banner banner banner
Qaçaq Kərəm
Qaçaq Kərəm
Оценить:
Рейтинг: 0

Полная версия:

Qaçaq Kərəm

скачать книгу бесплатно

Camaat arasında müxtəlif fərziyyələr söylənirdi. Kimi deyirdi; «Bəlkə gecə su başına çıxanda yıxılıb çəpərin-zadın dibində qalıb?». Başqa birisi isə: «Bəlkə kişi havalanıb yuxuda durub gəzən adam kimi çöllərə düşüb.

Qohumlar Kürün sahillərini, çölü, cələni axtardılar. Güman gələn yerləri gəzdilər. Mansur bəyin nə ölüsü tapıldı, nə dirisi. Hamı bu işə mat-məəttəl qalmışdı. Onun dünən İsgəndərlə dalaşdığını da xatırlayanlar oldu, amma heç kəs İsgəndərdən şübhələnmirdi. Mansur bəyin rəhmətə gedən birinci arvadından olan Əhməd bəy polis idarəsinə gedib atasının gecə ilə yoxa çıxmasını divana xəbər verdi.

Ertəsi günü Qazaxdan pristav gəldi. Başında da beş-altı kazak vardı. Pristav əvvəlcə Mansur bəyin evini, həyətini gəzdi. Sonra ağsaqqallarla söhbət elədi, bəzi ağalara qulaq asdı. Oruc ağa İsgəndərə tərəf çıxdı:

– Mənim sərkarımın günahı yoxdur. Ondan nahaq şübhələnirsiniz, eşitdiyimə görə Mansur bəy onu döyüb…

Ona dünənki davanı da danışdılar. Pristav çox götür-qoydan sonra İsgəndəri yanına çağırtdırdı. Onu sorğu-suala tutdu:

– Dünən onunla dalaşmısanmı?

Pristavın qarşısında ayaq üstə dayanan İsgəndər.

– Bəli, – deyə cavab verdi.

– Nəyin üstündə?

– Atların… – deyib İsgəndər susdu.

– Dilin niyə tutulub, bir yerli-yataqlı danışsan… – At nədir?

İsgəndər bura yığışan arvad-uşaqdan ar eləyib məsələni ağartmaq istəmədi. Pristav acıqlandı.

– Niyə susursan, günahkarsan?

– Xeyr, taqsır onun özündə oldu. Camaat bilir. Cəfər ağa:

– Ay canım, İsgəndər elə adam deyil. Pristav ani fikrə getdi, sonra:

– Yaxşı, sən onu hədələmisənmi? Demisənmi ki, gör sənin başına nə oyun açacam?

İsgəndər dedi:

– Bəli, demişəm, amma onun bu gecə yoxa çıxmağından mənim xəbərim yoxdur. Qəsdim olsa, açıq-açığına öldürərdim. Belə gizli yox! Bu namərd işidir.

Pristav istehza ilə gülümsədi.

– Hm… xəbəri yoxdur!.. Bəs o üstündəki qan ləkələri nədir?

İsgəndər arxalığının döşünə və qoluna baxdı.

– Öz qanımdır. Burnum qanamışdı. Pristav ciddi bir görkəm aldı:

– Get, onu uşaq-muşaqa danış… Keçmişdə sizin aranızda bir ədavət olubmu?

Araya bir qədər sükut qondu. İsgəndər dostunun oğlu üstündə Mansur bəylə dalaşdığını xatırladı. Bu vaxt bəyin oğlu Əhməd bəy dilləndi:

– Bəli onların arasında ədavət vardı. O bir ay bundan əvvəl günün-günorta çağı bizim damın qapısını sındırmışdı. Onun üstündə dədəmlə dalaşmışdılar. Hələ onda az qalmışdı kişini xəncərlə doğrasın.

– Yalandır! Qapını sındırmağımın da səbəbi vardı.

– Onu məhkəmə ayırd edəcək.

Pristav kazaklara göstəriş verdi ki, İsgəndərin evində axtarış aparılsın. Divanla bərabər hamı Molla-zalların həyətinə axışdı.

Kazaklar İsgəndərin evini alt-üst elədilər, əlləri boşa çıxdı. Sonra tövləni, samanlığı axtardılar. Mansur bəyin meyiti samanın altından tapıldı.

İsgəndərin gözləri dörd oldu, yerindəcə qurudu.

Kazaklar onun əlinə qandal vurub Qazağa apardılar. Bir müddətdən sonra onu Sibirə göndərdilər. Bu əhvalat 1876-cı ildə olmuşdu.

…Mollazallar bu il Səlim bəyin torpağını icarəyə götürmüşdülər. Artıq taxıl biçilib qurtarmış, dərələr xırmana daşınmışdı. Xırmanı «Boz»un Poyluya baxan səmtində «Qara su»yun yaxınlığında açmışdılar. Bir az aralıda üç dəyə qurulmuşdu. Taxıl döyülüb qurtarana kimi onlar bu payızlıq binəsində yaşayacaqdı. İşin qızğın vaxtı idi. Kişilərdən kimi öküzləri vələ qoşur, kimi bəndəmləri açıb dərələri xırmana tökür, kimi döyülmüş taxıl uçun kənarda yer hazırlayırdı.

Arvadlar cərgə söyüdlərin kölgəsində qaynar asıb paltar yuyurdular.

Fəxrənsə dəyələrin arasında ocaq qalayıb xörək hazırlayırdı. İsgəndər ortadakı dəyədə idi. Ailəsinin içinə axşamdan gəlmişdi. Bir qədər nasaz idi. Sibirin sazağı, gecəsi-gündüzü olmayan qaçaqlıq həyatının əzab-əziyyətləri, yorğan-döşəksiz gecələrin rütubəti hərdən özünü büruzə verirdi. Lakin evə, ailəsinin içinə gələndə hər şeyi unudurdu. Fəxrənsə axşam onu küpələmişdi. Küpənin yeri qap-qara qaralmışdı. Kürəyindəki bu iri «qara xalın» üstündə şeh kimi qan damcıları əmələ gəlmişdi. Lakin indi o, özünü yaxşı hiss eləyirdi. Xeyli yüngülləşmişdi. Qaranlıq düşən kimi, o yenə Keşiş dağına getməli idi. Yoldaşları onu orada gözləyirdi. Yəhərli atı həmişəki kimi dəyələrin yanında hazır, silahı, əlyetərdə idi. O, sürgündən qaçandan sonra ağalara, hökumətə asi kəsilmiş adamlardan başına dəstə toplayıb artıq dörd il idi ki, qaçaqlıq eləyirdi. Adı Borçalı, Gəncəbasar və Ermənistanın bir çox mahallarına yayılmışdı. Yoxsullar, əlsiz-ayaqsızlar yenə əvvəlki kimi onun yanına məsləhətə, şikayətə gedirdilər. İsgəndər həmişə onlara əl tutur, yol göstərirdi.

Lakin onun Sibirdən qaçması hamıdan çox Oruc ağa nəslini yaman narahat eləmişdi. Onlar qorxurdular ki, İsgəndər, mərhum Oruc ağanın hayıfını oğlu İsrafil ağadan alar. Odur ki, gecə-gündüz gözdə-qulaqda idilər. Onun kəndə gəldiyni eşidəndə ağalığın nökərləri Qulam oğlu Rəhimlə Kərim səhərə kimi əli silahlı evin yan-yörəsində keşik çəkirdi. İsgəndərin hərdən ailəsinin içinə kəlməsini divana da xəbər vermişdilər. Lakin o, qeyri-müəyyən vaxtlarda gəldiyi üçün polis onun izinə düşə bilmirdi. Ona görə ağalığa rəsmi tapşırılmışdı ki, harda kimin rastına gəlsə başına bir güllə çaxsın.

İsgəndərin bu işlərdən xəbəri yox idi, amma bilirdi ki, ehtiyat igidin yaraşığıdır, hər dəqiqə onun başının üstünü ala bilərlər. Buna baxmayaraq, yenə ürək eləyib, kefi istəyəndə, darıxanda arvad-uşağının yanına gəlirdi.

