banner banner banner
Qaçaq Kərəm
Qaçaq Kərəm
Оценить:
Рейтинг: 0

Полная версия:

Qaçaq Kərəm

скачать книгу бесплатно

İsrafil də nəsə demək istəyirdi ki, birdən atasını təzə görmüş kimi təəccüblə ona baxdı. Gözlərini döyə-deyə soruşdu:

– Ağam, papağın hanı?

İsrafilin səsindəki həyəcan nidası İsgəndərlə Kərəmi də heyrətləndirdi. Nəzərlər ağaya dikildi. Bəlkə kişi papağı çıxarıb yanına qoymuşdu? Baxışlar onun yan-yörəsində dolaşdı. Yox, qaragül Buxara papaq gözə dəymədi. Görünür bu vurhavurda, bu qaçhaqaçda papağın nə vaxt, harada düşdüyündən heç kəsin xəbəri olmamışdı. Bəlkə kişinin özü də bundan xəbərsiz idi? Yox, ağa elə bayaqdan ona görə alınıbmış. Kədərli halda bildirdi:

– Ağ yalda güllə yerə saldı.

Hamı məyus oldu. Araya soyuq sükut qondu. İsgəndər xəyalında Oruc ağanı günahlandırdı: «Taqsır özündədir. Əgər sənin fitnən olmasaydı, heç belə işə düşməzdik».

Kərəm fikirli-fikirli gəldiyi yollara boylandı.

Sükutun soyuq buzlarını İsrafil parçaladı:

– Mən gedib gətirərəm.

Dirsəklərini bükülmüş dizlərinin kündəsinə qoyub başını əlləri arasına alan Oruc ağa gözləri önündə canlanan cavanlığını haraylamaq istəyirdi. Gördü çox uzaqdadı. Ünü ora çatmaz. Oğluna baxdı. Ona güvəndi. İsrafil sözünü tamamladı:

– Amma indi yox, sabah. İndi ora getmək xatadı. Ağanı elə bil don vurdu. O, oğlundan belə cavab gözləmirdi. Bu acı dərə onu havasız bir zindan kimi sıxdı. Təəssüflə köksünü ötürdü və sinəsinə əyilmiş başını buladı. Bu da onun öyündüyü, güvəndiyi oğul! Bir xeyli heç kəs dinmədi. Sükutu pozmağa kimsə cəsarət etmədi. Nəhayət Oruc ağa özü dilləndi.

– Yaxşı, siz gedin!

– Bəs sən?! – İsrafil sadəlövhlüklə soruşdu. Ağa oğlunun üzünə belə baxmadan astadan israr etdi.

– Papaqsız kəndə getmərəm.

Sözün dərinliyinə varmayan İsrafil yenə:

– Ağam axı…

Ata oğlunun sözünü ağzında qoydu:

– Sənə dedim papaqsız kəndə ayaq basmaram. Kişinin ya papağı qaldı, ya başı fərqi yoxdur. Demirsən sabah gətirərsən? Mən də sabah kəndə gedərəm.

Tənəli sözlər İsrafilə təsir elədi. «Mən niyə ona elə cavab verdim? Bəlkə məni sınayır?».

Elə bu zaman qəflətən at ayaqlarının tappıltısı eşidildi. Dərəni toz dumanı bürüdü. Hürkmüş nəzərlər tez o səmtə dikildi. Əllər silahları qamarladı. Atlının kimliyi bilinmədi. O, yalnız tozlu dərədən döşə qalxanda elə bil buluddan şimşək çaxdı. Atın belindəki Kərəm idi. Baxışlar bir an onun getdiyi səmtdə boşluqdan asılı qaldı. Bu hadisə acı bir faciə kimi Oruc ağanın sümüyünə, iliyinə işləyib onu çox sarsıtdı. Kərəmin papağın dalınca getdiyini anlayan İsrafil də birdən sanki qəflət yuxusundan ayıldı. İçində bir qibtə, paxıllıq hissi zəhərli şahmar kimi baş qaldırdı. Artıq gec də olsa çevik bir hərəkətlə atının belinə sıçrayıb «Acı» ilə yuxarı, Ar yala yollandı.

İsgəndər, ağanın fikrini dağıtmaq məqsədilə dedi:

– Ağa, narahat olma, İsrafil də getdi. Papağı yerin deşiyində də olsa bu saat tapıb gətirəcəklər!

«İsrafil də getdi!» kəlamı kişini daha da odladı. O, «də» ifadəsində bir istehza duydu. Ona elə gəldi ki, İsgəndər bu sözü qəsdən, Kərəmin daha ürəkli olduğunu xüsusi qeyd etmək üçün belə dedi. Onsuz da oğlunun «Sabah götürərəm» – deməsi onun içini alt-üst eləmişdi.

Kişi düşündü: «Mən də elə bilirdim bu mahalda yaşıdları içində ondan iyid oğul olmayacaq. gör haa, zənnimi itirdi yoxsa?! Küçük südünəmi çəkdi, nədi?»

…İsrafil Ağ yala çatar-çatmaz bir də gördü ki, Kərəm güllə kimi ona sarı gəlir. Papaq da əlindədir. Amma onu qovurlar, iki atlı dabanbasaraq təqib edir. Silah işlətmədiklərindən bəlli idi ki, onlar Kərəmi diri tutmaq istəyirlər. Doğrudan da qəsdləri elə imiş. Birdən arxadan Kərəmə kəmənd atdılar. Havada ilan kimi qıvrılıb açılan kəndir boşa çıxdı. Kərəmin ürəyinə damdı ki, onu təqib edənlər yenə kəmənd atacaqlar. Odur ki, xəncərini sıyırıb əlində hazır tutdu. O, yanılmamışdı. Kəndiri təzədən qoluna dolayan kazak bir də cəhd göstərdi. Kəmənd az qaldı Kərəmin boğazına keçsin, lakin o, «ilanı» göydə doğradı.

İsrafilin dilindən qeyri-ixtiyari bir nida qopdu. «Ay gözünə dönüm!» Lakin içində bir qibtə, həsəd yeli əsdi. Əlacsız qalan atlılar silahlara əl atdılar. Elə bu zaman kazakların arxa tərəfindən dalbadal atəş səsləri eşidildi. Lakin geri qanrılıb baxan atlılar mat qaldılar. Arxada heç kim yox idi. Atları qamçılayıb yenə Kərəmin dalınca çapdılar. Yenə arxa səmtdə güllələr çartıltı qopardı. Bu, hiylə işlədib kazakların diqqətini yayındırmaq üçün bayaqdan dərədə gizlənərək onların yaxınlaşmasını gözləyən İsrafilin atdığı güllələrin sədası idi. Kazaklar ehtiyatlandılar. Atların sürətini azaldıb atəş saçan səmti güllə-barana tutdular. Kərəmə də elə bu, bircə an lazım idi. Atını çapıb uzaqlaşdı. Dərə ilə atını səyirdən İsrafİl ona «Arıx evinin yatağı» yaxınlığında çatdı. Kişilərin yanına qoşa gəldilər. Kərəm yəhərdən yerə sıçrayıb papağı Oruc ağaya verdi. Yaxasını açıb sinəsi dolu nəfəs alan kişi az qala gözü ilə Kərəmi nəzərləmək istəyirdi. Dilucu dil-ağız elədi.

– Çox sağ ol oğul, böyük iş görmüsən.

İsrafil atasının sözünə qüvvət verirmiş kimi səmimi bir tərzdə etiraf elədi:

– Hə, bilirsən necə qoçaqlıq göstərdi?! Kazaklar onu kəməndlə tutmaq istəyirdilər. Kərəm kəməndi xəncərlə göydə doğradı.

Ağa oğlunu tərs-tərs süzdü. Onun bu qəzəbli baxışlarından sanki: «Başqasının hünərinə sevinincə, barı öz hərəkətindən utan!» – ifadəsi oxundu.

İsgəndərin ürəyi dağa dönmüşdü, üz-gözündə bir qürur sezilirdi.

Oruc ağa atını yedəklədi. Hamı ilə küsülü kimi dinməz-söyləməz «Acı» ilə aşağı gedib «Gəmiişləyən» səmtdən Kürə endi. İsrafil, Kərəm və İsgəndər də hər kəs öz aləmində onun arxasınca getdilər.

Sahilə çatanda yenidən atları minib çayı o taya keçdilər. Kürün bulanıq suları ağanın başındakı dumanlı fikirlər kimi qıvrılır, burulurdu. Onlar kəndin içi ilə xeyli gedəndən sonra yollar ayrıldı. Oruc ağa ilə İsrafil sağa, İsgəndərlə Kərəm sola buruldu. İsrafil geri qanrılıb üzündə təbəssüm Kərəmə əl elədi.

Bir müddət oğlu ilə yol gedən ağanın sükutunda bir tufan, bir partlayış yaranmaqda idi. Oğluna acığı tutmuşdu. Nəhayət, dilləndi:

– Mən səni belə bilməzdim. İsrafil heç nə olmamış kimi:

– Necə? – deyə xəbər aldı.

Kişi istədi ki, dilinin ucuna gələn «qeyrətsiz!» sözünü işlətsin, amma yenə özünü saxladı. İsrafili Kərəmə bağlayan telləri qılıncladı:

– Sən ağa oğlusan, o isə rəiyyət balasıdır. Papağın dalınca niyə sən birinci getmədin? Mənim ümidimi niyə daşa çaxdın? Sabah bu əhvalat kənddə danışılanda onun adı, hörməti səni üstələməyəcəkmi? Məni niyə rüsvay-cahan etdin? Sənin kimi vaxtımda mən müharibələrin od-alovunda qaynayırdım…

İsrafil alınmışdı, dillənmirdi, lakin atasının xəbis ağalıq qüruru gözəgörünməz bir iblis kimi yavaş-yavaş onun ürəyinə hakim kəsilirdi.

Bir neçə gündən sonra, səhərin gözü yenicə açılmışdı ki, kəndin koxası Oruc ağanın doqqazında göründü. Nökər ağanı evdən bayıra çağırdı. Koxa:

– Ağa, sabahın xeyir!

Sorğulu gözlərini koxaya zilləyən kişi zəif bir səslə:

– Sabahın xeyir, – dedi.

– Dünən Qazağa getmişdim. Ləçənnik dedi sənə çatdırım ki, bu gün mütləq onun yanına gedəsən.

Oruc ağa onsuz da iki gündür səksəkəli idi, maraqlandı:

– Nədi, xeyirdirmi?

– Vallah nə deyim?..

Kişi duruxdu. Ürəyinə damdı ki, yəqin qəza rəisi onu ilxı basqınına görə çağırır. «Nə tez də xəbər tutublar? Bu qoca vaxtımda işə düşmədik?»…

Fikirli-fikirli xəbər aldı:

– Tək məni çağırıb?

– Bəli ağa....

– Yaxşı, – dedi ağa.

Koxa atını sürüb getdi. Kişi isə doqqazda xeyli öz xəyalı ilə tək qaldı: «Qəribə işdir, bəs İsgəndəri niyə çağırmayıb? Baş açmıram, nə olan işdir? Bəlkə, hər şeyi onun üstünə yıxım? Əşşi, bəri başdan ürəyimi niyə yeyirəm, bəlkə elə başqa məsələdi?».. Evə getdi.

Qəlyanaltı eləyəndən sonra xeyrə-şərə gedəndə geyindiyi xrom çəkmələrini, qaragül Buxara papağını, zoğalrəng çuxasını geyinib bütün orden-medallarını döşünə taxdı. Hər ehtimala qarşı özü ilə xeyli pul götürüb Qazağa yollandı. Dəftərxanada Cəfər ağa ilə Aslan bəyə rast gəldi.

– Sizi də ləçənnik çağıtdırıb? – deyə həmyerlilərindən sual etdi.

Cəfər ağa tüstülənən qəlyanını damağından göturüb asta-asta başını tərpədərək:

– Bəli, – dedi.

Kişinin ürəyi bir az yerinə düşdü. Tanrıya şükür etdi ki, at məsələsi deyil. Buna baxmayaraq marağını gizlədə bilmədi, ucundan-qulağından bir şey öyrənmək istədi.

– Məni də çağırıb, görəsən nə məsələdi? Xəyala dalıb bığını eşən Aslan bəy dilləndi:

– Hər halda bura xeyriyyə cəmiyyəti deyil, bura həmişə əngəl işə görə çağırırlar.

Oruc ağanın ürəyinə yenə xal düşdü. «Bəlkə onları ayrı məsələ üçün çağırıblar?»

Aradan bir az keçmiş qəza rəisi onları qəbul elədi. Bir-bir görüşüb kef-hallarını xəbər aldı. Cəfər ağa ilə yaxın olsa da, Oruc ağanı müharibə iştirakçısı olduğu üçün xüsusi ehtiramla qarşıladı. Oturmaq üçün ona yer göstərdi. Sonra da özü yaşıl örtülü masanın arxasına keçib kürsüdə əyləşdi. Gözləri qarşısındakı məktubun sətirlərində gəzib ağalara dikildi.

– Bilirsinizmi, sizi bir məsələyə görə çağırmışam. Özü də çox ciddi məsələdir.

Ağalar təəccüb və təşviş içində bir-birinin üzünə baxdısa da xəyalən hər kəs öz qəlbinə boylandı. «Bu, nə ola bilər?».

– Sizdən danos var. – Qəza rəisi çeşməyini taxıb masanın üstündəki kağızı əlinə aldı. – Şikayət məktubudur. Böyük əlahəzrətin adına yazılıb. – Məktubu onlara göstərdi. – Burada sizlərin və bir neçə başqa ağaların da adları var.

Peterburqdan bəri Tiflisi, Gəncəni dolaşan məktubun rus dilinə tərcümə olunmuş nüsxəsi üzərində müxtəlif xətlərlə, müxtəlif rəngli qələmlərlə dərkənarlar qoyulmuş halda gəlib Qazağa çıxmışdı. Kəndlilərin adından yazılmış bu şikayət ərizəsinin aşağısında imza əvəzi mürəkkəbə batırılmış çoxlu barmaq basılmışdı.

Qəza rəisi məktubun məzmunu ilə ağaları tanış elədi. Orada təxminən belə qeyd olunurdu; «Əlahəzrət, eşitmişik ki, Siz yoxsul kəndlilərin qeydinə qalıb, fərman veribsiniz ki, onlara da torpaq ayrılsın. Çox sağ ol, allah taala sizə cansağlığı, uzun ömür əta etsin. Amma bir məsələ var ki, Gəncə quberniyasına sizin fərmanınızın təkcə sədası çatıb, Qazax qəzasında göstərişinizə əməl olunmur. Di gəl, bizim Kəsəməndə Cəfər ağanın 500 desyatin, Oruc ağanın 400, Aslan bəyin 400 desyatin, Allahqulu ağanın, Kərim ağanın və başqalarının istənilən qədər torpaq sahələri var. Anbarlarındakı taxıllara bit düşüb. Çox vaxt çürüyür, çölə atırlar. Amma kəndçilərə sələmi ilə verirlər. Bizim kəndin rəiyyəti isə yenə elə əvvəllərdə olduğu kimi ehtiyac içərisində yaşayır, yenə ağa və bəylərin torpağını icarəyə götürməyə məcburdur. Xahiş edirik sərəncam verin ağalarımızın torpağından bizə də bir az yer ayırsınlar…»

Ağalar fikrə getmişdilər. Bu, gözlənilməz zərbə onların səsini batırmışdı. Kabinetdə sükut qulaq batırırdı. Qəza rəisi, çəkdiyi papirosun tüstüsü arasından Cəfər ağaya baxdı. Cəfər ağa əlini çənəsinə qoyub nəzərlərini masa üzərində məchul bir nöqtəyə zilləmişdi. Fikirləşirdi ki, qəza rəisi ilə arası açıqdır, ona pul verib bu işdən. canını qurtaracaqdır. Amma buradan qayıdanda o kəndçilərə divan tutacaq. «Onlara yaxşılıq yoxdur. Mərifət, hörmət qanan məxluq deyillər. Tutaq ki, a köpək uşağı, sizə torpaq ayırdılar. Gəlib təzədən adammı olacaqsız? Ağalıq, bəylik gərək insanın qanında olsun! Neyləyək ki, tanrı sizi elə yaradıb, bizi belə?».

Qəza rəisinin baxışları. indi də Oruc ağada qərar tutdu. Kişi fikirli-fikirli əlində oynatdığı təsbehinə baxırdı. İçində danos yazana qarşı bir qəzəb təlatümu yaranmaqda idi. «Ah biləydim bu işə qol qoyanlar kimlərdi, hamısının barmaqlarını bir-bir doğruyardım. Mən qan töküb torpaq alanda onlar hardaydı?»

Aslan bəy adəti üzrə yenə arıq sifətində sallama bığlarını eşə-eşə fikrə getmişdi. Oruc ağanın sifətindəki kədər ona da sirayət etmişdi.

Qəza rəisi ciddi bir görkəm alıb soruşdu:

– Məsələ aydındır?

Cəfər ağa tutulmuşdu, fikirli-fikirli dedi:

– Aydın olmağına aydındır. Amma məni düşündürən başqa məsələdir. Görəsən bu məktubu kim yazıb?

Oruc ağanın nəzərləri Cəfər ağaya zilləndi. Qəza rəisi papirosunu kül qabının qırağına qoydu və:

– Sizin kəndlilər. – deyə cavab verdi. – İmza yerinə çoxlu barmaq basılıb.

– Orasını bilirəm. Ancaq onlar hardan bilirlər ki, Urusetdə torpaq islahatı olub, ya olmayıb?

Oruc ağa Cəfər ağanın fikrini anladı. «Həə, deməli, onları oyadan, öyrədən var» – kişi düşündü. Cəfər ağa sözünə-davam etdi:

– Sözsüz ki, onlara dil verən var. Məktubu da elə o, dilverən yazmış olacaq.

Aslan bəy söhbətə qarışdı:

– Elədir ki, var. Əgər yazan bizim kənddəndirsə xəttini mən o saat tanıyaram. Molla yazmaz, qazı yazmaz. Ağa ləçənnik, olarmı o xəttə bir baxaq?

Qəza rəisinin, Oruc ağanın döşündəki orden və medallarda ötəri dolaşan baxışları Aslan bəyin həyəcanlı sifətində bənd aldı.

– Xətt mənə tanışdır. Buyur bax. Ancaq bunun mətləbə nə dəxli? – mənalı-mənalı əlavə etdi: – Buradakı dərkənarlar…

Aslan bəy məktuba baxan kimi:

– Molla Zal oğlu İsgəndərin xəttidir, – dedi.

– Nəə? Elə şey olmaz! – Oruc ağanın ürəyi sıxıldı. İçində intiqam yeli əsdi.

Qəza rəisi Aslan bəyin sözlərini təsdiqlədi:

– Bəli, xətt onundur. Canişinliyə yazdığı məktubla tutuşdurmuşam.

Məktubu həqiqətən də rəiyyət adından İsgəndər yazmışdı. Cəfər ağa üzünü Oruc ağaya tutdu:

– Mən sənə deyəndə ki, o, çox baş aparır, bizləri saymır, inanmırdın. Bu da sübut! İndi get torpağını onunla yarı böl!

İsgəndər haqqında nə qədər yanlış fikirdə olduğunu anlayan Oruc ağa yana-yana başını yırğalayırdı. Qəza rəisi maraqlandı:

– Oruc ağa, o, sizin sərkarınızdır eləmi? Kişi başını tərpətdi. Qəza rəisi:

– Ümumiyyətdə o, necə adamdır?

Oruc ağa fikrə getdi. O, dillənənə kimi Aslan bəy dedi:

– Necə olacaq. Şərçi, danosçu! Kəndlilər onu özlərinə başbilən sayırlar. Bir dəfə sizdən əvvəlki ləçənniyin vaxtında onu tutmuşdular. Nahaq da buraxdılar!

– Nəyin üstündə? – qəza rəisi soruşdu. Cəfər ağa izah elədi:

– Xəlfəli Əmir Güləli oğlunun öldürülməsində günahlandırılırdı. Bir qədər də həbsxanada saxladılar. Müstəntiq Lakaşin zamına buraxdı…

– Bəs sonra?

– Sonra da, dedilər kifayət qədər dəlil olmadığından məhkəmə işi xətm eləyib…

Papirosunu söndürən qəza rəisi: «Ona göz olmaq lazımdır. Belələri hökumət əleyhinə də işləyə bilər» – deyə düşündü. Qələm götürüb masa üzərində ayrı bir kağıza qeyd elədi. «Molla Zal oğlu İsgəndər. Kəsəmən kəndi. Nəzarət!»

Oruc ağa sükutu pozdu: