banner banner banner
Seçilmiş Əsərləri
Seçilmiş Əsərləri
Оценить:
Рейтинг: 0

Полная версия:

Seçilmiş Əsərləri

скачать книгу бесплатно


“Sən əliboş qayıtmazsan, Zərifə!”

– Özün bilirsən ki, mən puldan korluq çəkməmişəm.

“Bilirəm. Atalığından, birinci və ikinci ərindən sənə az var-dövlət qalmayıb!”

– Bəs anan nə deyir, Zərifə?

– Nə deyəcək! Yazıq bu gün-sabahlıqdır… Elə məni bu kökə salan o oldu! Dedi, gələndə çamadan-çamadan pul gətirir… Nə olsun? Filan qədər varım idi, filan qədər də qazandım. Yüz il yaşasam bəsimdir. Əlimdə sənətim də var, amma… bəxtim yoxdur, Sevda, bəxtim!..

“Toyumuzda gördüyüm vaxtdan bəri Zərifə heç dəyişməyib. Daha da qəşəngləşib”.

Zərifə qalın hörüklərini tac kimi başına yığmışdı.

“Vücudu ehtirasla, eşq həvəsi ilə doludur. Gözləri yanır… Buna mən də vurulardım. Amma, nə edəsən ki, nə başqasını xoşbəxt eləyir, nə özü xoşbəxt olur… Görəsən, Süleyman haradadır? Bəlkə onunla xoşbəxtlik tapardı…”

– Sevda, heç mənə qulaq asmırsan! Fikrin hardadır?

– Bağışla, Zərifə, nə isə fikrim dağınıqdır… Xahiş eləyirəm, gedək mətbəxə, sən danış, mən də qulaq asa-asa işimi görüm.

– İnstitutu qurtardınmı?

– Soruşma, Zərifə, hələ də beşinci kursdayam.

– Oxumağın çox çəkdi.

– Uşaqlar qoyur ki… Amma bu il necə olur-olsun qurtaracağam. Ərim məni ötdü, keçən il dissertasiya müdafiə elədi.

– Bilirəm. Dünən televizorda ərini gördüm.

“Belə de! Görüb gəlmisən!”

– Mənə elə niyə baxırsan, Sevda? Yoxsa qısqanırsan? – Şaqqıltılı gülüşü pəncərədə cingildədi.

“Zərifə belə güləndə acığım gəlir. Süleyman yadıma düşür”.

– Qorxma! Ərin mənə lazım deyil!

Sevda, bir əlində bıçaq, o biri əlində kartof, Zərifəni tikanlı baxışla süzdü.

– Zarafat eləyirəm, Sevda!.. Yaxşı, de görüm ümumiyyətlə neynirsən, nə ilə məşğulsan? Kimnən oturub-durubsan?

– Diploma hazırlaşıram… Gülümsünürsən? Bu günə baxma, anam nasaz olmasaydı, məni indi evdə tapa bilməzdin. Laboratoriyada diplomu hazırlayıram. Anam xörəyimizi də hazırlayır, uşaqlara da baxır.

– Bəs siz kimlərlə oturub-durursunuz?

– Yoldaşımın dostları ilə. Evli olanı da var, subayı da.

– Ax, Sevda, mən isə özümü yaman tək hiss eləyirəm. Açığı, sevmək istəyirəm, bacım! Təmiz, ləkəsiz, dərin məhəbbət arzulayıram! Cavanam, gözələm, amma kimsəm yoxdur, arxam, canım-ciyərim yoxdur…

Sevdanın ona yazığı gəldi.

– Axı, mənim əlimdən nə gələr, Zərifə?

– Sən mənə kömək eləyə bilərsən.

– Necə?

Zərifə hava çatmırmış kimi dərindən nəfəs aldı, söz axtararaq qaşlarını çatdı, əllərini yumruqlayıb qabarıq sinəsinə apardı, sonra diqqətlə, yalvarıcı nəzərlərlə Sevdaya baxdı.

