banner banner banner
Hekayələr
Hekayələr
Оценить:
Рейтинг: 0

Полная версия:

Hekayələr

скачать книгу бесплатно


– Çox gözəl, çox sadə! – deyə danışmağa başladı… Dinlərkən əsəbiləşir, köksümdə sıxıcı bir ağırlıq duyurdum.

– Məktəbdən çıxdıqdan sonra sizinlə heç rastlaşmadıq. Xaricə getdiyinizi eşitmişdim. Mənim başıma nələr gəldi, nələr… Hökumət dairələrində dəftərxana müdirlərindən, katiblərdən, qapıçılardan heç bir tanışımız olmadığı üçün, təbii ki, heç bir dəftərxanaya işə girə bilmədim. Girsəm də, sözsüz ki, heç tərəqqi edə bilməyəcəkdim. Məcbur olub hökumət məmuriyyətindən vaz keçdim. Bir az çertyoj çəkdiyimi, yəqin, unutmamısınız. Almancanı da öyrənməyə çalışmışdım. Az-maz danışa bilirdim. Anadolu Şimendifer Şirkətinə[6 - Anadolu Şimendifer Şirkəti – dəmiryol şirkəti. “Simendifer” fransızca – dəmir yolu, funikulyor deməkdir.] müraciət etdim. İmtahan verdim. Çertyoj şöbəsinə işə girdim. On lirə[7 - Türk lirəsi – Türkiyə Cümhuriyyətinin pul vahidi. Daha kiçik ekvivalenti quruşdur. 1 türk lirəsi 100 quruşa bərabərdir.] maaşım vardı. Anam-atam mən hələ balacaykən ölmüşdülər. Məni bibim böyütmüşdü. Onunla bir yerdə qalırdım. Ancaq bilmirəm nədən, günü-gündən zəifləyirdim. Bibim dərdimə dərman tapılmadığına baxdıqca: "Evlənməlisən, Sədrəddin, sənin rahatlığa ehtiyacın var. Subaylıq sənə yaramır…" – deyirdi. Mən də bu sözə inandım. Evlənmək fikrinə düşdüm. Maaşım yetməzsə, bibim də ayda bir neçə lirə verəcəkdi. Qız axtarmağa başladı. Hər gün evdən qız görüb-bəyənməyə gedirdi. Nəhayət, çox gözəl, fransızca danışan, piano çala bilən bir qız tapdı. Qohumlarımızdan birinin evində guya bizi təsadüfən qarşılaşdırdılar. Danışdıq. Bir-birimizi bəyəndik. Bu, zərif, açıq-sarı saçlı, suyuşirin, kinolardakı aktrisalara bənzər incə bir qızdı. Sanki canlanmış, insan şəklinə düşmüş bir şeirdi. Uzatmayım… Nişanlandıq. Toy oldu. Arvadımı bibimin yanına gəlin gətirdim. Hardasa bir ay dinc dolandıq. Arvadım yemək saatlarında aşağı enir, otağında oturur, bir də küçəyə gəzməyə çıxırdı. İkinci ayın başında bibim: "Bu, gəlin deyil, Allahın cəzasıdır!.." – deyə deyinməyə başladı. Bir axşam gəldim. Arvadım qarşıma keçdi. Qaşlarını çatıb soruşdu:

– Sən məni xidmətçi deyəmi aldın?

– Xeyr, – dedim.

– Elə isə niyə aldın? – deyə təkrar soruşdu.

– Zövcəm deyə…

– Onda mən bu evdə durmaram.

– Nə üçün? – deyə əsəbiləşdim.

– Bibin mənə iş gördürmək istəyir, – dedi. – Mən heç bir iş görə bilmirəm. Görməmişəm. Həm də görməyəcəyəm. Sabah ya məni bu evdən çıxarar, ya da boşayarsan. Mən anamın evinə gedəcəyəm.

Əllərindən tutdum, bir az səbir etməsini, hirsinin keçib-gedəcəyini söylədim.

– Əbəsdir, əbəsdir… Vallah, qalmaram! – deyə and içib, aman edirdi.

Anamdan qalma bir evim vardı. Onu girov qoyaraq bir ev tutduq. Bir ev kirayələmək nədir, bilməzsiniz bəlkə… Mən o vaxt öyrəndim. Qapıya çatanacan üç yüz lirə tükəndi. Bir aşpaz, iki xidmətçi tutduq. Fəqət xatırlayın ki, maaşım on lirə idi… Odun, kömür, ərzaq-filan pulu iyirmi lirəni keçirdi. Altı lirə də evin kirəsi… Bu elədi iyirmi altı… Arvadım da on lirə tualeti üçün istəyirdi. Elədi otuz altı… Evi satdım. Əlimə min iki yüz lirəyə qədər pul keçdi. Bu pulla il yarım yaşadıq. Amma mən gələcəyimi düşünərək üzülür, günü-gündən zəifləyir, pərişan olurdum. Bir gün özümü müayinə etdirdim. Doktor:

– Diqqət edin, vərəm başlayır, – dedi.

Nə edəcəyimi bilmirdim. Halım arvadımın vecinə deyildi. Bəzək-düzək makinası kimi təmizlənir, pudralanır, boyanır, geyinir, gəzir, yeməyini yeyir, yatağında rahat-rahat yatırdı! Aşpaz ilə xidmətçinin əlində qalmışdım. Arvadım hətta mətbəxin harada olduğunu belə bilmirdi. Ehtiyat pulum tükəndikcə mən də ürək üzüntüsündən zəifləyirdim. Qorxdum. O vaxt özümü tərəzidə çəkdirmədim. Ehtimal ki, iyirmi okkaya qədər enmişdim! Yaz gəlincə bərk xəstələndim. Yatağa düşdüm. Həkimlər ümidlərini kəsmişdilər. Mütləq havamı dəyişməli olduğumu söyləyirdilər. Yeriyə bilmirdim. Dizlərim tutmurdu. Nəhayət, şirkətdən üç ay izin aldım. Olan-qalan pulumla Almaniyada yaşayan bir dostumun yanına getdim… Konstitusiya elan edildikdən sonra[8 - Türkiyədə konstitusiya 1924-cü il aprelin 20-də qəbul edilmişdir.] elektrikçilik öyrənmək üçün İstanbuldan ayrılmış, Almaniyada ev-eşik quraraq bir daha geri dönməmişdi. Siz bu saat məni tanıyınca necə təəccübləndinizsə, mən də onu görüncə eynilə sizin kimi çaşıb-qalmışdım. Eninə-boyuna bəlkə bir metr enlənmişdi.

– Aman, bu nə haldı, sənə nə olub? – deyə ağzım açıla qalınca:

– Çaşma, bala, bura Almaniyadır, – dedi. – Burada yaşamaq sənətini bilirlər. Sən də bir az qal, görərsən.

Həqiqətən bir həftə keçmədən gördüm, öyrəndim. Dostum dedi:

– Boş yerə artıq xərcə düşmə. Bizim evdə qalarsan. Bir artıq otağımız var. Kirayəçi tapa bilmədik. Səndən iyirmi marka alaram. Orada yatarsan. Yemək üçün də hər gün bir marka yetər. Yalnız ərzaq xərci… Bişirmək üçün pul almarıq. Elədi ayda əlli marka. Burada yeyib-içər, kənarda artıq xərcləməzsən. Camaşırlarını biz pulsuz yudurarıq. Yalnız pivə pulu ayrı…

– Mən pivə içmirəm, – deməyimlə:

– Elə şey olmaz, cahilliyi burax, – deyə güldü. Pivəsiz burada yaşanmaz. Pivə içməsən, iştahan açılmaz. Çox yeyə bilməzsən. Yenə sısqa qalarsan.

Dostumun evində yaşadım. Pivə içməyə, yeməyə, hətta bir fil qədər yeməyə başladım. Mədəm pozulmur, çox gözəl həzm edirdim. Üç ayın içində tanınmayacaq bir hala gəldim. Ən çox mat qaldığım şey isə bu qədər az pulla belə çox yeyə bilməyimizdi. Dostumun fabrikdəki maaşı bizim pulla ayda səkkiz lirəni keçmirdi. Bu səkkiz lirənin içindən həm ev kirəsi verir, həm yeyib-içir, həm də qara gün üçün pul yığırdılar. Yemək, camaşır, tikiş daxil olmaqla evin bütün işini dostumun arvadı görür, yenə hər axşam gəzməyə çıxır, bazar günləri bizimlə bərabər uzun gəzintilərə gələ bilirdi. Bu, mat qalınası bir şeydi. Mən ondan çox çalışdığını, yorulub-yorulmadığını xəbər aldığım zaman gülər:

– Mən əziz imperatriçəmiz qədər çalışıram. Niyə yorulum ki? – deyirdi.

Sonra dərhal imperatriçələrinin həyatını, onun heç vaxt xidmətçidən istifadə etmədiyini, son dərəcə qənaətə riayət etdiyini, hətta böyük uşaqlarının geyimləri köhnələndə atmayıb bir yaş kiçik uşaqlarına geydirdiyini… Yeganə qızının da köhnə libaslarını söküb yenidən bəzədiyini, artıq xərc olmasın deyə ən ləzzətli yeməyi hətta bir dəfə yeməkdən vaz keçdiyini danışmağa başlardı. Bu iri, canlı, gözəl, qüvvətli qadının bəyaz və təmiz dişlərini göstərərək söylədiyi bütün bu qənaət hekayətlərini dinlərkən qeyri-ixtiyari olaraq İstanbulu, öz həyatımızı, zəifcanlı arvadımın israfçılığını, beş lirəyə ancaq ikicə dəfə geyilən bluzları, beş məcidiyyəlik[9 - Məcidiyyə – Osmanlı dönəmində 20 quruşluq gümüş pul] ipək corabları, hər iki ayda bir dərziyə iyirmi lirəyə tikdirdiyi kostyumları, otuz lirəlik krujevalarını xatırladım. İstan- bula dönmək saatları yaxınlaşdıqca içimdə bir sıxıntı peyda olur, böyüyür, məni kədər boğurdu. Bu rahatlığı, səadəti məmləkətimdə tapacağım mümkün deyildi. İztirabımı dostuma açıb danışdım. Acıdı. Mənə haqq verdi. Fəqət:

– Bu rahatlıq, səadət Almaniyanın torpağında, daşında, coğrafiyasında deyil, alman qadınındadır, – dedi, – Almaniyanın səadətini, rifahını, zənginliyini alman qadını yaradıb. Sənə bir alman qızı tapaq. Onunla evlənib İstanbula qayıdarsan. Eynilə Almaniyadakı intizam, Almaniyadakı istirahət içində yaşarsan.

Bu, mümkünmüydü? Evli olduğumu söylədim. Arvadımı boşasam, bir neçə yüz lirə boşanma haqqı verməyə pulum olmadığını dedim. Dostum:

– Heç qorxma, – dedi. – Alman arvad səni on lirə ilə Türkiyə kimi ucuz bir yerdə yüz lirəlik rifah içində yaşadar. Bir ilin içində heç bir borcun qalmaz. Ölümdən qurtularsan.

Düşündüm, daşındım. Alman qadınını gördükdən sonra mənim israfçı, modabaz arvadım xəyalıma qorxunc bir ziyanverici kabus kimi gəlirdi. İstanbula dönmək, borc içində, rəzalət içində sürünərək ac, səfil ölmək… Yaxud alman qadını deyilən bir səadət maşını alaraq hər şeyi silib atmaq… Rahat, bütün qayğılardan azad, məsud yaşamaq… Bu iki yoldan birisinə mütləq gedəcəkdim. Ölüməmi? Yaşamağamı? Ölümü seçə bilmirdim. Qeyri-ixtiyari olaraq İstanbuldakı zənginlərin, ən çox maaş alan məmurların israfçı- lıq, idarəsizlik üzündən çəkdikləri səfalətləri, ən zəngin paşaların, bəylərin ölümlərindən bir ay sonra arvad-uşaqlarının dərhal dilənəcək dərəcələrə endiklərini ağlımdan keçirdim. İdarəsiz, qənaətsiz, intizamsız bir həyatın pul nöqteyi-nəzərdən nə qədər taleyi olsa da, yenə gələcəyi qapqaraydı. İstanbuldakı evimdən, arvadımdan ürkdüm. Qurtulmaq, yaşamaq üçün alman qadını qəti bir əlac, bir dərmandı. Bir dirilik suyu, abi-həyatdı! Təkrar evlənməyə qərar verincə qız tapmaq uzun sürmədi. Dostumun arvadı tərəfdən əqrəbası olan indiki arvadımı bir bazar günü mənə təqdim etdilər. Çox xoşuma gəldi. Atası iki il əvvəl vəfat etmiş bir mühəndisdi. Nişanlandıq. Qızın kiçik bir çehizi vardı. Nikahlandıq. Sizə and içərəm ki, rəsmi sənəd rüsumundan başqa artıq məsrəfim olmadı. Bal ayı səfərinə yollanırmış kimi İstanbul yolunu tutduq. Arvadım birincidərəcəli sərnişinlər arasında səyahət etməyimizə razı olmadı. Aldığımızı, qəzet puluna qədər bir dəftərə yazmağa başladı: "Pul qazanmaq ərin, qazanılan pulun alıcılıq qüvvəsini artırmaq isə qadının vəzifəsidir" deyirdi. İstanbula gəldik. Bəyoğluda bir hotelə düşdük. Mən yoxkən keçmiş zərif və qəşəng arvadım özü kimi yaraşıqlı, zərif bir bəyə aşiq olmuşdu… Onun arzusuyla əlüstü ayrıldıq. Yeni arvadımı evimə gətirdim. Aşpaz ilə xidmətçiləri görüncə ağlı çaşdı. "Bizdə bankirlər belə ayrı aşpaz, ayrı xidmətçi tutmaz" dedi. Hər üçünü başımızdan elədik.

– Evdə nə iş olsa, mən görəcəyəm, – deyirdi. – Yemək, camaşır, tikiş, təmizlik, bulaşıq, döşəmə silmək, ayaqqabıları təmizləyib boyamaq-filan…

Gəldiyimizin ertəsi axşamı evin kirəsini soruşdu. Mən altı lirə deyincə heyrətdən gözləri yerindən oynadı.

– Adam da varidatının yarısından çoxunu ev kirəsi verərmi? – deyə bərk heyrətləndi, türk xalqının heç hesab bilmədiyini söylədi: – Sizdə bir, iki, üç, dörd, beş, on, iyirmi, otuz rəqəmləri varmı? Ümumiyyətlə, yazınızda rəqəm işarətləri varmı? – deyə əcaib suallar verirdi.

Əvvəlcə artıq mebelləri satdırdı. Pullarını banka qoydu. O ay evi də dəyişdirdi. Heydərpaşada bir alman evinin üst qatını səkkiz məcidiyyəyə kirələdi. Bura mətbəxiylə, hamamxanasıyla ayrılmış bir bina mənzili kimiydi. İki otağı vardı. Birini yataq otağı elədi, birini də qonaq… Bu ikinci otaqda həm qonaqlarımızı qəbul edir, həm də yeməyimizi yeyirdik… Rahat, məsud yaşamağa başladıq. Kirə daxil olduğu halda aylıq məsrəfimiz tam beş lirə edirdi. Maaşımdan artan beş lirəni arvadım hər ay banka aparır, mebel- lərdən aldığımız pulların üzərinə əlavə edirdi. O vaxtdan bəri hər ay beş lirə xərcləyirik. Mən saat səkkizdə vağzala gedirəm. Hər gün günortaüstü arvadım bir səfər qazançasıyla yeməyimi, çörəyimi ayağıma gətirir, hər axşam gəlir, mən işdən çıxıram, bərabər gəzirik. Saat yeddinin yarısı olanda məni gəzintidə yalqız buraxır, evə qayıdıb səkkizin yarısına qədər yeməyi hazırlayır, mən gəlincə hazır süfrə arxasına keçirəm. Yeməkdən sonra skripkada klassik musiqilər çalır, klassik şeirlər oxuyur. Saat on birdə yatırıq. Arvadım altıda yataqdan qalxar. Səhər yeməyini hazırlar. Mənimlə bərabər bazardan o günün ərzağını almaq üçün çıxar. Bazar günləri yay-qış mütləq dağlara gəzməyə çıxarıq. Axşama qədər dolaşarıq. Arvadıma görə, ən gözəl əyləncə meşədə ayaqyalın gəzmək, meşələrin havasını udmaqdır. Üç ildir bax həyatımız bu proqram içində keçir. Bir gün olsun bu proqram pozulmadı.

Keçən il maaşım on beş lirə oldu. Arvadım bunun məsrəfimizə heç bir təsiri olmayacağını söylədi. Hər ay banka beş lirə yerinə on lirə aparmağa başladı. Arvadımın fikrincə, xərc varidata görə deyil, ehtiyaca görə olmalıdı. Varidat arta bilərdi. Amma varidatın artması məsrəfin çoxalması üçün məntiqi bir səbəb sayıla bilməzdi. Xərc yenə ehtiyacın dərəcəsində qalmalı idi. Bunu mən də götür-qoy etdim. Doğru olduğunu gördüm. Bir türkün aylıq varidatı iyirmi beş lirə ikən otuz lirə oldumu, o saat evini dəyişdirmək, daha bir xidmətçi tutmaq fikrinə düşər. Halbuki bizim şirkətin müdir müavini yüzlərcə lirə maaş aldığı halda məsrəfi ehtiyacına görədir. Yəni eynilə mənimki kimi… Onun da arvadı xidmətçidən, aşpazdan, nökərdən istifadə etməz. Bazara ərzaq dalınca da özü gedər, özü alar, özü evinə gətirər. Arvadım ancaq doğulan uşaqlar əlavə xərc istər deyir, çünki ehtiyac dəyişir.

Bəli, nəhayət, bizim də bir gün məsrəfimizin çoxalması vacib oldu. Arvadım hamiləydi. Bax mən əsl qənaətin nə olduğunu arvadımın hamiləliyində gördüm.

– Bir xidmətçi tutsaq… Sən hamiləsən… Rahatsız olursan! – dedim.

Arvadım qəti rədd etdi. Hamilə qadınlar üçün piyada gəzmək, iş görmək lazım olduğunu, hamiləlikdə oturmağın intihardan, ölümə can atmaqdan başqa bir şey olmadığını söylədi. Heç tərtibimiz pozulmadı. Yenə səhərlər bazara gedir, yeməyimi vağzala gətirir, axşamları bərabər gəzişirdik. Qarnı böyüdü, böyüdü, gəlib doqquzaylıq oldu. Mən:

– Lap yaxınlaşdı, artıq bir adam tutsaq… – dedim.

– Hələ vaxta var! – deyə cavab verdi.

Bir gün yenə səhər erkəndən evdən çıxdıq. O, bazara dönmək üçün məndən ayrıldı. Günortaüstü yeməyimi gətirdi. Axşamüstü gəldi, birlikdə yola düzəldik. Bir az gəzindik. Çox geniş bir manto geymişdi. Yenə axşam yeməyini hazırlamaq üçün bir saat əvvəl məndən ayrıldı. Mən arxasınca evə gələndə hər zamankı kimi süfrəni hazır gördüm. Oturdum, yeməyə başladıq. Şam etdiyimiz bir vaxtda o biri otaqdan:

– Vığğ, vığğ… – deyə bir səda gəlmədimi?!

– Bu nədir? – dedim. Arvadım tövrünü pozmadan təbii bir şey söyləyirmiş kimi:

– Uşaq! – dedi, – bu gün doğdum…

Gözlərim bərələ qaldı. Mən hələ bir alman qadınının nə olduğunu tam anlaya bilməmişdim.

– Nə deyirsən? – deyə hayqırdım. – Mamaçanı hardan tapdın?

