banner banner banner
Qılınc və qələm
Qılınc və qələm
Оценить:
Рейтинг: 0

Полная версия:

Qılınc və qələm

скачать книгу бесплатно

− İndiyə qədər kimin himayəsində yaşayırdın?

− Dayılarımın.

− Onlar kimlərdir, adları nədir?

− Kürdlərin nücəbasındandır – Qafar ağa, Abdulla ağa və Seyfəddin ağa.

− Onlar hazırda nə işdədirlər?

− Onlar burda deyillər, Bağdadda yaşayırlar.

− Nə işdədirlər?

− Xəlifənin xüsusi mühafizə dəstələrinin rəisləridirlər.

− Dayıların xəlifənin sadiq qulları olduğu halda, nə üçün sən xəlifənin əleyhinə danışırsan?

− Mənim dayılarım xəlifənin qulları deyil. Nə ana, nə də ata nəslimizdə qul olmuşdur. Bizim dayılarımız xəlifə himayəsində yox, əksinə olaraq xəlifənin özü dayılarımın qılıncı himayəsində yaşayır.

Əmir:

− Bu da təzə bir xəbər! İndi bir az da Məhsəti ilə əlaqəndən danış.

− Əlaqə düzəltməyə çalışıram, təəssüf olsun ki, hələlik buna nail olmamışam.

− Sən bunu özün üçün bir iftixarmı bilirsən?

− Nə üçün də bu şərəfi daşımamaq? Məhsəti xanım olmasaydı, Şərqdə məşhur rübai sənətkarı Xəyyamın adı tək qalacaqdı.

− İndiyə kimi Məhsəti xanımdan neçə məktub almısan?

− Hələlik o cürə xoşbəxtlik mənim qapımı döyməmişdir.

Əmir gülərək dedi:

− Elə isə səni təbrik etmək lazımdır. Haman xoşbəxtlik qapını döyməyə başlamışdır. Məhsəti xanım sənin adına məktub göndərmişdir. Budur haman məktub mənim əlimdədir.

− Madam ki, ölkə xalqının bir-birinə məktub göndərməyə ixtiyarı yoxdur, o zaman başqalarını hökumət əleyhdarlığı ilə təqsirləndirməyin özü də haqsızlıqdır.

Bu sözlərdən sonra nə İlyas, nə də Əmir danışdılar. Qətibə isə böyük bir həyəcanla işin nə ilə qurtaracağını gözləyirdi. İlyas nə ətrafına baxır, nə də öz yerindən qımıldanırdı. O, Əmirin böyük salonunda qoyulmuş tunc heykəllər kimi bütün ağırlığı ilə durmuşdu.

Xeyli sonra Əmir başını qaldırıb dedi:

− Səni məhv etmirəm, çünki səni məhv etmək xəlifənin ən yaxın adamlarını təhqir etməkdir. Kübar tayfaların içərisində sənin kimi itaətsiz adamlar çox az tapılır. Mən bu gün onlara məktub göndərəcəyəm. Sənin Aranda yaşamağın böyük bir nəslin rüsvayçılığına səbəb ola bilər. İndi gedə bilərsən. Lakin sənin Arandan bir tərəfə getməyinə icazə vermirəm.

Əmir sonra da Hüsaməddinə müraciətlə tapşırdı:

− Bunu nəzarət altında saxlarsınız. İndi isə evinə buraxın.

Qətibə sevindi və atasını başını sığallamağa başladı.

Fəxrəddin bir qapıdan içəri girdiyi zaman Nizami də bu biri qapıdan dəhlizə çıxdı. İlyas Əmirin evindən küçəyə çıxdığı zaman artıq gecə idi. Çinarın dibində bir qaraltı durmuşdu. İlyas yolunu davam etdirərkən qaraltıdan belə bir səs eşidildi.

− İlyas, səni buraxdılarmı?

İlyas bu səsi eşidib dayandı. O səs İlyasın gənc sevgilisi Rənanın səsi idi. İlyas da, qaraltı da bir-birinə tərəf irəlilədi. O səs bir də eşidildi.

− İlyas səni buraxdılarmı?

− Bəli buraxdılar, mənim sevgili dostum, buraxdılar. Gözəl Rənam, kədərlənmə!

Rəna başını İlyasın çiyninə söykəyib ağladı. İlyas isə onun saçlarından öpərək:

− Gedək, Rəna, qorxma, onlar mənə heç bir şey edə bilməzlər, − dedi.

BAHAR

Gəncə çayının coşqun ləpələri bahar günəşinin qızıl saçlarını böyük bir həyəcanla çimdirməyə başlamışdı. Bahar fəzasına məxsus pənbə buludlar mayıs gülünün qırmızı yanaqlarını kirşanlamağa hazırlanırdı. Şimali Midiyanın lətif təbiəti bağçaların boyuna biçdiyi yaşıl və çiçəkli donu tikib bitirmək üzrə idi.

Kəpəz dağından əsən külək fəzada nazlanan buludları Xanəgah kəndinin meşələrinə doğru sürdüyü zaman şam ağacları da ağır-ağır başlarını əyirdi.

Yağış bir saat əvvəl dayanmışdı, buludların suvardığı güllər, bağ-bağçalar gülürdü.

Yasəmənlər dağınıq saçlarını yaşıl budaqların üstünə sərib qurudur, xanəndə bülbüllər qızılgülün yanağındakı tərləri silmək üçün gül budaqlarını tərpədir, lalələr isə piyaləsini qaldırıb bahar cəmiyyətinin şərəfinə içmək istəyirdi. Nərgiz gülü şadlığından yaşarmış gözlərini silərək, bahar səhnəsinə tamaşa edir, bənövşələr başını çiyinlərinə qoyub düşünür, bəstəkar kəkliklər isə meşə səyahətinə çıxan gənc bir şairi qarşılamaq üçün “salam” musiqisini çalırdı.

Gənc İlyas adəti üzrə evdən çıxıb çayın kənarına gəlirdi. O, hər gün çay kənarındakı bağçaları, bağları gəzər və şairlər ilə görüşərdi.

O, çay tərəfinə getdiyi zaman Gəncə xalqı da xəlifə tərəfindən göndərilən fərmanı eşitmək üçün məscidə tərəf gedirdi. Xəlifədən gələn fərman Atabəy Məhəmmədin təsdiq edilməsini Gəncə xalqına xəbər verirdi. İlyas bu fərmana o qədər də əhəmiyyət vermirdi. O, dəstələri yarıb Məsudiyyə məhəlləsinə keçdi və Çobanlar qəbiristanının yanı ilə gedərək çayın kənarına endi. Şəhər xalqı məsciddə məşğul olduğu üçün çay kənarında gəzən səyahətçilərin sayı çox az idi.

İlyas ətrafı gözdən keçirərək öz-özünə dedi:

− Belə yaxşıdır. Burada azad düşünmək mümkündür. Bura gənc bir şairin yaradıcılığı üçün daha əlverişlidir.

Həmişəki yerinə gəldi, böyrü üstündə yıxılmış söyüd kötüyünün üstündə oturdu. Lakin meşənin boşluğuna baxmayaraq, özünü rahat hiss etmirdi. Sanki onu amansız bir hadisə gözləyirdi.

İlyas bu gün hər tərəfdə bir qeyri-adilik hiss edirdi. Ətrafa yayılan bülbülün səsində də bir həyəcan duyur və düşünürdü; o səs bir şadlığın içərisindən yox, bir həyəcanın içərisindən süzülüb çıxan iniltilərə bənzəyirdi.

İlyas öz-özünə:

− Bülbülün səsinə hər kəsdən artıq şairlər tanışdır, − deyərək ayağa qalxdı, bütün diqqətini səfərbərliyə alıb ətrafı gəzməyə başladı.

O, bülbülün dolaşdığı qızılgül budaqlarının ətrafına gəldi, çox ehtiyatla əyilib qızılgül kollarının dibini nəzərdən keçirdi və həyacanlı quşu rahatsız edən səbəbləri öyrənmək istədi. Gənc şair qızılgül kollarının dibində ilanların qıvrılıb yatdığını və bülbülləri rahatsız etdiyini bir neçə dəfə görmüşdü. Lakin bu dəfə İlyas qızılgül kollarının dibində heç bir şey görmədi. Bülbül isə çırpınır və səslənirdi.

Külək şiddətlə əsirdi. Qızılgülün şaxələri bir-birinə qarışmışdı, tikanlar külək qarşısında şiddətlə yırğalanır və qızılgülün incə yarpaqlarını cırmaqlayırdı.

Gənc şair bunu görərkən əlini uzadıb gülün budaqlarını bir-birindən ayırdı, araladı. İndi bülbül yaralı gülün ətrafında dolaşıb ağlarkən şair də kənarda durub bu vəziyyətə tamaşa edir və öz-özünə deyirdi: – “Əcəba, belə bir təbiətdə şair olmamaq mümkündürmü?!”. Sonra gəlib yenə yerində oturdu, coşqun çaya tamaşa etməyə başladı. İki gündən bəri davam edən yağışlar nəticəsində Ağəncə çayı daşmışdı. Əbubəkr, Bazarcuq, İsfahan kəndlərindən gələnlərin soyunub çayı keçməsi şairi bir qədər məşğul etdisə də, onu əsas fikrindən ayıra bilmədi. Onun şüurunda, bahar, təbiət, şeir və sənət düşüncələri birinci yeri tuturdu. O, bahar möcüzələrinin qolları arasına girərək mənliyindən çıxmış və şeir ilahəsinin qolları arasında nazlanırdı. Nəhayət, əlini uzadıb qoynundan bir dəftər çıxartdı, qələmdanı da çıxarıb yanındakı daşın üzərinə qoydu, fikrində, zehnində bəsləyib bişirdiyi misraları kağıza köçürtdü və bahar təbiətinə nəğmələr bəstələdi.

Çay kənarında gəzənlərin sayı artırdı. Ətrafında dolaşanların ona diqqət verməsi və ara-sıra yanından keçərək yazılarına nəzər atması, şairin fikrini pozurdu. Buna görə də o, dəftəri büküb yenə də qoynuna qoydu, qələmdanı da bağlayıb qurşağından asdığı heybəsinə saldı. O, şeir yazdığı zaman yazısına baxmağa qoymazdı, hətta tamamlamadığı əsərini də bir kəsə oxumazdı.

Şair Kəmallədin ilə Zahir ona yaxınlaşdılar, görüşdülər, İlyasın əlini sıxdılar. Sonra Zahir ona sual verdi:

− Təzə nə yazırdın?

− Bir şey yazmaq istəyirdim, lakin hələ bitirməmişəm. Bitməyən əsər haqqında danışmağı sevmirəm, bəlkə, təzə əsər haqqında fikrim də dəyişdi.

Zahir İlyasın bu fikri ilə razılaşmadı. O yenə sözündə dayanaraq:

− Biz də şairik, − dedi, − biz öz yazılarımızı hər kəsə oxuyur və onlardan məsləhət alırıq. Bəzən qulaq asanlar bizə fikirlər və məsləhətlər də verirlər, bununla bəzən şeirlərimiz bədiiləşir və zənginləşir. Lakin sən həmişə bu üsulun əleyhinəsən, öz şerini bir xəzinə kimi gizlədirsən. Bu isə iki şeydən birisidir. Ya xəsislik, ya da qorxaqlıqdır. Bunların heç birisi şairə yaraşan xasiyyətlərdən deyildir. Sən daima özündən yaşca artıq və sənətcə köhnə olan adamların nəsihətini eşitməlisən.

