banner banner banner
Qılınc və qələm
Qılınc və qələm
Оценить:
Рейтинг: 0

Полная версия:

Qılınc və qələm

скачать книгу бесплатно

Fəxrəddin sözünü yarımçıq qoyub daha danışmadı.

− Nə üçün sözünü bitirmədin?

– Ah İlyas, ülfət və dincliyi yalnız sənin həyətində yox, bütün məmləkətdə qurmaq lazımdır. Hazırda Atabəy Məhəmmədin cəza dəstələri Məlikşah meydanında dar ağaclarını qurmaqdadır.

İlyas evə gedib paltarlarını dəyişmək istərkən:

− Burda təəccüb yeri yoxdur, − dedi, – bu olacaq idi.

− Bəla burasındadır ki, Məhsəti xanım yaşayan məhəlləni dağıdırlar. Məhsəti xanımı bir tərəfə qaçırmaq lazımdır. Bütün fəlakət ancaq onun ətrafında dolaşır.

Onlar evdən çıxdılar. Pir Osman məhəlləsinə tərəf yollandılar. Xərabat məhəlləsinin tininə yetişərkən oranın hökümət qoşunları tərəfindən mühasirə edildiyini gördülər. Ətraf küçələr başıpozuq camaatla dolu idi. İrəli hərəkət etmək mümkün deyildi. Xətibin müridləri bütün təşəbbüsü əllərinə almışdılar. Məhsəti xanımı görmək və son kərə onunla görüşmək üçün şəhərin bütün şeir və musiqi maraqları Xərabat məhəlləsinin tininə yığışmışdılar.

Məhəllə qarət olunurdu. Evlər binasından sökülüb dağıdılırdı. Toz məhəllənin ətrafını bürümüşdü. Tozun içərisində nələr olduğundan kimsənin xəbəri yox idi. Oradan ancaq ağlamaq, qışqırmaq, qamçı səsləri eşidilirdi.

Bir neçə saatdan sonra toz təbəqələri parçalandı, bir neçə mürid tozdan ayrıldı. Onlar saçları bir-birinə qarışmış qadını, təhqirli söyüşlərlə söyə-söyə gətirirdilər. Qadın Məhsəti xanım idi. Lakin şairə öz vüqar və əzəmətini pozmamışdı. O, sıra ilə düzülən xalqın içərisindən ətrafa baxa-baxa gedir, göz gəzdirib öz dostlarını axtarırdı. Demək lazımdır ki, bir yığın mürid və mövhumatçılardan başqa, Xərabat məhəlləsi ətrafına yığılan xalq onun dostu idi. Məhsəti bir kərə üzünü xalqa tutaraq: – “Vurun bu alçaq mövhumatçıları! ” – desəydi, Gəncədə bir üsyan başlanacaqdı, ancaq Məhsəti qan tökülməsini istəmədi. O, gözlərini dolandırıb Əmir İnancı gördüyü zaman belini düzəldərək ona diqqətlə baxdı. Əmir İnanc atın üstündə durub məhəllənin dağıdılmasına tamaşa edirdi. Məhsəti xanım Əmir İnancın yanında durub bu rübaini oxudu:

Dünya bəməsəl çü kuzeyi zərrinəst,

Kəh ab dəru təlx, kəhi şirinəst.

To ğürrə məşov ki, ümri mən cəndinəst,

Çün əsbü əcəl həmişə ziru zinəst

.

Əmir İnanc heç bir cavab vermədi. O, əhalinin üsyanından qorxurdu. Məhsəti xanımı şəhərdən çıxarmağa məmur olanlar onu Əbubəkr kəndinin yanına qədər aparıb oradan qayıtdılar. Məhsəti xanımın yanında ancaq sadiq və səmimi xidmətçisi Yəqub qalmışdı. Onlar çox yorulmuşdular. Dincəlmək üçün “Çadır bulağ” adlı çeşmənin başında oturdular. Qaranlıq düşürdü. Məhsəti xanım bir daha dönüb Gəncədən gəldiyi yollara baxdı və Yəquba müraciət etdi:

− Deyəsən, uzaqdan qaraltılar görünür. Əmirin adamları olmasın?!