– Onsuz doğdum, – dedi, – mamaça həkim deməkdir. Mən xəstəyəmmi? Mamaçaya nə lüzum var?

– Nə vaxt doğdun? – deyə təkrar qışqırdım. Arvadım halını pozmadan cavab verdi:

– Sənin yeməyini vağzala aparıb geri dönərkən ağrı duydum. Evə gəldim. Döşəməni silirdim. Ağrım artdı. Hamamda, camaşır ləyənini hazırladım. Doğdum. Çağamı çimizdirdim, bələdim, yatırtdım. Özüm də çimdim. Sonra yeməyi hazırladım. Gəzmək üçün gəldim, səni qarşıladım. İndi gəlincə beş dəqiqəliyə əmizdirdim…

Yerimdən dik qalxdım. Otağa doğru, bu öz-özünə doğulan körpəmi görməyə can atırdım. Məni tutdu:

– Otur, rica edirəm. Yeməyin intizamını pozma. Bitirəndə gedib görərsən… – dedi.

Yeməkdən sonra kiçik bir səbətin içində yatırdılmış övladımı gördüm. Açıq-mavi gözləri eynilə anasınınkına bənzəyirdi. İndi altıaylıqdır. Hələlik artıq xərc eləmirik. Arvadım dörd-beş yaşına çatmadan bir uşağın heç bir məsrəfə ehtiyacı olmadığını deyir… Bir həftə keçmədən uşağın da uyuması, ağlaması, yeməsi nizam-intizama daxil edildi…

Oh, əzizim, nə tez… Tarabyaya gəlib çatdıq. Mən burada düşürəm. Verin əlinizi sıxım. İndi anladınızmı, mən nə səbəbə doxsan beş kilo oldum. Alman qadını… Alman həyatı… İntizamla istirahət! Budur səadətin sirri! Allaha əmanət! Hər bazar ayaqyalın Çamlıca təpəsinə çıxarıq. Siz də gəlin, orada görüşərik.

– Madama məndən ehtiramlar! – dedim.

Əlimi sıxıb qalxdı, cəld yeridi. Dəniz körpüsündən enib digər yolçuların arasında gözdən itincəyə qədər arxasınca baxdım. Vapur körpüdən ayrıldı. Köksümdən əsəbi bir ağırlığın yüksəldiyini, nəfəs aldırmayacaq kimi boğazıma tıxandığını duyurdum.

Görünməz bir kabusun önündən qaçar kimi gözlərimi ovuşdurdum. Üzərində təmiz qağayıların uçuşduqları tünd Prussiya mavisi[10 - Prussiya mavisi – qarayaçalan mavi rəng; tünd-göy] rəngində dənizə baxdım. Qarşı sahil bənövşəyi təpələri, bəyaz sahil zolağı, tünd-yaşıl ağaclıqlarıyla sanki əbədi bir həzz yuxusuna dalmış kimiydi. Fon Sədriştaynın istirahətindən, hər anına məntiqlə hesab qarışan səadətindən, camaşır yuyan, yemək bişirən, döşəmə silən, ayaqqabı boyayan eşqindən diksinirdim. Ta orada… Bu kiçik imarətdə israfçı, hesab bilməz, sarışın bənizli, incə, zərif bir qadınla borc içində, mənəvi, maddi iztirablar içində təbiətin uyuşuq sükutu qarşısında səssiz, xumar yaşamaq daha gözəl deyilmiydi?

Açıq-mavi, əbədiyyətdən qopmuş canlı köpük parçaları halında, göyərtənin üzərindən sürü-sürü keçən qağayılar:

– Bəli, bəli… – deyə hüznlü səsləriylə bağırışır, sanki mənim ruhumun məyus sualına göylərdən ilahi bir cavab verirdilər.

