banner banner banner
Keçmişdən gələn səslər
Keçmişdən gələn səslər
Оценить:
Рейтинг: 0

Полная версия:

Keçmişdən gələn səslər

скачать книгу бесплатно


– Mən yetəri qədər fikirləşmişəm! – mürəbbiyə hirslə onun sözünü kədi. – Siz hətta mənim kimi adam üçün öz borcuna sadiq qalmağın asan olduğunumu güman edirsiniz? Bu, mübarizəsizmi başa gəlir? O, siz necə də səhv edirsiniz! Bunu sizə cəsarətlə deyirəm, çünki mübarizə məni möhkəmlədib. Borcun mühakimə və şüuru qanın səsini boğub, siz isə…

– Panna Valentina, siz çaşırsınız!

– Sizin niyyətləriniz sarıdanmı? Xeyr!

– Amma mən istəyirdim…

– Sizin kefinizlə nə işim var! Mən müstəqil qadınam və özümün…

– Mənə deməyə imkan verin…Yalvarıram…

– Bu hiylə də mənə tanışdır! Siz yüngül qələbəyə ümid etmədiyiniz yerdə onu həmişə işə salırsınız…

– Lənət şeytana… Sizin ağlınıza nə gəlib? Doğrudanmı fikirləşirsiniz ki…

– Sizin yanıma zamanında yazıq Zofyanı evinizdən getməyə məcbur etdiyiniz kimi iyrənc təkliflə gəldiyinizi fikirləşirəm…

– Kifayətdir, əzizim! – pan Yan artıq hirslənərək, onun sözünü kəsdi. – Acıdığınız Zofya, əvvəla, ev qulluqçusu idi…

– Ha-ha! – panna Valentina faciəvi şəkildə güldü. – Bizim dairənin adamları üçün mürəbbiyə ev qulluqçusundan azca yuxarıdır. Siz hamıya elə baxırsınız ki…

Pan Yan tamamilə özündən çıxdı:

– Bağışlayın! Siz Zofyanın gənc və gözəl olduğunu unudursunuz… Sizinlə isə heç də gənclik və gözəllikdən deyil, … qızım barəsində danışmaq istəyirdim.

Panna Valentina hər iki əlilə başından tutdu və sərxoş kimi ləngər vurdu. Bir dəqiqə sonra o yaralı ilan gözlərilə pan Yana nəzər saldı və fışıldadı:

– Mənə at vermənizi xahiş edirəm. Indicə bu evdən gedəcəyəm!

– Lap dünyanın o başına gedin, yolunuz açıq olsun! – deyə son ümidlərindən birinin də belə axmaq şəkildə dağılmasından quduzlaşmış pan Yan qışqırdı.

Bəli, hətta ürəklər yaralayan şöhrətinin də insanın ziyanına işlədiyi hallar olur!

Panna Valentina bağla elə sürətlə qaçırdı ki, kola ilişərək, paltarının büzməsini cırdı. Yuxarı, öz otağına cumaraq, başını qollarının üstünə əydi və hönkürdü.

Vəziyyət dəhşətli idi. Əlbəttə, panna Valentina zorbazoru biabır etmək və qız şərəfini müdafiə etmək istəyirdi, amma hesabını hər şeyin ən ləyaqətli və nəcib şəkildə baş verəcəyinə götürmüşdü. Yoldançıxarana davranışının nə qədər mənəviyyatsız olduğunu və onu hansı uçuruma itələmək istədiyini izah edərək, ciddi qaydalar qadını olduğunu və borc yolundan çıxanlardan olmadığını sübut edərək, sonunda … bağışlamaq niyyətində idi.

“Heç vaxt sizin sevgiliniz olmaram, – sonda belə demək istəyirdi, – lakin sizə dost və bacı ola bilərəm”.

Utanc və itaətlə dinləməli olduğu bu sözlərdən sonra isə onun evində qalar, Anelka və hətta onun xəstə arvadı ilə daha səylə məşğul olar, gəlir-çıxarı yazıya alar, anbar və mətbəxi idarə edərdi. Əlbəttə, yalnız darıxmış Saturnin Anna xalanın məsləhəti ilə ona təklif edənə qədər.

Bəli, əgər onun işi nəcib insanla olsaydı, belə bir çıxış yolu ola bilərdi. Pan Yan isə əsl əclaf çıxmışdı və onun ən gizli fikirlərini dinləyərək, öz niyyətlərini inkar etməyə qərar vermişdi. Ah, o öz hövsələsizliyinə necə də heyfslənirdi! Təmiz qəlbdən gələn bu səmimiyyət partlayışı onu necə də pis vəziyyətə qoymuşdu! Pan Yana öyüd-nəsihət vermək əvəzinə, əvvəlcə onun nə deyəcəyini dinləmək daha ağıllı olmazdımı? Onun etiraflarına soyuq təbəssüm və istehza ilə cavab vermək daha yaxşı olmazdımı?

