
Полная версия:
Dahi
Lakin o hələ surətlər yaratmağı bacarmırdı, onlar haqqında ancaq düşünə bilirdi.
Onu hər şeydən artıq valeh edən Çikaqo çayı, onun fısıldayan buksirlərin ağır-ağır köpükləndirdiyi qara, çox çirkli suları, cərgə ilə nəhəng qırmızı dəyirmanlar, kömür yükləyən qara novlar, parlaq sarı rəngli taxta-şalban anbarları düzülmüş sahilləri idi. Əsl boyalar, əsl həyat burada idi. Bunları çəkmək lazım idi. Daha başqa bir mənzərə: alçaq boylu, yağış döymüş yetim kotteclər, onların çılpaq səhra fonunda boz, kədərli görünən cərgələri, yaxında isə tənha, alçaq bir ağac. O, əlinə düşən ilk kağız parçasını alır, gördüklərinin mənasını tutmağa – özü ifadə etdiyi kimi, təəssüratını verməyə çalışırdı, lakin heç nə çıxmırdı. Çəkdiklərinin hamısı ona acınacaqlı və bayağı görünürdü. Bunlar heç nəyi isbat etməyən cizgilər, cansız, ağır kütlələr idi. Böyük rəssamlar şəklin təbii və sadə verilməsinə necə müvəffəq olurlar? – deyə Yucin özünə sual verir və fikrə gedirdi.
ALTINCI FƏSİL
Yucin namusla işləyirdi – hesablar üzrə pul toplayır, topladıqlarını təhvil verirdi. Artıq özü üçün bir qədər pul yığa bilmişdi. Marqaret indi onun üçün uzaq keçmiş olmuşdu. Yucinin mənzil sahibəsi miss Vudraf, Missuri ştatındakı Sedeyliyə, qızının yanına getmişdi və Yucin şəhərin şərq hissəsində iyirmi birinci küçədə bundan yaxşı olan başqa bir evə köçmüşdü. Evin qabağındakı əlli kvadrat futluq çəmənlikdə bir ağac vardı. Yucini cəlb edən də bu olmuşdu. Onun birinci otağı kimi yeni otağı da baha deyildi və o, ailədə yaşayırdı. O hər bir səhər yeməyi, nahar və yaxud şam üçün ev sahiblərinə iyirmi sent verməyə razılaşmışdı və beləliklə, yeməyə həftədə cəmi beş dollar xərcləyirdi. Qalan doqquz dollar isə paltara, yol xərcinə və əyləncəyə gedirdi. O, əyləncəyə də çox az sərf edirdi. O bir qədər pul yığan kimi incəsənət institutundan – bura ona müvəffəqiyyətə doğru gedən bir yol kimi görünürdü, – xəbər tutmaq və axşam kurslarına daxil olmaq şərtlərini öyrənmək haqqında düşünməyə başladı. Yucin eşitmişdi ki, orada oxumaq haqqı baha deyildir, semestrdə cəmi on beş dollardır, o qərara aldı ki, əgər daxil olanların qarşısında böyük tələblər qoymurlarsa, oraya daxil olsun. Onda tədricən belə bir etiqad əmələ gəlmişdi ki, o, rəssam olmaq üçün doğulmuşdur, tez, ya gec rəssam olacaqdır.
İncəsənət institutu indiki görkəmli binaya köçənə qədər, onun Miçiqan-Avenyü ilə Monro-Stritin tinində olan köhnə binası zəriflik nümunəsi idi. Buradakı gözəllik o vaxtın ümumi binalarının əksəriyyətində yox idi. Böyük, altımərtəbəli, boz qum daşından tikilmiş olan bu binada sərgi salonundan və siniflərdən başqa rəssamlar, heykəltəraşlar və musiqi müəllimləri üçün iş studiyaları yerləşirdi. Burada gündüz və axşam kursları var idi və hələ o zaman onlara çoxlu tələbə gəlirdi. İncəsənətdə olan gözəllik, qərbi amerikalını müəyyən dərəcədə hərəkətə gətirmişdi. Bu xalqın həyatında gözəlliklər çox az idi, amma bu sahədə özünü göstərməyə müvəffəq olanlar və bu gözəl mühitdə yaşayanlar nə qədər şöhrət qazanmışdılar! Parisə getmək! Orada şöhrət qazanmış bir emalatxanada öyrənmək! Yaxud Münhenə, Romaya getmək! Avropanın sənət xəzinələri ilə, rəssamların yaşadığı məhəllələrin həyatı ilə tanış olmaq – elə bu özü dünyalara dəyərdi! Çətinlik çəkməmiş bir çox oğlan və qızların sinəsində, adi həyatın bataqlığından qurtularaq, o zaman hesab edildiyi kimi, incəsənət xadimlərinə xas olan zövq və adətləri qavramaq, onların qismən laqeyd, qismən sayğısız olan nəfis ədalarını mənimsəmək; studiyaya keçmək, adi adamlara nəsib olmayan müəyyən əxlaq azadlığından istifadə etmək kimi həqiqətən rəfedilməz arzu yanırdı, – bax, belə böyük işlər görmək, belə olmaq lazımdır. Bütün bunlarda, şübhəsiz, incəsənətə də müəyyən rol verilirdi. Ehtimal edilirdi ki, bir zaman siz öz gözəl lövhələriniz və nəcib heykəllərinizlə dünyanı zənginləşdirəcəksiniz, hələlik isə sizə rəssam həyatı ilə yaşamaq olar və lazımdır. Nə gözəl, nə sərbəst həyat!
