banner banner banner
Qaçaq Kərəm
Qaçaq Kərəm
Оценить:
Рейтинг: 0

Полная версия:

Qaçaq Kərəm

скачать книгу бесплатно

Başındakı yüyən hanı?
Bu dünyada gün görməmiş,
Söylə igid yiyən hanı?!

Dil bilirmiş kimi, qəhərlə kişnəyən vəfalı atın qumral gözlərindən gilə-gilə yaş axdı.

Cənazəni yerdən oğlanları götürdü. Arvadlar yenə şivən qopardılar. Kimi saçını yolub meyitin üstünə atır, kimi yerdən bir ovuc torpaq götürüb öz başına səpirdi.

Ağıçı qadınlardan Balgöz Yetər, Zorba Gözəl, Telli evinin Sənəmi növbə ilə ağı deyirdilər. Zal qızı da onlara qoşulmuşdu.

Sən gəzərdin o Rüstəmin elində,
Can bəslərdin köhlənlərin belində,
Niyə öldün ağa, düşmən əlində,
Atıb-vuran kamandarım ölübdür.
Əldən gedib ümidvarım ölübdür.

«Boz»u aşanda cənazəni arabaya qoydular «Çörək yeyənin fağırı olmaz» demişlər. Qohumların hamısı silahlanıb arabanı ortalığa almışdılar. Onlar indi bir nizamı orduya bənzəyirdilər. Lal sükut içərisində yavaş-yavaş addımlayırdılar.

İsgəndəri qəbiristanlığın ətəyində atası Molla Zalın qəbri yaxınlığında basdırdılar.

Mollazalların adamları kəndə qayıdanda «Boz»a çatar çatmaz İsgəndərin atı birdən şahə qalxıb kişnədi, çırpınıb geri dartıldı. Əsəd cilovu əlində saxlaya bilmədi! Köhlən teylənmiş ceyran kimi baş alıb «Qarasu»nun qırağı ilə cələyə tərəf götürüldü. Hamı yerindəcə donu atın bu hərəkətinə mat qalmışdı. Məşədi Fərəc oğlu Səməd dedi:

– At igidin yoldaşıdır. Etibara bir bax, o da İsgəndərsiz evə dönmək istəmir. Yaxşı dost yaman gündə tanınar Bu sözlər Zal qızının ürəyini riqqətə gətirdi. Ağzından çıxan kəlamlar inci kimi qatarlandı:

Boz atım niyə getdi?
Nə dedik, niyə getdi?
Evdən bir arxa gedər,
İkisi niyə getdi?!

Kərəmlə Balasöyün əlüstü atlanıb köhlənin dalınca çapdılar. Cələnin başında onu haqladılarsa da at cilovu ələ vermədi. Aradan çıxıb meşəyə qaçdı. Onu gün batana kimi axtardılar. Tapılmadı. Meşənin dərinliyində gözdən itib qeybə çəkilmişdi.

Artıq şər qarışmaq üzrə idi. Kərəmgil uğursuz geri qayıdırdılar. Aşağı Kəsəmənə yaxınlaşanda birdən Kərəmin gözləri kəndin girəcəyində bir dəstə atlı gördü. Diqqətlə baxanda onların arasında Ağstafa pristavı Aleksandr Yüzbaşovu tanıdı, Başında da üç-dörd strajnik vardı. İsrafil ağa ilə Niftalı koxa da yanlarında idi. Onlar dayanıb Kərəmgilin yaxınlaşmasını gözləyirdilər.

Dünən polis dəftərxanasında Kəsəmən ağalarının iştirakı ilə keçirilən gizli məşvərətdə belə qərara alınmışdı ki, İsgəndər dəfn olunan kimi oğlu Kərəmi tutub Sibirə göndərmək lazımdır. Çünki o dikbaşdır, kənddə heç kəsi saymır. Hökuməti bəyənmir. Atası onun da qanını zəhərləmişdir.

