
Полная версия:
Mart xoruzu
– Babli-bibli-bebli-bubli, – deyə həmin, doğulmamış, gələcək körpə hay verir.
– Hə, balaca, hə, indi gecədi, həyətdə külək var və sənin atan hələ qayıtmayıb, – Lamara ona cavab verir.
Nahaq yerə deyilməyib: lalın dilini anası bilər.
– Babli-bibli-bebli-bubli, – gələcək körpə belə deyir.
– Haqlısan, atamız hamıdan yaxşıdır. Əlbəttə, ona qara yaxırlar. Dilin sümüyü yoxdur, nə desən, deyər. Atamız ən yaxşı, ən cəsurdur. Onun qarşısındakı qorxuya görə, heç kim heç vaxt bizə barmağının ucu ilə də toxunmaz, – Lamara dirçələrək, artıq daha şən halda cavab verir.
O dediyinə inanır. İnananda isə heç nə vecinə deyil, yox, əgər inanmasan, onda sənə acımağa dəyər.”Babli-bibli-bebli-bubli” – gələcək körpə zınqırovunu çalır. Hələlik, bu onun bacardığının hamısıdır, əli çatan hər şeydir.Lakin anası üçün, vaxtı necəsə uzatmaqdan, başqa heç nə barədə fikirləşməməkdən ötrü, gözləmə, qeyri-müəyyənlik, qorxu sıxıntısına düşməmək üçün, hər cür şübhə və ehtiyatlanma toruna ilişməməkdən ötrü, bu da kifayətdir – yoxsa, əgər, bir an da olsa, onlara uyarsa, ipək qurdları tut yarpaqlarına etdikləri kimi, ona hücum çəkərlər. X-rr-ş, x-rr-ş – qısa xırtıltı səsi gələr və əlbəttə, ondan xalat və çəkələklərdən başqa – buynuz və dırnaqlardan qeyri – heç nə qalmaz. ”Bir qədər də gözləyək, sonra da gedib atamızı axtaraq, hardadır, nə edir”, – Lamara gələcək körpəsinə belə deyir. Ata isə meyidin yanında, uyğunlaşdırılmış milis zirzəmisində, məzar zülmətində əyləşib – düzdür, küçə fonarının zəif işığı çöldən içəri sızır – külək lampanı yellədir və onun göndərdiyi işıq da, təbii, rəqs edir və zaman-zaman sönür, buna görə də küçədən zirzəmiyə yalnız növbələşən tutqun şüalar daxil olur, amma bu, hər halda, necəsə, işıqdır və leytenanta bir elə zəruri olmasa da, bu işıqda yaxınlıqdakı nəyisə seçmək olar. Ona tamamilə başqa işıq, şübhə və gümanlarının dolaşıqlığından baş çıxarmaq üçün, yol tapmaqdan ötrü ağıl işığı gərəkdir. Axı insan belədir – başqalarına (mənə, sənə, ona) necə görünürsə, hər halda – bu “başqaları” (mənim, sənin, onun) üçün elədir. Əgər bu, doğrudursa, onda, Nikonun fikrincə, leytenant məhz etməli olduğu kimi edir. Əlbəttə, isti yataq donmuş zirzəmidən üstündür və hamilə arvadı ilə söhbət etmək ölünün yanında səssiz oturmaqdan xoşdur, amma axı hələlik çox şey müəyyən olunmayıb, birinci növbədə, öldürülənin şəxsiyyəti aydınlaşdırılmayıb.Leytenant mərhumun ayaqları yanında, döşəmədə (planşeti altına qoyaraq – düzgün ehtiyatlılıqdır, buzlu daş plitənin üstündə oturmağı düşmənimə də arzulamıram) əyləşib, başını dizlərinə tərəf əyərək oturub, ilk baxışda – keçən günün bütün qayğıları və gərginliyi üzündən gücdən düşərək, yatana oxşayır.Lakin heç bir gözündə yuxu yoxdur, əgər gözləri qapalıdırsa, bu, ağıl işığının xarici dünyanın tutqun, yerini dəyişən işığında ağıl qaralmamasından ötrüdür. O yatmır, neçənci dəfədir, yada salır və götür-qoy edir, bütün şərtləri, hər bir xırdalığı, hər bir kəlməni, köhnə kilsədən zirzəmiyə kimi bütün yolu təhlil edir. Müstəntiq təcrübəli və məkrli cinayətkardan soruşduğu kimi, inadla özündən : ”Digər quldurlar hara getdi?” – deyə soruşur. Naskida üçünü görmüşdü – onlar köhnə kilsənin yanında, elə bil, rezin qırıqları və küləş toplayırdı. Qalanları (neçə nəfər?) içəridə, kilsənin dağıntıları içərisində idi, guya ordan səslər gəlirdi. Ancaq ağır qulaqlı Naskida küləyin fit və ulartısı içərisində onları necə eşidə bilmişdi? Doğrudanmı ova çıxmış bu canavarlar belə hay-küy qaldırmışdılar? Əgər, ümumiyyətlə, oturmuşdularsa, böyük ehtimalla, ocağın ətrafında quyruqları üstə, qulaqlarını şəkləyərək, əyləşərdilər. Ümumiyyətlə, quldurlar orda, köhnə kilsədə olsaydılar – əslində, leytenant