banner banner banner
Qarlı aşırım
Qarlı aşırım
Оценить:
Рейтинг: 0

Полная версия:

Qarlı aşırım

скачать книгу бесплатно


– Bu da mənim firqə biletimdir. Sizinkiləri də onun yanına qoyacağam, qorxmayın, etibarlı yerdədir.

– Biz biletli də, biletsiz də bolşevikik. Bunu Kərbəlayı İsmayıl da yaxşı bilir. Onu cibimizdən çıxarmaqnan heç nə dəyişmir. Amma yaxşı deyil. Özümüzə etibar eləyib göndərirsiniz, bileti isə…

Abbasqulu bəy bu sözdən sonra döş cibindən ipək dəsmala büküb saxladığı bileti çıxartdı. Şabanzadənin stolunun üstünə qoydu. Xəlil də bu işi, Abbasqulu bəy kimi çox könülsüz gördü.

* * *

Təpənin üstündə tək-tək qalmış dişlər kimi görünən qəbir daşları saralırdı. Üç atlı bu daşların arasından keçən yolla gedirdi. Meşin pencəkli adam şəhərdən gəlmişdi. Atını qabaqda sürürdü. Onun dalınca Abbasqulu bəy.

Şabanzadə Talıbova demişdi: «Etibarlı, igid adamlardı. Bu barədə arxayın ola bilərsən. O ki qaldı danışıq məsələsinə, birinci söz sənindi. Məsləhətim budur ki, onları eşidəsən, heç bir şey itirməzsən. Onlar kitab oxuyub bolşevik olmayıblar, həyatın içində bişib çıxıblar».

Təklikdə isə Abbasqulu bəyə pıçıldamışdı: «Tapşırıq belədi ki, Talıbovu yaxşı-yaxşı qoruyasınız. Lazımlı adamdı».

«Demək, belə çıxır ki, biz iki adam onu qorumağa gedirik», – deyə Abbasqulu bəy ürəyində gileylənirdi.

Yol dərəyə endi. Ensiz çayın kənarı ilə uzanıb gedən yarğan kiçik, alabəzək çay daşlarından hörülmüş divara oxşayırdı. Ordan-burdan çürüyüb qaralmış qarnıyarıq kolu, biyan kökləri sallanırdı. Buz salxımları asım-asım olmuşdu. Çayı keçdilər. Yarğanın arasından düşən yol onları geniş bir düzə çıxartdı. Səssiz-səmirsiz gedirdilər.

Xəlil çilovu yəhərin qaşına keçirmişdi. İri göy xalları olan ağ at yorğa yerişlə onu götürüb gedirdi. Xəlilin çöhrəsində yorğunluq var. Gördükləri, eşitdikləri onu yormuşdu. Qalın çatma qaşları dartılmış, alnı qırışlanmışdı. Qara eşmə bığında bir düyün ilişib qalmışdı. Ağarırdı. Abbasqulu bəygildə plov yeyəndən sonra evə gəlmişdi. Atın başına torba keçirmişdi, içəri girmişdi. Evin ortasında, təndirin üstündə kürsü qoymuşdular. Hərə bir tərəfdən cecim yorğanı sinəsinə çəkib ayaqlarını hələ tamam soyumamış təndirin badına söykəmişdi. O, evə ayaq basanda yorğanın altına elə bil əqrəb doldu, hər tərəfdə istidən pörtmüş sifətlər göründü. Bir-birinə bənzəyən oğlanlarının qara gözləri parıldadı. Təkcə arvadı qalxmadı. Onun halı yox idi. Körpənin səsi gəlirdi.

Xəlil yorğanın ucunu qaldırdı, uşağın üzü göründü, kiçik, bir yerdə qərar tutmayan barmaqlar sanki kimi isə çağırdı. Sonra yumruqlarını gözlərinə sıxıb ovcaladı, əsnədi. Dodaqları bir-birinə çatmamış ağladı. Rəngi çiyələyə döndü. Gəlin qırxlı körpəni sinəsinə tərəf çəkdi.

Xəlil onun yanında oturdu. Arvadını həyəcana, təşvişə salacaq xəbəri bacardıqca sakit, təmkinlə deməyə çalışdı.

– Uzaq gedirəm, Əhmədin qızı.

– Xeyirdi?

– Xeyir olmağına xeyirdi.

«Bəs onda niyə belə tutqunsan, bikefsən?»

– Səfərin haradı?

– Kərbəlayı İsmayılın yanına gedirik.

Uşaq kürlük eləyir, onların səsini batırırdı, ancaq gəlin elə bil uşağın ağlamağını eşitmirdi.

– Çoxsunuz?

– Üç adamıq.

– Yoldaşların kimdi?

– Abbasqulu bəydi, biri də şəhərdən gəlib.

«Abbasqulu bəy…» Bircə bu kəlməni eşitdi. Bu adın doğurduğu arxayınçılıq sonrakı kəlmələri eşitməyə mane oldu.

– Bəs onda niyə bikefsən?

Xəlil bircə bu suala cavab verə bilməyəcəkdi. Duman-çən dağların başını xəbərsiz-ətərsiz alan kimi qəm-kədər də onun sir-sifətində, iri giləli qara gözlərində məskən salmışdı. Xəlil səngərə, güllə qabağına gülə-gülə getmişdi. Bəs indi ona nə olub?

Pencəyinin yaxasını çevirdi, yumru dəmir vinti burub açdı. Orden əlində gəldi. Əyildi. Ordeni körpənin bələyinə bərkitdi:

– Ədə, kişi, bunu sənə etibar eləyirəm, itirməzsən ha!..

Gəlin elə qalxdı ki, təzəcə uyumuş körpənin damağı döşünün giləsini göynətdi. Körpə ağladı. O, Xəlilin gülümsəyən sifətini ucada, başı üstündə, qara pərdələrin arasında gördü. Bu gülüş ona uzaq göründü. Lap uzaq.

– Bu nə işdir, Xəlil?

O, gəlini sakitləşdirmək üçün əlini şəstlə bığına çəkib yenidən güldü. Bu gülüş də yersiz çıxdı.

– Qalxma, özünü soyuğa verərsən. Mən bu saat gedirəm. Eşit də… Durma, üstünü ört, uşaqda gözün olsun. Havalar soyuq keçir… Abbasqulu bəylə kişiyə ad tapmışıq axı: Nəriman. Abbasqulu bəyin məktəb yoldaşı olub. Maşallah, böyük adam olub. Hə, adıyla yaşasın…

O, uşağı göyə qaldırdı, üzünə baxdı, anasının qucağına qoydu. Əllərində tutanda kirimişdi, anasına qaytaranda isə yenidən ağlayırdı.

Xəlil dayanıb bir dəqiqə də baxdı, sonra geri baxmadan qapıya tərəf addımladı…

Onun mindiyi at geridə gəlirdi. Xəlil düzlərə baxırdı. Altındakı torpağın sinəsi kimi əyri-üyrü görünən qar zərrə-zərrə parıldayırdı. Əvvəl bu torpaqlar Abbasqulu bəyin idi. Kolxoza verib. Xəlil yazda bu yerlərdə taxıl əkdirmək istəyirdi.

Abbasqulu bəy həmişə bu zəmilərdə buğda əkdirirdi. Çayın suyunu buraya bu təpələrin döşündən keçirib gətirirdi. Dədə-baba arxı idi, hər il təmizləyirdilər.

Xəlil ürəyində dolandırdı ki, elə indi bu barədə Abbasqulu bəydən məsləhət istəsin.

Abbasqulu bəy ondan aralı idi. Atını Talıbovla qoşa sürürdü.

Talıbov şəhərdən çoxlu qəzet gətirmişdi. İçində barama kağızı kimi saralanı da vardı, qat kəsəni də, şaxı hələ pozulmayanı da. Şabanzadənin kabinetində bu qəzetləri başı üstünə qaldırıb demişdi:

– Bizim silahımız var. İsti silahları təhvil verin!

– Necə? Bizi tərk-silah edirsiniz?

– Biz oraya ölməyə yox, öldürməyə gedirik.

– Elə isə silahı niyə təhvil verək? Sözünün canını de.

Bu sözdən sonra həvəs və maraq dolu xırda, diri gözlərini növbə ilə onların üzündə gəzdirmişdi.

– Biz öldürməyə gedirik – qəzetlə, təbliğatla! Onların çürük fikirlərini bunlarla məhv edəcəyik! Qoy anlasınlar ki əyri yola düşüblər.

– Ay Qəmlonu qəzetlə öldürdük ha!..

– Öldürərik! Hələ bunlardakı güc sizə məlum deyil.

Abbasqulu bəylə Talıbovun arasındakı belə atmacalı danışıq çox çəkmişdi. Axırda Abbasqulu bəy qalxıb mauzerin qayışını başından çıxartmış, onu da partiya bileti kimi, Şabanzadəyə təhvil vermişdi.

Bu əhvalatdan xeyli əvvəl Talıbov Abbasqulu bəylə Xəlilin şəxsi işlərini qabağına qoyub vərəqləmişdi.

– Heç bu bəydən gözüm su içmir, – demişdi.

– Ondan şübhələnməyə əsas görmürəm, – deyə Şabanzadə cavab vermişdi. Adamlar ona inanıb, bütün bir eli daşnak polklarının arasından keçirib, «Qırmızı tabor» dəstəsi toplayıb, Naxçıvanda, Zəngəzurda, Dərələzdə vuruşub. Bu yerlərdə Şura hökuməti qurub. Öz torpaqlarını da kolxoza verib. İndi də ki, nəhəng sement zavodu tikir. Kaş onun kimi kommunistlərimiz çox olaydı.

Talıbov yarısı göy, yarısı qırmızı karandaşı ilə «Abbasquludan» sonra gələn «bəy» kəlməsinin altından qırmızı xətt çəkmişdi:

– Faktdı, ya yox?

– Fakt olsa da, mən onu bu kəlmə ilə yox, ürəyinə görə tanıyıram.

Talıbov dönüb katibin gözlərinin içinə diqqətlə baxmış, lakin onun qətiyyəti qarşısında yumşalmışdı:

– Siz nə üçün bu məqsəddən ötrü onu seçibsiniz?

Katib cavab verməkdə gecikməmişdi:

– Böyük nüfuz sahibidir. Kərbəlayı İsmayıl ondan başqa heç kimi eşitməz.

– Onun qiyamçıları döndərəcəyinə zəmanət verirsinizmi?

– Bəli.

– Yaxşı, bizim bu söhbətimiz barədə ona bir kəlmə də danışmayın. Oldu?

Şabanzadə onun sözünə başı ilə cavab vermişdi. Ürəyində isə Talıbova gülmüşdü: «Hələ çiysən, – demişdi, – bişməlisən».

Talıbov isə fikirləşmişdi. «Qoy bu da bir sınaq olsun, onsuz da ailəsi, uşaqları buradadır. Biz heç bir şey itirmirik. Bu sınaqdan yaxşı çıxsa, birdəfəlik inanmaq olar».

Həmin axşam qonaq evinin dar, qaranlıq dəhlizində balacaboy, köhnə şinelə bürünmüş bir adam onun qabağını kəsmişdi:

– Heç bilirsiniz Xəlil kimdi?

Bu nagahani görüşdən xoflanan Talıbov əlini cibindəki tapançaya atmış, sonra soruşmuşdu:

– Kimdi?

– Terrorçu. Mən firqəçiyəm. Bu sözü hamının yanında da deyərəm. Elə bilməyin ki, onun dalınca danışıram. Yox ha!..

Talıbovun onu maraqla dinlədiyini görüb sözünə davam etmişdi:

– Bir kəndxudamız vardı. Xəlil qohum-əqrabası ilə köhnə dəyirman arxına dolub kişini gülləyə basdı. Bu sinfi mübarizədi? Terrorçuluqla inqilab bir araya sığar? Yazığın meyiti də çaylaqda qaldı. İndi özünüz deyin, terrorçuları partiya sıralarında saxlaya bilərdikmi? Sosializmi terrorla qurmaq mümkündürmü? Bunu mən sizdən soruşuram, yoldaş Talıbov. Bolşeviklər partiyasının sıravi üzvünə konkret cavab verin.

– Kəndxuda ölüb. Cəhənnəmə ölsün! Gedib indi də onun sümüklərini axtaracağam?! İşim çox az idi. Biri də bu tərəfdən çıxdı.

Başları top kəsilmiş toxmacarlığa çatanda Talıbov o adamı, həmin söhbəti xatırladı. Atın başını çəkib Xəlillə bərabərləşdirdi. Ondan soruşdu:

– Yoldaş sədr, kəndxudanı niyə öldürdün?

Qəfil sual Xəlili ayıltdı. Ancaq tez cavab qaytarmadı. Atlar yaxınlaşdıqca uçub qabağa düşən qarğaya baxa-baxa:

– Bu sualı mənə çox veriblər, – dedi.

– Demək, siz terrorçuluq eləyirsiniz?

– Hə! Bizim Xəlil terrorçunun yekəsidir, – deyə Abbasqulu bəy ürəkdən güldü. Bu sualı ona «təmizləmə komisyonu» da vermişdi. Cavabında da demişdi ki, padşahı siz öldürdünüz, kəndxudanı da biz. Pis elədik? Şura hökumətini tez qurduq da!..

– «Təmizləmə komisyonu»ndan da keçmisən, Xəlil!

– Bəs necə! Komissiya o təzə aparat kimi… adı nədir onun, Abbasqulu bəy?

– Rentgen. Düz deyir. Rentgendəki kimi adamın bu tərəfindən elə baxırlar o tərəfi görünür. Tərtəmiz çıxdı. Bir ləkə də tapılmadı. Kəndxuda məsələsi də qondarma idi.

«Komissiyadan keçibsə təhlükəsi yoxdur», – deyə Talıbov fikirləşdi.

– Keçmişdə nə iş görübsən, Xəlil?

– Torpaq becərirdim.

Atlar baş alıb gedirdi. Dağlar ağ, düzənlər ağ, kəndlər ağ idi. Yalnız geniş düzənlikdəki üç atlı qaralırdı, birdə dağ silsiləsinin zirvələrindəki qar dayanmayan nəhəng uçurumlar boz rəngə çalırdı.

Qara qayanın qabağına çıxanda Talıbov atın başını çəkdi. Məsləhətləşmək məqamı yetişmişdi, amma Abbasqulu bəy heç bir söz demədən qabağa düşdü. Uzun, boz şinel dizlərini örtmüşdü. Ətəkləri atın tərindən islanıb buz bağlamış, gümüş kimi parıldayan üzəngiyə yapışmışdı. Mahud şapkasının günlüyü altından baxan zəhmli gözləri atın yalına dikilmişdi. Bu kəhəri o, üç-dörd il idi ki, minirdi. Atın yalını isə sanki indi görürdü. Xına rəngli yal o tərəf-bu tərəfə aşır, eşilirdi. Elə dolaşıqdı ki…

At aşağı endi. Daşlı cığırda ehmal-ehmal yeridi. Əyilmiş nalı buzu şüşə kimi çilik-çilik elədi. Yerdə buzun duza bənzər ovuntusu qaldı.

Xəlil də atını sürdü. Talıbovla bərabərləşdi. Baxışdılar. Xəlil hiss etdi ki, Talıbovun halı dəyişib. Kənddən çıxanda belə deyildi. Əvvəl qabağa düşən indi yüyəni dartır, geri qalırdı.

Talıbovun ürəyindən qopub gələn bir səs deyirdi ki, o, Abbasqulu bəyə inanmasın, dar ayaqda, ölüm məqamında Kərbəlayı İsmayılın tərəfinə keçə bilər.

Budunda tapançanın soyuq təmasını hiss edib qolunda qüvvə duydu. Onlardan gizlin silah götürdüyünə görə özünə haqq qazandırdı.

Bundan sonra üçüncü at da nişangahın qabağından keçmək üçün aşağı endi.

* * *

Daşlar diyirlənib aşağıdakı qayalara dəydi. Dərədə gurultu qopdu. Bu, dağ uçqununun səsinə bənzəyirdi. Keşikçi gözlərini açdı. Daha mürgüləmək vaxtı deyildi. Tüfəngi üzünə qaldırdı. Çaxmağa əl atdı. At fınxırtısı eşitdi. Qayanın arxasından atın qulaqları, alnına tökülmüş xına rəngli yalı, geniş açılmış burun pərləri göründü. At ehtiyatla yeriyir, hərlənən səhnələrdəki kimi yavaş-yavaş böyüyür, bütövləşirdi.

– Kimsən, dayan, vuracağam!

At elə kişnəyirdi ki. Keşikçi tüfəngin qundağını çiyninə söykəyib çaxmağı nə qədər dartdısa, yerindən tərpədə bilmədi. «Kərbəlayı anamı ağlar qoyar…» fikri beynindən ildırım kimi keçdi.

– Ədə, Rəsul!

Onun çağırdığı adam qayanın kahasında ocaq qalayıb qızınırdı. Əllərini quş qanadı kimi alovun üstündə qoşalaşdırmışdı. Kirpiyə oxşayan gəvən kolu arabir tüstülənir, kötüyün ucuna yığılan köpük cızıldayır, buğlanırdı. Gəvənin asqırdıcı iyi daşın dalında dayanmış keşikçiyə çatırdı. Lakin onun çağırışını kürkünün boyunluğunu qaldırmış Rəsul eşitmirdi. Qaya uçub kahanın ağzına tökülsə də, xəbəri olmazdı, kar idi.

Atın boynu, cilovun haçalandığı nöqtədəki iri əl, şinelin qolu, yəhərə sıxılmış diz də göründü.

– Bıy, bu ki, Abbasqulu bəydi…

Keşikçinin qoyun dərisindən tikilmiş yastı-yapalaq papağının üstündə qar ağarır, islanıb lülə-lülə olmuş saçaqlar qaşlarının, qulaqlarının yanlarından sallanırdı.

Şüşə düyməyə bənzəyən gözləri parıldayırdı.