banner banner banner
Keçmişdən gələn səslər
Keçmişdən gələn səslər
Оценить:
Рейтинг: 0

Полная версия:

Keçmişdən gələn səslər

скачать книгу бесплатно


– Onu sevdiyini, onunla tanış olmaq istədiyini yaz, – atası səbrini itirərək, belə dedi.

– Mən ondan qorxuram…

– Bu, yaxşı deyil, o bizim yaxın qohumumuzdur, qohumları isə sevmək lazımdır…

– Bilirəm…

– Bax görürsən! Yaxşı, məktubu özüm sənə diqtə edərəm.

Anelka yenə atasının sözlərindəki saxta notu hiss etdi. Bu yaxınlarda onun doğum günü idi və qız panna Valentinanın rəhbərliyi altında ona təbrik yazmalı idi. Lakin müəllimə uydurma sözlər deməyəcəyini və Anelkanı ikiüzlülüyə öyrətməyəcəyini bildirərək, ona kömək etməkdən qəti surətdə imtina etdi. Əgər qız atasını sevirsə, lazımi ifadələri özü tapa bilər.

Anelka təbriki özü düzüb-qoşdu və valideyninin çox xoşuna gəldi. Onlar mürəbbiyənin hərəkətini təriflədilər, onun baxışlarını bəyəndilər; Anelka sevinirdi, çünki hamının səmimi olduğunu hiss edirdi.

Atası ilə bugünkü söhbət isə onu güclü şəkildə incitdi. Valideyninin qüssəsini onları hansısa bəlanın hədələdiyini ondan yaxşı heç kəs hiss etmir, anlamırdı; amma qız öz müşahidələrini qəlbinin ən dərinliyində gizlədirdi. Öz hisslərini açıq ifadə etmək ona ədəbsiz görünürdü. Necə yəni? Doğrudanmı o, mülklərində adamların, kəllərin və hətta torpağın aclıq çəkdiyini, atasının Şmuldan borc pul aldığını, anasının isə səməni ekstraktının olmadığını kiməsə etibar etməlidir?.. Bəlkə, hamıdan gizlin, göz yaşına boğularaq, allahla danışdığını da yazmağı ona tapşıracaqlar?..

Yoxsa nəinki adəti əleyhinə evdə oturan və naharda şərab içməyən, üstəlik onu əvvəllər özünün pislədiyi ikiüzlülüyə məcbur edən ata haqqında yazmalı?

Ah, o, evdəki böyük dəyişiklikləri qeydə alır və barəsində fikirləşmək belə dəhşətli olanı eşidirdi… Hələ Şmul atasının evlənməsi barədə nə boşboğazlıq edirdi?.. Bədbəxtlik bəd ruh kimi onların evinə yerləşmişdi: bu görünməyən ruh var-dövləti sovurur, adamları dağıdır, ananı incidir, atanın qəlbində hər şeyi alt-üst edirdi. Bir neçə il əvvəl Anelka meşədə fırtınanın aşırdığı ağacları görmüşdü və onlara acımadan ürəyi sıxılmışdı. Əgər atasının qəlbində belə bir boşluq varsa, ona ağlamaq olar, amma bu barədə ucadan danışmaq – heç bir halda!

Atası nahardan sonra məktubu diqtə etməyi ona vəd edərək, kabinetdən yola salanda qızın ağlına belə fikirlər gəlirdi. Anelka özünə yer tapa bilmirdi.

Saat ikidə, artıq masanı hazırlayanda və valideynlər terrasda uşaqlarla əyləşəndə evə bir minik arabası yaxınlaşdı və ondan alçaq boyli, kök və hərəkətli bir qadın çıxdı. Lakey cənablara gələnin onları görmək istədiyini məruzə etdi.

– Kimdir? – deyə pan Yan soruşdu.

– Adilərdən deyil. Deyəsən, təsərrüfat müdirəsidir.

– Nədə gəlib?

– Qayda gətirib… Onu, sandıqçasını və yatacaq düyünçəsini…

–O əclaf? – ata donquldandı. –De, qoy içəri girsin.