belə demək istəyirdi. Qorxunun qulaqları da böyükdür, axı bütöv bir insan dəstəsinin izsiz-tozsuz yox olmasına inanmaq çətindir. Elə bil, gizli, yeraltı yoldan keçiblər. Amma onda bu da onlarla gedərdi. Niyə onu ölüm üçün saxlamışdılar? Ya da o öldürülüncəyə qədər, qalanlarının uzağa çəkilməyə macal tapması üçün özünü qurban vermişdi? Gəl baş çıxart! Əgər Naskida həqiqəti deyirsə, quldurlar milis gələnə kimi getmişlər, bu isə…”Allah göstərməsin, allah eləməsin”, – leytenant başını dizlərinə dayayaraq, həyəcanlanır, əsəbiləşir, yenə və bir daha yaddaşını gərginləşdirir, orada eşələnir, hər şeyin necə olduğunu, yaxud necə ola biləcəyini addım ardınca addım olmaqla, hər şeyi son xırdalığına qədər bərpa etməyə çalışır. Axı burda məsələ insana aiddir, ay camaat, insana! Doğrudur, niyə insan kimi doğulduğuna şikayətlənir – amma əgər doğulubsa, onunla insan kimi davranmalıyıq.Leytenant, hətta, quldur yıxılarkən ayaqqabısının ayağından çıxmasını da xatırlayır.Leytenant yaddaşını yoxlamaqdan ötrü qalxır, brezentin küncünü kənara atır və haqlılığına tamamilə əmin olaraq, Georgi Uparaşviliyə qışqırır:
– Niyə meyidin ayaqlarında bir başmaq var, bəs ikincisi hanı?
– Yəqin, bu bədbəxtin şeylərinin içindədir, rəis, – Georgi Uparaşvili, elə bil, onu çağıracaqlarını gözləyirmiş və məhz nə barədə soruşacaqlarını əvvəlcədən bilirmiş kimi, dərhal cavab verir.
O ləngitmədən cavab verir, amma dərhal da şübhələnərək, fikrə gedir, öldürülənin şeylərini xəyalən nəzərdən keçirir. Yalnız onu evə buraxmasınlar, yoxsa heç bir işdən imtina etməz, daim, hətta başqalarının əvəzinə də növbətçilik etməyə də, nəfəs dərmədən “fərəqət” vəziyyətində dayanmağa da hazırdır. Ancaq yazıq ayaqlarını güclə sürüyür, onun yaşında milisdə xidmət etmək nə deməkdir! Amma, hər halda, burda özünü evdəkindən yaxşı hiss edir, burda onu, heç olmasa, adam hesab edirlər, onu, bunu soruşurlar, evdə isə bircə tikəni də sakitcə uda bilmir, nə vaxt şapalaq vurulacağını gözləyir. Gözlərini bir dəqiqə də yuma bilmir, evdə daim vur-çatlasındır. Ev deyil, havayı teatrdır. Adamlar şənlənməkdən ötrü onların pəncərələri altında toplanırlar. Arvadı və oğlu bir-birini söyür, daha nələrdə günahlandırmırlar – heç kəsdən utanmırlar, utanmazlar, dillərindən elə şeylər qopur – adamın əti tökülür. Kənar adamlar, dinləyicilər, tamaşaçılar, əyləncə həvəskarları isə gülməkdən partlayırlar. Uparaşvililər bütün şəhərdə dillərdədir. Onlardan birinin digəri haqda, birlikdə isə bəsləyiciləri, yəni birinin əri, digərinin atası barədə dediyini heç bazar avaraları da bir-biri barədə demir. Yazığın halına acınmalıdır, ev adamları isə bir-birindən uzağa getməyib. Necə deyərlər, eyni bezin qıraqlarıdır. Baba, əgər insan öz evində adam yerinə qoyulmursa, papağını görürüb, mümkün qədər uzağa getməsinin daha yaxşı olduğunu deyir. Düzdür, nənənin də baba ilə mübahisə etdiyi olur, o da ağrılı şəkildə sancmağı bacarır, ancaq Uparaşvili ailəsi tamamilə başqa şeydir, onların allahın verən günü on dəfə bir-birinə hücum çəkməsini hamı bilir, həm də yalnız sözlə deyil, işin əl qaldırmaya qədər gedib çıxması da olur. Əlbəttə, əgər belə ölmüş ruhlar yığnağını ailə adlandırmaq olarsa, allahın qarğıdığı ailədir. Bəli, Georgi Uparaşvilinin halına acımalıdır, onların əlində məhv olur, nə ərdir, nə də ata; adam deyil, qoyundur, arvadı da, oğlu da təpəsində otururlar. Bir dəfə hətta döymüşdülər də. Bütöv həftəni, kinofilm qəhrəmanı kimi, sarıqlı başla gəzdi. Siqnaxi lağlağılarından hara gizlənəcəyini bilmirdi – rast gələn kimi, mütləq soruşurdular: ”Başına nə olub? Sənə nə isə olub?” Evdəkilərin kötəklədiyini deyə bilməzdi axı! Yazıq bilərəkdən gülürdü – guya, qoca yaşında xanazıra, yəni parotit xəstəliyinə yoluxub.
– Dostumsan, axtar və bura ver, – leytenant Georgi Uparaşviliyə belə deyir və o ləngimədən, ikinci başmağı axtarmaqdan ötrü öldürülənin şeylərini silkələyir.
Axı orda, xüsusi olaraq, silkələməli nə var, belə yazığın hansı şeyləri ola bilər? Belə deyək – ümumiyyətlə, nə vaxtsa pulla işi olubsa, bir qədər pul. Ehtimal, burun dəsmalı, o hər kəsə lazımdır. Qələmyonan bıçaq, bəlkə, qarğıdan tütək kəsməyi bacarırmış və bununla dolanırmış? Yelenitsanın atası kimi, tütək satıb, çörək alırmış. Əlavə olaraq, düymə ola bilər. Paltosunda bir düymə çatmırdı. Nikonun öz amerikan jiletində də bir düymə çatmadığı və buna görə özünü namünasib hiss etdiyi üçün, bunu dərhal qeydə almışdı – bunu hamının hesaba aldığı kimi görünür, sanki hamının gözünə qalan deyil, məhz itirilən, artıq olmayan sataşır, – yəni bu düymə olmadan, bütün jiletə heç kəs, hətta diqqət belə ayırmır – varmıdır, yoxmudur. Belə şeylər istənilən təsadüfi yolkeçənin cibində aşkara çıxa bilər, lakin buna görə heç kəs ona güllə sıxmaz, hər halda, bunu etməməlidir; amma onu, öldürüləni baş verənə oxşar nəyinsə gözləntisi aşkarca üzüb – indi Nikoya belə gəlir – bundan da artığı, sanki nəyin baş verməli olduğunu bilirmiş, amma – bu daha təəccüblüdür – nəinki gizlənməyə, qaçmağa çalışmamış, sakitcə və etirazsız olaraq, qaçılmaz olanı gözləmişdir. Yox, sakit və etirazsız deyil, gərginliklə, səbrsizliklə gözləyirmiş, elə bil, yaxınlaşanın nə vaxt baş verəcəyini heç cür, səbrsiz, gözləyə bilmirmiş kimi gözləmişdir və hətta son dəqiqədə nəyinsə dəyişməsindən, fələyin fikrində tərəddüd etməsindən bir qədər ehtiyatlanmışdır. Onun bütün görünüşü, davranışı, baxışı, təbəssümü, hər bir kəlməsi bunu deyirdi… Bu ona qızınmaqdan daha çox, gözləntini yüngülləşdirmək, vaxtı uzatmaq üçün lazım olan, (kim tərəfindən qalanır-qalansın), pis qoxulu, his və tüstü edən, içində yanan rezin qırıqları olan alovla da təsdiq olunurdu – sonunun yaxınlaşdığını hiss edən təki, yarıyanmış, tüstülənən kösövu nahaq yerə közlərin üstünə atmamış və Nikonu yarımdağılmış kilsədən az qala güclə çıxarmamışdı. Düzdür, Niko ilə vidalaşmış, ona demişdi: ” Görürəm, yaxşı oğlansan, məni unutma”, lakin, əlbəttə, bu, qapıya kimi ötürmədən çox, nəzakətli qovmaya bənzəyirdi. Amma Niko, heç olmasa, oda tərəf dəvət olunduğuna, bərabər kimi yanında dayandıqlarına, qulağından yapışmadıqlarına görə sağ ol deməlidir – böyüklər imkan olan kimi, qulağı dartmağı sevirlər, onu heç vaxt ötürməzlər, dərhal qulağından yapışarlar. Bununla belə, köhnə kilsədəki adam onlara oxşamırdı, tamamən elə deyildi. Onlar, o qulaqçəkənlər hamısı doğma qardaş kimi, biri-birinə bənzəyir. Onları dərhal, uzaqdan tanıyırsan, bütöv insan güruhundan seçirsən. Doğrudur, onu dağılmış kilsədən çıxaranda bir anlığa Nikoya bunun da qulağını burmağa hazırlaşdığı kimi görünmüşdü, o da kirpitək tamamilə pırpızlanmış, Yevgeniya Duqladzenin əvvəlcə düz burnu önündə şeir dəftərini cırdığı, sonra isə hətta qulağını çəkməyə hazırlaşdığı həmin yaddaqalan gündə olduğu kimi, döyüşə hazırlaşmışdı; amma görünür, Nikonun sifəti dönmüş, həm də hörmətli hamisinin artıq şagirdinin qulağı üzərinə qalxmış əlinin havada donacağı dərəcədə dönmüş, çənəsi əsmişdi və müəllim yaşlının kiçik qarşısındakı nüfuzunu və pedaqoqun hörmətini möhkəmlətmək-dən ötrü başqa heç nə fikirləşə bilməyib, utanmadan onun üstünə düşmüşdü: ”Təkrar et, nə dedin, fərsiz!” – və öz nöqteyinəzərincə, ləyaqətini qorusa da, onda əvvəlki aplombdan və özündənrazılıqdan artıq çox şey qalmamışdı və Niko bunu dərhal hiss etmişdi; lakin yaş və hakimiyyətdə onu bu qədər üstələyən düşmənin gözlənilməz məğlubiyyəti onu nəinki sevindirməmiş, əksinə, özünü itirməsinə və hətta bir qədər qorxmasına səbəb olmuşdu, o vaxt ilk dəfə özünün də müəyyən qüvvə olduğunu hiss eləmişdi və ən əsası, şüurlu, yaxud qeyri-iradi, zahiri, ya da səmimi itaətin Yevgeniya Duqladze kimi pedaqoqlarda öz şagirdlərini əzmək və onların qulaqlarını çəkmək meylini daha da artıq alovlandırdırdığına, birdəfəlik olaraq, əmin olmuşdu, halbuki şagirdin istənilən ən əhəmiyyətsiz, təsadüfi, gözlənilməz, bir dəqiqəlik etirazı, hiddəti, müqaviməti onlarda nəinki belə istəyi susdurur, ümumiyyətlə, şagirdlərin sözsüz, demək olar, heyvani tabeliyindən doğmuş və onlara hər şeyin icazə verildiyi barədəki inamlarını laxladır. Xoşbəxtlikdən, köhnə kilsədə buna oxşar heç nə baş verməmişdi. Amma nəzakətli bayıra çıxarma Nikoya qulaqçəkmənin doğura biləcəyindən az inciklik yaratmamışdı.Üstəlik, ola bilsin, qulağından yapışıb sürüsəydilər, daha yaxşı olar, ən azından, kimlə işi olduğunu bilər, müqavimət göstərər, özünü qoruyar, nəhayət, özü, öz iradəsilə gedər, yaxud, hətta, sadəcə, ordan qaçardı. O isə bu adama hətta bunu da deyə bilmədi: ”Bəlkə mən hələ burdan getməyə hazırlaşmıram; bəlkə hələ qızınmamışam; bəlkə, ümumiyyətlə, həmişəlik burda qalmağa hazırlaşıram, belə şıltaqlığım var – axı hərənin öz xasiyyəti var”. Həqiqətən, hər kəsin öz xasiyyəti var – bəziləri evdə oturur, diğərləri dağılmış kilsələrdə pis qoxulu alovun yanında büzüşür. Kim hesablaya bilər, Gürcüstanda belə köhnə, atılmış neçə kilsə var! Lakin Nikonun dili məhz lazım gələndə lal olur, bilirsiz niyə? Anadangəlmə utancaqlıq, cəsarətsizlikdir – budur onun əcdaddan miras alınmış ailəvi xəstəliyi. Əlbəttə, nəzakətsiz olmaq da pisdir, nəinki yaxşı deyil, daha da pisdir, ədəbsiz adam səni həyatı lənətləməyə məcbur edir, ancaq axı nədən utanıb-çəkinmək, nədənsə yox, sənin özündən asılı olmalıdır. Birinci növbədə yenə də nəzakətsiz adamdan, sonra sərxoşdan, dəlidən, cüzamlıdan, qatardan, avtomobildən, oddan, sudan, sifilisdən… ehtiyatlanmaq gərəkdir. Ancaq deyilməli olanların hamısını demək lazımdır, edilməli olanların hamısını etmək gərəkdir, Karfagen dağıdılmalıdır. Niko, əlbəttə, incimiş və tutulmuşdu.Lakin onun, nə iləsə (hər şeydə), həqiqətən, başqalarından (hamıdan) fərqləndiyinə, yoxsa belə təəssüratın onda yalnız kilsə dağıntılarında hakim olan alatoran və yanmış rezinin qatı, acı tüstüsü sayəsində yarandığına birdəfəlik əmin olmaqdan ötrü həmin adama gün işığında baxmağı çox istəsə də, arxasına baxmamaqla, ordan getməkdən və bununla da hiddətini ifadə etməkdən ötrü