banner banner banner
Seçilmişlər
Seçilmişlər
Оценить:
Рейтинг: 0

Полная версия:

Seçilmişlər

скачать книгу бесплатно

Zəif vücuduma ordu baxışın.

İstədim əl atım, əlim tutmadı,
İstədim söz deyim, dilim tutmadı,
Ayağım getmədi, belim tutmadı,
Bilmirəm, nə sehir, sirdi baxışın?

Elə yaralandım qanım göl oldu,
Süründüm, məkanım səhra-çöl oldu.
Dayanan mən oldum, gedən il oldu,
Yenə səfasını sürdü baxışın.

UNUTDUM SƏNİ

Bir zaman deyərdin qısqanma məni,
Qısqanclıqdan alışardım, yanardım.
Sənsiz keçirdiyim bircə anı mən,
Özümə qaranlıq zindan sanardım.

Qəlbimdə təlatüm, gözlərimdə yaş,
Sevgindən yoluna çələng hörərdim.
Nədənsə baxmazdın gözlərimə sən,
Bütün günahları məndə görərdin.

Sənin hüzurunda qürur bilməzdim,
Küsərdik, birinci mən barışardım.
Uşaq kimi sarılardım boynuna,
Çağladıqca çağlayardım, coşardım,

Beləcə ötərdi həftələr, aylar,
Mən bahar olardım, sən qış olardın.
Uçardın, gedərdin gülüstanımdan,
Mən çəmən olardım, sən quş olardın.

Mənimçün unutmaq ölmək kimiydi,
Bilmirəm neylədin, unutdum səni,
Daha qısqanmıram, daha gəzmirən,
İndi də deyirsən;– sevmirsən məni!..

KİŞİLƏR AĞLAMAZLAR…

Səni sevirəm deyib, sevgidən çağlayırdın,
Məndən aman diləyib, qəlbimi dağlayırdın,
Kişilər ağlamazlar, amma sən ağlayırdm…
Qurudub göz yaşını, ağlamağa qoymadım,
Mən ki, duymaz deyildim, səni necə duymadım?!

Üzünə baxmadıqca qırılırdı gümanın,
Səni sevmədiyimi bilmirdim necə danım,
Lərzəyə gətirirdi yeri-göyü amanın,
Sən elə ağladıqca sındı qolum-qanadım,
Mən ki, duymaz deyildim, səni necə duymadım?!

Bilmədin, bu sevgiyə yanıb, qarışan oldu,
Can deyən doğmaların halı pərişan oldu,
Ürəyini tutanda ürəyim şan-şan oldu,
Əyildi şax qürurum, yerə düşdü inadım,
Mən ki, duymaz deyildim, səni necə duymadım?!

Ötüşmürdü güzarın, elə ahu-zarıydı,
Sanki heç sevməmişdin, sevgin ilk-nübarıydı,
Mən görən gözlərində bir məsumluq varıydı,
Necə deyim saflığa, məsumluğa uymadım?
Mən ki, duymaz deyildim, səni necə duymadım?!

Deyirdin aman allah, heç belə sevməmişdim,
Nə oldu birdən-birə niyə belə dəyişdin?
Səni sənə anladıb, mənə nələr demişdim?…
Mən səndən qaça-qaça sənə elə bağlandım,
Mən ki, duymaz deyildim, səni necə duymadım?!

Ah, mənim yumşaqlığım başıma bəla oldu,
Haqqı sevən bəndələr eşqə mübtəla oldu,
Nə oldu Cığatelə, haqq oldu, əla oldu,
Sənə baxan gözümü zamanında oymadım,
Mən ki, duymaz deyildim, səni necə duymadım?!

SOL GÖZ

Nə sarı boylandı, nə yaxşı baxdı,
Üstəlik dedilər nə yaxşı baxtdı,
Sol gözün gözümə nə yaxşı baxdı,
Sən mənə baxanda sol gözünlə bax.

Dəyirmanda çaxmağın da fərqi var,
Yandırmağın, yaxmağın da fərqi var,
Sağdan, soldan baxmağın da fərqi var,
Sən mənə baxanda sol gözünlə bax.

Baxışlarım baxışının acıdır,
Baxışların baxışların tacıdır.
Gözlərindən sol gözün qıyğacıdır,
Sən mənə baxanda sol gözünlə bax.