…Kərəm onları görəndə cilovu azca geri dartdı. Divanın niyyəti sanki ürəyinə dammışdı. Balasöyün də onlardan şübhələndi. Hələ arada bir güllə mənzili məsafə vardı. Atlar yavaş-yavaş irəliləyirdi. Kərəm xəyalında nəsə götür-qoy eləyirdi. Balasöyünü də fikir çulğamışdı. Onun da əli qanlı idi. Dünənki atışmada o da iştirak etmişdi.

– Onlar bizi tutmağa gəliblər…

– Elədir, – dedi Kərəm. – Aradan çıxmaq lazımdır.

Onlar sözləşdikləri kimi atların başını qəflətən geri döndərib. meşəyə tərəf çapdılar. Divan adamları onların arxasınca döşəndi. Təqib, atışma başladı. Güllələr onların yan-yörəsindən, başlarının üstündən vıyıltı ilə keçirdi. Lakin pristav Kərəmi diri tutmaq istəyirdi.

Kərəm geri qanrılanda gördü ki, strajniklərdən biri az qalıbdır ki, onu haqlasın. Tüfəngi sol çiyni üstündən qaldırıb strajniki bir güllə ilə atdan yerə sərdi.

Balasöyün də yasavul Həzrətqulunu yaraladı. Onlar meşəyə çatmağa az qalmışdı. Bu zaman İsrafil ağanın gülləsi Kərəmin atının sol qoluna dəydi. Kəhər büdrəyib axsamağa başladı. Kərəm az qaldı yəhərdən yerə yıxılsın. «Ay zalım bu heyvanın nə günahı?!» – deyə düşünən Kərəm hiss elədi ki, at artıq qaça bilmir, onu yarı yolda qoyacaq. Bunu görən pristav Yüzbaşov mənalı-mənalı qımışaraq atının sürətini bir az da artırdı. O, Kərəmi özü tutmaq istəyirdi. Lakin atı yaralanan Kərəm özünü itirmədi. Yəhərdən cəld yerə atılmağı ilə onunla yanaşı çapan Balasöyünün atının tərkinə sıçramağı bir oldu. Yaralı kəhər bunu gözləyirmiş kimi ayağı yenə sərpdi və bu dəfə o, dizlərini büküb böyrü üstə uzandı. Kərəm geri baxanda gördü ki, pristav xeyli arxada qalıb… Yaralı atı isə ulğun kolunun yanında yerə yıxılmışdır.

Güllə açıldı, kəhər kişnədi. Atın yalmanına yatıb dabanları ilə onu daha da cuşa gətirən Balasöyün dönüb geri baxdı.

– Səni belə qəddar bilməzdim dayıoğlu, o səkil ata necə qıydın?

– Kərəm köksünü ötürdü:

– Namərdlər yaralı atın yalmanını, quyruğunu qırxarlar. Namussuz yaşamaqdansa, namuslu ölmək daha yaxşıdır.

Onlar meşə ilə xeyli yol gedib «Qala bozu»ndan aşağılarda Kürə endilər. Suları yara-yara o taya keçib Ceyrançölə qalxdılar.

Balasöyün təklif. elədi ki, buradan bir baş Biləndərlilərin yatağına getsinlər. Kərəm razı olmadı.

– Ora bir az uzaqdır, – dedi – gözdən tez iraq olmalıyıq. Yaxşısı budur, Qara Kazım oğlu Qəhrəmanın yanına gedək.

– Hə, nə olar, o da etibarlı, ehtiyatlı adamdı. Əlindəki tüfəngi dizləri üstünə qoyan Kərəm sözünə davam etdi:

– O, həm bizə bir az güllə verər, həm də bir-iki gün onun yanında qallıq. Sonra da allah kərimdir.

Balasöyün əlavə etdi:

– Gürcüstana gedərik, o tərəflərdə dost-tanış çoxdur.

– Faxralıda Güllər tayfasından Dəli Hüseyn adlı canlara dəyən mənim də bir çoban dostum var. – dedi Kərəm.

