banner banner banner
Qarlı aşırım
Qarlı aşırım
Оценить:
Рейтинг: 0

Полная версия:

Qarlı aşırım

скачать книгу бесплатно


– Anası deyirmiş ki, mənim oğlum komsomol Bəylər dördböyrəkdir. Kərbəlayının torpağına urlekta qoyur, ölçüb kolxoza götürür. Diqqət verir ki, birdən əskik çıxar. Hə, necə oldu sənin dörböyrəyin? Dodağın dörd yerdən partlayıb.

Qəmlonun ayı pəncəsinə oxşayan uzun, qara dırnaqlı sol eli Bəylərin sifətini örtdü. Sanki gözlərinin qabağına qaranlıq çəkdilər. Qəmlonun sağ əlinin tili boynuna küt balta kimi enəndə bu qaranlıqda parlaq ulduzlar uçuşdu. O, çul kimi yerə düşdü. Burnundan açılan qan dodaqlarının qanına qarışdı. Qəmlo tapançasını siyirdi, çaxmağı baş barmağı ilə geri basdı.

– Dayan!

Kərbəlayı İsmayılın səsi onun qolunu boşaltdı. Qəmlo tapançanı bacaya tuşlayıb tətiyi çəkdi.

Dustaqlar qaranlıqda oturub gözlərini qapıdan düşən zolaq-zolaq işığa dikmişdilər. Tapançanın gurultusunu onlar da eşitdilər. Yoğun bir səs dedi:

– Gədəni vurdular.

Qız səsinə oxşayan səs ona cavab verdi:

– Yox, güllə boşa getdi. Ətə dəysəydi, belə vıyıldamazdı.

– Bədbəxtin əti qalıb ki!..

Xırıltılı səs də söhbətə qoşuldu:

– Onun anasının başına görən nə gəldi?

– Deyirlər Qəmlo nəsə eləyib.

Kərbəlayı Zülfüqara tapşırdı ki, oğlanın üst-başından peyin qoxusu gəlir, əl-üzünü yusun, özünü də sürüyüb çölə qoysun.

Qaranlıq birdən-birə düşmüşdü. Ay işığı mavi rəngə çalan qarın üstündə parıldayırdı. Bir az aralıda dəyirmanın binası və yumru pəri qaralırdı. Soyuq, solğun işıqda meşəli, qarlı dağlar seçilirdi. Meşənin bir tərəfi qapqara idi.

Üzünə soyuq hava dəydikcə Bəylər ayılırdı. Qıvrılıb zarıyırdı.

O qalxıb oturdu. Gözlərini ovuşdurdu:

– Mən hardayam?

– Cənnətin qapısında.

Onu bir də içəri apardılar. Kərbəlayı bu dəfə səsinə mülayimlik verdi:

– Bala, sən uşaqsan. Yoldan çıxardıblar. Atan yerdə kişiyəm, iki gün qızışdırmaqnan mənim də üzümə ağ olmuşdun. Neynək, sənin günahından keçərəm. Qoy sənə də tüfəng versinlər, qoşul bizim uşaqlara. Nə deyirsən?

– Axı mən ikiüzlülük eləyə bilmirəm, Kərbəlayı, gərək heç özün də məsləhət görməyəsən.

– İkiüzlü niyə olursan: əvvəl başa düşməyibsən, biz də səni bağışlamışıq.

Bu saat bir nəfər də onlar üçün böyük qüvvə idi. Beş-altı kəndin hərəsində əlli-altmış kişi vardı. Onların da yarısı yaxasını kənara çəksə, o, düşmən qabağına kimi göndərəcəkdi?!

– Yox, Kərbəlayı, bacarmıram!

Qəmlo bu dəfə onun arxa tərəfində dayanmışdı. Qollarını qaldırdı. Hər yumruğunu onun bir çiyninə endirdi. Bəylərin gözləri qabağında naxışlı corablar, sivriburun çarıqlar o tərəf-bu tərəfə keçdi. Adamlar dirəyə bənzədilər. Xırda başlar, hisli, qurumlu pərdilərin altında dayandı.

– Bu it küçüyünü götürün, yola gələr.

Bəyləri apardılar. Ortaboylu, turp kimi qırmızı, bığı və saqqalı küləş rəngində adamı içəri gətirdilər. Əyni-başı cırıq-cırıq idi.

– İman, gəldin?

– Bəli, Kərbəlayı, gəldim.

– Bir mənə açığını de görüm, möyürü, ştampeli neynədin?

