banner banner banner
Hekayələr
Hekayələr
Оценить:
Рейтинг: 0

Полная версия:

Hekayələr

скачать книгу бесплатно


– Hələ balacasan, ona görə…

– Bacararam.

– Böyü, sonra…

– Nə zaman?

– Boyun at qədər olanda....

At, tövlə işlərində təkcə tumarı bacarmırdım. Boyum atın qarnına belə çatmırdı. Halbuki ən əyləncəli şey buydu. Sanki qaşovun düzənli səsi Tosunun xoşuna gəlir, qulaqlarını qısır, quyruğunu enli bir qotaz kimi yellədirdi. Tumar tam bitənə yaxın narahat olur, o zaman Dadaruh "Höyt!.." deyə sağrısına bir şapalaq endirir, sonra o biri atları tumara başlardı. Bir gün təkbaşıma qalmışdım. Həsənlə Dadaruh dərə kənarına enmişdilər. Ürəyimdə bir tumarlamaq istəyi oyandı. Qaşovu tapa bilmədim. Tövlənin bucağında Dadaruhun pəncərəsiz kiçik bir otağı vardı. Buraya girdim. Rəfləri aradım. Yəhərlərin arasına-filana baxdım. Yoxdu ki, yoxdu! Yatağın altında yaşıl taxtadan bir sandıq dururdu. Onu açdım. Sevincimdən hayqıracaqdım. Anamın bir həftə öncə İstanbuldan göndərdiyi ərməğanlar içindən çıxan gümüşü qaşov par-par parlayırdı. Onu qapıb Tosunun yanına cumdum. Qarnına sürtmək istədim. Rahat durmurdu.

– Bəlkə, ağrıdır? – dedim.

Gümüş kimi parlayan bu gözəl qaşovun dişlərinə baxdım. Çox kəskin, çox sivriydi. Bir az korşaltmaq üçün divarın daşlarına sürtməyə başladım. Dişləri pozulan kimi yenidən sınadım. Yenə atların heç biri durmurdu. Hirsləndim. Acığımı sanki qaşovdan çıxmaq istədim. On addım irəlidəki çeşməyə qaçdım. Qaşovu yalağın daşına qoydum. Yerdən qaldıra bildiyim ən ağır bir daş taparaq üstünə var gücümlə endirməyə başladım. İstanbuldan göndərilən, üstəlik, Dadaruhun istifadəyə əli gəlmədiyi bu gözəl qaşovu əzdim, parçaladım. Sonra yalağın içinə atdım.

Atam hər sabah evdən çıxarkən bir kərə tövləyə baş çəkər, oyan-buyanına baxardı. Mən o gün yenə tövlədə yalqızdım. Həsən evdə xidmətçimiz Pərvinlə qalmışdı. Atam çeşməyə baxarkən yalağın içində qırılmış qaşovu gördü; Dadaruha hayqırdı:

– Gəl buraya!

Nəfəsim kəsiləcəkdi, bilmirəm nədən, çox qorxmuşdum. Dadaruh təəccübləndi, qırılmış qaşov ortaya çıxınca atam bunu kimin etdiyini soruşdu. Dadaruh:

– Bilmirəm, – dedi.

Atam gözlərini mənə çevirdi, dinməzcə üzümə baxdı.

– Həsən, – dedim.

– Həsənmi?

– Bəli, dünən Dadaruh yatarkən otağa girdi. Sandıqdan çıxardı. Sonra yalağın daşında əzdi.

– Niyə Dadaruha xəbər vermədin?

– Yatırdı.

– Çağır onu görək.

Çəpərin qapısından keçdim. Kölgəli yoldan evə doğru gedib Həsəni çağırdım. Zavallının heç nədən xəbəri yoxdu. Arxamca gəldi. Atam çox sərt adamdı. Bir baxışından ödümüz ağzımıza gələrdi. Həsənə dedi:

– Əgər yalan söyləsən, səni döyərəm!

– Söyləmərəm.

– Çox yaxşı, bu qaşovu niyə qırdın?

Həsən, Dadaruhun əlindəki alətə mat-məəttəl baxdı! Sonra sarısaçlı başını silkələyərək:

– Mən qırmadım, – dedi.

– Yalan söyləmə, deyirəm.

– Mən qırmadım.

– Doğru söyləsən, acığım tutmaz. Yalan çox pis şeydir.

Həsən inkarda dirəndi. Atam əsəbiləşdi. Üzərinə yeriyib "Utanmaz yalançı" deyə üzünə bir şapalaq endirdi.

– Apar bunu evə, bir də bunu burada görməyim. Qoy Pərvinlə otursun! – deyə bağırdı. Dadaruh ağlayan qardaşımı qucağına alıb evə apardı.

