banner banner banner
Qarlı aşırım
Qarlı aşırım
Оценить:
Рейтинг: 0

Полная версия:

Qarlı aşırım

скачать книгу бесплатно

Qarlı aşırım
Fərman Kərimzadə

Fərman Kərimzadənin «Qarlı aşırım» əsərində sinfi mübarizənin kəskin xarakter aldığı 30-cu illər kəndinin canlı mənzərəsi verilmişdir.

Yazıçı romanda zəngin xarakterlər qalereyası yaratmışdır. Abbasqulu bəy Şadlinski, Xəlil, Şıxəlioğlu, Şabanzadə, Talıbov, Kərbəlayı İsmayıl, Qəmlo kimi surətlərin fonunda qarşı-qarşıya duran iki cəbhənin mübarizəsi real səhnələrlə işıqlandırılmışdır.

Fərman Kərimzadə

Qarlı aşırım (tarixi roman)

QARLI AŞIRIM

Şaxta da zərgərdi. Yarğan üstündə bitən ardıcın budaqlarından sallanan buz salxımlarında minbir naxış açıb.

Yaz-yay şaqqıldayıb axan çayın dalğaları öz şəklini itirmədən donub, sanki yüzlərlə sənətkar dərələrdə şaxələnən, kainatda tayı-bərabəri tapılmayan almazı cilalayıb. Ağ ayılara oxşayan təpələr bir-birinə sığınıb, dərələri elə bil balta ilə şaqqalayıblar.

Papaq-papaq ələnən qar pərdəsində çil-çil görünən atlılar çaya qədər enən qayanın qabağına çıxdılar. Yüyənləri dartdılar. Qarı naxışlayan nallı ayaqlar yan-yana düzülürdü. Dairə qovuşdu.

«Çatdıq!..»

«Sərhəd» buradan başlanırdı. Küləklərin yalayıb qırğı dimdiyinə bənzətdiyi nəhəng qayanın o üzündə tüfəngini dizlərinin arasında saxlayan keşikçi mürgüləyirdi. Tək bir adam burada ordu batırar. Yolla gedən hər kəs əvvəlcə osmanlı üçatılanının nişangahına çıxmalıdır. Bir barmaq hərəkəti bəsdir. At da, üstündəki adam da gurultu ilə qırx arşınlıq quyu kimi dərin uçuruma düşməlidir. Güllənin səsi qayadan qayıdanacan neçə adamı birincinin dalınca göndərmək olar.

Bu üç atlı da həmin nişangahdan keçməlidir. Bir-bir, sürüşməmək üçün asta-asta…

* * *

Kiçik çillə düşəndən, gediş-gəliş çətinləşəndən bəri bu qaya sərhədə çevrilmişdi. Otuz-qırx evlik Qarabağlar kəndinə sığınan Kərbəlayı İsmayıl xəbər göndərmişdi ki, mən Şura hökumətini tanımıram.

Bundan sonra Qara qaya xəbər-ətərin də qabağına sədd olmuşdu. Dağıdılan kolxozlardan, onların rəhbərlərindən heç bir səs-soraq yox idi. Hər iki tərəf bir həftəyə qədər susdu. Qolçomaq qiyamı barəsində mərkəzə xəbər verdilər. Partiya komitəsinin katibi Şabanzadə tələb etdi ki, Araz sahilindəki sərhəd qoşunundan dəstələr ayırıb qiyamı yatırmağa göndərsinlər. Bundan əlavə, kommunistləri səfərbərliyə almaq üçün uzun siyahılar tutdurdu, tüfəngləri saydırdı, atları hesaba aldırdı, xəyalında dəstələr yaratdı, onlara komandirlər təyin etdi.

Rayondakı kişilərin, demək olar ki, hamısı silah işlətməyi bacarırdı. Neçə il bundan əvvəl Türkiyədən keçən daşnaq dəstələri ilə üz-üzə dayanmış, gecə-gündüz səngərdən çəkilməmişdilər. Sonra da Abbasqulu Şadlinskinin komandirlik etdiyi «Qırmızı tabor» dəstəsində vuruşa-vuruşa Naxçıvanı qorumuş, Sovet hökuməti qurmuşdular. Kolxozları təzə yaradırlar. Varlılar öküzlərini, arabalarını, xışlarını kolxoza əlüstü yazılan yoxsullara vermək istəmirdilər. Şayiə yayırdılar, sabotaj düzəldirdilər, həvəslənənləri çəkindirirdilər. Belə bir vaxtda qiyama qol-qanad vermək ağır nəticələrə səbəb olardı. Şabanzadə sərhəd dəstəsinin köməyi olmadan da Kərbəlayı İsmayılın qiyamını yatırdardı, amma icazə gözləyirdi.

Beli tapançalı «Sekretni poçtalyon» Şabanzadəyə bir məktub gətirdi.

Şabanzadə üç yerindən surğuclanıb möhürlənmiş zərfi açdı, orada kiçik bir məktub vardı. Oxudu. Ayağa qalxıb sözləri ürəyində təkrarlayaraq gəzinməyə başladı. «Sözü ötən ağsaqqal adamları, möhkəm əqidəli kommunistləri qiyamçıların arasına göndərin. Səhv yola düşdüklərini onlara izah edin. Görəcəyiniz tədbir haqqında məlumatınızı gözləyirik. Sizə kömək üçün bir nəfər mühazirəçi ezam edəcəyik».

Şabanzadə parıldayan çəkmələrini cırıldada-cırıldada xeyli gəzindi. Bu səs onu daha da əsəbiləşdirdi. Dayandı. Pəncərədən çölə baxdı. Sobanın pəncərədən çıxarılmış borusundan daşlanan tüstü elə burulur, elə yayılırdı ki, o yanda heç bir şey görmək mümkün deyildi.

«Əzab-əziyyətlə qurduğumuz kolxozları dağıdıblar. Quldurların ayağına getməliyik, yalvarmalıyıq… Bir belə də hövsələ olar? Əgər Kərbəlayıya gücümüzü göstərməsək, özgə kəndlərdə də qiyam başlanar. Deyərlər ki, o, kolxozları dağıtdı, nə elədilər ki, bizə də nə eləyələr. Bəs niyə belə məsləhət görürlər? Başa düşə bilmirəm».

Bir saat keçməmiş Şabanzadənin hirsi soyudu. Məktubda yazılanlar ona təbii göründü. «İnsan əyri yola düşə bilər. Onu başa salmaq, düz yola qaytarmaq lazımdır. Birdən-birə qılıncı boynuna qoymağa nə var ki…

Həmişə elə bilirdim hövsələli adamam. Partiyanın səbrinə sahib olmağa hələ çox qalıb.

Yaxşı, kimi göndərək? Kərbəlayı İsmayıl qan-qan deyir, yanına heç kimi buraxmaz. Onun tanıdığı, inandığı hörmətini saxladığı adam getməlidir. Gedən həm ağsaqqal, həm möhkəm əqidə sahibi, həm dilavər, həm də igid olmalıdır. Kərbəlayını siyasətlə udmalıyıq. Onu bu yolla kolxoza gətirə bilsək, qazanacağıq. Özü də qazanacaq».

Kabinetə bitişik kiçik bir otaq vardı. Barmaqlıqlı pəncərəsi bağçaya baxırdı. Şabanzadə çarpayını otağın küncünə elə qoymuşdu ki, uzananda döşünün üstündə tutduğu kitabı gecələr çıraq, dan yeri ağaranda isə yalnız quzeyi görünən dağ silsiləsində parıldayan səhər şəfəqləri işıqlandırsın. Çarpayının yanındakı kibrit yeşiyinin üstünə qəzet çəkilmişdi. Ora stəkan-nəlbəki, çaydan, qab-qaşıq yığılmışdı. Qapı ilə üzbəüz qoyulmuş şkafın gözləri kitabla dolu idi. Şabanzadə buraya keçmişdi. Çarpayıda uzanmışdı. Əllərini ağ saçlarında daraqlamışdı.

Çoxdan olan işdir. Qohumlarına qoşulub bu kəndə biçinə gələrdi. Abbasqulu bəy haqqında o vaxt eşitmişdi:

«– Abbasqulu bəy gələn yerdə qan bağlanar».

Qalxdı. İki stəkan çay süzdü. Kabinetə keçib birini öz qabağına, digərini Abbasqulu bəy oturacağı stulun qabağına qoydu. Dünəndən tapşırmışdı ki, onu çağırsınlar, bir azdan burada olacaqdı.

Şabanzadə qırışlarla dövrələnmiş mavi gözlərini buğlanan stəkana dikdi.

Şabanzadə bura katib işləməyə gələndə Abbasqulu bəyin şəxsi işinə baxmışdı. Onun partiyaya qəbul edildiyi iclasın protokolunu dönə-dönə gözdən keçirmişdi: «Qırmızı tabor»un komandiri, «igid», «cəsur», «böyük hörmət sahibi», «ordenli» sözləri gözünə tez-tez dəymişdi. Son kəlmələri isə ucadan oxumuşdu. «Lehinə – 51 nəfər, əleyhinə – yoxdur». «Böyük işdir, – demişdi. Keçmişinə baxmayaraq onu partiyaya qəbul eləyiblər. Pis iş də görməyiblər» .

Şabanzadə Abbasqulu bəylə çox qarşılaşmışdı. Ciddi məsələlərdən söhbət salmışdılar. Fikirlərinin uyğunu da olmuşdu, uyğunsuzu da. Amma bu söhbət heç birinə bənzəməyəcək…

– Yəqin ki, xəbərin var.

– Bəli.

Yox, belə yaramayacaq.

– Kərbəlayı İsmayıl haqqında fikrin nədir?

O bu suala nə cavab verər? Birdən ağlına özgə fikirlər gələr, deyər ki, məni təzədən imtahana çəkirsiniz. Belə yerdə ağır, sərt cavab verər. O heç vaxt ürəyindən gələni dilində düyünləyib saxlamır. Güllə qabağına sözlə çıxır. «Bəs söhbətimiz necə başlasın?»

Şabanzadə yanına çağırdığı adamla aparacağı söhbəti əvvəldən bu qədər götür-qoy eləməzdi…

Qapı açıldı. Şapkasının günlüyü buz bağlamış uzun şinelli adam üstünün qarını dəhlizin döşəməsinə tökərək birbaş ona tərəf gəldi. Katibin gözləri şinelin döşündəki qırmızı, ensiz lentə sataşdı. Ordenin tutqun parıltısı nəzərindən yayınmadı. Onu partiyaya götürəndə bu parıltının böyük köməyi olub. Şura hökumətini qurmaq yolunda əziyyət çəkib, qan töküb, orden alıb. Onun hər tapşırığına da gedər.

Görüşdülər. Abbasqulu bəyin enli çiyinləri şinelin kürəyindəki qatlanmanın hərəsini bir tərəfə dartmışdı. Boz şinelin enli qolundan çıxmış qızaran iri əl Şabanzadənin əlini sıxdı. Barmaqları bumbuz idi.

– Soyuq işimizə yaman əngəl törədir.

Dəmiryol stansiyası ilə rayon mərkəzi arasında tikilməyə başlamış sement zavodunun korpusları ucaldılırdı. Abbasqulu bəyi axtarsan, işin ən çətin yerində tapardın. Şəhərlə əlaqə saxlayırdı, tikinti materialları gətirirdi, amerikalı mühəndislərlə mübahisəyə girişir, ərzaq məhsullarını bölür, yataqxanaları gəzir, bir sözlə, gün ərzində dəymədiyi sahə olmurdu.

Katib ondan tikintinin vəziyyətini soruşmadı. Gec dilləndi. Abbasqulu bəy ayrı məqsədlə çağrıldığını yəqin elədi.

– Soyuğu heç demə, Şadlinski, çay iç, canın qızışsın.

O oturdu. Stulun qıçları cırıldadı. Stəkan əllərinin arasında yoxa çıxdı.

– Yəqin ki, vəziyyəti gözəl bilirsən, – deyə Şabanzadə başı ilə dağları göstərdi.

Abbasqulu bəy dərindən nəfəs aldı. Başını aşağı əydi, çayın buğu dəydikcə tərləyən baş barmaqlarına baxdı.

– Qoca vaxtında yorğalıq eləyir. Atdöşü eləsən, dayana bilməyəcək. Adamın insafı yol vermir, yazığı gəlir. Doğrudan yazıqdı. Elə bilir Şura hökumətinin ona gücü çatmayacaq, oturub dağlarda öz keyfini sürəcək. Mən beləsinə yazıq deyirəm. Ona nə var ki, gününü görüb, dövranını sürüb. Bu gün-sabah başını yastığa qoyub canını tapşıracaq, nəsli isə damğalı qalacaq. Cavanları qırğına verəcək.

Kağız xışıldadı. Zərfin üstünə enmiş əl onu Abbasqulu bəyə tərəf itələdi.

– Yuxarıdan gəlib. Götür sən də bax.

Qətiyyəti, cəsarət ifadə edən iki göz kağıza baxdı. Sonra Şabanzadənin sarı sifətində, göy gözlərində cavab axtardı, ancaq tapa bilmədi.

– Sizi başa düşə bilmirəm.

– Oxu, sonra danışarıq.

Abbasqulu bəy məktubu zərfdən çıxartdı, baxışları sətirlərin üstündə o tərəf-bu tərəfə qaçdı. Sifətində xoş bir təbəssüm gəzdi. Başını qaldıranda Şabanzadə soruşdu:

– Kərbəlayı səni eşidərmi?

O, qaysaq bağlamış qalın dodaqlarını bir-birinə sıxıb çiyinlərini çəkdi.

– Bilmirəm.

– Yenə bir fikirləş.

Demək, Kərbəlayı İsmayılın yanına getmək lazımdır. Əgər Kərbəlayının qiyamı davasız-şavasız yatırılsa, qiyamət olar, o qədər adamın qanı havayı yerə tökülməz. Abbasqulu bəyin sözünü eşidərmi, dediyi yerdə qalmaz ki? Oraya getməyinə Kərbəlayı İsmayıl necə baxar, onu nə cür qarşılayar?

– Əvvəllər eşidərdi, indi deyə bilmərəm.

«Əvvəllər» deyəndə o, Kərbəlayı İsmayılın başına gətirilən bir müsibəti nəzərdə tuturdu.

Kərbəlayı İsmayıl yerəbaxan adam idi. Təsbeh çevirəndə də, aşı şapalaqlayıb aşıranda da, aşıq Xudaqulunun qaravəllilərini dinləyəndə də qaşqabağı açılmazdı. Evdə həmişə buxarının yanında oturardı. Gözləri yol çəkə-çəkə ocağın külünü qurdalayar, tədbir tökərdi. Səhərisi gün ağır bir cinayət baş verərdi, soyuq kül üstündə çəkilmiş qatma-qarışıq xətlər yaxındakı Çimən kəndini ağladardı.

Bu iki kənd bir-birinə yaxın idi, arada bircə qaya vardı. Qayanı keçməyə heç kəs cəsarət eləmirdi.

Bir dəfə «sərhəd» pozuldu – Kərbəlayı İsmayılın cöngəsi Çimənin örüşünə keçdi. Təzə nişan taxdığı oğlu Yadullanı yanına çağıran Kərbəlayı İsmayıl dedi:

– Get cöngəni gətir.

– Dədə, axı…

– Deyirsən düşmən aparıb cöngəmizi kəssin?! Bu bizim qeyrətimizə sığışar?! Bir də.. mən səndən başqa kimi göndərə bilərəm?!

– Dədə, axı…

– Getməsən, sənə oğul deməyə dilim gəlməyəcək.

Yadulla tüfəngini götürüb cöngənin dalınca getdi.

«Sərhədi» keçdi. Arxın üstündəki iydəliyə çatdı. Özünü ağacların dalısına verdi. Boylandı. Bir heyvan izi aşağıdakı nar kollarına tərəf getmişdi. O əyilə-əyilə təzəcə çiçəkləmiş həmin kolların yanına çatdı. Kolların arasına baxa-baxa ehtiyatla yeridi. Kolluqdan çıxanda arxadan onu tutdular. Tüfəngini aldılar, paltarlarını soyundurdular, qulaqlarını, burnunu siyirib kəsdilər, gözlərini oydular…

Kərbəlayı İsmayılın bu günündə onun harayına çatan Abbasqulu bəy olmuşdu. O, Abbasqulu bəyin qabağında başına-gözünə döymüş, hönkür-hönkür ağlamışdı, ilan dili çıxartmışdı: «Yadulla belimi sındırdı». Abbasqulu bəy uzun get-gəldən, minnətdən sonra Yadullanın meyitini alıb atasına vermişdi.

Kərbəlayı İsmayıl axırda:

– Sən mənim boynuma elə bir haqq qoydun ki, Abbasqulu bəy, yüz il qapında nökərçilik eləsəm, əvəzini çıxa bilmərəm, – demişdi.

O, bunları Şabanzadəyə danışdı.

– Belə, – deyə Şabanzadə səsləndi. – O vaxt da yaxşılığın keçib, indi də keçsin. Onu açıq-aşkar ölümün əlindən almağa gedirsən. Sənə inanar, sözündən çıxmaz.

– Yaxşı, tutaq ki, mən deyənlə razılaşdı, silahı yerə qoydu, bunun axırı necə olacaq? Ona dəyib-toxunmayacaqlar ki? Mənim dediyim sonradan yalana çıxacaqsa, indidən heç ağzımı açmayım.

– Bu barədə qəti bir şey yazılmayıb. İnanıram ki, tutmaq məsələsi olmaz. Bir də… Görək də… Gələcəkdə özünü aparmağından çox şey asılıdır.

– Mənə bütöv söz deyin.

– Əl vuran deyilik.

Abbasqulu bəy dillənmədi.

Şabanzadə dedi:

– Onu səndən başqa heç kim ovsuna gətirə bilməz.

– Qan tökülməsini mən də istəmirəm. Həddindən artıq qan görmüşük. Gözlərimiz qırmızı rəngdən yorulub. Bunun da bir axırı olmalıdı. Daha bəsdi. Ancaq bir az tərs adamdı. Deyiləni eşidəcəkmi? Qorxum bircə bundandı.

Şabanzadə gülümsünürdü. Bu təbəssüm onun çöhrəsini işıqlandırırdı. O, Abbasqulu bəyin üzünə gülmürdü. Öz ümidlərinə, həqiqətə çevrilən ehtimallarına gülürdü. «Abbasqulu bəyi yola gətirmək o qədər də çətin deyilmiş. Bəs tikintiyə göndərəndə niyə tərslik edirdi, razılaşmırdı? Deyirdi bacarmaram, adımı batıraram. Bu günə qədər də yaxşı işləyib. Kərbəlayı İsmayılın yanında onu təhlükə gözləyir. Amma heç qorxmur. Qəribə adamdı. İradəlidi, möhkəmdi».

– Yaxşı, belə. Mənim təklifim var. – Şabanzadə qalxdı. Papirosunu yandırdı, gəzindi, – Vedi kolxozunun sədri Xəlili sənə yoldaş versəm necə, narazı qalmazsan ki? Siyahıya salaqmı? Qabaqcıl təsərrüfatın başçısıdır, hamı onun kolxozundan razıdır. Birlikdə gedərsiniz. O da adamlara öz kolxozunun işindən danışar.

Abbasqulu bəy çayı kənara itələdi. Üstü qızarıb çat-çat olmuş əllərinin soyuğu elə bil stəkana keçib çayı buza döndərmişdi.

– Birlikdə gedərsən də sözdür. O kişi mənim can-ciyərimdir, dərdimiz-sərimiz bir olub. Hər yerə bir getmişik. Onsuz da mən onu istəyəcəkdim. Xəlilnən lap dünya müharibəsinə getmək də qorxulu deyil.

Şabanzadə onların yaxınlığını, hər yerə qoşa gedib-gəldiklərini bilirdi. Bilirdi ki, bu məsləhət Abbasqulu bəyin ürəyindən xəbər verir. Ancaq burada rəsmiyyəti gözlədi. Fikirləşdi ki, çətin tapşırığa gedirlər. Dost məsələsi ortalığa gəlməsin.

– Hazırlığınızı görün, şəhərdən adam gələn kimi yola düşəcəksiniz.

Hazırlaşmağa nə vardı ki… Qundağını güllə parçalamış beşatılanı var, qayışını çiynindən aşırdığı taxta qoburlu onaçılan da zağlıdır, xalçanın üstündən, Xəlillə birlikdə çəkdirdikləri şəklin altından asılıb. Silahlanıb atların başını buraxacaqlar, vəssalam!

Səhərisi gün bu kabinetdə Abbasqulu bəyin qəlbinə toxunan bir əhvalat oldu. Şabanzadə palıd taxtalarından düzəldilənə oxşayan seyfə açar salıb burdu, qapını açdı. Geri döndü:

– Yoldaş Şadlinski, firqə biletinizi…

– Necə?

– Qayda belədi. Kommunist çətin tapşırığa gedəndə onun bileti partiya komitəsində saxlanılır. Poza bilmərik bu qaydanı.

Təklif ona çox ağır gəldi. Onu məngənə ağzına qoyub bir parça dəmir kimi sıxsaydılar, bu qədər əzab çəkməzdi. Bu bileti neçə ildir döşünün üstündə gəzdirir. Evdəkilər bu biletin üzünü də görməyiblər. Heç Xəlilə də göstərməyib. Aldığı neçə ildi, indi də vərəqləyəndə təzə kitab kimi cırıltı ilə açılır. O həmişə fikirləşirdi ki, bilet gizlində, bolşevikliyi isə üzdə olmalıdır. Bəs birdən-birə niyə belə?

– Etibarımızı itirmişik?

Şabanzadə bu sözü gözləmirdi. Söhbətin ona toxunacağını hiss eləmişdi. Amma bu mərtəbəyə minəcəyinə inanmamışdı.

– Siz partiyanın etibarlı üzvləri sayılmasanız, bu tapşırığı da sizə ümid olmarıq. Amma qaydanı gözləmək lazımdır. Siz üç nəfərsiniz. Çətinə düşə bilərsiniz, bilet əlinizdən çıxar, onda necə olsun?

– Meyitimizin üstündən keçib bileti götürərlər, – deyə Xəlil Abbasqulu bəyin sözünə qüvvət verdi.

– Keçib götürə bilərlər. Bunu özün də təsdiq eləyirsən. Odur ki, burada saxlamalıyıq.

Şabanzadə əlini seyfin qaranlığına uzadıb al qırmızı bir bilet çıxartdı: