banner banner banner
Seçilmişlər
Seçilmişlər
Оценить:
Рейтинг: 0

Полная версия:

Seçilmişlər

скачать книгу бесплатно

Onu ürəyindən qoparmaq olmur.

Qeyibdən gələndi, huridi sevgi,
Sevən könüllərin Piridi sevgi.
Haçan Cığateli bürüdü sevgi,
Onu bu dünyaya qaytarmaq olmur.

GÖZ YAŞIM AXDI DƏNİZƏ

Heç bilmirəm əğyar məndən,
Gedib yara nə qandırdı?!
– Dəli həsrət qovdu məni,
Dağı-daşı dolandırdı.

Çıxdım dağa, endim düzə,
Yollara qəm düzə-düzə
Göz yaşım axdı dənizə,
Dəryaları bulandırdı.

Cıgateli dərdə saldı,
Dincliyimi əldən aldı,
Sevincimə layla çaldı,
Yatmış gəmi oyandırdı

BU SEVGİMİZ NAĞILLARA BƏNZƏDİ

Bu sevginin ömrü yaman az oldu,
Bənövşə tək cəmi bircə yaz oldu,
Yol uzandı dərə, təpə duz oldu,
Bu sevgimiz nağıllara bənzədi.

Məlikməmməd düşdü qardaş felinə,
Fürsət keçdi qara divin əlinə,
Ağ qoç atdı qara qoçun belinə
Bu sevgimiz nağıllara bənzədi.

Göydə alma üç olmadı, beş oldu,
Alma yerə töküləndə qış oldu,
Gözəl gəlin şanapipik quş oldu,
Bu sevgimiz nağıllara bənzədi.

Yalan oldu, min bir gecə, Şəhrizad,
Dərə keçdi, dağ dolaşdı dilboz at,
Alaçıqda qurulmadı toy-büsat,
Bu sevgimiz nağıllara bənzədi.

Bu sevginin Allahı var, Piri yox,
Bu sevginin sehiri var, sirri yox,
Deyəcəklər: – «biri vardı, biri yox»,
Bu sevgimiz nağıllara bənzədi.

SƏN MƏNƏ UNUTMAQ ÖYRƏT

Əvvəlcə sən mənə sevmək öyrətdin,
Öyrətmək bilirsən, unutmaq öyrət.
Mən səni unuda bilmirəm axı,
Sevdiyim, sən mənə unutmaq öyrət.

Nə gözəl gülürsən, gülməyə nə var,
Bu dərdin əlacın bilməyə nə var,
Ölmək asan işdi, ölməyə nə var,
Sevdiyim, sən mənə unutmaq öyrət.

Sən mənə əlçatmaz göyün qurşağı,
Mən sənə anasız ana uşağı,
Unudan deyiləm bu yaxşılığı,
Sevdiyim, sən mənə unutmaq öyrət.

UNUT DEYƏN SƏNMİSƏN?!

Əhlihalam, mən sözü sözə qarışdırmıram,
Dediyin “unut” sözün tapıb, araşdırmıram,
Unudulmağı sənə qıyıb, yaraşdırmıram,
Körpəcə uşaq kimi inanardım nə desən,
İnanmıram gözümə, unut deyən sənmisən?!

Zirvələrdən danışıb, dağda qardan deyirdin,
Bağbanam deyib mənə, bağça, bardan deyirdin.
Sədaqətdən, imandan, düz ilqardan deyirdin.
Körpəcə uşaq kimi inanardım nə desən,
İnanmıram gözümə, unut deyən sənmisən?!

Sevginin də bəxti var, qədər olur, sevdiyim,
Yetməyəndə ayrılıq, kədər olur, sevdiyim,
Unudulmaq ölümdən betər olur, sevdiyim,
Körpəcə uşaq kimi inanardım nə desən,
İnanmıram gözümə, unut deyən sənmisən?!

GÜNAHKARAM MƏN

Başımın üstündə bir Allahım var,
Bir eşqim, bir sevgim, min bir ahım var.
Mənim də dünyada bir günahım var
– Bu günah salıbdır saçlarıma dən,
Sevmək günahdırsa, günahkaram mən.

Duyğudu, xəyaldı, sözdü şahidim,
Ürəkdi, könüldü, gözdü şahidim.
Nə gördü, gördüyün yazdı şahidim,
Kim azad edəcək məni məhbəsdən?!
– Sevmək günahdırsa günahkaram mən.

Bu, ürəkdə qövr eləyən qan deyil
Bu, Allaha bir əmanət can deyil
Ruzi deyil, təam deyil, nan deyil
Ruhun qidasıdır sevgi əzəldən,
Sevmək günahdırsa günahkaram mən.

Günahkar olmağı məndən öyrənin,
Dağları sevməyi çəndən öyrənin.
Mənimtək sevinci qəmdən öyrənin
Neynim Cıgateli qınayın hərdən,
Sevmək günahdırsa günahkaram mən.

GÜNAHSIZ GÜNAH

Dinməyib, ayrıldıq, dünəndən bəri,
Fikrini başımdan atmamışam mən.
Elə bil qor dolub buz yatağıma,
Gecəni sübhədək yatmamışam mən.

Üzümü yandırıb gözümün nəmi,
Ahım kül edəcək külli-aləmi,
Günahsız günaha batdığım kimi,
Ömrümdə günaha batmamışam mən.

Keçib xəyalımdan min ümid, güman,
Qəlbimdə təlatüm, dilimdə aman,
Sənin vüsalına qoymayıb hicran,
Yatıb, yuxumda da çatmamışam mən.

ƏMANƏT

Məndə bir əmanət qoyub gedibsən,
Sevdiyim, gəl apar imkanın varsa.
İnsan əmanətin heç aramazmı?
Sevdiyim, gəl apar imkanın varsa.

Nə sevinc yüküdü, nə qəm yüküdü,
Nə duman yüküdü, nə çən yüküdü,
Daşıya bilmirəm bu “sən” yüküdü,
Sevdiyim, gəl apar imkanın varsa.

Saldın Cığateli amana aha,
Daha gümanı yox nurlu sabaha
Batmayaq gəl nə sən, nə mən günaha,
Sevdiyim, gəl apar imkanın varsa.

BİLİRSƏNMİ?!

Bilirsənmi, can üstəyəm sevdiyim,
Qəlbimi aparıb gedəndən bəri,
Çöllərin Məcnunu, Leylisi mənəm,
Sən məni divanə edəndən bəri.

Sonsuz dəryalarda tənha adayam,
Özüm özüm boyda dərdi qadayam,
Elə bil bir qanlı çarpışmadayam,
Xəyalın ruhumu didəndən bəri.

Çiçəkli baharım sərt qışa dönüb,
Sevdiyim, ürəyin nə daşa dönüb,
Gördüyüm xoş günlər qan-yaşa dönüb,
İndi axıb gəlir didəmnən bəri.

SEVƏNLƏRİ AYIRMAYIN, AMANDI

Ey övladı sevən ata-analar.
Sevənləri ayırmayın amandı.
Dadmısızsa məhəbbətin dadını,
Sevənləri ayırmayın, amandı.

Göz gözdü, qaş qaşdı, ürək ürəkdi,
Yaranmış içində bir varlıq təkdi,
Oğluna, qızına yarı göyçəkdi,
Sevənləri ayırmayın, amandı.

Xoşbəxtlik bahalı araba deyil,
Xoşbəxtlik cehizdə, xarada deyil,
Xoşbəxtlik dənizdə, dəryada deyil,
Sevənləri ayırmayın, amandı.

Qızların cehizi qız, məhəbbəti,
Oğlanın cehizi öz məhəbbəti,
Xoş niyyət, şirin dil, söz məhəbbəti.
Sevənləri ayırmayın, amandı.

Fironu qızılda dəfn elədilər,
Leylini Salama kəbn elədilər,
Məcnunu Leylisiz məhv elədilər,
Sevənləri ayırmayın, amandı.

Bəlkə heç bilmirsiz məhəbbət nədi,
Sevənə xaniman, var-dövlət nədi,
Sizə qurban olum, bu adət nədi?
Sevənləri ayırmayın, amandı.

Olarmı yaşamaq xoş vüsal dəmin,
Ruhu naməhrəmin, cismi məhrəmin,
Günahı ağırdı bu qədər gəncin,