Sonra araya bir qədər sükut çökdü. Kərəm bu sükutda öz hərəkətinin aqibətini düşünür və düşündükcə də qarşısına cavabı çətin tapılan suallar çıxırdı. Balasöyün də beynində çaxnaşan dumanlı fikirlər əlində əsir-yesir qalmışdı.

– Belə çıxır ki, daha bu gündən biz ev eşik qohum-əqrəba üzünə həsrət qalacayıq?!

Kərəm ağır-ağır başını tərpətdi. Lakin o hələ bilmirdi ki, qarşıda onu. qaçaqlıq həyatının nə kimi çətinlikləri gözləyir?

…Bu gün atasının üçü idi. O isə bu mərasimdə iştirak edə bilmədiyi üçün özünə yer tapa bilmirdi.

– Ürəyim az qalır partlasın. Heç belə də iş olar? İndi bütün qohum-əqrəba qəbir üstə çıxıb. Biz isə əli-ayağı bağlı dustaq kimi burada qalmışıq. Bir dəli şeytan deyir, dur birbaş yollan qəbiristanlığa.

Dostu Qara Kazım oğlu Qəhrəman məsləhət gördü.

– Yox, divanla divanlıq eləmək olmaz… Səbr elə. Dədələr deyib ki, «Səbr salamatlıqdır».

Balasöyün sözə qüvvət verdi:

– Qəhrəman düz deyir, səbr elə, özünü ələ al. Qoy şər qarışsın, qaranlıq düşsün. Qəbir üstə biz də gedərik.

Kərəm əlacsız, acizanə bir halda başını buladı.

– Bu nə işdi biz düşdük…? Balasöyün dedi:

– Dayoğlu, özün yaxşı bilirsən ki, bu zamana bizə ögeydir. Gec-tez belə olmalıydı. Ya dustaqlıq, ya qaçaqlıq!

Kərəm hər şeyi ölçüb-biçmiş kimi xəyaldan ayıldı. Onda sanki birdən-birə bir dönüş əmələ gəldi.

– Madam ki, iş belə gətirdi, bu gündən mən də onlara .divan tutacam. Qoy indi qabağımda dursunlar! Bu qoca dünya yarış meydanıdır…

…Gündüzlər harasa çəkilən payız buludları axşam düşən kimi sanki qeybdən peyda olur və göy üzünü qalın tülə bürüyürdü. Bu gecə də qaranlıq idi. Ay yalnız hərdən buludların seyrək yerlərindən zəif şölə saçırdı. Ətrafdakı başdaşları ayin zəif işığında elə bil qəbirlərdən qalxan ölülərin qaraltısı idi. İki-bir, üç-bir baş-başa verib bir-birilə nə haqdasa xısınlaşırdılar. Lakin Kərəmgilin gözləri qaranlığa alışmışdı. Qəbiristanlıqda hər şeyi aydınca seçirdilər.

Kərəm atasının qəbri üstündə diz çöküb için-için ağlayır və ürəyində: «Sən mənim allahım, dayağım idin, ata. Bizi bizdən heç bir qüvvə ayıra bilməzdi, əmbə bu zəmanə, bu zəmanənin İsrafil ağaları ayırdı. Mən onu belə namərd bilməzdim. Sənə onun gülləsi dəydi… Bağışla, qəbrin üstünə gündüz gələ bilmədim. Onlar məni də eldən-obadan didərgin eləyib qaçaq saldılar… Qəbrinə and içirəm, bir qanına min qan alacam!»

Birdən qəbiristanlığın hansı səmtindənsə bir şıqqıltı eşidildi. Bir əlində silah, bir əlində cilov qəbrin ayaq tərəfində kədərli halda dayanan Balasöyün səsə diqqət kəsildi. Bu nə idi, kim idi? Aşağı əyilib Kərəmi dümsüklədi. Və pıçıltı ilə dedi:

– Şıqqıltı eşidildi, deyəsən bizi izləyirlər? Xəyaldan ayılıb başını yuxarı qaldıran Kərəm də ətrafı dinşədi. Amma bir səs-səmir gəlmədi. Qəbiristanlığı yenə sakitlik bürüdü. Lakin aradan bir az keçmiş at xoflanmış kimi orxandı. Qulaqlarını şəkləyərək içini arıtlayırmış kimi qırıq-qırıq səs çıxartdı. Nəsə hiss eləmişdi, narahat idi. Elə bu vaxt təpənin günbatan tərəfində bir qaraltı göründü. Balasöyün eyməndi. Get-gedə yaxınlaşan həmin qaraltı başdaşları arasında gah görünür, gah da yoxa çıxırdı. «Bismillah!» Bu nə idi? Yoxsa nağıllarda eşitdiyi ərdov, cin-şəyatin həqiqət imiş? Bəlkə gözləri alacalanırdı?

Onlar tez babaları Molla Zalın qəbri arxasında gizləndilər. Tüfənglər qaraltı gələn səmtə tuşlandı. Qaraltı yaxınlaşdıqca böyüyür və get-gedə aydın seçilməyə başlayırdı. Lakin Kərəm gözlərinə inanmadı. Balasöyünün atı yekə qırıq-qırıq kişnədi: Kərəmin qəlbini sevinc qarışıq bir kədər çulğadı. Tüfəngi gözündən kənar eləyib yanında uzanaraq irəlini nişan alan Balasöyünə baxdı. Qəbrə yaxınlaşan iri qaraltı İsgəndərin atı idi. Kişinin bütün yar-yarağı da üstündə idi. Hənirti hiss eləyə at ürkək-ürkək gəlib qəbrin yanında dayandı. Qəbri imsilədi. Sonra da üzünü, boynunu başdaşına sürtdü. Kərəm yenə qəhər boğdu. Atı çağırdı. Köhlən diksinib qulaqlarını şəklədi. Lakin o, ayaq üstə qalxıb ona sarı gedən Kərəmi iyindən, səsindən tanıdı. Astadan kişnəyərək mehribanlıq göstərdi. Kərəmə elə bil qol-qanad verdilər Bəli, «Atın var, qanadın var» – deyib dünyagörmüş kişilər.

Kərəm atasının dəstəsi sədəfli, ilandilli xəncərin yəhərdən açıb belinə bağladı, qoltuqaltısını çiyninə keçirdi. Aynalı tüfəngini əlinə alıb atın belinə qalxdı.

* * *

Səhərdən başlayan quzey küləyinin qovduğu yelinli buludlar göyün üzünü qara pərdə kimi örtmüşdü. Hava saz idi. Günortadan sonra qar yağmağa başladı. Get-gedə kəndin arasından əl-ayaq yığışır, yollar-izlər kimini kəndə, kimini həndə aparırdı…

«Boz»un qoşa gədiyindən başlayıb ta Kürə kimi uzanan, tək araba keçəsi yol kəndi iki yerə, – yuxarı və Aşağı Kəsəmənə bölmüşdü.

İsrafil ağanın evi yuxarı Kəsəməndə idi. «Boz»un belində usta Cəlilin tikdiyi bu təzə mülk kənddəki evlərin hamısını kölgələmişdi. Altı otaqdan ibarət qırmızı kərpicdən və çay daşlarından tikilmiş, əndəruni-biruni eyvanlı bu binanın içi yanmış «qarğa duzu»ndan hazırlanmış gəclə suvanmışdı.

İsrafil ağa bu evin qum-əhəngini qoyun südü ilə yoğurtdurmuşdu. Bunun üçün sürülər dağa getməzdən bir neçə gün əvvəl kəndə gətirilmiş və sağılan süd qum-əhəng çalalarına tökülmüşdü. Evin qapı dəstəklərinin hamısı tökmə bürüncdən idi. Otaqlarda holland sobaları yanırdı.

Ağa mülkün qənşərindən aşağı enən yolla kəndə sarı addımlayırdı… Çayçı Orucun evinin yanından dönüb orta yola çıxdı. Fikirli görünürdü. Yadına yenə Mollazallarla onların arasında olan dava düşmüşdü. Kişi bu davadan doğan düşmənçiliyin kökünü aramaq istədi. Lakin aradakı ədavəti doğuran səbəblər palıd ağacının kökləri kimi dərin və dolaşıq idi. Bu dolaşıqdan baş çıxarmağa ağanın hövsələsi çatmadı, günahı, yenə o tərəfdə – Kərəmgildə gördü. Amma Kərəmdən ehtiyat eləyirdi: «Mən onun atasını öldürmüşəmsə, onlar da mənim əmilərimi öldürüblər. Atam sağ olsa, bəlkə onu da öldürərdilər. Deməli biz əvəz-əvəz olmuşuq. Amma o yenə əl çəkmir, soyumur, Məni öldürmək istəyir… Yox, mənə bata bilməyəcəksən, Kərəm!.. Sənin düşmənlərin get-gedə artır, gündə bir qan tökürsən… Mən səndən əl çəksəm də divan əl çəkməyəcək!»

Atası Oruc ağanın sağlığında kənd cavanları ilə bir yerdə at çapan, ova gedən, Kür yaran İsrafil indi tamam başqalaşmışdı, Qardaşlarından cavan olsa da Orucağalı tayfasına özü başçılıq eləyirdi. Hər-hansı bir məsələdə cavan ağa yalnız öz ağlı ilə durub otururdu…

Günləri Qazaxda, Gəncədə, Tiflisdə keçən İsrafil ağa kəndin içində belə pay-piyada, özü də tək-tənha az-az görünürdü. Qarşısından gələn adamların bəzisi onunla əl tutub görüşür, bəzisi zəhmindən qorxa-qorxa baş əyib keçir, kimi də özünü itirib yoldan çıxırdı. Ağır şərtlə sələm pul götürmüş borclular isə onun gözünə görünməmək üçün hələ uzaqdan yolunu dəyişirdi. O, bunların hamısını görüb hiss elədikcə ağalıq qüruru daha da artırdı. Rüşvətxor divana arxalanan ağa özünü bu kəndin allahı sayırdı. Onun qara dediyinə ağ deyən olmazdı. Kəndliləri yerli-yersiz döyüb söysə də heç kim qorxusundan onun başının üstündən yuxarılara şikayət edə bilmirdİ. Qəzada, quberniyada nüfuzu böyük idi. Kənd arasında belə məsəl yaranmışdı: «Göydə allahın, yerdə İsrafil ağanın qəzəbinə gəlməyəsən!». Onun sələmə verdiyi borcları yazdığı qara dəftərçəsi vardı. Bu dəftərdə kimlərin adı yox idi!?..

Üç gündən sonra İsrafil ağanın Söyünbəyli kəndində yaşayan qayınatası – Abbasqulu ağanın qardaşı oğlu Hüseyn ağanın toyu olacaqdı. Ona görə ağa indi yol gedə-gedə baş sındırırdı ki, görəsən toya layiqli nə hədiyyə aparsın, axır ki, fikirləşib tapdı: «Xallı üryəni bəyzadəyə bağışlayacam». – O, qırım papağını sol gözünün üstünə qaldırdı. Sonra dodaqları pıçıldadı: «Sabah Tiflisə gedim, bir yaxşıca hamamlanım…»

Mollazallar məhəlləsindən keçib kəndin mərkəzinə tərəf irəlilədi. Havanın get-gedə bulandığını görən İsrafil ağa ürəyində dedi: «Qar səhərə kimi belə yağsa yataqdakı qoyunlar acından qırılacaq… Evə qayıdanda gərək nökərlərə tapşıram ki, tez o taya beş-altı araba ot aparsınlar».

…Qavrı çayı ilə Kürün arasında yerləşən, bir yanı Sığnax, bir yanı Samux olan bu geniş ərazidə kəsəmənlilərin çoxlu yataqları vardı. Yarıköçəri həyat sürən Kəsəmən camaatı əsasən heyvandarlıqla məşğul olduğundan bu yataqlarda yüzlərlə qoyun-quzu sürüsü və mal-qara saxlayırdı…

El yaylağa köçənə kimi Ceyrançöl şenlik olurdu. Sanki burada qol-qola verib halay vuran dağlar da, dövrəyə aldıqları geniş düzlər də öz boz, kasıb libasını dəyişib qarağandan, pürəndən, irəmədə bitən duzlu ot-gəngizdən, sirkəndən, yovşandan, tuvulğudan güllü, bəzən boz, bəzən ağımtıl, bəzən də yaşıla çalan don geyinirdi… Torpaq şoranlıq olduğundan bu otların, bitkilərin hamısı quşlar kimi dimdiyindən su içir, nəm hava və yağış hesabına cücərirdi. Günəşi ayna kimi əks etdirən duzlaqlar, döşlərdə sədəf kimi sayrışırdı. Yataq-yataq çöllərə səpələnmiş qoyun-quzu sürüləri, naxırlar, ilxılar örüşlərin rəngarəng naxışı-yaraşığı idi. Çoban tütəyinin səsi həzin-həzin ətrafa yayılırdı. Qayalarda, qolpunlarda qaqqıldayan ayaqları xınalı kəkliklər isə bu yerlərin öz nəğməkarı kimi ötürdü. Burada, «allahdan buyruq, ağzıma quyruq» – deyə mürgü vuran boğazıyoluq keçəl anqutlara da, dağlara-dərələrə səpələnmiş ilan-çayana, tülkü-canavara, dovşana və göylərdə dövr edən çalağana da rast gəlmək olurdu.

Düzənlərdə at çapan kim, atla ceyran, qızıl quşla kəklik ovlayan kim… Bir də görürdün Ağ göldən teyləniş ceyran sürüsü qolpunları süzə-süzə üz tutubdu şehli düzə…

Dik qaşdan o tərəfə olan «Ağ düz» yataqlarının sürüləri Qavrı çayına, Dik qaşdan bu yana olan yataqların heyvanları isə Kürə suya gəlirdi. Çobanlar kənddəki təzə xəbərləri buradan Ceyrançölə aparır, qışlaqdakı yenilikləri isə kəndə çatdırırdılar. Hərdən Sarı qaşdan karvan enib Qavrının birinci qapısından bəri çıxanda uşaqların bayramı olurdu. Onların hay-küyündən çöllərə ün düşürdü. Balaca «kişilər» karvanın qabağına çıxıb qozdan, fındıqdan, kişmişdən, xurmadan, alma-armud qaxından «torpaqbasdı» alırdılar. Bu da bir adət idi. Bunu uzaq-uzaq ellərdən gəlib Ceyrançöldən keçən karvançılar da yaxşı bilirdi. Odur ki, hər dəfə «yolkəsənlər» bir ətək pay alırdılar…

..İndi isə qışın oğlan çağı idi. Böyük çillə yenicə girmişdi. Hər tərəf ağ yorğana bürünməkdə idi. Qar-boran təbiətə hakim kəsilirdi. Yol-iz, hətta bələnlər də, dərin qolpunların qorxunc uçurumları da get-gedə görünməz olurdu. Yolda-izdə, çəhlimlərdə bir ins-cins görünmürdü. Elə bil qarla bərabər göydən bu yerlərə sükut da ələnirdi. Ağ yelin vıyıltısından savayı səs eşidilmirdi.

Bu vaxt onun yadına bir əhvalat düşdü… Bir yaz aran çox isti olduğundan İsrafil ağa sürülərini vaxtından bir az tez yaylağa qaldırtdırdı. Sürülər dağa çatan kimi bərk qar yağdı. Çobanlar əl-ayaq edənə qədər bir sürü qoyun qırıldı. Sürünün çobanları kor-peşman arana qayıdıb əhvalatı ağaya söylədilər. Ağa bunu şəxsiyyətinə sığışdıra bilməyib dedi:

– İsrafil ağanın sürüsü salamatdı. Alın bu pulu gedin Gürcüstandan bir sürü qoyun alıb yaylağa qayıdın…

Çobanlar tapşırığa əməl edib dağa qalxdılar.

