скачать книгу бесплатно
Seçilmişlər
Cığatel İsaqızı
Kitaba xanım-şairənin müxtəlif səpkili şeirləri toplanıb. Öz orijinallığı ilə seçilən şeirlərdə ön sırada yenə də Vətənə məhəbbət, insanlara sevgi dayanır. Cığatel İsaqızı klassik aşıq yaradıcılığından bəhrələnsə də poeziyasında həmişə “özü olmağa” can atır və buna əksər hallarda nail olur. Dilinin aydınlığı, sadəliyi ilə seçilən xanım-şairə öz şeirləri ilə 20 yanvar şəhidlərinə yas tutur, Xocalı faciəsini unutmur, Azərbaycan qadınını, onun vəfa və sədaqətini vəsf edir. Vətən bildiyi Anasına sevgilərini, yurd məhəbbətini şeirə çevirir, Uca Tanrıya xitab edərək sonda ona sığındığını söyləyir.
Kitabda müəllifin qıfılbənd və deyişmələri də yer alıb. Cığatellə Zəlimxan Yaqubun, İbrahim İlyaslının, Tağı Sadiqin, Aşıq İmaməlinin qıfılbəndləri, Aşıq Şəhadətlə, Hacı Loğmanla, Pərvanə Zəngəzurlu deyişmələri oxuculara təqdim olunub.
Düşünürük müəllifin bu kitabında yer alan əsərləri poeziya həvəskarlarının stolüstü kitabına çevriləcək..
Cığatel İsaqızı
Seçilmişlər
SEVMƏK BELƏMİ OLUR?!
Deyirsən al boynuna, de ki, sevirəm səni,
Necə alım boynuma, mən səni sevmirəm ki.
Gəl dost kimi danışaq, halımı deyim sənə,
Sevmək beləmi olur, mən səni sevmirəm ki.
Ağlayıram, yaşımla yanağımda olursan,
Gülürəm, gülüşümlə dodağımda olursan.
Baxıram gah solumda, gah sağımda olursan,
Sevmək beləmi olur, mən səni sevmirəm ki.
Gecələr ay görsənir, ayda görürəm səni,
Aldığım hədiyyədə, payda görürəm səni,
Əyilirəm su içim, çayda görürəm səni,
Sevmək beləmi olur, mən səni sevmirəm ki.
Sənsiz düşüncələrim başımdan ötmür asan,
Yatsam yuxularımda, dursam xəyalımdasan.
Özüm də mat qalmışam, hər zaman yanımdasan,
Sevmək beləmi olur, mən səni sevmirəm ki.
Xəbərin yox, hopmuşam gəzirəm, qanındayam,
Ayrı gəzən cəsədim, ruhumla canındayam,
Bircə sözünə bəndəm çağırsan yanındayam,
Sevmək beləmi olur, mən səni sevmirəm ki.
Nədənsə sevinirəm mən səni şad görəndə,
Xoşum gəlmir adının yanında ad görəndə.
Qısqanclıqdan ölürəm, yanında yad görəndə,
Sevmək beləmi olur, mən səni sevmirəm ki.
Deyirsən Cığatelə de ki, sevirəm səni,
Sənə sevirəm desəm, itirəcəksən məni.
Ölüm-zülüm söylədim ürəyimdən keçəni,
Daha nə istəyirsən, mən səni sevmirəm ki?…
BU SEVGİNİN ADI NƏDİR BİLMİRƏM
Bu sevginin gözləri bir dənizdir,
Bu sevgimiz göylər kimi təmizdir.
Anam qədər, balam qədər əzizdir,
Bu sevginin adı nədir, bilmirəm?
Yaradanın yaratdığı gözəldir,
Sevda yeni, sevda yeri əzəldir.
Bir əsərdir, bir seirdir, qəzəldir,
Bu sevginin adı nədir, bilmirəm?
Yuxu gördüm, yuxum ərşə dağıldı,
Ağıllıyam, ağlım dəli ağıldı,
Bu sevgimiz oxunmamış nağıldı
Bu sevginin adı nədir, bilmirəm?
Fərqimiz çox, fərq içində fərqsizik,
Fərqimiz yox, fərd içində fərd bizik,
Bir anadan doğulmamış əkizik,
Bu sevginin adı nədir, bilmirəm?
Zamanın hökmüdür, vaxt sevgisidir,
Ilahi yazısı, baxt sevgisidir,
Qədərdir, qismətdir, Haqq sevgisidir.
Ay Cığatel, demə nədir bilmirəm
Bu sevginin adı nədir, bilmirəm?…
MƏN SAKİT SEVƏ BİLMİRƏM
Mənim sevgim dəhşət olur,
Mən sakit sevə bilmirəm.
Çalxalanır külli-aləm,
Mən sakit sevə bilmirəm.
Çağlayıram çaylar kimi,
Ağlayıram göylər kimi,
Çoxalıram saylar kimi,
Mən sakit sevə bilmirəm.
Açıb, soluram gül kimi,
Dənlənirəm sünbül kimi,
Oxuyuram bülbül kimi,
Mən sakit sevə bilmirəm.
Sevgi mənə zülüm olur,
Bir başım, bir əlim olur,
Sevgi mənə ölüm olur,
Mən sakit sevə bilmirəm.
SABAHI GÖZLƏYİRƏM
Bu sabahın gəlişi şah gəlişi kimidir,
Bu sabahın gəlişi şah «bəli»si kimidir.
Bu sabahın gəlişi Nuh gəmisi kimidir.
Sabahı gözləyirəm.
Bu gecənin tufanı axşamdan tutub məni,
Bir sahildən dənizə, dəryaya atıb məni,
«Bəlkə» lərin, «kaş»ların içinə qatıb məni,
Sabahı gözləyirəm.
Çarpışan xəyalların içində bir güman var,
Bu gümanın içində dəhşətli bir aman var.
Bir əsrə bərabər bir gecəlik zaman var.
Sabahı gözləyirəm.
Ulduz da, ay da yatıb, bir saatdı, bir də mən,
Sükutun harayında boğur məni bir kəmən,
Yuxumun əvəzində nə verəcək görəsən,
Sabahı gözləyirəm.
Dünyaya gətirdiyim nə qızdı, nə oğuldu,
Balam kimi şirindi, nə baldı, nə noğuldu,
Bu gecə ana oldum, yeni şeir doğuldu,
«Sabahı gözləyirəm».
SƏNİ BİR ŞAİR SEVİR
Deyirlər acıqlısan, gülməklə yoxdur aran,
Kişi zəhmli olar, ölüncə sənlə varam,
Sevməyən özü bilər, a tünd xasiyyət oğlan,
– Səni bir şair sevir.
Qayıtmır xəyalları müəmmalı səfərdən,
Sənə sarı boylanır bir keçilməz çəpərdən,
Yuxun fil qulağında, xəbərin yox xəbərdən,
– Səni bir şair sevir.
Dağlar buluda yaxın, dağlarda çən olaydım,
Dönüb dumana, mehə-dağa həmdəm olaydım,
A bəxt gəzən bəxtəvər, yerinə mən olaydım,
– Səni bir şair sevir.
Bu dünyada ayrıdı şairin fəlsəfəsi,
Milyonlara bərabər olur bir şair səsi,
Şairin işi zülüm, sevə bilmir hər kəsi,
– Səni bir şair sevir.
SƏN YANIMDA YOXİKƏN
Mənə şirin yuxular diləyib yat deyirsən,
Yuxun çiçəkli olsun, sən gülə bat deyirsən,
Danışdıqca arabir mənə həyat deyirsən,
Gecəm, gündüzüm, yuxum elə sənsən həyatım,
Sən yanımda yoxikən söylə bəs necə yatım?..
Görən nəyimsən mənim, qohumumsan, yadımsan,
Dünyanın təamı çox, bir sən ağız dadımsan,
Mən bir könül quşuyam, sən mənim qanadımsan,
Uçmasam məkanıma ha yüyürüm, ha çatım,
Sən yanımda yoxikən söylə bəs necə yatım?..
Sənli duyğular çətin, sənli duyğular asan,
Sazlı-sözlü dünyamın içində bir dünyasan,
Bu gerçək həyatımda sən özün bir röyasan,
Bu röyamın içində hər yanı çapır atım,
Sən yanımda yoxikən, söylə bəs necə yatım?
Dönüm bir çiçək olum, ətirli qoxuma gəl,
Oyatma yatanları, anadil, oxuma gəl,
Ulduzdan, aydan soruş, dolan, gəz, yuxuma gəl,
Ciğateləm, ruhumu sənin ruhuna qatım,
Səni görmək eşqinə bəlkə uyuyum, yatım.
BİZİMKİDİR BU GECƏ
Açıb bahar gülləri, çəkilib qış da yatıb,
Anasının qoynuna girib, günəş də yatıb,
Ətraf sükut içində, ağacda quş da yatıb,
Görən olmaz, bir sən ol, bir mən olum gizlicə,
Əlini ver əlimə, bizimkidir bu gecə.
Dinib, danışmaq olmur, dayanmışıq nitqilal,
Aparıb ikimizi uzaqlara bir xəyal.
Ürəyim intizarda, gözlərində min sual,
Könlümdən keçənləri danışım bircə-bircə,
Əlini ver əlimə, bizimkidir bu gecə.
Qoşa çapsın atımız, kəhər də bizim olsun,
Gəl dolanaq oba, kənd, şəhər də bizim olsun,
Qoşa görsünlər bizi, səhər də bizim olsun,
Mən razıyam sevgilim, söylə görüm sən necə?
Əlini ver əlimə, bizimkidir bu gecə.
UNUTMAĞI UNUTDURDU BAXIŞIN
İstədim mən səni unudum, gülüm,
Unutmağı unutdurdu baxışın.
Silahlandı, hücum çəkdi qəflətən,