Bağban olsan, çiçəklənər bağ əlnən,
Fərhad olsan, parçalanar dağ əlnən,
Versən allam salammı sağ əlnən,
Sən mənə baxanda sol gözünlə bax.

Çağır Cığateli, yolunda durum,
Bağla, saat olum qolunda, durum,
İşim ürəklədi-solunda durum,
Sən mənə baxanda sol gözünlə bax.

BU SEVGİ KÖNLÜMƏ XƏBƏRSİZ GƏLİB

El edib yaylağa köç, bilməmişəm,
Deyiblər gələn var qaç, bilməmişəm.
Hardan, necə gəlib, heç bilməmişəm,
Bu sevgi könlümə xəbərsiz gəlib.

O elə odlanıb, köz də salmayıb,
Danışıb, sevgidən söz də salmayıb.
Deyəsən kölgədi, iz də salmayıb,
Bu sevdi könlümə xəbərsiz gəlib.

Haçandan qəlbimə əkilib tumu,
Anlaya bilmirəm, məhəbbət bumu?
Yalandı, kim deyir kəsib yolumu,
Bu sevgi könlümə xəbərsiz gəlib.

HƏR GÜN BAXACAĞAM SƏNİN RƏSMİNƏ

Bir daha üzünü görməsəm belə,
Verdiyin rəsminlə danışacağam.
Mən də sənin kimi aldadıb məni,
Yalançı eşqimlə yaşayacağam.

Xəyal dənizində axıb gedəcəm,
Sahilə atacaq məni bir gəmi,
Səhraya dönəcək qumlu sahillər,
Nağıllar içində tapacam səni.

Hər gün baxacağam sənin rəsminə,
Sənli xəyallardan saray hörəcəm.
Sənin də pisliyin sənə qalacaq,
Hər gün o sarayda səni görəcəm.

YAXŞI Kİ, XƏYALLAR GÖZƏ GÖRÜNMÜR

Gecə sakit, ay işıqlı, mən dalğın,
Yalnız səni düşünürəm bu gecə.
Gah xəlvətcə görüşünə gəlirəm,
Gah fikrimdən daşınıram bu gecə.

Uşaq kimi kövrəlirəm arabir,
Gah yaxında, gah uzaqda olursan,
Gah yandırıb, gah üşüdürsən məni,
Gah ocaqda, gah sazaqda olursan.

Min günah, bir savab edən bu gecə,
Dünyanı bürüyür, özü bürünmür,
Məni asdırarlar dar ağacından,
Yaxşi ki, xəyallar gözə görünmür.

DARIXDIM

Yatağımda yuxum ərşə çəkildi,
Səhər-səhər sənin üçün darıxdım
Göründü gözümə nurlu surətin,
Telindəki dənin üçün darıxdım.

Xəyalımda baxışınla danışdım,
Enişinlə, yoxuşunla danışdım,
İsti yayın, sərt qışınla danışdım.
Duman gördüm, çənin üçün darıxdım.

Cığateləm, ahımdan dağ yarıldı,
Dağlar məndə dağı gördü, darıldı,
Ruhum sənin vücuduna sarıldı,
Səndə olan mənim üçün darıxdım.

SƏN HARDAN BİLƏSƏN?

Sən hardan biləsən mənim qədrimi,
Meyli meyxoşlara tuş olan yazıq.
Düşüb təsirinə meyin-məzənin,
Sərxoşlar əlində «xoş» olan yazıq.

Səni balıq deyib kim tora salıb,
Dənizdən çıxarıb, çuxura salıb,
Ürək süfrəsində yeri boş qalıb,
Tamsız dodaqlara «nuş» olan yazıq.

Mənə daş deyirsən, daş ağır olar,
Kədərdən süzülən yaş ağır olar,
Ağıl başda olar, baş ağır olar.
Huşsuzlar başında huş olan yazıq.

Cığatel halidir, deyildir naşı,
Dəmiri bəzəməz altunun qaşı,
Ortada cibləri, əvvəldə başı,
Axırda əlləri boş olan yazıq.

DEYƏ BİLMƏDİYİM SÖZ

Yataydım, sevdiyim, səni sevdiyim,
Bir yuxu olaydı, düz olmayaydı.
Üz-üzə, göz-gözə dayanıb sənə,
Deyə bilmədiyim söz olmayaydı.