banner banner banner
Qaçaq Kərəm
Qaçaq Kərəm
Оценить:
Рейтинг: 0

Полная версия:

Qaçaq Kərəm

скачать книгу бесплатно

– Ağa ləçənnik, indi nə məsləhət görürsünüz? Ağaları bir də sınayıcı nəzərlərlə süzən qəza rəisi yalandanmı, doğrudanmı dedi:

– Nə məsləhət görəcəm, vəziyyət heç də yaxşı deyil! Aslan bəy Cəfər ağanı qabağa vermək məqsədilə onu dümsüklədi. Cəfər ağa astadan içini arıtladı:

– Yox, ləçənnik, elə demə. Biz də kişiyik. Bilirik ki, hörmət hörmətə bağlıdır. Hər şeyi yaxşı qanırıq.

Bir qədər sükutdan sonra qəza rəisi alnını ovuşdura-ovuşdura dedi:

– Düzü, heç bilmirəm sizə necə kömək eləyim? Oruc ağa da onu dilə tutdu:

– Hər şey sizin əlinizdədir. Bu kağızı batırın. Cəfər ağanın eyhamını başa düşən qəza rəisi yumşaldı:

– Baxarıq. Fikirləşmək lazımdır… Amma indən belə sərkarını gözdən qoymaq olmaz. Onu mütləq nəzarət altına, almaq lazımdır.

Anlar ötdükcə Oruc ağanın içində köruklənən intiqam hissi közərirdi.

– Arxayın olun, İsgəndərin tədbirini özümüz görəcəyik. Cəfər ağa üzünü Oruc ağa ilə Aslan bəyə tutdu. Rəisin yumşaldığını görüb bu fürsətdən istifadə edərək söhbətə son qoydu:

– Yaxşı, siz bayırda gözləyin. Mənim ləçənniklə ayrı söhbətim var. İndi gəlirəm.

Bu təklif qəza rəisinin də ürəyindən oldu. Cəfər ağanın bu işarəsini başa düşən Oruc ağa ilə Aslan bəy ayağa qalxdı və qəza rəisi ilə xudahafizləşib kabineti tərk etdilər.

* * *

Ağalar çox məyus halda geri qayıdırdılar, Bir müddət hər kəs öz aləminə çəkildi. Onlar indi İsgəndərə bir rəqib, bir düşmən kimi baxırdılar. Oruc ağa fikirləşirdi: «Yaxşı, deyək ki, bu gün bu işdən birtəhər canımızı qurtardıq. Bəs sonra? Kim inana bilər ki, o bir də padşahın adına belə bir məktub yazmayacaq? hər yazılan danosa bu qədər xərc çıxsa?»… – Onu od götürmüşdü, sükutu pozub söylənməyə başladı:

– Bu da mənim yaxşılığım? Ona-buna rəncbərlik eləməkdən beli bükülmüşdü. Gətirdim qapımda adam elədim. Sən bunun qırmızıüzlüyünə bir bax! Həm çörəyini yesin, həm də ayağının altından qazsın. Yaxşı, Zal oğlu, gör indi sənin başına nə oyun açıram!… Siz hələ məni yaxşı tanımırsan!

İsgəndərə qənim kəsilən Cəfər ağa da xəyalında onu asıb-kəsirdi. Təklif etdi:

– Onu aradan götürüb biryolluq izini itirmək lazımdır.

Bu fikrə şərik çıxan Aslan bəy də hiddətlənmişdi.

– Elədir, kəsik baş danışmaz olar. Yoxsa get-gedə ayağı yer alıb rəiyyəti üstümüzə qaldıracaq.

Oruc ağa əsəbi halda dilləndi:

– Qələt eləyəcək.

Cəfər ağa qaş-qabaqlı halda qara bığlarını eşdi: – Aslan bəy, sənin təklifin nədir?

– Gəlin qaravaş Mələyə pul verək, üstünə şər atsın, tutduraq.

Oruc ağa bu təklifə etiraz elədi:

– Yox, bu ləkə ona yapışmaz. Elə bir tədbir tökmək lazımdır ki, inandırıcı olsun.

Cəfər ağa da öz fikrini söylədi:

– Yaxşısı budur onu bir bəhanə ilə Ceyrançölə göndər, nökərlərdən bir-ikisini dalınca yollayaq, gecə ilə orada başını əksinlər!

Ağalar yol uzunu çox düşünüb daşındılar. Lakin qəti bir qərara gələ bilmədilər. Çətin vəziyyətə düşmüşdülər. Məsləhət belə oldu ki, indi yorulublar, bu axşam dincəlsinlər. Ayrı-ayrılıqda bəlkə də başlarına ağıllı bir fikir gəldi. Sabah Cəfər ağanın evində, gizli məşvərətə toplaşsınlar.

Onlar Dağkəsəmənin alt tərəfindən axan arxın qırağında ucalan qoşa ixtiyar çinarların kölgəsində qoyun sürüsünə rast gəldilər. Oruc ağa dağdan qayıdan sürülərini dərhal tanıdı. Kişi çobanları görcək cilovu çəkib yol-kənara çıxdı. Aslan bəy ilə Cəfər ağa da dayandı. Ağa atdan enib sürüyə yaxınlaşarkən, baş çoban Tapdıq kişi bir ağ toğlunun belindən yapışıb qucağına aldı. Oruc ağaya sarı tələsdi. Bu da bir adət idi. Ağa əlini cibinə salıb çobana bir üçlük verdi. Sonra o, çobanları sorğu-suala tutdu. Dağdan nə üçün vaxtından bir həftə qabaq gəldiklərini, sürüdən yolda ölüb-itəni, istiyə düşəni soruşdu və sürünün içinə girdi, bir neçə qoyunun belindən tutub əlləşdirdi.

Kür qırağının otu da bu saat yağışdan sonra üzərrik kimi baş qaldırıb. Bir beş-on gün də oralarda otarın yaxşı kökəlsinlər. Bu günlərdə Tiflisdən Vano qoyunlara baxmağa gələcək. Özünüz bilirsiniz ki, Vano pullu müştəridir. Onun siftəsindən sizə də xələt düşər.

– Ağa, düşsə də sağ ol, düşməsə də.

Ağalar kəndə çatanda artıq gün yaxmışdı. «Boz»un belindən aşağı enəndə hərə bir səmtə ayrıldı. Oruc ağa evə tələsdi. Düşünürdü ki, bu saat İsgəndəri yanına çağırtdırıb onu sorğu-suala tutsun, ağır sözlər desin. əgər o, hər şeyi dansa, cavab qaytarsa nökərlərə döydürüb dama saldırsın. «Əə, köpəkoğlu mən sənə nə yamanlıq eləmişəm?!»

Lakin evinə yaxınlaşanda bu fikrindən daşındı. O, belə qərara gəldi ki, İsgəndərin padşaha ərizə yazmasını, qəza rəisi ilə və ağalarla aralarında olan söhbəti, İsgəndərdən narazılığını, ona sui-qəsd hazırlanmasını evdə heç kəsə bildirməsin.

Ağanın gəldiyini görən nökər Rəhim tez irəli durub atın cilovundan yapışdı, üzəngisini basdı. Kişi yəhərdən yerə endi. O, həm yorğun, həm də qayğılı görünürdü. Lakin özünü o yerə qoymur, heç nə olmamış kimi aparmağa çalışırdı.

Ərinin xasiyyətinə yaxşı bələd olan Cavahir xanım isə onun qanı qara olduğunu o saat hiss elədi. Elə bildi ki, kişi bu gün kənddə baş verən hadisədən xəbərdardır, ona görə belə dilxordur.

Ağanın da evdə hökm sürən süstlükdən, ailə üzvlərinin sifətlərindəki pərişanlıqdan ürəyinə damdı ki, deyəsən onlar da onun Qazağa nə üçün getdiyini bilirlər. Gümanını yoxlamaq üçün soruşdu:

– Nə olub belə bir təhərsiz?

– Daha bundan artıq nə olacaq, bircə bu qalmışdı ki, indi də Mansur bəy bizə sataşsın?! Sənin sərkarına əl qaldırsın?.. O qardaşı arvadına sataşan oğraş!

Oruc ağa sual ifadə edən gözlərini döydü: – Bir de görüm, nə olub axı? Cavahir xanım yenə deyindi:

– Gətirdin kişinin oğluna bir tikə çörək verdin. O da bizim üstümüzdə burnundan töküldü. Az qalıblar bir-birini xəncərlə doğrasınlar. İsgəndər ağzı-burnu qanlı evlərinə getdi.

– Niyə, nəyin üstündə?

İsrafil hadisəni nəqlə başladı…

* * *

…Bostandan qayıdan İsgəndər Dəryəkqulular məhəlləsinin yanından dönüb nalbənd Bilalın həyətinə getdi. Bilalın evi «Zayej»in dal tərəfində idi. Həyətə girəndə gördü ki, burada üç-dörd adam var. Hamısı da atlarını nallatmağa gətirib. Kişilər talvarın kölgəsində oturub söhbət eləyə-eləyə qarpız yeyirdilər. İsgəndər ağ dırnaqlı, göy xallı atını qaratikan çəpərinin dirəyinə bənd eləyib, talvarın altına getdi.

Ləzgi evinin Namazı ona dedi:

– Gəl otur bizimlə qarpız ye.

– Çox sağ ol, elə bostandan gəlirəm. – İsgəndər nalbəndin yanına getdi. Dodaqaltı bayatı deyən pəhləvan cüssəli Bilal kişiyə salam verib, sınmış təkər topunun üstündə oturdu.

– Əleykümsalam! – deyən nalbənd soruşdu: – Oruc ağanın atını niyə gətirməyibsən? Onun da nallanmaq vaxtıdı.

– Bilirəm. Amma bu gün kişini nədən ötrüsə Qazağa çağırıblar.

Bu əsnada Mansur bəy gəldi. Hamı dönüb ona sarı baxdı. Bəy təzə aldığı ağ madyanının belində qürurla oturmuşdu. Əynində atın rənginə bənzər çuxa vardı. Nallatmağa gətirdiyi madyanı həyətdəki tut ağacına bağladı. İsgəndərin boynudüz kəhəri madyanı görən kimi havalandı. Qulaqlarını şəklədi, ayaqlarını yerə döyərək kişnədi.

Talvarın altında oturanların hamısı bu yaraşıqlı ağ madyana tamaşa eləyirdi. Bundan qürrələnən Mansur bəy İsgəndərə məhəl qoymadan kişilərin yanına gedib onlarla görüşdü. günü qumarda, kef məclislərində keçən Mansur bəy lovğa bir adam idi. Bir də deyilənə görə, oğurluq üstündə dustaq yatan qardaşının cavan arvadına sataşmışdı. Odur ki, hamının ondan zəhləsi gedirdi…

Yusif oğlu Nəsib dilləndi: dırnağı bərk olsun, a Mansur bəy, nə gözəl atdır

Boy lovğalandı:

– Çox sağ ol, ərəb atıdır.

Bayda oğlu Əsgər söhbətə qarışdı:

– Cins ata oxşayır. Nə səkil ayaqları var!.. Yorğadırmı?

Mansur bəy yenə təkəbbürlə cavab verdi: Dördayaqdır.

İsgəndər də qanrılıb gözucu madyana baxdı. Amma bir söz demədi. O, Mansur bəylə küsülü idi. Bir ay bundan əvvəl aralarında söz olmuşdu. Söz deyəndə ki… Mansur bəyin Heydərlərdən höcət Həsən adlı bir çobanı vardı. O, İsgəndərin dostu idi. Onun böyük oğlu Valeh, bəyin qızına aşiq olmuşdu. Qızın da oğlana meyli vardı. Di gəl, bu xəbəri eşidən Mansur bəy hirsindən dəli olur və elə həmin gün Valehi tapdırıb falaqqaya saldırır, qamçını əlinə alıb özü onu möhkəm döyür, sonra da damlayır. İki gün ona nə su, nə də çörək verdirir.

Höcət Həsən Ceyrançöldə qoyun otarırdı, heç nədən xəbəri yox idi. Arvadı ağlaya-ağlaya İsgəndərin yanına gəlir, əhvalatı ona danışır. İsgəndərin qanı qaralır. Uşağın anasını evlərində qoyub bir baş Mansur bəyin qapısına yollanır. Ancaq bəyi evdə tapmır. Günün günorta çağı damın qapısını sındırıb Valehi oradan çıxarır.

Onlar məscidin yanına çatanda günorta namazı yenicə qurtarıbmış. Mansur bəy də məsciddən çıxan camaatın arasında imiş. Valehi görcək duruxur. «Bunu kim açıb buraxıb?! – deyə öz-özünə xəyal edir. Lakin İsgəndəri onunla yanaşı dayanan görəndə işi başa düşür. Buna baxmayaraq, yenə təəccüb qarışıq bir hökmlə oğlandan xəbər alır:

– Səni kim açıb buraxıb?!

Bığ yeri yenicə tərləmiş Valehin bənizi qaçıb, gözlərinin altı qaralıbmış. Odlu baxışlarından kin, qəzəb yağırmış. Kişi onun lal sükutundan qorxur. Valehin qəzəbdən qəhərləndiyini görən İsgəndər təmkinlə deyir:

– Onu damdan mən çıxarmışam.

