Читать книгу Dahi (Теодор Драйзер) онлайн бесплатно на Bookz (4-ая страница книги)
bannerbanner
Dahi
Dahi
Оценить:
Dahi

3

Полная версия:

Dahi

O vaxtlar Çikaqo yeni gələnlərə həqiqətən bir aləm imkan və ümidlər verirdi. Burada nə qədər yenilik, hələ toxunulmamış şeylər var idi – hər şey yaradılma mərhələsində idi. Uzun cərgələrlə düzülmüş evlər və mağazalar, əksəriyyəti müvəqqəti binalardan – bir və ikimərtəbəli baraklardan ibarət idi, lakin bəzi yerlərdə yaxşı gələcəyin müjdəsini verən üç və dörtmərtəbəli kərpic binalar nəzərə çarpırdı. Göl ilə çay arasında – Şimal və Cənub tərəflərdə – yerləşən ticarət mərkəzi özündə Yaxın Qərbə xidmət edən mağazalar burada toplaşmışdı. Burada nüfuzlu banklar, kontorlar, böyük pərakəndə satış mağazaları, otellər var idi, burada milyonlarla insanların gəncliyini, xəyallarını, təbii arzularını təcəssüm etdirən insan axını daim qaynayırdı. Siz buraya düşən kimi hiss edirsiniz ki, Çikaqo qarşısıalınmaz coşğunluq, ümid və arzular mənbəyidir. Bu, hər bir mütərəddid qəlbə həyat qüvvəsi axıdan şəhər idi, gəncləri şirin xəyala dalmağa məcbur edir, yaşlılara isə təlqin edirdi ki, yaxşılığa doğru dəyişilə bilməyən heç bir ağır vəziyyət yoxdur.

Bütün bunların arxasında, əlbəttə, mübarizə gizlənmişdi. Gənclik – ümid və qaynar qüvvə – çox güclü çarpışma yaradırdı. Burada gecikmədən işləmək, daim hərəkətdə olmaq, təşəbbüs göstərmək lazımdır. Şəhər hər kəsdən onda olan ən yaxşı keyfiyyətləri tələb edir, bu keyfiyyətlər olmadıqda ondan sadəcə üz çevirirdi. İstər nə isə axtaran gənclər, istərsə də yetkin adamlar bunu öz üzərində sınayırdı. Burada tənbəlliyə yer yoxdur.

Yucin özünə yer eləyən kimi bunu anladı. O mürəttiblik sənətindən əl çəkdi. Bu məsləhət olunmuşdu. O, rəssam yaxud buna bənzər bir sənət sahibi olmaq istəyirdi, lakin bu işə necə başlamaq haqqında heç bir təsəvvürü yox idi. Hər şeydən yaxşı qəzet işinə düzəlmək idi, lakin təcrübəsizləri ora çətin ki, qəbul etsinlər. Axı o tamamilə köməksizdir. Doğrudur, onun şəkil eskizləri bacısı Mirtlə xoş gəlirdi. Lakin Mirtl nə anlayırdı? Əgər o bir yerdə öyrənərsə, onu öyrədəcək bir adam tapılarsa, bəlkə də… Hələlik isə işləmək lazımdır…

Hər şeydən əvvəl, şübhəsiz, qəzetlərdə, özünə yol açmaq istəyən hər kəsi cəlb edən bu gözəl müəssisələrdə taleyini sınadı. Lakin səs-küylü redaksiyalar, bədii şöbələrin qaşqabaqlı müdirləri və təkəbbürlü redaktorları Yucini qorxudurdu. İş başında duranlardan biri Yucinin ona göstərdiyi üç-dörd şəkil eskizini maraqlı hesab etdi, lakin onun qanı qara idi. Yox, ona heç kəs lazım deyil. O belə də dedi: “Yox,bizə heç kəs lazım deyildir”. Yucin kədərlə düşündü ki, onu bu sahədə, yəqin məğlubiyyət gözləyir.

Bu oğlanın bütün fəlakəti onda idi ki, onun istedadı hələ mürgüləyirdi. Həyatın gözəlliyi və onda olan valehedicilik artıq Yucini öz hakimiyyətində saxlayırdı, lakin o bunu hələ cizgilər və boyalarla təsvir etmək iqtidarında deyildi. O aramsız olaraq səs-küylü küçələrdə dolaşır, vitrinlərin yanında uzun-uzun dayanır, çayda üzən qayığa, göldə yırğalanan gəmiyə saatlarla baxırdı. Bir dəfə gündüz Yucin gölün sahilində durduğu zaman üfüqdə bir yelkənli gəmi göründü. Bu onun həyatında gördüyü ilk gəmi idi. Onda gözəllik hissi coşdu. O, hasarda oturdu, gəmi gözdən itənə qədər onun arxasınca baxdı. Deməli, böyük göllər belə olur! Bəs böyük dənizlər – Atlantik, Sakit, Hind okeanları necə olmalıdır. Ah, dənizlər! Bəlkə bir vaxt o, Nyu-Yorka getdi, orada dənizləri görər. Burada da dəniz onun qarşısındadır – lakin kiçik miqyasda – və o necə də gözəldir!

