banner banner banner
Qaçaq Kərəm
Qaçaq Kərəm
Оценить:
Рейтинг: 0

Полная версия:

Qaçaq Kərəm

скачать книгу бесплатно

– Çox sağ ol, – dedi Kərəm və ayağa qalxdı. – Sənin bu hörmətin duz-çörək qədər qiymətlidir. Mənə sığınacaq verdiyinə görə çox sağ ol, yaxşılıq heç vaxt itməz!.. Çalışaram ki, mən də bunun əvəzini çıxam. Amma bir xahişim nar. Qarışıqlıqda mənim üstümə gəlmə. Sonra peşmanlıq çəkərəm…

Abbas bəy bu zaman nə isə xoş bir hiss keçirirdi, elə bil üzərinə düşən böyük hökumət tapşırığını yerinə yetirmişdi.

Kərəm getmək istəyirdi. «İnanmaq yaxşıdı, amma lap çox inanmaq qorxuludur!». Pristav bu hislərdən ayazıya bilərdi…

Abbas bəy küçəyə çıxdı. Bulağın başında dayanıb sağa-sola göz gəzdirdi. Səhəngini su ilə doldurub oradan aralanan qadın tini burulanda, pristav həyətdə atın belində hazır dayanan Kərəmə işarə elədi. Kərəm böyük darvazanı azca aralayıb atın başını buraxdı. Kəhər qanad açdı. Kərəm Bolus-Kəpənəkçiyə, Emin ağanın görüşünə yollandı.

Onun arxasınca baxan Abbas bəy həm təəssüf, həm də rahatlıq hissilə düşündü: «Mərdliyə, cəsarətə bax. Ağla, ağayanalığa bax! Xalqın nə igid ürəkli oğlanları var… Amma hayıf ki, onların hərəsi bir diyardadır. Kimisi Kərəm kimi çöllərdə, kimisi qazamatlarda…»

Bu əhvalat tez bir zamanda şəhərdə, kənddə ağız-ağız gəzdi. Amma buna inanan da vardı, inanmayan da. Dövlət adamlarının isə əlində dəqiq sübut yox idi. Ona görə də bu dedi-qoduya inanmırdılar.

Sonralar Peterburqda çıxan. «Vestnik prava» jurnalı bu hadisəni belə qiymətləndirəcək: «…Pristav Şərq qonaqpərvərliyinin müqəddəs qaydalarını poza bilmədiyinə görə, onu gizlətmişdir. Qanuni hakimiyyət nümayəndəsinin bu cür hərəkəti, əlbəttə, Şərq adət və ənənələri ilə tanış olmayan adam üçün qəribə görünər. Əslində isə pristav çıxılmaz vəziyyətdə qalmışdır. əgər o öz çağırılmamış qonağını ələ versəydi, Kərəmin tərəfdarları tərəfindən alınacaq qanlı intiqam bir yana, pristavın öz qohumları, öz dostları ondan bir əclaf, satqın kimi üz döndərərdi…»

…Lakin qonaqpərvərlik adəti heç də müsəlmanı məcbur etmir ki, hər alçağı öz evində gizlətsin. Onlar yalnız o cinayətkarlara sığınacaq verirlər ki, o, müəyyən bir səbəb üzündən özündən asılı olmayaraq, günah işlədir. Hər adam öldürən qaçaq və ya soyğunçu deyil…

…Öz ləyaqətlərini qoruyarkən cinayət edən adamlar bəzən cəmiyyət içində şan-şöhrət qazanırlar. Kərəm hələ qaçaq düşməmişdən əvvəl camaatın gözündə məhz belə bir qəhrəman idi…»

KƏSƏMƏNDƏ ŞİMŞƏK ÇAXDI

Şəhərdən qayıdan Oruc ağa yorğun idi. Yar-yarağını bir-bir üstündən açıb Cavahir xanıma verdi. Çuxasını çıxarıb talvarın dirəyindən asdı. Sonra da damın sulanıb süpürülmüş kölgəsində salınmış palazın üstündə oturdu. O, iki gün idi ki, Tiflisdə idi. Ətlik üçün qəssablara verdiyi yüz qoyunun haqq-hesabını almağa getmişdi. Nökər Rəhim onu gözləyirmiş kimi sanki qeybdən yanında hazır oldu.

– Ağa, izn ver… – dedi və kişinin hər dəfə güclə geyinib soyunduğu xrom çəkmələri dartıb çıxarmağa başladı. Rəhim aralanan kimi qaravaş Səkinə gəldi. Əlində aftafa-ləyən vardı. Ağa əl-üzünü yuyub sərinləndi. Mütəkkəyə dirsəklənib yanına gələn Cavahir xanıma:

– Bir yaxşı bozartma bişirtdir, – dedi – şəhərdə hansı xörəyi yeyirəmsə canıma sinmir.

Cavahir xanım Səkinəyə göstəriş verdi ki, tez bir ocaq qalasın.

– Uşaqlar hardadı? – ağa soruşdu.

Cavahir xanım mehriban və ürəyi yumşaq bir qadın idi. Nurani sifətindən, ağ birçəyindən bilinirdi ki, cavanlığında gözəl olmuşdur.

– Məmmədlə Yusif Ağstafadan hələ qayıtmayıblar. İsrafil də Kərəmlə indicə Kürə çimməyə getdilər.

Bu vaxt İsgəndər həyətə daxil oldu. O, Oruc ağanın sərkarı idi. Ağa ilə salamlaşandan sonra dedi:

– Qaraçöpdən çapar gəlmişdi. Murğuz oğlu Məmməd sabah bizi oğlunun toyuna çağırır.

– Çağırır, gedərik, – dedi ağa. – Allah xeyir işini mübarək eləsin. Dədə-bava dostluğu belədir daa…

– Allah qayım-qatın eləsin! – İsgəndər əlavə etdi. Arxalığının cibindən kəhrəba təsbehini çıxardan ağa buyurdu:

– Gədələrə tapşır, dörd kəhər yəhərləsinlər. İsgəndər duruxdu: «Dörd at nə üçün?» Sərkarın marağını dərhal duyan ağa belə söylədi:

– Deyirəm İsrafillə Kərəmi də özümüzlə aparaq. Daha onların da bığ yeri tərləyib. Kişilər cərgəsinə qoşulub xeyrə-şərə gedən vaxtlarıdı…

Bu sözlər İsgəndərin də ürəyindən oldu.

– Əlbəttə, – dedi – ata dostu oğla mirasdı. Getsinlər, görsünlər, götürsünlər…

Kişi təsbehin xırda dənələrini barmaqları arasında asta-asta çevirərək başı ilə İsgəndərə işarə elədi ki, otursun. İsgəndər palazın üstündə ağa ilə üzbəüz əyləşdi, Cavahir xanım onlara samovardan çay süzdü.

…Əlqərəz, səhər tezdən dördü də atlandı. İki ata, iki oğul. Nökərlər köhlənləri çimizdirib quyruqlarını düyünləmişdilər. Atlar cilov gəmirirdi.

Ceyrançölün ildə bir ay yaşıl libasa bürünən vaxtı idi. Düzlərdə, irəmələrdə sirkan, yovşan, qarağan otları baş qaldırmışdı. Səhər-səhər bu şehli yaşıllığın sinə-sinə səpələnmiş naxır, ilxı və qoyun-quzu sürülərinin sayı-hesabı yox idi. göz işlədikcə uzanan düzənliklərdəki yataqların sayını bacalardan burula-burula qalxıb buludsuz göylərdə əriyən tüstülərdən bəlli etmək olardı.

Atlılar gah torpaq yolla, gah kəsə cığırlarla irəliləyirdilər.

Ekiz qardaşlar kimi çərkəzi çuxa geyinmiş İsrafillə Kərəmin atları qabaqda qoşa səkirdi. Oğlu ilə fəxr eləyən Oruc ağa:

– Yaxşı övlad ata-ana dayağıdır – dedi.

İsgəndər də gözü ilə Kərəmin boy-buxunun oxşayıb dedi:

– Allah ikisinədə uzun ömür versin. İyid balalardı. Tüfəngini yəhərin qaşında dizləri üstünə qoyan ağa uzaqlara baxdı:

– Qız böyüyər, gedib özgə çırağı yandırar. Ata yurdunu şöhrətləndirən oğul olar…

– Əlbəttə, oğul nəslin davamçısıdır. – dedi İsgəndər.

İsrafil, ağanın ortancıl oğlu idi. Övladları içərisində onu ən fərasətli sayırdı. Ürəyində ona ayrıca yer ayırmışdı.

Cavanlar hərdən də cıdıra çıxmış kimi bir-birilə ötüşür, gah o bunu, gah bu onu arxada qoyurdu. Kişi isə bu qərəzsiz yarışın fərqinə varıb həyəcan keçirirdi. Gahdan İsrafilin geri qalması ona pis təsir eləyirdi. Ağalıq qüruru açıq-açığına özünü büruzə verirdi.

Oruc ağa əslən rəiyyət idi. Amma sonralar ona hökumət tərəfindən necə deyərlər, «ağalıq» verilmişdi. İndi Kəsəmənin məşhur ağalarından idi. Var-dövləti başından aşıb-daşırdı. Çoxlu əkin yerləri, böyük cələsi, bir neçə qoyun-quzu sürüsü, xeyli mal-qarası və ilxısı vardı. Lakin artıq ixtiyarlaşmışdı. Altmış beş yaşı vardı, amma yaşından bir qədər cavan görünürdü. Uzun müddət rus ordusunda qulluq etdiyindən onda bir hərbi səliqə-sahmanı vardı. Özü də çox narahat adam idi. Ucaboylu, sağlambədənli və gümrah bir kişi idi. Lakin təzəlikdə düçar olduğu təngnəfəslik hərdən əl-ayağını göməşdirirdi. Odur ki, bir gün o, yanına gələn, özündən bir yaş böyük qardaşı ilə məsləhətləşdi.

– Alı, ağlıma bir fikir gəlib… İstəyirəm Molla Zal oğlu İsgəndəri sərkar tutam.

– İsgəndəri? – Məşədi Alı maraqlandı.

– Hə, daha qocalmışam, bu təngnəfəslik də bir yandan… Hər şeyə göz ola bilmirəm… Kəndçilər də, bilirsən daa… göz qırpmağa bənddirlər.

Məşədi Alı nimçədəki quruddan bir-iki qaşıq götürüb qarşısındakı yağlı xəngəlin üstünə tökdü.

– Elə olmağına elədir, – dedi – mal-dövlət can odudur. Görək gecə-gündüz hər şeyin haqq-hesabını aparasan. Əmbə…

Cavahir xanım hiss elədi ki, Məşədi Alı kişini fikrindən döndərmək istəyir. Söhbətə qarışdı.

– Bunu çoxdan eləməliydin, yoxsa hər şeyin dalınca özün qaçırsan. canın əzab-əziyyətlərdən qurtarar. Dağdan gələndən gah bostana qaçırsan, gah xırmana. gah o tayda yataqda, gah bu tayda cələdə…

Oruc ağa qaragül Buxara papağını çıxarıb böyrünə qoydu, xəngəl sinisini qabağına çəkdi.

– Mənə elə gəlir ki, o, rəiyyətlə də rəftar eləməyi bacarır, bəylərlə də.

Samovarın yanında oturub təzə çay dəmləyən Cavahir xanım:

– Elədir, – deyə ərinin sözünə qüvvət verdi. – O, həm qoçaqdır, həm də el-oba içində nüfuzu var. Yazı-pozu da bacarır.

Molla Zal oğlu İsgəndər adicə rəncbər idi. Amma el arasında gözüaçıq, ağıllı və qoçaq bir kişi kimi tanıyırdı. Qırx yaşı vardı, di gəl, yoxsul kəndlilər, qohum-əqrəba ona bir ağsaqqal kimi baxırdı. Dara düşəndə yanına məsləhətə gedərdilər.

Məşədi Alı ovcu ilə yağlı saqqalını sildi. Sonra öz fikrini bildirdi:

– Əmbə bir iş var ki, o bir az dikbaşdır. Bilmirəm sən deyənə razı olacaq ya yox? Özün halısan ki, rəiyyət olsa da məğrur adamdı. Ağalara, bəylərə baş əyən döyül.

Kişinin qaşları çatıldı. Ürəyində: «Elə dikbaş olduğuna görə də neçə dəfə divana düşüb-çıxıb!» – deyə fikirləşdi və əsəbi halda dilləndi:

– Bir yesin, beş də nəzir-niyaz versin ki, mənim kimi bir ağaya sərkar olacaq. Bu qədər var-dövlətin, nökər-nayibin ixtiyarını ona verirəm. Filan qədər də haqq alacaq razılıq verməz, mən də gedərəm başqasını tutaram. O qədər yalvaran var ki…

Cavahir xanım ərinə təkid qarışıq bir məsləhətlə:

– Hər yalvarana etibar olmaz kişi, – dedi, – Elə İsgəndər yaxşıdı. Yalvar da, yaxar da təki onu yola gətir. O, gözü-könlü tox adamdı. Nə yazıq ki, indi araya sərinlik düşüb. Biz onlarla əvvəllər ki, yaxın olmuşuq? Bir də unutma, onların bizə yaxşılığı keçib…

Cavahir xanımın yada saldığı yaxşılığın nədən ibarət olduğunu Oruc ağa yaxşı bilirdi. Oğlu İsrafil anadan olanda Cavahir xanım süddən kəsilmişdi. Uşağı il yarım İsgəndərin arvadı Fəxrənsə əmizdirmişdi. Bir dizi üstə Kərəmi, bir dizi üstə İsrafili oturtmuşdu. Onlar süd qardaşları idi. İndiyədək də doğma qardaş kimi bir-birinə mehribanlıq göstərirdilər.

Ürəyində arvadının sözlərinə haqq qazandıran ağa yenə yumşaldı.

– Mən də elə o köhnə xətir-hörmətə görə onu sərkar tutmaq istəyirəm.

…Ertəsi gün kişi İsgəndəri yanına çağırtdırıb fikrini ona söylədi. İsgəndər bu gözlənilməz təklifə təəccüb eləyib bir qədər fikrə getdi və sonra:

– Ağa, möhlət ver, bir fikirləşim, – dedi.

– Nə möhlət! Başın üstündə, fikrin başında. «Hə» de, çıxsın getsin.

İsgəndər gülümsədi. Ağa onu dilə tutub arxayın saldı ki, hər şey yaxşı olacaq, onlar bir ailə üzvü kimi dolanacaqlar. İsgəndərin külfəti çox idi. Uşaqları dolandırmaq üçün ağanın təklifi ona şirindirici göründü.

Kişi əlini İsgəndərə uzatdı.

– Dəmiri isti-isti döyərlər, allah xeyir versin! İsgəndər gülümsəyərək ağanın əlini sıxdı.

– Yaxşı, allah xeyir versin!

…O vaxtdan indi düz iki il keçirdi. İsgəndər bütün var-dövlətin haqq-hesabını aparır, taxılı vaxtında əkdirib-biçdirir, xırmanlara ciddi nəzarət edir, ətlik qoyunları, bostandan əldə olan məhsulu Gəncə – Tiflis bazarlarında satdırır, dağa-arana gedəndə ağanın köçünə kalladarlıq eləyirdi. Bir sözlə kişinin sağ əli idi, onun bütün təsərrüfat işlərinə o baxırdı.

Günü-gündən varlanan Oruc ağa sərkarından razı idi. Onun təsərrüfatında işləyən kəndlilər də daha bir o qədər narazılıq eləmirdilər. İsgəndər onları incitmir, haqlarını vaxtlı-vaxtında verir, imkan düşəndə də əl-altdan kasıblara kömək eləyirdi. Lakin onun bəzi məsələlərə müdaxilə eləməsi, kəndliləri ayıq salması Kəsəmən ağalarının xoşuna gəlmirdi, Onların mənliyinə, mənafeyinə, toxunurdu. Odur ki, hərdən ondan Oruc ağaya qandırırdılar. «Sən ona inanma, saman altdan su yeridəndir»

Başqa birisi deyirdi: «O, rəiyyətlə əlbirdir, onlara dil verir».

Get-gedə bu deyilənlərdən şübhələnən kişi sərkarına göz qoymağa başladı. Camaatın acınacaqlı vəziyyətinə acıyan İsgəndər isə öz işində idi…

Əlqərəz… Onlar üç gün toy evində qonaq qaldılar, Yedilər, içdilər, aşıqlara qulaq asdılar, qara zurnanın havasına oynadılar.

Geri qayıdanda mahalın üst tərəfindəki gədikdə bu yerlərə təzə gəlmiş əsgərlərin düşərgə saldığını gördülər. Onların bir hissəsi kazarma tikir, bir hissəsi də xeyli aralıda hərbi təlim keçirdi.

Oruc ağa onları görəndə öz cavanlığı, könüllü əsgər gedib rus ordusunda xidmət elədiyi günləri xatırladı. Qaragül Buxara papağını yenə yan qoydu. Ağarmış bığlarını eşdi. Qamətini düzəldib yəhərin üstündə şax oturdu. Xəyalı ilişib o illərdə qaldı. Xatirələr birər-birər yadına düşdü.

O, 1828-1829-cu il rus-türk savaşının iştirakçısı idi. Müharibədə böyük şücaətlər göstərdiyinə görə orden-medallarla təltif olunmuş və çin almışdı. Hərdən bu haqda söhbət düşəndə özü öyünə-öyünə danışırdı:

«…Qarsın yaxınlığında qızğın dava gedirdi. Gah ruslar basılırdı, gah türklər. Amma bizimkilər hər dəfə xeyli irəliləyirdi. Bir kərə bizim dəstə türk əsgərlərini Soğanlıq dərəsi deyilən yerdə haqlayıb onların bir neçə top-tüfəngini və bayrağını ələ keçirdi. Bax, bu medalı mənə onda veriblər…

Bir dəfə də yenə. meşəlik bir yerdə qanlı vuruşma gedirdi. Türklərin qorxu-ürkü bilməz iyid bir ordu başçısı vardı. Od-alov idi eləcə. Gözümüzü açmağa bizə imkan vermirdi. Qoşunun qabağında əlində qılınc nərə çəkərək üstümüzə gələndə dəstəmiz pərən-pərən olur və xeyli tələfat verirdi. Bizim atlı dəstə komandanlıqdan əmr aldı ki, necə olursa-olsun onların tutduğu mövqeyi yarıb keçmək, üstəlik həmin o türk paşasının ya ölüsünü, ya dirisini gətirmək lazımdır. Kim bu əməliyyatda fərqlənsə böyük çin alacaq. Dəstəmiz hücuma keçdi. Düşmənlər bu basqından sarsılıb atışa-atışa geri çəkilməyə başladılar. Paşanın qoşununu darmadağın eləyib cəbhəni yardıq. Əsgərlər çöldə pələsəng olub hərəsi bir yana qaçırdı. Mənim gözüm dəstədən ayrı düşmüş türk paşasını almışdı. «Ya mədəd!» – deyib onun dalınca döşəndim. O qaçır, mən qovurdum! Xeyli də atışdıq. Axır gedib bataqlıq bir yerə çıxdıq. Burada onu haqladım. Atı daha bayaqkı kimi qaça bilmirdi. Birdən paşanın yəhərdən yerə yıxıldığını gördüm. Gözlərimə inanmadım. Sən demə mənim gülləm onu ağır yaralayıbmış. Atın cilovunu çəkib bataqlığın qırağında dayandım. Bir az nəfəsimi dərmək istəyirdim. Bir də nə görsəm yaxşıdı? Gördüm bataqlıq paşanı özünə çəkir. Fikirləşdim ki, ey dili qafil, o batsa kim inanacaq ki, onu mən öldürmüşəm? Tez atdan düşüb yaxınlaşdım. Gördüm özündə-sözündə deyil. Qolundan tutub dartdım. Çıxarda bilmədim. Meyit artıq yarıya qədər bataqlığa batmışdı. Bəs mən neyləyim, çəkdiyim zəhmət hədərmi getsin? Ağlıma bir fikir gəldi. Xəncəri çıxardıb başını üzdüm. Çini də, bax bu ordeni də onda veriblər…»