O, dəyədə yerdən salınmış palazın üstünə uzanmışdı. Başının altında mütəkkə vardı. Ağır düşüncələrə qapılmışdı. Qarışıq, cavabı çətin tapılan fikirlər onu çulğamışdı. nə qədər belə səksəkəli ömür sürəcəkdi?.. Səkkiz il idi, evdən-eşikdən, el-obadan didərgin düşmüşdü. Qaçaqlıq həyatı onu bezdirmişdi. Mütəkkəyə dirsəklənib böyrü üstə çevrildi. Fikirləşdi ki, quş quşluğu ilə, balaları ərsiyə gətirib, qanad açana kimi onlara qayğı bəsləyir. O isə hələ bir oğul toyu da görməmişdi. Fəxrənsəni yanına çağırdı:

– Deyirəm, xırman qurtarsın Kərəmin toyunu başlayaq. Nə qədər nişanlı qalacaq? Qudamız Məmməd kişi də narahatdı. Ona söz verdim ki, bu yaxınlarda gəlini aparacayıq. Dedi, necə məsləhətdi.

Fəxrənsə sevindi.

Gün axşama əyilmişdi. Xeyli taxıl döymüş xırmançılar yorulmuşdu. Kür tərəfdən sərin meh əsirdi. Tağın qırağında dayanıb şana ilə samanlı taxılı sovuran Cəlal kişi qardaşı Abbasa dedi:

– Mən Səlim bəyi belə bilməzdim. Çox nainsaf adamdı. Əkin yerini heç olmasa yarılığa vermədi ki, qışı bir təhər yola verək.

Tayadakı dərələrdən xırmanın yanına daşıyan Abbas kişi dedi:

– Elə olsa nə varıydı ki?.. Gör neçə tağar buğdamız olardı. Hacı ağanın borcunu da verərdik.

Öküzlərin boyunduruğunda hodaxçı kimi oturan Əsəd vəli saxladı:

– Əmi, nə qədər borcumuz var?

Abbas kişi döşünü əlindəki yabanın sapına söykədi.

– Üç çuval!

Ağırlıq salmaq üçün vəlin üstündə dayanan Kərəm də yerə endi.

– Heç belə də iş olar?! Bu qədər zəhmət çək, ək, biç, döy, Səlim bəy də əli cibində gəlsin duru yerindən ikisini özünə götürsün, birini bizə haqq hesablasın!

Qəflətən itlər hürüşdü. Səs-səsə verib qarasuyun o tayındakı ulğun kolluğuna doğru cumdular. Şananı sol əlinə alıb sağ əlini gözünün üstünə tutan Cəlal kişi birdən qışqırdı:

– Ayə, qoymayın gəldilər!

Hamı iş-gücdən əl saxlayıb, itlər hürüşən tərəfə boylandı. Poylu tərəfdən dəyələrə sarı bir dəstə atlı gəlirdi. Qabaqda at çapan pristav idi. İsrafil ağanın əmisi oğlu Bayram və nökəri Qulam oğlu Kərim də onların arasında idi.

İsgəndərin dəyədə olduğunu İsrafil ağaya Kərim demişdi. O, günortadan bir az əvvəl Kür qırağında otlayan ilxıdan bir at ayırıb gətirirmiş. Ürgə birdən nədənsə hürküb özünü Mollazalların düşərgəsinə verib. Nökər onun dalınca gedəndə dəyələrin arasında İsgəndərin başı cilovlu, beli yəhərli atını tanıyır və tez xəbərə qaçır… Neçə vaxtdır belə bir fürsət gözləyən İsrafil ağa bu xəbəri eşidəndə həm sevinmiş, həm də həyəcan keçirmiş, «bu gün hər şey həll olunmalıdır!» – deyə düşünüb dərhal Bayramla Kərimi Qazağa divanın dalınca göndərmişdi. Rəhimə isə «Boz»un belində keşik çəkməyi tapşırmışdı. Pristavın dəstəsi Poylunun alt tərəfində görünəndə, o, ağalığa xəbər verməli idi. İsrafil ağa nə ki, qohum-əqrabası var, hamısını ayağa qaldırmışdı. Tayfanın bütün başipapaqlıları hazır vəziyyətdə idi.

Rəhim papağını çomağın ucuna keçirib havaya qaldıran kimi onlar da kənd tərəfdən hücuma keçdilər.

İsgəndər qardaşının səsini eşidincə tez yerindən sıçrayıb silahını əlinə aldı. Çaxmağı hərləyib gülləni lüləyə verdi və dərhal da bayıra atıldı.

Xırmandakılar isə dabanbasaraq dəyələrə doluşub silaha sarıldılar. Düşərgənin ətrafında hərə bir yerdə özünə mövqe tutdu. Pristavın dəstəsi də tez atlardan tökülüşüb özlərini kollara verdilər.

Atışma başladı. Mollazallar kənd tərəfdən də atəş açıldığını görüb iki yerə bölündülər. Abbas kişi, Kərəm, Həmid, Mədəd kazaklarla, Cəlal, İsgəndər, Əsəd, Qəhrəman isə İsrafil ağagillə qarşı dayandı.

Dəyələrin qapısı ağzına toplaşan arvadların hayharayı güllələrin səsinə qarışıb Poylu ilə «Boz»un arasında əsl döyüş meydanına çevrilən düzü başına götürmüşdü.

Kəndə də hay düşmüşdü. Ağalıqla rəiyyətin toqquşmasını eşidən camaat «Boz»un belinə axışırdı. Arvad-uşaq bir-birinə qarışmışdı. Ağsaqqallar, qarasaqqallar atışmanı dayandırmaq üçün bilmirdilər neyləsinlər. Bu ölüm-dirim davasında od-alov saçan güllələrin altına girmək mümkün deyildi.

Kərəm dərələrin dalından atəş açırdı. Onun növbəti gülləsi Bayramı yaraladı.

Bu tərəfdə isə İsgəndəri uç nəfər araya almışdı. Bir yandan İsrafil, bir yandan əmisi Məşədi Alı, bir yandan da nökər Rəhim onun üstünə güllə yağdırırdı. İsgəndərin tüfəngi isə alabafta kimi gah bu kolda, gah o kolda ötürdü. Birdən o, qamışlıqdan ona güllə atan Məşədi Alını gördü. Nişan alıb tətiyi çəkdi. Məşədi Alının tüfəngi əlindən yerə düşdü. Başı sinəsinə əyildi. Güllə düz ürəyinə dəymişdi.

İsrafil ağanın tutduğu mövqe həm bir az hündür, həm də bir qədər dalday idi. O, əmisinin vurulduğunu görüb dəhşətə gəldi. İçində yanan intiqam ocağı daha gur alışdı. O, indi yalnız İsgəndəri izləyirdi. «Səni özüm öldürəcəm». Birdən elə vəziyyət yarandı ki, ağa, İsgəndəri lap aydın gördü və dərhal onu tuşlayıb tüfənginin nişangahına gətirdi.

İsrafil ağanın atdığı güllə İsgəndərin papağını alnından azca geri sürüşdürdü. Ağa bir an əl saxlayıb diqqət kəsildi. İsgəndərin tüfəngi artıq susmuşdu.

Bu zaman «Boz»un dikdirində əli tüfəngli bir atlı göründü. Bu, özünü haraya yetirən İsrafil ağanın əmisi Molla Vəli idi. O, əlini gözünün üstünə qoyub ətrafı seyr elədi. Özününküləri axtarırdı. Kərəmi gördü. Kərəm atasına köməyə gedirdi. Molla Vəli tüfəngini yəhərin qaşından götürüb cəld Kərəmi nişan aldı. Lakin İsgəndərin tüfəngi açıldı. Molla Vəli sinəsinə dəyən güllənin zərbindən qamətini azca dikəldib sonra büzüşdü. Havaya açılan silahı əlindən yerə düşdü. Kişi müvazinətini itirdi, ayaqları üzəngidə arxası üstə atın tərkinə sərildi.

Güllənin zərbini hiss eləyən İsgəndərin bədəni gizildədi, gözləri alacalandı. Başı keyişdi. Əlini alnına qoydu. Beyni atlanırdı. Qulaqları da küyüldəməyə başladı. Alnını yalayıb keçən güllə beynini zədələmişdi. Əlini alnından gözü qabağına gətirdi. Barmaqları qana bələşmişdi. Alnından sızan qan düyünlənmiş qaşları arasından burnu uzunu axmağa başladı. Başında get-gedə bir boşluq əmələ gəlirdi. Elə bil bu boşluqda ocaq qalamışdılar.

İsgəndərin kiçik oğlu Məcid hələ uşaq idi. On üç-on dörd yaşı ancaq olardı. Buna baxmayaraq, o da əlinə tüfəng götürüb atışmada iştirak etməyə can atırdı. Lakin anası onu dəyədən eşiyə buraxmırdı.

– Uşaqsan, uşaq yerində otur. Sənin o güllə-baranın içində nə işin var?!

Məcid inadından əl çəkmirdi, gah yalvarır, gah ağlayırdı.

– Burax deyirəm sənə, burax məni!

– Dərdin alım, əl-ayağa dolaşma, qoy görək bu nə müsibətdir…

Bu zaman dəyələrin yanında açılmış arabanın üstündən atışmanı izləyən Zal qızı Gülnaz özünü hövləng içəri saldı. Dəyə çubuğundan asılmış qoltuqaltını götürüb Fəxrənsəyə dedi:

– Burax onu! İsgəndərin gülləsi qurtarıb. – Sonra üzünü Məcidə tutdu.

– Dədən tək söyüdün altındadır. Bu güllələri tez. ona çatdır…

Məcid əlindəki tüfəngi yükə söykədi, qoltuqaltını bibisindən alıb tez belinə bağladı və çevik bir hərəkətlə bayıra atıldı. O, kolların arası ilə gah sinə-sinə qaçır, gah sürünə-sürünə irəliləyirdi. Hərdən güllələr yan-yörəsindən vıyıltı ilə keçirdi. Axır ki, o gəlib atasının yanına çatdı. Kişinin üz-gözünü qanlı görəndə yerindəcə qurudu. Qəhər onu boğdu. İsgəndər güclə dilləndi:

– Niyə gəldin?

Məcid gördü ki, atası çox qan itirmişdi. Amma hələ huşu üstündə idi. İsgəndər oğlunu görəndə dikəlmək, həmişəki kimi məğrur, yenilməz görünmək istədi, lakin bacarmadı.

– Mənim bala tərlanım, dağlar qartalım!

Uşaq atasına sarındı. göz yaşları onun qanına qarışdı.

– Sənə güllə gətirmişəm! – dedi.

Kişinin gözləri güllə dəyəndə başından çıxarıb yanına qoyduğu qızılı qıvrım papağına sataşdı. Düşmən əlinə keçməsindən ehtiyatlandı.

– Papağı da, xəncəri, kəməri də götür, evimizə anar. Məcid yerdən bir neçə enli bağayarpağı dərib atasının alnından axan qanı silmək istədi. Kişi dumanlı gözlərini azca açıb ağır-ağır başını buladı. «Lazım deyil demək istədi. Çətinlik çəkdi. O, ağır günə qaldığını, get-gedə qan apardığını hiss etdikcə çöhrəsində təəssüf qarışıq bir məyusluq duyulurdu. Artıq hər şey onun gözündə tor görünürdü. Gözləri köhnə oylaqları gəzdi, kəndə sarı baxdı, Kürə endi, qəbiristanlığa dikildi, üfüqə zilləndi. günəş yavaş-yavaş qürub edirdi. Atışma get-gedə səngiyirdi…

…Kişini zili salınmış taxtın üstünə uzatmışdılar. Gözləri yumulu olsa da hələ sağ idi. Başına toplaşan qohum-əqrəbanın əlləri qoyunlarında qalmışdı. Üzlərdən kədər, gözlərdən ah-fəğan yağırdı.

Bacısı Gülnaz yanında oturmuşdu. Qardaşının o dünya ilə əlləşdiyini duysa da yenə ümidini itirmirdi. Nəsə allahdan bir möcüzə gözləyirdi. Özü xısın-xısın içində ağlasa da heç kimi vay-şivən qoparmağa qoymurdu. «Biz ağlayıb düşməni sevindirə bilmərik» – deyirdi.

O, başı ilə Kərəmə işarə elədi ki, anasını bayıra çıxarsın. Qanı ağzında dayanan Fəxrənsə hamilə idi. Rəngi-rufu qaçmışdı, qəhərdən ürəyi sıxılırdı. Kərəm onu həyətə toplaşan qonşu arvadlara tapşırıb geri qayıtdı.

Bu zaman İsgəndər dərindən inildədi.

– Can, can, a qardaş! – Zal qızı ondan da betər sızıldadı. Otaqdakıların ürəyindən qara qanlar axdı. Gülnaz yaralı qardaşının əlini əlinə alıb ucları get-gedə saralan barmaqlarına baxdı, sonra da onları qəhərdən qurumuş dodaqlarına sürtdü. İsgəndərin əli bu təmasdan sanki qüvvət aldı. Astaca yuxarı qalxıb başındakı qanlı sarığın üstündə qərar tapdı. Kişi yenə dəli bir ah çəkdi. Onun ömrü gödəldikcə iniltisi artırdı. Gülnaz ürək-dirək verdi:

– İyid İsgəndərə inilti yaraşmır. Gözünü bir aç bax, bütün qohum-əqrəban, balaların hamısı sağ-solunda dayanıb, sağ-salamatdır. Səndə də heç nə yoxdur. Yaran yüngüldür, sağalacaqsan!

Ürəyini qubar bürümüş Kərəmin gözləri yaşarmışdı. Qəzəbdən üzündəki əzələlər oynayırdı. O, qəhərli-qəhərli dedi:

– Ata, intiqamını alacam!

Hərdən şüurunu itirib hərdən özünə gələn İsgəndər tanış səs eşidib gözlərini açdı. Sorğulu nəzərlərini bacısının üzünə dikdi. Zal qızı onun qan sızmış gözlərini silib başını Kərəmə tərəf çevirdi.

– Gör, oğlun nə deyir?!

Kişi işığı öləzimiş gözlərini Kərəmə zillədi. Kərəm xəncərini qınında şaqqıldatdı:

– Deyirəm, qisasını yerdə qoymayacam!

İsgəndərin iniltisi azaldı. Gözlərinə işıq gəldi. Rəngi-rufu özünə qayıtdı. Üzündə-gözündə xəfif təbəssüm baxışlarında bir xumarlıq göründü. Bəlkə Zal qızı Gülnazın gözlədiyi möcüzə bu idi? Kişi ölümə qalib gəlmişdi? Amma yox! Bu, onun son nəfəsi imiş. Ruhu can evi ilə vidalaşırmış. Azca dikəlib son dəfə həsrətlə əlləri qoynunda dayanan uşaqlarına, bacı-qardaşlarına və elə bu zaman: «Vay, vay, qoymayın, evimin çırağı sönür!» – deyə qışqıraraq içəri girib, özünü ərinin üstünə salan Fəxrənsəyə baxdı, baxdı… eləcə də əcəl onu qucaqladı. Səs-səda kəndi başına götürdü. Balalar yetimləşdi, qohumlar kimsəsizləşdi. Zal qızı Gülnazın ürəyindən bir ağı qopdu:

Güllə dəydi sərindən,
Yer titrədi nərindən,
Mən gözünü aç dedim,
Niyə yumdun dərindən?

İsgəndərin ölüm xəbəri ildırım sürətilə el-obaya yayıldı. Yasa qonşu mahallardan da dostlar, tanışlar gəldi. Mərəkəyə Kavı koxa, Abbas kişi, Zal qızı başçılıq edirdi.

Ağ dırnaqlı, göy xallı köhləni qaraya tutmuşdular. Mərhumun tüfəngini, xəncərini, qoltuqaltı və kəmərini dal ayaqları pələngin pəncəsinə bənzəyən atın qara tumac dərili, yumşaq yastıqlı yəhərindən asmışdılar.

Gülnaz atın gəlin saçları kimi ipək yalını oxşaya-oxşaya deyirdi:

Boz at səni öyən hanı?