İnsan yaşamaq üçün vəsaitlə təmin olunmamışsa, vaxtını göl sahillərində, bərələr və vitrinlər qarşısında xəyallar içərisində keçirərək, heç bir şey etmədən yaşaya bilməz. Yucinin isə vəsaiti yox idi. O, ata evini tərk edərkən müstəqillik əldə etmək qərarına gəlmişdi. O, dolanmaq üçün əmək haqqı almaq istəyirdi. O istəyirdi ki, işinin pis gətirmədiyini evə yazmaq imkanı əldə etsin. Onun əşyaları gəlib çıxdı, anasından mehriban məktub və bir qədər pul gəldi. Bu, cəmisi on dollar idi. O bu pulu geri qaytardı – o yeni həyata bu cür başlamağı düşünməmişdi. O, hesab edirdi ki, öz qazancı ilə yaşamalıdır, hər halda bunu sınamağı qərara almışdı.

On gün keçdi, Yucinin sərmayəsi olduqca azaldı, – onun bir dollar yetmiş beş sent pulu qalmışdı – nə cür iş olur-olsun, işləmək lazım idi. İndi rəssamlıq, hətta mürəttiblik yeri haqqında düşünməyə belə dəyməzdi. Mürəttib, həmkarlar ittifaqının üzvü olmalıdır, Yucin isə ittifaq üzvü deyildi, bunun üçün də rast gələn hər bir işdən yapışmaq lazım idi. O öz xidmətini təklif etməklə bu mağazadan o mağazaya getməyə başladı. İş haqqında soruşduğu miskin emalatxanalar o qədər xoşagəlməz idi ki, Yucin daxilən iyrənirdi. Lakin o öz vasvasılığını boğdu. O nə iş olursa olsun, qəbul etməyə, çörəkçi, şirniyyat yaxud parça-mal mağazasında kontorçu olmağa da razı idi.

Bir dəfə o bəxtəbəxt böyük bir dəmirçi dükanına daxil oldu. Onun müraciət etdiyi adam ona baxdı.

– Mən sizə soba təmiri işini təklif edə bilərəm, –dedi.

– Yucin onu başa düşmədi, lakin məmnuniyyətlə razılaşdı. Ona həftədə altı dollar təyin etdilər – bu pulla hər halda yaşamaq olardı. Yucini sobaların yığılması, rənglənməsi və təmiri ustası olan iki yekəpər işçinin ixtiyarındakı çardağa apardılar. Onlar öz yeni köməkçilərinə acıqlı-acıqlı izah etdilər ki, o köhnə sobaların pasını təmizləməli, həmçinin onların yığılmasına, rənglənməsinə və anbara daşınmasına kömək etməlidir – bu dükanın sahibi şəhərin hər tərəfindən köhnə mallar satanlardan sobalar alır və bunlar satış üçün təmir olunurdu. Pəncərənin yanında Yucinə alçaq bir oturacaq ayrılmışdı. O, paslı sobaları təmizləməli idi. O aşağıya, dalana, həyətində yaşıl ot bitmiş evlərə baxaraq çox vaxt işi unudurdu. Şəhər onun üçün möcüzələrlə dolu idi, hər bir xırda şey onu özünə cəlb edirdi. Yaxından keçən cındırçı “Cındır, dəmir-dümür alıram” deyə bağırdığı yaxud tərəvəz satan “Pomidor, kartof, təzə qarğıdalı, göy noxud” deyə səsləndiyi zaman Yucin başını qaldırır və qulaq asırdı. Bu bir növ musiqi kimi onda canlı əks-səda yaradırdı. Aleksandriyada buna oxşayan bir şey eşitməzsən. Bütün bunlar onun üçün necə də yeni idi! Yucin nə kimi eskizlər çəkəcəyini təsəvvürünə gətirirdi. O, həyətdə ipdən asılmış paltarları, səbətli qızları və sairəni xəyalında təsvir edirdi.

