скачать книгу бесплатно
– Ancaq, hər halda, nə vaxtsa öləcək…
– Bəs birdən o, bağışlayın, cənab pana heç nə vəsiyyət etməsə?..
Mülkədar otaq boyunca yüyürdü. Şmul qalxdı.
– Məsləhət verin, nə etməli? – deyə mülkədar icarəçinin qarşısında birdən dayanaraq səsləndi.
– Əgər bu alman mülkü alsa da, cənab panın məhv olmayacağını bilirəm. Cənab pan, siz həmişə tanınmış panlar arasında olacaqsınız, xanım pani (bu yerdə Şmul səsini alçaltdı)…siz evlənəndə…
– Sən axmaqsan, Şmul, – mülkədar belə dedi.
– Qoy elə olsun, amma pani Veysin kapitalı iki milyondur, gümüş və daş-qaşı da nə qədərdir…
Mülkədar Şmulun çiynindən yapışdı.
– Sus, – deyə ona qışqırdı. –Mənə üç yüz manat gərəkdir, bu barədə fikirləşməyə lütf elə.
– Bunu təşkil etmək olar… – Şmul belə cavab verdi.
– Necə?
– Pani Veysdən xahiş edərik…
– Heç bir halda!..
– Onda mənə hansısa girov verin və mən onunla pul əldə edərəm.
Mülkədar sakitləşdi, yenə əyləşdi və siqar yandırdı. Şmul susaraq, danışmağa başladı:
– Cənab pan, sizin üçün hər yerdə yaxşıdır, arabanın üstündə də, altında da, bəs mən necə olacağam? Axı məndə hətta sizin qəbzləriniz da yoxdur… Axı neçə ildir xahiş edirəm, ancaq indiyə kimi dəyirman da qurmamısınız…
– Pul yox idi.
– Dəfələrlə var idi və az deyildi. Bax, indi də: üç min aldınız, kolyaska almağa, otaqlara yenidən kağız yapışdırmağa üstünlük verdiniz… Mən isə, hey itirirəm…
– Sən bu işdə azı beş yüz manat qazanmısan.
– Qazanmışam, ya qazanmamışam – hər halda, dəyirman ən çox mənlikdir.Torpağın üzərində dayanan dəyərdir, pul isə narahatlıq və oğrular üçün şirnikmədir.
– Burda dayan, mən isə fikirləşim ki, sənə zəmanət olaraq nə verim, – deyə mülkədar onun sözünü kəsdi.
– Necə istəyirsiniz, cənab pan.
Atasının Şmulla danışığı zamanı Anelka, adətən, qorxunun doğurduğu, xoş olmayan, təlaşlı ruhi vəziyyətdə idi. Qızışmış beyində iradə əleyhinə zəhlətökən: “Axı atam nə deyəcək?” sualı hərlənirdi – cavabında isə təxəyyül bu yaxınların təəssüratlarının qırıqlarından kədərli və başıpozuq mənzərələr yaradırdı.
Qız bir neçə dəfə atasını qəzəbli görmüşdü. Indi də onun qırışmış alnı və çatılmış qaşları barədəki xatirələri qova bilmirdi. Atasının ona diklənmiş parıldayan gözləri və acıqlı uca səsi onu izləyirdi.
Sonra o, hansısa şəxsin saçından yapışıb sürüdüyü və ayaqları ilə təpiklədiyi zavallı Maqdanı təsəvvürünə gətirdi; panna Valentina da gözləri qarşısına gəldi: o, soyuq, amansız, susqun halda, aşağı salınmış baxışlarla ona, Anelkaya qarşı nə isə, dəhşətli bir şey fikirləşirdi.
Anelka atasının Şmulla danışığını bütünlüklə, sözbəsöz eşitdi, amma onun mənası hələ ona aydın deyildi. Şüurunda yalnız atası ilə yanaşı hansısa qadının dumanlı obrazı qaldı.
Bütün bunların üzərində isə Şmul süzürdü, o, Anelkanın gözlərinə baxır və özünəməxsus şəkildə – acı-acı və eyni zamanda kədərlə gülümsəyirdi.
“Ilahi!.. Iyrənc Şmul!.. O ataya nə dedi!.. Bu pani Veys kimdir?” – deyə həyəcanlanmış qız özündən soruşurdu.
O daha yerində otura bilmədi və öz otağına qaçdı. Sakitləşmiş və qorxmuş Anelka orda uzun müddət onu çağırmalarını gözlədi.
Amma tez çağırmadılar. Ata və anası öz aralarında uzun müddət danışdıqlarına görə axşam yeməyi gecikirdi.