Zahirin bu sözlərini Kəmaləddin də təsdiqlədi. Onlar söhbətlərini bitirdikdən sonra İlyas qalın qaşlarını dartaraq cavab verdi:

− Son sözlərini geri götür, mənim barəmdə xəsis sözünü işlətmək haqsızlıqdır. Mən elə bir şair olmaq istəyirəm ki, şeir süfrəmdən minlərcə şair qismət aparsınlar. Mən elə bir əsər yaratmaq istəyirəm ki, məndən sonra gələn şairlər mənim təsirimdən çıxa bilməsinlər. Mən qorxaq da deyiləm. Şeirlərimi hər yerdə oxuya bilərəm, lakin hər kəsin yanında oxuya bilmərəm, çünki hər kəsə hər şey lazım deyil. Mən beş misra şeiri götürüb küçə-küçə gəzdirən və oxuculardan təqdir və tərif gözləyən şairlərdən də deyiləm. Gizlətmək çirkinlik üçün deyil, mən şeir oxuduğum zaman ancaq öz təbimdən məsləhət alıram.

Başqalarının fikri ilə misralar düzəltməyin əleyhinəyəm.

İlyasın bu sözü onun ətrafına yığılanları razı salmadı. Onlar yenə də təzə yazılan şeirin oxunmasını tələb etdilər. Əbül-Üla və Fələki də Zəkrin və Kəmaləddinin fikrinə qoşuldular. Əbül-Üla gülümsünərək dedi:

− Hərgah sən özün başqasının fikrindən öz şeirində istifadə etmək istəmirsənsə, ona sözümüz yoxdur, lakin şeirindən başqaları istifadə etməlidir. Hərgah sənətin yaxşı sənət isə qoy başqaları da sənin yolunu davam etdirsin. Şeirin bitməmişsə, qoy bitməsin, sonra bitirərsən.

Nəhayət, İlyas yaşca özündən böyük olan Əbül-Ülanın sözündən çıxmaq istəməyərək dəftərini qoynundan çıxarıb bitirmədiyi şerini oxudu.

BAHAR

Nisan gülünün çöhrəsi bir bax, nə qədər şən,

Ərzin üzü bir zivər gülrəng ilə rövşən,

Güldükcə təbiət, çəmənin çöhrəsi güldü,

Gül ətri buluddan süzülüb ərzə töküldü.

Minlərcə gəlin şivəli gül doğdu çəmənlər,

Toy başladı nisan buludundan gül əmənlər.

Hər şaxədə bir bülbülü şuridə qəzəlxan,

Ən körpə çiçəklər, kələbəklər belə rəqsan,

Rəqsan bu təbiət yaradan möcüzələrdən,

Qoynunda qərənfillər açan nazlı səhərdən

Başlar yenə öz nəğməyi-Davuduna quşlar,

Oynar o tərənnümlə zümürrüdlü yoxuşlar.

İlyas şerini bitirib dəftərini qoynuna qoyduğu zaman gənc Mücirəddin onun alnından öpdü və üzünü şairlərə tutub dedi:

− Kim deyir ana dilimiz şeir dili deyildir! Bir baxın, öz dilimizdə yazılan şeir nə qədər səlis, nə qədər də oynaq və bədiidir.

İlyas onun sözlərinə qüvvət verərək dedi:

− Əsərin incəliyi nə qədər ki dilin incəliyi ilə əlaqədardır, bir o qədər də şairin məharət və sənətkarlığı ilə əlaqədardır. Məharətli və sənətkar şair hər dildə yazar; sənətkar olmayan şair isə öz dilində də yaza bilməz. Əcəba fars dilində yazan şairlərin hamısı sənətkardırmı? Yaxud da ərəb şairlərinin hamısı Ümrəülqeys, Əbunəvvas və Əbülətahiyyə kimi sənətkar şairlərdirmi?

Əbül-Ülanın özü də İlyasın söylədiklərini təsdiq edərək dedi:

− Hər bir xalqın ruhunun ifadəsini ancaq onun öz dilində vermək olar. Ata və babalarımız: “Şairlər öz xalqının dilidir” sözlərini əbəs yerə deməmişdir. Xalqının içərisindən doğulan şairin hər bir şeiri, öz xalqının iradəsini ifadə etməlidir. Şairin şeiri içərisində yaşadığı xalqın simasını göstərən bir güzgü olmalıdır. Bir xalqın dəyərini ancaq onun şeir və ədəbiyyatının dəyəri ilə müqayisə etmək və ölçmək olar.

İlyas, Əbül-Ülanın əlini öpərək şad bir surətdə dedi:

− Mənim də dediyim budur, qoca şair! İki adamın siması bir güzgüdə yerləşə bilməsə də, böyük bir xalqın mədəni siması bir rübaidə yerləşə bilər.

Öz dilində şeiri olmayan bir xalqın nəyi ola bilər? Bir xalqın dil mədəniyyətini yaradan onun ədəbiyyatıdır. Şair həm şairdir, həm də öz xalqı danışan dilin müdafiəçisidir, dilin varlığını qoruyan əsgərdir.

Əmir İnanc sarayının şairlərindən Zahir, İlyasın və Əbül-Ülanın dediklərinə qəti etiraz edərək dedi:

− Mən sizin dediklərinizlə razılaşa bilmərəm. Bir kərə bilmək lazımdır ki, şeir və ədəbiyyatda işlədilən dil başqa, adi dil, yəni xalqın danışdığı dil də başqadır. Şeir incə və yüksək fikirlərin məhsuludur. Buna görə də onu yüksək adamların malı etmək gərəkdir. Yüksək təbəqələrin ailə dilləri yüksək dildir, yəni fars dilidir, çünki fars dili həm ədəbi və yüksək bir zənginlik daşıyır, həm də hökumət dilidir, rəsmi dildir. Hərgah belə olmasaydı, Gəncə tarixini yazmaq üçün Əmir İrandan cənab Kəmaləddini buraya dəvət etməzdi.

İlyas bu sözə qəhqəhə ilə güldü və cavab verdi:

− Bu cür fikirlər dost adamların başında yetişən fikir deyil. Əvvəla bunu anlamaq lazımdır ki, sizin dediyiniz yüksək dildə yazılan şeiri xalqımız tərcümə vasitəsilə oxumalıdır. Lakin mən yazdığım şeirləri ölkənin ziyalı və əyanından başlamış kəndlisinə, çobanına qədər hamı oxuyur və mənim fikrimi anlayır. Bir şair üçün də bu kifayətdir.

Kəmaladdin söhbətə qarışaraq dedi:

− Məncə, yerli dildə də şeir yazmaq olar. Lakin məsələnin əsas nöqsanı burasındadır ki, yerli dildə yazılan şeirlər xaqan saraylarının uca hasarlarını aşıb içəri girə bilməz və saray əhlinə yetişməz, yetişsə belə, saray əhli onu oxumaq istəməz, bu da şairin şeir üzərində çəkdiyi zəhmətlərin hədər getməsinə səbəb ola bilər.

İlyas bu sözlərlə də razılaşmadı. O, çox ciddi bir vəziyyət alaraq dedi:

− Şair adlanan kimsə şeir yazdığı zaman onun xaqanları və padşahlar sarayının yüksək hasarlarını aşa bilib-bilməyəcəyi barəsində heç də düşünmür, çünki şeir yalnız uca hasarların içərisinə qapanan on-on beş nəfər üçün yox, minlər üçün yazılır. Fars dilində yazmaq məsələsinə gəldikdə mən ancaq bunu deyə bilərəm: hərgah xaqanlar və saraydakılar bizim əsərlərimizi oxumaq istərlərsə, biz yerli dildə yazılmış əsərlərimizi fars dilinə də tərcümə edə bilərik. Lakin bunu da bir kərə yadda saxlamaq lazımdır ki, azərbaycanlılar hər işdə güzəştə getsələr də, öz dili barəsində güzəştə getməz.

İlyasın söhbəti çox ciddi şəkil aldı. Əbül-Üla və Mücirəddin hissedilməz bir surətdə çəkilib getdilər. Nə Zahir, nə də Kəmaləddin İlyası öz fikirlərinə tabe edə bildi. Buna görə də söhbətlərinə məsləhətverici bir don geyindirməyə başladılar.

− Gənc şairsən, gözəl şeirlər yazırsan, qanın da isti, coşqundur, ilhamın pak və müqəddəs bir ilhamdır, lakin haman şeirlərini və bizə etdiyin söhbətlərini başqalarının yanında deyib oxuma! Bununla özünü Əmirin və xaqanın geniş ehsanlarından məhrum edə bilərsən. Ağlını başına yığ! Belə rəvan təbinlə sənin çiynin padşahların zəngin xələtini gözləyir. Xüsusən, Şirvan şahı Əbülmüzəffər şeir maraqlısıdır. Lakin o yalnız fars dilində yazılan bədii şeirləri sevir.

İlyas bacardıqca sakit danışmağa çalışırdı, ancaq bacarmırdı. O, iki nəfər əcnəbi nümayəndəsinin yerli xalqın, hətta mədəniyyətcə belə onlardan bir neçə qat yüksəkdə duran xalqın, dilini və ədəbiyyatını təhqir etməsinə qarşı soyuqqanlıqla baxa bilmədi və cavab verdi:

− Xələtlərdən məhrum ediləcəyim məlum bir məsələdir. Burada mübahisəyə ehtiyac yoxdur. Xələt yalnız əyilən və səcdə edən başlara qismət olur. Mənim başımı isə zamanımın dəhşətli küləkləri, qasırğaları belə əyməyə qadir deyildir. Yazıçı və şair olan zatın başı söyüd ağacı deyildir ki, ixtiyarını küləklərin əlinə verə bilsin. Bir də xələtlər şeirin qismətinə yox, izzət və şərəfin qismətinə verilir. Məndə isə xələtlərə satılmalı izzət və şərəf yoxdur.

Kəmallədin acığından titrəyə-titrəyə dedi:

− Bu sözlərin heç birisi bir şairin ağzından eşidiləcək söz deyil. Bunlar bir üsyançı fikrinin məhsuludur.

İlyas gülümsünərək:

− Bu sözləriniz də doğrudur, − dedi, − şair üsyançı olmalıdır. Şair qoyun deyildir ki, qəssab bıcağını itilərkən başını aşağı salıb otlasın. Həmadan və Təbrizdə təzə atabəylərə bazarlar, kəndlər tikmək üçün vurulan qamçıların səsi hamıdan artıq şairi rahatsız etməlidir. Qoyun sürüsü kimi Şimali Azərbaycandan İraqa və Həmədana sürülən xalqın iniltilərini ancaq mənim qulağım eşidər və mənim qəlbim hiss edə bilər. Əcəba, cənab Zəhirlər və Kəmallədinlər Arandan işə aparılanların ölüb-qalmalarından xəbərdardırlarmı? Hərgah xəbərdar deyilsinizsə, eşidin, deyim: Eldəniz rübatını tikmək üçün Arandan aparılan altı min nəfərin ancaq min nəfəri qayıtmışdır. Onların ağlaya-ağlaya, qamçı və kötək gücünə öz torpaqlarından ayrılıb məcburi işə apardıqları sizdə nə kimi təsir buraxdı? Şübhəsiz ki, heç bir təsir buraxmadı, çünki siz onlara yabancısınız. Biriniz iranlı, o biriniz isə xarəzmlidir.

Bu mövzu üzərində başlanan söhbət çox uzun çəkdi. Zəhirlə Kəmaləddin vidalaşıb getdilər. İlyas yenə də gəlib yerində oturdu, böyrü üstə yıxılan söyüd ağacına söykəndi və cibindən dəftərini çıxarıb şeirini tamamlamağa başladı. O, suların coşqun dalğalarına, çayın sürət və həyəcanına baxmadığı zaman yanında bir nəfər beli bükülmüş qocanı gördü və diksinərək dedi: