banner banner banner
Hekayələr
Hekayələr
Оценить:
Рейтинг: 0

Полная версия:

Hekayələr

скачать книгу бесплатно


– Yaxşı, gəlirəm…

Uşaq binanın bayır qapısından girən kimi fon Sədriştayn dayana bilmədi. Yataq otağına keçərkən gözucu mətbəxə baxdı. Arvadı ocağın başında saat kəfkiri kimi yellənə-yellənə bir qab çalxalayırdı. Pul qabından on quruş götürdü. Xəstələrə məxsus o vasvası addımlarla, ayaqlarını sanki çürük bir döşəməyə basırmış kimi diqqətlə yeridi. Mənzilin dar pilləkənə açılan qapısını araladı. Söykənib gözlədi. O qədər səbirsizdi ki… Bir dəqiqə ona iki saat gəldi. Uşaq nəfəsi kəsilə-kəsilə qapıya çatanda hər qəzetdən bir dənə aldı, qalan pulu ona bağışladı… Qapını cəld örtərək otağına döndü. Dərin kreslosuna çökdü. Zəif dizlərinin üstündə qəzetləri açmağa başladı. Hər qəzet özünün bugünkü nüsxəsini Orxan bəyə həsr etmişdi. Ayaqlarının sızıltılarını unutdu. Bu yüksək pəncərədən quş baxışıyla parıltılı dəbdəbəsini gördüyü İstanbulun qəlbi sanki bu kağızların içindəydi. Hamısı Orxan bəyin çöhrəsini təbii böyüklükdə ilk səhifələrində vermişdi. Fon Sədriştayn indiyə qədər bu məşhur gənc dahinin özünü heç görməmişdi. Amma şəklinə baxan kimi tanış gəldi. Bu incə qaşlar, bu dərin gözlər, bu şirin gülüş… Ona heç yad gəlmədi. Bu nəcib üzü çox görmüşdü. Amma harada? Nə vaxt? Necə? Diqqətlə baxaraq düşündü, düşündü. Nəsə xatırlaya bilmirdi. "Haliç" qəzetinin başındakı bayram proqramına bir göz gəzdirdi. Bu bayramda İstanbulun bütün elmi, ədəbi, siyasi qurumları, universitetləri, rəssam, musiqişünas, memar, heykəltəraş, teatr cəmiyyətləri, liseylər, dəniz, quru, hava idman klubları, elektrikçilik, təyyarəçilik, dənizçilik dərnəkləri-filan hamısı iştirak edir, ordu İstanbuldakı hərbi hissələrini rəsm-keçid üçün sübh erkəndən Çamlıcada toplayırdı. Sevgili dahinin doğulduğu, böyüdüyü, hələ də içində yaşadığı kiçik imarət oradaydı. Bütün xalq dənizdən, Üsküdar körpüsündən o tərəfə doğru axışırdı. Fon Sədriştayn belə, ədəbiyyatı heç sevməzkən, Orxan bəyin əsərlərindən bəzilərini oxumuşdu. "Ölkənin oyanışı" adlı şeirini xatırlayınca ruhunda şirin bir həyəcan dalğalandı. Proqramdan sonra Orxan bəyin həyatına dair yazılan şeyləri oxumağa başladı. Bu böyük şair hələ iyirmi yeddi yaşındaydı. Bir aşiq kimi xalqı sevmiş, daim xalqın içində yaşamış, bir-birinin ardınca on cildə yaxın əsərlər nəşr etmişdi. On doqquz yaşındaykən Anadolunu gəzmiş, kəndlərdə, daxmalarda, obalarda müsafir qalaraq türklərin milli dastanlarını dinləmiş, onun ruhuna nüfuz etmişdi. Sonra millətinə üç cild nəfis şeir, iki cild roman vermiş, üç mükəmməl tragediya yazmışdı. "Turan"ın altun hərflərlə çap etdiyi sətirlər insanın ruhunda ülvi, böyük bir təqdir oyadırdı. Təkrar-təkrar oxudu:

"… Orxan əsrimizin ən böyük dahisidir. O, dövrlərdən bəri qəflət kabusuyla keyimiş bir millətə yüksək vicdanını eşitdirdi. Dilini öyrətdi. Ondan əvvəl türklərin ümumi bir dili yoxdu. İstanbulda əsl türk dili təhqir olunur, bir qrup şair, ədib, cızma-qaraçı bədnam fransız təqlidçilərini yamsılayır, başqa bir qrup isə ərəbcə, farsca mübaliğə ilə danışmağı bir mərifət, bir sənət sayırdı. Yaxud "təsfiyyəçilərin"[12 - Təsfiyyəçilər – dili saflaşdıranlar.] süni dilini milli türkcə zənn edirdilər. Orxan bəy ilk zərbəni bu qafillərə endirdi. Ədəbi şah əsərlərindəki təbiiliyi mümkün qədər irəli çıxarıb demək istədi ki:

– Ədəbiyyat, sənət bir zümrə üçün, bir sinif üçün, bir neçə nəfərin xəstəhal keyfi üçün deyildir. Sənət bütünlüklə millətindir! Onun danışdığı, kitablardan öyrənmədən bildiyi təbii dillə təqdim olunmalıdır!"

"Böyük qəzet" gənc şairi daha təntənəli şəkildə tərifləyirdi:

"Ey gənc dahi! Sən bizim xaliqimizsən! Səndən əvvəl türk millətləri bir-birini tanımazdı. Xivə, Buxara, Səmərqənd, Kaşqar, Qafqaz, Azərbaycan, Anadolu İstanbulun dilini anlamazdı. İstanbulun qoynunda yaşayanlar belə öz məmləkətlərinin ədəbiyyatını duymazdılar. Səndən əvvəl şairlər bütün duyğularını xalqdan gizlədərdilər. Dinin sirli dərinliklərinə dalaraq orada vəcdlər yaşamazdılar. Ədəbiyyatımıza əsrlik bir dəyanəti, bugünkü fəlsəfəyə uyğun bir sahiblik düşüncəsini ilk dəfə gətirən sən oldun. Sən müqəddəs bir günəş kimi doğdun! Göydəki həyatverici günəş kainatın yüksək, alçaq yerlərinə öz aydınlığını necə bərabər səpərsə, sən də eynilə onun kimi millətini "avam, xas" deyə ikiyə ayırmadın. Hamısının üstünə dini bir vəcdin, milli bir məfkurənin şölələrini saçdın. İstanbulun incə qızları, Anadolunun pəhləvan oğulları, hətta Türküstanın sadə çobanları şeirlərini əzbərlədi. Yüzlərcə ildən bəri qəlbimizdə uyuyan ilahi eşq sənin bir misranla təkrar alovlandı…"

"Gözəl İstanbul" qəzetinin heç bir şeyi bəyənməməklə, hər şeyə hücum etməklə şöhrət tapan tənqidçisi belə: "Mən Orxan bəyin dühası qarşısında səcdə edirəm. Ona qədər təbii dildə bu qədər yüksək əsərlər yazılmamışdı. O, İstanbul ləhcəsini bütün türk millətinə sevdirdi. İstanbul ləhcəsi onun sayəsində bütün bir millətin səmimi dili oldu. Ona qədər hər kəs ya fars, ya fransız dilini təqlid edirdi. O nə fransıza, nə farsa baxdı. Nə də aşıq sazlarını, təkkə neylərini təqlid etdi. Gözlərini öz ruhuna çevirdi. Türk hissini duydu. Qəhrəmanlıqlarını, hekayələrini, mövzularını, dilini də türk vicdanında tapdı…" – deyə təqdirdən özünü saxlaya bilmirdi.

Fon Sədriştayn qəzetlərə elə dalmışdı ki, arvadının onu çağırdığını eşitmədi. Qapı birdən açılınca özünü topladı:

– Yemək hazırdı!

– Mən yeyə bilməyəcəyəm. Mədəm pozulub.

– Süd iç.

– Sonra.

– Özün bil!

– …

Oxuduğu qəzetlər sağ yanında bir yığın olmuşdu. Birdən top səsləri başladı. Pəncərədən baxdı. Proqramın dediyi kimi, donanma Çamlıca qarşısında rəsm-keçidə başlayır, şairi salamlayırdı. Deməli, saat on ikiydi:

– Axşama doğru çıxaram. Gecə şənliyində orada olaram, – dedi.