Bu vüqarı saxlamaq baha başa gəldiyindən İsrafil ağa buna təkrar yol vermək istəmirdi.

Çala-çuxur yolun hər iki tərəfindəki həyətlərə qaratikandan çəpər çəkilmişdi… Fikri yenə uzaqlarda olan ağanın indi bu yolla hara və nə üçün getdiyini özündən başqa heç kəs bilmirdi. O bir qədər də irəliləyəndən sonra sağ tərəfdə çəpərin o üzündəki evin həyətində sallaqbığ, arıq, quru, beli bükük bir kişinin kalça buruntaqladığını gördü. Qocanın başında saçaqları gözünə düşən çal papaq, əynində uzun boz çuxa, belində dizinə qədər uzanan xəncər vardı. Bu, Kərəmin əmisi Cəlal kişi idi. İsrafil ağa gözlərini ondan çəkib düşündü: «Oh, oh, oh! Quru yerə qurd salan qoca kaftar! Suyu başdan bulandıranlardan biri də sən oldun!».

Ağa yoluna davam elədi… Birdən onun qarşısına çiynində səhəng Kürdən su gətirən bir gəlin çıxdı. Ağanın fikri dağıldı, gözləri işardı. Kəklik yerişli qadın elə gözəl, elə qəddi-qamətli idi ki, ağanın şair qəlbini riqqətə gətirdi, kişi heyran-heyran ona baxmaya bilmədi. «Səd bərəkallah»! Baxışları ilə sanki onu ovlamaq istədi, amma oxu daşa dəydi. Ağanı görən kimi yamşanan kəmənd zülflü gəlin başını aşağı dikib onun yanından teylənmiş ceyran kimi keçdi. «Bu huri-mələk kimin qızı idi, hansı bəxtəvərin övrəti idi? Mən onu niyə tanımadım?» – ağa xəyal etdi. O, üç-dörd addım getməmiş dayandı, sağ əli ilə bığını eşib sol çiyni üstündən xəlvəti geri boylandı. O şux mələk artıq yox idi. Yaxınlıqdakı doqqazlardan hansındansa içəri keçmişdi. Amma «o huri-mələyin» əvəzində ağanın arxa tərəfində hardansa iki kişi peyda olmuşdu. Onlardan biri silahlı idi… Ağa yenə yoluna davam etdi Amma nədənsə arxadan gələn adamlardan şübhələndi. Gümanını yoxlamaq üçün addımlarını yavaşıtdı. Onlar da sanki ağanın fikrini anlayıb böyürlərindəki dəllək dükanının qabağında ayaq saxladılar. Silahlı adam özünü tanıtmaq istəmirmiş kimi üzünü yoldaşına tərəf çevirib nəsə dedi. Aradakı məsafə bir qədər uzaq idi. həm də günortadan azca keçmiş olduğuna baxmayaraq, hava tutqunlaşmışdı. Göyün üzü donmuş gölə bənzəyirdi. İsrafil ağa onları tanımadı. Amma ürəyinə damdı ki, onu izləyirlər… İsrafil ağa qorxaq deyildi. Amma nədənsə o adamlardan sümüyü sancdı. Lakin yolundan qalmadı. Gəncədə Ləzgi Murada təzə tikdirdiyi boynu və yaxası naxışlı Xorasan kürkünün cibindəki tapançanı sağ əli dəstələdi. Hacı Cahangirin dükanına çatar-çatmaz dayandı. Dükanın qapısı açıq idi. Ağa bir də geri boylandı. Onu təqib edənlər yaxınlaşırdı. «Bəlkə elə yol adamlarıdı, öz işlərinin dalınca gedirlər?» – İsrafil ağa düşündü: – Günün bu günorta çağı mən niyə xoflanıram?!» Ağa özünü dükana verdi. İçəridə bir neçə adam vardı. Məsmalı oğlu Allahqulu, Gülməmməd oğlu Qəhrəman və Məşədi Kazım da burada idi. İsrafil ağa onlara salam verdi. Səsindən hiss olundu ki, ağa nədənsə narahatdı. Kişilər onun salamını alıb eyni zamanda məəttəl qaldılar ki, ağa hara, tək-tənha bu dükana gəlməyi hara?

Məşədi Kazım soruşdu:

– Qardaş oğlu, xeyir ola?

Gözləri açıq qapıdan yola dikilən İsrafil ağa cavab verənə kimi hacı Cahangir dilləndi:

– Ağa, xoş gəlmisən, əmbə bu nə zəhmətdi, əyər bir şey lazımıydısa nökərlərdən birini göndərəydin, – dükançı əl-ayağa düşdü.

İsrafil ağa hacı Cahangiri qoyub Məşədi Kazıma cavab verdi:

– Qazı hacı Səmədin yanına gedirəm… İşim var. Sizi görüb yanınıza buruldum.

Bir neçə dəqiqədən sonra yolla gələnlər söhbət eləyə-eləyə dükanın qabağından keçəndə İsrafil ağa onları tanıdı. Bığıburma cavanlardan biri Kərəmin əmisi oğlu Tağı idi, biri də onun dostu Söyün oğlu Nəbi… «Bunlara fürsət vermək olar? Bir balaca dırnaqlanan kimi silaha qurşanırlar» – deyə İsrafil ağa düşündü. Və onları çağırdı:

– Ayə, ay uşaqlar!

Tağı ilə Nəbi ayaq saxladı.

– Bura gəlin! – İsrafil ağa hökmlə dilləndi. İçəridəki adamlar da bu işə maraq göstərdilər. Tağı ilə Nəbi dükana girdilər. İsrafil ağa Tağının gözünün içinə baxaraq soruşdu:

– Bu silah nədi, kəndin içində hərləyirsiniz? Tağı dedi:

– Ağa, ova gedirik!

İsrafil ağanın odlu baxışlarından qığılcım ələndi.

– Belə havada nə ovbazlıqdı?! Göz gözü seçmir… Tağı istədi ki, desin «Ağa, biz belə havada da ov elərik», amma dillənmədi. Bu vaxt cavanların qəsdini başa düşən Gülməmməd oğlu Qəhrəman onların sözünə haqq qazandırmaq və İsrafil ağanın hücumunun qabağını almaq üçün dedi:

– Həə, derlər ki, «Qala bozu»nun alt tərəfinə çoxlu ördək-qaz tökülüb.

İsrafil ağanın tərs baxışları Qəhrəmanı çaldı. Tağıya tərəf dönüb:

– Görüm o tüfəngi! – dedi.

Tağı könülsüz halda tüfəngi çiynindən çıxardıb İsrafil ağaya uzatdı.

– Bəs ördəyi-qazı nəynən vuracasız, patrondaşınız hanı?

Nəbi başını aşağı dikdi, Tağı da dillənmədi. İsrafil ağa silahı alıb çaxmağını geri çəkdi. Güllə tüfəngin xəznəsindən sıçrayıb yerə düşdü… İsrafil ağanın gümanı doğru çıxmışdı. Özündən razı qaldı. «Çubuğu vaxtında əyməsən, böyüyəndə əyilməz». Belə düşündü və israr etdi:

– Gülləni lüləyə ov yerində keçirərlər. Kəndin içində birdən açılıb uşaq-böyüyə dəyər?.. Qandınızmı?!

Tağı hirsindən udqundu. Nəbi dümağ ağarmışdı.


Вы ознакомились с фрагментом книги.
Для бесплатного чтения открыта только часть текста.
Приобретайте полный текст книги у нашего партнера:
Полная версия книги
(всего 10 форматов)