Bu dəfə pan Yan əla ruhi durumda idi: o zümzümə edərək, arvadının otaına daxil oldu və onun kreslosuna yanaşaraq, zərifliklə dedi:
–Yanağınızı verin!
–Nəhayət, on gün ərzində ilk dəfə, – deyə arvadı dilləndi. Məni xatırlamana je suis charmee (valeh olmuşam); artıq bundan yadırğamışam. Xəstəlik, tənhalıq, qəribə fikirlər – voici mes compagnons ( mənim yol yoldaşlarım bunlardır). Bu kədərli otaqda hətta sənin şadlığın, açıq deyilərsə, məndə sıxıcı təəssürat yaradır.
– Səfehləmə, əziz Metsya. Tezliklə sənin tənhalığının və xəstəliklərinin də sonudur, bir az döz. Mən parlaq bir işin bitməsi yolundayam – yalnız zəruri vəsaitləri toplayaydım…
– Assez! Assez! Je ne veux pas ecouter cela (Kifayətdir! Yetər! Bunu dinləmək istəmirəm) !.. Yenə işlər, pul… Ah, bu gün yuxulaya bilməyəcəyəm…
–Bir dayan, sənə başqa bir şey danışacağam. Təsəvvür et, Vladislav artıq Qabriela ilə nişanlanıb. Alicənab qadın ona beş min borc verib və o, knyaz kimi təchiz olunur. Onun öz malikanəsini necə yenilədiyini, necə mebeli, ekipajları olduğunu görsəydin…
– Qabrielanın bir neçə ilə böyük bir mülkü puç etmiş avaraya ərə getməyə qərar verməsinə, sadəcə, inanmaq olmur… – deyə arvadı onun sözünü kəsdi.
– Lütfən, bağışla, puç etmədi, sadəcə, girov qoydu. Heç nə olmaz, arvadının kapitalı onu yenə də ayaq üstə qoyar. Biz ən imkanlı şəxslərin iflasa yaxın olduqları keçid mərhələsində yaşayırıq…
– Bilirəm!.. Hamısı da kart və şən həyat üzündən.
– Heç olmasa, Vladekə münasibətdə haqsız olma: bu dəyərli insan mənə bir işdə böyük xidmət göstərmişdi. Yalnız pul əldə etməli…
– Yenə işlər, pul!..
– Düzü, səni tanıya bilmirəm, Metsya, – deyə əri qüssə ilə səsləndi. – Gündəlik xırdalıqlardan danışmağı, xüsusən də sənin zəhləni tökməyi sevmədiyim sənə yaxşı məlumdur, ancaq indi məsələ servitutlarda, mülkdə, cəmiyyətdəki mövqeyimizdə, uşaqların gələcəyindədır. Hansısa bir neçə yüz manat üzündən hər şey məhv ola bilməz.
– Deməli, yenə də pulun çatmır? – deyə pani Matilda heyrətləndi.
– Əlbəttə və bu dəfə kömək üçün sənə müraciət etmək qərarına gəlmişəm.
Pani Matilda dəsmalı gözlərinə yaxınlaşdırdı və şikayətlə soruşdu:
– Mənə?.. Mən nə edə bilərəm ki?.. Mənim bütün cehizim sərf edilib, daş-qaşın yarısı girov qoyulub, hətta sağlamlığımı mütləq qaytaracağını hiss etsəm də, Xalubinskinin yanına getməyə heç nəyim yoxdur. Hələ bədbəxt Yuzek barəsində, qulluqçulara ödənilməmiş maaş haqqında, hər şeyi borca götürdüyümüzdən nə danışmaq olar… Oh , malheureuse que je (Oh, mən necə də bədbəxtəm) ! Ağlamaqdan gözlərim gedib…
– Metsya! Sənə and verirəm, sakitləş, – deyə əri öyüd verdi. – Anla, indi bütün cəmiyyət bir neçə gün sonra bizim üçün bitəcək böhran mərhələsi yaşayır. Servitutları aradan qaldırmaq müyəssər olan kimi qalan on mini alacaq və onu təsərrüfata yatıracağam. Məhsul yüksələcək, borcları ödəyəcəyik, meşənin ikinci yarısını satacaq və xaricə yola düşəcəyik. Sən orda canlanacaq, əylənəcək və əvvəlki kimi parıldayacaqsan…
– Vain espoir (Boşuna ümid) ! – deyə pani Matilda pıçıldadı. – Sən mənim imzam lazım olanda həmişə eyni şeyi təkrar edirsən.
– Bu dəfə hətta imza da gərək deyil! – deyə əri sözü göydə tutdu. – Sadəcə, öz boyunbağını bir-iki həftəliyinə mənə ver…
– Malheur! Malheur! ( Fəlakət! Müsibət! ) – deyə arvadı pıçıldadı.
