sən mənim sözlərimə əbəs yerə mənfi məna verirsən; mən səni yüksəltmək istərkən təhqir etmək istəmədim. Nə edim? Madam ki, sən məni rədd etmək üçün bəhanə axtarırsan, o zaman mənim dediklərimi təhrif edə bilərsən. Həm də ki, şairsən, yaradıcısan…

Qətibə yarım saatdan artıq danışdı. Sevgi dastanlarını cürbəcür qafiyələr və məzmunlarda oxudu, o ağladı, güldü, nazlandı, acıqlandı, yenə də şairdən müsbət bir cavab ala bilmədi. Nəhayət, əlini Nizaminin əlindən çəkərək göz yaşları ilə ayrılmaq istərkən Nizmaidən bu sözləri eşitdi:

− Qızlarda baş verən bu kimi hallar keçici hallardandır. Onlar sürətlə sevdiyi və düşünmədən insana bağlandıqları kimi sürətlə, düşünmədən insandan ayrılır və unudurlar.

Nizami ayrılıb getdi. Qətibə isə olduğu yerində quruyub qalmışdı. Bir az keçəndən sonra o qayıdıb söyüd kötüyünün üstündə oturdu, düşünməyə, beyni qızmağa və düşüncələri alovlanmağa başladı. Sevgisi böyük bir intiqam hissilə alovlanır, bu qədər alçalmasına qarşı öz-özünə nifrət edirdi.

Hüsaməddin uzaqda dayanıb Qətibə ilə Nizami arasında gedən söhbətlərə qulaq asırdı. O, Qətibənin yalvarışlarını, Nizaminin ona verdiyi cavabı eşidir və ümidləri yenidən canlanırdı. Hüsaməddin, Nizaminin ailə təşkili barəsindəki fikirlərinə xüsusi qiymət verdiyi üçün öz-özünə düşünürdü:

− Şair doğru deyir. Bir qəlbi birisindən alıb o birisinə vermək çox çətindir.

Lakin bu fikir Hüsaməddini tamamilə qane salmırdı, çünki o özü dəlicəsinə sevir və bütün bu fəlsəfə onu təmin etmirdi.

Hər halda, o, Nizamidən razı idi. Bir neçə gün əvvəl Nizaminin verdiyi sözlərdən onun səmimi olduğunu hiss etmişdi.

O şad bir halda Qətibənin yanına gəldi, adəti üzrə qıza baş əyib:

− Axşamınız xeyir olsun! – dedi.

Qətibə cavabında:

− Çox razıyam! Get xəbər ver qulamlar taxtımı bura gətirsinlər, – dedi.

− Meşənin sıx yeridir. Ağacların şaxələri taxtın çiyində aparılmasına imkan verməz. Yaxşı olardı ki, bir neçə qədəm söhbət edə-edə gedəydik. Qətibə ayağa qalxdıqda Hüsaməddin ona dedi:

− Mən zənn edirəm ki, xanımın bugünkü səyahəti həmin bu söyüd kötüyü ilə əbədi olaarq vidalaşmaq üçün idi.

Qətibə cəld ona tərəf dönüb:

− Sən özünü bir qəhrəman hesab edirsən, – dedi.

– Lakin yaralanmış bir adama yara vurmaq istəmədim. Ancaq sizin səhvlərinizin nə kimi bir nəticə verdiyini sizə anlatmaq istədim. Şair çox gözəl dedi: “Təbiət bir qəlbin iki tərəfə bölünməsi imkanını yaratmamışdır”.

− Mənim üçün fəlsəfə danışma, təbiətin imkan vermədiyi heç bir şey yoxdur, hər şeyi insan yaradır.

− Siz mənim nəsihətlərimə inansaydınız, bugünkü görüşü təşkil etməzdiniz. Şair də sizi bu qədər açıqcasına rədd eləməzdi. İndi mənə deyin görüm yenə də mi onu sevəcəksiniz?