Yəqub bir neçə dəqiqə uzaqdan görünənləri nəzərdən keçirdi. Qaraltılar getdikcə böyüməkdə və canlı bir şəkil almaqda idi. Nəhayət, bir azdan sonra gələnlərin Fəxrəddin və İlyas olduğu anlaşıldı. Məhsəti xanım onların əlini sıxaraq:

− Sizin gəlişinizdən sanki mən öz vətənimə qayıtdım. Nə edim? Bu fəlakətə özümüz səbəb olmadıq. Bizim əsas düşmənimiz gənclərin düşdüyü mövhumatdır. Onlar hələlik musiqi sənətinin qiymətini xətiblərin tərəzisi ilə ölçürlər. Nə Əmir, nə də onun qoşunları bizə bir şey edə bilərdi. Bizi ancaq xalqın avamlığı və düşüncəsizliyi məğlub etdi. Lakin onlar mənim evimi dağıtsalar və mənim əsərlərimi cırıb yandırsalar da, xalqın qəlbini yarıb mənim rübailərimi ordan silməyi bacarmayacaqlar. Onlar məni qovsalar da, xalqın qulağını vətən etmiş səsimi bu məmləkətdən qova bilməyəcəklər.

Fəxrəddin və İlyas Məhsəti xanım üçün gətirdikləri yol tədarükünü, paltarları və yemək şeylərini Yəquba tapşırdıqdan sonra:

− Məktub göndər, biz də göndərəcəyik. Biz əminik ki, bu hadisələr sənin təbinə daha mühüm təkanlar verəcəkdir, − deyə ayrıldılar.

Məhsəti xanımla Yəqub yola düşdülər. İlyas durub Məhsəti xanımın dalınca baxırdı. Gedənlər qaranlığın qoynuna girib gözdən itərkən o:

− Gəncənin qəzəlxan bülbülü susdu, rübaimizin dahi sənətkarını bizdən ayırdılar, − deyərək Gəncəyə tərəf döndü.

* * *

Axşam idi. Əmir İnanc Gəncə çayına hakim olan uca köşkündə oturub dalını yumuşaq balışlara söykəmişdi. O, çox diqqətlə, oynamaqda olan rəqqasələrin titrək döşlərinə baxdıqca əlindəki inci təsbehin danələrini dolu kimi bir-birinin üstünə axıdırdı.

Sultan Səncər camesinin minarəsindən “Allahu əkbər” səsi eşidildi və “Allahu əkbər, kəbirən kəbira” – dedi.

Musiqi kəsildi. Rəqqasələr Əmirin qarşısında baş vurub çəkildilər. Sanki azançının minarədən yüksələn “Allahu əkbər” səsi ancaq rəqqasələrə istirahət vermək üçün bir işarə idi.

Əmir İnanc qalxıb fəvvarəli hovuzun kənarında dəstəmaz almağa başladı. Xalqın borcunu verməyənlər Allahın borcunu verməyə hazırlaşırdılar. Namaz otağına keçdilər. Canamazlar rəqqasələrin oynadığı xalçaların üzərində açıldı, namaz qılanlar Allahı xatırlayaraq gözəl rəqqasələrin qədəmləri dəyən yerləri öpmək üçün səcdəyə düşdülər. Şam və xüfdən namazı bitdi. Namazdan sonra canamazların yerində şərab süfrələri açıldı. Namazlarında istədikləri huriləri əvəz etmək üçün gözəl qızlar, gənc saqilər salona daxil oldular. Musiqi dəstəsi öz işinə başladı, rəqqasələr yenə gəldilər. Allahın borcunu verib bitirənlər öz şəhvətlərini söndürməyə başladılar.

* * *

Gecədən çox keçmişdi, şərab büsatı da yığışmışdı. Əmir İnanc, sevgili qadını xəlifənin qızı Safiyə xatun və gözəl qızı Qətibənin yanında idi. Xidmətçi içəri girib:

− Hüsaməddin cənabları gəlib səni görmək istəyir, − dedikdə Əmir:

− Buyursun! – deyə yenə də gözəl Qətibənin saçlarını oxşamağa başladı.