Bir dəfə o, səylə işləyirmiş kimi düşündüyü zaman ( o artıq iki həftə idi ki, dükanda işləyirdi) ustalardan biri səsləndi:

– Ey, hərəkətə gəlsənə! Pulu onun üçün vermirlər ki, sən gözünü pəncərəyə dikəsən.

Yucin yerində donub qaldı. O, avaraçılıq etdiyini görmürdü. İncik halda və meydan oxuyarcasına:

– Sizə nə var? – dedi. İndiyə kimi o hesab edirdi ki, bu adamlarla bərabər hüquqda işləyir və heç də onlara tabe deyildir.

– Mən sənə göstərərəm, dikbaşın biri, – deyə yaşlı, çox kobud, “Oliver Tvist”dəki Bill Sayksa oxşayan usta səsləndi. – Sənin ağanın kim olduğunu mən sənə göstərərəm. Cəld ol deyirəm sənə, həyasızlıq etmə!

Bu vəhşi kobudluğun gözlənilməz partlayışı Yucini heyrətə gətirdi. Onun rəssam kimi uzaqdan müşahidə etdiyi və onu bir hadisə kimi maraqlandıran yırtıcı indi özünü göstərirdi.

Yucin özünü nə cür təhlükəyə atdığını yalnız nisbətən anlayaraq çığırdı.

– Cəhənnəm olun!

– Nə dedin? – deyə usta bağırdı və onun üzərinə atıldı.

O ağır, mıxlı başmağının burnu ilə Yucini vurmaq niyyətiylə onu divara doğru itələdi. Yucin döşəmədən sobanın dəmir ayağını qapdı. O, kətan kimi ağarmışdı.

Yucin dəmir qıçı əlində möhkəm sıxaraq hədə ilə:

– Yaxşısı budur ki, mənə toxunmayın, – dedi.

Belə bir qızışmanın yersiz olduğunu anlayan başqa usta:

– Burax Cim, – dedi, – ona toxunma. Əgər o sənə xoş gəlmirsə, qov çıxsın getsin.

Yucinin açıqürəkli ağası:

– Elə isə cəhənnəm ol, get! – dedi.

Yucin hələ də əlində sobanın qıçını tutaraq pencək və şlyapası asılmış asılqana yaxınlaşdı, hücumun təkrar olunmasından qorxaraq ehtiyatla rəqibinin yanından keçdi. O, inadcıllıq göstərdiyi üçün cəza olaraq, Yucinə yenidən yumruq vurmaq fikrində idi, lakin özünü saxladı.

Yucin qapıya yaxınlaşarkən usta:

– Özünü çox ağıllı hesab edirsən, küçük, – dedi. – Ayıl, yuxulu əntər!

Yucin özünü alçaldılmış və rüsvay edilmiş hiss edərək, sakitcə çıxıb getdi. Bir işə bax! Onu, Yucin Vitlanı az qala təpikləmiş, bayıra itələmişdilər, özü də işdə, həftədə altı dollar verdikləri işdə! Bir anlığa kəskin ağrı onun boğazını tutdu, lakin bu, tədricən keçib getdi. Yucin ağlamaq istədi, ancaq bacarmadı, aşağıya düşdü və kontora yaxınlaşdı. Onun üzü və əlləri rəngə bulaşmışdı. Onu işə qəbul edən adama:

– Mən gedirəm, – dedi.

– Yaxşı. Nə baş vermişdir?

– Bu heyvan usta məni təpiklə vurmaq istəyirdi, – deyə Yucin izah etdi.

– Bəli, onlar bir az ədəbsiz uşaqlardır, – deyə sahibkar razılaşdı. – Mən bilirdim ki, siz onlarla yola gedə bilməyəcəksiniz. Burada sizdən möhkəm adam lazımdır. Hesabınızı alın.

O stol üstünə üç yarım dollar qoydu. Yucin bu qəribə cavabı heyrət içərisində dinlədi. O, həmin adamlarla yola getməli imiş. Bəs onlar Yucinlə yola getməyə borclu deyillər? Deməli, böyük şəhər özündə belə sakitlik gizlədir!

Yucin evə qayıtdı, yuyundu və yenidən küçəyə çıxdı, çünki indi işsiz oturmaq vaxtı deyildi. Bir həftə keçdikdən sonra o, daşınmaz əmlak satışı agentliyində kuryerlik yeri tapdı. O, boşalan evləri öyrənməli, nömrələrini xəbər verməli və pəncərəyə “kirayə verilir” sözləri ilə elan yapışdırmalı idi. Bu iş ona həftədə səkkiz dollar gətirir və gələcəkdə bəzi imkanlar açırdı. Bu yer Yucini tamamilə təmin edirdi, lakin üç ay keçməmişdi ki, bu kontor iflasa uğradı. Payız yaxınlaşırdı, qış kostyumu və isti palto haqqında düşünmək lazım idi. Lakin Yucin işinin düz gətirməməsi haqqında valideyninə yazmırdı. Əslində nə olursa olsun, o istəyirdi ki, evdəkilər onun işinin yaxşı olduğunu düşünsünlər.

Onun təəssüratı getdikcə aydınlaşır və kəskinləşirdi – şəhərin bəzi rayonlarının hər addımda gözə çarpan zənginliyi buna səbəb olurdu. Miçiqan, Preri, Eşlend-avenyü kimi küçələr, həmçinin Vaşinqton bulvarı – Yucinin heç bir vaxt görmədiyi ən gözəl evlər tikilmiş rayonlar – onu heyrətləndirirdi. O bu evlərin möhtəşəmliyinə, onları əhatə edən çəmənliklərin gözəlliyinə, aynalı pəncərələrinə, karetalarına və qulluqçularına valeh olmuşdu. O həyatında ilk dəfə idi ki, zəngin geyimli qapıçılar görürdü. O, uzaqdan ona gözəllik möcüzəsi kimi gələn və bəzəkli paltarlarında bu qədəq şıq görünən gənc qız və qadınlar, öz boy-buxunları ilə adamı valeh edən gəncləri görürdü. Ola bilsin ki, daim qəzetlərin yazdığı həmin “cəmiyyətin” nümayəndələri elə bunlar idilər. Yucin hələ bundan baş çıxarmağı bacarmırdı. Gözəl geyim və dəb-dəbə onun üçün yüksək ictimai vəziyyətə dəlalət edirdi. İlk dəfə idi ki, onun gözləri açılmışdı və o, əyalətdən gələn yeniyetmələri gözləyən həyat ilə dünyada olan nemətlər – daha doğrusu, ictimai pillələrin ən yuxarısında duran bir ovuc insanın başına səxavətlə səpilən nemətlər – arasındakı dərin uçurumu görürdü. Bütün bunlar onu bir qədər ayıldır, həm də kədərləndirirdi. Həyat ədalətsizliklə dolu idi.

Bu payız günlərində, ağacların yarpaqları saraldığı və iliklərə işləyən külək, tüstü burumlarını və toz buludlarını qabağına salıb qovduğu zaman o inandı ki, şəhər amansız olmağı bacarır. Onun qarşısına köhnə paltarda, kədərli, taqətsiz, çuxura düşmüş gözləri dərin ümidsizliklə baxan adamlar çıxırdı. Onları bu vəziyyətə, yəqin ki, ağır həyat salmışdı. Əgər onlar sədəqə dilənirdilərsə – doğrudur, onlar Yucinə az müraciət edirdilər, çünki onun görünüşü heç də təmin olunduğunu isbat etmirdi, – deməli, sadəcə həyatın uğursuzluğundan şikayət edirdilər. Axı fəlakətə uğramaq asandır. Əgər diribaş olmasan, asanlıqla acından vərəmləmək olar – şəhər bunu Yucinə tezliklə öyrətdi.

Bu günlər kədər onu gəmirirdi. Yucin o qədər də adamayovuşan və həmçinin özünü mühakimə etməyə meyl göstərən adam deyildi. Onun dostluq qurmaq imkanı yox idi, hər halda o belə düşünürdü, buna görə də o ya böyük şəhərin həyatını müşahidə edə-edə axşamlar təkbaşına küçələri dolaşır, ya da evdə balaca otağında oturudu. Onun ev sahibəsi miss Vudraf xoşrəftar və kifayət qədər qayğıkeş idi, lakin artıq gənc deyildi – Yucinin arzuladığı isə başqa cür cəmiyyət idi. O, qızlar haqqında bir-iki kəlimə danışa biləcəyi bir adamın olmamasının necə kədərli olduğu haqqında düşünürdü. Stella yoxdur – bu xəyala son qoyulmuşdur. Bu zaman o, Stellaya oxşayan başqa bir qıza rast gələr.

Pulunu hissə-hissə verməklə, kostyum almaq üçün anasının göndərdiyi pulun bir hissəsini xərcləməyə məcbur olduğu ayın axırında Yucin, nəhayət, camaşırxanada arabaçılığa düzəldi. Həftədə on dollar maaşı olan bu iş ona çox yaxşı gəlirdi. O özünü o qədər yorulmuş hiss etmədiyi zamanlar karandaşı götürüb eskizlər çəkir, lakin bu eskizlərin hamısı ona fərsiz görünürdü. Buna görə də o, camaşırxanada işləməyə davam edir və paltar daşıyırdı, halbuki hər hansı bir redaksiyada iş axtarmalı, yaxud rəssamlıq sənətini öyrənməli idi.

Bu qış Mirtl ona yazdı ki, Stella Eplton atası ilə Kanzasa köçüb getmişdir, ana özünü pis hiss edir və xahiş edir ki, heç olmasa bir həftəliyə evə gəlsin. Bundan bir az qabaq Yucin həmin camaşırxanada işləyən Marqaret Daff adlı şotlandiyalı bir qızla tanış olmuşdu; o bu qızla tez yaxınlaşmış və bu münasibət onun qadınlara münasibətinin başlanğıcını qoymuşdu. Buna qədər o, qadının nə olduğunu bilmirdi və buna görə indi onun təbiətində, sabit olmasa da, hər halda dağıdıcı və pozucu olan yeni cəhətlər əmələ gətirmişdi. İndi o özünü belə hissiyata daha artıq qızğınlıqla həsr edirdi. O qadınları sevirdi, onların bədənlərinin gözəl cizgilərini, xarici füsunkarlığını sevirdi, sonralar isə mənəvi gözəlliklərini də sevəcəkdi (o indi də onu sevirdi, ancaq dumanlı, şüursuz sevirdi). Lakin onun qadın idealı hələ ona aydın deyildi. Marqaret Daff ürəyiyumşaq, bir qədər zərif və yapışıqlı qadın idi, vəssalam. Lakin özünə əlverişli zəmin tapdığından Yucinin ehtirası sürətlə artmağa başladı. Bir neçə həftə içərisində qız tamamilə ona hakim kəsildi. O, qızı görmədən bir gün belə yaşaya bilmirdi. Qız isə onun tələblərinə məmnuniyyətlə cavab verirdi ki, onların əlaqəsi bir o qədər də gözə çarpmasın. Marqaret bir az ata-anasından qorxurdu, lakin onlar işçi adamlardı, erkən yatağa girir və bərk yatırdılar. Görünür, onlar qızlarının gənclərlə görüşməsi əleyhinə deyildilər və Yucin onun birinci tanışı deyildi.

Üç ay müddətində onların ehtirasının həddi-hüdudu olmadı. Yucin acgözlük, doymazlıq göstərdi, qız isə, ondan soyuq olsa da, öz sevgilisinin xatirinə dəyməmək üçün hər şeyə hazır idi. Onun coşğunluğu, qızın onda alışdırdığı qüvvətli ehtiras ona ləzzət verirdi, lakin qız tezliklə yorğunluq hiss etdi. Sonra təbiətlərin müxtəlifliyi, zövqlərin, görüşlərin, arzuların ziddiyəti özünü göstərməyə başladı. Əslində Yucin üçün Marqaretlə danışmağa bir mövzu yox idi. O bu qızda özünün daha incə olan duyğularına əks-səda tapa bilmirdi. Marqaret özünü məşğul edən şeylər – estradadan eşitdiyi zarafatlara, tanış gənc oğlan və qızların gülməli atmacalarına Yucin bir maraq görmürdü. Marqaret geyinməyi bacarırdı, lakin incəsənətə, ədəbiyyata, ictimai məsələlərə aid olan hər şeydən xəbərsiz idi. Halbuki Yucin, gəncliyinə baxmayaraq, dünyada olub keçən bütün məsələlər haqqında hərarətlə öz rəyini deyirdi. Böyük adamların – Karleylin, Emersonun, Uiltmenin adları və onların böyük şöhrətinin əks-sədası ona yaxın idi. O, qərb dünyasının səmasında ildırım sürətiylə ötüb keçən dahi filosoflar, rəssamlar, bəstəkarlar haqqında oxuyur və düşünürdü. Onu böyük bir iş üçün yaranmış olduğu haqqında qabaqcadan duyulan tutqun bir hiss həyəcanlandırırdı və o öz gənclik entuziazmı ilə inanırdı ki, bu iş tezliklə olacaqdır. O bilirdi ki,onun yaxınlıq etdiyi qız uzun müddət onu bənd edə bilməz. O, Yucini cəzb etmişdi, lakin cəzb olunduğu halda da Yucin ağa, münəqqid və hakim olaraq qalmışdı. Onda dəfələrlə belə bir fikir oyanırdı ki, Marqaret ona lazım deyil, ondan yaxşısını da tapa bilər.

Təbiidir ki, ehtirasdan doymaq belə fikirləri doğurmalı olduğu kimi, belə fikirlər də ehtirası öldürməli idi. Marqaret tədricən Yucindən soyuyurdu. Onun təkəbbürü, bəzən lovğa ahəngi Marqa reti acıqlandırdı. Onlar boş bir şey üstə savaşırdılar. Bir dəfə axşam Yucin adəti lovğalığı ilə dedi ki, Marqaret filan və filan şeyi etməlidir. Marqaret:

– Rica edirəm, əmr verməyi burax, – dedi. – Sən həmişə mənimlə elə danışırsan ki, guya mən sənin xüsusi malınam!

Yucin zarafatyana:

– Elədir ki, var, – dedi.

– Sən elə düşünürsən! – deyə qız alışdı. – Başqa həvəskarlar da tapılar.

– Nə vaxt kefin istəsə, onların yanına gedə bilərsən. Mən razıyam.

Yucin tərəfindən bu, qızı acıqlandırmaq üçün ancaq mənasız bir arzu olsa da, o, qızı incitmək istəmirdi, amma bu sözlər qızın qəlbinə toxundu.

– Elə isə mənim kefim bu saat istəyir! İstəmirsənsə, mənim yanıma gəlməyinin mənası yoxdur. Mən sənsiz də keçinə bilərəm.

O, meydan oxuyurmuş kimi başını dik tutdu.

Yucin onu necə acıqlandırdığını anlayaraq:

– Sakitləş, Marqaret, – dedi. – Sən heç də belə düşünmürsən.

– Düşünürəm! Baxarıq!

Marqaret ondan kənara çəkildi. Yucin onun arxasınca getdi, lakin qızın qəzəbi onda yenidən əsəbilik oyatdı.

O qətiyyətsiz halda duraraq:

– Bir də ki, kefinə bax, – dedi. – Yaxşısı budur, mən gedim.

Marqaret heç bir cavab vermədi, heç bir təmənnada olmadı, heç bir şey təklif etmədi. Yucin palto və şlyapasını götürmək üçün getdi.

O qayıdaraq:

– Vidalaşarkən məni öpmək istəmirsən? – deyə soruşdu.

– Yox, – deyə qız soyuq cavab verdi.

O:

– Gecən xeyrə qalsın, – dedi.

– Xeyrə qarşı, – deyə qız laqeyd cavab verdi.

Onların münasibətləri hələ bir müddət davam etdi, lakin yenə də tamamilə barışmadılar.

BEŞİNCİ FƏSİL

Bu qızla əlaqəsi Yucində qadınlara qarşı demək olar ki, qarşısıalınmaz bir maraq oyatdı. Əksər kişilər özlərinin sevgi müvəffəqiyyətləriylə gizlincə fəxr edirlər və onların qadını maraqlandırmaq və saxlamaq bacarığını sübut edən hər şey onlarda özlərinə inam və cəsarət doğurur. Bəzi, müvəffəqiyyətlə korlanmamış kişilərdə bu cəsarət olmur.

Bu, Yucin üçün bu qəbildən olan ilk qələbə idi və ona böyük ləzzət verirdi. O özündə daha çox inam hiss edir və qətiyyən utancaqlıq duymurdu. O düşünürdü ki, Aleksandriyadakı uşaq-muşaq Yucinin burda keçirdiyi həyat haqqında nə bilir? O, Yucin, Çikaqoda yaşayır. Bu tamamilə başqa aləmdir. O artıq kişidir, müstəqil adam olmuşdur, başqaları üçün maraqlı olan fərdiyyətə çevrilmişdir. Marqaret Daff Yucinə onun haqqında çox təriflər deyirdi. Marqaret onun zahiri görünüşündən, ədalarından, zövqündən heyrətə gəlirdi. Yucin qadına malik olmağın nə demək olduğunu dadmışdı. Bütün bunlar onun başını gicəlləndirirdi. Hətta kobudcasına verilən istefa belə ona heç bir təsir buraxmırdı, axı o bu istefanı qəbul etməyə hazır idi. İndi o öz işindən usanmağa başlamışdı, çünki həftədə on dollar almaq özünə hörmət edən gənci, xüsusən ilk imkan ələ düşəndə yenicə pozulmuş əlaqə kimi yeni bir əlaqə düzəltməyi qarşısına məqsəd qoymuş bir gənci qane edə bilməzdi. Yucin bundan yaxşı iş yeri axtarmağı qərara aldı.

O, Uorren-Avenyüdə yaşayan bir qadına paltar daşıyırdı. Bir dəfə həmin qadın ona belə bir sual vermişdi:

– Siz arabaçılar, həftədə neçə dollar alırsınız?

Yucin:

– Mən on dollar alıram, – dedi. – Lakin bəziləri bəlkə də artıq qazanırlar.

– Sizdən yaxşı inkassator çıxardı, – deyə qadın davam etdi. O ucaboylu, zahirən sadə, ağıllı və açıq qadın idi. –Siz belə bir işə keçmək istərdinizmi?

Paltar daşımaq Yucini tamamilə iyrəndirmişdi. İş günü hədsiz dərəcədə uzun idi. Məsələn, şənbə günü gecə saat birdə qurtarırdı.

– Necə ki, istəmirəm! – deyə Yucin səsləndi. – Mən bunun nə cür iş olduğunu bilmirəm, lakin mənim indiki işim də ürəkaçan bir şey yoxdur.

– Mənim ərim “Ucuz mebel, xalçalar” kompaniyasında qulluq edir, – deyə qadın davam etdi. – Oraya yaxşı inkassatorlar lazımdır. İndi onların, deyəsən, boş yerləri vardır. İstəyirsiniz, mən onunla danışım.

Yucin sevindi və ona təşəkkür etdi. Həqiqətən də bu iş göydəndüşmə idi. O belə bir inkassatorun nə qədər ala biləcəyini bilmək istəyirdi. Lakin soruşmağın münasib olmadığını qət etdi. Lakin qadın, görünür, onun fikrini anlamışdı.

O:

– Əgər o sizi götürsə, əvvəldə, yəqin ki, on dörd dollara qədər alacaqsınız. – dedi.

Yucin həyəcan içərisində idi. Bu, həqiqətən irəliyə doğru addımdır! Dörd dollar artıq! Belə bir maaşla o geyinə bilər və ehtiyat pulu da olar. O, rəssamlıq təhsili ala bilər. Onun arzuları böyüyür və artırdı. Bəli, adam istəsə, özünə yol aça bilər. Öz müştərilərinə vicdanla xidmət etməyin indi əvəzi çıxırdı. Yeni sahədə gələcək zəhmətləri isə bəlkə də, ona böyük müvəffəqiyyət gətirəcəkdir. Axı, o hələ çox cavandır.

Bu vaxta qədər o, altı ay idi ki, camaşırxanada işləyirdi. Ay yarımdan sonra onun adına “Ucuz mebel, xalçalar” kompaniyası müdiri Mr. Henri Mitçldən məktub gəldi. Müdir ondan istədiyi gün axşam səkkizdən sonra onun evinə gəlməyi xahiş edirdi. Məktubun axırında o, “Sizi mənə arvadım məsləhət görmüşdür,” deyə bildirirdi.

Yucin elə o gün həmin ünvana getdi və orada onu qırx yaşlarında, arıq, çevik, şitliyə varan xoşrəftar bir adam qarşıladı və diqqətlə süzdü. Valideyni, işi, aldığı maaş və sairə haqqında çoxlu suallar verdi. Nəhayət dedi:

– Mənə işcil bir gənc lazımdır. Mötəbər, namuslu və əməksevən işçi üçün bizdə çox yaxşı yer vardır. Mənim arvadım sizi tərifləyir, mən də sizi imtahandan keçirməyə hazıram. Mən sizə on dörd dollar maaşı olan bir vəzifə təklif edə bilərəm. Gələn bazar ertəsi mənim yanıma gəlin.

Yucin ona təşəkkür etdi. İşdən getməsi haqqında, mister Mitçlin məsləhəti ilə camaşırxana müdirinə bir həftə qabaq xəbərdarlıq etməyi qərara aldı. O öz planını Marqaretə danışdı, o da, görünür, Yucinin belə iş tapmasına sevindi. Müdir təəssüflə ondan ayrıldı, çünki Yucin namusla işləyirdi. Yucin onun yerinə götürülmüş adamın bu həftə içərisində işlə tanış olmasına kömək etdi və bazar ertəsi mister Mitçlinin yanına gəldi.

Mister Mitçl Yucini sevinclə qarşıladı, çünki onun simasında enerjili və bacarıqlı bir işçi görürdü. O, Yucini inkassatorun mürəkkəb olmayan vəzifələri ilə tanış etdi. Bu vəzifələr ondan ibarət idi ki, Yucin kompaniyanın müştərilərindən, pulu hissə-hissə verilməsi şərtilə, onlara satılmış malların – saat, gümüş, xalça və sairənin cari haqqını almalı idi. Bu da gündə orta hesabla yetmiş beşdən, yüz iyirmi dollara qədər təşkil edirdi.

– Belə işlərdə xidmətçilərdən adətən girov alırlar, – deyə mister Mitçli izah etdi, – lakin biz bu adətdən kənara çıxa bilərik, bunsuz da keçinmək olar. Mənə şəxsən belə gəlir ki, bir gəncin namuslu olub-olmadığını ilk baxışdan bilmək olar. Hər halda bizdə nəzarət vardır. Əgər birisinin əli düz olmazsa o, atını çox da oynada bilməz.

Yucin namuslu olmağın nə demək olduğu üzərində heç bir zaman xüsusi olaraq düşünməmişdi. Evdən ona cib xərcliyi verməkdən imtina etmirdilər, qəzetdə işlərkən öz ehtiyacları üçün kifayət qədər qazanırdı. Digər tərəfdən onun mühitində namusluluq öz-özlüyündə aydın olan məcburiyyət hesab olunurdu. Namuslu olmayanlar həbsxanaya düşürdülər. O, Aleksandriyada olan bir kədərli hadisəni yaxşı xatırlayırdı. Oğurluq məqsədiylə bir mağazaya girmiş tanışı həbsə alınmışdı. Bu hadisə Yucinə çox təsir etmişdi. Sonralar o bu məsələ haqqında az düşünmədi, lakin heç bir nəticəyə gəlib çıxmadı. O bilirdi ki, onun sərəncamına verilmiş məbləğin haqq-hesabı hər dəqiqə tələb edilə bilər və o buna hazır idi. O hesab edirdi ki, onun qazancı yaşamaq üçün çatmalıdır, o ki, heç kəsi saxlamır. Yucin əslində həyatın dərinliyinə varmır, dayaz yerdə üzür və bunun üçün də nə qədər namuslu olduğu sınanmış qalırdı.

Yucin onun üçün hazırlanmış hesabları götürdü və evləri bir-bir gəzməyə başladı. Bəzi müştərilər ona pul verir və müqabilində ondan qəbz alırdılar, bəziləri vaxt verilməsini xahiş edir, yaxud kompaniya ilə olan hər hansı anlaşılmazlığa əsaslanaraq, pul verməkdən tamamilə imtina edirdilər. Çox vaxt məlum olurdu ki, onun axtardığı adamlar ünvanlarını qoymadan, alınmış şeyləri də özləri ilə bərabər götürərək, köçüb getmişlər. Belə hallarda Yucin, mister Mitçlinin izah etdiyi kimi, onlar haqqında qonşulardan xəbər tutmalı idi.

Yucin dərhal anladı ki, bu qulluq onun ürəyincədir. Təmiz havada gəzməsi, həmişə hərəkətdə olması, vəzifələrinin nisbətən sadəliyi – hamısı ona xoş gəlirdi. Bu vəzifələr onu şəhərin tanış olmayan yerlərinə aparır və bu vaxta qədər ona tanış olmayan tiplər və xarakterlərlə görüşürdü. Əgər arabaçılıq işi – bir evdən o biri evə getmək zərurəti – ona gümrahlıq verirdisə, yeni iş də belə bir şey idi. O, gələcəkdə çəkəcək şəkillər üçün ona gözəl material ola biləcək səhnələri müşahidə edirdi. Fabriklərin açıq rəngli səmaya doğru ucalan qara gövdələri, gah yağışda, gah qarda və ya parlaq günəş altında gördüyü, relsləri bir-birinə qarışmış iri dəmiryol parkı, səhər və ya axşam buludlarına doğru ucalan nəhəng qara bacalar. Bu bacalar axşamüstü, qırmızı, yaxud tutqun bənövşəyi qürub fonunda daha qabarıq göründüyü zaman ona xüsusilə xoş gəlirdi. Öz- özünə ucadan “necə gözəldir!” deyir və düşünürdü ki, əgər o, bir zamanlar Doredən az gözəl olmayan şeylər yaratmağa müvəffəq olarsa, dünya necə heyrətə gələcəkdir. O bu sənətkarın əzəmətli təxəyyülünə heyran olurdu. Yucin heç bir zaman yağlı boya yaxud akvarellə çəkən, ya da karandaşla eskizlər düzəldən rəssam olacağını düşünmürdü – o ancaq tuş ilə çəkəcək, həm də böyük və kəskin ləkələrlə çəkəcək, qara və ağ rənglərdən kontrastlar yaradacaqdı. Bax, belə çəkmək lazımdır. Qüvvətli təəssürat bununla əldə edilirdi.

bannerbanner