banner banner banner
Azərbaycan şairi Nizami
Azərbaycan şairi Nizami
Оценить:
Рейтинг: 0

Полная версия:

Azərbaycan şairi Nizami

скачать книгу бесплатно

Nizaminin əsərlərini yazdığı fars dilinə daxil olmuş türk sözləri haqqında öz yerində təfsilatı ilə bəhs edəcəyik. Lakin yalnız Nizami deyil, onun Xaqani kimi müasirlərinin mənzumələrində də türk sözləri çoxdur

. Təkcə şairlər yox, hətta öz nəsillərini qədim İran şahları Kəyanilər sülaləsinə bağlayan Şirvanşahların saray və ailələri içərisinə də türk dilinin daxil olduğunu açıq-aydın görürük.

Xaqani mərsiyələrinin birində Şirvanşahın qızı Alçiçək adlı bir şahzadəyə ağı demişdir. Qızına türk adı qoyan bir hökmdarın sarayında türkcə danışılmadığını necə iddia etmək olar?

Gəncə böyüklüyünə uyğun bir sərvətə də malik imiş; 1221-ci ildə gəncəlilər verdikləri qızıllar hesabına şəhəri monqolların talanından xilas etmişlər

.

Gəncə gözəl sənət əsərləri ilə məşhurdur. Hazırda Gürcüstanın Kutaisi vilayətinin Gelati monastırında saxlanan və yüksək sənət əsəri olan Dəmir qapı XII əsrin birinci yarısında zəlzələ zamanı (30 sentyabr 1139 – red.) gürcü kralı Dimitri tərəfindən xarabazara çevrilmiş Gəncədən qəsb edilib Gürcüstana aparılmışdır

.

Bu qısa qeydlərdən Şirvanşahlarla Pəhləvanilər (Atabəylər) dövrü XII əsrdə Azərbaycanın qabaqcıl bir ədəbiyyat mərkəzi olduğu aydın olur; yıxıb-dağıdan zəlzələlər, yandırıb-yaxan müharibələrə baxmayaraq az da olsa, Təbrizdə, Bakıda, Naxçıvanda və başqa yerlərdə indiyə qədər ucalan memarlıq abidələri öz mötəbər şahidlikləri ilə ölkənin o zamankı əzəmətini təsdiq edir.

XII əsrdə yalnız Azərbaycan deyil, bütün Qafqaz nisbi rifah içində yaşamışdır. Bu baxımdan Gürcüstan krallığı da tarixinin parlaq bir çağını – kraliça Tamar ilə şair Rustavelinin dövrünü yaşayırdı. Bu dövrdə Gürcüstan və Azərbaycan arasında geniş surətdə bir dostluq və səmimiyyət var idi. Bu yaxşı münasibət, xüsusilə, Şirvan şahları və Gürcü kralları arasındakı qohumluq əlaqəsi ilə qüvvətlənmişdi.

Şirvanşah Axsitanın anası gürcü kralı IV Davidin qızı idi. Gürcü salnaməçilərinin dediklərinə görə, Axsitanın ruslar əleyhinə qazandığı zəfərdə gürcülər bir müttəfiq sifəti ilə iştirak etmiş və həmin qələbənin şəriki olmuşlar.

İki ölkə arasında mədəniyyət sahəsində daha çox və böyük əlaqələr var idi. Yaxın Şərq mədəniyyəti təsiri altında olan Gürcüstan sarayında şairlərə göstərilən himayə Azərbaycanda mövcud olan ənənə və dəbə təqliddən irəli gəlirdi

. Tiflisdə kral David tərəfindən müsəlman şair və sufilər üçün bir mədrəsə tikilmişdi. Tamarın özü şəxsən o zamankı Azərbaycanda himayə edilməklə yaranan ədəbiyyatın xüsusi təsiri altında idi

. Gürcüstanın böyük şairi Şota Rustaveli Yaxın Şərq mədəniyyəti ilə möhkəm əlaqələr və çarpaz düyünlərlə bağlı olub, azərbaycanlı müasirlərindən və şəxsən Nizamidən ilham almışdır

.