Artıq tövlədə yalnız mən oynayırdım. Həsən evə dustaq edilmişdi. Anam gəldikdən sonra da bağışlanmadı. Fürsət düşdükcə: "O yalançıdır", – deyirdi atam. Həsən yediyi şapalaq ağlına gəldikcə ağlamağa başlar, çətinliklə susardı. Zavallı anam mənim iftira ata biləcəyimi heç ağlına belə gətirmirdi: "Bu başıboş Dadaruh atlara əzdirmiş olmasın?" – deyirdi.

Növbəti il yaz gələndə anam yenə İstanbula getdi. Biz yenə də tək qaldıq. Həsənə tövləyə getmək hələ də yasaqdı. Gecələr yataqda atların nə etdiklərini, dayçaların böyüyüb-böyümədiyini məndən soruşardı. Bir gün birdən-birə xəstələndi. Qəsəbəyə həkim dalınca at göndərildi. Həkim Həsəni müayinə edib "Difteriya" dedi. Tarlada çalışan kəndli qadınlar evə tökülüşdülər. Cürbəcür quşlar gətirir, kəsib qardaşımın boynuna sarıyırdılar. Atam yastığın yanından heç ayrılmırdı.

Dadaruh çox susqun, fikirli idi. Pərvin hönkür-hönkür ağlayırdı.

– Niyə ağlayırsan? – deyə soruşdum.

– Qardaşın xəstədir.

– Yaxşılaşar da.

– Yaxşılaşmayacaq.

– Bəs nə olacaq?

– Qardaşın öləcək! – dedi.

– Öləcəkmi?

Mən də ağlamağa başladım. O, xəstələnəndən bəri Pərvinin yanında yatırdım. O gecə gözümə yuxu getmədi. Mürgü aparar-aparmaz Həsənin xəyalı gözümün önünə gəlir, "İftiraçı! İftiraçı!" deyə qarşımda ağlayırdı.

Pərvini oyatdım.

– Mən Həsənin yanına gedəcəyəm, – dedim.

– Nə üçün?

– Atama bir şey söyləyəcəyəm.

– Nə söyləyəcəksən?

– Qaşovu mən qırmışdım, onu söyləyəcəyəm.

– Hansı qaşovu?

– Keçənilki. Həsənə atamın acığı tutmuşdu…

Sözümü tamamlaya bilmədim. Dərin hıçqırıqlar içində boğulurdum. Ağlaya-ağlaya Pərvinə danışdım. İndi atama söyləsəm, Həsən də eşidəcək, bəlkə, məni bağışlayacaqdı.

– Sabah söylərsən, – dedi.

– Xeyr, indi gedəcəyəm.

– İndi atan yatıb, səhər açılanda söylərsən. Həsən də yatıb. Onu öpərsən, ağlarsan, səni bağışlar.

– Yaxşı!

– Di yat!

Səhərə qədər yenə gözlərimi yuma bilmədim. Səhər açılar-açılmaz Pərvini oyatdım. Qalxdım. Mən içimdəki vicdan əzabını yüngülləşdirmək üçün tələsirdim. Amma heyhat… Nə yazıq ki, zavallı, günahsız qardaşım o gecə ölmüşdü. Divanda oturmuş molla ilə Dadaruhu ağlarkən gördük. Atamın otaqdan çıxmasını gözləyirdilər.

FON SƏDRİŞTAYNIN ARVADI

O gün İstanbulda qalsam da, heç bir iş görə bilməyəcəkdim. Müdhiş, acı, izahı mümkün olmayan növbəti bir sinir yorğunluğu yenə məni yerimdə qıvrıldırdı. Bu qorxunc halı bilməyənlər nə qədər məsuddurlar! İnsanın birdən-birə bütün ümidləri, bütün zövqü, bütün sevinci qeyb olur. Gözünün önündə həyat, hava, üfüq, hər şey qaranlığa bürünür. Dostlar düşmən gözündə görünür. Sevgililərdən nifrət edilir… Mən bax bu sinir yorğunluğu deyilən atəşsiz cəhənnəmin içinə düşüncə özümü çöllərə atıram. Tənha kolluqlar, sevinc dolu keçmişə bənzəyən kölgəli yollar, ötən bir səadətin canlı xatirələri kimi budaqlarda uçuşan quşlar mənə ilahi bir təsəlli verir; yüngülləşirəm. Beynimdəki ağırlıq yumşalır. Gicgahlarımın atəşi sönür.

O gün yenə belə pərişan bir halda idim. Yüngülləşmək, beynimdəki qranit ağırlığı yumşaltmaq, başımın qaynayan hərarətini söndürmək üçün bir Boğaziçi vapuruna hoppanıb mindim. Bahar fəsliydi. Sərin külək əsir, vapur irəlilədikcə ağlım başıma gəlir, eynim açılırdı…

Göyərtədəydim; bəyaz, çəhrayı, bənövşəyi rənglərlə boyadılmış imarətlərə, yaşıl kolluqlara, mavi təpələrə baxırdım. Gözlərimdəki qırmızı qaranlıq silindikcə qulağım da eşitməyə başladı. Dizlərimdə, biləklərimdə, çiyinlərimdə yorğun ağrılar hiss edir, sinədolusu gərnəşmək istəyirdim. Bir az dikəldim. Başımı sağa çevirdim; yanımda oturmuş iri, qıpqırmızı bir alman kişi qar kimi ağ, kətan dəsmalla tərini silirdi. Bir-birinin üstünə aşırdığı qıçlarına, iri dizlərinə, toxunulsa qan fışqıracaqmış kimi görünən kök əllərinə baxdım. Sonra gözlərimi saralmış əllərimə, spazm vermiş dizlərimə çevirərək:

– Ah, gör nə gündəyəm!.. – dedim.

Həm də qeyri-ixtiyari olaraq düşünməyə başladım. Bax, bu, damarları möhkəm, qüvvətli, irigövdəli bir bəxtəvərdi! Kim bilir necə gözəl yeyir, necə iştahla içir, nə qədər asanlıqla həzm edirdi. İncə jaketinin üzərindən iri vücudunun qabarıqlığı bəlli olur, sağ cibində bir neçə qəzetin burması görünürdü. Yaddaşımın bir röya qədər rabitəsiz, intizamsız səhifələrini vərəqləyərək Almaniyanı, almanların sağlamlığını, səadətini, fərəhlərini xatırlayırdım. Bu necə bir ölkədi! Xalqı da qüvvətli, intizamlı, məsuddur!..

Bax, bu yanımdakı, eynilə növbə gözləyən bir əsgərdi. Mülki libas geymiş bir əsgər… Dəsmalını qatladı. Böyük bir intizamla iki qat, dörd qat, səkkiz qat, nəhayət, on altı qat etdi. Cibinə qoydu. Qəzetini oxumağa başladı. Vapur bir az sonra bir sahil körpüsünə yanaşırdı. Düşməyə hazırlaşanlardan bir türk bu can və qan abidəsinə doğru gəldi. Arsız bir türkcə ilə:

– Vay, fon Sədriştayn!.. – deyə hündürdən səsləndi, – hara belə?

– Tarabyaya…

– Xeyir ola?

– Almaniyadan bizimkinin bir qohumu gəlib. Onun ünvanını öyrənəcəyəm.

– . . .

Türkcə o qədər gözəl danışırdı ki, insan vücudunu, üzünü görməsə, adını eşitməsə, şivəsinə aldanacaq, türk sanacaqdı. Vapur təkrar qalxdı. Alman, qəzetini oxumaqda davam etmədi. Dəsmalı kimi diqqətlə qatlayıb cibinə qoydu. Sahilə baxmağa başladı. Bilmirəm necə oldu, nəzərlərimiz bir-birinə çarpdı. Mavi, iri, bir az qanlı alman gözləri… Fəqət o qədər sevimli, o qədər xoş ki…

Mən arxamdan belə birisinin mənə baxdığını hiss edəndə, rahatsız oluram. Hər kəs mənim kimidirmi – bilmirəm! Artıq bənövşəyi təpəli, bəyaz zolaqlı, cənnət sahillərə baxa bilmir, almanın gözlərini üzərimdə hiss edirdim. Bəli, mənə baxırdı. Hissimdə yanılmamaq üçün yavaşca gözlərimi çevirdim. Dərhal onun gözlərini gördüm; gülürdü. Ağzıyla deyil, bütün üzüylə, bütün vücuduyla gülürdü:

– Məni tanıya bilmədinizmi? – dedi.

– Xeyr… – dedim.

– Halbuki mən sizi tanıdım.

– Yanılırsınız, cənab, – deyə gülümsədim, – mənim heç bir alman tanışım yoxdur.

– Mən alman deyiləm.

– Necə yəni?..

– Türkəm…

– Axı adınız…

– Hə, adım, – deyə sözümü kəsdi, – bayaq mənimlə danışan gəvəzədən eşitdiniz. Fon Sədriştayn, deyilmi? Bu mənim adım deyil, ləqəbimdir. Mənim adım Sədrəddindir. Çox zəifləmisiniz, amma yenə sizi tanıdım. Mən sizin sinif yoldaşınızam.

Diqqətlə təkrar üzünə baxdım. Xeyr, xeyr… Yanılırdı! Mən belə bir Heraklı məktəbdə deyil, hətta bütün həyatımda görməmişdim. O nə köksdü, yarəbbi!

– Yanılırsınız, cənab, – dedim, – məktəbdə ikən yoldaşlarımın ən uzunboylusu, ən qüvvətlisi məndim. Sizin kimi sağlam gövdəli, div kimi bir adam məktəbimizdə deyil, hətta məmləkətimizdə yoxdur.