− Xeyr, sevməyəcəyəm, inanın, indi o mənim düşmənimdir. Mən ona öz Rənası ilə xoşbəxt yaşamağa imkan verməyəcəyəm. Hətta mümkün olarsa, onu məhv etdirib öldürəcəyəm. Lakin onun qəbrində oturub ölənə qədər ağlayacağam. Mən nə sevgini, nə də təhqiri unudacağam. Sən də mənim yaxamdan əl çək. Mən babamın müqəddəs ridasına and içirəm, heç bir kəsə sevimli qadın olmayacağam. Onunla yaşaya bilmədim, heç bir kimsə ilə də yaşaya bilməyəcəyəm, çünki insan ömründə ancaq bir kərə sevə bilər. Mən bundan sonra hər kəsə baxsam, onu qucaqladığımı hiss edəcəyəm. Hər kəslə olsam, sanki onunla olacağam. İndi sən də məndən uzaqlaş, çünki mən nə sənin, nə də onun deyiləm.

Hüsaməddin Qətibənin bu sözlərinə istehza ilə güldü:

− Yüksəkliyi aşağılarda arayan adamlar özünü daima aşağılarda görməlidir, – dedi.

Qətibə bunun cavabını verməyə imkan tapmadı, çünki qulamlar onun taxtını irəli gətirmişdi. O, bir saat bundan əvvəl bu taxtın üzərinə oturub böyük bir ümidlə meşəyə gəldiyi halda, indi ümidsiz və təhqir olunmuş bir surətdə taxta oturub meşədən çıxırdı. Əlvan ipəklər və zər-zivərlə bəzənmiş taxt Qətibə üçün qorxulu bir tabut qənaətini verirdi.

Kənizlər və cariyələr taxt qabağında qəhqəhə ilə güldüyü zaman Qətibə qəlbdən ağlayır və acılar içində qıvrılırdı.

O, meşədən çıxdı. Lakin bu son gediş deyildi. O, sonra hər gün yenə də meşəyə gəlir və haman söyüd kötüyünün üstündə oturub düşünür və keçən günləri xatırlayırdı.

QIZIL ARSLAN

Eldəniz oğlanları Azərbaycanı idarə etməyə başlamışdılar. Cənub-qərbi Azərbaycandakı itaətsizlik, Marağa hakimi Qara Süngərin məğlubiyyəti nəticəsində təsviyə olunmuşdu. Qızıl Arslan Təbrizdə oturub Şimali Azərbaycan məsələləri ilə məşğul olduğu zaman yerli hakimlər yerlərin vəziyyəti barəsində hökmdara bir çox əsassız məktublar göndərirdi. Onlar öz mövqelərində qalmaq üçün məmləkətdə mövcud olan narazılıqların səbəbini gizlədirdilər. Buna görə də Nizami Qızıl Arslandan şeir və ədəbiyyata dair aldığı məktubun cavabında məmləkətin vəziyyətini yazmış və narazılıqların səbəbini qismən aydınlaşdırmışdı.

Nizami öz məktubunda məmləkətdə mövcud olan üsyanların yararsız olan hökumət üsul-idarəsi nəticəsində yaradıldığını və məmləkətin islahata möhtac olduğunu, xalqın etimadını itirmiş yerli hakimlərin isə dəyişilməsi lüzumunu qeyd etmişdi.

Məktubda qeyd edilən əsas məsələlərdən birisi də milli mədəniyyətin təriqət və məzhəb mübahisələri təhlükəsinə məruz qalması və mədəni vasitələrin yerli hakimlər tərəfindən dağıdılması işlərindən ibarət idi.