FON SƏDRİŞTAYNIN OĞLU

– İyirmi beş il sonra –

Qoca fon Sədriştayn bir həftədir binadakı mənzilindən bayıra çıxa bilməmişdi. "Qarınqululuğun qaçılmaz nəticəsi" olan podaqra sızıltıları onu geniş pəncərəyə söykədilmiş dərin kreslosunda ölümdən əvvəl işgəncə verilən, ümidsiz bir əsir əzabıyla qıvrıldırdı. Gecələrdən yuxu üzü görməyən qanlı gözləri yorğun bir baxışla Fındıqlının üstündən keçir, mavi Boğazı aşaraq uzaqlara, ta Çamlıca təpəsinə dikilib qalırdı. Hava bir gənc qız qəhqəhəsi qədər şəffafdı, safdı, aydınlıqdı. Şux mayın sabah günəşi bütün İstanbulu bəyaz altundan bir işıq tufanı içində parladırdı. Sonu görünməyən təyyarə uçuşları müqəddəs Kəbəni ziyarət edən şəffaf cənnət quşları kimi Çamlıca təpəsinin üstündə dönür, dolaşırdı. Bu gün İstanbulun, yalnız İstanbulun deyil, bütün Türkiyənin milli bayramıydı! Fon Sədriştayn gözlərini şəffaf quşlardan çəkdi. Üsküdar körpüsünə baxdı. Avtomobillər, tramvaylar, alaylar bir qarışqa seli halında axır; asma qüllələrdə, parıltılı tanklarda böyük bayraqlar yellənirdi. Limanın sahilləri, ən böyük vapurlardan ən kiçik qayıqlara qədər nə varsa hamısı bəzədilmişdi. Millət gənc dahisinin doğulduğu günü qeyd edirdi! Fon Sədriştayn, gözlərindən ruhuna dolan şirin, aydın bir sevincin əsəblərinə süzüldüyünü, yavaş-yavaş bütün vücuduna yayıldığını hiss edirdi. Ayaqlarının ağrılarını bir an unutdu. Gülümsədi. Titrəyən barmaqlarıyla dən düşmüş çal saqqalını sığallarkən qəlbində indiyə qədər heç fərqinə varmadığı, incə bir həyəcanın sürətlə gücləndiyini duydu. Dikəlib təkrar bayıra baxdı. Hər yer, hətta Dolmabağça sarayı belə başdan-aşağı dəfnə budaqları ilə bəzədilmiş, tanklarla əhatələnmişdi. Ayazpaşadan Kabataşa enən dik ana yoxuş iynə atılsa yerə düşməyəcək dərəcədə qələbəlikdi. Orkestrlərin, marşların, şərqilərin əks-sədaları yüksəlir, ruzigar cərəyanı kimi pəncərədən evə dolurdu. Bütün İstanbul sevincdən aşıb-daşır, qabına sığmırdı. Fon Sədriştayn qeyri-ixtiyari:

– Lida! – deyə arvadına səsləndi. Üç otaqdan ibarət olan bu balaca mənzil bir ovuc qədər dardı. Mətbəxdən arvadı soruşdu:

– Nə var?

– Cəld geyin, rica edirəm.

– Nə olub?

– Gəzməyə çıxırıq.

Qapıdan madam Sədriştayn göründü. Qalın gözlükləri altında iri mavi gözləri süzülürdü. Altmışı haqlamış kök, yaşlı qadın təsiri bağışlayırdı. Halbuki bu zavallı qadıncığaz hələ qırx beşində belə deyildi. İyirmi beş il mütəmadi, ağır, nəhayətsiz bir qənaət səbriylə dişi-dırnağı ilə artıraraq quruş-quruş yığdığı sərvətin dünyada valideyn üçün ən sevimli bir vücud tərəfindən oğurlanması onu birdən-birə çökdürmüş, bir neçə ayın içində saçlarını ağartmışdı. Qocalığa görə təminat təqaüdündən məhrum xəstə bir ərlə tək-tənha, ümidsiz qalınca yenə cəsarəti qırılmamışdı. Şimen-difer şirkətindən aldıqları təqaüd maaşıyla intizam, qənaət içində yenə soyuqqanlılıqla, rahat-rahat yaşayırdılar.

– Bayırda nə edəcəyik? Bir işimizmi var?

– Yox.

– Eh?..