Onu gənc və gözəl olmayan adlandrması panna Valentinaya təsir etmirdi. O sarıdan o heç bir illyuziya bəsləmirdi. Lakin pan Yanın onu özü-özünə qoyduğu tələdə tutması onu cinləndirirdi. Qadın kimdəsə təhlükəli yoldançıxaran görə bilər, ancaq onun bunu öyrənməsi xoş deyil, daha xoş olmayanı isə onun təəccüb rolu oynaması, öz iyrənc niyyətlərini inkar etməsidir.

Panna Valentina yuyundu, darandı, üstünə odekolon səpdi və daxili titrəyişini böyük iradə səyilə tutub saxlayaraq, aşağı, pan Yanın arvadının yanına getdi.

Xəstə bu gün həmişəkindən sakit idi və hansısa romanı oxuyurdu. Yanında hündür stulda, həb qutusu ilə oynamaqla, Yuzek əyləşmişdi.

Panna Valentina əlini masaya dirədi və gözlərini aşağı salaraq dedi:

– Mən vidalaşmağa gəldim. Bu gün… indicə sizdən gedirəm.

Xəstə ona baxdı, təəccübdən hətta ağzını araladı, sonra səhifəyə nişan qoydu və bir əlindən əlcəyini çıxardı – pani evdə də əlcək gəzdirmək adətinə malik idi.

– Que dites-vous, mademoiselle (Nə danışırsınız, mademuazel)? – deyə yad səslə soruşdu.

– Bu gün sizdən gedirəm.

– Ancaq bu nədir? Siz məni qorxudursunuz… Nə baş verib? Siz kiminsə xəstəliyi… yaxud ölümü xəbərinimi almısınız? Ya da bəlkə, xidmətçilərdən kimsə sizi incidib?

Bu dəqiqədə Anelka otağa daxil oldu.

– Angelique, as-tu ofense mademoiselle Valentine (Andjelika, sən mademuazel Valentinanı nə iləsə incitmisənmi)? – deyə anası ondan soruşdu.

– Bilmirəm, ana… Panna Valentina məni çağıran kimi, dərhal gəldim, – Anelka özünü itirərək, belə cavab verdi.

– Ah səni, nəzakətsiz qız, – deyə anası hirsləndi. – Demande pardon a mademoisella Valentine (Mademuazel Valentinadan üzr dilə)!

– O heç nədə günahkar deyil! – müəllimə qahmar çıxdı. – Məni bu evdən başqa bir şəxs sıxışdırıb çıxardı…

– Deməli, ərim? Yas?

– Pani! – deyə Valentina gərginliklə səsləndi. Məndən heç nə barədə soruşmayın. Yalvarıram! Mənə sonuncu lütfünüzü göstərin – mənə mümkün qədər tez at vermələri göstərişini verin… Əlvida…

O, ardınca da Anelka çıxdılar.

–Doğrudanmı, bizdən getmək istəyirsiniz? – qız mürəbbiyəni haqlayaraq, heyrətlə soruşdu.

Panna Valentina dayandı:

–Yazıq balam, hiss edirəm, – sənin üçün etməli olduğum hər şeyi etdim, ancaq… bu mənim günahım deyil! Sənin gələcəyin məni narahat edir… Sənə yadigar olaraq, nə isə qoymaq istəyirəm. Həyatda əməl etmək lazım olan əsas qaydaları yazdığım kitabçanı sənə bağışlayaram… Bu kitabı heç kəsə göstərməyəcəyinə and iç…

– And içirəm…

– Anana olan məhəbbətinə? Onun sağlamlığına da?

– Bəli.

– Onda yanıma gəl.

Onlar yuxarı getdilər. Burda panna Valentina tualet masasının yeşiyindən qırmızı, qədərincə yaprıxmış qeydlər kitabçasını çıxardı və onu Anelkaya verdi.

– Öyrən… Bunu oxu… Buraya, pəncərə altlığına uçub gələn quşlarımı yemləməyi unutma. Ən əsası isə – öyrən… – Anelkanın dodaqlarından və alnından öpərək, dedi. – Bəzən, amma başqa uşaqlardan az… oh, xeyli az olmaqla, məni kədərləndirirdin! Səni çox pis tərbiyə eləsələr də, mən səni sevirəm… Indi isə öz yerinə get… Sağlam ol! Mənim kitabçamı şən olduğun əyləncələrdən sonra deyil, yalnız sənə ağır olanda oxu… Oxu və ağıl topla!