Məktuba cavab yox idi, bir çoxları məktubda “üsul-idarəyə toxunmaq lazım deyildi, hökmdara məsləhət vermək ehtiyatsızlıqdır” – deyə üzdə də olmasa, dalda Nizamini tənqid edirdi. Məktub yazıldığı zaman Nizamiyə məsləhət verən və yazılan məsələlərə tərəfdarlığını elan edənlər, indi “bizim əsla xəbərimiz yoxdur, qoy özü də cavabını versin” – deyə hər yerdə danışırdılar. Nizaminin ətrafında yalnız Fəxrəddin qalmışdı, o, daima Nizamiyə dedi-qodular haqqında söhbət açdığı zaman deyirdi:

− Biz bu məktubu göndərməkdə heç xəta işləməmişik. Qızıl Arslan bu məmləkəti sevirsə, bizi təqdir etməlidir. Məktubda məmləkət və hökumətin səadətindən başqa bir şey tələb etməmişik. Əgər hökmdarın bundan acığı gəlirsə, qoy gəlsin. Biz məmləkətin və xalqın vəziyyətini heç bir zaman gizlətməməliyik. Mən məktubda göstərilən məsələlərin hamısına şərikəm. Sən məni tanıyırsan, Fəxrəddin səni heç bir zaman yalnız buraxmayacaqdır.

Bu kimi məsələlər Nizami ilə Fəxrəddin arasında tez-tez danışılırdı, nəhayət, günlərin birində Fəxrəddin Məhsəti xanımın kefini soruşmaq üçün Nizmainin evinə gəldiyi zaman şairi həddindən artıq şad gördü. Məhsəti xanımın xəstəliyi də sanki səhhətə üz qoymuşdu. Rəna ilə Nizami onu təmiz hava almaq üçün həyətə çıxarmışdılar. Məhsəti xanım Rəna üçün təzə fikirləşdiyi rübailəri oxuyurdu.

Nizami Fəxrəddini gördüyü zaman:

− Bir az da yubansaydın, dalınca adam göndərəcəkdim, – dedi.

Fəxrəddin şad bir xəbər gəldiyini anladı. O əvvəlcə gəlib Məhsəti xanımın əlindən öpdü, Rənanın kefini soruşdu, sonra Nizamiyə tərəf dönüb:

− Gözlərin mənə böyük bir şadlığın xəbərini verir, – dedi.

Nizami qoltuğundan böyük bir dəftər həcmində bir məktub çıxarıb Fəxrəddinə verdi:

− Al, oxu, qoy mühafizəkarlar, qorxaqlar əmin olsunlar ki, Nizaminin yazdığı məktublardan heç bir kəs zərər çəkməz.

Onlar məktubu oxumaq üçün Məhsəti xanımı da götürüb otağa gəldilər. Fəxrəddin əlləri titrəyə-titrəyə məktubu oxumağa başladı:

“Möhtərəm şair!

Məktubunuzu alıb gözlərimə və dodaqlarıma sürtdüm. Bir şairi görmüş və onunla üz-üzə oturub söhbət etmiş qədər sevindim. Məktubun cavabı təxirə düşdü. Bunu bir etinasızlıq kimi məna etməyin. Hər halda bu təxir sizi düşündürməmiş deyil. Məmləkətin vəziyyətinə və Azərbaycan xalqının əhval-ruhiyyəsinə aid yazdığınız bu məktubun, dövlət quruluşu nöqteyi-nəzərindən böyük bir əhəmiyyəti vardır. Sizin başınıza and içirəm, məktubunuz mənim bütün varlığımı titrətdi. Məktubda göstərdiyiniz məsələlərin hamısı sanki iki qəlbin, iki düşüncənin məhsuludur. Şair bilməlidir ki, o qədər düşüncəli, o qədər mədəni surətdə yazılmış məktuba cavab vermək üçün tələsmək olmazdı. Mən sizin hökumət quruluşuna aid fikirlərinizi çox diqqətlə oxudum. Zatən, Səlcuq hökmdarlarından müəyyən və möhkəm bir hökumət quruluşu olmamışdır. Buna görə də onlar xalqların mədəni və ictimai vəziyyətləri ilə hesablaşa bilməzdilər. Azərbaycanlılar Səlcuq hökmdarları qarşısında milli müqəddərat məsələsini qoya bilməzdilər. Hərgah hökmdarlar bu hüququ Azərbaycan xalqına vermək istəsə belə, bunu bacarmazdılar. Çünki Səlcuq xanədanının müəssisi Toğrul bəy öz qardaşı İbrahim Yınalı Azərbaycan məmləkətinə hakim təyin etdiyi zaman ona müəyyən bir hökumət quruluşu ilə iş aparmasını göstərməmişdi. O zaman Azərbaycan məmləkətindən fars və ərəb nüfuzunu qovmaq məsələsi də qoyula bilməzdi; çünki Qaim Biəmrullah Toğrul bəyin hökumətini təsdiq etdiyi zaman (hicri 430), Hibətullah adlı bir ərəbi də müavin, daha açığı, nəzarətçi sifətilə onun yanına qoymuşdu. Buna görə də nə Azərbaycan, nə Xarəzm, nə də İraq və Əcəmdə milli dil və mədəniyyət, milli müqəddərat məsələsi qoyula bilməzdi.

