banner banner banner
Qarlı aşırım
Qarlı aşırım
Оценить:
Рейтинг: 0

Полная версия:

Qarlı aşırım

скачать книгу бесплатно


Xəlil qalxdı. Rəsulla bərabər çıxdı. Aradakı gərginlik daha da artdı. Evin qaranlıq tərəfində oturmuş adamların arasına pıçıltı düşdü.

Talıbov alt dodağını dişlərinin arasına alıb gəmirməyə başladı. O, dodağının ağrısını hiss eləmirdi. «Bizi bir-bir bayıra çağırıb öldürəcəklər. Görəsən, bundan sonra kimin növbəsidir? Mənim, yoxsa Abbasqulu bəyin? Bir iş olsa, güllənin dördünü onlara sıxacağam. Biri özümə bəsdir».

İki dəqiqədən sonra Xəlil qayıdıb Abbasqulu bəyin qulağına nə isə pıçıldadı:

– Özləri bilərlər, – deyə Abbasqulu bəy səsini qaldırdı ki, gərginliyi azaltsın.

Xəlil çıxanda qapının dalında yaxalanacağını yəqinləşdirmiş, özünü yığışdırmışdı. Amma heç kimi görməmişdi. Rəsul onu tüstülənən manqalların yanına gətirmişdi. Qışqıra-qışqıra soruşmuşdu:

– Kababı sulu bişirim, yoxsa quru?

– Özün bilən yaxşıdır.

– Soruşuram ki, necə bişirim?

Xəlilin dodaqları yavaş-yavaş tərpənir, Rəsul heç nə eşitmirdi. Axırda onun qulağına tərəf əyilib qışqırdı:

– Sulu bişir, duzunu da çox tökmə!..

Rəsul sonra Abbasqulu bəyin necə yeyəcəyini soruşdu. Xəlil bunu xəbər almaq üçün tez geri qayıtmış, Abbasqulu bəyin qulağına pıçıldamışdı.

Qəmlo Rəsulun qulağını cib bıçağı ilə yaralayıb onu tövləyə qatmışdı. Vəli qonaqları qarşılamağa adam göndərəndən sonra onu tövlədən çıxarmış, qulağını sarıtdırmış, özünə də tapşırmışdı ki, qoçu kəsməyə hazırlaşsın. Dilini-ağzını farağat qoysun.

Rəsul Kərbəlayı İsmayılın qapısında qəssablıq edirdi. Qonaq-qaranı yola salırdı. Səliqəsinə söz ola bilməzdi.

O, şişləri içəri gətirtdi. Ağ lavaşı süfrəyə düzdü. Tikələri lavaşla sivirib qablara tökdü. İşini qurtarıb çıxdı. Kimsə «bismillah» dedi. Amma hamının gözlədiyi Abbasqulu bəy süfrəyə əl uzatmadı.

– A balam, Vəli hara çıxdı?

Bir adam onu çağırmağa getdi, Vəli ilə geri qayıtdı.

Onun ağ çuxasının qızılı vəznələri işıq saçırdı. Kəmərinin, xəncərinin naxışları parlayır, ala-toran otaqda bərq vururdu. Abbasqulu bəy onun bığlarına bir də baxdı, fikrindən keçirtdi ki, hər tərəfi bir qılınc tiyəsinə oxşayır.

Vəli gəlib Abbasqulu bəyin yanında oturdu:

– Çörək yeyin, bəy.

– Biz bura Kərbəlayını görməyə gəlmişik.

– Kərbəlayı sizin gəlişinizdən çox sevinərdi, ancaq Kolanlıya gedib. Yollar qorxuludur. Əzizkənddən yuxarıda qar uçub, yolu kəsib. Odur ki, gəlib çıxmayıb.

Abbasqulu bəy tükü-tükdən seçirdi. Bu qız kimi gözəl oğlanın uydurma söz dediyini başa düşdü. Demək, Kərbəlayı gizlənib.

– Çörəyinizi yeyin, bəy.

Süfrə qarşı-qarşıya oturmuş iki dəstənin arasında boşluq sərmişdi. Ortaya çörək gələndə düşmən dəstələr yaxınlaşdı. Əllər bir süfrəyə uzandı.

