скачать книгу бесплатно
Əsərlərinə yazdığı müqəddimələrdən məlum olur ki, Nizami qədim dillərdən pəhləvi, nəsturi, yəhudi dillərini də bilirmiş. O, öz poemaları üçün topladığı materialları adi və geniş yayılmış sadə qaynaqlardan deyil, qeyd edilmiş qədim dillərdəki məxəzlərdən dəqiq araşdırmalar vasitəsilə əldə etdiyini bizə anlatmışdır.
Nizaminin dövründə İslam cəmiyyəti bir tərəfdən şiəlik və sünnilik məzhəbləri arasında gedən mübarizə, o biri tərəfdən isə sufilər və şəriətçilər arasındakı mübahisələr içərisində çalxalanırdı. Nizami Allaha inanan, Peyğəmbərə bağlı dindar və sadiq bir müsəlman idi. O, İslam cəmiyyətini parçalayan məzhəb və firqələrin apardığı mübarizənin fövqündə duran, dar fanatizm, səbirsizlik və təmkinsizlikdən uzaq kamil bir təbiət və əxlaq sahibi idi. O, “İmam Əliyə böyük məhəbbət bəslədiyi kimi Ömərə sevgidən də xali deyildi”
.
Din sahəsində göstərdiyi bu müvazinəti o, fikir sahəsində də göstərirdi. Bir sufi sifətiylə sufiliyə çox yabançı olmadığı kimi tərki-dünyalıq istəyən dərvişlərə də özünü bağlamamışdı. İsrafdan və dünya nemətlərindən sui-istifadədən, bəd əməllərdən və hər cürə düşkünlüklərdən özünü qorumaqla bərabər o, həyatı sevirdi və həyat sevgisində özünəməxsus bir gözəllik tapırdı, gözəl yaşamağı ürəkdən diləyirdi.
Sufilikdəki seyr və süluk təhsilini kimdən alması, hansı şeyxlər tərəfindən irşad və hidayət edilməsi barədə şairin özü susub, bir söz deməmişdir; yalnız bəzi rəvayətlərdə onun Şeyx Əxi Fərrux Reyhani və ya Əxi Fərəc Zəncanidən dərs alması qeyd olunur
. Tədqiqatçıların bir qismi Nizaminin sufi olmasını qəbul etməsələr də, onun sufiyanə həyat keçirməsi barədə bütün alimlər həmrəydirlər. O, yalnız şair deyil, eyni zamanda yüksək səviyyəli müdrik, bilici və şeyx kimi tanınmışdır.
Nizaminin müəllimləri sayılan, adları yuxarıda çəkilmiş Əxi Fərrux və ya Əxi Fərəc haqqında təzkirələrdə və tərcümeyi-hal kitablarında heç bir müfəssəl məlumat yoxdur. Yuxarıda qeyd olunduğu kimi şairin öz əsərlərində də bu xüsusda heç bir xəbər yoxdur. Bu çatışmazlıq nəticəsində şairin mənəvi şəxsiyyətinin həqiqətdə hansı qaynaqdan ilham almış olduğunu göstərmək çətindir.
Müəllimləri sayılan şeyxlərin adlarındakı “Əxu” və ya “Əxi” komponentlərindən məna çıxaran bəzi müəlliflər Nizaminin ustadı olan şeyxin “Əxilik” təriqət və cəmiyyətinə mənsub bir mürşid olduğunu təxmin etməkdədirlər. “Əhli-fütüvvət” də deyilən bu əxilik cəmiyyəti üzvlərinin nə kimi fikir cərəyanını təmsil etmiş olduqlarını tədqiq edib incələmək dolayısı ilə də olsa, Nizaminin hansı və nə kimi ictimai və fəlsəfi bir məktəbə mənsub olduğu haqda bizə qəti olmasa da bir təsəvvür verə bilər.
Nizaminin dövründəki əxilər haqqında məlumat yoxdur. Yalnız İbn-Bəttutə XIV əsrdə yazdığı əsərində əxilər haqqında çox gözəl məlumat vermişdir². Bu məlumata görə “Əxilik hər yerdə: şəhər və kəndlərdə mövcud olub, Rum (yəni Anadolu) türklərinin yaşadıqları bütün ölkələrdə var imiş. Əxilər evsizlərə, yolçulara qayğı göstərər, acları yedirər, möhtaclara yardım edər, zülm və haqsızlıq edənləri isə öldürərlərmiş. İbn Bəttutə yazır: “Bu xüsusda bütün dünyada bunlardan daha çox qeyrət və qayğı göstərən başqa bir kimsə yoxdur”.
Вы ознакомились с фрагментом книги.
Для бесплатного чтения открыта только часть текста.
Приобретайте полный текст книги у нашего партнера: