banner banner banner
Hekayələr
Hekayələr
Оценить:
Рейтинг: 0

Полная версия:

Hekayələr

скачать книгу бесплатно


Ərinin cavab vermədiyini görüncə hiddətləndi:

– Fevral ayından bəri dörd əsadır itirirsən. Bu, dalğınlıq deyil, sərsəmlikdir!..

– …

Fon Sədriştayn özünü otağına saldı.

– Artıq, evdən tək çıxarkən, əlinə əsa almağı sənə qadağan edirəm!

– …

Yenə cavab vermədi. Kreslosuna çökdü. Yaşarmış gözlərini Çamlıca təpəsinə dikdi. Dəhlizdəki divar saatının çıq-çıqları, mətbəxdə qaynayan kartof qazançasının köpüklü fışıltısı bir-birinə qarışaraq qulaqlarında böyüyür, beyninin içində müdhiş bir gurultu qoparırdı.

BİR QAYIŞIN TƏSİRİ

Bir zabit dostumla oturmuşduq. Yanımızdakı masada iri, lopabığlı, yekə papaqlı bir dəliqanlı, çətin bir çərkəz şivəsiylə qarşısında sıralanmış böyüklü-balacalı papaqlılara nələrsə danışırdı. Danışığından Qafqazdan yeni gəlmiş adam sanıla bilərdi.

– Demək, yollar açıldı, – dedim.

– Hansı yollar? – deyə dostum üzümə baxdı.

– Hansı yollar olacaq, Qara dəniz yolu.

– Hardan bildin?

– Bir bu adama baxsana… Mütləq yeni gəlmişlərdən olacaq.

– Hansı adama?

Sağımızdakı, yanağından qan daman iri çərkəzi göstərdim. Dostum şaqqanaq çəkdi. Az qala özündən gedəcəkdi.

– Özünü çərkəz kimi göstərir!

– Güldürmək üçünmü?

– Xeyr.

– Bəs nə üçün?

– Özünü çərkəz zənn etdirmək üçün.

– …

Təkrar yekə papaqlı dəliqanlıya baxdım. Heç türkcə bilməz bir çərkəz tərziylə başını ağır-ağır yırğalayaraq əlindəki gümüşdəstə qamçını çəkmələrinin uzun boğazlarına vuraraq taqqır-tuqqur danışırdı. Stulda ata minmiş kimi oturmuşdu.

– Zarafatı burax, – dedim, – bu, xalis çərkəzdir…

Dostum and içdi:

– Vallah, deyil…

– Nə bilirsən?

– Niyə bilmirəm, mənim sinif yoldaşımdır.

– Dolama məni, – dedim.

– Ay balam, o, çərkəz deyil! – deyə israr etdi.

– Yaxşı, bəs danışdığı dilə nə deyirsən? Zabitdirmi?

– Bəli, amma cümə günləri bu qaydada çərkəz kimi geyinir.

Maraq məni bürüdü:

– Çərkəz deyilsə, onda gürcüdürmü?

– Xeyr.

– Çeçenmi?

– Xeyr.

– Ləzgimi?

– Xeyr.

– Bəs kimdir?

– Türkoğlu türk!

– Haralıdır?

– İstanbullu… Anası Germiyanzadələrdən. Atası mirliva[13 - Mirliva – Osmanlı imperiyasında briqada generalına bərabər hərbi rütbə.] olduğu halda hələ də dilini düzəldə bilməmiş bir Kastamonulu idi…

– O halda bu türk nə üçün hər kəsə özünü çərkəz zənn etdirmək istəyir? – deyə soruşdum. Dostum təkrar qəhqəhə çəkdi.

– Sənə danışım, nə üçün, – dedi. – Bu saxta çərkəzin adı Mahmud bəydir. Məktəbdə ikinci sinfə qədər heç bir milliyyət iddiası yox idi. O il Ramazan tətilində bir dostu özünə Qaramürsəldən olduqca zərif bir çərkəz qayışı gətirdi. Bu qayışı hamımız gördük. Həqiqətən, nəfisdi. Qara minalı gümüş toqqası ağır, qayışı qarayaçalan tünd-lacivərdi idi. Gümüşdən üç böyük sallaması vardı. Mahmud bəy bu qayışı belinə bağladı. O gündən etibarən türklərlə kəlmə kəsməməyə, yalnız çərkəzlərlə oturub-durmağa başladı. Növbəti il heç tanışı olmadığı halda çağırış vərəqi gətirərək Qaramürsələ çağırış məntəqəsinə getdi. Hərbi məktəbə keçdiyimiz zaman Mahmud bəy türk şivəsini artıq unutmuşdu. Böyük fədakarlıqlar bahasına yerini piyadadan süvariliyə dəyişdirə bildi. Zabit rütbəsi aldığımız zaman türkcəsi artıq tamamilə pozulmuşdu. Amma çərkəzcəni də öyrənə bilmədi. Öyrəndiyi mükəmməl bir çərkəz şivəsiydi. Zarafatla ona "Çərkəz Mahmud" ləqəbi qoşmuşduq. O buna hirslənməz, hətta iftixar edərdi. Zabitkən məşhur bir çərkəz paşa ilə yaxınlaşdı. Onunla İstanbula göndərildi. Sonra isə Qafqaza qaçdı. Milləti ilə heç bir əlaqəsi olmayan yerləri öz vətəniymiş kimi gəzib-dolaşdı. Bir çərkəz qızıyla evləndi. Hürriyyətdən[14 - Hürriyyət – cümhuriyyətin qurulmasını nəzərdə tutur. Türkiyədə 1923-cü ildə qurulub.] sonra İstanbula gəldi. Artıq işi-gücü çərkəzlik üçün çalışmaq oldu. Hər yerdə bu eşitdiyin qəribə şivə ilə "Adıgey" təbliğatı[15 - Adıgey təbliğatı – XIX əsrdə 50 ildən çox davam edən Qafqaz savaşı dönəmində minlərlə çərkəz ya soyqırıma məruz qalmış, ya da Osmanlı imperiyasına köçmək məcburiyyətində qalmışdır. Hazırda Şimali Qafqazda çərkəzlər öz tarixi torpaqlarında "milli azlıq" kimi qəbul olunurlar. 147 ildir torpaqlarından kənarda yaşamalı olan çərkəzlər birləşmək və intiqam almaq uğrunda dünyanın bir çox ölkələrində “Dünya Çərkəzləri Qardaşlığı”, “Adıgey Xase”, “Nart” və s. adlar altında birləşiblər. Məqsəd Qafqaz xalqlarının bir araya gəlməsi, dilinin formalaşması və müstəqillik qazanmasıdır. Yüz ildən artıqdır ki, bu təbliğat Türkiyə də daxil olmaqla dünyanın hər yerində aparılır.] aparmağa başladı. Kastamonulu paşa atasından qalan sərvəti "Çərkəz tarixi"ni qələmə alacaq yazara sərf etdi.

Qafqazdan yeni gəlmiş sandığım saxta çərkəz-türkə təkrar baxdım.

– Bəs əqrəbaları içində çərkəz-filan yoxdurmu?

– Yoxdur deyirəm sənə! – deyə əlini daş masaya vurdu, – xalis-müxlis türkdür deyirəm! Bircə kəlmə də çərkəzcə bilmir. Sinif yoldaşımın Qaramürsəldən gətirdiyi çərkəz qayışında sanki bir tilsim vardı. O andan etibarən çərkəzlik sevdasına düşdü.

Dostum yarım saata qədər çərkəz Mahmud bəyin gülünc əhvalatlarını danışdı. Zahiri görünüşü son dərəcə dəliqanlı sayaq olan bu qəhrəman, belə məlum olurdu ki, ömründə heç bir müharibədə iştirak etməmişdir. Son dərəcə qorxaqmış. Daim tanış-bilişlərinin iltimasıyla səfərbərlik zamanını arxa xidmətlərdə keçirirmiş.

Biz söhbət etdiyimiz vaxt Mahmud bəy gülərək, yanındakılarla çərkəz şivəsiylə zarafatlar edərək qalxdı. Bufetin önündə durdu. Pul verirdi. Pul qabını şalvarının cibindən çıxaranda belindəki qayışı gördüm. İyirmi il əvvəl Qaramürsəldən ona hədiyyə gələn bu qayışın qara mina işləməli gümüş sallamaları par-par parlayırdı. Türklərin xaricdən öz içlərinə könüllü "millətdaş" cəlb edəcək belə bir qayışlarının olmamasından təəssüfləndim.

ANTİSEPTİK

Miniatür bədənli, gözəl Bədianı ailəsi böyük bir adama ərə vermək istəyirdi. Halbuki o, tibb fakültəsinin tələbəsi olan bibisi oğlu Namiqlə iki ildir gizlicə işi bişirib dağ etmişdi. Onu almağı arzu edən bu böyük adam isə tək gözlüklü[16 - Tək gözlüklü – XIX əsrin sonlarından XX əsrin əvvəllərinə qədər Avropada kübar cəmiyyətin kişiləri gözünün birinə yuvarlaq eynək taxırdılar], dəblə geyinmiş səfir idi. "Qırxı haqlamış olar- olmaz…" deyirdilər. Bədia hələ on yeddi yaşa girməmişdi. Anasının, atasının, xanım nənəsinin israrlarına bir az müqavimət göstərdi. Ağladı, sızladı, amma sonda məğlub oldu.

– Bu qoca hərif nəyimə gərəkdir? Əlli il Avropada ballarda sürtülmüşün biridir! – dedi.

– Yersiz danışırsan! Otuz səkkiz yaşındadır! Ər dediyin beləsi olar. “Fənərbağça” klubunda top oynayan oğlanlaramı gedəcəksən? – cavabını aldı.

Nişan günü evlərinə bütün qohumlar çağırılacaqdı. Fəqət bir gün əvvəl bibioğlu gəldi. Bədia ilə yalqız qaldılar. Əvvəlcə qüssəli bir tərzdə baxışdılar. Sonra Namiq:

– Hayıf sənə, Bədia! – dedi. – Baban yaşda bir adama gedirsən.

– Şişirtmə sən də…

– Şişirtmə deyil! Bir əsr yaşında, xınalı-boyalı bir qocadır ki var!

– Nə edim! Anamın, atamın böyük adamla qohumlaşmaq marağı var. Kürəkənləri səfir olacaq! Həm də anam qırx yaşında belə olmadığına and içir.

– Allah bəlasını versin! Bir əsr yaşında deyirəm. Sən bunu necə qəbul edirsən?

– Mənim gözümdə o qədər də qoca deyil. Qapqara, səliqəli bığları var! Təpəsi dazdır, amma bu da zəkaya dəlalət edir.

Namiq güldü.

– Anlaşıldı, – dedi, – sən qapqara, səliqəli bığlara vurulmusan! Bu bığlar fil dişi kimi bəyaz olsa, yenə gedərdinmi?

– Getməzdim. Hətta bəyaz bığlı deyil, çal bığlı olsa belə getməzdim.

Namiq bir az düşündü. Səfir arvadı olmaq, xarici paytaxtlarda hörmət, mədəniyyət görmək xülyasıyla indidən qabına sığmayan Bədia dediyində dururdu. Namiq dedi:

– Məndə tilsimli bir su var; onunla nişanlının bığlarını yudurda bilsən, bir əsr yaşında olduğunu sənə göstərəcək. O halda da gedəcəksənmi?

– Gəvəzəliyi burax. Nə sudur o?

– Bir antiseptik[17 - Antiseptik (lat. “anti” – qarşı, “septicus” – qovma) – yaradakı mikroorqanizmlərin məhv edilməsi, orqan və hüceyrələrdəki patologiyanın təmizlənməsi üçün istifadə olunan tibbi maye. Bu termin 1750-ci ildə ingilis cərrahı C.Prinql tərəfindən tibb elminə daxil edilmişdir.]…

– Necə yudurdum?

– Çox asan! Sabah hələ nişan mərasimi başlamazdan əvvəl onunla yalqız qal.

Bədia qəhqəhə ilə güldü:

– Hə, sonra?

– Adamı başdan çıxar. Səni öpmək istəsin.

– Sonra?

– De ki: "Mən vasvasıyam. Əvvəlcə dodaqlarınızı bu antiseptiklə yaxalayın. Sonra gələcək arvadınızı istədiyiniz qədər öpün…"

– Aman, bu antiseptiki gətir, – dedi. – Ona ilk dəfə əsl bir fransız qadını kimi çox ekssentrik görünmək istərdim!

Nişan günü imarətə bütün dəvətlilər gəlmişdi. Namiq Bədiaya zərif bir şüşə verdi. "Bu da sənə antiseptik! Haydı, cəhd elə!" – dedi. Bədia bu cəsarətləndirmədən şux bir həyəcan duydu. Ekssentrik görünmək ən birinci düşüncəsiydi. Nə elədisə, səfirlə salonun yanındakı kiçik otaqda baş-başa qaldı. Diplomatın əlindən tutdu. Saçlarını oxşadı. Dizinin üstündə oturdu. Eşqdən bəhs etdi. Zavallını əməlli-başlı azdırdı. Diplomat qızın gül dodağına toxunmaq üçün qara bığlarını uzatdıqda:

– Rica edirəm, – dedi, – bir az səbriniz olsun.

– Ah…

– Mən bir az vasvasıyam. Dodaqlarınızı yuyun. Sonra istədiyiniz qədər öpün. Mən artıq sizin deyiləmmi?

– …

Cavab gözləmədən qalxdı. Otaqdan çıxdı. Namiqin verdiyi şüşəni gətirdi.

– Burada, pəncərənin önündə, – dedi.

Həvəslənmiş diplomat bu şux əmrə o dəqiqə itaət etdi. Bədianın əlinə tökdüyü su ilə gülə-gülə ağzını, bığlarını yudu. Sonra cibindən çıxardığı ipək dəsmalla quruladı. Bədia birdən-birə:

– A!.. – deyə təəccüblə səsləndi.

– Nə var, ruhum mənim?

– Heç!

Öpmək üçün yaxınlaşdı. Bədia dəli kimi gülürdü. Qəhqəhələrinin çirkinliyi içində, balaca, zərif barmağıyla:

– Buradan, buradan öpün, – deyə açıq alnını göstərdi.

Diplomat bu çəhrayı alnı qoxulayaraq öpdü. Bədia bir az sakitləşdikdə:

– Siz mənim atamsınız, – dedi.

– Bu nə deməkdir, sevgilim?

– Bir bu aynaya baxın. Görüntünüz sizə cavab verəcək…

Avropada qadınların ekssentrikliyinə çox alışqın olan diplomat özünü itirmədi. Dönüb aynaya baxdı. Özünü tanıya bilmədi. Qara bığları fil dişi kimi ağappaq olmuşdu. Saraldı, göyərdi, sonra hələ də pəncərənin yanında gülən Bədiaya faciəvi bir nəzərlə baxdı:

– Xain! – dedi.

Burnu qanamış kimi dəsmalı ağzına tutaraq salonun ortasından sürətlə keçdi. Asılqandan fəsini qapdı. Tək gözlüyünü yerə saldı. Əsasını götürə bilmədi. Özünü bağçaya atdı. Dəli kimi imarətdən uzaqlaşdı.

Gələcək kürəkənin bu tərzdə, nişandan əvvəl, birdən-birə qaçışına heç bir məna verə bilməyən qohum-əqrəba pəncərənin önündə gülən Bədianın başına toplandılar.

– Nə elədin, nə oldu?

– Mən heç bir şey etmədim. Onu bu şüşədəki su qaçırtdı. Mənim bir qəbahətim yoxdur…

Anası hiddətindən titrəyirdi.