– Ən çoxu, bir ay sonra sən öz cəvahiratını geri alacaqsan…
– Gözlərim ağlayır…
– Oktyabrın əvvəlində səni Varşavaya aparacağam və düşünürəm, orda qışı keçirə biləcəksən…
– Yalnız sağlamlığı bərpa etməkdən ötrü, – pani Matilda sakitcə belə dedi.
– Eyni zamanda bir qədər əylənmək üçün, – deyə əri təbəssümlə qeyd etdi. –Teatr, konsertlər və hətta rəqsli axşamlar sənə ziyan gətirməyəcək.
– Əlbəttə, şkafda çürümüş Nuh daşqınınaqədərki paltarlarımda rəqs edəcəyəm!
– Yox, yox!.. Nə qədər ürəyin istəsə, o qədər də yeni geyimlər alarsan…
Pani Matilda başını sinəsinə endirdi və bir dəqiqəlik fikirləşmədən sonra dedi:
– Boyunbağını yeşikdən özün götür. Ilahi! Indi ona baxsam, dərddən ölərəm.
– Əvəzində sonradan onunla kiminsə yanında peyda olmaq necə xoş olacaq. O öz borcunu yerinə yetirməkdə, uşaqları və cəmiyyətdəki yerimizi xilas etməkdə tərəddüd etmədiyini həmişə sənə xatırladacaq. – Bu sözlərlə masaya yaxınlaşdı və yeşikdə eşələnərək, davam etdi: – Müvəqqəti pis hadisələrdən sonra sevinci daha güclü hiss edirsən. Həyatımızdakı hansısa əhəmiyyətli hadisə ilə bağlıdırsa, ən adi daşın da üzərində əsirik. Yalnız fikirləş, boyunbağını qızının boynuna bağlayanda belə deyərkən bu çax-çaxlar onun gözündə hansı dəyərə malik olacaq: “Bu brilliantlar fəlakət günlərində durumumuzu qoruyub saxladı, varidatımızı xilas etdi…”
O, yetəri qədər böyük tumac futlyarı yeşikdən çıxararaq və cibində gizlədərək, arvadına tərəf əyildi və pıçıldadı:
– Yanağınızı verin!..
– O, necə də xoşbəxt olardım!.. – deyə pani Matilda başladı.
– Əgər bu zamanlar artıq başlasaydı? – əri gülərək, sözü havada tutdu.
– Yox, əgər sənə inana bilsəydim…
– Yenə də öz bildiyindir, Metsya! – pan Yan hövsələsini itirərək, söylədi. – Xəstəliyin sinirlərini pozduğunu başa düşürəm, amma , heç olmasa, bir balaca özünü ələ almaq lazımdır…
O, Şmulun gözlədiyi kabinetə tələsərək, artıq qapıda danışırdı.
Pani Matilda tək qaldı. Əri ilə danışaraq, onun gözəl sifətinə baxaraq, fikirlərində keçmişə, bir neçə il əvvələ daşındı. Onda qüssə və həyəcan oyadan müqayisələr tələb olunurdu.
“Doğrudanmı, bu, cəmiyyətin qəlbi, dəb qanunvericisi, vurulmuş cəngavər, nə vaxtsa onun ayaqları yanında arzu edən həmin odur? O, mazurkada hey yeni fiqurlar uyduran usanmaz rəqqas, böyük bilici, tez-tez zərif qadın tualetlərinin ixtiracısı idi. Heç bir maskarad, bal, yaxud duel onsuz keçmirdi, sevgililərə ürəkləri çalmaq sahəsində dəyərli məsləhətlərlə kömək edirdi. Heç bir dəvətli nahar bu şəxsin nüfuzlu göstərişləri olmadan təşkil edilmirdi.
Cəmiyyət qaydalarını bilməsi onun mühakimələrinə qanun qüvvəsi verirdi. Onun hazırcavablıqları bütün dairəyə yayılırdı, onun evi yaxşı tərz məktəbi kimi məşhur idi. Yalnız o özgə itini öldürməyə, xəstə atın satışına görə, yaxud balda dəsmalı cibdən çıxarmağın yolverilən olub-olmadığı barədə ən sərt mübahisələri bir kəlmə ilə həll etməyi bacarırdı. Yalnız otaqların yerləşməsi Yasın xoşuna gəlmədiyinə görə bir maqnatın yarısına kimi tikilmiş evi şərabçəkmə zavoduna çevrilmişdi.
Indi isə bu şəxs mülkdəki qayğılarla bacara bilmir və onun boyunbağısı bahasına öz icarədarının etibarını satın almalıdır!