Yenə qəzetlərə daldı. Millətinin bu qədər böyük bir dahi yaratması, ləzzəti dillə deyilməz bir sevinclə onun ruhunu sarırdı. "Yarın" qəzetinin müxbiri gənc şairlə söhbətini təqdim edirdi. Fon Sədriştayn, Orxanın sözlərini təkrar-təkrar oxudu. Bu dahi: "Mən hər şeyi anamdan öyrəndim. Anam məni dini bir vəcd içində böyütdü. Şeirlərimdə duyduğunuz "lirizm"in mənbəyi ondan aldığım dini tərbiyənin həyəcanlarıdır.

Şeirlərimi, hekayələrimi, tragediyalarımı əvvəlcə rəvayət halında ondan eşitdim. Onun xalqdan gələn ruhu mənə xalq sevgisini, xalq eşqini aşıladı. Bundan dolayıdır ki, qafiyələrim xalqın təbirləri, musiqim xalqın dilindəki ahəngdir…" – deyirdi. On cild əsəri başqa-başqa mətbəələr tərəfindən ayrı-ayrı şəkillərdə yayımlanmışdı. "Yarın" qəzeti hər şəkildən bir örnəyin rəsmini göstərir, bütün əsərlərinin mövzularına dair məlumat verirdi.

Fon Sədriştayn saatlarca bu təfsilatı oxudu. Min ildən bəri bir millətin ruhunda axmadan üst-üstə yığılan enerjisini daşırmaq, yetmiş-səksən milyonluq bir millətin uyuyan vicdanını oyatmaq, şübhəsiz, dünyada görüləcək ilahi işlərin ən böyüyüdür! Heç bir dahi bu qədər gənc ikən milləti tərəfindən anlaşılmamışdı. Turanın hər tərəfindən onu salamlamaq üçün heyətlər gəlmişdi. Kaşqardan, Buxaradan, Fərqanədən, Xivədən, Altay şəhərlərindən, hər yerdən, hər yerdən… Məsud şair, əbədiliyin ləzzətini hələ sağlığında dadırdı. Fon Sədriştayn belə təqdirlər, heyrətlər, məftunluqlar içində düşünərkən qəfildən bütün podaqra sızıltılarını yenə qəlbində duydu. Duyduğu ağrıdan az qala öləcəkdi. Əlini köksünə qoydu. Üzünü büzüşdürdü. Başını əydi. Dişlərini sıxdı. Öz oğlu ağlına gəlmişdi. Gözlərini qapadı. Fəqət xatirəsini qapaya bilməzdi. Arzusuna rəğmən xəyalında onun üzündən çəkdiyi iztirablar keçmişdən daha şiddətli bir açıqlıqla oyanırdı. O da indi Orxan bəy kimi iyirmi yeddi yaşındaydı. Təhsili üçün, tərbiyəsi üçün bu qədər çalışdığı halda, bütün səyləri boşa çıxmışdı. Şübhəsiz, Orxan kimi dahilər milyardda bir doğulurdı. Kim bilir, bu yaradıcı ruhu ona verən anası nə ülvi, nə mükəmməl bir qadındı. Fəqət öz arvadı da məgər pis idimi? Fədakardı. Namusluydu. Qənaətcildi. Çalışqandı. Ciddiydi. Halbuki oğlu xudbin, qətiyyətsiz, israfçı, tənbəl, xaraktersiz bir sərsəriydi. Hələ balaca ikən riyakarlığa başlamışdı. Anasına: "Mən almanam! Türklər eşşəkdir!", ona isə: "Mən türkəm! Almanlığı qəbul etmərəm" deyərək ikisinin arasında gizli-gizli buz dağları yüksəldir; sonra yalanla, düzənlə hər birinin məhəbbətini ayrı-ayrılıqda oğurlar, oğurladığı iki məhəbbəti sahiblərinə qarşı bir şantaj alətinə çevirərdi. Fon Sədriştayn tamam dazlaşmış başını əlləri içinə aldı:

– Niyə belə oldu? Axı niyə belə oldu? – deyə inlədi. Anasının yaxşı cəhətləri niyə ona keçməmişdi? Özü də pis hallara nifrət edən, sakit, ağıllı, çalışqan bir adamdı. Niyə bu xasiyyətləri oğluna keçməmişdi? Həm də Orxan kimi mükəmməl bir şəxsiyyət yalnız anasının ümidinə qalmış bir yetimdi. Həyat hekayəsinə baxılarsa, hələ bir yaşında ikən atası Çanaqqalada şəhid düşmüşdü. Qəlbi sürətlə döyünməyə başladı. Oğlunun rəzalətlərini xatırladıqca nəfəsi tıxanacaq kimi olurdu… İyirmi beş il içində min bir sıxıntı ilə gələcəkləri üçün quruş-quruş yığdıqları sərvəti bankdakı kassadan Arsen Lüpenvari adlı bir intriqaçı ilə mənimsəyib Amerikaya qaçandan bəri ər-arvad onun adını belə çəkmirdilər. Madam Sədriştayn, oğlu ağlına gəlincə özü kimi həyəcana düşər, üzü qızarar, əlləri-ayaqları titrərdi:

– Şeytan alıb aparsın, şeytan alıb aparsın! Onun üzünü bir daha bizə göstərmə, Allahım! – deyə diz çökərək yanıqlı-yanıqlı ibadət etməyə başlar, gözlərindən acı göz yaşları axardı. İndi kim bilir haradadır? Nə türk ola bilmişdi, nə də alman… Hər millətin xaricində, hər əxlaqdan kənar, pis bir etalondu. İki işıqdan qaranlıq hasil olması kimi, anasının, atasının milliyyətlərindəki yaxşı cəhətlər də sanki onda birləşincə bir rəzalət halına keçmişdi. Fon Sədriştayn gənc yaşında millətinə məfkurə peyğəmbəri olan Orxanın ailəsini düşündü. Oğullarının bu şan-şöhrəti, bu şərəfi üçün nə qədər məsud olmuşlar, nə qədər iftixar etmişdilər! Daim xəyalın fövqündə, olmayacaq şeyləri istəyən xəstəhal bir ata qibtəsiylə: "Ah, mənim Hasibim də belə bir dahi olsaydı…" – deyirdi. Orxan bəy – hər dahi kimi onu da anası yaratmışdı.

Görəsən, anası necə ülvi, necə mükəmməl bir qadındı? Oğlunu ilhamın, həyatın, həqiqətin təbii mənbələrinə aparan, qocaman bir millətə xilaskar hazırlayacaq qədər milli bir tərbiyə verən bir qadın əcəba necə bir vücuddu? Fon Sədriştayn, içindən ruhuna əks edən bu sualları düşünə-düşünə zəif əhvalını yordu. Kreslosunda bir tiryək sərxoşu kimi sızıldadı.

Arvadı pəncərəni örtərkən mürgüdən oyandığı zaman günəş çoxdan batmış, hava tamamilə qaralmışdı. Körfəz, qarşı tərəf, saraylar, bütün liman, Üsküdar körpüsü, Çamlıca təpəsi elektrik “çiçəkləri”ylə bəzədilmişdi; alqış, musiqi, orkestr səsləri uğultulu bir tufan kimi hər tərəfi bürümüşdü.

– Mən çıxacağam.

Madam Sədriştayn soruşdu:

– Nə üçün?

– Gəzməyə…

– Məqsədin şənliyi görməkdirsə, buradan daha yaxşı görünür. Küçədə nə edəcəksən?

– Heç.

– Özün bil…

İkisi ta yemək zamanına qədər pəncərədən gözəl İstanbulun nur içində parlamasına uzun-uzadı baxdı. Heç biri dillənib bir söz demirdi.

Fon Sədriştayn bu milli bayramın ertəsi günü, ondan bir gün sonra da rahatlaşmadı. Podaqra sızıltıları dayanmışdı. Lakin "sabit bir fikir" ruhuna sakitlik vermirdi. Görəsən, cahana belə bir dahi yetişdirən qadın necə bir varlıqdı?

– Ah, bir onu görsəm… – deyirdi.

Arzusunu unuda bilməyən xəstə bir qoca əsəbiyyəti ilə üzülür, kreslosunda otura bilmirdi. Günorta yeməyindən qalxan kimi yataq otağına keçdi, geyindi. Yoğun palıd əsasını götürdü. Süfrəni yığışdıran arvadı:

– Hara gedirsən? – deyə soruşdu.

– Gəzməyə.

– Gec qalma. Axşamlar rütubətli olur.

– Yaxşı.

Qapıdan çıxdı. Dar, qaranlıq pilləkənləri dayana-dayana endi. Yoxuşa döndü. Ayazpaşa parkının önündəki kiçik telefon mərkəzinə girdi. Məlumat kitabında Orxan bəyin ünvanını tapdı. Telefonun dəstəyini götürdü:

– Alo.

– Buyurun…

– Orxan bəyin evidirmi?

– Bəli.

Bu, incə bir qız səsiydi. Fon Sədriştayn təkrar soruşdu:

– Orxan bəyin anası evdədirmi?

– Evdədir.

– Mən onları təbrikə gəlmək, ziyarət etmək istəyirəm. Qəbul buyurarlarmı?

– Kimsiniz? Sizi necə təqdim edim?

– Bir yaşlı adam, deyin.

– Adınız?

– Məşhur bir adam deyiləm. Sədrəddin, Anadolu Şimendifer Şirkətindən təqaüdçü məmurlardanam… Sədriştayn adı ilə tanınıram…

– Soruşum, bir dəqiqə gözləyin.

– . . .

Az sonra incə səs aparatın içindən təkrar eşidildi:

– Alo…

– Bəli.

– Buyurun, qəbul edəcəklər. Nə vaxt gələcəksiniz?

– Elə indi.

– Buyurun, əfəndi.

Fon Sədriştayn telefon köşkündən çıxan kimi parkın önündə duran avtomobillərdən birinə mindi: "Çamlıca, Orxan bəyin evinə", – dedi. Ətrafı seyr etsə də, sanki görmür, görüşəcəyi böyük qadını düşünürdü. Ona elə gəlirdi ki, avtomobil çox ləng hərəkət edir. Üsküdar körpüsünü keçərkən dözmədi. Sürücüyə: "Bir az tez!.." – deyə rica etdi.

On beş dəqiqəyə Çamlıcaya gəlmişdi. Sürücünün göstərdiyi dəmir barmaqlıqlı bir qapıdan girincə qarşısında açılan mənzərənin lətafətindən təəccübləndi. Geniş bir yolun iki tərəfində hündür akasiyalar sakit kölgələriylə hər tərəfi bürüyür, zərif ləklərdə adlarını bilmədiyi çiçəklər, vücudları görünməyən pəri gözləri kimi ona baxırdı. Nəfis qoxular içində yeridi. İrəlidə, xoş kölgələr altında bəyaz mərmərdən bir hovuz vardı. Onun başına gəlincə ayaq saxladı. Bir bülbül ötürdü. Ətrafına təkrar bir göz gəzdirdi. Yasəmən kolları ilə örtülü keçid yolları sarmaşıqdan olan bağça köşkünə gedir, böyük şam ağacları divarları gizləyirdi. Hovuzun kənarında qamış taxt qoyulmuşdu. Bərq vuran suyun içində qırmızı balıqlar üzürdülər.

– Nə lətafət, yarəbbi! – dedi.

Bura kiçik bir cənnətə bənzəyirdi. Orxanın nəfis misraları qədər xülya, həzz, həyat doluydu. İstəmədən öz həyatını xatırladı. Belə bir bağçanın xəyalı yuxusuna belə girməmişdi. Dar pilləkənlər, ucuz mebellər, qaba dolablar… Halbuki bu mühit başdan-ayağa bir şeirdi. Öz həyatı bu səmimi şeirin yanında bir baqqal dükanının elanına bənzəyirdi. Bəli, öz həyatı çirkin deyilsə belə, heç də gözəl deyildi. Vaxtilə qazandığı pullarla belə gözəl bir bucaqda çox əla yaşaya bilər, yaşamın ülvi zövqünü dada bilərdi. Amma qənaət hərisliyi… onu hər növ gözəllikdən uzaq saxlamış, "faydalı"dan başqa hər şeyə düşmən etmişdi. Nəticədə qazanc nə idi? Quruş-quruş yığdığı pulları oğlu oğurlayıb qaçmamışdımı? Yenə təəssüratdan qəlbi burxuldu. Dura bilmədi. İmarətin mərmər perronuna sarı irəlilədi. Geniş pəncərələrin bəyaz tüllərini külək yellədirdi. Önündəki hovuzuyla qarayaçalan tünd-göy kölgələr altında uyuyan bu qəşəng yuva elə nəfis, elə bədii bir dekor təşkil edirdi ki…

Fon Sədriştayn:

– Bu cənnətdə doğulan, böyüyən necə dahi olmasın? – dedi.

Həyatında ilk dəfə, düşünmədən gözəlliyin rolunu anlayırdı. Təmiz pillələri yavaş-yavaş çıxdı. Şüşəli bəyaz qapının elektrik düyməsini basdı, gənc bir qız qarşısına çıxdı:

– Xanımı ziyarətə gəldim.