– Onlarla iş düzəlirsə, yerini deyim. Axı Şura hökuməti bir möhür, bir də ştampel deyil, onun paytaxtı var, qoşunu var, bayrağı var, topu-topxanası var. Mən Şura hökuməti deyiləm ha, tutasınız, hər şey bitə.

İman kənd Şurasının sədri idi.

– Sənin gözünün qabağında Şura hökumətini yıxacağam, ay İman. Qapından bayraq asmışdın ha, bax orda öz bayrağımı qaldıracağam.

– Hələ ki, qaldırmayıbsan, qaldıranda deyərsən.

– Qaldıraram! Hər şeyin vaxtı var.

– Hökumət ki, var, dovşanı araba ilə tutur. Özü də işini-gücünü buraxıb onun dalına düşmür. Əvvəlcə, hər bəndibərəni bağlayır.

Söz Kərbəlayını götürdü. «Abbasqulu bəyin gəlməsi də elə bənd-bərə bağlamaqdı».

– Sən mənim çörəyimi ayaqladın, İman. Sənə o yerə qədər dəyməyəcəm ki, günahlarını boynuna alıb xəcalət çəkəcəksən.

– Mən hazır-müntəzir oturub gözləyirəm. Oki qaldı xəcalət məsələsinə, onu gözləmə. O vaxt ixtiyar mənim əlimdəydi, istədiyimi eləyirdim. İndi də ixtiyar sizin əlinizdədir. Burda yalvarmaqnan, xəcalət çəkməknən iş düzəlmiyəcək. Sabah təzədən öz yerimə qayıtsam, yenə əvvəlki adam olacağam.

Kərbəlayı özünü elə göstərdi ki, guya onun sözlərini eşitmir və ya bu sözlər ona təsir etmir.

– Aclığın var?

– Yoxdur. Yaxşı-yaxşı yedirdiblər.

– Gözünün içinə kimi yalan deyirsən. Ay uşaq, buna çörək verin.

İman qapıdan çıxarılmamış geri çevrildi. Onu dövrəyənləri yarıb Kərbəlayıya tərəf gəldi:

– Mənə çörək lazım deyil. Səndən tək bir təvəqqəm var.

– Buyur.

– Biz düşmənik. Məni bu saat öldürə də bilərsən, kef sənindi. Nə eləsən, öz işindi. Qolçomaq olubsan – öz yerində. Mənim dediklərimi yaltaqlıq, yaranmaq bilmə. Sən elin namusunu qoruyubsan – öz namusun bilibsən. Düşmən də olsaq, külfətimi sənə ümid oluram. Ədavətin varsa, özümü öldür, qiymə-qiymə doğra, hər şaqqamı bir darvazadan as. Namus məsələsi ağırdı. Bir də ki, bu dünya çərxi-fələkdi, hərləyib gətirir.

– Kişi kişinin namusuna toxunmaz, İman!

– Sağ ol, Kərbəlayı, mənə bircə bu kəlmən lazımdı.

İman onu dustaqxanaya aparan adamların qabağına düşdü.

* * *

Atlılar sükut içində dayanıb təpənin üstündəki göy kaşılı günbəzə baxırdılar. Kərbəlayının oğlu Yadullanın qəbri idi. Hər dəfə qara bayramını keçirəndə burada qulplu yeddi qazan asılardı. Yeddi qoyun kəsilərdi. Şivən səsi dağlara düşərdi. İndi qəbrin hər tərəfini qar örtmüşdü. Yoldan keçən yalquzaq izi günbəzin aşağısında dərəyə enib yoxa çıxırdı.

Abbasqulu bəy burdan tez uzaqlaşmaq istədi. Ağır bir duyğu ürəyinə hakim kəsildi, onu əzdi, Kərbəlayı oğlunu unudub. İldə bir dəfə yeddi qazan asmaq onun ruhunu əziz tutmaq deyil. Əgər başını aşağı salıb öz işini görsəydi, bu hoqqanı çıxarmasaydı, doğrudan da demək olardı ki, Yadullanın müsibətindən nəticə çıxarıb.

Yollarına davam etdilər. Cığırda qar atların topuğuna çıxırdı. Onlardan qabaq bu yolda kimsə getmişdi. İzi təzə qar örtə bilməmişdi. Şaxta sınmışdı. Arabir günəş də görünürdü, sonra mahlıc pambığa bənzəyən buludlar hər tərəfi örtdü.

Xəlil «Ərəbin» ayaqları altında qovurqalanan qara baxıb fikirləşdi ki, gecə donacaq. Fikirləşdi ki, elə hər şey belədi. Əvvəl ürək də yumşaq olur, çətinliyə rast gələndən sonra bərkiyir.

Yol çaydan uzaqlaşmışdı. Yarılıb yarısı tökülmüş, bir tərəfi isə şaqqalanmış yarğanın böyründə qarın içində nəsə tərpəndi. Xəlil atdan düşdü. Yüyəni yalın üstünə atıb kökləri yarğandan çıxan palıda tərəf qaçdı.

– Ədə, nə oldu?

Xəlil dinmədi. Dizə kimi qara bata-bata iri daşın dibinə tərəf getdi, tullandı, əlinə heç nə keçmədi. Dizlərini yerə verib qalxdı. Özünü ikinci dəfə atdı. Qarın üstündə uzanıqlı qaldı. Sonra əllərini hər iki tərəfdən gətirib daşa sığınmış quşu tutdu. Xına gözlü, qırmızı ayaqlı kəkliyin ürəyi elə tez-tez döyünürdü ki…

Qara kəkliyə bir-bir baxdılar – ilk dəfə görmüş adamlar kimi. Xəlil ürəyindən keçirtdi ki, Nəriman böyük olsaydı, ona aparardım. Talıbov fikrini gizlətmədi:

– Yaxşı yeməli əti olar, – dedi.

«Quşlar yazıq məxluqdu, xüsusən gözəl quşlar. Şöhrətləri də böyükdür, bəlaları da. Hamı kəklik, qırqovul əti yemək istəyir. Sərçə heç kimin yadına düşmür» – deyə Abbasqulu bəy fikirləşdi. Bir söz deməsə də istəyirdi ki, quşu buraxsınlar. Kəklik qayada oxuyanda daha gözəl olur, Xəlil quşu gödəkcəsinin altından döşünə qoydu.

Yol dikə qalxdı. Onlar çayın uca, əlçatmaz sahilində idilər. Yol buradan aşağı enir, dərədə yoxa çıxır, yenidən qalxır, hərlənib kəndə girirdi. Aşağıda Dəhnəz kəndinin alçaq, yastı damları görünürdü. Bacalardan çıxan göy tüstü dümdüz göyə millənmişdi. Tüstülərə görə evləri saymaq olardı. Qayalardan yuxarıda tüstülər bir-birinə qarışırdı. Adama elə gəlirdi ki, kəndin başı üstündəki buluddan bal kimi süzülən tüstülər bacalara çatanda nazilir, axıb sobalara gedir.

Günəş batırdı. Göy rəngli, sazaqlı axşam çökürdü. Kənddən baxan olsaydı, aşırımda üç atılının siluetini görərdi. Onlar məsləhətləşdilər. Gecəni Dəhnəzdə qalmağı qərara aldılar. Xəlilin burada dostu vardı. Onların evində gecələyərlər, beş-üç adamla söhbət edərlər, vəziyyəti öyrənərlər.

Kəndin girəcəyindəki birinci evin yanında gərmə qalası hörülmüşdü. Pəyədən çıxan peyini yolun üst tərəfinə sərdiklərindən yağan qar sapsarı olmuşdu. Atlar bu sapsarı yerdən keçəndə orada dənlənən sərçələr uçub qalağın içinə dolmuşdu. Divarın o tərəfində zəncir cingildədi. İt hürdü. Onlar bir neçə ev keçdilər. Xəlil atını hasara yaxınlaşdırdı:

– Səməd, ay Səməd, – deyə çağırdı. Peyin dolu səbəti kürəyinə almış kişi pəyədən çıxdı. Səbət buğlanırdı.

– Allah qonağı istəmirsən?

O, bir söz demədən səbəti yerə qoydu. Söyüd şivlərindən hörülmüş həyət qapısını itələyib açdı. Xəlil Abbasqulu bəyin tənəli baxışları altında sıxıldı: yəni bizi niyə belə soyuq qarşıladı sənin dostun. Atdan düşüb onunla döş-döşə dayandı.

– Bu necə qonaq qarşılamaqdı, Səməd?

Ev sahibi yenə də cavab vermədi. Yeriyib Abbasqulu bəyin atının cilovundan tutdu.

Abbasqulu bəyi hər yerdə açıq ürəklə, gülərüzlə qarşılamışdılar. Bu isə qabağına candərdi çıxırdı.

Atdan düşdü, cilovu ev sahibinə verdi. Əllərini, qulaqlarına sürtdü, başının hərəkəti ilə Talıbova «düş» dedi. Xəlil atı həyətdə gəzdirdi.

– Atlar acdı, Səməd.

Səməd pəyənin üstündəki qarlı ot tayasına baxdı.

– Bir şey tapıb verərəm.

Onun soyuq danışığı hamının üstünə soyuq su çiləmişdi. Geri də qayıda bilərdilər. Ancaq iş o yerdən keçmişdi.

Arvad evdən samovar çıxarıb od saldı. Gözünə qədər üstdən, burnuna qədər altdan yaylıqla üzünü örtmüşdü. Dudkeşdən yuxarıya qalxan alov onun yaşmaqdan çölə çıxmış burnuna işıq salanda qayıdıb evə girdi.

Abbasqulu bəy Xəlilin pencəyinin düyməsindən tutub dedi:

– Köhnə dostla təzə dost məsələsini bilməmiş olmazsan. Deyəsən, sənin dostun da təzələrdəndi.

Xəlillə Səmədin dostluğu onlara atalarından qalmışdı. Hərdənbir gedib-gələrdilər.

İçəri keçdilər. Səməd evdə dönüb özgə adam oldu. Təzədən hamısı ilə bir-bir görüşdü. Dili ağzına sığmadı.

– Mənə fikir verməyin, mürdəşir yumuş Qəmlonun burda bir adamı var. Qonşu həyətdə durub bizə baxırdı. Sabah hər şeyi qoyacaq onun ovcuna.

Kiçik bir otağa girdilər. Ev soyuq idi. Səməd buxarını yandırdı. Evin havası isinənə qədər sinidə köz gətirdi, ortalığa qoydu ki, əllərini qızdırsınlar. Döşəkcə düzdü ki,otursunlar.

– Əl-ayağa düşmə, de görək kənddə nə var, nə yox?

– İşlər xarabdı, Abbasqulu bəy. Gündə bizi xırman yerinə yığıb zəhləmizi tökürlər ki, gərək silah götürək. Heç kim də istəmir.

– İman hardadır?

Səməd İmanın həbs edilməsindən, komsomolçu Bəylərin anasının yoxa çıxmasından, ətraf kəndlərdəki cavanlara Kolanlı kəndində təlim keçilməsindən danışdı.

– İşlər korlanıb, Abbasqulu bəy. Qıtlıq çəkirik. Allahın kibriti nədir, onun da üzünə həsrətik. Qonşu qonşuya od verəndə elə bil at bağışlayır.

– Kərbəlayı İsmayıl bir kibrit fabriki açsın da.

Səməd bu sözü deyən Talıbova tərəf dönüb güldü:

– A başına dönüm, nə qədər dəmir qapılı olsan, yenə də taxta qapılıya işin düşəcək.

– Qonşuların nə fikirləşir? – deyə qabağı ulduzlu şapkasını çıxardıb yükün üstünə qoyan Xəlil söhbətə qarışdı.

– Heç nə. Arada qırğına gedən biz olacağıq.

Xəlilin çəkməsinin üstünü qat kəsmişdi, ayaqlarına su keçmişdi. O, buxarının qabağında oturub corablarını qurutmağa başladı.

At Talıbovu yormuşdu. Yanları yara olmuşdu. Dincəlmək üçün, xır torpağa girən kimi, dirsəyini mütəkkəyə sancmış, böyrü üstə uzanmışdı.

Abbasqulu bəy Səmədə dedi:

– Gör qonşulardan bura çağıra bilərsənmn?

– Axşamlar bir yerə yığışmaq adətimizdi. Gecə uzundu, nağıl deyənimiz də var. Dan üzünə qədər ona qulaq asırıq. Bir azdan gələcəklər. O şeytan köpəyoğlu da özünü salacaq bura.

Axşamdan az keçmiş Səmədin evinin dal divarını daşla döyüb onu çağırdılar. Getdi. Qonaqlar üst-başlarını sahmana saldılar. Talıbov oturdu, bu dəfə sol dirsəyini özünə dayaq elədi, bir iş baş versə, tapançanı tez çıxara bilərdi.

Dəhlizdə səs-küy, ayaq tappıltısı eşidildi. «Keçin, keçin», – dedilər. Otağa dörd-beş adam girdi. Qabaqda qoca ağsaqqal, alçaqboylu bir kişi vardı. Əllərini döşünə qoyub baş əydi. Abbasqulu bəy onu görüb ayağa durdu, qoca ilə görüşdü. Kefini, halını xəbər aldı, dolanacağı ilə maraqlandı. Qocanın kirpikləri arasındakı parıltı artdı. Adı dillər əzbəri olan Abbasqulu bəy onu görüb qalxırdı. Necə də sadədi, uşaq kimidi.


Вы ознакомились с фрагментом книги.
Для бесплатного чтения открыта только часть текста.
Приобретайте полный текст книги у нашего партнера:
Полная версия книги
(всего 10 форматов)