Hüsaməddin içəri girib baş əydi və dedi:

− Araz çayını keçmək istəyən bir nəfər qasid tutulub Gəncəyə göndərilmişdir.

Əmir soruşdu:

− Qasid haradadır?

− Hazırdır, ya Əmir!

− Yanıma gətirin!

Hüsaməddin getdi, az sonra yanında Məhsəti xanımın xidmətçisi Yəqub salona daxil oldu. Əmir Yaqubu başdan ayağa qədər gözdən keçirdikdən sonra dedi:

− Kimin tərəfindən qasidsən? Amma onu da bilməlisən ki, nicatın doğru danışmaqdadır.

Yəqub heç də təxir etmədən:

− Yalan demək üçün bir səbəb yoxdur. Mən Zəncandan Məhsəti xanım tərəfindən Gəncəyə göndərilmişəm. Məni tutmasaydılar da, bura gələcəkdim.

− Nə iş üçün göndərilmisən?

− Məhsəti xanımın anasına və İlyas adlı gənc bir şairə məktub gətirmişəm.

− Gətirdiyin məktublar hanı?

− Məktubları Araz çayından bu tərəfə keçdiyim zaman sizin adamlarınız aldı.

Hüsaməddin məktubları çıxartdı və:

− Ya Əmir, məktublar budur, − deyərək iki məktubu Əmirə uzatdı.

Əmir birinci məktubu açıb oxuyandan sonra ucadan:

– Sübhanallah! − dedi, − bir qadın, özü də əxlaqsız bir qadın, gör nə məsələlərlə məşğuldur!

Bu sözləri dedikdən sonra Hüsaməddinə müraciətlə:

− Eşit, gör o xanəndə və şeir yazan əxlaqsız nə yazır, − dedi:

– “Əziz dostum İlyas! Çox zəhmətlərdən sonra gəlib Zəncan şəhərinə çatdım. İkinci gün “Əxi Fərruxun”

ziyarətinə getdim. Əxi Fərrux o qədər sevimli və xoş əqidə, xoşsöhbət bir adamdır ki, mən onunla görüşdüyümün birinci saatında Gəncə ruhanilərindən gördüyüm təhqirləri tamamilə unutdum. Əxi Fərruxun əqidəsi xalqların dostluğunu qurmaq əqidəsidir. Bu əqidə haqqında hərtərəfli məlumat yığdım. Bunun Şimali və Cənubi Azərbaycanda inkişaf etdirilməsinə çalışmaq lazımdır. Bu əqidəni daşıyanlar arasında qardaşlıq əlaqəsi mövcuddur. Ona görə də bunlar özlərinə “Əxi” adı veriblər. Sənin barəndə cənab Əxi Fərruxla danışdım. Sənin şeirlərindən də ona oxudum. O, sənin gələcəkdə zəki və məşhur bir şair olacağına inandı və mənə böyük ümidlər verdi.

Dostum İlyas! Mənim başıma gələn fəlakət sənin mətanətini qırmasın. Zəmanə bu məhvər üzərində uzun zaman davam edə bilməyəcəkdir. Bu günlər Zəncandan köçüb Bəlx şəhərinə gedirəm, oradakı şairlərlə görüşmək istəyirəm. Hərgah yolun düşərsə, bizim məhəlləmizə get, anamı axtar tap, ona təsəlli ver. O mənim şeir və musiqi sənətimdən bir həzz apara bilmədi; onu daima mənim səbəbimə təhqir etdilər. Məktubumun cavabını yazıb öz təzə şeirlərinlə bərabər Yəquba tapşır. Yazdığım rübailəri də sənin üçün göndərirəm. Fəxrəddinə salam.

Zəncan, Məhsəti Gəncəvi”.

Məhsəti xanım da öz ikinci məktubunu anasına yazmışdı.

Əmir İnanc məktubları oxuyub Hüsaməddinə acıqlandı:

− Məmləkət idarə edən adam sizin kimi olmaz! Ölkənin qadın və qızlarından başlamış gənclərinə qədər siyasi məsələrlə məşğuldurlar. Bəs siz nə işdəsiniz?! Bu nə deməkdir? “Zəmanə bu məhvər üzərində çox da davam edə bilməyəcəkdir”. Bunu kim deyir?! Şair və xanəndə bir qadın… Get bu saatda adına məktub gələn İlyası və məktubda adı çəkilən Fəxrəddini hüzurumda hazır et!

Hüsaməddin baş endirib getdi. Əmir yenə də qızı Qətibəni yanında əyləşdirib onun saçlarını oxşamağa davam etdi. Qətibə, Məhsəti xanımın məktub göndərdiyi gənc İlyasla çox maraqlanırdı. O, Məhsəti xanım kimi şöhrətli bir şairənin, öz gözəlliyilə bütün Şərq ölkələrində məşhur olan bir qadının adi adamlara məktub göndərməyəcəyinə əmin idi. Buna görə də gözəl Qətibə İlyası cürbəcür simalarda təsəvvürünə gətirir və ona müəyyən bir şəkil verməyə çalışırdı. O, İlyası gah bir qəhrəman kimi düşünür, gah sakit və aciz bir tələbə kimi xəyal edirdi, lakin yenə də bu təşbihin üzərində dayanmayaraq öz-özünə deyirdi: “Yəqin ki, o çox gözəldir. Gözəl və mərifətli bir gənc olmasaydı, Məhsəti xanım ona məktub göndərməzdi”.

Bu düşüncələrdən sonra Qətibə yenə də İlyasa verdiyi şəkilləri öz qəlbində araşdırır, bir-bir təhlil edir və deyirdi: “Qəhrəmanlıq o qədər də qiymətli bir şey deyildir. Dünyada pəhləvanlar çoxdur. Pəhləvanlarda axmaqcasına bir qorxusuzluq vardır. Məncə, qəhrəmanlıq bambaşqadır. İnsanlar öz güclü qolları, qılınc və nizələri sayəsində özlərini qəhrəman hesab etsələr də, həqiqi qəhrəmanlıq bu deyildir. Qəhrəmanlıq kişinin mətanəti, ağlı, fərasətilə ölçülür. Kişinin bir qadın kimi gözəl olması da faydasızdır. Kişinin gözəlliyi ona aid xüsusiyyəti azaldır. Məncə, ağıllı qızlar kişiləri gözəl olduqları üçün deyil, kişi olduqları üçün sevməlidirlər”.

Qətibə bundan sonra:

“İndi İlyas gələcək, bağışlanmaq üçün atamın ayaqlarına düşüb ağlayacaqdır”, − deyə − düşünürdü, – “Hərgah o ağlarsa və yalvararsa, qəhrəman deyildir. Əbəs yerə Məhsəti xanım kimi məşhur bir qadın onun adına məktub göndərmişdir”.

Qətibə bunları düşündükdən sonra atasına müraciət etdi:

− Ata, indi haman oğlan bura gətirilərsə, sən onu öldürəcəksənmi?

− Birisi sənin baban xəlifənin hökmranlığına qarşı xəyanət düzəldərsə, sən özün ona nə edərsən?

Qətibə bir az düşünərək yavaşdan dedi:

− Mən onun özünü görməmiş və nə cür gənc olduğunu bilməmiş heç bir söz deyə bilmərəm.

Qətibənin bu sözündən həm Əmir, həm də Qətibənin anası Safiyə xatun qəhqəhə ilə güldülər. Qətibə isə utandı və başını aşağı salıb heç bir söz demədi. Bir azdan sonra Hüsaməddin daxil olub Əmirə baş əydi və:

− İlyası tapıb gətiriblər, − dedi.

Əmir:

− Get yanıma gətir! – dedi. Qadınına müraciət edərək, − Siz də durub gedin, − dedi.

Safiyə xanım durub getdi. Qətibə isə Əmirin yanında qaldı.

İlyası Əmirin otağına gətirdilər. O, qapının qabağında durub nə baş əydi, nə də salam verdi. Bu, Əmirə təsir etdi. O, acıqlı bir vəziyyət aldı və soruşdu:

− Məmləkətdən sürgün edilmiş Məhsətinin fikirlərini Gəncədə intişar edən gənc şair İlyas sənsənmi?

İlyas başını qaldırıb:

− Hazırda mən öz fikirlərimi intişar etmək üçün özümə köməkçi axtarıram. Başqalarının fikrini yaymağa vaxtım yoxdur, − dedi.

− Sən nə ilə məşğulsan ki?

− Mən öz şerimi və öz əqidəmi intişar etməklə məşğulam.

Əmir İnanc acıqlı bir surətdə gülərək dedi:

− Hələ tezdir. Çox gəncsən. Əqidə intişarı ilə məşğul olmağının vaxtı deyil.

− Əqidə daşımayan şeir şairin simasını göstərə bilməz.

− Elə isə nə üçün Məhsəti xanımın fikirlərinə tərəfdar çıxmırsan?

− Məhsətinin şeir və musiqi aləmindəki fikirlərinə tərəfdaram.

− Onda sən onun hökumət əleyhinə olan fikirlərinədəmi tərəfdarsan?

− Mən Məhsətinin hökumət əleyhinə olduğunu indicə eşidirəm. Lakin Əmir burasını da bilməlidir ki, Məhsətinin buna haqqı var.

− Onun hökumət əleyhinə olmasına nə kimi bir səbəblə haqq qazandıra bilərsən?

− Məhsəti xanımın hökumət əleyhinə olmasında şeir və sənəti əxlaq pozğunluğu kimi təbir edənlər müqəssirdir. Hökumət onu nə üçün sürgün etdi? Yalnız və köməksiz bir qadını xalqa incəsənət öyrətdiyi üçün sürgün etmək onda hökumətə qarşı mənfi bir əqidə oyandırmazmı? Əqidələr belə doğur, Əmir həzrətləri! Hökumət bir nəfər xətibin haqsız tələblərini razı salmaq üçün böyük bir şəhərin məhəbbətini itirdi. Bir məhəlləni kökündən qazdırıb atmaq, xalqın ürəyində höku-mətə qarşı nifrət, haqsızlığa qarşı üsyan fikrindən başqa bir əqidə yarada bilməzdi. Mən də şairəm, mən də öz xalqımın iradəsini ifadə etməyə çalışıram.

Əmir İlyası diqqətlə dinlədikdən sonra:

– Əgər bu “xalqın iradəsi” sözünü bir də təkrar etsən, səni də Məhsətinin getdiyi yerə göndərəcəyəm.

− Məni haman yerə getməyə məcbur etmək lazım deyil. Həyat bu məhvər üzərində davam edərsə, siz sürgün etməsəniz də, xalq özü dağılıb gedəcəkdir. Yaxşı diqqət verin, Aranda kim qalmışdır? Xalqın bir hissəsi Abxaza, bir hissəsi Şirvana köçübdür. Qalanlarını isə siz sürgün edirsiniz.

Qətibə qolunu atasının çiyninə qoyub İlyası dərin diqqətlə dinləyirdi. O, öz qarşısında tam mənasilə ölüm və işgəncədən qorxu duymayan bir qəhrəman durduğunu hiss edirdi. O öz qəlbində: “Qəhrəmanlığın tələb edəcəyi hər bir xüsusiyyət bu gəncdə vardır. Belə bir gənci kim sevməz? Hətta mənim özüm də belə bir qorxmaz adamı sevə bilərəm. Bunda özünü dünyaya tanıtmaq qabiliyyəti vardır. Mən bununla tanış olacağam. Bunun cəzalanmasına imkan verməyəcəyəm. Atam bunu cəzalandırmaq istərsə, ağlayacağam və onun qəzəbini soyudacağam” – deyirdi.

Əmir xeyli sonra başını qaldırıb böyük bir təəccüblə İlyasdan soruşdu:

− Kimin oğlusan?

− Babam Məhəmməd, atam isə Yusifdir.

− Atan nə işdədir?

− O, mən uşaq ikən ölmüşdür.

− Demək ki, tərbiyəni anandan almısan?

− Anam da mən körpə ikən ölmüşdür.

− İndi kimin himayəsində yaşayırsan?

− Dayılarım vardır. Lakin öz himayəmdə yaşayıram.