Toğrul bəyin Qaim Biəmrullah ilə apardığı müdarə siyasəti məmləkətlərdə xəlifə nüfuzunun davam etməsinə imkan yaratdı. Hələ o, qardaşı Davudun Arslan xatun adlı qızını Qaim Biəmrullaha verib özü isə Qaim Biəmrullahın qızı Seyidə ilə evlənməklə başqa ölkələrlə birlikdə Azərbaycanın siyasi və ictimai vəziyyətini ağırlaşdırdı. Siz məktubunuzda Toğruldan Alp Arslanın Azərbaycandakı islahatına işarə edirsiniz. Doğrudur, mən onun islahat işlərilə çox maraqla tanış oldum. Lakin hər bir islahat və yaxud hər bir mədəni təşəbbüs, hökumət quruluşuna istinad etməlidir. Quruluş mədəniyyətə müsaidə verməzsə, quruluş islahata imkan yaratmazsa, islahat heç bir müsbət nəticə verə bilməz.

Toğruldan sonra böyük və cahangir bir hökumət təşkil etmiş olan Alp Arslanda da müəyyən və əsaslı bir hökumət üsul-idarəsi yox idi (hicri 455). O, Yəməndən Oqsusə qədər geniş bir məmləkətə hökmran olduğu halda, məmləkəti öz ailə üzvləri arasında təqsim etməsi və yerlərdə olan hakimlərin bir mərkəzə tabe olmaması, Alp Arslanın düşündüyü islahatın həyata keçməsinə imkan verməzdi. Lakin mən belə düşünmürəm. Biz ümumməmləkət miqyasında vahid bir üsul-idarə və müəyyən hökumət quruluşu tətbiqinə müvəffəq olmasaq da, yerlərin siyasi və ictimai vəziyyətinə istinadən hər yer üçün ayrı-ayrı üsul-idarə təşkili barəsində düşünməliyik. Mən bu barədə şairi əmin edirəm. Hərgah, Toğrul buna arzılıq verməsə belə, biz Azərbaycan atabəyi olduğumuz üçün Azərbaycanda müəyyən bir hökumət quruluşu tətbiq etməliyik. Azərbaycan xalqı bizi öz hökuməti kimi tanımazsa, müdafiə etməz.

Siz məktubunuzda Azərbaycanda mövcud olan təriqət mübarizələrinə işarə edirsiniz. Bu məsələ məni də düşündürür. Bizim çətinliklərə rast gəlməmiz məsələsi də bundan ibarətdir. Bu günlərdə İsfahanda başlamış sünni-şiə vuruşmaları yuxarıdakı iddiamı təsdiq edir. Vuruşmalara nihayət vermək üçün elmi yollardan istifadə edə bilmədim. Çünki bu üsyanın başqa ölkələrə siraət etməsi ehtimalı məni qorxutdu. Buna görə də sünni-şiə vuruşmalarını qanla boğmaq məcburiyyətində qaldım. Lakin sizin məktubunuzu aldığım zaman təcili surətdə Bağdad xəlifəsi Müstərşidbillaha məktub göndərib Babək üsyanına dair vəsiqələri istədim. Buna görə də vəsiqələr əldə edilmədən və bunlarla tanış olmadan təriqətlərin məhv edilməsinə aid fikrimi sizə yaza bilmədim.