…Onlar gədiyi aşdılar. Kiçik təpənin ətəyində on iki at otlayırdı. Hamısı da xamda yeyib səmrimiş seçmə Qarabağ atlarına oxşayırdı. Oruc ağa onları görəndə xəyaldan ayıldı. Ətrafına göz gəzdirdi. Hər yan kimsəsiz idi. Artıq düşərgə də, təlim keçən əsgərlər də görünmürdü, təpələrin arxasında qalmışdılar. Ağa düşündü: «Bir dəli şeytan deyir…» Qeyri-ixtiyari olaraq cilovu azca geri dartdı. At sahibinin qəsdini başa düşmüş kimi qulaqlarını şəkləyərək kiçik ilxıya baxıb kişnədi. Ağanın qəlbində gənclik coşqunluğu baş qaldırmışdı. O, qoca vaxtında özünü bir də imtahana çəkmək fikrinə düşmüşdü. Üzünü yanınca atını yorğa sürən İsgəndərə tutdu:

– O atları görürsənmi?

İsgəndər onun səsinin titrədiyini duydu. Fikrindən nələr keçdiyini bilib məqsədini başa düşdü, Ağaya heyrətlə baxdı. Ondan gözləmirdi. İsgəndər onu bu qəsdindən döndərmək, yayındırmaq istədi.

– Ağa, bəlkə göz olan var!..

Kişi təkrarən ətrafa boylandı. Qəti qərara gəlmiş kimi hökmlə israr etdi:

– Ayə, o yana hayla. Yiyəsinə xəbər çatana kimi biz Sac dağını aşacayıq.

Ağa yaşına uyuşmayan bir çevikliklə atını sürüb məqsədini irəlidə gedən cavanlara da bildirdi. At çapmaq, silah işlətmək, qoçaqlıq göstərmək həvəsində olan uşaqlar himə bənd imiş. Heç nəyin fərqinə varmadan atları qabaqlarına qatıb qovmağa başladılar.

İsgəndərlə Oruc ağa da onların arxasınca götürüldü. Tez-tez də qanrılıb geri baxırdılar.

Atlar mənzil döydükcə ayaqlarının zərbindən Ceyrançölün bağrı yarılırdı. Sanki cıdıra çıxmışdılar. Biri o birindən geri qalmaq istəmirdi. Qarşıdakı yalı yenicə aşmışdılar ki, bu zaman arxa tərəfdən hay-haray və at ayaqlarınIn tappıltısı eşidildi. Oruc ağa da, İsgəndər də eyni bir vaxtda qanrılıb geri baxdılar. Arxada əmələ gələn toz dumanı içərisində dallarınca gələn bir dəstə atlı göründü: Kişilər atları daha bərk səyirtdilər. Oruc ağa onlardan irəlidə çapan cavanlara qışqırdı.

– Dalımızca kazaklar gəlir. Atları qamçılayın! Tez olun! Tez, tez!

Atların surəti bir az artdı. Lakin anlar bir-birinə calandıqca, dəqiqələr ötdükcə kazaklarla onların arasındakı məsafə daralırdı. Ağ yala çatar-çatmaz atışma başladı. İsrafillə Kərəm yenə qabaqda ilxını qovur, İsgəndərlə Oruc ağa onları qoruyur, atlarını çapa-çapa qanrılıb çiyinləri üstündən gülləni-gülləyə calayırdılar…

Bu ara arxadan atılan güllələrdən biri Oruc ağamın papağını yaladı. Kişini dəhşət götürdü. Xəta qıl yazmışdı. «Ya allah, bizi bu dardan qurtar. Özüm heç, İsrafilə bir xəta toxunmasın!»

Kazaklar onları haqlamaqda idi. Birdən qarşıda dərin bir qolpun qaraldı. İrəlidə dördnala çapan atlar ehtiyatlandı. Qulaqlarını şəklədilər. Təntiyib kişnədilər. Və birdən qolpunun qırağına dirənib bir-birinə qısılaraq, burulğan kimi bir yerdə dövrə vurdular. Lakin irəlidə gedən İsrafil dayana bilməzdi. Dayanmaq ölüm demək idi. İrəli də getmək təhlükəli idi, əjdaha kimi ağzını açmış dərin uçurum onları uda bilərdi. İsrafil hiss elədi ki, Sarı atın gözü qolpunu almışdı. Buna baxmayaraq, at eni təxminən dörd-beş arşın olan dərənin üstündən o üzə sıçrayanda İsrafil gözlərini yumub özünü uçurumun dibində yerə dəyəcəyinə hazırladı. Lakin yaxşı təlim görmüş Sarı at sahibini darda qoymadı. Qolpunun üstündən quş kimi süzüb o taya düşdü. Büdrədi, amma yıxılmadı. Arxadan dabanbasaraq .gələn Kərəm, Oruc ağa və İsgəndər də qarşıdakı təhlükədən salamat qurtardılar. İlxı o tayda qaldı.

Kazaklar qolpunu adlamadılar, atları saldırdıqlarına görə artıq təqibi mənasız saymışdılar. Kiçik ilxını qabaqlarına qatıb geri qayıtdılar.

Artıq şər qarışmaqda idi. Günəş üfüqdə yaratdığı al mənzərənin ahənginə qovuşub yavaş-yavaş əriyirdi.

Onlar bələnlər aşdılar, dərələr endilər, düzlərə çıxdılar və axır gəlib «Arıx evinin acısına» çatdılar. Artıq təhlükə sovuşmuşdu. Demək olar ki, onlar böyük xəta-bəladan qurtarmışdılar. Hamı ürəyində allaha şükür eləyirdi. Amma tək Oruc ağa qəmli, qüssəli görünürdü. Qaş-qabaqlı halda dilləndi:

– Bir az burda dincimizi alaq! – Atın cilovunu çəkdi. Qan-tər içində olan kəhər dayanıb fınxırdı. Hamı kişinin təklifinə əməl eləyib atdan yerə endi.

Kəsəmənə az qalmışdı, kənd Kürün o tayında idi. Ağzı Kürə açılan bu dərə ilə acı su axıb çaya qovuşurdu.

Oruc ağa yovşan kolunun üstündə oturdu. Həyəcandan yenə ürəyi döyünürdü. Lakin bunun çox da fərqinə varmadı. Onu ayrı fikir çulğamışdı. Fikri-zikri Ağ yalda qalmışdı. Ürəyində bir ağırlıq, beynində bir durğunluq hiss edirdi. Qıllı, çal qaşları düyünlənmişdi. Buradan kəndin baş tərəfində, Kürün geniş açılmış qolları arasında böyük bir cələ vardı. Ağa bu cələni təzə almışdı. Hər gün onun seyrinə çıxırdı. İndi isə ora gözünün ucu ilə də baxmırdı. İsgəndər dedi:

– Aradan yaxşı çıxdıq, şükür bir qan-qada olmadı. Ağır-ağır başını tərpədən ağa dillənmədi. İsgəndər kişini nədənsə alındığını hiss etdi.

– Maşallah, uşaqlar da diribaş tərpəndilər, özlərini itirmədilər.

Kərəm atının yalmanına sığal çəkdi.

– Bizi dardan bu atlar qurtardı.

Oruc ağanın dərdi içini yandırırdı. Ürəyini saplağından üzən bu dərdi desinmi, deməsinmi? Niyə desin? Gözləri kordurmu, görmürlərmi?