Anelka kitabçanı, tilsim kimi, sinəsinə sıxaraq, getdi. Çıxıb gedən müəllimənin hər bir sözünü müqəddəs nəsihət kimi qəbul edirdi. O ucadan ağlamadı, ancaq gözlərindən yaş axdı, ürəyi isə kədərin dəmir məngənəsində sıxıldı.

Kitabçanı təhlükəsiz yerdə gizlətməyi qərara alaraq, yatağının yanındakı dolabdan nənəsinin tabutundan olan gümüş güləbətin parçasının, pişiyin yediyi bülbülün lələyinin və bir neçə qurudulmuş yarpağın saxlandığı ağ karton qutunu çıxardı. Anelka panna Valentinanın hədiyyəsini də bura yerləşdirdi. Bu zaman, qeyri-iradi olaraq, yıpranmış kitabçanı açdı və elə birinci səhifənin arxasında karandaşla yazılmış, artıq yarımpozulmuş sözləri gördü:

“Həmişə hər şeydən əvvəl öz vəzifələrin, artıq sonra isə həzzlər barədə fikirləş”.

Aşağıda isə:

“Çərşənbə günü yuyulmağa verilib:

4 köynək

2 gecə köynəyi”.

Bir saat sonra panna Valentina artıq evdə deyildi. Öz şələ-küləsini və pan Yanın bir həftə sonra ödəməyə borclu olduğu əlli manatlıq qəbzi apararaq, getmişdi.

Anelkanın anası bərk naxoşlamış və yataqda uzanmışdı. Atası naharda heç nə yemədi və Anceyə kolyaska qoşmağı tapşırdı. Saat dördə yaxın arvadının yataq otağına daxil oldu və şəhərə getməsinin zəruri olduğunu elan etdi.

–Yas, mərhəmət göstər! – pani zəif səslə belə dedi. – Indi bizi necə qoyub gedə bilirsən? Bütün evdə bir kəlmə deyə biləcəyim bir şəxs də olmayacaq… Xidmətçilər özlərini, necəsə, qəribə aparırlar… Elə mən də müqəddəs Yandan sonra başqa adamları işə götürməni səndən xahiş etmək istəyərdim.

– Işə götürərik, narahat olma, – deyə əri gözlərini qaldırmadan cavab verdi.

– Yaxşı, amma sən hələlikdə məni tək qoyursan! Mənə yaşlı və ağır ev xidmətçisi lazımdır. Anelka üçün mürəbbiyədən isə heç danışmıram – əlbəttə, özünlə kimisə gətirəcəksən?..

– Yaxşı, yaxşı, – deyə pan narahat halda, bir ayağını qoyub – o biri ayağını götürərək, təkrar etdi

– Malheureuse que je suis (Mən necə də bədbəxtəm) !.. Başa düşmürəm, hansı işlər sənə evdə oturmağa imkan vermir, üstəlik, belə bir anda… Artıq gözlərim ağlar qalıb. Yuzek üçün həblər, mənim üçün isə maya ekstraktı gətir… Sonra, məni Xalubinskinin yanına aparacağına ümid edə biləcəyimi bilmək istəyərdin.

– Görüşənə qədər, Metsya! – əri axıra kimi qulaq asmayaraq, onun sözünü kəsdi. – Mənə, hər şeydən əvvəl, ən təxirəsalınmaz işləri yoluna qoymaq lazımdır, artıq sonra sənin Varşavaya səyahətindən danışarıq.

Pan Yan kabinetinə getdi, ora qapandı və yazı masasının yeşiklərindən müxtəlif sənədlər çıxarmağa başladı. Olduqca kefsiz idi və qapı arxasındaki xırda səsdən də əsəbi vəziyyətdə diksinirdi. Hələ evinə qayıdacağı fikrilə özünü sakitləşdirirdi, amma başqa, daha sakit səs qəlbinin dərinliyində ona burdan həmişəlik getdiyini pıçıldayırdı. Işlərin onun getməsini tələb etdiyini özünə təlqin edirdi, bu daxili səs isə onun öz yaxınlarının başına gətirdiyi tufandan qaçdığını təkrar edirdi. Özünü mülkü satmasını, acıdığına görə, arvadından gizlətməsinə inandırmağa çalışır, vicdanı isə, altdan-altdan, onun, sadəcə, yalançı olduğunu deyirdi.