Lakey getdi. Gələn qadın kandarda zil səslə dil boğaza qoymurdu:

–Quzum, şeyləri hələlik döşəməyə yerləşdir, mənsə cənablardan sənə iyirmi quruş göndərmələrini xahiş edərəm. Məndə heç nə qalmayıb. Görürsən, pulqabı tamamilə boşdur… Bütün pulları şəhərə yolda xərcləmişəm…

Sahiblər bu səsin onlara tanış olduğu görkəmilə bir-birinə baxdılar. Pani Matilda yüngülcə qızardı, onun əri isə qaş-qabağını tökdü.

Bu anda şəhərlisayağı, amma dəbdən çox uzaq, burnus (geniş qadın paltosu – tərc.) və şlyapa geyinmiş bir qadın terrasa yüyürüb gəldi. Artıq kandarda o, qucağını açdı və ucadan səsləndi:

– Salam!.. Salam, Metsya!.. Bunlar sizin uşaqlardır?.. Allaha şükür!.. – O irəli addımladı və pani Matildanın boynuna atılmaq istədi.

Ancaq pan Yan onun yolunu kəsdi.

– Icazə verin, – dedi. – Kimlə danışmaq şərəfinə nail oluruq?..

Qadın quruyub qaldı.

–Yoxsa məni tanımırsız, pan Yan? .. Axı mən Matildanın əmisi qızı, Anna Stokovskayayam… Bununla belə, – təbəssümlə əlavə etdi, – burda təəccüblü heç nə yoxdur, biz on beş ildir, bir-birimizi görməmişik… Mən iflas etməyə macal tapmışam və yəqin, qocalmışam: iş məni qurudub.

– Bu, Andzyadır, Yasek, – pani Matilda belə dedi.

– Əyləşin, – deyə pan Yan gizlədilməyən narazılıqla hay verdi və stul göstərdi.

– Sağ olun, – gələn qadın cavab verdi, – amma əvvəlcə görüşmək istəyirəm… Metsya…

Pani Matilda güclü karıxma ilə sol əlini qonağa uzatdı.

– Mən sağlam deyiləm… Budur, stul…

– Bu, gözəl qızdır – sənin qızındır?.. Məni qucaqlasana, bala, mən sənin xalanam…

Bu danışmağa həvəsli qadın Anelkanın ürəyindən oldu və o, stulundan sıçrayaraq, öpməyə hazırlaşmaqla, xalanın yanına qaçdı.

– Anelka!.. Qonağa təzim et!.. –atası onu dayandıraraq, ciddi şəkildə belə dedi.

Anelka anlaşılmazlıqla gah atasına, gah da ifadəli sifətindən pərt və dilxor olduğu hiss olunan xalaya baxaraq, çökdü.

–Sizə narahatlıq verdiyimi görürəm, ancaq öz günahımdan olmadığına allah şahiddir. Mən ksöndzün təsərrüfat müdirəsinin öldüyünü öyrənərək, sizin şəhərə gəldim. Mal-dövlətimdən məhrum olandan sonra yeganə arzum, heç olmasa, qocalıqda tikiş üzərində əlləşməmək olub. Hansısa hörmətli ksöndzün (sizinki isə, belə deyirlər, olduqca yaxşı insandır) yanında, təmiz havada sakitcə yaşaya bilərdim, təsərrüfat müdirəsi işləmək isə çətin deyil. Ona görə də bu yer barəsində eşidərək (Bəlkə, öz boşboğazlığımla sizin zəhlənizi tökmüşəm?), paltartikən maşını və ütünü satdım və yola düşdüm.

Plebaniyaya (ruhaninin həyətinə – tərc.) qədər çatdım, son quruşlarımı məni gətirən yəhudiyə verdim. Daxil olub, xidmətçidən soruşuram: “Ksöndz evdədirmi?” – “Evdədir” – deyir və çal qocanı göstərir. Març deyə əlindən öpürəm. “Ey xeyirxah, – deyirəm, – məni təsərrüfat müdirliyinə götür, mən yaxşı ailədənəm, əllərimi yanıma salmadan işləyəcək, sənin dövlətini qoruyacağam”. O isə cavab verir: “Ah, hörmətli qadın, mən səni götürərdim, – mənə belə gəlir, sən yaxşı qadınsan, – amma heç nə edə bilmirəm: hələ o biri həftədə buralı bir anbardara söz vermişəm, o mənim ayaqlarıma düşdü və əgər onu qəbul etməsəm, acından öləcəyinə inandırdı”.

– Bu bizim təsərrüfat müdirəsi Kivalskayadır, – deyə pani Matilda pışıldadı.

– Fırıldaqçı qadın! – deyə mülkədar donquldandı.

Sevincdən xalanın gözləri işıldadı.

– Ah, mənim əzizlərim, – deyə o ucadan səsləndi, – əgər sizin təsərrüfat müdirəniz haqq-hesabını alarsa, mən onun yerinə qalaram. Bir qaşıq yemək və bucağa görə sizə, qohum kimi deyil, sadiq köpək kimi sədaqətlə xidmət edəcəyəm. Niyə mən bədbəxt şəhərə qayıdım?.. Nə yaşayış yerim, nə tikiş maşınım, bir sözlə, heç nəyim yoxdur…

O, pan Yana baxaraq, yalvarışla qollarını qatladı. Ancaq pan quruca cavab verdi:

– Daha təsərrüfat müdirəsi saxlamayacağıq. Bizə adi arvad kifayətdir…

– Məgər mən adi arvad deyiləm? – deyə xala soruşdu. – Məsələ nədədir? Mən süpürə, yer sala, donuzlara yem verə bilərəm.

– Həvəslə inanıram, amma nəzərimdə başqası var – mülkədar onun sözünü kəsdi. Bunu xalanın daha təkid etməyə cəsarət göstərməyəcəyi qədər qərarlı tonla dedi və yestlə saqqalını hamarladı.

– Nə olar, hər şey allahın iradəsindədir, – qadın belə dedi. – Heç olmasa, mənə kiçik bir mərhəmət göstərin – məni şəhərə çatdırın və kəndliyə iyirmi quruş ödəyin, məndə yoxdur…

Pan Yan narazı sifətlə lakeyə pul verdi və xalanı elə bu gün axşam şəhərə yola salmağı vəd etdi.

–Yemək verilib, – deyə lakey məlumat verdi.

– Mürəbbiyəni çağır, – deyə pan Yan əmr etdi.

– Mən çağırdım, amma onlar öz yerlərində nahar etmək istədilər.

– Masaya buyurun, – deyə ata xalaya müraciət etdi.

– Sizə sıxıntı vermək istəmirəm, – qadın tərəddüdlə imtina elədi. – Əgər icazə verərsinizsə, mürəbbiyə ilə nahar edərəm. Panna Valentinanın sizdə yaşadığını eşitmişəm, bizsə onunla köhnə tanışlarıq…

– Necə istəyirsiniz… Qjeqoj, – pan lakeyə müraciət etdi, – panini mürəbbiyənin otağına aparın.

Xala çıxanda pani Matilda ərinə dedi:

– Biz hədsiz mehribanlıqsız qarşılamadıqmı? O, yaxşı qadındır…

Ata əlini yellədi.

– Ah, onun yaxşılığı ilə nə işim var? Əzizim, kasıb qohumlar, xüsusən də bu, həmişə yükdür: o, fasiləsiz olaraq bizi nüfuzdan salar…

– Nə ilə?

– Sadəcə, məni heyrətləndirirsən!.. Ksöndzün yanına təsərrüfat müdirliyinə getməyə o hazırlaşmamışdırmı? Cibində bir quruşsuz mənim ödəməli olduğum Qaydanın atında bura o gəlməmişdirmi? Indi bütün kəndin onun bizim qohumumuz olduğunu bilmədiyinimi fikirləşirsən? Əlbəttə, bu barədə car çəkib…

– Bunun bizə nə ziyanı var?

– Olduqca böyük ziyanı var, – deyə pan Yan qıcıqla cavab verdi. – Onun gəlişi bizim taleyimizi həll edə bilər. Əgər bura sədr-xala, general-dayı, ya da əmim oğlu Alfons şıq karetlərdə gəlsəydilər kəndlilər deyərdi: “Bax, bizim panımız belədir, onunla alver etmək olmaz, yoxsa pis olar”. Amma bu Andzyanı hansısa miskin cır-cındırda, bulaşıq arabada görsələr, mütləq deyəcəklər: “Mülkədar bizimlə eyni xəmirdəndir, alver edək, güzəştə gedər…”.