– Necəsini deyərəm. Ancaq xahişimi rədd eləmə, Sevda!

– Axı xahişini demədin.

Zərifə otaqda gəzindi.

– Ərinlə yanaşı bir cavan alim oturmuşdu. Hey sintetik sözünü işlədirdi. Adı da Süleyman…

“Belə de! Gör nəyi düşünürsən! Birini kasıbdır deyə rədd eləmisən, o birilərinin puluna tamah salmısan, indi də təmiz, ləkəsiz məhəbbət sahibi olmaq istəyirsən?”, “Sintetik sözünü işlədirdi?”

– Öz Süleymanın necə, heç yadına düşürmü?

– Süleymanım? – Zərifə çaşdı. – Necə bəyəm?

– Heç, elə-belə soruşdum.

Zərifə susdu.

“Fikrə gedərsən!.. Necə də onun ləkəsiz olduğunu duymusan! Bəs o Süleymanı niyə duymadın? Bəli, Süleyman subaydır! Bu da o biri Süleyman kimi ucaboyludur, ağıllıdır, nəzakətlidir. Amma mən səni onunla heç vaxt tanış etməyəcəyəm, heç vaxt!”

– Yenə nə fikirləşirsən, Sevda?

– Sən deyən oğlan evlidir. Gözəl ailəsi var.

– Heyif!.. Mən onu sevərdim…

“Qəribədir, elə bil ona inanıram. Yox, yox!..”

– Heyif… Mən demirəm ki, mütləq onunla tanış elə, qoy bir başqası olsun! Amma, Sevda, sizin dostlarınızdan, tanışlarınızdan olsun.

– Sevgi də tanışlıqla?

– Mənə gülmə, Sevda!.. Mən bilirəm ki, sizə gəlib-gedənlər, sizinlə tanış olanlar saf ürəkli adamlardır.

– Çox sağ ol!

– Düzünü deyirəm… Məni yaxşı bir adamla tanış eləsən, sənə ömrüm boyu minnətdar ollam.

Sevda tavanın qapağını götürüb, yağ içində fışıltı ilə qızaran kartofu bıçaqla qarışdırdı. Qırmızı dilimlər üzə çıxdı. Sevda nə desin? Xahişi rədd eləsin? Tavanı örtdü. Bıçağı stolun üstünə qoydu. Dinmədi.

– Amma ərinə bir söz demə.

Sevda divardakı saata baxdı. Eyni vaxtda qapının zəngi çalındı. Bir, iki, üç.

Sevda yüyürdü. Zərifənin gətirdiyi güllər paltarasılanın yanındakı stulun üstündə yaddan çıxıb qalmışdı. Sellofanla örtülmüş zərif qızılgüllər solmuşdu.

Sevda gülləri götürdü, qapını açdı.

– Salam! Yoxsa məni güllə qarşılayırsan? Bu, pis olmazdı. Amma, deyəsən, güllər… – Fərhad istədi desin “solub”. Sözünü yarımçıq kəsib Zərifəni və Gündüzü koridorda gördü, ciddiləşdi. Sevda qızını soyundurdu. Fərhad kepkasını çıxarıb asdı.

– Xoş gəlmisiniz.

Gündüz bacısını görüb Zərifənin qucağından düşmək istədi. Zərifə yaxına gəlib uşağı yerə qoydu, dikəlib əlini Sevdanın ərinə uzatdı, gülümsündü.

Sevda üzünü turşutdu: qızın çəkmə bağları düyün düşmüşdü.

Əri Zərifəyə baxmadan ona sarı uzanmış əli astaca sıxdı və üzünü Sevdaya tutub:

– Zərifə xanım heç dəyişmir, – dedi.

Fərhad bunu hörmət xatirinəmi dedi, yoxsa həqiqəti söylədi, amma Sevda nədənsə qaşlarını çatdı, elə bil soyuq dəmir parçasını ürəyinin üstünə qoydular. Sevdaya elə gəldi ki, ərini və onun yoldaşlarını, “tez-tez sintetik sözünü işlədən” Süleymanı nə isə xoşagəlməz hadisələr gözləyir… Yox, Sevda bu təhlükənin qabağını alacaq!

Çəkmə bağının düyününü açdı.

Əri Gündüzü qucağına alıb otağa keçdi.

Zərifə Sevdanın qolundan tutub:

– Mən gedirəm. Görürəm ərin yorğundur, naharınızı eləyin, – deyə pıçıldadı.

Sevda dalan pıçıltılarını xatırladı, “qal qonağımız ol” demək istədi. Deyə bilmədi.

Sevda tələsik qapını açdı.

– Hə, yadımdan çıxmışdı deyəm. Sevda, mərtəbəniz niyə qaranlıqdır?

Sevda Zərifəgilin gur işıqlı balkonlarını yadına saldı.

– Lampamız xarab olub.

– Dəyişmək lazımdır.

Zərifəni yola salıb Sevda qapını bərk-bərk bağladı, bir müddət dayanıb fikrə getdi.

“Düz deyirsən, Zərifə”.

…Ertəsi günü, axşamüstü yenə eyni vaxtda lift Sevdagilin mərtəbəsində dayandı. Gözətçi qadın zəngi basdı:

– Sizi telefona çağırırlar!..

NƏ QALACAQ?

Solipsistə nə var ki?.. Deyir varam – dünya da var, yoxam – dünya da yoxdur.

Məndən sonra nə qalacaq?

Dəniz qalacaq.

Xoş pıçıltısını, qoç nərəsini, qəzəbli fəryadını eşitdiyim dəniz; göylə həmrəng – gah bozumtul, gah mavi, gah alabəzək, gah süd parıltılı, dupduru və bulanlıq, hamar və çopur, gah yorulub dincələn, gah yatıb aramla nəfəs alan, geniş qəlbini duyduğum dəniz!

Qayalar qalacaq.

Üstündə oturduğum, birindən o birisinə hoppandığım, ətrafında xırda balıqlar üzən, təpələri və yanları mamırlı, alınları açıq, küləyi veclərinə almayan, yağışdan qorxmayan, fırtınalara sinə gərib güclü dalğaları parçalayan, irili-xırdalı, yastı, şiş uclu qayalar.

Məndən sonra qalanları sadalasam, gərək qumlu sahili də yazam, dəniz qırağında ucalan şam ağaclarını da, dəniz qoxulu, meşə ətirli, ciyər dərmanı havanı da, qaqqıldaşan, çığıran, bağıran qağayıları da, nə bilim nəyi və nəyi yazam, həyatın şirin nemətləri siyahısında azam, yazam ki, məndən sonra bunlar da qalacaq.

Qalacaqmı?!

Bəlkə…

Bəlkə:

toz altında şəhər;

zəhərli dənizdə ağ çiçəklərə oxşar, qarnı yuxarı üzən ölü balıqlar;

qayalarda, yanıb külə dönmüş insan və qağayıların əksləri;

bəşər dəfnində şamlar kimi yandırılmış iri şam ağacları!

Məndən sonra nə qalacaq?

Solipsistə nə var ki?!.

ZƏR

N. B.-yə

Üzürdüm – qabağıma taxtadan yonulmuş zər çıxdı. Şeş üstə.

Əlimi atıb zəri tutdum: Baltika hara, zər hara? Elə bildim doğma Bakıdayam.

Dostumun üstüaçıq geniş balkonunda oturmuşam, armudu stəkanda çay içirəm, nərd oynayırıq.

Dostum qoşa şeş atdı.

Zərin birisi nərdtaxtada qaldı, o birisi dənizə düşdü.

Və mən suya düşən o zəri tutdum: onda da şeş, məndə də…