Qafqaz Qərb və Şərq mədəniyyətinin qarşılaşdığı bir keçid idi. XII yüzillikdə bu keçid hər iki mədəniyyətin qarşılıqlı təsirini bilavasitə duymuşdur. Əsərini gürcücə yazmış Şota Rustaveli məzmun və ideyalarını, demək olar ki, bütünlüklə Şərqdən alaraq xristian ikən müsəlmanlaşmışdır. Hətta onun müsəlman olduğu haqda bir çox rəvayətlər vardır. Fanatik keşiş və din xadimləri Şota Rustavelinin əsərləri “xristianlığa ziddir” deyə onu xristianlıqdan və kilsədən rədd etmişlər

. Halbuki əsərlərini farsca yazmış Şirvanlı Xaqani müsəlman olmağına baxmayaraq əsərlərində xristianlığın bir çox ideyaları və terminlərinə bolluca yer vermişdir. Müsəlman Qafqazı ilə xristian Qafqazı arasındakı bu qarşılıqlı ünsiyyəti biz dövrünün ən böyük nümayəndəsi olan Nizamidə də görürük. Hissiyyatca türk və müsəlman olan şairin yaratdığı ən gözəl obrazın – Şirinin qafqazlı bir erməni şahzadəsi olması təsadüfi deyildir.

VI

MİLLİYYƏT BAXIMINDAN ƏDƏBİYYATDA FORMA VƏ MƏZMUN

Şərq və Qərb tədqiqatçıları tərəfindən Nizami daha çox İran ədəbiyyatı nümayəndəsi kimi öyrənilmiş və onun şəxsiyyəti yalnız həmin sifət ilə tanınmışdır.

Kök salmış bu yanlış təsəvvürə baxmayaraq Nizami bizim qənaətimizcə, Azərbaycan şairidir və bu həqiqət yalnız onun “Gəncəvi” olmasından irəli gəlmir.

Gəncəli Nizaminin bütün varlığı ilə Azərbaycanla bağlı olmasını onun tərcümeyi-halını yazarkən imkan dairəsində aydınlaşdıracağıq. Onun mənəvi varlığından bəhs edərkən demək lazımdır ki, yazdığı dilin farsca olmasına baxmayaraq şairin daşıdığı hissiyyatı ilə işlədiyi mövzular onun Azərbaycan duyğularından doğmuş bir zövqə sahib olduğunu göstərməkdədir.

Burada biz yaşadığımız günlər üçün aktual olan bir məsələyə toxunmalıyıq – Ədəbi bir əsərin milli olması üçün yalnız onun formaca milli olması kafidirmi? Yoxsa bir əsəri milliləşdirən ruh, məna və məzmundur?

Bizim qənaətimizcə, yalnız forma kafi deyil və formanın böyük əhəmiyyətinə baxmayaraq o, zəruri də deyildir. Hər bir əsəri milliləşdirən onun məzmunu və daxili varlığının milli olmasıdır. Bu iki amil arasında ahəng olmadığı təqdirdə, bizə görə, əsəri milliləşdirən amil formadan çox məzmun və özlüyü, başqa ifadə ilə desək, dildən çox məna və məzmundur. Yabançı, özgə dildə yazılmış bir əsər daşıdığı məna və ruha görə müəyyən şərtlər içində milli ola bilir. Əsrimizin ədəbi hadisələri arasında bu müddəanın misallarını istədiyimiz qədər tapa bilərik. Hər hansı bir əsəri yazıldığı dilə görə həmin dildə danışıb yazan xalqın milli əsəri kimi qəbul edilməyi lazım gəlsə, iyirmi ildən bəri Azərbaycan türkcəsi ilə yazılmış bir çox cəfəngiyyatı (sovet ideologiyasına xidmət etmiş sifarişli ədəbiyyata işarədir – Ə.Q.) ədəbiyyat deyə qəbul etməmiz lazım gəlir. Və ya belə olursa, onda Osmanlı klassiklərindən bir çoxu kimi Nəfinin:

Türkə haq çeşmeyi-irfanı haram etmişdir,

Eyləsə hər nə qədər sözlərini sehri-həlal;

və ya:

Necə söz söylənür ol yerdə kim şair sanur kəndin,

Qələtpərdazi – məna bir müzəvvir Türki-layəfhəm

.

beytlərinə bənzər və bunlardan daha kəskin bir türk düşmənliyi ilə tanınmış, “türk” sözünü bayağılığın, qəddarlığın, idraksızlığın, kobudluğun qarşılığı olaraq işlətmək çirkinliyini və murdarlığını göstərən bir çox türkcə yazan şairlərin divan ədəbiyyatına keçmiş misra və mənzumələrini də “milli ədəbiyyat” kimi qəbul etməliyik.

Yaxşı məlumdur ki, finlərin məşhur vətənsevər şairləri əsərlərini isveç dilində yazmışlar, lakin buna baxmayaraq onlara milli şair kimi qəhrəman Finlandiyanın paytaxtında heykəllər ucaltmışlar. Bunun kimi ingilis hakimiyyətinə qarşı milli azadlığı tərənnüm edən İrlandiya ədəbiyyatı da müəyyən bir zamanda ingiliscə yazılmışdır

. Həmin vəziyyətə Hindistan şəraitində də rast gəlirik. Rabindranat Taqorun hind varlığını və mədəniyyətini müdafiə edən ingiliscə yazdığı əsərlər, şübhəsiz ki, milli əsərlərdir.

Bu şəkildə düşünərkən formanın əhəmiyyətini azaltmaq niyyətində deyilik. Dilin çox zaman millilik nöqteyi-nəzərindən məzmun üzərində üstünlüyü olduğunu bilirik. Ancaq “sənət sənət üçün” deyil, “qayə üçündür” düşünən və deyənlərin sıralarında olduğumuz üçün ədəbi bir əsərin milliliyini təyin edərkən formadan, yəni dildən çox onun məğzinə, özəyinə, yəni məzmun və mənəviyyatına üstünlük veririk. Nizaminin dövründə formanın bizim zamanda olduğu qədər milli bir əhəmiyyəti yox idi. Fars dili yalnız farslara deyil, müəyyən bir coğrafi ərazidə yaşamış bütün millətlərin oxuyub-yazanlarına, ziyalılarına məxsus bir dil idi. Eyni zamanda o dövrdəki “milli ruh”lar da bugünkü qədər kəskin şəkildə bir-birindən ayrılıb büllurlaşmamışdı. Yalnız xüsusi diqqət və araşdırmalarla təyin oluna bilən milli özünəməxsusluqların kəskin tərəfləri müştərək din və mədəniyyət təsiri ilə yumşaldılmışdı. Buna baxmayaraq qəbul etmək lazımdır ki, şüurda olmasa da, şüur altında milli varlıq və özünəməxsusluqlar o zamanlarda da öz təsirini göstərməkdən geri qalmamış və bu müştərək formaya baxmayaraq ədəbi əsərlərin ruh, məna və məzmunları üzərində dərin izlər buraxmışdır.

VII

NİZAMİ – AZƏRBAYCAN ŞAİRİ

Nizaminin yaradıcılığı forma baxımından Azərbaycana nisbətdə milli deyilsə də, hissiyyat, duyğu, düşüncə, şüur və şüuraltı varlığı ilə öz yetişdiyi mühitə dərindən bağlıdır.

Bu bağlılıq onu bizim gözümüzdə azərbaycanlı bir şair olmaqdan başqa bir Azərbaycan şairi də etmişdir.

İran ədəbiyyatının müəyyən nöqteyi-nəzərdən, bəlkə də, ən böyük simasını təşkil edən Nizami əsərlərini ən gözəl fars dilində yazması bizə yuxarıda qeyd etdiyimiz mülahizə və mühakiməmizdən imtina etməyə əsas vermir və Nizamini xüsusi görüş nöqtəsindən tədqiq edib incələməkdən əl çəkdirə bilməz; çünki onun zamanında fars dilinin Yaxın Şərq və Orta Asiya üçün millətlərarası bir ədəbi dil olduğunu yaxşı bilirik. Xüsusi qeyd etmək lazımdır ki, İran ədəbiyyatının ustad və böyük sənətkarları arasında farslar qədər (bəlkə də, daha çox – red.) türklərin də mühüm bir yer tutduğu bizə yaxşı məlumdur.

Əsərlərini araşdırdıqca Nizaminin fars millətçiliyindən uzaq olub, türk sevgisi ilə dolu, Zaqafqaziya mühit və şəraitinə bağlı, yurdunun tarixi müqəddərat və geosiyasətindən doğan daimi qayğılarda məşğul olduğu aydın görünür ki, beləliklə də, o, əlbəttə, bir A z ə r b a y c a n ş a i r i d i r.

Nizami öz mühitinin onun qədrini bilməyib, böyüklüyünü qiymətləndirmədiyi haqda söz açarkən əsərlərinin bir yerində (“Yeddi gözəl”də – red.) “türkcəsinin” (“torkiyəmra” – “mənim türklüyümü”) anlaşılmadığından şikayət edir. “Türklüyü” burada məcazi şəkildə yüksək söz mənasında işlədən dahinin danışıq dilinin həqiqətdə türkcə olmadığını heç kimsə isbat edə bilməz. Şairin o zaman Azərbaycanda artıq böyük və geniş kütlələr təşkil edən türklər arasında yetişmiş olduğunu, boya-başa çatdığını bilirik. Bunun izlərini əsərlərində rast gəldiyimiz və dəfələrlə işlədilmiş “türklük” söz və məfhumundan da hiss edirik

.

Təkrar edirik: əsərlərini farsca yazmış olmasına rəğmən Nizaminin qeyd etdiyimiz kimi məzmun və hissiyyat baxımından azərbaycanlı bir türk zehniyyəti daşıdığını oxucularımız bu səhifələri çevirdikcə açıqca görəcəklər.

VIII

NİZAMİNİN YARADICILIĞI

Nizami təkcə klassik İran ədəbiyyatında deyil, bütün dünya ədəbiyyatında müstəsna yer tutan parlaq bir şairdir. Onun şeiri həm özü yaratdığı yeni janr – eşq əfsanəsi, həm bu janrla tam ahəngdə olan məna – ruhi təhlil, həm özünəməxsus kəskin ifadəli – rəmzi dili, həm heç bir şeyi gözdən qaçırmayan qavrayışlı görüş – qüdrətli təsvir, həm yüksəklərdə uçan geniş təxəyyül – parlaq təşbeh, həm də təsadüfə yer vermədən hər şeyi incələyərək anladan və tək bir kökə bağlayan qavrayışlı fəlsəfə – vəhdəti-vücud nəzəriyyəsi ilə eni-boyu ölçüləməyən üstün bir əsərdir.

Bu əsərdə bizi özünə cəlb edən amil şair Nizaminin yanında eyni gözəllik, qüdrət və mətinliklə bərabər yeriyən filosof Nizamidir. Şairə böyük Hötenin təqdir etmiş olduğu dərinlik, təmkin, sakitliyini təmin edən onun bu müdrik munisi, öz sözü ilə desək, “əkdəş”idir.

N i z a m ə d d i n ləqəbini daşıyan Nizamidə Şərqin, bəlkə də, heç bir şairinə nəsib olmayan bir fikir nizamı vardır. Bu nizam başqa ifadə ilə desək, bu sistem incəliklərinə varılarsa, ahəngdar bir ideologiya və dünyagörüşü sistemindən ibarətdir. Elə bir sistem ki, 800 il bundan əvvəl düşünülmüş olmasına baxmayaraq yaşadığımız bu böhranlı günlərdə belə aktual deyiləcək qədər təzə və yenidir.

Tədqiqatımızın sonuncu bölməsi bu sistemin ana xətlərini aydınlaşdırmağa həsr edilmişdir. Orada xülasələşdirilmiş fikir sistemi oxucuların görəcəyi kimi bugünkü bəşəriyyətin susadığı “Nizami-aləm” (“dünya nizamı”) baxımından belə yeni və əbədi məsələləri ehtiva etməkdədir.

İnsanlığın şərəfini biliyi sevməkdə, fərdin səadətini cəmiyyət üçün çalışmaqda görən, hissənin mənafeyini tamın salamatlığında axtaran şair dövləti ictimai ədalət qurmağa borclu bir varlıq kimi qəbul edir.

Millətlər və dövlətlərarası nizam və ahəngə gəlincə bu, onun fikrincə, “millətlərin dillərini ancaq vasitəsiz anlamaqla təmin edilə bilər”.

Hər böyük və həqiqi sənətkar kimi Nizami də millilik və vətənsevərlik xüsusiyyətini daşımaqla bərabər yaratdığı ədəbi obrazlarla təlqin etdiyi fikir meydanında milli çərçivədən kənara çıxmış, bütün bəşəriyyətə şamil olan duyğularla həyəcanlanmış, millətlər və ölkələrin fövqündə olduğu kimi dövrlər və əsrləri yarıb keçən yüksək və dünyaya şamil bir qayğıya cavab verə biləcək “söz”ü tapmağa çalışmışdır. Bizim qənaətimizcə, bu “söz” İskəndərin möcüzəsində tapılmışdır. Bu möcüzə bugünkü insanlıqla birlikdə bizim də gerçəkləşməsini görmək istədiyimiz idealdır:

– Millətlərə sadə, mənəvi avtoritet ilə nüfuz etmək və ruhlarını anlayaraq varlıqlarına qarşı ehtiram göstərmək!

IX

UNUDULMUŞ NİZAMİ

Bir tərəfdən İslam Şərqinin uğradığı ümumi gerilik, o biri tərəfdən isə çarizm istilasının zülm və istismarı nəticəsində öz keçmişini və bu keçmişdəki mədəni nailiyyətlərini unutmuş Azərbaycan Nizamini də yaddan çıxarmışdı.

Gəncənin yaxınlığında yıxılıb-tökülmüş bir məzar vardı. Bu məzar uşaq arzulayan qısır qadınların uşaq dilədikləri bir “Şeyx”ə mənsubdu. Bu “kəramətli türbə”nin bütün Şərqin olduğu qədər Azərbaycanın da başını ucaldan böyük bir şairin əbədi yatağı olduğunu bilənlərin sayı azdı.

Bu şairin, eyni zamanda böyük Azərbaycan şairi olduğunu isə bilən, bəlkə də, heç yoxdu.

Milli oyanış dövrünə daxil olan yeni Azərbaycan da Nizamini layiqincə mənimsəmək üçün yetişməmiş və farsca yazmış olduğunu nəzərə alaraq onun haqqında düşünməyi milli vəzifələrdən xaric, sonrakı işlərdən saymışdır.

Bununla bərabər obyektiv olaraq onu da qeyd etmək lazımdır ki, Nizami düşünən azərbaycanlılar tərəfindən büsbütün unudulmamışdır: məsələn, 1910-cu ildə Gəncə Dram Cəmiyyəti dahi həmyerlisini yada salıb onun xaraba türbəsini təmir etmək üçün bir kitabça çap edərək könüllü şəkildə vəsait toplamaq təşəbbüsündə olmuşdur. Şərqşünas A.Krımskinin qeyd etdiyi

bu hadisə ilə bərabər mötəbər gəncəlilər, eşitdiyimizə görə, həmin məqsədlə bir neçə min manatdan ibarət olan bir məbləğ də toplamışlar.

Milli istiqlal dövründə də Nizami haqqında düşünüldüyünü müasir formada bir heykəl layihəsinin mövcud olması haqda Azərbaycan hökumətinin sabiq xarici işlər nazirinin müavini Adil xan Ziyadxanın çap olunmuş bir xatirəsindən xəbər tuturuq

. Heyif ki, hadisələr bu layihənin yerinə yetirilməsinə imkan vermədi.

Halbuki Nizami həm azərbaycanlılıq, həm də türklüyə təsəvvür olunacağından daha ciddi, çox və səmimi düyünlərlə bağlıdır. Azərbaycan vətəndaşları kimi türk milliyyətinin də şairlə yaxından maraqlanması üçün təbii və həyati səbəblər vardır.

Azərbaycan hökmdar və şahlarının ehtiram və lütfkarlığını görüb, kitablarını onların adına bağlayan bir şairin Azərbaycan vətənpərvərliyində oynayacağı mənəvi rolun kiçik olmayacağı aşkar bir həqiqətdir. Hansı mənəvi varlıq və tarixi iftixar Azərbaycana Nizami xatirəsindən daha yüksək və dünyaya şamil olan bir dəyəri təmin edə bilər?

Nizami kimi bir mədəni dəyəri hansı azərbaycanlı vətənpərvərlik ənənəsi çərçivəsindən kənara çıxara bilər? Hansı yurdsevər və şüurlu bir azəri türkü Nizami ilə öyünməyə bilər?!

Nizami azərbaycanlıların yalnız məmləkətçilik deyil, milli duyğularını da oyandıracaq bir şəxsiyyətdir. Bu şəxsiyyətlə təkcə azərbaycanlılar deyil, bütün türklərin öyünmələri gərəkdir. Dilinin farsca olmasına rəğmən heç bir şairdə türklük Nizamidə olduğu qədər ideallaşdırılmış deyildir.