özünə güc gəlmişdi. Görünür, həmin adam da Nikonun incimiş halda getdiyini başa düşmüş, onu qaytarmış, adını bilmədiyinə görə, soruşmadığı üçün (nəyinə lazım idi?), Niko özü də adını deməmişdi, səsləmişdi: ”Ey!” Çağırılanda sevinmişdi, amma, hər halda, “Mən sənə “Ey” deyiləm” deyən qaşqabaqlı sifətlə dönmüşdü və yəqin, küləyin gözlənilməz hücumu onu pis vəziyyətdə qoymasaydı, biabır etməsəydi, daha əlverişli təəssürat doğurardı; bu külək onun kürəyi sarıdan, köhnə kilsə istiqamətində arxadan itələnərək, elə bil evsiz-eşiksiz, hamının və heç kəsin olan it kimi, çağırışa tələsmiş təki, bir neçə addım qaçacağı dərəcədə qüvvə ilə uçub gəlmişdi. Həmin adam isə kilsənin qapısında dayanmış və gülümsəmişdi. Məhz həmin dəqiqədə Niko düşünmüşdü: ”Hə, bu buradan heç yana getməyəcək”. O, gündüz işığında Nikoya daha gənc görünmüşdü; Nikoda yenə də onunla atasının oxşarlığı heyranlığı yaranmışdı – həmin işıltı, ya qalib, təntənəli ölümün, ya da təngə gətirmiş, zəhlə tökmüş həyatın sifətindəki qəribə, həyəcanı ilə narahat edən parıltısı. Anasının onu atası ilə vidalaşmaqdan ötrü xəstəxanaya gətirdiyi həmin günün xatirəsi xəyalında sayrışdı. Ayaqları onu güclə aparmışdı, bütün yol boyu kənar kömək olmadan hərəkət edən, ayaqları üstündə dayanan atası barədə fikirləşmiş və onu xəstəliyə qədər olduğu kimi xatırlaya bilmədiyinə görə hədsiz dərəcədə əzab çəkmişdi – atası isə Yelenitsanın yaşadığı qonşu həyətə baxmaqdan ötrü Nikonun güclə dırmana bildiyi daş hasardan bir baş uca idi. Bu cür ata artıq yox idi. O bunu bildiyindən də artıq hiss edirdi və buna görə də dəyişmiş (anası – onu tanımaq olmur – deyirdi), vərdiş olunmamış, başqa şəklə düşmüş atanı görməməkdən ötrü, adətən, anası ilə xəstəxanaya getmirdi; amma xalası onu Siqnaxiyə aparmaqdan ötrü gələndə, sadəcə olaraq, atası ilə vidalaşmaya bilməzdi və budur, xəstəxanaya doğru yolda daim onu – əvvəlkini deyil, indikini, hələ görmədiyini: xəstə, köməksiz, yatağa buxovlanmışı – təsəvvürünə gətirməyə çalışırdı. Onun uşaq mənliyi ağrılı dərəcədə zədələnmişdi və ümumiyyətlə, ona xas olan şəkildə, təsəvvürünün hər cür fəndlərinin köməyilə özünü aldatmağa, acı həqiqətdən gizlənməyə çalışırdı. Xəstəliyin sındırdığı atasını təsəvvür etmək iqtidarında deyildi – üstəlik də görmək istəmirdi; onu istənilən başqa vəziyyətdə – qoy lap çarmıxa çəkilmiş və zəncirlənmiş olsun – təsəvvür etməyə – və əlbəttə, görməyə – üstünlük verərdi… Buna görə də onun iltihablanmış şüurunda xəstəxananın boz divarları vaxtaşırı gurultu ilə ayrılırdı və onun arxasında, dərinlikdə, dərman iyləri və mətbəx qoxuları hopmuş alatoranda tədricən dəmir dirəyə zəncirlənmiş adamın dəbilqə kimi işıldayan qəmgin sifəti görünürdü. ”Onu niyə gətirdin, axı oğlumun məni belə görməsini istəmədiyini demişdim” – deyə zəncirdəki adam anamı hirslə danlayırdı və həmin anda boz xəstəxana divarı gurultu ilə birləşirdi. Atasını zəncirlənmiş təsəvvür etmək Nikodan ötrü təhqirli deyildi. Axı sonucda Ami-rani də allahın iradəsilə eynilə bu cür qayaya buxovlanıb və əgər belə (yalnız qəhrəmanlar üçün nəzərdə tutulmuş) cəza onu aşağılamırdısa, Nikonun atasını da aşağılaya bilməzdi.”Qarşına bax!” – bu yerdə anası onu səslədi və ağrılı şəkildə çiynindən dartdı. Pırtlaşıq tüklü, tərli at avtomobil təkərli dolu arabanı onun lap burnunun önündən sürüyüb apardı. Niko öz fikirlərindən dərhal ayıldı və nəyə görəsə, boğazı göynədi, çənəsi əsdi – onun bu cür iyrənc xüsusiyyəti var: nəyə görəsə qüssələnməsi, yaxud kiməsə acıması, ya da həyəcanlanması, yainki inciməsi kifayətdir – dərhal çənəsi əsməyə başlayır. Düşmənlərlə danışmağı isə, ümumiyyətlə, bacarmır: çənəni əllə tutub saxlamaq lazım gəlir. Budur, nə deyəcəyini, özünü necə aparacağını bilməyərək, xoşbəxtlikdən, onun və Valo Badalaşvilinin hardasa, buralarda, yaxınlıqda öldürdükləri tısbağanı xatırladı. Daha doğrusu, tısbağanı Valo Badalaşvili öldürmüşdü, o, Niko isə bu dəfə də yalnız şahid, qətlin şahidi olmuşdu (baba üç qətlin şahidliyinin bir qətlə bərabər olduğunu deyir). Necəsə, özündən asılı olmayaraq, baxışı ilə tısbağanın əzilmiş qınını axtarmağa başladı… Ancaq ətrafda, göz işlədikcə heç yerdə, oxşar heç nə görünmürdü. Ya o, yeri qarışdırmışdı, ya da çaqqal həmin tısbağanı qını ilə birlikdə yuvasına aparmışdı – bu, ola bilsin, nə vaxtsa, xəyala gəlməyən zamanlarda, Niko lap balaca olanda anasının mahnısında qaçan, yortma gedən, kürən, pırtlaşıq, niyə qovduqlarını, nə pis iş gördüyünü və ümumiyyətlə, onun Niko ilə və Nikonun onunla nə işi olduğunu başa düşmədiyi üçün gözlərini gülməli şəkildə bərəldən elə həmin çaqqaldır:
Rədd ol, çaqqal,Biz oynamaq istəmirik,Şirin-şirin yatmaq istəyirik.Bax, həmin bu çaqqal tısbağanı qını ilə bərabər dişlərilə götürmüş və aparmışdır. Yəqin, balalarını sevindirib və yuvası sakitləşib, orada ac zingilti və ulama susub. Kiminçünsə şirin olmayanda – bunlar da babanın sözləridir – başqa kiminçünsə sevinclidir. Kimsə doğulur, kimsə də ölür – dünya belə qurulub. Yəqin, ölü tısbağa quldurun kədərli təbəssümü və qəribə, dönük sifəti üzündən Nikonun yadına düşmüşdü. Bir anlığa təsəvvüründə belə bir mənzərə canlandı: Valo Badalaşvilinin tısbağanı daşla vurması, sonra ayağının ucu ilə artıq ölü tısbağanı itələməsi və tısbağanın bişmiş boranı kimi iki yerə bölünməsi. Onun içərisi də boranıtək, sarı idi və orada dərin boşqabı doldurmaq mümkün olan qədər, sıx yığılmış, sanki sapa düzülmüş, iri və xırda yumurtalar vardı. Quldur Nikoya: “ Oxşayır, hətta çay çınqılında daş tapmağı bacaracaq qədər igidsən!” – demişdi. Əvvəlki kimi, qüssə ilə və atasıtək gülümsəmişdi. ”Məni tərifləməyin, yoxsa sevincdən bu gün bir loxmanı da uda bilmərəm” – deyə Niko gözlənilməz gərginliyini gizlətməkdən ötrü gülmüşdü. ”Bir bax! Necə zarafatcılmışsan, – quldur bir qədər geniş gülümsəmişdi. – Yəqin, Bodbedən, ya da Moxisidən, ya Xorqidən, ya da Okribidən, yainki Labskaldidənsən”. – “Tapmadınız, mən Batumidənəm”, – Niko pırpızlanmış və geri dönmüşdü, quldurun ona, nə isə, vacib bir şey demək istədiyinə əmin olduğuna görə, ordan əsən çənəsi və ağır qəlbilə getmişdi – buna görə də yoldan geri qaytarmışdı, amma son dəqiqədə fikrini dəyişmişdi, Niko onun ürəyindən olmamışdı və ən əsası, Nikonu etibara layiq hesab etməmişdi. Nə olar, Niko da getmişdi. Axı ona daha nə qalırdı? Axı naməlum adamın ayağına düşüb, istər-istəməz, ona etibar etməsini, öz sirrini ona verməsini yalvara bilməzdi. Ancaq ikinci dikin axırına çatmağa macal tapmamış, atların fınxırtı və kişnərtisini eşitmişdi və bu, necəsə, gözlənilməz, qeyri-adi, şübhəli, qorxuducu olmuşdu – tələsik, bir dəqiqə də itirmədən, qulduru xəbərdar etmək barədə fikirləşməyə macal tapmamış kolluğa cummuşdu.Fikirləşmiş, ancaq etməmiş, çatdırmamışdı və indiyə kimi də bu tikanlı kolluqda eşələnir. Milisdən gizlənmişdi, lakin özündən, daha doğrusu – vicdanından necə gizlənməli? Axı insan vicdanı həmişə özilə gəzdirir, mühasirə qoşunu onu qalanı əhatəyə alantək, yox, əksinə, mühasirəyə alınmış qalanın divarları yeganə müdafiəçisini əhatə etdiyi kimi, hər tərəfdən bürüyüb: onun yeri yalnız burdadır və yaşaması başqa heç yerdə mümkün deyil, bu divarlar arasında ölməyə borcludur, lakin ölməzdən əvvəl barıt və güllələri bitənə, dişləri tökülənə, dırnaqları sınana, ağzının suyu quruyana qədər vuruşmalı, müdafiə olunmalıdır. İnsan onun vicdanıdır. Vicdanından başqa nəyini istəyirsən al və o, insan olaraq, qalacaq.Lakin əgər vicdanı alınıb, bütün qalanları saxlanılarsa, artıq insan olmayacaq. Hətta ölümdən sonra da vicdan insandan qalan yeganə şeydir. Vicdan insanın ruhudur, yaxud, əgər belə münasibsə, ruh vicdandır. Əgər, ümumiyyətlə, ölümsüzlük varsa, burdan da vicdanın, yalnız vicdanın ölümsüz olması nəticəsini çıxara bilərik – amma vicdan Uşbanın zirvəsindəki qar kimi təmizdir; yuvadakı yumurta qədər rahatdır, mum zindan, karton qalxan və armud top möhkəm olduğu dərəcədə möhkəmdir, bəli, onların möhkəmliyi hüdudsuz inam və pozulmaz günahsızlığın xəlitəsi olduğu üçündür – başqa heç bir şey – mum zindan, karton qalxan və armud top. Buna görə də, Niko ilə istənilən başqa yeniyetmə arasında, kolluqda gizlənənlə yatağında sərələnən, ya da o vaxtkı və indiki anlamlarda Nikolar arasında olduğundan, bəlkə də, daha çox ümumilik olsa da, Niko indiyə kimi cızılmış, deşilmiş halda, dovşanınkı kimi döyünən ürəklə kolluqda gizlənir. İndiki (yatağına sərələnmiş) Niko o vaxtkını (kolluqda gizlənəni) həvəslə öldürər, öz qanını ondan sızanaq, xal, zökəm kimi… istənilən başqa oxşar, lazımsız, artıq, təngə gətirən bəla kimi zövqlə qurtarar, amma bəla bu xoşagəlməzliklərdən heç birini bütövdən çıxarmağın mümkün olmamasındadır: insan müxtəlif şeylərin, bir çox sızanaq, xal, zökəmlərin cəmidir və bunlardan heç birini rədd edə bilmir, yəni rədd edə bilir, ancaq anadan olduğu gündən, bütün həyatı boyu baş verənlərdən, əldə etdiklərindən, ya da əldə etməyə məcbur etdiklərindən heç vaxt üzülüşə bilmir. – bugünkü dünənkinə görə və dünənki bu günkünə görə olduğu kimi, hər ikisi sabahkına görə cavab verməlidir.Leo… Nə Leo! Leo öz təbiətinə əla uyğunlaşıb, onun iki təbiəti, ikili deyil, ikiqat təbiəti var, buna görə də heç biri onu narahat etmir – öz mərdanəliyinə görə üzülmür və qadınlığından sıxılmır, dərd etmədən, özü üçün yaşayır, istəyəndə oğlan olur, istəyəndə də qız. Niko isə həmişə oğlan, kişi olmalıdır, allah onu belə yaradıb və belə də məzara gedəcək. Buna görə də ondan – qorxunun üstələnməsi, yaxud ağrıya dözümlülük mənasında – çox şey soruşulur. Qorxunu aşırmaq və ağrıya dözmək – bu elə ən çətinidir, heç nədən qorxmursansa və heç bir ağrı duymursansa, bu heç də insan olmadığını bildirdiyindən, deməli, sənin qorxmaz, yaxud qorxaq olmanda heç bir əhəmiyyət yoxdur, mərdanəlik də bunda ifadə olunur. Nümunələr üçün uzağa getmək lazım deyil, Nikonun nənəsi əla nümunədir. Ona baxılsa, tamamən quru yarpaqdır, bütünlüklə ruh, yaxud vicdandır, lakin təhlükə yaranan kimi dərhal qayatək olur, qaldırılmış qılıncla düşməni qorxudur, qılıncını qəbzəsinə qoymağa məcbur edir, hansısa alçağı, zalımı, oğrunu toz kimi üyüdür, heçnəyə çevirir. Dayanıb, sakitcə yaylığını düzəldir – görünüşdən sakit, sanballı, soyuqqanlıdır, ancaq əlləri əsir, nazik, ağarmış dodaqları da eləcə, amma bu, qorxudan deyil, qorxunu artıq üstələyib, üstələnmiş qorxudan, hiddətdən, nifrətdəndir. ”Niyə ailəmə qarşı hazırlanmısan? Əgər qadınamsa, mənə üstün gələcəyini düşünürsən?” – asta-asta, demək olar, hiss olunmadan düşmənin, alçağın, oğrunun üstünə gedir. Bu alçaq Naskida o vaxtdan bəri bir dəfə də görünməyib. Baba barəsində qaçmış hökumətlə gizli yazışması olduğunu deyir. İuda! Ancaq İudadan da pisdir. İuda onunla müqayisədə Xristosdur. İuda xəbərçilik edib, sonra etdiyindən dəhşətə gələrək, özünü asmışdı . Naskida üçün isə hələ ağcaqovaq boy atmayıb və heç vaxt da böyüməyəcək. Naskidalar həyatlarını intiharla bitirmirlər. Naskidalar özünü qoruyur, hissləri, səhv etmədən, onlara həyat üçün zəruri olduqlarını deyir və onlar həyatın dəyərini bilirlər.Ümumiyyətlə, bu heç kəsi təəccübləndirməməlidir. Məgər təbiətdə hər şey gözəldir? Onda – istər heyvanlar aləmində, istər bitkilər, yaxud həşəratlar arasında – nə qədər özündən itələyici, iyrənc, anlaşılmaz, qəbul olunmaz şeylər var. Həyat isə nümunəni təbiətdən götürür, onu təqlid edir, xeyirlə yanaşı şəri, gözəllə yanaşı eybəcəri görmək istəyir. Naskida, sadəcə, adi aferistdir, qidalanmaqdan ötrü təbiətin ona verdiyi istedaddan istifadə edir. Məgər o, sənətinin tətbiqinə tələbatın olmasında günahkardır? Balıqlar qarmağı udmaqdan və tilova düşməkdən əl çəkməyincə, balıqçılıq bitməyəcək. Naskida da, adamlarda onun qarşısında qorxu və ona ehtiram yox olmayınca, mövcud olacaq. Adamlardan pul qoparmaqdan ötrü onlar barəsində hər cür iyrəncliklər fikirləşib tapır. Hamı onun qarşısında qorxudadır, günahkar və günahsızdır. ”Mənə bu qədər pul ver, mən də işə təkan vermərəm” – söhbətin hansı işdən getdiyini heç kəs bilmir, amma hamı eyni dərəcədə qorxudulub və hamısı onun ovcuna pul basır.Lakin bizimkilərlə haqq – hesabda o yanılmışdı, babanın əvəzinə nənəyə ilişmişdi. Bunu isə, aşkardır, əvvəlcədən görə bilməzdi. ”Sən alçaqdan qorxacaq qədər qorxaq deyilik!” – nənə ona belə demişdi. O vaxtdan bəri daha görünməmişdi, axır vaxtlar aydınlaşdığı kimi, hər halda, babadan bir vedrə çaxır qoparmağı bacarsa da, hətta bizim diyara ayaq da basmamışdı.