Читать книгу Mart xoruzu (Отар Чиладзе) онлайн бесплатно на Bookz (4-ая страница книги)
bannerbanner
Mart xoruzu
Mart xoruzu
Оценить:
Mart xoruzu

4

Полная версия:

Mart xoruzu

Axırıncı yasda isə Vano müəllim axıracan oturmamışdı, çünki Qogiyanı içəridən çıxartmışdı. Hamının başı qarışıq idi, heç kim Qogiyaya fikir vermirdi, amma Vano buna dözə bilmədi, Qogiyanın qulağından tutub bayıra çıxartdı, çünki ora Qogiyanın yeri deyildi. Bəs nə üçün qeybətçilər fürsəti fövtə verməyib təzə söz-söhbət yaymışdılar ki, “Müəllim Vano ənənələrə hörmət etmir, yasdan yarımçıq çıxır, el adətinə tüpürür”? Nə isə, bunlar keçmiş şeylərdir, xatırlamağa dəyməz. Biz ancaq bir şeyi aydınlaşdırmaq istəyirik – nə üçün müəllimin limon ağacı Nikonun yuxusuna girmişdi? Çünki müəllim Vano Qogiyanı yasdan çıxartandan sonra, Qogiya ona təşəkkür etmək yerinə hirslənmişdi, əl-qol atmağa başlamışdı, müəllim güclü əlləriylə onu tutub saxlasa da Qogiyanın hirsi soyumamışdı, nəticədə özü döyülmüşdü. Bütün gecəni isə Qogiya həyətin ortasında dayanıb müəllimin dalınca danışmışdı. Əlbəttə, qonşular hamısı bunu eşidirdi, amma heç kim bayıra çıxmamışdı, çox maraqlansalar da, heç pərdəni də aralayıb baxmamışdılar. Təkcə Qogiyanın anası qapının kandarında dayanıb qışqırmışdı: “Rədd ol içəri, yaramaz! Doğulmasaydın bundan yaxşıydı.” Amma Qogiya dayanmamışdı. Qışqırmışdı ki, o əslində müəllim deyil, alman casusudur, Nyunberqdən qaçıb burda gizlənir (müəllim Vano doğrudan da Nyunberq hadisələrinin iştirakçısı olmuşdu, amma onu heç nədə günahlandırmamışdılar, əksinə, o özü şikayətçi idi; iki dəfə əsir düşərgəsindən qaçmışdı, bir dəfə isə güllələnmə vaxtı möcüzə nəticəsində güllədən yayınıb ümumi qəbirdən çıxa bilmişdi). Anası gülməyini güclə saxlayıb yenə qışqırmışdı. Qogiya isə daha da qızışmışdı: qoy elə günü sabah burdan rədd olub getsin! Həmin günlər heç kim müəllim Vanonun üzünə dik baxa bilmirdi, hamı özünü nədəsə günahkar sayırdı, amma heç kim əlini ürəyinin üstünə qoyub bu utanmağın səbəbini deyə bilməzdi.

Məhz elə bu günlərdə Niko limon ağacını yuxuda görmüşdü. Görmüşdü ki, Qogiya ağacın üstünə kerosin töküb yandırır. Sonra da tüfəngini götürüb yanan ağacın ətrafında fırlanır…

“Yaşayır, yaxşıdır limon ağacı, sənin əvəzin.” Niko dənizin dibində artıq mələk olan qıza yaxınlaşaraq həyəcanla dedi. Mələk ondan soruşdu ki: “Sən xaç çəkə bilirsən?” Niko bu yad yerdə ona verilən sualın asanlığına sevindi, təbəssümünü saxlayaraq üç barmağını – böyük, şəhadət və uzun barmaqlarını birləşdirdi və yavaş-yavaş alnına, sonra sinəsinə, daha sonra isə sağ və sol çiyinlərinə yaxınlaşdırdı… Birdən hər tərəf aydınlandı. Hardasa zənglər səsləndi və zəng səsi suyun altında yayıldı. Üzünə tökülən dərman onu yuxudan oyatdı və o gözlərini açan kimi Marqaritanı gördü. Sandro əmi də sobanın yanında dayanmışdı.