Talıbov gözləyirdi ki, Abbasqulu bəy yeməyə əl vurmayacaq. Lakin elə olmadı. Abbasqulu bəy yoldaşlarına təklif elədi, özü də yeməyə başladı.

Adətən elçilikdə, qız istəyəndə söz almaq üçün yeməkdən boyun qaçırırlar. Bura isə o yer deyildi.

– Açığını danışsaq, biz siznən düşmənçilik eləməmişik. özünüz başlayıbsınız, – deyə Abbasqulu bəy üzünü Vəliyə tutdu, – Düzdürmü?

Vəli çiyinlərini çəkdi.

– Əgər düşmən ola-ola sənin qapına ayaq basıramsa, çörəyini kəsirəmsə, bu o deməkdi ki, biz dostlaşa bilərik.

Abbasqulu bəyin sözlərinə doğru-dürüst cavabı təkcə Kərbəlayı İsmayıl verə bilərdi. Heç kim artıq-əskik danışmaq istəmirdi. Vəli tikəsini udub bığlarını sildi, üzünü ona çevirdi:

– Bu, tayfa düşmənçiliyi deyil, bəy, iki adamla ədavətimiz olsaydı, haqq-hesabını çəkə bilərdik.

– Biz namus davasına qalxmışıq, – deyə qoça bir kişi başı əsə-əsə sözə qarışdı. – Deyir arvadları kolxoz eləyib bir dama doldurursunuz, bəy!

– Belə çıxır ki, namuslu-qeyrətli kişi tək sizsiniz, hamı namus-arı itirib.

Abbasqulu bəy daha ağır cavab verərdi, ancaq özünü saxlamalı, səbirli olmalı, yeri gəlsə belə, ağır sözlərə dözməli idi.

– Hirslənmə, boy, doğru söz acı olur.

– Bizim namusumuz da, qeyrətimiz də hamıya bəllidir.

– Qarabağlar camaatını da tanıyırlar… Biz kolxoz olmaq istəmirik. Arvadları, qızları bir yorğanın altına doldurmayacağıq. Kişi kimi yaşamışıq, kişi kimi də öləcəyik .

Vəli qocanı sakitləşdirmək istədi, mümkün olmadı.

Abbasqulu bəy süfrədən qalxdı, Xəlil onun arxasında dayanmışdı. Başlarını dik tutmuşdular. Elə bil meydan oxuyurdular. Talıbov işin bu pilləyə minməsindən narahat olmuşdu.

Vəli Abbasqulu bəylə üz-üzə dayandı, mehribanlıqla dedi:

– Oturun, çörəyinizi yeyin.

– Doyduq.

Bu ikimənalı söz Vəlini sındırdı:

– hər şeyi ürəyinizə salmayın, Kərbəlayı qayıdanda onun tənbehini eləyər.

– Nökər ağanın ağzına baxar. Biz atlanırıq.

– Kərbəlayı bilsə ki, sizi belə yola salmışıq, dərimizə saman təpər.

Abbasqulu bəy onun qolundan tutub camaatdan bir-iki addım araladı:

– Hörmət eləmək istəyirsənsə, Kərbəlayının yerini de. Onu görməmiş qayıdası deyiləm.

Vəli üzüyumşaqlıq edib Kolanlıda olduğunu dedi. And içdi ki, yolları qar tutub. Getmək çətindi. O, ürəyində dolandırdığı sualın yeri olduğunu görüb dedi:

– Silahsız gəlibsiniz?

– Bəli. Dost kimi gəlmişik, düşmən kimi yox.

O, evə getdi, tez də qayıtdı. Gətirdiyi tüfəngi Abbasqulu bəyə uzatdı.

– Öz beşatılanımdı, götürün, lazım olar. Qış vaxtı dağ-daşdan, meşələrdən keçəcəksiniz. Yollar çox qorxuludu, qurd-quş çoxdu.

Abbasqulu bəy kövrəldi, Əlini qaldırıb Vəlinin çiyninə vurdu.

Məclisdə səsini kəsməyən qoça indi də söz atdı:

– Zəmanəyə bax də. Abbasqulu bəy də silahsız gəzərmiş, onun da tüfəngini əlindən alarmışlar.

Bu söz onu ayıltdı. Dişlərini bir-birinə elə sıxdı ki, elə bil sifətinin əzalarını qırmaq istəyirdi. O, bununla ürəyinə yol tapmış zəifliyi, heç kimin hiss etmədiyi kövrəkliyi qovmaq istəyirdi.

– Hamınız silahsız gəzəcəksiniz, – bu sözləri Talıbov dedi. – Bir şeyin ki, sənə xeyri yoxdur, nəyinə gərəkdi!.. Kəndlisən – xışın sapından yapış. Fəhləsən – çəkicdən.

– Ümid ol, bala, tez görərsən. Papağı yerə qoyarıq, tüfəngi yox!

Abbasqulu bəy əlini Vəlinin tüfənginin lüləsində gəzdirdi. Sanki tüfəngi deyil, onun başını sığallayırdı.

Özünü ələ alandan sonra dönüb kölgəsinin dalınca atının yanına getdi. Onun üstü çəkic-oraq düyməli şinelini gətirdilər. Tez də dikəldi, yerini rahatladı, yüyəni yığışdırdı. Yenə də dönüb həmişəki, hamının tanıdığı igid, qəhrəman cüssəli Abbasqulu bəy oldu. At altında oynayırdı. Götürülmək, baş alıb onu aparmaq üçün eşinirdi.

– Sağ ol, Vəli, biz Kolanlıya getdik.

– Yaxşı yol!

Onlar birmərtəbəli evlərin arasından keçən qarlı küçə ilə gedib kənddən çıxdılar. Abbasqulu bəyin kəhəri yoldaşlarının atlarından xeyli qabaqda süzürdü.

* * *

Kərbəlayı İsmayılla Qəmlo Kolanlı kəndinə kəsə yolla gedirdilər. Qalın Xosrov meşəsini keçib gədiyi aşmışdılar. Gün əyilib dağların üstündə, seyrək buludların arasında saçaqsız ay kimi görünəndə kəndə çatdılar. Yolda məsləhətləşmişdilər ki, dustaq saxladıqları adamları dindirsinlər, saf-çürük etsinlər.

Kəndin ortasında, su dəyirmanının yanında, çay daşlarından hörülmüş hündür bir bina vardı. Həyətində tüfəngli adamlar qaynaşırdı. Kərbəlayının qabağına çıxdılar. Atını tutdular, tövləyə çəkdilər, qabağına ot tökdülər. Kərbəlayının gəldiyini eşidənlər onun başına yığışmışdılar. Kərbəlayı təsbehini çıxartdı, muncuqları cütləyib oturdu, şaqqıldatdı. Sonra başını qaldırıb tüfənginin lüləsindən tutub dayanmış adamlardan soruşdu:

– Möhkəm durubsunuzmu?

– Nə durmaq, ağa, yeyib-içib yatırıq. Tüfəngləri də pas atıb. Həzrət Abbasın ala gözləri haqqı, bu təzə hökumət bizdən qorxur.

– Qorxur da sözdür, lap üyüdür!

Kərbəlayı ilə cəsarətlə söhbətə girişən balacaboy «Ayı potası» dedikləri Zülfüqar bir sual da verdi:

– Ağa, başağrısı olmasın, bu qorxaq hökumət Nikolay boyda dağı necə yıxdı?

Sual Kərbəlayının xoşuna gəlmədi. Ancaq cavabını vermək lazım idi:

– Nikolay evini də öz əli ilə yıxdı. Hələ heç kim Kərbəlaya top atmayıb, Nikolay atdı. Bu gözlərimlə görmüşəm. Top gülləsi kəndi, şəhəri xaraba qoyur, gəl ki, müqəddəs dərgahdan cəmisi üç kərpic salıb, elə bil əllə götürüb yerə qoymusan. İndi bu kərpicləri mübarək ziyarətgaha nə qədər hörürlərsə, mümkün olmur. Nikolayın da evini yıxan həmin üç kərpic oldu.

Zülfüqar qurcalandı. Sevincini gizlədə bilmədi:

– Gözünə dönüm bu hökumətin! Dərgahın hayıfını o köpək oğlundan yaxşı alıb. Buna daha heç kimin dişi batmaz.

– Bir yaxına gəl görüm.

Zülfüqar Kərbəlayıya tərəf bir-iki addım atdı:

– Aşağı kəndli Xudaverənin doğranıb quyuya tökülməsini eşidibsənmi?

– Bəli.

Kərbəlayı «onu mən elətdirmişəm» demək istədi, amma demədi.

– Farağat dayan, – deyə ona təpindi, – Bil ki, səni də eləcə qiymə-qiymə doğratdıraram.

– Düz buyurursunuz, – deyə Zülfüqar adətkərdəliklə cavab verdi.

– Nikolayı təzə hökumət yox, göydəki allah yıxdı. Di, rədd ol buradan,küçük!

– Baş üstə!

O dönüb çıxanda Kərbəlayının səsini eşitdi:

– Qor-qoduğu bir-bir bura çəkin.

Soyuqdan titrəyən, üz-gözü bozarmış cavan bir oğlanı içəri gətirdilər. Onun qara gözləri vardı. Sifətinə baxanda təkcə bu gözləri görünürdü. «Ayı potasının» yanında o çürümüş kötüyün böyründən dik qalxmış cavan şivə oxşayırdı.

– Yaxın gəl görüm, bala. Bir az da. Hə, bax, belə. Gözlərim yaxşı seçmir.

Zülfüqar onu dürtmələdi:

– Yeri də, küçük!

Oğlan bir az da qabağa gəldi. Gözlərini hərləyib Kərbəlayının sifətinə dikdi. Zəhmi canını titrətdi.

«Öldürəcək… Bilir, hər şeyi bilir, bu işdən keçməz, bağışlamaz. Onu yaxşı tanıyıram».

Kəndin üstündəki qayalığa, qayalıqdakı oyuğa bir ailə sığınmışdı. Oyuğun qabağı hörülmüşdü, bir pəncərə, bir qapı qoyulmuşdu. Deyirdilər bu evdən dağların altına lağım var. Orada gözəllik bulağı var. O qızın üzünü bu bulaqda yuyublar. Əvəzsiz gözəl olub. Bulaq məsələsi əfsanə idi. Onu Bəylər özü uydurmuşdu. Axı kənddə bu qızdan gözəli yox idi. Onun nişanlısını öldürməyə heç kəs cürət eləmirdi. Onun nişanlısını öldürmüşdülər. Toy görməmiş qara geyinib. Ona nişanlısı yox, qara bəxti qollarını açıb.

Qız Kərbəlayı İsmayılın gəlini olmalı idi. İş elə gətirdi ki, Yadullanın nişan üzüyü barmağında qaldı. Kərbəlayı əvvəllər Novruz bayramında, əziz günlərdə ona pay göndərərdi, xonça bəzətdirərdi. Yadulladan sonra isə onu qara bayramlarda yada salırdı. Xonçaların üstünü qara kəlağayı ilə örtdürürdü.

Əvvəllər Bəylər evlərindən birbaşa kəndə enərdi. Bir yeri tərləyəndən sonra yolunu dəyişmişdi. Daxmalarının qabağından başlayan yol qızın yaşadığı evin qarşısındakı laləliyi kəsib keçir, kəndin o biri başındakı kənd şurasının yanına enirdi. O, beş-üç ağsaqqal yığıb Kərbəlayının yanına getmək, qızın icazəsini almaq istəyirdi.

Kolxozlar qurulanda, varlılar tutulanda Bəylər fikrindən dönmüşdü. O, Kərbəlayının torpaqlarını həvəslə ölçüb kolxoza götürürdü. İcazə məsələsi yadına da düşmürdü. Laləlikdən keçən cığır getdikcə daha çox ağarır, bərkiyir, əsl yola çevrilirdi. O, daha cəsarətli addımlayırdı. Sinfi düşməndən icazə istəməyəcəkdi ki! Bu, onun adına yaraşmazdı. Bəylərin ürəyindəkilərdən qızın xəbəri yox idi.

– Demək, komsomolsan, hə?

Oğlan susurdu.

Qəmlo dirəyə söykənib baxırdı. Bəylər onun qaranlıq meşədə pələng bəbəkləri kimi yaşıl bir alovla yanan gözlərini gördü. İki əllə iki tərəfdən tutulub dartıldığını, çənəsinə isti bir şeyin axdığını hiss etdi.