скачать книгу бесплатно
Anelka kolları aralayaraq, tələsmədən bağı əhatəyə alan çəpərə yaxınlaşdı. O, köhnə idi, tünd-yaşıl mamırla və hansısa, toxunulmadan dağılıb-tökülmüş boz urla örtülmüşdü. Bir-birindən kiçik məsafədə üzərinə itiuclu tamasalar sırası oturdulmuş uzun köndələnlərin bəndlədiyi yoğun, yuxarısından itilənmiş dirəklər yüksəlirdi. Sanki uzunillik xidmətdən yorulmuş bu tamasalar ya irəli, ya da geri əyilmişdi. Bəzi yerlərdə heç yox idilər, başqa yerlərdə daha parlaq rəng və taxtanın elə də diqqətli olmayan düzəldilməsi çəpərin bu yaxınlarda, amma əvvəlkindən az məsrəflə təmir olunduğuna şahidlik edirdi.
Anelka xanım qız və on üç yaşlı olmasını unudaraq, çəpərdəki dəlikdən keçdi və kətan köynəkli qıza yaxınlaşdı.
Yazıq qız ilk dəqiqədə malikanədən olan və bəzəkli geyinmiş xanım qızdan qorxdu. Ağzını geniş açdı və qaçmağa hazırlaşmış kimi, ayağa sıçradı. Anelka cibindən peçenye çıxardı və qıza göstərib dedi:
– Qorxma. Səni incitmərəm. Bax, sənə nə gətirmişəm! Dadına bax! – Bu sözlərlə peçenyeni qızın ağzına dürtdü. Qız təəccüblü gözlərini Anelkadan endirmədən yedi.
– Yenə götür. Dadlıdır?
– Dadlıdır.
Anelka kötüyün üstünə əyləşdi, isə Qaydanın qızı isə isə çöməltmə oturdu.
– Sənin adın nədir? – deyə Anelka onun yağlı, parlaq-xurmayı saçlarını tumarlayaraq soruşdu.
– Maqda.
– Al, Maqda, yenə peçenye ye. – Anelka belə dedi. – Bu çoşqa sənindirmi? – deyə donuza nəzər salaraq, əlavə etdi, Karusun quyruğundan yapışmağa çalışdığı donuz isə sifətilə ona tərəf dönür və inamsızlıqla xortuldayırdı.
– Atamındır, – qız artıq bir qədər cəsarətlənərək, cavab verdi. – Kaş it onu gəmirməyəydi…
– Karusik, yanıma… Sən isə, Maqda, həmişəmi donuzla oynayırsan?
– Aha. Yaloska artıq böyükdür, Kaska isə keçən il öldü. Çuşa!.. Çuşa!.. Ona da mənimlə olmaq xoşdur, axı o da təkdir! Pan anasını güllələmək əmrini verib, digər çoşqaları isə atam satıb. Bax, yalnız birini saxlayıb.
– Bəs donuzu nəyə görə öldürdülər?
– Biçənəyin korlanmasına görə. Pan onu öz torpağında tutmuşdu.
– Məgər sizin ancaq bir donuzunuz var idi?
– Daha hardan götürək? Axı atam kəndlidir, ona görə də hər şeyimiz azdır.
Bunu deyərək, o, ayağı altına yayılmış çoşqanı tumarladı.
– Donuza çoxmu acıdın?
– Bəs necə! Atam məni döyəndə daha acımalı oldu…
– Səni döydü?..
– Döymədi, saçlarımdan yapışdı və iki dəfə təpik vurdu.
Qız bu barədə tamamilə sakit danışırdı. Anelka hətta ağardı. Bir anlığa xəyalına gətirdi ki, sanki Karusiki öldürüblər və onun özünü də belə amansızlıqla cəzalandırıblar.
O, iztirablarına görə zavallını mükafatlandırmaq tələbatı hiss etdi, amma necə? Onun öz pulu olsaydı, Maqdaya donuz və gözəl paltar bağışlayardı, ancaq indi… o nə etsin?
Bu yerdə Maqdanın dörd gözlə onun boynuna sarınmış göy lentə baxdığını qeydə aldı. Anelka fikirləşmədən tez onu açdı və Maqdanın boynuna bağladı.
– Indi sən eynilə mənim kimi geyinmisən.
Maqda özünü yalnız göy lentin deyil, qırmızı paltarın, ağ corabların və hündür botinlərin də sahibi kimi təsəvvür edərək, ucadan güldü.
– Budur, yenə ye, – Anelka ikinci peçenyeni ona uzadaraq, belə dedi.
– Bunu sabah yeyərəm. Çox şirindir.
– Bu isə səni döydüklərinə görədir…– Anelka onu öpdü.
Ancaq Anelkanın ali mükafat saydığı öpüş Maqdada heç bir təəssürat doğrmadı. O, peçenyeni ovcunda sıxaraq, indi əsl xanım qıza oxşadığını fikirləşməklə, dəqiqəbaşı göy lentə baxırdı.
Bu vaxt döngədən təkər taqqıltısı eşidildi və yolda toz buruldu. Gözəl kolyaska sürətlə daxmaya yaxınlaşdı. Anelka nə isə dərk etməyə macal tapınca , ekipaj daxmanın yanında dayandı.
– Atacan! – Anelka qışqırdı və ekipaja doğru cumdu.
Ancaq atası Anelkanı daha əvvəl görmüşdü və buna görə də onu öpmədi, ciddi şəkildə dedi:
– Panna Anelya yollarda qaçır! .. Necə də gözəldir!.. Burda neynirsən?
Qorxmuş Anelka susdu.
– Əcəb də sənə yaxşı nəzarət edirlər! Özünü əla aparırsan, sözüm yoxdur! Yollarda yüyürür və hansısa natəmiz qız və donuzla birlikdə tozda eşələnirsən! Evə yola düş! Tezliklə qayıdacağ və onda səninlə danışacağam. Atanı belə güclü incitməyə qadir olduğunu heç vaxt fikirləşməzdim!
Qorxudan daşa dönmüş Anelkanı geridə qoyaraq, kolyaska onun verdiyi işarə ilə tərpəndi.
“Səninlə danışacağam!” Ilahi, nə isə olacaq…
Maqda daxmanın astanasına yüyürdü və ordan dalınca Karusikin götürüldüyü və uzaqlaşan kolyaskanın ardınca narahatlıqla baxdı.
– Əlvida, Maqda! – Anelka əl yelləyərək, belə dedi. – Yəqin, bura gəldiyimə görə möhkəmcə danlanacam.
O, hasara tərəf qaçdı, dəlikdən keçdi və tez kolluqda qeyb oldu. Karusik onun ardınca cumdu, Maqda isə onların dalınca hərəkət etdi.
O “möhkəmcə danlanmağ”ın nə demək olduğunu əla başa düşür və ən azından, yeni rəfiqəsinə nə olacağını öyrənmək istəyirdi. Ehtiyatla hasara yaxınlaşdı və barmağını dodaqlarına sıxaraq, gah dinşədi, gah da ehtiyatla bağa nəzər saldı. Amma ora daxil olmağa cəsarəti çatmırdı.
Bu məqamda daxmanın qarşısında iri boylu, ayağı yalın, sinəsi açıq köynəkdə olan bir kişi peyda oldu. O hər iki əlini qoltuğuna soxaraq, dayanmış və gah gözdən itən ekipaj tərəfə, gah arxasında Anelkanın yox olduğu parkın barısına, gah da malikanənin dam və borularına baxırdı.
– Pan uşağı, – deyə mızıldandı. Daha bir qədər dayanaraq, daxmaya qayıtdı.
Anelka çırpınan ürəyilə evə yaxınlaşdı. Bu gün onun tam iki məyusluğu olmuşdu: birincisi, bu qədər gec-gec gördüyü atasını acıqlandırmışdı, ikincisi, mürəbbiyənin kefini möhkəmcə pozmuşdu.
Atası ilə danışıqdan yaxşı heç nə çıxmayacaq! Panna Valentina, yəqin, onunla bir olacaq, anası daha güclü xəstələnəcək…
Narahatlıq ona bağın gözəl olmayan görünəcəyi, evin isə dəhşət doğuracağə qədər əzab verirdi. Ananı yaxınlaşan fırtınaya necə hazırlamalı ?
Anelka bütün malikanənin ovuc içərisindəki kimi göründüyü ağacın altında dayandı və orda nə baş verdiyini izləməyə başladı.
Onun iti görməsi vardı, anasının və Yuzekin artıq şüşələnmiş terrasda olmadığını, panna Valentinanın öz mansardasında (çatı altında çəp tavanlı otaq – tərc.) olduğunu sezdi. Bağda ins-cins yox idi, yalnız həyətdən, evin arxasında Kivalskayanın çığırqan səsi, toyuqların qaqqıltısı və tovuz quşunun şikayətli “A-a-a-x”.. A-a-a-x!..” – deyə qışqırtısı eşidilirdi.
Kədərlidir! Ətraf kədərlidir!
Bax, mürəbbiyə mansardanın açıq pəncərəsində göründü.