Nəhayət otaqdakılar bir-birinin dalınca qapıya tərəf getdilər, otaq boşaldıqca saatın çıqqıltısını və hardasa hürən itin səsini daha aydın eşidirdi. “Əllərini belə qoyma, ölüyə oxşayırsan.” Xalası da bunu deyib öz otağına çəkildi. Niko təəccübləndi ki, xalası onun əllərini necə gördü, axı Nikonun üstünə ədyal çəkilib, xalası isə artıq öz otağındaydı və çox güman ki, uzanıb Qalaktion Tabidzenin şeir kitabını vərəqləyirdi, özü də mövzusu bu günkü hadisələrə uyğun gələn şeirləri axtarırdı: “Küçəylə qara tabutu aparırdılar…” və ya “Payızın bu günü öldürüləni basdırırlar…” Nənəsi isə ikonayla danışırdı. Daha doğrusu, ikonaya baxırdı, amma dodaqları tərpənmirdi. Ürəyində danışırdı ki, heç kim nə dediyini eşitməsin. Əgər eşidən olsaydı da, heç nə başa düşməzdi, çünki hər kəsin tanrı ilə danışmaq üçün öz dili var – həyat kimi sadə, çörək kimi vacib, ölüm kimi hər şeyi unutduran və sevgi kimi saf dili. Nənəsi qısaqol gecə köynəyi geyinmişdi, qısa saçlarını boynunun dalında dəstələyib bağlamışdı, uzaqdan qıza oxşayırdı və onun bu vəziyyətinə baxanda ağlamaq istəyirdin. Otaq lampanın ölgün şüasıyla işıqlanırdı, amma tezliklə hər şey itməyə başladı – ya Nikonun huşu getdi, ya da nənəsinin duasını eşitdi və yatdı… Saat əvvəlki kimi çıqqıldayırdı, it hürürdü, amma bu sslər daha Nikoya çatmırdı, elə bil qumun altında qalıb boğulurdu. Otaqdakı lampa da sönmüşdü, soba da. Nikonun ayaqları elə bil buz bağladı – eynən Valo Badalaşvilinin babası kimi. Valo Badlaşvilinin babası öləndə kimsə kisədə buz gətirib yerə səpmişdi. Amma Niko bunun səbəbini bilmir. İndi isə başının üstündə yarasa dəstəsi uçuşur. Niko ölsə də, yalandan ölüb, doğrudan yox. Niko indi heç yalançı ölümü də dada bilmir, yata bilmir. Bəlkə heç daha yatmaq lazım da deyil, sağalmaq da, axı başının üstündən yarasalar uçur – ruhlar diyarından gələn yarasalar. Bizim yazıq Niko öldü, bizim Nikuşa, bizim Nikolay. Yaxınları isə onu adi xəstə kimi yatağa uzatdılar, dərman içirtdilər, kürəyinə banka qoydular, bədənini spirtlə sildilər və sakitcə, öz borclarını yerinə yetirmiş kimi hərə öz evinə dağılışdı; yatıb sağalacaq – son qərar belə oldu, ona görə də indi hamı öz yerində uzanıb yuxuya gedib. O isə ölüb. O ölüdür. Əllərini sinəsində çarpazlayıb uzanıb, üstünə yarasalar tökülür, elə bil meşədə ağac altındadır, üstü yarpaqlarla örtülüb. Ölü yarpaqlar altındakı ölü uşaq. Amma bu da həqiqətən olmuşdu, deyəsən üç il qabaq idi, onda Batumidən təzə gəlmişdi və uşaqlarla bir yerdə meşəyə odun dalınca getmişdi, baltayla ayağını yaralamışdı, uşaqlar onu ağacın altında uzadıb birtəhər qanaxmasını dayandırmışdılar, özləri isə yenə işə başlamışdılar. Nə edəsən, evə odun lazımdır, heç kim gətirib sənə verməyəcək, gərək özün yarasan. Amma odunları əlindən ala bilərlər, ya meşəbəyi, ya da yoldan keçən kimsə, buna görə də tələsmək lazımdır. Uşaqlar işləyəndə həm də diqqətli olmağa çalışırdılar, hər səsə qulaq verirdilər. O isə ağacın altında, yarpaqların arasında uzanıb, heç nəyə yaramır, layiqli atanın layiqsiz oğludur. O çox qan itirib. Qan yerdə gölməçələnib, artıq meşənin milçəkləri qana yığılıb. Niko milçəkləri görür. Amma milçəyəfikir verməmək üçün hansısa şeiri yadına salmağa çalışır. Əgər o üç il qabaq ölsəydi, necə olacaqdı? Əgər onda ölsəydi, indi bu əzabı çəkməzdi. Ola bilsin, indi də qurtulacaq, necə ki onda qurtulmuşdu! Onda onu nənəsi xilas etmişdi. İndi də nənəsi xilas edəcək! Amma haçanacan? Axı nə üçün həmişə kimsə səni xilas etməlidir. Bir gün gələcək ki, yanında heç kim olmayacaq və sən öləcəksən. Üç il qabaq həkim ona hər gün çiy yumurta və bir stəkan çaxır içməyi tapşırmışd, nənəsinə demişdi ki, üç həftə içsin və gülmüşdü, stulunu cırıldada-cırıldada, bədəni yırğalana-yırğalana gülmüşdü və gülə-gülə nənəsinə demişdi ki: “Bilmirəm o qədər yumurtanı hardan tapacaqsan, bəlkə özün yumurtlayasan?” Amma nənəsi hər gün həyətdən qayıdanda fartukunun cibində isti yumurta gətirirdi. Amma heyif ki, onun bütün əziyyəti boşa getmişdi, budur, üç il keçib və Niko yenə də ölür. Ona deyiblər ki, yatmaq lazımdır, amma yuxuya getməyin yollarını başa salmayıblar. Yəqin ki, uşaqlara yuxu da çörək kimi böyüklərə lazım olandan az lazımdır. Niko uşaq deyil axı. O artıq uşaq deyil!

