banner banner banner
Azərbaycan şairi Nizami
Azərbaycan şairi Nizami
Оценить:
Рейтинг: 0

Полная версия:

Azərbaycan şairi Nizami

скачать книгу бесплатно

Azərbaycan şairi Nizami
Məhəmməd Əmin Rəsulzadə

Milli ədəbiyyat #32
Məhəmməd Əmin Rəsulzadənin “Azərbaycan şairi Nizami” əsəri 1941-ci ildə yazılsa da, nəşri gecikərək 1951-ci ildə Türkiyənin paytaxtı Ankarada yerləşən Milli Təhsil Nəşriyyatında gerçəkləşib. “Azərbaycan şairi Nizami” əsərini Azərbaycanda ilk dəfə pr.dr. Rüstəm Əliyev ixtisarla kiril qrafikalı əlifba ilə 1991-ci ildə Azərnəşrdə çap etdirib. Bu versiya isə orijinalı ilə tutuşdurularaq Əvəz Qurbanlının redaktəsində nəşrə hazırlanıb.

“Azərbaycan şairi Nizami” əsəri mühacirət ədəbi fikrinin, xüsusilə nizamişünaslığın ən dəyərli uğurlarından biri hesab edilir. Bu monoqrafiya başlanğıc, dörd fəsil, son söz və əlavələrdən ibarətdir. Əsərin birinci fəsli “Nizami kimdir” sualına verilən cavaba, ikinci fəsli “Xəmsə”nin tədqiqinə, üçüncü fəsli Nizaminin mövzularına, dördüncü fəsli isə bu böyük şairin irsində sənət və ideologiya məsələsinin araşdırılmasına həsr olunub. Rəsulzadə kitabın sonuna Nizaminin əsərlərində işlədilmiş türk sözlərinin lüğətini də əlavə edib. Bu kitab Nizami Gəncəvinin 880 illiyinə həsr olunur və geniş oxucu kütləsi üçün nəzərdə tutulub.

MÜƏLLİFDƏN

Kitabımız Nizaminin 800-cü doğum ildönümü münasibətilə 1941-də bitmiş, fəqət, savaşın doğurduğu çətinliklər üzündən çapı gecikmişdir.

Bu gecikmə bir yandan müəllifin təəssüfünü doğurmuşsa da, o biri yandan hər keçən il əsərin bir az daha dolğunlaşmasına və gözəlləşməsinə səbəb olmuş, yeni materiallar, əlavələr, təsvirlər və haşiyələr gətirmişdir. Qaynaqlardakı bəzi – 1941-ci ildən sonrakı tarixlər kitabda bu yolla yer almışdır. “Əlavələr” bölümündə, xüsusən, “Nizamidən çevirmələr” qismi varlığını bu gecikməyə borcludur.

Fəsil başlarındakı Nizamidən alınan beytlərin türkcə çevirmələri bu gecikmədən qazanılan zamanda edilmişdir. Müəllif istər bu kiçik epiqrafların, istərsə də kitabın haşiyələri ilə sonuna əlavə edilmiş mənzum parçaların ustadın əsərinə layiq bir şəkildə türkcəmizə çevrilmiş olduğu iddiasında deyildir. Bunların Nizami nəzminin ruhunu az da olsa, əks etdirib-etdirmədiyini müəyyənləşdirmək, təbii ki, oxucuların öhdəsinə buraxılmışdır; zatən əsərin bu xüsusda müəyyən bir iddiası da yoxdur, yetər ki, bəzək olsun deyə edilən bu əlavələr əsərin nəzərdə tutduğu əsl məqsədə mane olmasın.

Kitabın haşiyələrində və “Əlavələr” qismində mətndə bəhs edilən mövzuları aydınlaşdırmaq üçün Nizamidən bəzi parçalar vermək faydalı görülmüşdür. Farsca beytlərin oxunuşunda oxuculara yardım olsun deyə bunların türkcə məzmunu qismən verilmişdir.

İllərin məhsulu olsa da, müəllif vasitələrin heç də tam olmadığı şəraitdə yaranmış bu əsərin istər-istəməz, nöqsanlardan uzaq olmadığına əmindir. Oxucularından dilədiyi ən səmimi şey bu nöqsanları ona bildirmələridir. Bu yolla onlar Nizami haqqında bizdə, onsuz da, az olan bilgilərin tamamlanmasına xidmət etmiş olurlar. Eynilə əsər haqqında ümumi düşüncələrini də bəyan etmək lütfündə bulunanlar müəllifi son dərəcə məmnun və minnətdar etmiş olarlar.

Ankara, 8 aprel 1948.

Şairlikdəki əsrar pərdəsi,

Peyğəmbərliyindir bir kölgəsi.

Tanrı hüzurunda sıra tutmuşlar;

İkinci şairlər, ilkin peyğəmbərlər.

Nizami

BAŞLANĞIC

Nizaminin bu nəzmini oxursan,

Sözündə sən onu hazır bulursan.

Cilvəsini səndən necə o saxlar,

Ki, hər beytində anladır bir əsrar.

Yüz ildən sonra da desən harda o?

Beytlərdən nida gələr ki: ha, hu!

Nizami

Yüz deyil, səkkiz yüz ildən sonra da “ha, hu!”sunu duyduğumuz Nizami, Müsəlman Şərqinin irfan xəzinəsinə daxil İran və dünya ədəbiyyatında Nizami Gəncəvi kimi tanınan şairdir.

Müsəlman Şərqi dedikdə Nizaminin yurdu Gəncəni də içinə alan Azərbaycan da daxil olmaqla Yaxın Şərq və Orta Asiyanı əhatə edən coğrafi ərazi nəzərdə tutulur.

Bu ərazinin müxtəlif çağlarda yaşamış olduğu siyasi və tarixi təkamülü ilə mütənasib mədəni kamillik dövrləri vardır. Bura bir yandan İran və Turan, bir yandan da Ərəb ilə Əcəm çəkişmə və çarpışmalarına səhnə olmuşdur.

Tarixi olayların təsiri ilə baş vermiş qaynayıb-qarışmalar nəticəsində əski mədəniyyətlər yatağı olan bu yerlərdə yeni bir mədəniyyət yaranmışdır: Şərqİslam mədəniyyəti.

I

ŞƏRQ İSLAM MƏDƏNİYYƏTİNİN ÜÇ ORTAĞI

Məşhur ərəb tarixçisi İbn Xaldunun hələ XIV əsrdə qeyd etdiyi kimi

İslam mədəniyyəti sadəcə ərəblərin yaratdığı bir əsər deyil, islam dinini qəbul etmiş xalqların birgə tikdikləri binadır.

İslam mədəniyyətinin bu xüsusiyyəti Şərqdə, islam dünyasından bəhs etdiyimiz bu qismində daha çox nəzərə çarpır.

“La literature Arabe” (“Ərəb ədəbiyyatı”) adlı əsərində Abbasilər dövrünü təsvir edən fransız müəllifi Hart miladi VIII əsrdəki ərəb mədəniyyətinin durumundan bəhs edərkən ərəb olmayan ünsürlərin təsirini xüsusi olaraq göstərir. Bu dövrdə “ilahiyyat və hüquq elmləri ərəb olmayanların təsiri altında idi; bunun kimi idarə məqamları, dövlət mənsəbləri və ədliyyə işləri də onların əlində idi; ədəbiyyat da onlar tərəfindən yazılırdı”.

Şərq İslam mədəniyyəti onu yaradan ünsürlərdən üç milli amillə sıx bağlıdır.

Ərəblərlə bərabər onlar qədər, bəzi xüsuslarda hətta onlardan da artıq islam elm və irfanı üçün çalışmış farslarla türklər vardır. Bu iki xalqdan yetişmiş böyük islam şəxsiyyətlərinin dünyaca məşhur adları cildlərlə kitaba mövzu olmuşdur.

Onu da qeyd etmək lazımdır ki, İslam mədəniyyətinin Şərqdə yayılmasında ərəbcə ilə bərabər fars və türk dillərinin də müəyyən rolu vardır. Bir duyğu, düşüncə və bilik vasitəsi olmaq etibarı ilə tarixin müəyyən dövrlərində bu iki dilin, xüsusən, ədəbiyyat sahəsində və beləliklə, Şərq İslam mədəniyyətinin inkişafı və yayılmasında çox önəmli təsirləri olmuşdur

.

II

ŞƏRQ İSLAM MƏDƏNİYYƏTİNƏ MƏNSUB BÖYÜK ŞƏXSİYYƏTLƏR ÜÇÜN KEÇİRİLƏN YUBİLEYLƏR

Son illərdə Şərq İslam mədəniyyətinə mənsub böyük şəxsiyyətlərin xatirələrini anmaq için ildönümləri keçirmək xoş bir ənənə şəklini aldı.

Bunlardan birincisi, 1000 illiyini qeyd etmək üçün İran dövləti tərəfindən Firdovsiyə həsr olunmuş yubileydir. İkincisi, 1050-ci ildönümü münasibətilə İslam aləminin və ümumiyyətlə, mədəni dünyanın müxtəlif mərkəzlərində avropalıların Avitsenna dedikləri İbn Sina üçün keçirilmiş yubileydir. Üçüncüsü də, 500 illiyi münasibətilə türk dünyasının bəzi mərkəzlərində Nəvai üçün keçirilən yubileydir.

“Şahnamə”nin böyük yaradıcısı Əbülqasim Firdovsi dünya durduqca yaşayacaq bu böyük əsərini milli bir təəssüblə, milli qəlibdə “əcəmi” diriltmək için “farsca” yazmışdır

. Bu əsəri ilə o, ərəb istilası ilə aradan getmiş iranlılığı ədəbi şəkildə də olsa, yenidən canlandırmışdır. Fars ənənəsini fars dilində canlandıran Firdovsi milli bir şəxsiyyətdir. O, İran millətçiliyinin ideoloqu və fars oğlu farsdır.

Buna müqabil “Mühakimətül-lüğəteyn” adlı tanınmış əsəri ilə türkcənin farscaya üstünlüyünü isbat edən və bu müddəanı əyaniləşdirmək üçün fars ədəbiyyatının başlıca kitablarına bərabər cığatay türkcəsi ilə qüdrətli əsərlər yazan Mir Əlişir Nəvai də ədəbi türk millətçiliyinin atası və türk oğlu türkdür.

Bu iki şəxsiyyətin əsərləri ilə yanaşı milliyyətləri də hər cür şübhə xaricində olduğu halda üçüncüsünün, yəni İbni Sinanın milliyyəti barədə anlaşılmazlıq mövcuddur:

Ərəblərə görə, İbni Sina ərəbdir; çünki əsərlərini ərəbcə yazmışdır. Farslara görə, başqa bir çox iranlı alimlər kimi, əsərlərini ərəbcə yazsa da, İbni Sina bir farsdır; hətta farsca şeirləri belə vardır. Türklərə görə də, Türküstanın Əfşanə (Buxara) kəndində doğulmuş Sina oğlu

bir türkdür; farsca şeir yazması onun türk olması barədə iddianı rədd etmir, çünki ərəbcə yazmış farslar və türklər olduğu kimi farsca yazmış türklər də az deyildir.

İbni Sina haqqındakı bu anlaşılmazlıq yubileyi keçirildiyi günlərdə İran, türk və ərəb mərkəzləri arasında ixtilafa da səbəb olmuşdur.

Nizamiyə aid bu qələm təcrübəsinə şairin 800-cü ildönümü münasibətilə girişilmişdir. Çox ehtimal ki, bu ildönümü sahibinin milliyyəti də bir sıra münaqişələrə səbəb olacaqdır və kitaba verdiyimiz “Azərbaycan şairi” adı onu “İran şairi” kimi tanıyanlardan bir qismində etiraz olmasa da, adət etdiklərinin pozulmasından irəli gələn bir narahatlıq hissi doğuracaqdır.

Fəqət nə etməli: dünya nəhənglərinin adları ətrafında millətlər arasında çəkişmə yeni bir şey deyildir. Həm də başqalarının yanlış alışqanlıqlarını pozmamaq üçün Azərbaycan öz təbii haqqından niyə vaz keçməlidir ki?! Əslində, bu mübahisədə iki millət və ya cəmiyyətin münasibətlərini korlayacaq bir cəhət də yoxdur; əksinə, həmin millət və cəmiyyətlər iki tərəfə mənsub edilən şəxsiyyət ətrafında daha çox birləşmiş və anlaşmış olurlar.

Məşhur elm və irfan adamlarının milliyyətləri haqqında mübahisələr Avropa üçün də yad deyildir. Orta əsrlərdə latın dili bütün avropalılar için ortaq bir elm dili idi. Bütün millətlərin ziyalıları əsərlərini bu dildə yazardılar. Milli oyanış və mədəni müstəqillik qazanıldığı dövrdə isə ortaq latın dili dövrünə aid tanınmış mədəniyyət adamları, milli mənsubiyyətləri baxımından qızğın mübahisələrə səbəb olmuşdur.

Qərbdə və Şərqdəki bu iki hadisənin kökü birdir. Latın dilində yaradılmış Avropa elmi xristianlıqla birləşmiş bütün qərblilərin milliyyət və irq təəssübü güdmədən yaratdıqları bir dəyər olduğu kimi ərəb elmi də eynilə müsəlman toplumunda birləşmiş şərqlilərin ələ gətirdikləri bir sərvətdir.

Tarixin müəyyən qanunauyğun inkişafından kənara çıxan bu hadisəni elmi şəkildə anlatmaq istəsək, fikrimizi bu cür xülasə edə bilərik:

Ümmət dövründə milliyyət və irq ayrılığına əhəmiyyət verilmədiyi üçün çox da axtarılmayan “mədəniyyətdə ortaqlıq payı” milliyyət dövründə aranmağa başlanmış və hər millət islam mədəniyyət və irfanında öz yetişdirdiyi şəxsiyyətlərin xidmətlərini müəyyənləşdirməkdən bir zövq duymuşdur.

III

ŞƏRQ İSLAM MƏDƏNİYYƏTİNDƏ AZƏRBAYCANIN ROLU

Müəyyən millət və xalqdan olanların islam mədəniyyətinin inkişafındakı yerlərini təyin etmək istəyi nisbətən yaxın zamanların işidir. Coğrafi bölgələrin bu xüsusdakı əhəmiyyətini göstərmək isə daha qədimdir.

Türk olmaları etibarı ilə azərbaycanlıların islam mədəniyyətinə xidmət etmiş türklər arasında yerləri olduğu kimi bir Şərq islam məmləkəti olmaq üzrə də Azərbaycanın bu işdə önəmli bir rolu vardır.

Türkcədən başqa əsərlərini yalnız ərəbcə və farsca yazmış olan azərbaycanlı tanınmış şəxsiyyətlərin bir siyahısı yazılarsa, böyük bir cild olar. M.Ə.Tərbiyətin “Azərbaycan alimləri”nə ayırmış olduğu çox qısaldılmış cildi belə 400 böyük səhifədən artıqdır

. Təkcə bunu qeyd etmək qeyd etmək yetər ki, islamdan əvvəlki qədim dövrlərə aid məşhurlarla

Qərbin təsiri ilə islam dünyasında başlayan yeni oyanış dövrünə aid şəxsiyyətlərdən

başqa təkcə Nizami və çağdaşları üzərinə gerçək təsir göstərən və onlardan təsirlənən dövrlərdə yetişmiş mədəniyyətə xidmət edənlərin azərbaycanlı olanları belə həm sayı, həm də əhəmiyyəti baxımından diqqətəlayiq bir yer tuturlar.

Bunlardan bir neçə önəmlisini burada qeyd etmək istərdik. Beləliklə, Şərq İslam mədəniyyətinin hər sahəsində Azərbaycanın tutmuş olduğu yerlə bağlı ümumi bir təsəvvür yaranar.

Hicrətdən sonra 421-ci ildə (miladi X əsr) doğulmuş Xətib Təbrizi

ərəb ədibləri və dilçiləri arasında çox önəmli bir mövqe sahibidir. O, ərəb ədəbiyyatının əsas kitablarından bir çoxunu şərh etmiş və aydınlatmışdır.

Hicri 458-ci ildə vəfat etmiş (X əsrdə yaşamış) Mərzban oğlu Əbülhəsən Bəhmənyar “müəllimi-əvvəl” Əbu Əli Sinanın böyük şagirdlərindən biridir. O, ustadının fəlsəfəsini davam etdirmişdir. Əsərləri Avropa dillərinə də çevrilmişdir

.

Hicri VI əsr münəccimlərindən Fəridəddin Şirvani otuz illik əməyin məhsulu olan astronomik təqvimləri ilə məşhurdur

.

VIII əsrdə yaşamış Bakılı Əbdürrəşid ərəb coğrafiyaçıları arasında dəyərli bir müəllif kimi tanınır

.

Yenə VIII yüzillikdə yaşamış Əbdülqadir Marağayi musiqidəki biliyi, bu sahədə yazdığı əsərləri və etdiyi yeni ixtiraları ilə tanınmışdır.

IX əsrin tanınmış təbiblərindən Şirvanlı Şükrüllah öz ixtisası ilə yanaşı başqa elmlərə aid əsərləri ilə də məşhurdur

.

Türküstan fatehi Əmir Teymurun tarixini yazan Nizaməddin Şam-Qazani

də azərbaycanlıdır.

Memarlıq, kaşı sənəti, nəqqaşlıq və gözəl yazı (xəttatlıq-kalliqrafiya) kimi sənətlərdə də azərbaycanlı sənətkarların yüksək səviyyəli əsərlərinə Təbrizdə, Ərdəbildə, Naxçıvanda və Bakıda indi də rast gələ bilirik.

Təbrizdəki Göy məscidin

kaşıkarlıq sənəti baxımından qazandığı şöhrət uçuntuları üzərində araşdırmalar aparan mütəxəssislər tərəfindən yekdilliklə təsdiq olunur. Naxçıvanda Azərbaycan Atabəylərinin tikdirdikləri Möminə xatun türbəsi

yüksək səviyyəli bir sənət abidəsidir. Azərbaycan memarlarından S.Ə.Dadaşov və M.Ə.Hüseynovun “Bakı akropolu” dedikləri Şirvanşahlar zamanından qalma “Şaşal”

üstündəki saraya aid binalardan ən məşhuru “Divanxana”nın ağ daş üzərində işlənmiş oymaları və tikilişindəki memarlıq özünəməxsusluğu ilə zövq və sənət əhlini heyran qoymaqdadır

.

XIV əsr şairi Arif Ərdəbili Şirvanda şah Axsitandan qalma bir qaladan bəhs edir ki, divarlarında qoyulmuş incə quruluşlu gözəl heykəllərdən fontan şəklində sular axarmış. İstər bunları, istərsə də Bakıdakı memarlıq abidələrini birnəfəsə təsvir edən şair “Fərhad oğulları”nın bu əsərlərinə, gerçəkdən, heyrətləndiyini bildirir

.

İran nəqqaşlığının ən məşhur ustadı Kəmaləddin Behzadın müəllimi Pir Seyid Əhməd təbrizlidir. Bu şəxs ilxanilərdən rəssamlıq və sənətkarlıqla yaxından ilgilənən Əbu Səidin zamanında yetişmiş Əhməd Musa, Əmir Dövlətyar, Şəmsəddin, Pir Əhməd Baqi-Şimali kimi məşhur Azərbaycan rəssam və nəqqaşlarındandır

. Teymurilərdən Hüseyn Bayqaranın zamanında Heratda Əlişir Nəvainin himayəsi və nəzarəti altında çalışmışdır. “Teymurilər dövrü miniatürçülüyü” adı ilə məşhur nəqqaşlıq məktəbinin yaradılmasında rolu olmuşdur

. Həmin məktəbin bəlli ustadlarından, əski əlyazmalarını nəfis əsərləri ilə bəzəyən məşhur miniatürçülərdən Ağa Mirək də təbrizlidir

. Nəvainin zamanında Heratda çalışmış təbrizli məşhur rəssamlardan biri də Sultan Məhəmməddir. Bu şəxs sonradan oğlu Məhəmməd ilə birlikdə Səfəvilərin xidmətinə keçmişdir

. Sultan Üveys Cəlari ilə oğlu Sultan Əhməd öz dövrlərinin sayılıb-seçilən rəssamlarından olmuşlar

. Təbrizli Əbdülhəy rəssam Sultan Üveysin tələbəsi və oğlu Əhmədin ustadıdır ki, sonradan Teymur tərəfindən Səmərqəndə aparılmışdır. Azərbaycanlılardan nəqqaş Xacə Qiyasəddin, rəssamlar Kəmali və Mirzə Əlinin adları da tanınır. İlxanilər dövründə əvvəlcə daha çox çinlilər və uyğurların işi olan nəqqaşlıq və rəssamlıq sonradan azərbaycanlı türklərin əlinə keçmişdir

.

Başda Seyrəfi

olmaqla Şərqin bir çox tanınmış xəttatları Azərbaycanda yetişiblər. Bunlardan Teymurun katibi olmuş Əmir Bədrəddinin əlilə yazılmış fərman və münşəat (münşəat – yazılar, məktublar, sənədlər və s. – Ə.Q.) Misirdə dövlət muzeyində qorunur. Yenə onlardan Baysunqurun kitabxanasının müdiri olmuş Cəfər Təbrizinin yazıları Heratın tarixi abidələrini bəzədiyi kimi Hindistanda da tanınmışdır

. Nizami “Xəmsə”sinin 1431-ci ilə aid köhnə əlyazmalarından Leninqradda (indiki Sankt-Peterburq – Ə.Q.) “Ermitaj” muzeyində saxlanılan nəfis nüsxə bu Cəfərin qələmindən çıxmışdır

.

Baburilərdən (Moğollardan – R.Ə.) Hindistan imperatoru Böyük Əkbərin Aqradakı memarlıq abidələrini bəzəmiş rəssamlar arasında da təbrizlilər vardır

.

Osmanlı sultanları tərəfindən Bursa ilə İstanbulda tikdirilmiş memarlıq abidələrində də azərbaycanlı türk sənətkarların əsərlərini tapmaq mümkündür

. Məsələn, Bursadakı məşhur “Yaşıl came”nin kaşılarının çox mühüm bir qismi təbrizli ustalar tərəfindən düzəldilmişdir