– Orxan bəyin doğulduğu gündür də…

– Orxan bəy kimdi?

– Bilmirsənmi?

– Xeyr.

– Çox pis!

Madam Sədriştayn otuz ilə yaxındır əri türk olduğu, Türkiyədə yaşadığı halda bu məmləkətin heç bir şeyini bilmirdi.

– Kimdir bu?

– Bizim milli şairimiz! Gənc dahimiz!..

– Nə olub ki ona?

– Bir şey olmayıb, doğulduğu günü bu ildən etibarən türklər özlərinə milli bayram elan ediblər. Bax, hər tərəf bəzədilib…

Madam Sədriştayn pəncərəyə yaxınlaşıb laqeyd tərzdə çölə baxdı. Sonra:

– Yaxşı… – deyib çəkilərkən əri:

– Gəl biz də çıxaq, Lida… – deyə xahiş etdi.

– Mənim mətbəxdə işim var. Sən özün çıx!

– Gəl işini bir kənara qoy, Lida, böyük günün şərəfinə!

Ciddi qadın yaşlı ərinin bu uşaqsayağı arzusuna güldü:

– Bu böyük gündən mənə nə? – dedi. – Sizin öz bayramınızdı.

– …

Cavab gözləmədən otaqdan çıxdı. Fon Sədriştayn gözlərini gips tavana qaldırdı. Ayaqlarının sızıltıları sanki qəlbində toplandı. Bəli, doğruydu. Öz bayramından ona nə? Özü onun bayramlarında nəzakət xətrinə iştirak edərkən ürəyi sıxılmırdımı? Bəli, iyirmi səkkiz il bir dam altında bərabər qocaldıqları halda ruhları bir-birinə yaddı. Aralarında ümmanların, qarlı zirvələrin ayırdığı keçilməz bir hüdud vardı. Qocaldıqca, xəstələndikcə, bu barsız-bəhərsiz buz çölü daha da genişlənir, daha ziyadə böyüyürdü. Artıq əvvəlki soyuqqanlılığından əsər qalmamışdı. Hər şeyə əsəbiləşir, maraqsız keçən bir həyatın tək-tük xatirələrindən özünə dərin bir ələm yaradırdı. Kitab oxuya bilmir, meşəliklərdə, kolluqlarda gəzə bilmir, yemək yeyə bilmir, pivə içə bilmirdi… Süfrə arxasındaykən saatın onun sızıltılarına qarışan çıq-çıqlarını dinləyib otururdu.

Arvadının belə soyuq davranışı bir an əvvəl qəlbində od tutub alışan iftixar alovunu söndürmüşdü. Ayaqları təkrar zoqquldamağa başladı. Əlləriylə dizlərini sıxır, üzünü büzüşdürür; hərəkətə gəlmək, qalxıb çölə çıxmaq üçün özündə qüvvə tapa bilmirdi.

Qəfildən küçədə bir qışqırtı əks-səda verdi:

– “Vakit”, “Havadis”, “Tan”, “Turan”, “İkdam”, “Böyük qəzet”… “Yarın”, “Haliç”, “Gözəl İstanbul”[11 - XX əsrin ortalarında Türkiyədə nəşr olunan qəzetlərin adlarıdır.], alın, xəbərləri oxuyun…

Qəzetsatan keçib gedirdi. Fon Sədriştayn kreslosundan qalxdı. Pəncərədən başını çıxardı. Səsləndi:

– Qəzetçi, qəzetçi!..

Bu, balaca bir uşaqdı. Dayanıb yuxarı baxdı.

– Beşinci mərtəbəyə gəl!

– Lift varmı?

– Yox.

– Gələ bilmərəm.

Bu müstəsna gündə qəzetlərin nə yazdığı ilə çox maraqlanan fon Sədriştayn fürsəti əldən vermək istəmədi.

– Nə qədər qəzetin varsa, hərəsindən bir dənə alacağam… – dedi.

Uşaq cavab vermədi. Fasadı sarı boyanmış binanın yüksəkliyini süzdü.

– Bəxşiş də verərəm.