“Alman” gülməyə başladı.

– Bir az haqlısınız, – dedi, – amma mənim vücuduma baxmayın. Gözlərimə baxın. Məktəbdə ikən, hətta iki-üç il əvvəl mən son dərəcə cılızdım. Məktəbdə siz, bütün yoldaşlarım mənim cılızlığımla əylənir, arxamdan elə hey "Hi-hi! Sərçə pəhləvan!" deyə səslənirdiniz. Sərçə pəhləvan! İndi xatırladınızmı?

– ! ! !

Ağzım açıla qalmışdı. Qollarım yanıma düşdü. Elə böyük, xəyalın qəbul edə bilməyəcəyi elə bir heyrət içindəydim ki… Özümü toplaya bilmirdim. Keçmişin birdən önümdə açılan xatirəsi içində Sərçə pəhləvanı, sısqa Sədrəddini gördüm. İri, mavigözlü, incə, zəif, bitkin bir uşaq! İdman müəllimi onu dərsdə daim bir tərəfə ayırar: "Sən yalnız seyr et, oğlum", – deyərdi. O qədər zəifdi ki, müəllim, əgər turnikdə yellənəcək olarsa, qollarının mütləq qopacağını söylərdi. Xeyr, xeyr… Bu, mümkün deyildi. Sısqa Sədrəddin – yüyürməyə, laqqırtı vurmağa, deyib-gülməyə ərinən, tənbəllik edən Sərçə pəhləvan…

Qeyri-ixtiyari başımı yırğalayır:

– Xeyr, xeyr… – deyirdim. “Alman”:

– Vallah, mən, baxın, o Sərçə pəhləvanam! – deyirdi.

Axı bu necə ola bilərdi? Bu mümkünmüydü? İnsan bu qədər dəyişə bilərdimi? Hər şeyin bir hüdudu var. Bir sısqa nə qədər qüvvətlənsə də, bir Herakl, bir sağlamlıq heykəlinə çevrilə bilməzdi.

Güldüm, dodaqlarımı büzdüm:

– O halda dirilik suyu içmiş olmalısınız.

– Bəli, dirilik suyu içdim, – dedi, – fəqət Xızır əleyhissalamınkı kimi, heç sabahı olmayan zülmət gecələrdə aylarca gedərək tapdığı gizli bir bulaqdan deyil…

– Bəs hardan?

– Qırx səkkiz saatlıq bir yerdən, Almaniyadan!

– …

Bu sözdən bir şey anlamadım. Anlamadığımı o da gördü, güldü:

– Açıq söyləyim, – dedi, – Almaniyaya getdim. Bir alman qızıyla evləndim. Alman qadınının nə olduğunu siz bilməzsiniz. Bütün Almaniya, almanların zənginliyi, alman ordusunun qüvvəti alman qadınının əsəridir… Mən alman qadı- nıyla evlənməzdən əvvəl tərəzidə düz otuz okka[5 - Okka (ərəb.) – Asiya və ərəb ölkələrində işlədilən qədim ölçü vahidi; okkanın ağırlıq ölçüləri dövrə görə dəyişilmişdir. İslamiyyətdən öncə bir okka 2 kq 564 q ikən, islamiyyətdən sonra, əsasən də XX əsrin əvvəllərində bir okka 1 kq 282 q hesab olunurdu. Türkiyə Cümhuriyyəti qurulduqdan sonra 1931-ci ildə qəbul olunmuş qanuna görə, okka da daxil olmaqla köhnə uzunluq və çəki ölçüləri yeniləri ilə əvəzlənmişdir.] gəlirdim. Bu gün doxsan beş kiloyam. Almaniyanın iyirmi milyon əhalisini yarım əsrdə altmış-yetmiş milyona çatdıran alman qadını məni də üç il içində doxsan beş kiloya qaldırdı. Əgər alman qadınını tanısanız, buna əsla təəccüb etməz, həm də çox təbii görərdiniz.

Hərarətlə alman qadını haqqında danışarkən dolu biləklərinə, enli qıçlarına, iri köksünə, ət basmış boynuna, qıpqırmızı sifətinə baxır, məktəbdəki məşhur sısqa, solğun Sərçə pəhləvandan belə bir xariqənin necə zühur edə biləcəyini düşünür, heç cür gözlərimə, qulaqlarıma inana bilmirdim. Sözünü kəsdim:

– Rica edirəm, necə oldu Almaniyaya getdiniz? Necə oldu evləndiniz? Necə oldu dirilik suyu içdiniz? Bunları danışın. Almaniyaya dair məlumatım var. Əbəs yerə zəhmət çəkməyiniz…

Fon Sədriştayn: