banner banner banner
Qarlı aşırım
Qarlı aşırım
Оценить:
Рейтинг: 0

Полная версия:

Qarlı aşırım

скачать книгу бесплатно


«Abbasqulu bəydi. Heç ona güllə atmaq olar?! Deyirlər qurandan köynək geyir. Güllə kar eləmir, dəyir, düşür yerə», Davalardan sağ-salamat çıxmış Abbasqulu bəyə hərə bir əfsanə uydurmuşdu. Guya onu güllədən saxlayan quranlı köynəyi idi.

– Dayanın!

Abbasqulu bəy yüyəni dartıb atı saxladı.

O, ölüm haqqında fikirləşməzdi. Güllədən qorxub əkinməzdi. Ancaq hər dəfə insanların ölümünü görəndə ehtiyat etdiyi bir məsələ yadına düşərdi: ucuz ölüm! Ad-sanla yaşamışdı, çətin vuruşmalardan çıxmışdı, güllələr onun bədənini tikan kimi də cızmamışdı. İndi bu səs onun yadına ucuz ölümü saldı. Birdən güllə atar. Vurmasa da atı hürkütməyi bəsdi. Geri qayıtmaq da olmaz.

O dönüb üzünü qayalara çevirdi. Ona qəribə gəldi ki, adamla yox, qayalarla danışır. Çünki insan özünü gizlətmişdi, qayalar isə onunla üz-üzə dayanmışdı.

– Biz Kərbəlayı İsmayılın qonağıyıq. Onun evinə gedəcəyik.

Sanki uca qübbəli, geniş salonlu teatrın səhnəsindən danışırdı. Yüz səsli xor da Abbasqulu bəyin dediklərini təkrar edirdi: «Onun evinə gedirik… Onun evinə… Onun…»

Bir-birindən aralı dayanmış carçılar Abbasqulu bəyin dediklərini təkrarlayır, Kərbəlayı İsmayıla çatdırırdı.

Sanki carçıların da hamısı bu qayalar boydaydı, nəhəng, bədheybət və donuq… Abbasqulu bəyə elə gəldi ki, bu carçıların hərəsi bir tüfəng götürüb lüləsini ona tərəf çevirib, atəş açacaqlar.

Keşikçi cavab verdi:

– Kərbəlayı xəstədi, heç kəsi yanına buraxmır.

Abbasqulu bəy atını irəli sürdü:

– Qonağa xoş gəldin deyərlər.

– Qonaq allahındır, allaha qurban olum. Ancaq onu vaxtında göndərməyib.

– Kərbəlayıya xəbər ver ki, Abbasqulu bəy Şadlinski onun yanına gəlir.

Keşikçi onu tanıdığını bildirmək istəmirdi. Bu gəlmələrdən sonra inad qırıldı. Bu keşikçi Yadullanın meyitini öz əlləri ilə yumuşdu. Söhbət düşəndə «yumuşam» yox, «suya tutmuşam» deyirdi. Çünki meyitin hər əzası bir tərəfdə qalmışdı. Onu qaytaran da Abbasqulu bəy olmuşdu. Hər dəfə bu barədə söhbət salanda onun adını çəkməyi unutmurdu, atasına rəhmət oxuyurdu. Abbasqulu bəyin Qarabağlardan ehtiramla, lap padşah kimi yola salındığını gözləri ilə görmüşdü. İndi ona hörmət eləməsə, Kərbəlayı İsmayılın qəzəbinə gələcəyindən qorxdu.

O, barmağını tətikdən çəkdi:

– Bəy, yanında adam çoxdu?

– Üç nəfərik. Ədə, daşın dalında gizlənibsən, sifətini görmürəm. Kimsən axı, de görüm?

– Səməndərəm də, bəy!

– Hansı Səməndər?

– Kərbəlayının evində sizə qulluq eləmişəm.

Abbasqulu bəyin o məclisdən yadında qalan iri bir məcməyi idi. Aşı dağ kimi qalamışdılar. Bir də çoxlu kədərli, gözüyaşlı, alnı qırışlı sifət görmüşdü. Ağappaq aş dağlarına uzanan əllər gözünün qabağına gəldi. Əzən, dağıdan, parçalayan qabarlı və qabarsız əllər. Sifətləri ayrı-ayrılıqda gözlərinin önünə gətirmək istədi. Yox, xatırlaya bilmədi.

– Sən ki, məni tanıyırsan, onda bir yaxşılıq elə.

– Düzü, üç nəfərsiniz?

– Mən sənə yalan deyirəm?!

– Yaxşı, bir az gözləyin.

Səməndər papağını tüfəngin qundağına yatırtdı ki, desinlər yerindədir. Kahaya getdi. Əyilə-əyilə qaçdı ki, onu görməsinlər. Yoldaşları ona çoxbilmişliyinə görə «Keçəl Həmzə» deyirdilər. İndi də kələk gəlmək istəyirdi.

Abbasqulu bəy şirin-şirin yağan qarın səssizliyinə qulaq asırdı. Onu vəcdə gətirən bu sükutu gözətçinin güclə eşidilən ayaq səsləri pozdu. Yüyəni tərpətdi. Kəhər bir neçə addım atıb tüfəngin lüləsi görünən qayaya çatdı. Başını qaldırıb daşın çatında bitmiş kola ağız atdı. Kəhərin yalına, kirpiklərinə qar yığılmışdı. Gözünü qırpanda kiçik qar uçqunu başlanırdı.

Abbasqulu bəy əl atıb tüfəngin lüləsindən yapışdı.

Kahadakı adam çömbəlmişdi. Səməndər əl atıb onun kürkünün boynundan dartdı. Rəsul buz kimi daşın üstünə çökdü.

– Nə xəbərdi, evi yıxılmış, indi gəlmədim?!

Səməndər əlini onun ağzına basdı. Rəsulu başa salmaq üçün hər kəlməni onun qulağının dibində üç-dörd dəfə qışqırdı. Rəsul onun dediklərini başa düşənə qədər Abbasqulu bəy də, Xəlil də, Talıbov da gəlib kahanın qabağına çıxmışdılar.

Rəsulu Qarabağlara göndərdilər. Özləri də kahadakı ocağın ətrafında dövrə vurdular. Atlar başlarını aşağı salıb hərəsi bir dal ayağını boş qoymuşdu. Qar isə hey yağırdı.

* * *

Həyətin aşağısında, ərik ağacının altında inək kəsmişdilər. Üç-dörd adam inəyin gönünü soyurdu.

Kərbəlayı İsmayıl qotazlı mütəkkəyə söykənib təsbeh çevirirdi. Buxarı çartıltı ilə yanırdı. İsti onu vurduqca xoşhallanırdı. Arxası qapıya tərəf oturan Qəmlo ocağa çırpı atırdı. Onun kürəyinin hər tərəfi bir vəl tayı boyda idi.

Kərbəlayının dilindən çıxan bu bir kəlmə söz o demək idi ki, ay Rəsul, buyur, danış.

– Dostun qonaq gəlib ha…

– Dostum kimdir, ay Rəsul?

– Abbasqulu bəy.

– Qoşun gətirib?

– Üç nəfərdilər.

Kərbəlayı dikəldi. Qalxdı:

– Hardadılar?

– Bizim ocağın başında.

Qəmlo yerindən bəbir kimi sıçradı. Divara söykədiyi tüfəngi elə qapdı ki, elə bil çöp götürdü. Rəsulu qoltuqlayıb çölə çıxartdı.

Kərbəlayı İsmayıl əlini bığına, qırmızımtıl, yağlı dodaqlarına, saqqalına çəkdi.

«Demək, belə. Abbasqulu bəy iltimasa gəlib. Gəlib ki, silahı yerə qoyum. Daşı ətəyimdən töküm».

Gəzinməyə başladı. Corablarının naxışı yerdəki xalçanın naxışlarına qarışdı. Sanki yerimirdi, o tərəf-bu tərəfə süzürdü.

«Adətdi, seldən qabaq qamqalaq, zir-zibil gələr. Kötüyü selin güclü yeri axıdıb gətirər. İndi tərsinə çıxır. Qabağa kötüyü salıblar. Diyirlədib veriblər irəli. Demək istəyirlər ki, yüngülümüz Abbasqulu bəydi, sonrası lap ağır gələcək».

Qapı da, pəncərələr də taybatay açıldı. Çovğun ardıc gözündən içəriyə yayılan istini bir anda sovurdu. Kərbəlayının qoyun-qoltuğunda gəzən soyuq onun canını tumurcuq-tumurcuq elədi.

– Örtün pəncərələri, qapını da basın!

Xorasan kürkünü çiyinlərinə çəkdi. Buxarının qabağında oturdu. Çöplə ocağı eşməyə başladı. Közün arasından yaşıl alov uzandı. Üstünə duz tökülmüş kimi çatıldadı.

Kərbəlayının saqqalı narıncı rəng aldı. Nazik, çal qaşları arasına yumru bir düyün düşdü. Alnı küncdəki yük kimi qat-qat oldu.

«Abbasqulu bəy gəlir. Onu bu işə qoşan çox bic adamdı.

Bilir ki, mənə yaxşılığı keçib, sözünü yerə salmaram. Silah gücünə təslim olmayacağımı bilirlər. Hökumətə bax da. Üstümə qoşun əvəzinə elçi göndərir…

Bəlkə, bu tədbiri tökən elə Abbasqulu bəyin özüdür. Arxayındı ki, həmişəki kimi, sözü yerdə qalmaz, xətrinə dəyən olmaz. Çox nahaq yerə gəlir. Ağsaqqallıq eləmək istəyir. Daha demir ki, o dövran keçdi getdi. Daha böyük-kiçik məsələsi yoxdur. Yüz ağsaqqal kəlamı bir qotur muzdur sözündən qiymətsiz olub».

Qəmlo içəri girdi. Qundağını yerə dirədiyi tüfənginin lüləsindən yapışmışdı. Ovdan qayıdıb mağaraya girən ibtidai insan kimi baxırdı. Başındakı tüklü papağının, pırpız qaşlarının, saqqalının arasında yanaqları, dəyirmi burnu qızarırdı. Enli ayaqları yastılanıb yayılmışdı. Bağını naxış-naxış corablı baldırlarına doladığı çarığını az qala dağıdacaqdı.

Kərbəlayı onun fısıltısını eşidib döndü.

– Küçüyün qulağını siyirdim, ağa.

O, Qəmlonun üzünə təəccüblə baxdı: yəni mən nə haydayam, sən nə haydasan. Heç indi küçük yeridi?!

Onların arasında əvvəlcə bir it söhbəti olmuşdu: Qəmlo atlını atdan salan öz itinin balasından birini onun qapısına gətirmişdi. Kərbəlayı elə bildi ki, indi də bu barədə danışır.

– Özünü yaman itirdin, ağa. Abbasqulu bəy var deyin, əl-qolumuzu bağlayıb oturacağıq bir yerdə?!

– Artıq-əskik danışırsan ha!..

– Düz deyirəm, Abbasqulu bəydən qorxduğunu Rəsul da gördü. Çoxusu ona görə aparıb basdım qoduqluğa. Qulağını da siyirdim. Qoy özgələrinə görk olsun. Biz onu gözətçi qoymuşuq, o da üstümüzə qaçır. Bəlkə Səməndəri öldürüb qoşunu içəri keçiriblər…

Qəmlo Kərbəlayının gözündə daha da qəddarlaşdı.

– Adamları bizdən döndərəcəksən. Yüz dəfə demişəm ki, mənim razılığım olmasa, belə iş tutma.

– Analarını ağlatmasaq, sözümüzə baxmayacaqlar.

Kərbəlayı onu danladı, sonra da səsinin alçaq yerinə salıb soruşdu:

– Abbasqulu bəy xahişə gəlib, sən nə deyirsən?

Kərbəlayının səsinin enməsi o demək idi ki, hünəri tükənib, ona dayaq, məsləhət verən bir adam lazımdı.

– Ağa, izn versən, mən onların üçünün də başını əkərəm.

Kərbəlayının əlindəki təsbeh silkələndi.

– Sən nə danışırsan? Başın işləyir?!

– İşləyir. Biz ondan əskik oğlanıq?! Əlim yaman gicişir. Bilirsən nə var? Davadan qabaq böyük adamı öldürmək məni ürəkləndirir. Belə eləsək, onlar da qorxar.

– Kəs! Kəs!.. Abbasqulu bəy sənin üçün İman deyil.

Kərbəlayı hər dəfə ocağı qurdalayanda Qəmlo tüfəngini silib təmizləyərdi. Kərbəlayının ata-baba düşmənlərini, onun xoşu gəlməyən adamları bir-bir aradan götürən Qəmlo olmuşdu. Qəmlo olmasa, Kərbəlayı İsmayıl kolxozları dağıdıb yolları bağlatdıra bilməzdi. Odur ki, Kərbəlayı İsmayıl Qəmloya külli-ixtiyar vermişdi. Qəmlo dəstələr düzəldirdi, güllə atdırırdı, məşq keçirdi. Yer-yurdunu da bilmək olmurdu. Səhər Kolanlı kəndində olanda günorta Dəynəzdə görünürdü. Çox vaxt sorağından, göndərdiyi çapardan qabaq özü çatardı.

Artıq ocaq sönmüşdü. Kərbəlayı İsmayıl külü qurdalayırdı, küllə oynayırdı. O heç vaxt külün üstündə çəkdiklərinə baxmazdı. Çəkdiyi özünə də aydın olmazdı. Amma nə edəcəyini, nələr törədəcəyini bilirdi. İndi isə qəti bir fikrə gələ bilmirdi.

Qəmlo gözləməkdən yoruldu:

– Noldu, Səməndəri öldürüb qoşunu içəri keçirdərlər.

– Abbasqulu bəy belə iş görməz.

Qəmlo onsuz da tədbir görmüşdü: bir dəstə yola salmışdı. Tapşırmışdı ki, gözə görünməsinlər. Xəbər verməsə, onlara əl qaldırmasınlar.

– Abbasqulu bəyə çox da bel bağlama. Hökumətin sağ əlidi, yoxsa bura gəlməzdi. Elə bilmə ki, bizə ürəyi yanıb. İndi ondan nə desən çıxar.

Kərbəlayı İsmayıl qaralıb kösövə dönmüş ağacı külün üstünə atdı:

– Onun qabağına çıxmaq vacibdir, düşmən də olsa, dost da olsa, gərək öz hörmətimizi eliyək.

Qəmlo fikirləşdi ki, Kərbəlayı ilk dəfə kül qurdalayandan sonra ölüm hökmü çıxarmadı:

– Mən onun üzünə çıxmaq istəmirəm. Atlanıb Kolanlıya qalxmaq lazımdı. Vəli Abbasqulu bəyi gətirib hörmət göstərsin, qonaq eləyib pişvazında dursun, sonra da yola salsın.

– Bəs mən nə iş görüm?

– Bir yerdə gedək. Qalsan, əlindən xata çıxar. Vəli dilli-ağızlıdı.

…Qarabağlardan dörd atlı çıxdı. İkisi üzü yuxarı, ikisi üzü aşağı – Qara qayaya tərəf.

* * *

Bu odun damının böyründəki mıxa həmişə iki-üç erkək bağlanardı. Yerdə quru yonca ovuntusu, qoyun peyini, dırnaq izləri qalardı. Tut ağacından qayrılmış mıxı kəndir o qədər sürtmüşdü ki, mıx şüşəyə dönmüşdü. Kərbəlayının qapısından qonaq əskik olmazdı. Bu əziz qonağın adına kəsilmiş heyvanın ətindən o biri qonağa bişirməzdilər. Hərəsinin adına bir qoyun kəsilməli idi.

Abbasqulu bəy yəhərdən enəndə ayaqları altında kəsilən qoçun başı gurhagur yanan təndirin yanına atılmışdı. O, belə qarşılanacağını ağlına da gətirə bilməzdi. Bu cür dəbdəbəni bəyənməsə də, indi ondan xoşu gəldi. Bu, işin düzələcəyinə işarə idi. Gözünü gəzdirib Kərbəlayını nə yaxındakı adamların içində, nə aralıda, nə də eyvanda gördü. Şübhəyə düşdü. O, belə mərifətsiz adam deyildi, qabağa çıxmamış olmazdı. Görəsən, niyə belə elədi? Onu Kərbəlayının kiçik qardaşı Vəli qarşıladı. Gümüş rəngli şikarı papaq bu cavan oğlanın alnını çəpinə kəsmişdi. Papağın bir yanı sağ qaşının ucuna söykənmişdi. Alt dodağı qırmızı rəngdə idi. Mehribanlıqla görüşdü. «Xoş gəlibsiniz», – dedi. Evə uzanan yolun qırağına çəkildi, qapını onlara göstərdi.

Abbasqulu bəy bardaş qurub oturmuşdu. Sağ tərəfində Xəlil, son tərəfində Talıbov əyləşmişdi. Palaz üstündə oturmağa adət eləməyən Talıbov yerini qızdıra bilmirdi, gah bardaş qurur, gah ayaqlarını yanlara uzadırdı. Ürəyi sakit deyildi.

Xəlil pəncərədən həyətə baxırdı. Həyətdə ot tayası, araba, tövlə, çardaq, çardağın altında xış, mala, araba təkəri vardı. Lap kolxoz həyətinə oxşayırdı. Öküzləri ala sicimlə buynuzlarından arabanın təkərinə bağlamışdılar. Qabaqlarındakı bir tala yeri ot saraltmışdı. İki öküzdən biri – cöngə onun xoşuna gəldi. Kolxozunda kaş on cüt belə cöngə olaydı. Onda şum yarımçıq qalardı?! heç işi geri qoyardı?!

Araya gərgin sükut çökmüşdü. Qarşı tərəfdə qara papaqlı, tutqun sifətli adamlar oturmuşdular. Heç kəs danışmağa cəsarət eləmirdi. Gözlər etibara, inama yad olmuşdu. Kirpiklər qılınc kimi çalınırdı, toqquşurdu. heç bir baxış Abbasqulu bəyin qarşısında tab tutmur, tez yayınırdı.

Talıbov əvvəldən hazırladığı nitqləri yaddan çıxartmışdı. «Belə adamlara nə deyəsən? Onları necə başa salasan? Bunun üçün şərait lazımdır, gərək əvvəlcə sənin tərəfinə keçən çox ola, sonra işini görə biləsən». O bu ağır sükuta dözə bilməyib gizlincə Abbasqulu bəyin dizini basdı. Abbasqulu bəyin tüklü, uzun barmaqları onun biləyində gəzdi. Sonra da yavaş-yavaş qalxıb endi: yəni həyəcanlanma, qorxma, mən burdayam, özünü ələ al.

Qapı açıldı. Papağın altından çıxan ağ sarğı sifətini kəsib keçən Rəsul içəri girdi. Barmağının hərəkəti ilə Xəlili çağırdı. Xəlil Abbasqulu bəyin üzünə baxdı. Sanki soruşurdu: «Məni niyə çağırırlar? Gedimmi?»

Abbasqulu bəyin gözləri: «Get, qorxma», – dedi.