“Indi məni çağıracaq” – Anelka belə fikirləşdi.
Ancaq panna Valentina onu çağırmadı; pəncərə altlığına dirsəklənərək, bağa baxdı. Sonra qısa müddətə otağın dərinliyində itdi və pəncərəyə qayıdaraq, damın çıxıntısına çörək ovdu. Tezliklə bura bir sərçə uçdu, ardınca daha bir neçəsi gəldi və hamısı şən cikkilti ilə qırıntıların üstünə cumdular.
Qoca qarımış qız ilk dəfə quşları yemləmək fikrinə gəlmişdi. O vaxtdan bəri bunu hər gün, həmişə axşam çağı, sanki kiminsə onu görməsindən ehtiyatlanaraq, edirdi.
Mahiyyətcə belə əhəmiyyətsiz təsadüf Anelkaya ümid verdi. Panna Valentina quşlar barəsində belə qayğı aşkara çıxardığına görə, səbəbi məlum olmadan, mümkündür ki, atasının da ona qarşı alicənab olacağı qərarına gəldi. “Belə böyük qızın qəribə məntiqi var” – mürəbbiyə belə deməyi yaddan çıxarmazdı.
DÖRDÜNCÜ FƏSİL
Mülkədar Şmulla məsləhətləşir, bundan sonra arvadına, Anelkaya və hətta mürəbbiyəyə qarşı iltifatlı olur
Atası evə saat yarım sonra gəldi və meyxananı ondan icarəyə götürmüş Şmulu özilə gətirdi.
Pan Yan fikri dağınıq və qayğılı idi. Tez arvadının otağına daxil oldu, onunla quru şəkildə salamlaşdı, Yuzeki və dəhşətdən az qala yarımcan olan Anelkanı öpdü. Yolda qızı ilə rastlaşmasını tamamilə unutmuş kimi görünürdü.
–Səhhətin necədir? – hətta əyləşmədən arvadından soruşdu.
–Mən, comme a l”ordinaire (adətən olduğu kimi), – deyə cavab verdi. – Qüvvəm yoxdur, ayaqlarım əsir, ürəyim çarpır, hər şeydən qorxuram, iştahım itib, bircə səməni ekstraktının üstündə yaşayıram…
–Bəs Yuzek? – pan Yan axıra kimi dinləməyərək, onun sözünü kəsdi..
–Pauvre enfant (Yazıq uşaq) … Dəmirli həblər qəbul etsə də, eləcə zəifdir.
–Bu nasazlıq, sadəcə, bədbəxtlikdir, məncə sənin dərmanların ona yalnız ziyan vurur, – pan Yan qapıya tərəf gedərək belə dedi. – Bəs Anelka necədir – yaxşı oxuyur? Sağlamdır? Yoxsa onda da hansısa naxoşluq axtarıb tapmısınız? – deyə hərəkətdə ikən soruşdu.
–Necə, artıq gedirsən? On gün olmadıqdan sonra? – deyə pani Matilda səsləndi. – Sənə deməli o qədər çox şeyim var ki… Iyulda, ya da avqustda, yalnız onun bacardığını hiss etdiyimə görə, mütləq Xalubinskinin yanına getmək istəyirəm…
– Xalubinski Varşavaya yalnız sentyabrın sonunda qayıdacaq. Bununla belə, bu barədə hələ səninlə danışacağıq, indi isə bəzi işləri yoluna qoymalıyam, – ata dözümsüzlüklə belə dedi və otaqdan çıxdı.
– Toujours le meme (O özünə sadiqdir)! – ana ah çəkdi. – Altı il günlərlə işlərlə məşğul olur, onların isə ucu-bucağı yoxdur. Mənsə xəstəyəm, Yuzek xəstədir, təsərrüfat dağılıb, hansısa yad adamlar niyəsi məlum olmadan mülkü nəzərdən keçirirlər. O, mən necə də bədbəxtəm! Ağlar qalmışam!.. Joseph, mon enfant, veux-tu dormir (Jozef, mənim balam, yatmaq istəyirsənmi)?
– Non, – yarıyuxulu oğlan cavab verdi.
Anelka anasının şikayətlərinə elə öyrəşmişdi ki, bu yeni umu-küsülər atasına olan məhəbbətini heç azaltmadı. Əksinə, indi onu daha çox sevirdi, çünki bugünkü günahına görə onu şahidlərsiz cəzalandıracağı qərarına gəlmişdi. Yəqin, buna görə onunla heç nə olmamış kimi görüşdü və öz kabinetinə getdi.
– “Bax, Şmul gedəcək, onda məni çağıracaq, – deyə Anelka özlüyündə mühakimə yürütdü. – Yaxşısı budur, özüm gedim və orada gözləyim, yoxsa, məbadə, anam başa düşər”.
Belə hərəkət planı tərtib edərək, atasının kabinetinə yaxın olmaqdan ötrü sakitcə bağa çıxdı. Bir neçə dəfə açıq pəncərənin altından keçdi, ancaq nə atası, nə də Şmul ona diqqət vermədilər. Onda o gözləmək qərarına gəldi və yarımcan halda divarın dibindəki daşın üstünə oturdu.
Bu arada atası siqar yandırdı və kresloya yayıldı. Şmul isə qapının yanında xüsusi olaraq onun üçün qoyulmuş sadə stulda özünə yer elədi.
– Beləliklə, sən iddia edirsən ki, – mülkədar belə dedi, – Yer Günəşin ətrafına fırlanmır, Günəş Yerin ətrafına fırlanır?..
– Bizim müqəddəs kitablarda belə yazılıb, – deyə Şmul cavab verdi. – Lakin bağışlayın, cənab pan, yəqin, məni bura buna görə dəvət etməmisiniz?..
– Ha-ha!.. Sən haqlısan!.. Beləliklə, birbaşa işə keçirəm: üç yüz manat tap, mənə sabah səhərə lazımdır.
Şmul hər iki əlini qurşağının altına keçirdi, başını buladı və gülümsədi. Bir dəqiqə hər ikisi susqunluqla bir-birinə baxdı: mülkədar yəhudinin solğun sifətində, qara canlı gözlərində və bütün cılız, bir qədər çiyinləri çıxmış fiqurunda, sanki, heç bir dəyişiklik baş vermədiyinə əmin olmaq istəyirdi, yəhudinin mülkədarın şabalıdı, gözəl saqqalından, möhkəm bədən quruluşundan, davranışlarının zərifliyindən, sifətinin klassik cizgilərindən ləzzət aldığı kimi görünürdü. Bununla belə, ikisi də hər birinin öz irqinin nümunəvi nümayəndəsi olmasına artıq min dəfə əmin olmaq imkanına malik olmuşdular, amma bu, vəziyyəti qətiyyən dəyişmirdi.
– Hə, buna nə deyirsən? – susqunluğu birinci olaraq mülkədar pozdu.
– Cənab pan, inciməyin, fikirləşirəm ki, bütöv dairədə bircə dənə yüzmanatlıq tapmaqdan daha tez, sizin nohurda nərə balığı tutmaq olar. Hər şeyi tər-təmiz toplamışıq, buna görə də indi sizə verməyin əleyhinə olmayanın heç nəyi yoxdur, olan da ki verməz.
– Belə çıxır, kreditdən artıq məhrum olmuşam?
– Bağışlayın. Mən bunu demədim. Sizə kredit həmişə açıqdır, yalnız təminatımız yoxdur, onsuz isə heç kim bizə borc verməz.
– Lənət şeytana! – mülkədar, sanki öz-özünə, belə dedi. – Axı hamı meşəni bu gün-sabah satacağımı və qalan on mini alacağımı bilir.
– Cənab pan, hamı sizin artıq üç min manat beh aldığınızı bilir, bu arada isə servitutlar barədə kəndlilərlə danışıqlar da ləng gedir.
– Ancaq onlar lap tezliklə axıra çatacaq.
– Bu yalnız bircə allaha məlumdur.
Mülkədar həyəcanlandı:
– Hansısa yeniliklərmi var?
– Guya kəndlilərin adam başına artıq dörd morq istədiklərini danışırlar…
Pan Yan hətta kreslosundan sıçradı da.
– Kimsə onları coşdurur! – deyə çığırdı.
–Mümkündür.
–Yəqin, Qaydadır?
– Bəlkə də Qaydadır, bəlkə daha da ağıllısıdır.
Mülkədar qəzəblənmiş şir kimi bağırdı.
–Yaxşı, böyük dərd deyil, -o sakitləşərək, belə dedi. – O halda mülkü sataram və ona görə, nəqd olaraq, yüz min alaram.
Axı borcunuz daha çoxdur, – deyə yəhudi araya söz qatdı, – və hamısı ləngimədən ödənilməlidir.
– Xalama müraciət edərəm, o mənə kömək edər…
– Xanım pani artıq bir quruş da verməz. O, kapitallara toxunmaz, faizləri isə özünə sərf etməyə üstünlük verir.
– Onda onun ölümündən sonra…
– Ay!.. O, dəhşətli dərəcədə sağlamdır!..Lap bu yaxınlarda Parisdə özünə yeni dişlər alıb…