Bulud kimi tutulan Mansur bəy İsgəndərlə üz-üzə, göz-gözə dayanır. Ona bir rəiyyət kimi yuxarıdan aşağı baxıb hirsli-hirsli deyir:

– Sənin nə haqqın var ki, günün günorta çağı mənim qapımı sındırırsan?!

Qaşları düyünlənmiş İsgəndər suala sualla cavab verir:

– Bəs sənə kim ixtiyar verib ki, günahsız cavanı bu kökə salasan? Belə də vəhşilik olar?!

İsgəndərin ötkəmliyi xoşuna gəlmir. Mansur bəy çuxasının ətəyini kənar eləyib əlini arxalağının üstündən bağladığı xəncərin qəbzəsinə qoyur.

– Vəhşi özünsən! Çoban-çoluq mənimdi, özüm bilərəm. Sən kimsən? Divansan, koxasan, pristavsan, nəsən? Nə burada özbaşınalıq eləyirsən? Gözünü aç, xub bax! Buna bir bax, sərkar olub adam cərgəsinə qoşulub…

Söz İsgəndəri tutur. Gicgahlarında qanı oynayır.

– Bəy, çox yekə-yekə danışırsan. Gözlə başını girov qoyarsan!

– Nəə?.. Nə dedin?! – Mansur bəy İsgəndərin üstünə qıcanır. İsgəndər onu yaxalayır. Dava qızışan kimi ağsaqqallar araya girib onları aralayırlar…

O vaxtdan onlar küsülü idilər, danışmırdılar.

…İndi İsgəndərin atı dartınıb başını silkələdi, yalmanı havada dalğalandı. Dirəyə yüngülcə bənd olunmuş cilov açıldı. Ayaqları ilə yeri eşən kəhər şığıyıb bəylik atının belinə sıçramaq istədi. Ayaqları göydə oynayıb yerə endi. Mansur bəy narahat halda atına baxdı. Gözləri qızmış kəhər əl çəkmədi. İri dişlərini qıcayan madyan dalını kənara çəkib, yanpörtü dayandı. Kəhər bir də atılıb onun boynundan gəmirdi.

Mansur bəy lap əsəbiləşmişdi. Bunu hiss eləyən kişilər onu masqaraya qoydular.

Biri dedi:

– O saat bilinir ki, bəylik atıdır, rəiyyət atını yaxın qoymur.

Başqa birisi:

– Yox, yaxın qoymaz! – dedi.

Elə bu zaman kəhər sıçrayıb madyanın belinə qalxdı. Al rəng ağ rəngə qarışdı. Kişilər gülüşdülər.

– Bəs deyirdiz yaxın qoymaz!? – Namaz kişi söz atdı. İsgəndərin də dodaqlarına xəfif təbəssüm qondu. Mansur bəy tutulmuşdu, üzünü Bayda oğlu Əsgərə döndərdi:

– Ona deynən itini o yana eləsin!

– Günahdı, elə demə at muraddı. Namaz kişi zarafatla:

– A bəy, görünməmiş işdimi, qanını niyə qaraldırsan? Bayda oğlu Əsgər hiddət ocağını daha da qızışdırdı:

– Eh, heyvan nə qanır, belə işlər harda olar, harda olmaz? Mərifətdən kasıbdır!

Kefinə soğan doğranan Mansur bəy dodaqlarını çeynəyə-çeynəyə İsgəndərə iti bir nəzər salıb, nifrətlə dilləndi: – Mal yiyəsinə oxşar!

– Heyvan özünsən! – deyə İsgəndər oturduğu yerdən dik qalxdı – bu da o dəfəki döyul. Varın varımdan güclüdür, qolun-qolumdan zorlu ha döyul! Bu saat sənə bir toy tutaram ki, it əlindən əppək alar.

Ürəyi şiddətlə döyünən Mansur bəy hiss elədi ki, qan gicgahlarına vurdu. Bir an yerindəcə donub dillənmədi. Alnını soyuq tər basdı. Özünə gələn kimi dizləri üstünə qoyduğu tüfəngi əlinə aldı, çaxmağı hərləyib silahı üzünə qaldırdı. Lüləni İsgəndərin atına tuşladı.

Yerindən cəld tərpənən İsgəndər tüfəngi onun əlindən alıb kənara tulladı. Hirsindən gözləri az qala hədəqəsindən çıxan Mansur bəy İsgəndərin üstünə cumdu. Tutaşdılar. Qəzəbli baxışlar ani olaraq xəncər kimi bir-birinin gözünə sancıldı. Bəy İsgəndərin yaxasından ikiəlli yapışıb silkələyir və az qala dişləri ilə onu didmək istəyirdi. İsgəndər sağ əli ilə bəyin biləyindən, sol əli ilə dirsəyindən yuxarı möhkəm tutub onu hərəkət etməyə qoymurdu. Bəy birdən dartınıb İsgəndərin əlindən çıxdı və eyni zamanda atdığı təpik rəqibinin paçası arasına dəydi. Qarnında kəskin sancı hiss eləyən İsgəndər kəllə atdı, başı bəyin ağız-burnunu xurd-xəşil elədi. Bundan daha da hirslənib coşan bəy ona möhkəm bir zərbə endirmək istədi, lakin əli boşa keçdi, yalnız barmaqlarının ucu İsgəndərin burnuna toxundu. İsgəndərin burnundan qan açıldı. Bığları üstündən və arasından axan isti maye sanki dodaqlarını qarsıdı. Üst-başı da al qana bulandı. Bəy bir də üstünə gələndə İsgəndər onun çənəsindən elə bir zərbə endirdi ki, bəy özünü saxlaya bilmədi, daldalı gedərək arxası üstə yerə yıxıldı.

İsgəndər üzünü yana çevirib cibindən çıxardığı dəsmalla ağzını, çənəsini sildi. Ağ dəsmal ala qana bulandı.

Bu zaman Mansur bəy xəncərini siyirib uzandığı yerdən İsgəndərə atdı. Bunu gözünün ucu ilə görən İsgəndər tez hədəfdən bir addım kənara sıçradı. Elə bir çevikliklə də xəncəri yerdən götürüb pələng kimi bəyin üstünə cuman vaxt arxa tərəfdən qolundan qüvvətli bir əl yapışdı. Bu, pəhləvan cüssəli nalbəndin əli idi. Onları yenə ayırdılar…

…Oruc ağa xəyala dalmışdı. Bu əhvalatı dinlədikcə gözləri gah qıyılır, gah açılırdı, bəzən ürəyində sevinir, bəzən kədərlənirdi. Başında yaranan dumanlı fikirlər leysanlı buludlar kimi çaxnaşırdı.

Haqq üçün, elə Oruc ağanın özünün də Mansur bəydən zəhləsi gedirdi. Ancaq indi ürəyində onun hərəkətini alqışlayırdı. «Əmbə nə haqq eləyib İsgəndərin ağız-burnunu qanadıb!» O belə düşündü, lakin dili başqa söz dedi:

– Mansur bəy çox qələt eləyib mənim sərkarıma əl qaldırıb…

O, üzünü Səkinəyə tutub içməyə su istədi. Qaravaş qız daşın altından sərin, göz yaşı kimi dupduru su gətirdi. Cavahir xanım:

Get heç olmasa sərkarına baş çək, halını soruş, Dava-dərmana ehtiyacı var.

Kişi içi su ilə dolu dolçanı başına çəkib ayağa qalxdı. Baxışlarında nəsə gizli bir sirr vardı. «Sənin təriflədiyin, «o həm qoçaqdır, həm də el içində nüfuzu var. Gözü-könlü tox adamdı» dediyin İsgəndər heç bilirsən başımıza nə oyun açıb? «Yazı-pozusu da var» deyirdin. Bəli, var imiş! O məni qələmin ucunda oynatdısa mən onu qılıncın ucunda oynadacam».

– Düz deyirsən, gedim ona bir baş çəkim – deyib qapıdan çıxdı, amma İsgəndərgilə yox, Cəfər ağanın evinə yollandı. Artıq şər qarışmışdı. Aslan bəyi də çağırmışdılar. Gizli məşvərət sabah yox, bu gecə başladı. Oruc ağa eşitdiyi hadisəni danışdı. Cəfər ağa dedi:

– Bundan gözəl fürsət ələ düşməz. Biz yolda gələndə baş sındırırdıq ki, onu aradan necə götürək?

Əlqərəz, hər şeyi götür-qoy elədilər, ölçüb-biçdilər. Gözlənilməz, fövqəladə təsadüflər nəzərə alındı. Nəhayət, qərara gəldilər ki, Mansur bəy bu gecə öldürülsün! Ağalar and içdilər, qurana əl basdılar, söz verdilər ki, bu sirr öz aralarında qalmalıdır.

…Səhər tezdən kəndə səs yayıldı ki, Mansur bəy gecə alt tuman-köynəkdə evindən yoxa çıxıb. Bu xəbəri eşidən kimi qohum-əqrabası onun evinə axışırdı. Arvad-uşaq vay-şüvən qoparmışdı.