– Az əvvəl zəng edən siz idiniz, deyilmi?

– Bəli.

– Buyurun.

Yol verdi. Fon Sədriştayn böyük şairin evini çox qələbəlik təsəvvür edirdi. Halbuki burada sakitlik hökm sürürdü. Əlindəki əsasını asılqana söykərkən qıza: "Orxan bəy evdədirmi?" – deyə soruşdu.

– Xeyr, cənab.

– Bəs haradadır?

– İki həftə əvvəl Boluya gedib.

– Öz şənliyində yox idi?

– Xeyr, burda deyildi.

Qızın qapısını açdığı kiçik bir salona girdi. Divanları, divarları, pərdələri o qədər zərifdi ki… Bir daha hamısına ayrı-ayrı baxmaqdan ürəyində həyəcan duydu. Qız:

– Xanıma xəbər verim, – deyə çəkilib getdi. Divarlarda ən məşhur türk rəssamlarının tabloları vardı. Qapının qarşısında otuz il əvvəlki səfəri formalı bir gənc zabitin rəsmi asılmışdı. Baxışında nəcib bir dərinlik parlayırdı. Fon Sədriştayn: "Bu, mütləq şairin Çanaqqalada şəhid düşən atası olacaq!" – dedi. Tavanın nəqşlərində, yerdəki xalının, döşəmələrin rənglərində elə bir ahəng vardı ki, insan baxar-kən özünü "sakitləşdirici musiqi" içində sanırdı. Qız, arxa- sından:

– Buyurun, cənab, – deyə səslədi.

Fon Sədriştayn mərmər dəhlizi keçdi. İndi bu şeirdən yuvanı quran, bu şeirin içində böyük dahini yetişdirən böyük qadını görəcəkdi. Ürəyi yenə həyəcanla vurmağa başladı. Önündə açılan qapıdan girdi. Endirilmiş bir pərdənin yarımaydınlıq kölgəsində hələ gənc deyilə biləcək bir qadının ayaq üstə durduğunu gördü. Birdən gözlərinə inana bilmədi. Diqqətlə baxdı. Daş kimi quruyub qaldı. Nəfəsi tutuldu. Gözünə qaranlıq çökdü, az qala yıxılacaqdı.

– !..

– Sədrəddin bəy?

– …

– Tanıdınız?

– …

– Hə, buyurun oturun.

– …

Fon Sədriştayn yıxılmamaq üçün divara söykəndi. Başını yerə əydi, əlləriylə üzünü qapadı:

– Məni bağışlayın, bağışlayın! – deyə inlədi.

Orxanın anası, yüksək bir aləmdən günahkarlara səslənən şəfqətli bir məlaikə kimi soruşdu:

– Zaman hər dərdi-qəmi silər, Sədrəddin bəy, sıxılmayın. Sizə artıq bir incikliyim qalmayıb ki, əfv edim. İyirmi beş il… Fəqət bir şey məni hələ də incidir. Deyək ki, məni boşadınız, Almaniyada sevdiyiniz bir qadını üstümə aldınız, nə isə… Amma nə üçün mənə iftira atdınız? Bilirdiniz ki, mən təmiz, namuslu, iffətliyəm. Nə üçün o iftiranı gəvəzə bir romançıya danışıb yazdırdınız? Bax bu yara hələ də qəlbimi sızladır.

– Mən… söyləməmişəm!

– O halda, onun o qədər mübaliğələri yetmirmiş kimi, öz keyfi üçün mənə atdığı iftiraya nə üçün "yalandır" demədiniz?

Fon Sədriştayn həyəcandan boğulurdu:

– Onu da… ba…bağışlayın, xahiş edirəm! – deyə kəkələdi.

Başqa bir şey söyləyə bilmədi. Bu qaranlıqda dura bilmədi, düşünə bilmədi. Qapıdan çıxdı. Ürkmüş bir dəli kimi özünü bağçaya atdı. Vaxtilə həqiqətini inkar etdiyi bir məbəddən qovulan pərişan bir dinsiz üzüntüsüylə bu zümrüd yuvadan, millətin bu müqəddəs Kəbəsindən sürətlə uzaqlaşdı.

***

Mənzilinin qapısını açan madam Sədriştayn qışqırdı:

– Hanı əlindəki əsa?

– …