скачать книгу бесплатно
.
Mücərrəd elmlər və maddi sənətlər sahəsi ilə yanaşı azərbaycanlıların təsəvvüf, fəlsəfə və ümumiyyətlə, fikir dünyasında Şərq İslam mədəniyyətinə son dərəcə önəmli faydası olmuşdur.
Sufiliyin şəxsiyyəti mübhəmliklər və mistik əfsanələrlə əhatələnmiş piri və Cəlaləddin Ruminin ilham qaynağı olmuş Şəms
təbrizlidir. Eyni məktəbin klassik sirlərini izah edən məşhur “Gülşəni-raz” müəllifi Şeyx Mahmud Azərbaycanın Şəbüstər qəsəbəsində doğulmuşdur
. Yenə sufilərin tanınmış şəxsiyyətlərindən, hürufi təriqətinin məşhur banisi Şah Fəzlullah Nəimi
də azərbaycanlıdır. Xəlvətilərin tanınmış mürşidlərindən şirvanlı Seyyid Yəhya Bakıda məscid, mədrəsə və dərgah sahibi olmuş və orada da dəfn edilmişdir.
İranın məşhur didaktik şairi Sədi öz “Bustan”ında bakılı Baba Kuhidən
iqtibas etmişdir.
Eyni zamanda Şeyx Sədi çağının tanınmış mürşidlərindən Şeyx Hümam Təbrizidən
də faydalanmışdır.
Səlcuqilər və onlardan sonra İlxanilər zamanında Azərbaycanın ayrı-ayrı şəhərlərində İslam elminin hər sahəsində böyük alimlər yetişmişdir. İlxanilər zamanında Azərbaycanın tarix, coğrafiya, heyət (astronomiya – Ə.Q.), tibb, fəlsəfə və başqa sahələrdə qlobal bir dəyərə malik olduğu professor Z.V.Toqanın istifadə etdiyimiz “Azərbaycan” məqaləsində təfsilatla qeyd olunmuşdur.
Ədəbiyyat sahəsinə gəlincə Azərbaycanın rolu daha böyük bir ölçüdədir.
Azərbaycan türklərinin klassik türk ədəbiyyatına Nəsimi, Həbibi və nəhayət, Füzuli kimi tanınmış və böyük simalar verdikləri məlumdur
. Azərbaycanlıların klassik İran ədəbiyyatındakı payları da önəmli bir dərəcədədir.
Azərbaycan başda gəncəli Nizami olmaqla İran ədəbiyyatına bir sıra məşhur adlar bəxş etmişdir. Bunlardan Xaqani Şirvani, Fələki Şirvani, Mücir Beyləqani, Əbülüla Gəncəvi və başqalarını qeyd edə bilərik.
Bunlar XII yüzilliyin şairləridir. Hələ onlardan əvvəl XI əsrdə şair və filosof Qətran Təbrizi vardır ki, o zamankı Azərbaycan hökmdarlarının həyat və fəaliyyətini nəzmə çəkmişdir.
Həmin dövrlərdə fars dili müsəlman Şərqində ədəbi və rəsmi bir dil hökmündə idi. Fars olmayanlar da əsərlərini bu dildə yazırdılar.
Amma təkcə bu dövrlərdə deyil, daha sonrakı əsrlərə aid İran şairləri arasında da Əhməd ibn Məhəmməd Təbrizi (XIV əsr)
, Qasım Ənvar (XV əsr)
, Sadıq Əfşar (XVI əsr)
və Saib Təbrizi (XVII əsr) kimi İran ədəbiyyatının ön sıralarında yer alan bir çox azərbaycanlıları görürük. Bunlardan təbrizli olduğuna, xüsusilə, öyünən Saib
fars ədəbiyyatının sonuncu ustadlarından ən qüdrətlisi kimi tanınır.
Çağdaş İran ədəbiyyatında da Azərbaycan türkü olan ədiblərin rolu önəmlidir. Bunlardan “Kitabi-Əhməd”in müəllifi Əbdürrəhim Talıbzadə, “Səyahətnameyi-İbrahim bəy”in müəllifi Hacı Zeynalabdin Marağayi və “Əxtər” qəzetinin yazarı Məhəmməd Tahir kimi simaları qeyd edə bilərik.
IV
TÜRK HAKİMİYYƏTİ ALTINDA FARS ƏDƏBİYYATI
XVIII əsrdə fransız olmayan avropalı yazıçılar da əsərlərini fransızca yazmışlar. Ümumiyyətlə, bu dil o çağlarda Avropanın böyük bir hissəsində ümumi idarə, elm və ədəbiyyat dili olmuşdur.
İslam Şərqində biz bu olayın bir bənzərini görürük: miladi X əsrlə XIII əsr arasında İslam Şərqi üçün fars dili ümumi bir dövlət və ədəbiyyat dili olmuşdur. İranlı, yəni fars olmayan müəlliflər belə elmi və ədəbi əsərlərini bu dildə yazmışlar. Zamanın bu tələbinə, xüsusilə, türk ziyalıları uymuşlar. Beləcə onlardan qalan əsərlər də təbiidir ki, yazdıqları dilə görə İran və fars ədəbiyyatı xəzinəsinin malı olmuşdur.
“Encyclopedie de L’Islam”da İran ədəbiyyatı haqqındakı məqaləsində Y.Bertels bu fikrə əsaslanaraq belə yazmışdır:
“Ön Asiyanın siyasi inkişafı yeni İran dilini, yəni farscanı danışıq dilləri farsca olmayan millətlər və xalqlar üçün ədəbi dil səviyyəsinə qaldırmışdır. Fars dili bu xalqlar üçün XVIII əsr Avropasındakı fransızca kimi yüksək hakim sinfi dili olmuşdur. Buna görə yeni İran ədəbiyyatını sözün geniş mənasında yalnız fars ədəbiyyatı kimi götürmək doğru olmaz. Bu ədəbiyyat İranın olduğu kimi Hindistanın, Orta Asiyanın, qismən Türkiyənin və Əfqanıstanın da ədəbiyyatıdır).
Görünür ki, İran ərəb istilasından yalnız siyasi cəhətdən qurtulmaq üçün deyil, mədəni baxımdan dirilmək və yüksəlmək üçün də türk qüvvət və zəkasından böyük ölçüdə faydalanmışdır.
Fars ədəbiyyatı yalnız türk saraylarında işlənməklə və türk xaqanlarının himayəsini görməklə qalmamış, eyni zamanda türk millətindən olan şairlər tərəfindən də yaradılmışdır.
Tarixin bizə qəribə görünən bu olayı İslam Şərqinin mədəni inkişafını düzgün anlamaqdan ötrü üzərində xüsusi dayanılmalı bir mövzudur.
Yaxın Şərqin ərəb fütuhatı (fəth, istila – Ə.Q.) nəticəsində islamlaşdırıldığı və dolayısı ilə ərəbləşdirildiyi məlumdur. Bu duruma qarşı mədəniyyət sahəsində ilk reaksiya farslar, sonra da türklər tərəfindən gəlmişdir. Halbuki yıxılan ərəb imperiyasının yerinə siyasi baxımdan farsların deyil, türklərin gəldiyi bir həqiqətdir.
Buradan bir sual doğur: nədən min ildən bəri İslam Şərqində hakimiyyət sürən sülalələr çox kiçik və önəmsiz istisnalarla həmin türklərdən olduğu halda klassik İslam türk ədəbiyyatının yaranışı fars ədəbiyyatının meydana gəlməsindən 3-4 əsr sonraya qalmışdır?
İslamiyyətdən sonrakı yeni fars dilinin ən böyük abidəsi “Şahnamə”dir. Yunanların Homerinə bərabər tutulan Firdovsi “İliada”ya bənzədilən bu şah əsərini Sultan Mahmud Qəznəvinin sarayında yazmışdır.
Qazanının gümüşdən, süfrə ləvazimatının da qızıldan olması ilə tanınan digər İran şairi Ünsüri bütün bu sərvət və şöhrətini həmin Sultan Mahmudun sayəsində qazanmışdır
.
Dünyaca məşhur rübailərin müəllifi Ömər Xəyyam Səlcuqi Məlikşahın məhəbbətini qazanmışdır. Fars qəsidəsinin ən məşhur nümayəndəsi Ənvəri Sultan Səncərin şairidir. Sədi, Hafiz və digər İran klassikləri də ya Səlcuqilərin, ya onlardan sonra gələn Atabəylərin zamanında yetişmişlər. Klassik İran ədəbiyyatının sonuncu ustadı sayılan Cami Teymurilərdən Hüseyn Bayqaranın sarayına və Əlişir Nəvainin məclisinə mənsub olmuşdur.
Səlcuqilərdə və onların ardınca gələn atabəyliklərdə olduğu kimi Çingizilərdə, Xarəzmşahlarda, Teymurilərdə də fars dili idarə, elm və ədəbiyyat dili olmuş, türk xaqan və sultanları fars ədəbiyyatına hamilik göstərmiş və yalnız hamiliklə kifayətlənməyib, bir çoxları farsca yazmışlar
.
Ədəbiyyatdan başqa rəssamlıq sahəsində də İrana beynəlxalq şöhrəti təmin edən türk sülalələridir. İran miniatürçülüyünün ən parlaq dövrü Teymurilərlə Şeybanilər zamanına təsadüf edir. İran adına bağlanan bu sənət, əslində, Mavəraənnəhr ilə Xorasanda inkişaf etmişdir. Miniatürçülüyün ən məşhur ustadı Kəmaləddin Behzad Hüseyn Bayqaranın sarayında yetişmişdir.
Səfəvilər dövründə İsfahanın məşhur binalarını bəzəyən parlaq sənət Teymurilər dövründəki rəssamlığın bir davamı olmuşdur
.
Təbrizdəki Göy məscidin bəzədilməsindəki üslub, rəng və ahəng etibarı ilə Teymur dövrü memarlığının Səmərqənddəki üslubunun eynisidir
.
Bağdad xəlifələrini dini bir simvol halına salaraq siyasi qüdrəti öz əllərinə alan türk sultanlarının idarə işlərində ərəb dilindən savayı bir dildən istifadə etmələrini başa düşmək olur; lakin bu dil nə üçün türk dili deyil, fars dili olmuşdur? Çünki Asiya çöllərinin dərinliklərindən axıb gələn və Yaxın Şərqdə səltənətlər quran türklər köçəri idilər. Köçərilərin məskən saldıqları məmləkətlərdə yerli mədəniyyətə uyuşmaları isə adi bir şeydir. Necə ki eyni hadisə Çində hakimiyyət sürmüş türk sülalələrinin tarixində də görünmüşdür.
Eyni amil Əməvilər zamanında Şamda, onlardan sonra xilafət mərkəzini, qədim İran mədəniyyətinin ocağı olan bir sahədə yerləşən Bağdada köçürən Abbasilər zamanında İraqda ərəblər üzərində də təsir göstərmişdir: İslam cəmiyyət və idarəsi çöllükdən çıxaraq şəhərləşdikcə əski mədəniyyətə bağlı ünsürlərlə yunan və İran təsisatlarının təsirinə məruz qalaraq inkişaf etmişdir.
Min ildən bəri İslam Şərqindəki siyasi hakimiyyət, ümumən, türklərə məxsus olmaqla yanaşı bu hakimiyyətdəki sabitlik Türküstan çöllərindən ara-sıra gələn axınlar nəticəsində zaman-zaman çox mühüm sarsıntılara uğramış, məmləkət rəqabət aparan qüvvə və sülalələrin mübarizə səhnəsinə çevrilmişdir.
Biri digərini əvəz edərək bu yerlərdə səltənət quran türk sülalələri, ümumiyyətlə, köçəri tayfa başçıları tərəfindən təsis olunurdu. Ərəblərdən əvvəl qədim İran imperiyasının hökm sürmüş olduğu bu yerlərdə isə şəhər həyatı İranın qədim mədəni ənənələrinin təsirini daşıyırdı. Bu ənənələrlə üz-üzə gələn köçəri hökmdarlar istər-istəməz şəhərliləri və mədəniləşmiş digər ünsürləri idarə etmək üçün yerli məmurların bilik və təcrübəsinə möhtac idilər. Bu yerli elita isə feodal (dehqan) qəsrlərində qorunan fars dili və mədəniyyəti ilə təmasda idilər.
İnzibati və siyasi mülahizələrlə yerli məmurlara arxalanan türk hökmdarları, Abbasilərdə olduğu kimi yalnız yerli mədəniyyətin ictimai və daha çox siyasi təsisatlarının təsirinə düşməklə qalmırlar. Bunlar, eyni zamanda özlərinə ərəbcədən daha asan gələn fars dilini də qəbul edib, onu rəsmi və ədəbi həyatda mühüm bir mərtəbəyə qaldırırlar. Əslində, bu türklər İslamiyyəti və İslam mədəniyyətini daha çox Xorasandakı müsəlmanlaşmış fars elementlərinin və Mavəraənnəhrdə yerləşmiş İran mədəniyyətinin təsiri və müşayiəti ilə qəbul edirdilər
.
Bağdad xəlifəsinin siyasi qüdrəti öz əlində saxladığı dövrlərdə İran təsiri fars dilini dinin və Quranın dili olan ərəb dilinin yerinə keçirəcək qədər irəliləmək imkanı toplamışdı. Siyasət etibarilə ərəb mərkəziyyətçiliyi ilə mübarizə və rəqabət edən türk sultanları isə çox təbii olaraq arxalandıqları yerli əyan zümrəsinin yaşadığı və yaşatdığı şəhərli “əcəm” adətləri ilə bərabər işlətdikləri ədəbi dili (fars dilini) də həm özləri qəbul edir, həm də onun yayılmasına şərait yaradırlar.
Beləliklə, türk hakimiyyəti altında yeni fars dili doğulur, fars mədəniyyəti və ədəbiyyatı canlanır. Türk sarayları da yeni doğulmuş bu “uşağa” dayəlik edirlər.
Yüzillər keçdikdən, türk köçəriləri yerləşdikdən və hərbi birləşmə həyatından çıxıb şəhərliləşdikdən sonra türk çadırı ilə obalarında yaşayan milli mədəniyyət kimi türk dilinin də saraylar və divanlarda yaşadılması barədə fikirləşilir.
İslamiyyətin amansız düşməni kimi çıxış edən monqollar ilk dövrlərdə ərəbcə ilə yanaşı farscanı da qadağan edib, onun yerinə monqol və uyğur türk dilini qoyurlar. Elxanilərdən Qazan xanın dövründə monqollar İslamiyyəti qəbul etdikdə fars dili yenidən işlənmək hüququ qazanırsa da, onunla yanaşı türk dili də inkişaf edir və mövqeyini möhkəmləndirir.
Teymur fəthlərindən sonra Teymurilərin təşəbbüsü ilə saraylar türkləşməyə başlayır. Nəticədə, türk ziyalıları ilə hakim siniflər arasında farsların klassik ədəbiyyatına bənzər klassik türk ədəbiyyatına qayğı göstərməyə bir ehtiyac yaranır.
Şirəsini, köklərini türk xalqları içərisində yaşayan milli təsisatlardan alan və digər ictimai amillərlə də güclənən bu ehtiyacın getdikcə əhəmiyyət kəsb edən təkamülü nəticəsində, nəhayət, Şərqdə Hüseyn Bayqaranın sarayı ilə vəziri Əlişir Nəvainin məclislərində, Qərbdə isə Azərbaycanda hökm sürən Ağqoyunlu Sultan Yaqubun, sonra da Səfəvi şahlarının (ilk dövrlərdə)
saraylarında klassik türk ədəbiyyatı yüksəlmiş olur.
Cığatay türkcəsi ilə azəri türkcəsinin inkişafı XVI əsrdən sonra bir sıra siyasi dəyişikliklər üzündən nisbətən yavaşıdığı halda Anadoluda qurulmuş böyük imperiyada Osmanlı türkcəsi təbii təkamülü ilə irəliləmiş və bütün qüvvəsi ilə çiçəklənərək nəhəng bir ədəbiyyat meydana gətirmişdir.
Yeni müsəlman-İran ədəbiyyatının türk hökmdarları və dövlət adamlarının himayəsi altında meydana gəlməsi bizi maraqlandıran dövrlərə aid ədəbi sənəd və abidələrin səthi araşdırılması ilə də nəzərə çarpır. Klassik İran ədəbiyyatının əsas əsərləri bu və ya digər türk xaqan və sultanına ithaf edilmişdir. Bundan başqa türklərə məxsus keyfiyyətlər fars ədəbiyyatının məcazi ifadələrində çox mühüm bir yer tutur. Hətta türk hökmdarlarına aid şəxs və ya soy adları belə şairlərin dilində məcazi bir ifadə kimi işlənmişdir
.
Öz aralarında bitməz-tükənməz rəqabətlər üzündən daim çarpışan köçəri sülalələrin bir-birini əvəz edən hakimiyyətləri nəticəsində müsəlman Şərqinin həyatı, müəyyən tarixi dövrlərdə, qanlı hadisələr və böyük siyasi dəyişikliklər içərisində keçmişdir. Bu səbəbdən bizi maraqlandıran coğrafi ərazi üzərinə təsir göstərən mədəni mərkəzlər də zaman-zaman dəyişmişdir. Bu dəyişmə ilə əlaqədar olaraq Şərq İslam mədəniyyəti hər dəfə müəyyən bir mərkəzdən himayə olunmuşdur. Bu rol XII əsrdə Azərbaycana keçmişdir.
V
AZƏRBAYCAN XII YÜZİLLİKDƏ
XII əsr böyük Səlcuq imperiyasının süqut dövrünə təsadüf edir. Məlikşahdan sonrakı vərəsəlik qovğaları üzündən tənəzzül edən böyük səltənət yerli əmirliklər və atabəyliklərə parçalanmışdı. Məhz bu dövrdə İslam Şərqi Qərbdən xaçpərəstlərin, Şərqdən isə bütpərəst monqolların basqınlarına məruz qalmış, əsrlik mədəniyyət süquta üz qoymuşdu.
Bu qarışıqlıq və səbatsızlıq dövründə Anadoludakı Konya sultanlığı kimi Şirvan şahlığı ilə Azərbaycan nisbi əmin-amanlıqda qalmış, Şərq İslam mədəniyyətinin, xüsusən, klassik İran ədəbiyyatının önəmli sığınacaqlarından biri olmuşdur.
Gəncə ilə Şamaxı bu dövrdə Yaxın Şərqin bir mədəni mərkəzi idilər. Əslində, şeirin ən parlaq nümayəndələri və İran ədəbiyyatında mühüm yer tutan ustadlar burada yaranmış məktəbdə yetişmişdilər.
Məmləkətin o zamankı ədəbi mənzərəsi haqqında ümumi bir təsəvvür verə bilmək üçün Nizami ilə müasir, Şirvan şahlığı və Azərbaycan atabəyliyi sarayları ilə əlaqədə olmuş ən mühüm şairlərin bir siyahısını gözdən keçirək:
1.Əbül-Üla Gəncəvi – Şirvanşahlardan Məhəmməd Mənuçöhr ilə oğlu Axsitanın saraylarına mənsub şairlərindən Xaqani və Fələki onun şagirdləridir. Xaqanidəki böyük şairlik istedadını görərək onu Şirvan şahına təqdim edən və ona “Xaqani” təxəllüsünü verən odur. Şeir biliciləri Əbül-Ülanın böyük bir əhatə və sənətkarlıqla yazılmış əsərlərini Xaqaninin əsərlərinə bərabər tuturlar. Müasirləri ona “şairlər ustadı” demişlər. Fəxriyyələrindən birində “Gəncəlilər mənimlə fəxr edirlərsə, yeri var” – deyir
;
2. Xaqani Şirvani – Narahat və coşqun bir həyat yaşamış bu şair klassik İran ədəbiyyatının məşhur simalarındandır. Onun Şirvanşah Axsitanın rus basqınçılarına qarşı müharibədəki qələbəsini təsvir edən parlaq qəsidəsi məşhurdur. Şirvan şahlarından əlavə Xaqaninin Azərbaycan atabəylərindən Qızıl Arslana yazdığı qəsidə də məlumdur. Şərq tənqidçiləri içərisində Xaqanini qəsidədə Ünsüri və Ənvəridən yüksək tutanlar vardır. Qərb tədqiqatçıları arasında da Xaqaninin sənəti, üslubü, həssaslıq və yaradıcılıqdakı qüdrəti təqdir olunur. 1864-cü ildə fransız dilində nəşr etdiyi bir ədəbi risaləsində Xanıkov, Xaqanini böyük fransız şairi V.Hüqoya bənzətmişdir
;
3. Fələki Şirvani – Şirvan diyarında doğulmuş şair Xaqani kimi həm Əbül-Ülanın şagirdi, həm də yenə onun kimi Şirvan sarayının şairidir. Fələki şairlikdən əlavə həm də dövrünün məşhur astronomlarındandır; təxəllüsünü də bu münasibətlə “Fələki” götürmüşdür. Şeirlərində ulduzlara və səma cisimlərinə aid bir çox təşbeh və istiarələr işlətmişdir. Onu şairlikdə Xaqaniyə bərabər tutanlar olmuşdur;
4. Mücirəddin Beyləqani – Arranın qədimdə məşhur şəhərlərindən Beyləqanda yaşadığı üçün Beyləqani kimi tanınmış Mücirəddin Azərbaycan atabəylərinə mənsub şairlərdəndir. Atabəylərin birincisi Eldənizə və onun oğlu Məhəmməd Pəhləvana yazdığı qəsidələr məlumdur. Mücirəddini şairlikdə və üslubda böyük müasirləri Xaqani və Nizami səviyyəsində görənlər vardır. Şairi təqdir edənlər arasında ədəbiyyatda böyük səlahiyyəti olan Xosrov Dəhləvi də vardır ki, onu sənət aləmində Xaqanidən belə üstün tuturlar;
5. Qivami Mütərrizi – Nizaminin tərcümeyi-halına həsr edilmiş fəsildə gəncəli olan həmin şair haqqında ayrıca bəhs edəcəyik. Onun Azərbaycan atabəyi Qızıl Arslana həsr etdiyi qəsidəni sənətdən başı çıxanlar möhtəşəm sənət əsəri kimi təqdir edirlər;
6. Zəhir Faryabi – Əslən türküstanlı olan bu şair Azərbaycan atabəyləri zamanında saraya mənsub olub, Məhəmməd Cahan Pəhləvan ilə Qızıl Arslana qəsidə və mədhiyyələr yazmışdır. Zəhirin qəsidə və qəzəllərdən ibarət olan divanı:
Divani-Zəhiri-Faryabi
Dər Kəbə bedozd əgər beyabi
.
beytindən göründüyü kimi klassiklər tərəfindən çox bəyənilmiş və məşhur olmuşdur. Onun Qızıl Arslana yazdığı qəsidədən bir beytini şahid gətirmək olar. Həmin beytin məzmunu və təşbihi yüksək sənət sahibi olduğuna gözəl bir nümunədir
;
7. Əsirəddin Əxsikəti – Bu şair də Türküstandan gələrək Atabəylər zamanında Azərbaycanda yaşamış və o zamanın məşhur şairlərindən olub, himayəsini gördüyü Azərbaycan Atabəylərinə mədhiyyələr yazmışdır
;
8. Seyyid Zülfüqar Şirvani – Eldənizlərə mənsub şairlərdəndir;
9. Yusif Füzuli;
10. Şafur ibn Məhəmməd;
11. Fərrux Şirvani;
12. “Nizam ət-təvarix” kitabının müəllifi Qazi Beyzavi;
13. Kəmaləddin Naxçıvani;
14. Seyyid İzzəddin Ələvi və başqaları o zamankı ədəbiyyat səmasında parlayan ulduzlardandır.
O dövrün parlaq şairlərindən Məhsəti xanımı da bu işıqlı sənətkarlar arasında mütaliə edə bilərik. Gəncə xətibinin oğlu şair Əmir Əhməd ilə evli olan bu qadın Gəncənin yoxsul bir ailəsində böyüməsi və yetişməsinə baxmayaraq öz zəka və istedadı sayəsində zəmanəsinin ən yüksək təbəqəsinə qalxmış, saraylara yol tapmışdır. Musiqidəki məharəti, söhbət əsnasındakı hazırcavablığı onu Sultan Səncərin məclislərinə gətirib çıxarmışdır. Məhsəti Gəncəvi xəyyamvari rübailəri və yüksək lirizmi ilə məşhurdur.
Ölkənin ümumi vəziyyəti və mədəni durumu həmin fəaliyyət ilə ahəngdar idi. Mənuçöhr Axsitan zamanındakı Şirvan kiçik ölçüdə Sultan Mahmud dövründəki Qəznəni andırırdı
.
Mühüm ticarət mərkəzi olan Şirvan (Şamaxı) memarlıq abidələri, bağ və bağçıları ilə məşhur idi.
Gəncəyə gəlincə qeyd etmək lazımdır ki, Arranın keçmiş paytaxtı Bərdənin
dastanlar mövzusu olan sərvət və var-dövlətinin varisi olan həmin şəhər o zamanın ən şöhrətli mərkəzlərindən biri idi. İstəxrinin verdiyi məlumata görə, 1139-cu ildə baş vermiş zəlzələdə 300 minə qədər əhali həlak olmuşdu. Bunu nəzərə alanda qədim Gəncənin nə qədər böyük mərkəz olduğu aydın olur.
Həmdullah Qəzvininin verdiyi xəbərə görə, Gəncə Orta Asiyanın ən gözəl şəhərlərindən biri sayılırdı. İbn əl-Əsir isə (XI əsrin tarixçisi) həmin yeri “Arran şəhərlərinin anası” adlandırmışdır. O dövrdəki Gəncənin sadəcə olaraq böyüklüyü və abadlığı haqqında deyil, etnik vəziyyəti haqqında da geniş məlumatımız var. 1170-ci illərdə Gəncənin bir böyük Türklər (Türkmən) şəhəri adlandırıldığını İbn Əzrəq öz əsərində qeyd etmişdir
. Məşhur tarixçi Nəsəvi də həmin tarixdə Arran ilə Muğanda “türklərin (azərbaycanlıların) qarışqa kimi çox olduqlarını” yazmaqdadır.
Azərbaycanın XI əsrdə türkləşmiş (azərbaycanlılaşmış) olması o dövrün ədəbi abidələrində də sabit şəkildə göstərilmişdir. Məşhur Dədə Qorqud qəhrəmanlarının gəzib-dolaşdıqları başlıca sahə Azərbaycandır; bu dastandakı əlamət və realilər Azərbaycan əlamət və realiləridir; dastanlarda işlənmiş ləhcə də azəri türkcəsidir. Oğuz boylarının X və XI əsrlərdə Azərbaycana gəlmələri ilə bağlı olan bu dastanların XII yüzillikdə Azərbaycan xalqına məlum olduğuna inanıla bilər. Nizami mənzumələrində Dədə Qorqud dastanlarındakı motivlərdən bəzilərinə rast gəlməyimiz də fikirlərimizin həqiqətə uyğun olduğunu göstərir
.