Pan Yanın mülkü satmalı olmasını Şmul dəqiqliklə bilirdi, malikanədəki bütün xidmətçilər hiss edirdi, kəndlilər də şübhələnirdilər. Yalnız malikanənin sahibi olan arvadı heç nə bilmir və fəlakəti öncədən hiss etmirdi. Onun mülkiyyətinə hökm etməyə məhdudiyyətsiz hüququn – toy günü ərinə verdiyi haqqın nəticəsi belə idi. Işlərlə özünün məşğul olması, hətta onlarda nəyisə anlamaq onun dairəsinin gənc və gözəl qadınına yaraşmazdı. Həm də ərin hər şeyi göyə sovuracağından necə şübhələnmək olardı!

Hüdudsuz etibarın toxumlarının kasıblıq doğurması qəribə zəmindir!

Pan Yanın xeyli sayda cəmiyyət istedadları vardı: dəblə geyinirdi və zəriflik nümunəsi idi, cəmiyyətdə böyük dilavərliklə və nəzakətlə söhbət aparmağı bacarırdı, minlərlə başqa qabiliyyətlərə malik idi, lakin, təhlükə barəsində fikirləşməyərək, uşaq kimi, odla oynayırdı, yanğın törədəndə isə qaçıb gedirdi.

Uşaqları tullamaq qərarına gəldiyinə görə, arvadını ümidsizliyə çatdırmaq və onların hamısını bir parça çörəksiz qoymaq üçün getmirdi, – xeyr, həmişəki kimi, sadəcə, xoşagəlməzliklərdən qaçmaq istəyirdi. Ailəyə təskinlik vermək və sakitləşdirmək, xidmətçi və nökərlərin gözünə baxmaq, yeni sahibin mülkə sahib olmağa başlamasını görmək, – bir sözlə, müflis rolunda çıxış etmək – yox, bu onun zövqünə uyğun deyildi.

“Burda, yerində onlara heç nə ilə kömək edə bilmərəm, – deyə düşündü, – yalnız indi mənə ən çox gərək olan sakitliyimi itirərəm. Səhnələrdən qaçaraq, hər şeyi şəhərdə yoluna qoymaq, arvadını hara yerləşdirməyi fikirləşmək və onda hər şey barəsində ona yazmaq daha yaxşısı deyilmi? Əgər pis xəbərlər yaxşılarla birlikdə gəlsə, başqaları malikanəni tutanda hara getməli qayğısı zavallıya əzab verməyəcək…”

Şübhəsiz, işgüzar mühakimələrdir, bununla belə, pan Yanın kefi pozulmuşdu. O bütün bunlarda hansısa saxta not olduğunu hiss edirdi. Bəlkə, arvadı və uşaqları ilə qalmalı idi, çünki qadına, üstəlik də xəstə qadına məsləhət və köməksiz tək qalmaq çətin olacaq. Bəs Anelka nə deyəcək?

Həm də özünün bu guşəsi qəlbinə elə əziz, elə etibarlıdir, elə xoşuna gəlir ki! On beş il əvvəl arvadı ilə birgə bu kabinetdə neçə dəfə bütöv saatlar keçirmişdi! Pəncərə arxasındakı cökə ağacı o vaxt daha nazik idi və belə budaqlı deyildi. Pəncərədən nohurun günəşdə parıldayan hamar səthi görünürdü, indi isə kollar onu kölgələyib. Orada, şabalıd ağacının altında, – onda hələ belə çürük deyildi, – Anelka daim dayənin əllərində gəzirdi. Uzun göy paltarda, ağ ağız suyu döşlüyündə və ləçəkdə gəlinciyə bənzəyirdi. Tez-tez atasını pəncərədə görüb, əllərini ona uzadırdı…

Bəs bu yollarla nə qədər qonaq gəzmişdi! Sanki yaxşıca baxmağa dəyərdi – və burda yellənmiş qadın paltarlarının izini bağda görərdin. Əgər yaxşı dinşənilərsə, kim bilir – çoxdan səslənmiş gülüş, zarafatlı və zərif sözlər, sevənlərin donan ahları havada səslənməzmi ?

Ah, bura necə gözəldir! Torpağın hər qarışı canlanmış xatirələr kitabıdır… O isə burdan həmişəlik gedir! Bundan belə ev və bağ boyu gəzən əziz kölgələr dəhşətli xəyallar olacaq və yad insanları qorxudacaq.

Bəs o necə olacaq? Axı insan, sanki, iki yarıdan ibarətdir: bir yarı onun evi, tarlası, bağı, digəri o özüdür. Əgər torpaqdan çıxarılmış ağac quruyursa, keçmişinin ən gözəl hissəsini həmişəlik olaraq bu malikanədə qoyub getmiş o necə olacaq?.. O, başqa dünyaya gedəcək, tamamilə başqa, yeni adam, kürəyindən çanağı qoparılmış və əzabla yenisini yaratmalı olan ilbiz olacaq. Bu yenisi daha rahat olacaqmı, ya da heç olmasa, əvvəlkindən daha pis olmayacaq ki?..

Ağaclarda, divarlarda neçə ruh olduğu heç kəsə məlum deyil. Onlarla həmişəlik vidalaşanda cansız əşyaların necə hay verdiyini eşitmirik.

Təkərlərin taqqıltısı pan Yanı ayıltdı. O, ətrafına baxmayaraq, çamadanı qapdı və çıxdı.

Artırmada ona Anelka rast gəldi.

– Ata, sən gedirsən?

– Bir neçə… Bir günlüyə, artıq deyil, – onu öpərək, belə dedi.

Qızın dodaqları soyuq idi.

Pan Yan kolyaskaya əyləşdi. Onda bir an sonra evin uçacağı və onda qalan hamını altında dəfn edəcəyi hissi vardı.

– Tərpət!

– Görüşənə kimi, ata!

– Ancey, getdin!

Atlar kolyaskanı silkələyərək, yerlərindən elə götürüldülər ki, pan Yanın başı oturacağın söykənəcəyinə dəydi. Tezliklə ev gözdən itdi. Artıq xidməti tikililər uçaraq, yan keçirdilər. Xiyabanlarla gedirdilər. Budur onlar, onun əkilməmiş, başına buraxılmış tarlaları… Yenə bağ göründü, evin damı, mezonindəki (yarımmərtəbədəki – tərc.) , indi qarşısında Anelkanın dayandığı pəncərə sayrışdı. Budur, artıq hər şey arxada qaldı. Pan Yan yüngüllüklə ah çəkdi.

– Əzizim, mənə qulaq as, – o, arabaçıya belə dedi, – qırmancını daha yaxşı gər, yoxsa atların başlarını aşağı dikiblər, insanlar onların hansısa araba yabıları olduğunu fikirləşə bilərlər!

Sonra siqar çəkməyə başladı – və əla əhval-ruhiyyəyə gəldi. Arvadı, Anelka, keçmişin xəyalları, hamısı orada, arxada qaldı. Oh!.. Yalnız geriyə boylanmamalı!..

Yan keçənlər təzim edirdilər. Yolun yanında duran daxmanın qarşısında gənc ana balaca oğlunu əyləndirirdi. Kolyaskanı görərək, körpəni dizinin biri üstünə əyləşdirdi və ayaqlarını tappıldadaraq, oxudu:

Pan atla gedir, hop, hop!

Kəndli isə panın izilə, top, top!

Pan Yan bu ailə idilliyasının görünüşündən səmimi həzzlə gülümsədi. Onun üzərində günəş işıldayır və torağay süzür, ətrafdakı tarlalar həyatla nəfəs alırdı. Yalnız orda, uzaqdakı təpənin, bağın arxasında sahibsiz ev qalmışdı, mezoninin pəncərəsində isə Anelka atasının artıq böcəkdən böyük görünməyən kolyaskasının ardınca baxırdı.

Çıxarılmış diş ağrımır. Qaçqın tərk etdiyi adamların dərdini hiss etmir.

DOQQUZUNCU FƏSİL

Kənddə həyəcan. Qayda sərçələri qorxudur

Pan Yanın getməsinin ertəsi günü Yuzef Qjib araq ardınca meyxanaya daxil oldu. Burda Şmulun həmişəkindən daha susqun və fikirli arvadını və öz qıcığını xidmətçi qıza keçirərək, hələ keçən həftə onun tərəfindən deyil, kimsə gələnlərdən biri tərəfindən sındırılmış qədəhə görə onu söyən Şmulun özünü tapdı.

Qjib kandarı aşan kimi, Şmul istehzalı təbəssümlə ona müraciət etdi:

– Hə, ağa, sevinin! Yeni mülkədarınız olacaq…

– Nə olar, bəlkə də olacaq, – deyə Qjib dərhal tutularaq, hay verdi.

– Indi kənddə şərab zavodu və dəyirman da qurarlar…

– Bizə nə dəxli var. Bu sizin, Şmul, əlinizədir: siz ki dəyirmanı icarəyə götürmək istəyirdiniz.