Əlbəttə, bütün bunların günahkarı, ağına-bozuna baxmadan, hamının ziyan çəkdiyi bu keçid mərhələsidir. Biriləri müflis olub, digərləri mülkiyyətlərinin qalığı ilə şəhərə köçmüşlər, üçüncülər primus inter pares (bərabərlər arasında birinci) kimi şərəfləndirilənlə münasibəti pozmuşlar! Məgər o, yeni insanların, bambılılar ordusunun artıq seyrlər, ov, cəmiyyət adətləri ilə deyil, çoxtarlalı sistem, mühasibat və heyvandarlıqla maraqlandığına görə günahkardır? Bu yüksək zəkanın hələ də əlcək və ətrə tələbat duymayan nifrətəlayiq yəhudilər, almanlar və kəndlilər güruhu ilə ümumi nəyi var?”
Pan Yanın arvadı bəzən ərinin parlaq keyfiyyətlərini görməsinə mane olan nasazlığından şikayətlənərək, belə mühakimə yürüdürdü.
Lakey daxil oldu.
– Pani, masaya rica edirəm, samovar verilib.
– Bəs pan artıq yeməkxanadadırmı?
– Mən cənab pana məlumat verdim.
– Panna (pan qızı – tərc.) Anelyanı çağır və mürəbbiyəyə söylə.
Lakey çıxdı.
– Joseph, mon enfant, veux-tu prendre du the (Jozef, mənim balam, çay istəyirsənmi) ? Yazıq uşaq yatır!..
O, ağ şlafrok şleyfini döşəmə ilə ardınca sürüyərək, parlaq-mavi otaqdan və dəhlizdən yemək otağına keçdi. Tezliklə hələ də həyəcanlı olan Anelka və susqun mürəbbiyə, onların ardınca evin sahibi də yeməkxanada peyda oldular.
O, sifəti və boynu kərpic rəngi alan mürəbbiyəyə ədəblə əl verdi. Mürəbbiyə pan Yanın qarşısında əyləşdi və baxışını aşağı dikdi. Səthi insanlar guya kişilərin panna Valentinada dəfedilməz təəssürat doğurduğu nəticəsini çıxarmağa tələsərdilər, amma zadəganlara nifrətini bu cür nümayiş etdirdiyini elmli xanımın özündən öyrənə bilərdilər.
“Dəhşətli şəxsdir! – deyə endirilmiş kiprikləri altından pan Yatsekə nəzər salaraq, düşündü. – O neçə qadını bədbəxt edib!”
Panna Valentina yaraşıqlı mülkədarın gözəl cinsə zəiflik göstərdiyini eşitmişdi, bunun nəticəsində evdə qadın xidmətçilər uzun müddət qalmırdı.
“Axı o, evdə bu cür gec-gec olur, – deyə düşündü. – Ilahi, əgər o həmişə burda olsaydı, yəqin, bu atılmış uşağın tərbiyəsindən imtina etməli olardım!..”
Mülkədar hər hansı qərəzsiz olmaqla, iki əlini də masanın üzərinə qoydu və panna Valentinaya (ona göründüyünə görə, ədəbsizcəsinə) baxaraq, lakeyə müraciət etdi:
– Mənə ingilissayağı bifşteks qızardılmasını tapşır.
– Ət yoxdur, cənab pan.
– Niyə belə? Artıq iyunda ət əldə etmək mümkün deyilmi?..
– Əldə etmək olar, lakin pani xanım şəhərə adam göndərməyib.
Ana və qızı bərk qızardılar. Qənaətə görə ət üçün göndərmədikləri onlara yaxşı məlum idi.
– Onda iki ilıq yumurta bişirməyi əmr et, – pan bu dəfə melanxolik baxışını mürəbbiyəyə yönəldərək, belə dedi.
Panna Valentina müdaxilə etməyi yerli saydı:
– Yəqin, yumurta da yoxdur, bu gün onu nahara vermişdilər. Bundan əlavə, mən hər gün çiy yumurta içirəm.
– Metsya, görürəm, sənin Kivalskayan təsərrüfatı tamamilə başlı-başına buraxıb, – deyə pan Yan qeyd etdi.
– Ona buraxılmış vəsaitə uyğunlaşır – deyə mürəbbiyə yalnız pan Yanın qanını qaraltmaqdan ötrü nifrət etdiyi anbardarı müdafiəsi altına alaraq, əlavə etdi.
Onun sözləri mülkədara toxundu.
– Metsya, sən o qədər zəifsən ki, panna Valentinanı kassir vəzifəsilə yükləyirsən?.. – deyə soruşdu.
– Mais non (Heç də yox) !.. – pərt olmuş pani Matilda pıçıldadı.
Ancaq sanki qoca qarımış qızın içərisinə cin girmişdi.