5

Külək hamı üçün əsirdi. O gün Uparaşvilinin evində çox da yüksək əhval hökm sürmürdü. Külək sobanın bacasını tuturdu, tüstü evə vururdu, rahat nəfəs almaq olmurdu və hamı öskürürdü. Ailənin başçısı hələ milis idarəsindən qayıtmamışdı, idarənin zirzəmisində, oğlunun vurduğu ovla məşğul idi və kim bilir işi haçan qurtaracaqdı, evi yadına düşəcəkdi. Onsuz da onu evdə gözləyən yox idi, oğlu yatmışdı, arvadı isə sobanın yanında oturub dərin fikrə dalmışdı, onun beynində bu saat təkcə bir fikir fırlanırdı, görəsən bu gün oğlunun başına gələn hadisə necə nəticələnək, hər şey yaxşı qurtaracaq, yoxsa pis, onun da taleyi qardaşının taleyi kimi olacaq, yoxsa həyat dayısından fərqli olaraq oğlunu mükafatlandıracaq.

Qogiyanın anasını bu cür çətin və izaholunmaz hisslər çulğamışdı və ana o qədər dərin fikrə getmişdi ki, heç durub lampanı da yandırmamışdı, bayquş kimi qaranlıqda oturmuşdu. Qaranlıq ona daha yaxşı təsir edirdi, əsil bayquş kimi qaranlıqda daha yaxşı fikirləşə bilirdi.

Günorta oğlu qatırın belində ölü qulduru aparanda o heç də xüsusi hiss keçirtməmişdi, sadəcə hamı kimi maraqlandığı üçün küçəyə çıxmışdı; və hamı kimi onu da bircə şey maraqlandırırdı – öldürülən tanış adam idi, yoxsa yox. Hamı itkin düşmüş əzizinin, atasının, qardaşının, ərinin və ya oğlunun şəklini götürüb küçəyə çıxmışdı və şəkili milislərə göstərirdi ki, öldürülən bu adam deyil? Qatırı izdiham müşayət edirdi, hamı qabağa keçib meyidə baxmaq istəyirdi. Görünür dörd illik müharibə camaatın meyidə qarşı münasibətini dəyişdirə bilməmişdi. Milislər də camaatı görüb özlərini itirmişdilər, atların üstündə narahat oturmuşdular, bilmirdilər özlərini necə aparsınlar – ovdan çoxlu qənimətlə qayıdan ovçu kimi məğrur dayansınlar, yoxsa bu gözlənilməz ölümdən sarsılan adam kimi başlarını aşağı salsınlar. Təkcə Qogiya gülümsəyirdi, üstündə meyidin qanı laxtalanmış qatırın dalınca şəstlə gedirdi və getdikcə sarınmış əlini yuxarı tutmağa çalışırdı ki, hamı yaralandığını görsün, hamı maraqlansın ki, görəsən Qogiyanın başına nə gəlib?

Qogiyanın anası sakit idi, onun ərindən və oğlundan başqa əzizi və ya qohumu yox idi, əriylə oğlu isə burda idilər, salamat idilər və onun qabağında addımlayırdılar, buna görə də həyəcansız-filansız dayanıb onlara baxırdı; amma birdən kimsə ona qışqırdı: “Ay bədbəxt, oğlun adam öldürüb!” – onda o özünü itirdi, elə bil bədəni parçalandı; əvvəlcə bədənini soyuq tər basdı, sonra isə bədəni birdən-birə istiləndi, elə bil səhər yuxudan duranda balışının altından qanlı bıçaq, ya da yumurta boyda brilyant daş tapmışdı; hə, hə, çünki o çoxdan hər şeydən əlini üzmüşdü, heç ağlına da gəlməzdi ki, haçansa bəxti üzünə güləcək, onun da dəyərini anlayıb onu mükafatlandıracaq, axı onun qardaşı çoxdan qəbirdə çürüyürdü, əriylə oğlu isə artıq heç nəyə yaramadıqları ilə barışmışdılar və haçansa nəsə mükafata layiq bir iş görə biləcəklərinə ümid yox idi. O da bu günəcən belə fikirləşirdi, amma indi kimsə çıxıb qışqırır ki: “Oğlun adam öldürüb!” Ana özünü itirdi, bilmədi nə etsin, bilmədi ki, bu hərəkətin dalınca nə gələcək – mükafat yoxsa cəza? Qardaşının ölümündən sonra həyatla vuruşmağa nə gücü qalmışdı, nə də istəyi; o artıq həyatdan heç nə gözləmirdi, nə yaxşı, nə də pis; bu günsə bu boyda insan dənizinin içindən həyat məhz onu seçib barmağıyla göstərmişdi: budur, oğlu adam öldürən ana. Qogiyanın anası əlini yellədib oyundan çıxmağına baxmayaraq yenə özünü həyatın burulğanında tapdı və həyat yenə də onu məcbur etdi ki, silahını götürüb vuruşmağa davam etsin…

İndi Qogiya taxtda, silahıyla üzbəüz uzanmışdı, amma anasının düşündüyü kimi yatmırdı, yatmağa çalışırdı. Gün ərzində keçirtdiyi qorxu və həyəcan öz işini görmüşdü, gözünü yummağa bənd idi ki, var gücüylə ona tərəf qaçan qulduru görürdü. O özü yüyənləri tutmağa çalışaraq çaşıb qalmışdı, tüfəng isə elə bil bilərəkdən əlindən sürüşürdü. Amma ola da bilərdi ki, o tüfəngi qaldırıb atmağı çatdırmayaydı… Həm də belə anda, dayısının dediyi kimi, əgər tərəddüd etsən, bircə anlıq da olsa qurbanının gözlərinə baxsan, onda işin bitdi. Dayıya inanmaq olardı, çünki o özü də haçansa bu hissləri keçirtmişdi, – Qogiya biixtiyar bir vaxtlar dayısının uzandığı küncə tərəf baxdı. Elə bil evdə dayısının iyini də hiss etdi və bu iydən burnu doldu, dayısının halına acıdı. “Qapını aç, adam boğulur burda,” – anasına dedi. Otaq tüstüylə dolmuşdu, Qogiyanın gözləri yaşarmışdı, bu sözü anasına deyən kimi də gülümsədi, qapını açıb soyuğu otağa doldur, sonra da qızdır, görüm necə qızdırırsan! Tüstü gözlərini deşirdi, amma istinin xətrinə dözmək lazım idi. Xoşbəxtlikdən anası ona fikir vermədi. Ya hələ hirsi soyumamışdı, ya da heç eşitməmişdi. Tüstü elə ona da təsir etmişdi, o da gözləri yaşarmış halda öskürürdü, amma soyuqdan dişin-dişinə dəyməyindənsə, bu yaxşıdır. Qogiya istədi atasının gəlib-gəlmədiyini soruşsun, amma soruşmadı, çünki doğrudan da atasının indi harda olduğu onu maraqlandırmırdı.

O yenə gözlərini yumdu və yenə ona tərəf qaçan, bir əliylə ürəyini tutan qulduru gördü – onun üzü yerli xəritəyə oxşayırdı. Qogiya isə hələ də silahı tuşlaya bilmirdi, həm yüyənlər mane olurdu, həm də əlləri sözünə baxmırdı. “Gözlərinə baxma, tez atəş aç,” – dayısının səsi gəlirdi. Dayısı bunu bir dəfə yaşamışdı və istəyirdi ki, hamı bu hiss yaşasın, xüsusən də öz yaxınları. “Gözlərinə baxma! Nə edirsən et, amma gözlərinə baxma!” Dayısı yüngül həyəcanla bunu deyirdi və deyəndə əliylə ağzını tuturdu ki, səsini ancaq Qogiya eşidə bilsin, əgər quldur da onu eşitsəydi, onda dayının yaxasından yapışardı ki: sən elədin, sən öyrətməsəydin, onda bu uşaq məni vura bilməzdi.

Quldursa ona tərəf qaçır və uzaqdan qışqırır: “Dayına qulaq asma! O özü axmaqdır, səni də axmaq yerinə qoyur, o özü nə qazanıbsa, sən də onu qazanacaqsan.” Qogiya gözlərini açan kimi bu mənzərə itəcək, amma o artıq buna öyrəşib, eyni zamanda bu qarabasmaya baxmaq onun xoşuna da gəlir. Gözlərini açmaq yerinə, göz qapaqlarını daha da bir-birinə sıxır. Bu hiss birinci dəfə yelləncəkdə yellənən uşağın keçirtdiyi hissə oxşayır, uşaq yellənir və “uçuş”un nə ilə nəticələnəcəyini bilmir. Amma Qogiya o uşaqdan fərqli olaraq nəticəni bilir, indi hər şeyi əslində olduğu kimi görməsə də. Birincisi, o qədər də axmaq deyil ki, tüfəngi tərsinə tutub özünə tuşlasın, ikincisi, əlləri nə qədər titrəsə də, çaxmağı çəkə bilib. Quldursa dayanmadan qaçır, elə bil Qogiyaya bəla üz verib, o da Qogiyanı xilas etmək üçün tələsir. Amma Qogiya ona diqqətlə baxa bilməmişdi, heç indi də onu aydın görmür. Qogiya onun əslində necə göründüyünü bilmir. Amma dayısı öz qurbanının üzünü xatırlayırdı. “Mən cəmisi bir anlıq onun üzünə baxdım, onun surəti yaddaşıma həmişəlik yazıldı, elə bil onu əvvəllər də görmüşdüm, ya da onu uşaqlıqdan tanıyırdım.” Ola bilsin şişirtməklə o özünün qiymətini artırmaq istəyirdi, amma doğrudan da qurbanının üzünü xatırlayırdı. Quldur artıq yaxınlaşıb, bir az da keçsə artıq tüfəngin lüləsindən yapışacaq. Elə olsa Qogiyanın anasını görəsən, onu dolamağa başlayacaq: “Eh, sən də lap atana çəkmisən.” Dayısı üzünü turşudub başını bulayacaq. Atasının milis yoldaşları onunla əylənəcək. Amma artıq gecdir, heç nişan almağa da vaxt yoxdur, Qogiya artıq ikinci dəfə – bu dəfə yuxusunda – çaxmağın ikisini də birdən çəkdi və elə bil ki, hər iki lülədən uçan ölümü öz gözləriylə gördü. Eyni zamanda siyrilmiş əlini sinəsinə sıxdı ki, daha artıq zədələməsin. Quldur birdən-birə dayanıb səndələdi. Ölür. Öldü. O artıq yoxdur. Onun taleyini Qogiya müəyyənləşdirdi. Bəs deyirlər hamı adam öldürə bilmir? Nə üçün o bacarmamalıdır? Çox çətin iş deyil. Hələ ki vaxt çatmamışdı, dayısı onun adam öldürə biləcəyindən əmin deyildi. Amma artıq vaxt çatdı və o bunu bacardı. Beləliklə… Beləliklə, vəziyyət tələb etsə, hamı bacarar. Bu camaatın fikirləşdiyi kimi elə də çətin deyil. Boş şeydir. Sadəcə tətiyi çəkmək lazımdır, qalanını silah özü edəcək.

Amma yox, tanrı şahiddir ki, Qogiyanın qələbə sevincini korlayan nəsə var. Bəlkə o batumili oğlan, Niko meyidin barmağından üzüyü çıxartmağını görüb? Ola bilər. Amma səbəb tək bu ola bilməz, axı onun meyidlə nə elədiyi Nikonun nəyinə qalıb, meyid onundur, özü bilər, istəyər barmağından üzüyü çıxar-tar, istəyər ayağından şalvarını; amma Nikonun kolluqdan “Qatil!” qışqırmağı onun xətrinə dəyib, bu heç yaxşı olmadı. Əgər Niko Qogiyanın elədiyini başqasının ayağına yazsaydı, bəlkə də Qogiya belə məyus olmazdı. Bir sözlə, Qogiya hələ də bilmirdi ki, bugünkü hadisəyə sevinir, yoxsa yox, öz taleyindən razıdır, yoxsa narazı, amma bunu o heç vaxt bilməyəcək, çünki buna nə ağlı çatır, nə də təcrübəsi. Anası da hələ heç nə deməyib. O özü isə, ağlına və təcrübəsinə uyğun olaraq, etməli olduğu şeyi eləmişdi. İndi keçirtdiyi hisslər də, ac olanda və ya soyuqdan donanda keçirtdiyi hisslər kimi bir hiss idi, yəni çox da şişirtmək lazım deyil. İş orasındadır ki, o hələ tam ayılmayıb.

