banner banner banner
Seçilmiş Əsərləri
Seçilmiş Əsərləri
Оценить:
Рейтинг: 0

Полная версия:

Seçilmiş Əsərləri

скачать книгу бесплатно

Seçilmiş Əsərləri
Çingiz Hüseynov

Kitaba ədəbiyyatımızın patriarxı nasir, tənqidçi, ədəbiyyatşünas, tərcüməçi Çingiz Hüseynovun üslub baxımından müxtəlif seçilmiş əsərləri – lirik, romantik, realist, simvolik, tragikomik povest və hekayələri daxil edilib. Əsərlərin mövzusu əksəriyyət etibarilə Bakı həyatından alınmışdır. Qəhrəmanları bütün dövrlər üçün müasirdir. Çünki müəllif insanları düşündürən ciddi əxlaqi problemlərdən bəhs edir, vacib ictimai məsələlərə diqqət çəkərək oxucularını mənəvi təmizliyə, saflığa çağırır.

Çingiz Hüseynov

Seçilmiş əsərləri

HEKAYƏLƏR

ÇƏTİN YOXUŞ

Günəş xeyli qalxmışdı, atçılarla birgə uzun yolunu tamamlamağa can atırdı. Günəşi bilmirəm, atçıların yolu ağır idi: dağa qalxırdılar. Cığırlar dağın döşünü zolaq-zolaq cızmışdı.

Azad keçənilki yürüşü xatırladı; institutun alpinist dəstəsi Uşba dağına qalxmışdı. Azad nəinki yaxşı alpinist idi, – söz yox ki, həqiqi geoloq alpinist olmalıdır, – hətta maşın sürməyi də bacarırdı. Amma at minmək də demə elm imiş!..

– Ədə, döndər atı! – qabaqdakı atçının gur səsi Azadın düşüncələrini qırdı. – Ədə, hara sürürsən?

Azad cığırı dolaşıq salmışdı.

– Çək yüyəni, bu tərəfə çək!.. Ədə, cilovu əldən buraxma!

Azad əl-qolunu, bütün bədənini hərəkətə gətirdi, “hə-hə” dedi, Kürən atı nəhayət döndərdi və dağın belində, nisbətən enli cığırda durmuş atlıya sarı sürdü.

– Vur Kürəni! Vur! Xasiyyətinə bələdəm ey, vur!.. Canında qorxu olmasa yeriməz!

Azad qara çubuğu havada yellədi. Kürən at yerişini azca sürətləndirdi. Atlılar sicim kimi dağın belinə dolanan cığıra baxa-baxa yollarına davam elədilər. Qabaqda Ədalət, dalda Azad.

– Yazığın gəlir, yoxsa vura bilmirsən?

– Dilsiz heyvandır.

– Üzdən yazıqdır.

– Görünür, yorulub.

– Ata nə yorğu? Dözümlüdür, vur, canı çıxsın işləsin!

Ədalət düzənliyə baxıb, qamçını var gücü ilə atın sağrısına yapışdırdı: şarapp!

Azadın Kürən atı qamçının şappıltısından ürküb dördnala götürüldü. Azad ayağını üzəngiyə basıb azca yəhərdən qalxdı. Qulağında külək vıyıldadı. Cilov ovçunu yandırdı.

Meşə aşağıda qaldı, düzənliyi də keçdilər. Dağ döşü əlvan çiçəklərin rənginə boyanmışdı. Bala quş ağzıtək açıq göy peyğəmbərçiçəyi, ağ mollabaşı, sarımtıl-qırmızı ulduzbaşlı ətirşah… Meh əsdikcə hündür ceyranotu həzin-həzin xışıldayırdı.

Uzaq yol gəlmiş Kürənin qarnı qalxıb-enirdi. Nəfəsi təngimişdi. Tərdən işım-işım işıldayırdı. Yalı boynuna yapışmışdı.

– Gördün ki! Əsl hikmət qamçıdadır! Vurmasan sürünəcək, tənbəlləşəcək.

– Bu, at fəlsəfəsidir.

– Hər nə ad verirsən ver, amma mən deyəndir.

Azad daha kəsərli söz axtardı:

– Çürük fəlsəfədir!

– Kitab kəlmələrini qoy dar şalvarının dərin cibinə. Mən sənə həyatdan deyirəm.

– Puç ideya xətrinə həyatdan qalxan kimi istifadə eləyənlər az deyil.

– Ağzın hələ isti yerdədir. Ocaq sönəndə qismət olar görüşərik, oxuduğun mahnıları dinləyərik.

– Ocağım sönməyəcək.

– Mən də sənin kimi düşünürdüm.

– Bəlkə ocağınız olmayıb?

– Sən iməkləyəndə biz düşmənin belini sındırırdıq, bala!

Ədalət atın başını elə çəkdi ki, at az qala şahə qalxdı.

Azad dinmədi. Mübahisəni uzatmaq istəmirdi. Ədalət Azadın susduğunu görüb azca yumşaldı:

– Tələsək, axşama az qalır. Dəstə acından qırıldı.

Ədalətin dediyi dəstə Qutor dağında faydalı qazıntılar axtaran kəşfiyyatçı geoloqlar dəstəsi idi.

Azadın bəxti gətirmişdi. Ekspedisiyanın rəhbəri Azadın kağızlarına, tələbəlik sənəd-arayışlarına baxmadan onu dəstəyə laborant götürmüşdü. Bəlkə döşündə birinci dərəcəli alpinist nişanı görmüşdü? Yaxud sorğu-suala vaxtı yox idi? Xahişə qulaq asdı, adını soruşdu və – götürdü. Dedi, maaşın bu qədər, işin bu, filan günü çıxırıq. Vəssalam.

İşgüzar adama oxşayırdı. Saçı ağarmışdı, lakin üzdən nisbətən cavan görünürdü. Azad sonralar eşitdi ki, ailəsi yoxdur. Ömrünü-gününü ekspedisiyalarda keçirib. Dincəlmək vaxtı çatmamışdı. Azərbaycanı qarış-qarış gəzmiş, Sibir tərəflərdə, Kamçatkada da olmuşdu. Oralarda hətta adına mədən də var, xüsusi geoloji xəritələrdə “Yuaq” adı ilə məşhurdur, yəni Yusif Əliyeviç Həsənov.

Azad geoloqlarla da, Ədalətlə də qatarda tanış oldu. Ədalət Azaddan on-on beş il böyük idi, ona görə də Azadla danışanda zarafata, nəsihətə daha çox əl atırdı. Azad cavab qaytarmasa da, söz altında qalmırdı, yeri gəldikcə Ədalətin dediklərinə öz münasibətini bildirirdi. Necə də bildirməsin axı? Söhbət ulduzlardan da gedir, çörəkdən də. Həqiqi və yalançı rəhbərlərdən və xalqdan. Çindən və müharibədən. Uzaq-yaxın keçmişdən və gələcəkdən. Söhbət uzun çəkmirdi. Axşam qazıntı işlərindən yorğun qayıdıb çay içəndə atışırdılar, sonra çadırlara çəkilib çöl yorğan-döşəklərinə girirdilər. Bəzən Yusif müəllim “bəsdir, yatın” deyir və danışıq yarıda kəsilirdi. Lakin sonra yenə davam edir, söhbət söhbəti gətirirdi. Azadın yanında məgər “əkşi, nə xalqbazlıqdır?”, yaxud “bu söz-söhbətlərlə camaatın fikrini indiki çətinliklərdən yayındırmaq istəyirlər” demək olar? Ədalətin “nə olsun ki?” kəlmələri quru saman olub mübahisə ocağını alovlandırırdı. Azad coşur, təzə dəlillərə əl atır, təzə faktlar gətirirdi. Dəstə rəisi baş geoloqla laborantın söhbətinə demək olar ki, qarışmırdı. “Nə xeyri? Qazıntı işlərinin gedişini düşünməliyik. Lazım olan metalı tapınca nə qədər süxur yığıb yoxlamalı, seçib ayırmalıyıq!” Vicdanla işləyən Yusif müəllim çox nadir hallarda məqsədinə çatmırdı. İndi də axtardıqları metalı tapacaqlarına əmin idi, başqa cür ola bilməzdi. “Söz-söhbətlərdən nə çıxar? Çalışmaq, axtarmaq və tapmaq lazımdır! Kimin haqlı olub-olmadığını bildin-bilmədin, nə xeyri? Çörək lazım, metal lazım, təmiz əl, ləkəsiz qəlb lazım…”

Azad gözünü Kürən atın sünbülü yalından çəkib, Ədalətin dağ günəşindən yanmış qırmızı boynuna, rəngi solmuş sətin pencəyinə dikdi. “Boynunun ardını tük basıb, dəlləyə getməyə vaxt tapmadı. Bazara, mağazalara qaçdılar, xurcunları yeməklə doldurdular”.

“Bəs bu baş geoloq yoldaş niyə isti evini buraxıb özünü dağa-daşa salır? Məsələ yalnız qazancdadırmı? İdealı nədir? Həyatda nə axtarır? Metalmı? İnammı?.. Müharibədə olub. Bir-iki ordeni var. Candan-qandan keçib, indi “nə xalqbazlıqdır?” deyir, cavanlıqda isə xalq yolunda həyatını verməyə hazır olub. Sağ qalıbsa, xoşbəxt təsadüfdür, ölə də bilərdi. Bəlkə mənim bu adam haqqında hökmüm yanlışdır? Birtərəflidir? Tələm-tələsik hökm verməkdə ustayıq!..”

Hündür dağı aşıb ondan da uca sıra dağlar gördülər. Çiyin-çiyinə durmuş nəhəng pəhləvanları xatırladan dağlar sanki dərindən nəfəs alırdı; qar qoxulu meh atlıların qızarmış üzlərini yaladı, kürəklərə yapışmış nəm köynəklərə dəydi, bədənləri soyutdu.

Aşağıdan, göz işlədikcə uzanan, dibi görünməyən aşağıdan qulaqbatırıcı gurultu qopurdu; bu, qalın meşəliklərdə gizlənmiş dağ çayının səsiydi.

Getdikləri dolama cığır dəvə belli qoşa dağı ikiyə bölən dərin dərəyə enirdi

Ədalətin atı enişi asanlıqla düşüb, yoxuşu da birnəfəsə qalxdı. Kürən atın ayağı daşlara dəydikcə sürüşür, çınqılı əzir, torpaqda batırdı. At böyük əzabla dərəyə endi, yoxuşa çıxıb bir-iki addımdan sonra dayandı.

– Ədə, qoyma dayansın! Vur o… – Ədalətin qəzəb dolu sözlərini dağ çayının gurultusu boğdu.

Azadın qara çubuğu-kar eləmədi, at durduğu yerdən tərpənmədi. Ürəyi az qala köpüklənən ağzından çıxacaqdı. Elə döyünürdü ki, guppultusunu dağ çayının nərəsi belə əridə bilmirdi.

Azad sağ ayağını üzəngidən çıxartdı, bir əli yəhərdə, o biri əli cilovda, atın belindən qorxa-qorxa yerə sürüşdü. At az qaldı dərəyə aşsın. Azad yəhərdən yapışdı, sonra qabağa keçib cilovu darta-darta cığırla yuxarı qalxmağa başladı.

Kürən at boynunu uzadıb Azadın arxasınca yeridi.

– Özünü yorma, min!.. At fəlsəfəsi necədir? Xoşuna gəlir? Vuraydın, dərədən çıxaydı, səni də belində aparaydı!

Yoxuş olduqca çətin idi. Azad elə bil atı çiyninə almışdı. At minməyə öyrəşməyən ayaqlar sözünə baxmır, sürüşürdü. Azad sanki kiminsə acığına yorğunluğu qovur, atın yükünü yüngülləşdirdiyindən həzz alırdı. At dərədən çıxanda Azad dərin nəfəs aldı, qolu ilə alnının tərini sildi. Ədalətə baxıb gülümsündü.

– Yox, bu olmadı! – Ədalət atından düşüb Azada yaxınlaşdı. – Kürənin tempiynən getsək, dağda gecələməli olacayıq, dəstə də axşam ac yatacaq!

– Bəs necə olsun? Atı məhv edək?

– Qorxma, ölməz! Atın canı bərk olar!.. Keç mənim atıma min.

– Fərqi nədir?

– İzahat verməyə nə vaxtım var, nə də həvəsim! Ata cavabdeh mənəm, nə deyirəm onu elə.

Azad çiyinlərini çəkdi:

– Kürən sözünə baxacaqsa, mən razı.

– Onu elə yumşaldım ki!..

Ədalət Azada kömək edib öz atına mindirdi. Kürənə yanaşıb cilovundan tutdu, qamçı ilə ata möhkəm ilişdirdi. Yaş dəridə qamçının izi qaldı – tünd, enli, uzun zolaq. Bir də vurdu. At vahimə dolu gözlərini Ədalətə dikib hürkə-hürkə başını var qüvvəsi ilə geri çəkir, fınxırır, atlının əlindən qurtarmaq istəyirdi. Ədalət cilovdan bərk tutmuşdu, qamçını qəzəblə Kürənə endirirdi. Qamçının əks-sədası dağlarda eşidilirdi.

Azad atdan necə atıldığını bilmədi; Ədalət əlini bir də qaldıranda Azad qamçıdan yapışıb aşağı dartdı:

– Dayan! Bu nə vəhşilikdir!..

– Burax qamçını!

Azad Kürənin cilovunu Ədalətin əlindən dartıb aldı, qamçını onun üstünə atıb:

– Çəkil, – dedi.

Azadın coşmasındanmı, Kürənə möhkəm ilişdirib qəzəb tikanını ürəyindən çəkib çıxartdığındanmı, nədənsə, Ədalət birdən-birə soyudu, sakitləşdi: atına yaxınlaşıb yoldan qırağa çəkdi, Azada dönüb amiranə:

– Onda keç qabağa! – dedi.

Azad Ədalətin yanından ötüb keçəndə Kürənin diksindiyini hiss elədi.

Azad qabağa düşdü. Ədalət atını tez-tez qamçılayır, dincəlməyə macal vermirdi, Kürən də qamçı zərbələrini eşidib, addımlarını yeyinləşdirirdi. Hərdən Ədalət yaxınlaşıb qamçısını Kürənə endirirdi, yorğun at qorxusundan yerindən götürülüb qaçırdı. Azad dinmir, Ədaləti düşünürdü: “Qəlbində gör nə qədər kin var! Kürəni necə vururdu!.. Bəs necə olsun? Axı tələsməliyik!.. Eh, analitik, analitik!..”

Ay yavaş-yavaş saralmağa başlayanda atlılar qoşa çadır yerləşən dağa çatdılar. Dolu xurcunlar, yəhərlər atların belindən götürüldü. Ocaq qalandı, çaydan qaynadı, çay dəmləndi. Süfrəyə qənd, pendir, çörək gəldi.

Geoloqlar iştahla yeyirdilər.

Azad əlini çörəyə uzatmadı – bərk yorulmuşdu, iştahı qaçmışdı. Təpəyə baxdı. Kürən at təpədə hərəkətsiz durub iri gözlərini yerə dikmişdi. Qaralan göyün fonunda atın silueti aydın görünürdü. Göy, təpə və at nəhəng şəkli xatırladırdı.

Kürən at sanki dərin fikrə getmişdi. Gəlib-keçdiyi eniş-yoxuşlarımı düşünürdü?

ƏRİYƏN HEYKƏL

Hər gün səhər tezdən oyanıb sinə dolusu təmiz hava udanda fikirləşirəm ki, bu bağı götürməkdə çox ağıllı iş görmüşəm. Bağı ilk dəfə payızda görəndə, düzü, tərəddüd etdim. Xali bir yer idi. Sarı, yumşaq qum yabanı tikanlıq altında itib-batmışdı.

Meynələrin kösöyə bənzər qapqara, qupquru qolları göyə qalxmışdı, uclarında iki-üç solğun, büzüşmüş yarpaq göyərirdi; torpaqdan qida almayan yarpaqları gün yandırıb-qurudur, külək qoparırdı.

İyirmi-otuz il qabaq bu bağlarda nələr yoxmuş: ağ şanı, dərbəndi, pişraz, qara şanı…

Payıma iki, qonşumun payına isə üç əncir ağacı düşmüşdü. Daha nardan, gilasdan, hətta tutdan danışmıram, heç birisi yox idi.

Sahəmdə quyu vardı. Kor quyu idi. Qonşumla köməkləşib adam çağırdıq, elə ilk günlərdə o qədər də dərin olmayan quyunun gözünü təmizlətdik. Suyu az idi – gündə on-iyirmi vedrə.

Payız və qış aylarının şənbə və bazar günlərində bağa gələndə qonşumu əlləşən görərdim. Mən sahəmi hələ təmizləyib qurtarmamışdım, onun bağının qumu isə tikanlardan tərtəmiz təmizlənmişdi. O da, mən də özümüzə birotaqlı, sement səkili ev tikdirdik. Quyumuza yaxın iri çarhovuz düzəltdik. Çəpər də çəkdik ki, külək qumumuzu aparmasın.

Yazın əvvəllərində bağa köçdük.

Səhər hantellərimi götürüb ayaqyalın sement səkiyə çıxıram, məşq edirəm: əllər yuxarı, əllər qabağa, sağa-sola; qıçlarımı bükmədən əyilirəm, hantellər yerə toxunur. Ağ ciyərlər genişlənir, qan təzələnir, bədən cavanlaşır. Qum səhərə yaxın düşmüş şehdən nəmdir: ayaq basdıqca ləpir yeri qalır, yaş, nazik qum qabığı sökülür, sapsarı quru qum üzə çıxır – quyuya yaxınlaşıram.

İlk günlər qonşum da obaşdan oyanıb mənim hərəkətlərimi izləyir, necə məşq elədiyimə diqqətlə baxırdı. Quyudan suyu çəkəndə nəzərlərini bədənimdə hiss edirdim. Baxır və hey papiros çəkirdi. Düzü, ac qarına papiros çəkməyi xoşlamıram. Ye, sonra çək, ləzzət versin. Nə isə… Qonşum baxır, mən də qollarıma güc verib əzələlərimi oynada-oynada vedrəni quyudan çəkirdim, suyunu vedrəmə töküb, əlüzyuyanımızı soyuq su ilə doldururdum. Qolsuz köynəyimi çıxardıb qurşağacan yuyuna-yuyuna gözaltı qonşuma baxıb, onun hətta bir qədər yaxın gəldiyini görürdüm. Buna təəccüb də eləmirdim: müxtəlif bədənlərə baxıb öyrənmək qonşumun peşəsidir. Elə bağı alan günün səhəri arvadım mənə demişdi ki, qonşumuz şəhərimizdə tanınmış heykəldüzəldəndir, yəni heykəltəraşdır, nə bilim medalları, diplomları var.

Qonşum səkisində özünə balaca bir iş yeri ayırmışdı, iri stolun üstünə şokolad yağına oxşar plastilin yığmışdı, nə isə düzəldirdi. Əvvəl üç qalın plastilin sütunları ucaldı, sonra sütunları fəhlə fiqurları əvəz etdi: üç fəhlə, çiyinlərində də ağır boru. Addımlarını inamla ataraq gedirdilər. Borudan möhkəm yapışmışdılar. Çiyin, boyun və bədən əzələlərini plastilin hələ özündə gizlətmiş, fəhlələrin üzləri də hələ çəkilməmişdi.

Dəsmalla bədənimi qızaranacan silib qurudanda ləzzət alıram, soyuq quyu suyundan donmuş kürəyim, qollarım və sinəm isinir.

Şəhərdə bu yaxınlarda təzə evə köçmüşəm, iki gözlü ayrıca mənzildir, pis tikməyiblər, amma di gəl ki, çox alçaqdır: əllərimi hantellə qaldırmaq istəyirəm, az qala tavana toxunuram, qorxuram ev uçar, içəri keçəndə də başımı əyirəm ki, qapıya dəyməsin. Balkonu da var, bapbalaca, nə samovara od sala bilirsən, nə də manqal qoyursan. Sözüm manqalda yox, samovardadır. Köməkçim Ziya deyir, usta, elektrik samovarı al. Deyirəm, avam olma, ağzının ləzzətini bil! Odur ey, mən qurulananacan samovar qaynayır, ətrafı xoş ətir bürüyür. Qonşum deyir, səhər iştahı olmur. Deyirəm, hantellərimi verim, iştahın gəlsin. Gülür.

– Ay Əlislam, gecikirsən ha!..

Arvadımın səsidir.

Elektrik qatarının fitini eşidib, azca sonra özünü görürəm – şəhərə tələsir. Mən də çay içib qalxıram, qatarım on beş dəqiqədən sonra gələcək. Arvad pencəyimin cibinə qəzetə bükülü pendir-çörək qoyur. Mən qonşumun bağından keçib kəsmə yolla “Gilaslı” stansiyasına doğru addımlayıram.

Neçə gündür plastilin fəhlələri eyni vəziyyətdə görüb işə gedirdim: üzlər hələ də naməlum, əzələlər görünməz idi. Bir axşam qonşum mənə dedi ki, evi xoşuna gəlmir, öz layihəsi üzrə yaxşı bir ev tikdirmək fikrindədir. Demə, başı layihəyə qarışmışdı. Xahişi də oldu. Dedi:

– Usta, qorxuram işlədiyim heykəl əl-ayağa dolaşa, yerə düşə əzilə. İstəyirəm stolla bərabər sizə tərəf aparam, qoy hələlik səkinizdə qalsın.

Köməkləşib stolu evimizə sarı çəkdik. Plastilin fəhlələr sanki stola yapışmışdılar, möhkəm durmuşdular. Mən dal-dalı gedirdim, fəhlələrin hələ çəkilməmiş kor üzləri məndəydi. Mənə canlı görünürdülər. Qəribədir: elə bil mən yoldaşlarımla birgə borudan yapışıb onu buruğa sarı aparırdım. Plastilin fəhlələrə baxdıqca, borunun ağırlığını çiynimdə və qollarımda hiss edirdim. Bəlkə bu, quyunun dibinə salınan sonuncu borudur? Fəhlələri biz aparmırıq, onlar özləri yeriyirlər, bu boru mütləq neft yatağına çatacaq, neft gətirəcək. Mənim briqadamın boruları isə hey yerin qəlbinə sancılır, xeyli getmişik, lakin nəzərdə tutulan dərinliyə hələ çatmamışıq.

Daş qurtardıqca, yük maşınları daş gətirirdi.

Səki xeyli genişləndi, köhnə, mənim evimlə ekiz yaranmış evin yerində hündür, möhkəm, iri pəncərəli üçotaqlı ev yüksəlməyə başladı. Qonşumun gözəl zövqü vardı: ev mənə təzə bəyi xatırladırdı – ucaboy, ağ bənizli, incə, lakin sağlam bədənli. Bizim ətrafımızdakı evlərin damları nədənsə yastıdır, qonşumun evinin damı üçbucaq şəklindədir, üstü də qırmızı kirəmitli; həm damdı, həm də ikinci mərtəbə. İmkan tapıb mən də evimin yastı damını şiş bucaqlı, qırmızı kirəmitli damla əvəz edəcəyəm.

Stol və heykəl qonşumun genişlənmiş səkisində öz yerini tutdu.

Bir gün gördüm ki, qonşum çarhovuzunu söküb. Bu cür nəhəng, gözəl evin yanında köhnə çarhovuz, köməkçim Ziya demişkən, olduqca primitiv görünürdü, yəni çox balaca idi, təzə evə yaraşmırdı, bağın səliqəsini pozurdu. Səliqə deyəndə, çarhovuzda mən elə bir eyib görmürdüm, lakin belə binanın qabağında gərək yaraşıqlı, iri, dərin, dəryaçanı xatırladan çarhovuz tikiləydi. Məncə, qonşum bu cür düşünürdü. İnanmıram ki, köhnə çarhovuzu pisləyəydi, axı balaca da olsa, qonşuma az xeyri dəyməmişdi, onun suyu ilə cavan meynələr, firqəndə olanda, gilas və qaysı tingləri bolluca suvarılmışdı.

Səhərlər məşq edəndə gah tikilən çarhovuza baxırdım, gah da heykələ. Plastilin fəhlələr lal-dinməz durub ağır borunu çiyinlərində saxlayırdılar – nə borunu yerə sala bilir, nə də buruğa çatırdılar.