– Sən şişirdirsən, Yasek, – deyə arvadı onu sakitləşdirdi.

– Qətiyyən!.. – kişi səbirsizliklə səsləndi. – Özün görəcəksən – bu dilənçinin gəlişi bizə baha başa gələcək. Gəlməyə vaxt tapdı! Arvadımın kasıb qohumları məni yoluxur və məhz kəndlilər qarşısında cəngavər kimi sans peur et sans reproche (qorxusuz və tənəsiz ) durmağımın zəruri olduğu vaxtda arabaçıya pul ödəmirlər. Bu, sadəcə, fataldır!

Bu məsələni belə müzakirə edərək, valideynlər uşaqlarla birlikdə yemək otağına yola düşdülər. Nahar qədərincə məyus keçdi, amma sonra ata bir qədər şənləndi. O, nənəyə məktub diqtə edəcəyini deyərək, Anelkanı özü ilə kabinetə apardı. Kabinetdə siqar yandırdı və yelləncəyə yayılaraq, arzulara daldı.

Anelka bir qədər susqun oturaraq, danışmağa başladı:

– Ata…

– Nədir, bala?

– Niyə mənə xalanı öpməyə icazə vermədin?

Ata fikrə getdi.

– Sən onu heç vaxt görməmisən, onunla tanış deyilsən…

Yenə arzularına daldı.

Anelka atasına daha yaxın əyləşib davam etdi:

– Atacan, bəs niyə xalanın bizdə qalmasını istəmirsən?

– Qarayaxalıq etmə, bala. Mənim evim bütün dünyanın kasıbları üçün tənbəlxana deyil.

Atası sanki qırılmış fikirlərin sapını düyünləməyə zorlanaraq, qaşlarını çatdı, bu ona müyəssər olanda isə dərin fikirdə tüstü buraxaraq, tavana daldı.

– Mənə belə gəlir, – Anelka bir dəqiqə susaraq dedi, – xala olduqca kasıbdır…

Atası çiyinlərini çəkdi.

– Kasıblıq insanların zəhləsini tökmək haqqını vermir, – deyə quruca qeyd etdi. – Qoy çalışsın…

Birdən o, qəfildən yuxudan oyanmış kimi, yerindən sıçradı. Sonra taxta əyləşdi, alnını sildi və diqqətlə qızının sifətinə baxdı.

Qızın gözlərinin ifadəsi, böyüyünkü kimi, ciddi idi, sanki onun üçün olduqca vacib sualı vermək istəyən kimi, atasına baxırdı.

– Hə, nə istəyirsən?

– Biz nənəyə məktub yazmaq istəyirdik…

Atası narazı halda əlini yellədi.

– Get, – dedi. – Sən nənəyə yazmayacaqsan…

Qızının gözlərinə baxmaqdan utandığını hiss edərək, döndü. Təəccüblü işdir! Uşaqlarının nə vaxtsa uşaq olmayacaqları və atalarını mühakimə edəcəkləri indiyə kimi heç vaxt ağlına gəlməmişdi.

Son günlərdə rahatlığını almış əzablara yenisi əlavə olundu: Anelka onun barəsində nə fikirləşir? Birdən onun da öz fikirlərinin olduğunu başa düşdü. Arvadının fikri onu narahat etmirdi, onu aldatmağa öyrəşmiş və passiv mütiliyə öyrəşdirmişdi. Amma bu gün gözlənilmədən səhnəyə sevdiyi və sevildiyi, işıqlı və sadəlövh ağlı şüursuz olaraq cavaba can atan yeni varlıq çıxmışdı: niyə ata həyatda belə müxtəlif prinsiplərlə idarə olunur? Niyə özü kömək xahiş edir, ancaq başqalarına kömək etmək istəmir? Niyə kasıblara işləməyi tövsiyə edir, özü isə bikardır?

O öz mühakimələrində, yəqin, hədsiz uzağa getmişdi. Anelka hələ prinsiplərin nə olduğunu başa düşmürdü və atasını hərəkətlərinin ziddiyyətliliyinə görə mühakimə etmirdi. O yalnız atasının növbə ilə iki maska geydiyini və öz həqiqi sifətini onların arxasında gizlətdiyini hiss edirdi. Uşaqlıqdan, demək olar, bu günə qədər tanıdığı atası bir maskadır. Digər maskanı bu gün gördü və bu yerdə gözləri açıldı.

Axı əsl atası hardadır? O kimdir? Öz sədr xalasını sevən, yoxsa kasıb qohumu evdən qovan? Arabaya görə iyirmi quruş ödəmək iqtidarında olmayan insanlara nifrət edən, ya şən və qayğısız halda böyük borclar edən? Biçənəyin heyvanlar tərəfindən korlanmasına görə Qaydaya acıqlanan, yainki nökərləri, öküzləri və torpağı aclıq çəkən? Anasını öpən və eyni zamanda yanında Şmula onun ölümü barəsində danışmağa imkan verən?..

Ikisindən hansı onu və Yuzeki sevən atasıdır? Hər gün özü üçün siqara yarım manat sərf edən və ana üçün dərmana heç vaxt pulu olmayan?

Nəhayət, atası ilə necəsə bağlı olan bu pani Veys kimdir?

Kasıb qohumun gəlişi və nənəyə məktub layihəsi pan Yan üçün əsl bədbəxtlik oldu. Bu hadisələr qızının qəlbində ağır şübhələrin dondurucu burulğanla soxulduğu qapı açdı. Anelka bütün ev əhlini: elmli mürəbbiyəni də, xəstə anasını da, məkrli Kivalskayanı da, sadiq Karusyanı da başa düşürdü. Yalnız atasını başa düşməyə son vermişdi. Atası onun gözlərində ikiləşirdi və həqiqi görkəminə heç cür nəzər sala bilmirdi.

Bu arada Anna xala panna Valentina ilə tanışlığı bərpa etməyə macal tapmışdı və qohumlarının evində soyuq qəbulu unudaraq (gəlişinin kəndlilərlə danışıqların gedişinə təsir edəcəyi onun ağlına gələ bilməzdi), həvəslə boşboğazlıq edirdi. Onun təbiətinə məyusluq və kinlilik xas deyildi.

– Oh, əzizim, – deyirdi, – əlamətlərə inanmaq lazımdır… Məsələn, məndə bir həftədə iki əlamət oldu. Bir dəfə, yuxuma, bağışlayın, bütünlüklə bitləndiyim girdi. Oho, deyə fikirləşirəm, deməli, həyatımda həlledici saat gəlib. Baxmayaraq ki, etiraf edim, yuxulara inanmıram. Bitlər müvəfəqiyyəti bildirir. Axı həmişə allaha dua etmişəm ki, qoca yaşımda mənə hansısa hörmətli ksöndzün yanında təsərrüfat müdirəsi yeri göndərsin. Buna görə də, bir anda, bu günlərdə mütləq mənə belə bir yerin çıxacağını başa düşdüm. Pani, bilirsiniz, hətta hər şey haqqında pan Saturninə danışdım və tikiş maşınıma, masama, ütümə və qalan köhnə-kürüşə alıcılar axtarmağa başladım.

–Bəs, eyni zamanda, bu yerin başqasına çatacağı yuxunuza girməyib ki? – mürəbbiyə istehzalı təbəssümlə soruşdu.

– Bitirməyə imkan verin… Beləliklə, deməli, pan Saturninə yuxu gördüyümə görə bu gün-sabah köçüb gedəcəyimi dedim, o isə – sizin kimi, az inamlıdır, məni lağa qoydu: “Yuxu aldada bilər, doğruluq üçün sizə fal açılmasın?” Mən isə ona belə dedim: “Gülün, gülün, mən isə həqiqətən fal açacağam…” Bir qarıdan xahiş etdim: o, üç dəfə dalbadal kart açdı və hamısı bir çıxdı: sarışından xoş xəbər gözləməli və qaraşından ehtiyatlanmalı…

– Ağbəniz kimdir ki?

– Hörmətli ksöndz belibağlı quşu kimi çaldır…

– Bəs qarabuğdayı? – deyə panna Valentinə gülməyini dayandırmadan öcəşdi

– Aydındır ki, sizin yaramaz anbardar – deyə xala cavab verdi.

– O?… Qarabuğdayı?.. O daha çox şabalıdı saçlıdır!