– Dur ayağa, bəsdir yatdın. İndi yatsan gecə nə edəcəksən? – Anası oturduğu yerdən, sobanın yanındakı skamyadan onu səsləyir.

– Gecədir də, hava da qaralıb. – Qogiya bunu deyib gülümsəyir, dikəlib taxtda oturur. Sağlam əliylə taxtın qırağından tutur, zədələnmiş əlini isə, kasıb ailənin qızı yeganə kuklasını sinəsinə necə sıxırsa, eləcə sinəsinə sıxır.

Durub oturan kimi aclıq hiss edir, qarnı quruldayır.

– Ərin hardadır? Nə üçün indiyəcən gəlməyib? – Sualı elə verir ki, elə bil stol hazırdır, yemək üçün ailə başçısını gözləyirlər.

– Nə düşmüsən üstümə? Mən hardan bilim hardadır? Bütün günü ki onunla olmusan!

Anası özündən çıxır, amma yerindən durmur.

Ocağın üstündəki qazan çoxdan qaynara düşüb, deyəsən Qogiyanın anası daş qaynadır, – o adətən belə deyir: “Nahara sizin üçün daş bişirirəm.” O da mərhum qardaşı kimi həyatdan küsüb, dünyadan da küsüb, kiminsə onları vicdansızlıqla aldatdığına əmindir: özünü bəxtinə heç nəyə yaramayan ər düşüb, baxmayaraq ki, vaxtikən dəliqanlı cavanlar ondan ötrü bir-birinin üstünə xəncər çəkirdilər, o bu əfəlin yatağına qismət oldu, qardaşınınsa halal zəhmətinin qarşılığını əlindən almaq üçün dar ağacına göndərdilər.

– Bu gün ağzıma bir tikə dəyməyib. Düz səhərdən axşamacan. – Qogiya mızıldanır.

Anası cavab vermir. Onlar otaqda bir yerdədirlər, amma təkdirlər, hərəsi öz düşüncələrinə dalıb.

– Heç olmasa dur lampanı yandır, qaranlıqda çox oturacağıq? – Qogiya hirslənir.

Anası ayağa durub yavaş-yavaş, həvəssizcə stola yaxınlaşır, nəyisə qurdalayır, siçan kimi səs salır, bir az keçəndən sonra otaq yavaş-yavaş işıqlanmağa başlayır. İşıq taxtın üstündəki tüfəngi aydınladır. Stolun üstündə tiyəsi qaralmış, taxta dəstəli bıçaq vardı, onunla lampanın fitilini təmizləyirdilər.

– Nə vaxta qədər belə keçinəcəyik? – birdən ana belə deyir. – Dayında hər şeyin nə ilə bitdiyini xatırlayırsanmı? – həyəcanla, tələsik, tez-tez danışır. – Çörəyi sobanın üstündə qızdır, mənsə kirayəçinin yanına qalxım, qoy bizim üçün ərizə yazsın… – bunu artıq qapının ağzında deyir.

– Ərizə? Nə ərizə? – Qogiya anlamır.

– Bəlkə, doğrudan da, bizə nə isə düşür… Özününkündən imtina etmək nəyə lazımdır! – oğlunun anlamazlığından dilxor olmuş ana qışqırır. Həqiqətən – gecə yarısı kirayənişinlə başqa daha nə işi ola bilər?

– Mən nə bilim? – Qogiya çiyinlərini çəkir.

– Mənsə bilirəm! – deyə ana onun sözünü kəsir və paltarını, başındakı yaylığını düzəldərək, acıqla gedir.

Qogiya onu dərhal unudur. Sağlam qolunu, şaqqıldayacaq dərəcədə yuxarı atır (digər, zədələnən qolunu isə göz bəbəyi kimi qoruyur) və əsnəyir. ”Bir, iki, üç”, – deyə, sayır, hərbçisayağı, cəld və qərarlı şəkildə sıçrayaraq, döşənəcəkdən qalxır, küncdə qaralan vedrəyə doğru istiqamətlənir, çöməltmə oturur və uzun müddət, inadla suya baxır – elə bil, onun dumanlı, çirkli səthindən keçməklə, vedrənin dibində nəyisə gözdən keçirmək istəyir. Sonra sağlam əlinin barmaqlarını qərarsız halda, ehtiyatla suya salır və dərhal, yenə hərbçitək ayağa qalxır. Yaş barmaqlarını gözlərinə, sonra qulaqları ardına çəkir – budur, artıq hazırdır, indi ona yeməkdən başqa heç nə lazım deyil. Amma əgər heç nə yoxdursa, nə yeməli? Əvvəlcə çörəyi əldə etməli, sonra dadmalıdır. Divar şkafındakı uzunsov boyat çörəyi, sanki iyrənərək, iki barmağı ilə götürür, elə həmin vedrədə isladır və qızmar sobanın üstünə qoymazdan əvvəl bir neçə dəfə çırpır. Sobaya sıçrayan su damlaları fışıltı ilə “partlayır” və tünd, qaynar dəmirdə ağ ləkələr qoyur.

Bu arada Qogiyanın anası da qayıdır. Hirslənmiş halda, quduzluqdan əsərək, qapını taybatay açır və lap kandardan qışqırır:

– Bu da sizə müəllimimiz! Deyir, belə ərizələr yazmağı bacarmıram. Əgər adam öldürmüsünüzsə, pul diləmək deyil, peşiman olmalısınız. Daha gözüm onu görməsin!

– Unutma, o, mənzilə görə sənə pul ödəyir, – deyə Qogiya qımışır.

– Aman Allah! Nə danışırsınız! O olmasaydı, neylərdim! Pulu hansı banka ödədiyini bilmirəm. Sonra da, hansı bank bu qədərini qəbul edər! Gecələr uzunu oturub sayıram, hesablayıb qurtara bilmirəm, – dodaqlarını sallayıb, qaşqabağını tökərək, donquldanır. – Mənə dörd aylıq verəcəyi var. Dörd ay üçün mənə borclusan! – başını arxaya ataraq, tavana sarı qışqırır.

– Amma axı ondan limon oğurlayırsan – bəs bu nə hərəkətdir? Bunu niyə hesaba almırsan? – deyə Qogiya qəmiş qoyur.

– Tfu! – anasının sifəti daha da əyilir. – Heç bir pula görə limonu ağzıma almaram. Nə əti var, nə şirinliyi – eləcə tumturş sudur. Ölü meyvəsidir!

– Ordaydınsa, heç olmasa, bir-ikisini götürəydin də! – Qogiyanın ağzı su ilə dolur.

– Götürmədiyimi sənə kim dedi? Budur, iltifatlı kirayəçin verdi, – anası belə deyir və önlüyünün şişmiş cibini eşələyir, limonu götürməyə çalışır, lakin üstdən dürtdüyü qadın lifçiyi ona mane olur. O da əvvəlcə çəhrayı atlas büstqalteri, sonra isə limonu çıxarır.

– Verdi, yoxsa oğurladın? – Qogiya sınayıcı nəzərlə gözlərini qıyır.

– Oğurladım, – anası dərhal etiraf edir. – Bir dəqiqəliyinə çevriləndə ağacdan qopardım. Al, tut! – limonu Qogiyaya tullayır, lifçiyi isə sıxılmış halda ovcunda tutub.

– Ana, bəs bu nədir? – Qogiya atılan meyvəni sağlam əlilə cəldliklə tutaraq, təəccüblə soruşur. – Orda öz üstündən çıxartdın?

– Qoy görək! – anası gülümsəyir. – Susanna qoyub, nəyləsə dəyişmək istəyir.

– Nə danışırsan, ana, bu şey Susannanın bir döşünə də getməz, – Qogiya dişlərini ağardaraq, qeyd edir və limondan dişləm alır. – Yaxşıdır! Lap adamın orta yerinə kimi təsir edir! – üz-gözünü bürüşdürüb güclə deyir.

– Artıq-əskik danışma! – deyə anası coşur. – Nə dil uzatmısan? Susannanın döşlərindən sənə nə var? Əgər belə igidsənsə, həqiqətən, adam öldürdüyünü bizə sübut elə. Boşboğazlıq etmək də, ”fi-u-u, fi-u-u” – deyə fitləmək də asandır. Əgər adam öldürmüş olsaydın, buna görə sənə heç nə verməzdilərmi? Ya da, heç olmasa, nəsə deməzdilərmi? Nə gözlərini mənə bərəldirsən, məgər həqiqəti demirəm? Bax, kimsə qurd basdı, pulla təltif etdilər, hələ qəzetdə çap da etdilər. Eh, qismətimizi təyin edəni, bizi paysız qoyanı alışıb-yansın! Görünür, bəxtimizə, bütün nəslimizə belə yazılıb… Bizə bu cür qarğınıb. Ancaq, heç olmasa, sən özünü güdaza vermə. Onlara gözləmək istəmədiyini de. Gözləmənin dayını nəyə gətirib çıxardığını de. Elə sabah, isti-isti, lazım olan yerə get və bildir. Hətta mən də getməli olsam – gedəcək və mənim olana nail olacağam, heç kəsə güzəştə getməyəcəyəm. Orda kirayənişimiz nə isə qırıldadır, adəticə, özündən çıxır, – guya, ümumiyyətlə, belə qanun yoxdur və həmin qulduru sənin oğlun öldürməyib, o, aradan götürülüb, yaxud, guya qanunun gücü və adı ilə milis orqanları tərəfindən zərərsizləşdirilib. Eşidirsən? Camaat, eşidirsiz?! Deyir, sizə heç nə düşmür. Qoy onunçün sabah açılmasın – qanun naminə! Qanunun qüvvəsilə! Yox, yox, biz də nəsə anlayırıq, niyə bizi çaşdırırsınız? Əgər müəllim, hələ, üstəlik, pedaqoqsunuzsa, deməli, başqaları heç nəyə dəyməz? Biz də öküz qarnında əyləşməmişik. Avamları öz içinizdə arayın! – o yenə başını arxaya atıb, kirayəçinin eşidə biləcəyi qədər, tavana sarı qışqırır. – Sizin və ərimin təlxəklik etdiyiniz kifayətdir! Kiməsə qotur canavar üçün – mükafat, bizsə adam öldürmüşük və buna görə bizə – heç nə? Bizə verməyib, sadəcə, özləri ciblərinə bassınlar? Xeyr, baş tutmaz! Bir parçasını da uda bilməzsiniz! Xeyr, yoox, mənə düşəni heç kəsə güzəştə getmərəm. Artıq mənimsədiklərinizlə də boğulasınız! Sən atanı dinləmə, oğul, – birdən o, saxta olmayan gərginliklə, səmimi hiddətlə Qogiyaya tərəf dönür. – O həmişə kütbeyin, ağzıayrıq olub, buna görə də, öz milisində heç nəyə nail olmadan, qocalıb. Hətta serjantlığa da, ona acıma ilə, yaşından sıxılaraq, yüksəltdilər. Onu elə milisə də mızılığı gətirmişdi – tənbəlliyi tutmayan hər kəsin onun təpəsinə qapaz vurmamasından ötrü orda gizləndi. Əgər milis furajkası geyinərsə, sərxoşun da ondan ehtiyatlanacağı, itin də hürməyəcəyi qərarına gəldi. Amma yox, – sərxoşdan da qorxur, itdən də. Heç olmasa, bircə dəfə, kiminsə yaddaşında cinayətkarı tutan igid kimi qalıbmı? Bu azmış kimi, tam beş il ərzində qatili evində gizlətdi – nə olsun, bilmirdi, öz evində nə baş verdiyini bilmirdisə, daha nə milisdir? – Vaxtaşırı olmaqla, gərginlikdə, sanki yeni, daha zəhərli, ən ağrılı yerlərə vuran sözlər üçün məkan təmizləyərək, əsən əlilə dodaqlarını silir. – Bir dəfə… İndiyə qədər, xatırlayan kimi, məni gülmək tutur! – Bununla belə, üzündə gülüşün izi də yoxdur, sifəti acıqdan əyilib. – Bir dəfə Vakiradan olan hansısa başdanxarab qadını həbs etmişdi: arvad meydanın ortasında dayanmış və icraiyyə komitəsi sədrini hər cür ağzına gələnlə söyürdü. Dəli – dəlidir. Əgər hətta bunu da ona qadağan etsəniz, daha neyləsin? Vəssalam, atanın bütün milis qəhrəmanlıqları bununla da bitdi. Həmin sarsaq qadını buraxmaq lazım gəldi, milis özü məcbur etdi, yəni, gətirdiyin bu qadını tanıyırıq, axı bura dəlixana deyil. Ho-ho-ho, – saxta gülüşlə gülür. – Həmin qadın isə elə orda, düz milisin qarşısında…

– Dayan, bir dəqiqə sus, sənin boşboğazlığın üzündən mənim çörəyim yandı! – birdən Qogiya qışqırır, tüstülənən çörəyi bir əlilə yöndəmsizcəsinə qapır və masanın üstünə tullayır – elə bil, tutulmuş balığı çaydan sahilə vızıldadır. Qaynar çörəyin iyi otağa yayılır. Alt qabığı bəzi yerlərində kömürləşib. Qogiya çörəyi yarı bölür, bölünmə yeri üzərindən buxar qalxır və onun içində, yalnız bir anlığa, Qogiyanın gözünə, ona tərəf qaçan quldurun xəyalı görünür. – İstəyirsən? – deyə anasından soruşur.

bannerbanner