banner banner banner
Seçilmişlər
Seçilmişlər
Оценить:
Рейтинг: 0

Полная версия:

Seçilmişlər

скачать книгу бесплатно


Kim doyar eşq səfasından?
Yarın şirin nəvasından.
İlan çıxar yuvasından,
Dilin bulasan qara qız.

Dinlədikcə aram-aram,
Əhvalından xəbərdaram,
Aşıqlıq peşə, qorxuram,
Aşiq olasan, qara qız.

SƏN OLASAN, BİR SEVDİYİN YAR OLA

Danışanda yarına can deyəsən,
Sən zamana, vaxta dayan deyəsən,
Meyvələrə sevgi qatıb yeyəsən,
Bağban gedə, bağça ola, bar-ola,
Sən olasan, bir sevdiyin yar ola.

Sevgi qədim, günah savab, eşq təzə,
Yarı şirin, yarı meyxoş, baməzə.
Oturasan qabaq-qənşər, üz-üzə
Dinməyəsən baxışlarda sirr ola,
Sən olasan, bir sevdiyin yar ola.

Geyinəsən al, qumaşdan, xaradan,
Sarılarsan, su keçməyə aradan.
Keçə günahından böyük Yaradan,
Ay Cığatel, görüş yerin Pir ola,
Sən olasan, bir sevdiyin yar ola.

DÜŞÜBDÜ

Cümlə-canım bir atəşə bələnib,
Yayda mənim könlümə qar düşübdü.
Gizli-gizli pünhan-pünhan çəkirəm,
Ürəyimə bir ahu-zar düşübdü.

Tut üstündə xana qurub barama,
İpək görüb, baxan yoxdu xarama.
Təbib neylər görünməyən yarama,
Xəstə, naxoş könlümə nar düşübdü.

Bu xəstəlik şəhanədi, şəhanə,
Deyilməmiş nə qaldı ki, daha nə,
Nar da, qar da bəhanədi, bəhanə.
Cığatelin könlünə yar düşübdü.

DÜŞMÜŞƏM

Pərvanətək dolanmışam, bir oda,
Dağdan enib dona-dona düşmüşəm.
Nə dəliydim, nə cahildim, nə nadan,
Düşdüyümə qana-qana düşmüşəm.

Qoşulmuşam bir daşqının selinə,
Aldanmışam bir çəmənin gülünə,
Lənət oxumuşam şeytan felinə,
Yaradanı ana-ana düşmüşəm.

Koroğluydum, oğuluydum Alıya,
Sığınmazdım hər qəsirə, qalaya,
Hörülməzdim hər həsirə, xalıya,
İlmə-ilmə, xana-xana düşmüşəm.

Səhralarda sovrulmuşam qum kimi,
İlğımlarda qovrulmuşam tum kimi,
Cığateləm, ərimişəm mum kimi,
Düzələndə şana-şana düzmüşəm.

YOXDU-YOX

Könlüm quşu perik düşdü yuvadan,
Sığınmağa bir məkanı yoxdu, yox.
Zalım ovçu qanadından oxladı,
Bu ovçunun din-imam yoxdu, yox.

Yaraları dayanmadan qan verir,
Hökmdarı qətlinə fərman verir,
Ölsə canı qurtarardı can verir,
Sağalmağa bir gümanı yoxdu, yox.

Uçma dedi, bir zamanlar yiyəsi,
Günahkardı, haqqa yetmir duası,
Bir ürəkdə, bir əldədi şəfası,
Binəvanın öz loğmanı yoxdu, yox.

Sərvəti qəm, gündən-günə varlanır,
Cığateli bu vara kim qısqanır?
Ömrü-günü dünya kimi fırlanır,
Dayanmağa vaxt, zamanı yoxdu, yox.

BU BAXIŞ

Gözlərinin alovunda gor oldum,
Aman oldu, nə ah oldu bu baxış.
Ovsunladı, sardı şair ruhumu,
Savab oldu, günah oldu bu baxış.

Anlamadım, bu ilmədi, naxışdı,
Əlçatmayan bir zirvədi, yoxuşdu.
Bulud oldu, şimşək kimi çaxışdı,
Asimandan nigah oldu bu baxış.

Çəmən çiçəklədi, tikan gül açdı,
Ruhum təzələndi, ürək dil açdı.
Dəryada dolandı, aya yol açdı,
Qəvvas oldu, səyyah oldu bu baxış.

Göz oxladı, qəlb deşildi, qan oldu,
Günəş doğdu, gecə düşdü dan oldu,
Gahdan vüsal, gah hərdən hicran oldu,
Axşam oldu, sabah oldu bu baxış.

Cığateləm, ərşim-əlam Tanrıdı,
Yaradanım, atam-anam Tanrıdı,
Canı verən, canı alan Tanrıdı,
Aldı canım, Allah oldu bu baxış.

ŞAİR KİMİ ƏHLİKEFDİ MƏHƏBBƏT

Məhəbbətin yaşımı var, nə deyim,
Qara gözü, qaşımı var, nə deyim,
Yazı, yayı, qışımı var, nə deyim,
Şair kimi əhlikefdi məhəbbət.

Bilmək olmur harayı nə, ünü nə,
Solu-sağı, arxası nə, önü nə,
Axşamı nə, gündüzü nə, günü nə,
Şair kimi əhlikefdi məhəbbət.

Ulduz kimi gah gizlənir, gah baxır,
Şimşək olur, gah dayanır, gah çaxır,
Günəş kimi gah yaxılır, gah yaxır.
Şair kimi əhlikefdi məhəbbət.

Nə şirindi, nə acıdı, yeyillər,
Nə günahdı, nə savabdı, yüyüllər.
Cığatelin xəbəri yox deyillər,
Şair kimi əhlikefdi məhəbbət.

SƏNDƏN AYRI YAR SEVMƏDİM

Eşqin məni çəkir dedim,
Hər nə dedin, şükür dedim,
Zəhər verdin, bal tək yedim,
Kasıb oldum, var sevmədim,
Səndən ayrı yar sevmədim.

Güllərdən çələng toxudum,
Bülbüllər kimi oxudum,
Gülü sevdim, gül qoxudum,
Gül üstünə xar sevmədim,
Səndən ayrı yar sevmədim.

Sinəmdə bir ocaq çatdın,
Mən yatmışdım, sən oyatdın,
Gör necə günaha batdın,
Susuz yandım, qar sevmədim,
Səndən ayrı yar sevmədim.

Dənə dolar sarı sünbül,
Yaz eşqiylə açılar gül.
Nar istəyər xəstə könül,
Xəstə oldum, nar sevmədim,
Səndən ayrı yar sevmədim.

BAĞIŞLAMARAM

Dağdan yuvarlayıb, endirdin düzə,
Necə baxacaqsan mənlə göz-gözə,
Könlümə ox atdın, köksümə nizə,
Mənsə səni daşla da daşlamaram,
O nifrət ki, o da məndən qopubdur,
Onu da mən sənə bağışlamaram.

– Dəyirmandı, nələr görür can evi,
– Şaxtalar sərt, görünməsə mənsəbi,
– Əgər olsan ocaqlı ev sahibi,
Üşüsəm də, komanda qışlamaram,
O nifrət ki, o da məndən qopubdur,
Onu da mən sənə bağışlamaram.

Həyat məni məngənədə sıxsa da,
Dönüb gözüm yollarına baxsa da,
Eşqin dəli şimşək olub çaxsa da,
Bulud olsam, gözümü yaşlamaram,
O nifrət ki, o da məndən qopubdur,
Onu da mən sənə bağışlamaram.

OLMUR

Sevgi gəzən, nə çıxıbsan seyrana,
Sevgini hər yerdə axtarmaq olmur.
Bu elə savaşdı, əbəs qorunma,
Sevgi gülləsindən qurtarmaq olmur.

Hopdu qana, ruhumuzda gəzişdi,
Kimə adət, kimisinə vərdişdi,
Düşdüsə, qəlbinə əbədi düşdü,