Belə şeylər çoxdan Yucinin xəyalına gəlirdi. O bilirdi ki, məşhur emalatxanalar az deyildir və qəzetlərin verdiyi rəylərə görə, gözəl əsərlər yaratmış rəssamlar da vardır. Gah burada, gah orada düzələn sərgilər haqqında mətbuatda xəbərlər nəzərə çarpırdı; bu sərgilərin əksəriyyəti pulsuz olurdu, çünki onsuz da camaatı oraya cəlb etmək olduqca çətin idi. Bir dəfə Yucin hansı aqibətlə isə Qərb yarımkürəsinə düşmüş şöhrətli rus batalisti Vereşşaginin şəkillərinin sərgisi haqqında oxudu. Yucin bazar günlərinin birində onun şəkillərinə baxmağa getdi və döyüş təfsilatının bu qədər gözəl verilməsi, rənglərin heyrətamizliyi, surətlərin həqiqiliyi və bu tablodan gələn faciə hissi, təhlükə, dəhşət və əzablarla sarsıldı. Bunlar rus rəssamının təkamüllüyünü, dərin istedadını, onun təsəvvür və temperametrinin müstəsna zənginliyini sübut edirdi. Yucin baxır və belə bir təkamüllüyə necə çatmaq haqqında düşünürdü. Bütün gələcək həyatı boyu Vereşşaginin adı onun üçün ən böyük amil oldu. Rəssam olsan, ancaq beləsindən olasan!
Yucin başqa bir sərgidə, əvvəlcə ancaq sənətkarlıq nöqteyi-nəzərdən onu maraqlandırmış olsa da, başqa hislərini dindirən bir lövhə gördü. Bu, öz cəsarətli şəkilləri ilə vaxtilə sensasiya yaratmış olan fransız rəssamı Buqronun çəkdiyi şəkil – koloritinə görə çox hərarətli olan çılpaq qadın bədəni idi. Buqronun ən çox sevdiyi obrazlar qüvvə və ehtirasdan məhrum olmuş işvəsiz, xırda, zəif varlıqlar deyil, boyunlarının, qollarının, sinələrinin, sağrı və ayaqlarının şəhvətli cizgiləri olan gözəl, sağlam qadınlar idi. Bu qadınlar sanki gənc kişilərin qanında çoşqun ehtiras alovunu oyatmaq üçün yaranmışdılar. Onun təsvir etdiyi hissi maraq, şəhvət, şübhəsiz, rəssamın özünü də həyəcanlandırırdı; onun əsərlərində formaya, gözəlliyə vurğunluq, gözəl obrazların arxasında izdivac yatağı, analıq, sevinclə sinəyə basılan totuq, çiçək kimi körpələr duyulurdu. Onun qadınları özlərinin bütün gözəlliyi və cazibədar qüvvələri ilə – yarıaçılmış şəhvətli dodaqları, yanaqlarındakı ehtiras qızartısı, gözlərindəki azdırıcı şəhvətlə qarşıda dururdular. Söz yox ki, mühafizəkarlar, puritanlar və dini riyakarlar bu cür şəkillərə lənət yağdırırdılar. Bu şəkilin satılmaqdan ötrü Çikaqoya gətirilməsi özü həyəcan tufanının yaranması üçün kifayət idi. Belə şeyləri çəkmək olmaz, deyə qəzetlər bağırışırdılar, hər halda onların camaata göstərilməsinin mənası yox idi. Çoxları Buqronun simasında öz istedadı ilə ictimai adətlərə pozğunluq gətirməyi cəhd edən incəsənət iblislərindən birini görmək istəyirdi. Fəryad qoparırdılar ki, şəkili sərgidən rədd etmək lazımdır və ictimai etirazın partlayışı zamanı həmişə olduğu kimi, bu şəkil camaatda böyük maraq oyatdı.
Yucin də mübahisə ilə maraqlandı. O nəyinki Buqronun əsərini, ümumiyyətlə çılpaq bədən təsvir edən heç bir həqiqi şəkil görməmişdir. O, saat üçdə işdən çıxıb sərgilərə gedə bilirdi, həm də indiki işinin sayəsində həmişə yaxşı kostyum geyməyə də imkan tapırdı. Yucin ciddi, mötəbər bir gəncə oxşayırdı, bədii salonda bir şey göstərilməsi haqqında onun xahişi heyrətə səbəb olmamalı idi. Xarici görünüşü etibarilə o tamamilə ziyalılara, yaxud rəssamlar tayfasına mənsub ola bilərdi.
Bu qədər gənc olan bir adamın (onun hələ iyirmi yaşı da tamam olmamışdı) necə qarşılanacağına heç bir ümidi olmadan, Yucin yenə də Buqronun lövhəsi qoyulmuş mağazaya cəsarətlə daxil oldu və şəkilin ona göstərilməsini xahiş etdi. Xidmətçi maraqla onu süzdü, yenə də mağazanın o başına, tünd-qırmızı pərdələr olan otağa apardı, qırmızı məxmərlə örtülü divar oyuğunda olan elektrik qəndilini yandırdı, tablonun üzündəki örtüyü çəkdi. Yucin belə bir bədəni, belə bir çöhrəni xəyalına da gətirə bilməzdi. Bu, ancaq xəyallarda olan bir gözəllik – onun həyatda təcəssüm edən idealı idi. O, gözünü çəkmədən bu üzə və boyuna, canlı qumral saçların qıvrım halqasına, gül yarpağı kimi açılan dodaqlara, zərif yanaqlara baxırdı. O, yumşaq cizgili döşləri, kişiləri əsir edən, analıq vəd edən zərif qarnı heyrətlə nəzərdən keçirirdi. O, saatlarla beləcə durub baxaraq, düşünə bilər və zövq ala bilərdi, lakin bir neçə dəqiqəliyinə onu tək qoymuş xidmətçi otağa qayıtdı.
– Bu şəkilin qiyməti nə qədərdir? – deyə Yucin soruşdu.
– On min dollar, – deyə cavab verildi.
Yucin anlayan adam kimi qımışdı.
– Bəli, çox gözəl şeydir, – dedi və qapıya doğru yönəldi. Xidmətçi işığı söndürdü.
Bu şəkil də Vereşşaginin tablosu kimi, Yucinin qəlbində dərin iz buraxdı. Lakin nə qədər qəribə olsa da, onda bu tərzdə bir şey yaratmaq arzusu yox idi. O, ancaq sevincli həyəcan duyurdu. Bu şəkil ona yeni qadın idealını – gözəllik idealını açıb göstərmişdi və Yucin ona iltifatlı ola biləcək belə bir xilqət tapmağı bütün varlığı ilə arzu edirdi.
Ona az təsir etməyən başqa sərgilər də var idi (birində o Rembrandtın çəkdiyi şəkilin əslini görmüşdü). Lakin heç bir rəssam onu Vereşşagin və Buqro kimi dərindən həyəcanlandırmamışdı. İncəsənət Yucini qarşısıalınmaz bir qüvvə ilə cəlb edirdi, o çox bilmək və öz qüvvəsini sınamaq istəyirdi. Bir dəfə o, cəsarətini toplayaraq, incəsənət institutunun binasına daxil oldu və katibədən bəzi şeylər soruşdu. Katibə praktik ağla malik bir qadın idi. Bu qadın ona dedi ki, məşğələlər oktyabrdan maya qədər davam edir, o, canlı natura, yaxud gips qrupuna, yaxud hər ikisinə – başlanğıc üçün gips daha məqsədə uyğundur – yazıla bilər, yaxud müxtəlif dövrlərin paltarlarında naturaçı qız və oğlanlar çəkilən illüstrasiya qrupuna girə bilər. Katibə bunun üçün Yucinin nə qədər verəcəyini də dedi. O öyrəndi ki, hər qrupun öz adlı-sanlı və sanballı müəllimi (lakin bu saat Yucinin onlardan birinə müraciət etməsinə lüzum yoxdur) və öz qrup başçısı vardır. Oxuyanlardan vicdanla işləmək tələb olunur – bu tələb onların özlərinin xeyrinədir. Yucin sinifləri görmədi, lakin onda elə bir təəssürat oyandı ki, burada hər bir bucaq incəsənətlə qidanlanmışdır: hətta dəhlizlər və iş otaqları belə zərif bəzənmişdi. Hər yerdə gipsdən qayrılmış əllər, ayaqlar, gövdələr, sağrılar və başlar asılmışdır.
Yucinə elə gəlirdi ki, o açıq qapıda durub yeni dünyaya baxır. O sevinclə öyrəndi ki, ona illüstrasiya sinfində tuşla və ya rənglə şəkil çəkməyi öyrənmək, həmçinin, əgər arzu edirsə, axşamlar canlı natura sinfində məşğul olmaq və heç bir əlavə haqq vermədən saat beşdən altıya qədər eskiz sinfinə getmək imkanı verilir. Ona verilən çap edilmiş prospektdən canlı natura sinfində görüləcək işin çılpaq modellərə – kişi və qadınlara baxıb şəkil çəkməkdən ibarət olduğunu bildikdə, o bir qədər heyrətləndi. O, doğrudan da, yeni dünya yolunda idi. Bu dünya ona təbii və zəruri görünürdü, lakin eyni zamanda oradan nədənsə əlçatmazlıq qoxusu gəlirdi, bu da qapısı ancaq ən istedadlılar üçün açıq olan müqəddəs məbədgah haqqında fikir oyadırdı. Onun istedadı varmı? Səbr edin! O, kobud bir əyalətçi olsa da, hələ özünü göstərəcəkdir.
Yucin əvvəla, məşğələləri bazar ertəsi, çərşənbə və cümə günləri saat yeddidən ona qədər olan canlı natura sinfinə, ikincisi, məşğələləri hər gün beşdən altıya qədər olan eskiz sinfinə yazılmağı qərara aldı. O anlayırdı ki, insan bədəninin quruluşu və anatomiyası haqqında çox az bilir, daha doğrusu heçnə bilmir və bunun üzərində işləmək daha yaxşı olar. Kostyum və illüstrasiya gözləyə bilər, peyzajlara, daha dəqiq deyilsə, onu xüsusilə cəlb edən şəhər mənzərələrinə gəldikdə, əsas şeyləri mənimsəyənə qədər bunu təxirə salmaq lazımdır.
Yucin, daha böyük kompazisiyalar üçün xırda eskiz və kiçik detallar istisna edilərsə, bu vaxta qədər insan sifəti, yaxud fiqurası çəkməyə heç bir zaman təşəbbüs etməmişdi. İndi onun qarşısında canlı naturadan kömürlə baş, yaxud bədən eskizi götürmək məsələsi dururdu, bu da onu qorxudurdu. O bilirdi ki, ona on beş-iyirmi tələbə ilə bir sinifdə işləmək lazım gələcəkdir, bu tələbələr onun işini görəcək və tənqid edəcəklər. Həftədə iki dəfə müəllim onları yoxlamalıdır. O, prospektdən öyrəndi ki, bir ay içərisində daha artıq müvəffəqiyyət qazananlar, hər dəfə sinif yeni işə başladığı vaxt yaxşı yer seçmək hüququ alır. Yucin müəllimləri Amerikanın incəsənət aləmində yaxşı tanınmış adamlar kimi təsəvvür edirdi – bunlar hamısı “M.A” – “milli akademiklər” idilər. Onun bəzi dairələrdə bu ada necə həqarətli münasibət bəsləndiyindən də xəbəri yox idi.
Bir dəfə axşam, oktyabr ayının bazar ertəsi günlərindən birində Yucin hər şeyə izahat verən həmin prospektin göstərişlərinə riayət edərək, aldığı kağızdan bir neçə vərəq götürüb məşğələlərə başladı. O, parlaq işıqlandırılmış dəhlizə və siniflərə baxarkən bir qədər əsəbiləşirdi, yanından ötüb keçən oğlan və qızların görünüşü isə onun sakitləşməsinə heç də kömək etmirdi. Onların şənliyi və sərbəst hərəkətləri dərhal onun gözünə dəydi. Tələbələr maraqlı, mərd və əksərən gözəl kişi təsiri, talibələr isə incə, cəsarətli və özünə inanan gənc qız təsiri buraxırdılar. Yucinin fikrən qeyd etdiyi kimi, bu qızlardan biri, yaxud ikisi xüsusi, anlaşılmaz gözəlliklə fərqlənirdi. Bu, heyrətəlayiq bir aləm idi.
Sinif otaqları da onu az təəccübləndirmədi. Onlar bu məqsədə çoxdan xidmət etdiklərindən, onların divarları başdan-başa palitralardan qazınan boyaya bulaşmışdı. Burada molbert adlı şey yox idi, yalnız kiçik stullar və skamyalar vardı. Yucin öyrəndi ki, tələbələr stulları qıçları yuxarı qoymaqla onlardan molbert kimi istifadə edirlər, skamyalar isə stulları əvəz edir. Sinfin ortasında adi stol hündürlüyündə səhnə düzəlmişdi. Naturaçı kişi və qadınlar çəkilmək üçün burada otururdular, otağın bir küncündə isə arakəsmə vardı ki, bunun arxasında onlar paltarlarını dəyişirdilər. Nə bir şəkil, nə də bir heykəl var idi, divarlar çılpaq idi, onlardan birinin yanında isə nə üçünsə royal qoyulmuşdu. Dəhlizlərdə və ümumi salonda müxtəlif vəziyyətlərdə bədən, yaxud onun hislərinin təsviri asılmışdı, bu isə səmimi gənc oğlan olan Yucin üçün çox cəlbedici idi. O, gizli bir hiss ilə bu şəkillərə baxır, lakin anlayırdı ki, belə bir fikirdə olduğunu heç kəsə etiraf etməməlidir; o özünə deyirdi ki, incəsənət adamları belə vəsvəsələrə laqeyd olmalı və özündə bu hisləri boğmalıdır. Axı onlar buraya qadınlar haqqında düşünməyə deyil, işləməyə gəlirlər.
Məşğələlər üçün təyin olunmuş saat gəldikdə tələbələr vurnuxmağa və o tərəf-bu tərəfə qaçmağa, bəziləri öz aralarında məsləhətləşməyə başladılar və bir az sonra kişilər bir cərgədə, qadınlar isə o biri cərgədə olan otaqları tutdular. Yucin öz sinfində lap arakəsmənin yanında oturan və darıxdırıcı nəzərlə ətrafa baxan bir qız gördü. Qarasaçlı və qaragözlü bu qız qəşəng idi, onun üzü irlandiyalı olduğunu göstərirdi. Başında Polşa qadınlarının milli papağını xatırladan papaq və əynində qırmızı plaş var idi. Yucin onun naturaçı olduğunu düşünür və gizlində özündən soruşurdu ki, doğrudanmı o bu qızı çılpaq görəcəkdir. Bir neçə dəqiqədən sonra, hamı oturduğu zaman, cərgələrdə gur bir hərəkət əmələ gəldi. Otuz altı yaşlarında, ucaboylu, zahirən çox gözəl olan bir kişi ağır addımlarla sinfə daxil oldu. O gəzə-gəzə bütün otaqdan keçdi və diqqət toplamağı tələb etdi. Onun əynində köhnə boz yun kostyum, başında səliqəsiz halda yan qoyulmuş, ensiz kənarlı, darçını rəngli şlyapa var idi. O bu şlyapanı çıxarmağı lazım bilmədi. Pencəyinin altında qatlama yaxalıqlı mavi milli köynək görünürdü – bütün bunlar ona fövqəladə, özündən razı bir adam görünüşü verirdi. O, uzun və ensiz üzlü, möhkəm cizgiləri olan iri ağızlı, iri əl-ayaqlı, uca və qədd-qamətli bir kişi idi, dənizçi kimi yırğalana-yırğalana yeriyirdi. Yucin bunun onların müəllimi mister Templ Boyl olduğunu başa düşdü və onun indicə giriş nitqi şəklində bir şey irad edəcəyini gözlədi. Lakin o, ancaq məlumat verdi ki, sinif başçısı mister Uilyam Reyn təyin olunur və ümidvardır ki, intizam barəsində də boş yerə vaxt sərf etmək barədə şikayət etməyəcəkdir. Çərşənbə və cümə günləri o müntəzəm olaraq, işləri nəzərdən keçirəcək və əmindir ki, bütün tələbələr müvəffəqiyyətlə çalışacaqdır. Sonra sinfə işə başlamağı təklif etdi və gəldiyi kimi tələsmədən çıxıb getdi.
Yucin tələbələrin birindən bunun həqiqətən də mister Boyl olduğunu öyrəndi. Gənc irlandiyalı qız arakəsmənin arxasına keçdi və Yucin öz yerindən onun soyunduğunu gördü. Bu, Yucini çaşdırdı, o bu qədər tələbənin içərisində həyəcanını üzə verməmək üçün özünü ələ aldı. Başqaları etdiyi kimi, o da stulu baş-ayaq qoydu və skamyada oturdu. Balaca qutuda olan kömür onun yanında idi. O, lövhənin üzərinə çəkilmiş kağızı hamarladı, zahiri sakitliyini mühafizə edərək səbrsizliklə gözlədi. Bəzi tələbələr öz aralarında danışırdılar. Nəhayət, naturaçı qız nazik, şəffaf köynəyini çıxartdı, çılpaq və tamamilə sakit halda bir anda arakəsmənin arxasından çıxdı. Qız səhnəyə qalxdı, əllərini yanlarına saldı, başını geri ataraq üzü tələbələrə doğru durdu. Yucinin qulaqları cingildədi, rəngi qızardı. O, qıza baxmaqdan qorxdu. Kömür götürüb, heç olmasa qızın duruşunu və üzünün cizgilərini qismən verməyə cəhd edərək, kağızda cəsarətsiz xətlər çəkməyə başladı. Bütün cizgilərini qismən verməyə cəhd edərək, kağızda cəsarətsiz xətlər çəkməyə başladı. Bütün olub keçənlər – onun bu otaqda olması da, onun qarşısında bu naturaçı qızın durması da, – bir sözlə, onun şəkil çəkməyi öyrənməsi də – ona qeyri-adi görünürdü. Demək bu aləm, onun bu vaxta qədər tanıdığı aləmə heç də oxşamayan bu aləm, belə imiş! O bu aləmə daxil oldu, çünki burada öz yerini tapmışdı.
YEDDİNCİ FƏSİL
Yucin incəsənət institutuna daxil olmağı tamamilə qət etdikdən sonra ilk dəfə öz ailəsinə baş çəkdi. Onun doğma evinin Çikaqodan cəmi yüz mil məsafədə olmasına baxmayaraq, onda heç vaxt, yeni il bayramlarında belə, oraya getmək arzusu doğmamışdı. İndi o, valideyninə deyə bilərdi ki, öz yerini tapmışdır – o, rəssam olacaqdır. Onun iş məsələsinə gəldikdə, bu sahədə hər şey çox yaxşı idi. Görünür, mister Mitçli ondan razı idi. Yucin hər gün pulları və ödənilməmiş hesabları ona təhvil verirdi. Mister Mitçli nəqd pulları yoxlayır və pulları verilməmiş hesablarda “alınmalı” deyə qeyd edirdi. Yucinin səhvləri də olurdu: pul gah çox artıq, gah çox əksik gəlirdi. Lakin artıq pullar çatışmayan məbləği ödədiyindən nəticə etibarilə hesab düzəlirdi. Yucin pul məsələlərində aldatmağa qabil deyildi. O çox şey almaq istəyirdi, lakin o bunları namuslu yolla qazanmaq üçün səbrlə gözləməyə hazır idi. Onun təbiətində olan məhz bu cəhət mister Mitçliyə xoş gəlirdi. İndi o düşünməyə başlamışdı ki, ticarət işində Yucindən bir şey çıxar.
Yucin Çikaqodan cümə günü axşam, Əmək günü ərəfəsində yola düşdü – məlum olduğu kimi bu bayram sentyabrın birinci bazar ertəsi gününə düşür. Bu bayramı Aleksandriyada xüsusən təntənəli keçirirdilər. O, bazar və bazar ertəsi günlərini evdə keçirtmək üçün şənbə günü yola düşmək istədiyini mister Mitçliyə xəbər verdi, o isə şənbə günündə görülməsi nəzərdə tutulmuş işləri cümə axşamı və cümə günləri görməyə və cümə günü axşam yola düşməyi təklif etdi.
– Həm də ki, biz şənbə günləri günortaya qədər işləyirik, – deyə əlavə etdi. – Beləliklə, siz həm işin öhdəsindən gələr, həm də evdə iki gün deyil, üç gün qalarsınız.
Yucin mister Mitçliyə təşəkkür etdi və onun məsləhətinə qulaq asdı. O paltarlarının ən yaxşılarını çamadana yığdı və onu evdə gözlədikləri fikriylə qatara mindi. Bu vaxt ərzində çox dəyişikliklər olmuşdu! Stella köçüb getmişdi. Yucinin gənclik sadəlövhlüyü və təcrübəsizliyi keçmişdə qalmışdı. İndi o, evlərinə gələcəyə bəzi ümidləri olan dünya görmüş bir adam kimi gedirdi. Hələ nə qədər uşaq göründüyü, həyata hələ nə qədər az bələd olduğu və dünyada belə yüksək qiymətləndirilən kamil və mərifətdən nə qədər uzaq olduğu onun ağlına belə gəlmirdi.
Yucini Aleksandriya vağzalında atası, Mirtl və iki yaşlı oğlu ilə Silviya qarşıladı. Onlar ailə faytonlarında gəlmişdilər, burada Yucin üçün də yer var idi. Yucin hamı ilə mehribanlıqla salamlaşdı və özünün xarici görünüşünə aid tərifləri lazımi təvazökarlıqla qəbul etdi.
– Yaman boy atmısan, Yucin! – deyə atası səsləndi. – Görünür, sən uca boylu kişi olacaqsan. Mən artıq sənin boy atmayacağından qorxurdum.
Yucin:
– Mən isə heç boy atdığımı hiss etmirəm, – dedi
– Yox, doğrudur, – deyə Mirtl əlavə etdi, – sən çox boy atmısan, Yucin. Bunun üçün də adama elə gəlir ki, arıqlamısan. Hə, səhhətin necədir, sağlamsanmı?
Yucin gülərək:
– Gündə on beş- iyirmi mil yol gedirəm, həmişə də təmiz havada oluram, nə üçün də sağlam olmayım? – dedi.
Silviya onun mədəsi haqqında soruşdu; ümumiyyətlə hər şey əvvəlki kimidir, – deyə Yucin cavab verdi. Gah elə gəlir ki, yaxşıdır, gah da pis. Bir həkim ona səhərlər bir stəkan isti su içməyi məsləhət görmüşdü, lakin o heç vəchlə özünü bu suyu içməyə məcbur edə bilməmişdir. Bu zəhrimarı udmaq olmur.
Beləliklə, onlar söhbətlə və sual-cavabla evə necə gəlib çatdıqlarını hiss etmədilər. Missis Vitla onları artırmada gözləyirdi. Yucin axşam qaranlığında anasını görən kimi yerə tullandı və ona doğru atıldı.
– Anacan! – deyə səsləndi, – Məni belə tezliklə gözləmirdin, deyilmi?
Ana ancaq:
– Tezliklə deyirsən? – deyə bildi və onun sinəsinə sıxıldı. Bir neçə dəqiqə onu qucağından buraxmadı, sonra isə dedi: – Sən lap kişi olmusan, Yucin!
Yucin qonaq otağına keçdi və ətrafına nəzər saldı. Burada hər şey əvvəlki kimi idi. Eyni kitablar, eyni stol və stullar, tavandan asılmış eyni lampa. Nə başqa otaqlarda, nə dəhlizdə, nə qonaq otağında, nə yataq otaqlarında, nə də mətbəxdə bir dəyişiklik yox idi. Anası bir az qocalmışdı, atası isə qətiyyən dəyişməmişdi. Silviya gözə çarpacaq dərəcədə dəyişmişdi. Onun girdə sifəti bir az arıqlamış və uzanmışdı. “Bu, analığın nəticəsidir” deyə Yucin düşündü. Yalnız Mirtlin üzü sakitlik və səadətlə parlayırdı. İndi onun yerli mebel fabrikinin müdiri olan Frenk Benqs adlı nişanlısı var idi. O hələ tamamilə gənc idi və özü də pis deyildi. Ailədə belə hesab edirdilər ki, bir vaxt varlı adam olacaqdır. İki iş atından biri – qoca Bill – satılmışdı. Çoban itlərindən biri – Qaçaq –artıq ölmüş, pişik Cek isə gecə gəzintiləri zamanı haradasa tələf olmuşdu.
Yucin mətbəxdə durub, onun üçün qalın bifşteks qızardan və onun gəlməyi şərəfinə şirəli biskvit hazırlayan anasına baxırdı. Bu aləm onun təsəvvür etdiyindən daha dar və kiçik idi. O, faytonda küçələrlə gəldiyi zaman şəhərin özü də ona balaca görünürdü, evlər də balacalaşmışdı. Əlbəttə, bura yaxşı idi. Lakin bu səliqəli, sakit həyətlər kəndi çox xatırladırdı. Hələ atası, – öz tikiş maşınları ticarəti ilə – nə qədər məhduddur. Xalis əyalətçidir. Gör nə qədər mədəniyyətdən yoxsuldurlar ki, onların evində heç bir zaman royal olmamışdır, deyə Yucin birdən düşündü. Axı Mirtl musiqini sevir. Onun özünün də musiqiyə çoşğun məhəbbəti var. Çikaqoda mərkəzi musiqi salonunda çərşənbə axşamı və cümə günləri orqan konsertləri olurdu. Bəzən o, işdən sonra bu konsertlərə gedə bilirdi. Bundan başqa, bəzi görkəmli mühazirəçilərin – professor Suinq, möhtərəm X. U. Tomas, möhtərəm F. U. Qansolus, professor Soltas kimi öz liberal görüşləri ilə məşhur olan adamların çıxışı həmişə gözəl musiqi ilə müşayiət olunurdu. Yucin bunların hamısını həyatı öyrənmək və tənhalıqdan qaçmaq cəhdi sayəsində kəşf etmişdi. İndi o anlayırdı ki, bir vaxt yaşadığı köhnə dünyanı dünya adlandıra bilməz. Bu, sadəcə olaraq uzaq və ucqar bir şəhərcik idi. O heç bir vaxt belə həyata qayıtmayacaqdır.
Öz əvvəlki yataq otağında yaxşıca yuxusunu almış Yucin ertəsi gün mister Kaleb və Bercens ilə, Conas Layl və Con Sammers ilə görüşmək üçün “Morninq Eppil”ə getdi. Məhkəmənin yanındakı meydanda Ed Mitçeli və Corc Tepsi, sonra isə Bill Qroniceri və məktəb yoldaşlarından dörd-beş nəfəri gördü. Yucin onlardan bütün yenilikləri öyrəndi. Corc Anderson buralı bir qızla evlənmişdi və indi Çikaqoda yaşayırdı – orada sallaqxanada işləyirdi. Ed Uotberi San-Fransiskoya getmişdi. Mister Sempsonun bir vaxt Ted Martinvud ilə dostluq edən qəşəng qızı – Bessi Sempson İndiana ştatında olan Andersondan gəlmiş bir nəfərə qoşulub qaçmışdır.
Yucin dinləyirdi. Lakin bütün bunlar onun düşündüyü yeni mühitlə müqayisədə ona nə qədər əhəmiyyətsiz görünürdü! Gələcəyin ona, Yucinə nə kimi şəkildə göründüyü bu gənclərdən heç birinin xəyalına da gəlmirdi. Parisə getməlidir! Ondan azına o razı deyil! Nyu-Yorka da! Hərçənd o hansı uzaq yolla ora gedib çata biləcəyini deyə bilmədi. Bill Qroniçer isə yerli vağzalların birində yük şöbəsində qulluğa düzəldiyinə sevinirdi, hələ bununla fəxr də edir. Aman Allah!
“Morninq Eppil”in redaksiyasında hər şey köhnə qaydada idi. Yucin iki ildən sonra burada böyük dəyişikliklər görmək fikrində idi, bunun əvəzində isə onun özü dəyişilmişdi. Müxtəlif korlanma və dəyişmə cərəyanına düşən yalnız o idi. O, paslı sobalar təmizləmişdi, hərəkətsiz əmlak satışı üzrə agentin köməkçisi, arabaçı, inkassator olmuşdu. O, Marqaret Daffini, camaşırxananın müdiri mister Redvudu, mister Mitçlini tanımışdı. Böyük şəhər öz işığı ilə onu işıqlandırmışdı – o, Vereşşagini, Buqronu, incəsənət institutunu tanımışdı. O, yeddi millik addımlarla irəliyə gedirdi, bu şəhərcik isə, həmişə olduğu kimi, hədsiz sürətdə həyatdan geri qalırdı.
Kaleb Uilyams əvvəllər olduğu kimi şən, söhbətcil, hər şeydə iştirak etməyə hazır bir tərzdə otaqda o tərəf-bu tərəfə yüyürürdü.