Yazıları göndəriblər, neçə gündür ki, onları oxuyuram, Babək üsyanının mündəricəsini, onun inkişaf yollarını və üsyanın məğlub edilməsi səbəblərini öyrənirəm. Vəsiqələrdən aldığım qənaət budur:

İstər Məmun xəlifənin, istərsə ondan sonra Mötəsim xəlifənin katibləri Babək üsyanının cərəyanı və onun inkişafı yollarını yazarkən dini hissiyata qapılıb həqiqəti tamamilə təhrif ediblər.

Lakin mən Babək üsyanından sonra Azərbaycanda baş verən bütün üsyanların tarixini oxuyarkən bu üsyanların hamısında Babək üsyanında mövcud olan ünsürlərin olduğunu görürəm.

Xəlifə kitabxanalarında saxlanan bu yazılar nə qədər təhrif edilmişdirsə, yenə də Babək üsyanının mündəricəsini tamamilə örtməyə müvəffəq ola bilməmişlər. Yazıların hər bir səhifəsində Babəkin əsas fikirləri parlamaqdadır. Babək xalqların birliyini yaratmaq üçün dinə, təriqətə və mövhumata hücum etməkdən başqa bir yol intixab edə bilməmişdir.

Bağdaddan gətirilən vəsiqələrin içərisində çox qiymətli və tarixi vəsiqələr də vardır ki, onlar birinci Məmun xəlifənin yazılarıdır. Bu əlyazmalarının mühüm bir qismi Məmunun Babək üsyanına dair yazdığı xülasələridir. Məmunun xülasələrində Babək üsyanındakı səhvlərin səbəbləri aydınlaşdırılır. Eyni zamanda Məmun bəni Abbas xəlifələrinin xəyanətlərini sayaraq yazır ki, onlar xalqı elm və mədəniyyətlə deyil, məzhəb, təriqət və mövhumat vasitəsilə kor edib özlərinə bağlamaq istəyirdilər.

Məmun deyir ki, “Ərəb və yəhudi alimlərinin İslam dininə uyğunlaşdırdıqları din fəlsəfələrini, xəlifələr bütün İslam dünyasına yaymağa və nəşr etməyə çalışmışlar. Buna görə də İslam xalqında dini düşüncə, siyasi və mədəni düşüncələrə qalib gəlmişdir”.

Məmun öz xülasələrində Babək üsyanına səbəbiyyət verən cəhətləri aydınlaşdıraraq deyir ki, “Yunanıstanda olduğu kimi İslam məmləkətlərində də milli mədəniyyət yerində din mədəniyyəti qurmaq fikri meydana atıldı. Ölkələri Həsəbaniyyə təriqəti yolu ilə yunan İskəndəriyyə məktəbinin məhsulu olan təsəvvüfün dərin çuxurlarına saldılar”.

Bəni Abbas xəlifələrinin hökumət quruluşunu tənqid edən bu huşyar və ağıllı xəlifə deyir ki, “xəlifələr ilahiyyat-İslamiyyət fəlsəfəsini Yunanıstandan alıb ərəb dünyasına yaydıqları kimi onu İran və Azərbaycan xalqlarına da eyni şəkildə yedirməyə çalışdılar. Onlar xalqın əhval-ruhiyyəsilə hesablaşmayaraq mədələrin bu ağır və ürək bulandırıcı qidanı həzm edib-edə bilməyəcəyini yoxlamadılar.

Bu səbəblə də Babək və onun ətrafındakı ziyalılar İslam dininin doğurduğu yüzlərcə təriqətin Azərbaycanda mövcud bir fikir sərbəstliyinə əngəl törətməsinə soyuqqanlılıqla baxa bilmədilər. Heç şübhə yoxdur ki, onlar məzhəb ixtilaflarının mədəni düşüncəyə düşmən olduğunu bizdən daha əvvəl dərk edə bilmişlərdi. Məmun xəlifə ölkələrini təbəqələrə və mədəni səviyyələrinə əsasən müəyyən hissələrə ayırdığı zaman Cənubi və Şimali Azərbaycanın vəziyyətinə toxunaraq xülasələrində belə yazır:

“Xüsusən, Azərbaycan məmləkəti qədriyyə, cəbriyyə və mötəzilə təriqət və məhzəblərinin cövləngahı kəsildi. Buna görə də mən Babəkin üsyanından xəbər tutduğum zaman qəlbən sevindim, lakin bu üsyan inkişaf etdikdən sonra babəkçilərin buraxdıqları böyük səhvlər məni düşündürməyə başladı. Babək və onun ətrafındakılar mübarizəni təriqət və məzhəb əleyhinə deyil, din əleyhinə başladılar. Halbuki onlar bir təriqəti o biri təriqətin köməyi nəticəsində məhv edə bilərdilər. Üsyan dini və nəzəri əsaslar üzərində qurulmalı idi. Lakin Babək bunu qılınc və qoşun qüvvəti əsasında qurmaq istədi. Babəkçilər hər bir təriqət və məzhəbin özünəməxsus fəlsəfəsi olduğunu və bu fəlsəfələrin xalqın şüurunda kök saldığını nəzərə almadılar. Buna mən çox təəssüf etdim. Çünki təriqət və məzhəblər təsviyə olunduğu zaman din bir hökumət quruluşu şəklində qalacaqdı və ağlı başında olan xəlifələr onun mədəniyyət üçün əlverişli olmayan tərəflərini tədrici bir surətdə meydandan çıxara biləcəkdilər.

Mən elə zənn edirəm ki, o zaman Babəkin ətrafında onun əsas məqsədini həyata keçirə biləcək, təriqət və məzhəbləri elmi surətdə rədd edə biləcək alimlər olmadığından o qalibiyyəti ancaq silahda aramağa başlamışdı. Şübhəsizdir ki, belə bir mübarizədə silah təkbaşına gələ bilməzdi”.

Möhtərəm şair, bu qədər tarixi və acı təcrübələri nəzərə aldığımız zaman islahat dediyimiz işlərdə çox ehtiyatlı olmalıyıq. Baxınız Məmun xülasələri Babəkin səhvləri haqqında nə deyir?!

“Babək üsyanının məğlubiyyət səbəblərindən birisi də onun dinə qarşı üsyan şəklində çıxaraq siyasi bir üsyan şəkli almasındadır. Hərgah indi də olmasa, gələcəkdə o məğlub ediləcəkdir. Babək elə düşünür ki, xəlifələr dini və təriqəti olduğu kimi müdafiə etməyə çalışır, buna görə də silahını din əleyhinə çevirdiyi zamanda xəlifə hökuməti üzərinə də çevirmişdir. Mən əvvəlcə bu üsyanı təbrik etdiyim halda, indi onunla mübarizəyə qərar vermişəm”.

Möhtərəm şair, bu səbəblə də mən məktubunuzda işarə etdiyiniz islahat məsələsinə çox diqqətlə yanaşmaq istəyirəm. Yazdıqlarınızın hamısını tarixin məhək daşından keçirib cavab vermək istədim. Bu səbəblə də Babək üsyanı tarixini tamamilə nəzərdən keçirmək lazım gəldi. Mən Məmun xəlifənin öz vaxtının ağıllı bir islahatçısı olduğuna inanıram. O, ikinci kərə xilafəti əlinə aldığı zaman din, təriqət və məzhəb məsələlərini bir daha nəzərdən keçirib islah etmək istədi. Sizin özünüzə də məlum olduğu üzrə Məmun Quran hökmlərinin İslam xalqı üçün məcburi qanun olmadığı məsələsini meydana atmışdı. Lakin Məmunun bu gözəl fikri İslam ölkələrində iki zidd hərəkətin yaradılmasına səbəb oldu. Onlardan birisi dinçilərin və təriqət müəssisələrinin Məmuna qarşı düşmənanə hərəkətindən, ikincisi də Azərbaycan ziyalılarının dərin bir ifrata qapılaraq din və hökumətə qarşı üsyan etmələrindən ibarət idi. Bu hərəkətlərin hər ikisi Məmunun islahat fikirlərini boğdu, məsələni nəticəsiz buraxdı.

İndi Azərbaycanı təzədən qurmaq işində bu təcrübələr bir rəhbər olmalıdır. Sizin islahat üçün göstərdiyiniz təklifləri Atabəy Məhəmmədə yazacağam. Zənn edirəm ki, əlahəzrət Sultan Toğrul da buna maneə göstərməz.

Sonra Gəncə hakimi Əmir İnancın məsələsinə aid yazdığınız sətirlərdə deyirsiniz ki: “Mən, yoldaşım və bir də böyük şairə Məhsəti xanımdan ibarət olan üç nəfər, bir inəyin südü ilə gözəl bir surətdə yaşadığımız halda, Əmir İnanc bütün Aran məmləkətini bir inək kimi sağıb yeyirsə də, yenə də doymur”.

Möhtərəm şair, hərgah Əmir İnanclar bir inəyin südü ilə kifayətlənsəydilər, o zaman onlar da Nizami olardılar, daha onlara Əmir İnanc deməzdilər.

Məktubunuzla bərabər göndərdiyiniz bəzi əsərlərinizi aldım. Orada diqqətimi cəlb edən parçalardan birisi də Soltan Səncərlə qoca qadının hekayəsi oldu. Doğrudan da, bu balaca hekayəniz göndərdiyiniz məktubun mündəricəsilə uyğundur. Həqiqətdə də, Səlcuqlar Azərbaycan məmləkətini, qoca qadının dediyi kimi, ağır və çıxılmaz bir vəziyyətə saldılar. Hazırda Azərbaycanı abad bir məmləkət şəklinə salmaq üçün sizin kimi ziyalı adamların cidddi köməyi lazımdır. Möhtərəm şair! Siz əhalini anlatmalısınız ki, hazırda hökumətə qarşı üsyan qaldırmaq və üsul-idarəni tamamilə rədd etmək Azərbaycan məmləkəti üçün böyük bir təhlükə yarada bilər. Çünki məmləkətin qonşularında məmləkətə qarşı böyük bir sui-qəsd hazırlanır.

Yenə də sizdən məktub gözləyirəm. Nəsibim olursa, görüşüb əlinizi öpmək səadətinə nail oluram. Hələlik uzaqdan salam göndərirəm.

Təbriz, Qızıl Arslan”

Məktub oxunduqdan sonra Fəxrəddin şad bir tövr alaraq dedi:

− Məktub olduqca qənaətbəxş bir məktubdur.

Nizami isə fikirli bir surətdə məktubu büküb yazı heybəsinə qoyarkən:

− Məktub o qədər də səmimi deyildir, – dedi.

Fəxrəddin təəcücüblə soruşdu:

– Nə üçün? Qeyri-səmimilik bunun harasındadır?

− Bu məktub ancaq siyasət və dünyagörüşü cəhətcə savadsız adamların gözünü örtə bilər. Qızıl Arslan Babək üsyanından danışdığı vaxt deyir ki: “Mən, Babək üsyanından sonra Azərbaycanda baş verən bütün üsyanların tarixini oxuyarkən bu üsyanların hamısında Babək üsyanında mövcud olan ünsürlərin olduğunu görürəm”.