Kitabımızın müəyyən bölməsində təfsilatı ilə təkrar edəcəyimiz “gözəl ilə böyüyə türk, gözəllik ilə böyüklüyə türklük, gözəl və böyük sözə türkcə, gözəllik və böyüklük diyarına Türküstan” deyən bir şairə hansı ağız “o, türk deyildir” deyə bilər?

Onun yaşadığı zaman və şəraitdə dilin əhəmiyyəti yox idi; əhəmiyyətli olan hissiyyat idi. Hiss baxımından isə Nizaminin türklüyünü isbat edən dəlillər bir deyil, minlərcədir.

X

NİZAMİYƏ BORCUMUZ

Azərbaycanın bu böyük oğluna can və ürəkdən bağlanmaq, ona aid maddi və mənəvi xatirələri Vətən və milləti birləşdirən bir müqəddərat kimi mənimsəmək, əsərlərini diqqət və ehtiram ilə öyrənmək, yaratdığı ədəbi tablo və timsalları müasir sənətin texnika vasitəsilə yenidən canlandırmaq, möcüzəli sənətindəki bütün incəliklərin zövqünə varmaq, yüksək ruhundakı böyüklük və dərinliyin həqiqi ölçülərini bilməyə çalışmaq, varlığın sirlərini araşdıran hikmət və fəlsəfəsini qavramaq, bir sözlə, öz zamanında anlaşılmadığından şikayət etdiyi “türkcə”sini anlamaq – budur vətənpərvər Azərbaycan ziyalılarının və milliyyətçi türklərin vəzifəsi!

Bu vəzifədən üzərimizə düşən hissəsini öz bacarığımız daxilində hazırladığımız və müharibə vaxtının yaratdığı çətinliklər, mövzu ilə bağlı qaynaqların hamısını əldə edib nəzərdən keçirə bilməməyimiz, nəticədə, istədiyimiz kamillik və dolğunluğa nail olmayıb, bizi qane edə bilməyən bu səhifələrin Nizaminin yubileyinə hədiyyə edilməsində başlıca məqsəd türkdilli gənc nəsildə Azərbaycanın bu böyük şairinə qarşı bir maraq oyatmaqdan ibarətdir.

Kitabımızın bu məqsədə nail olduğunu bilmək bizim üçün bir sevinc qaynağı olacaqdır.

M.Ə.Rəsulzadə

Buxarest, 10.VIII.1941

BİRİNCİ BÖLÜM

NİZAMİ KİMDİR?

Mənəm sözə istiqamət verən,

Ona ta qiyamət, qiyamət verən.

Nizami

I

NİZAMİNİN TƏRCÜMEYİ-HALI

Çöldən, dərədən bütün ərənlər,

Lütf ilə mənə salam edərlər.

Qalsam eyi, gər ila nəhayət,

Qəbrim qılınır mənim ziyarət.

Nizami

Nizami Azərbaycanın qədim paytaxtlarından olan Gəncədə doğulub, yaşayıb və dəfn edildiyi üçün Gəncəli Nizami mənasında işlədilən Nizamiyi-Gəncəvi adıyla tanınmışdır

.

Nizami “nami-müstəar” deyilən götürmə bir addır, əski sözlə desək, təxəllüsdür. Şairin əsl adı İlyasdır. Atası Müəyyəd oğlu Yusifdir. Anası şairin özünün qeyd etdiyi kimi “Rəiseyi-Kürd” olub, Gəncədə yaşamış Azərbaycan kürdlərindən olan bir ailənin qızı olmuşdur. Onun adı məlum deyil

. Qaynaqlarda qeyd olunmamışdır. Şairin ləqəbi Nizaməddin, künyəsi Əbu-Muhəmməddir.

Əski dövrlərdə yaşamış Şərqin bir çox məşhur şəxsiyyətləri kimi Nizaminin də nə doğulduğu, nə də öldüyü tarix dəqiq məlum olmadığı üçün həmin tarixlər yalnız təxmini olaraq təyin edilir. Şair 1141-ci ildə (hicri 535-ci il) anadan olmuşdur.

Nizami hələ uşaq ikən atasını, sonra isə anasını itirmişdir. O da tarixin bir “Dürri-yetimi”dir

. Bu yetimin tərbiyə və bəslənməsini dayısı Xacə Həsən öz üzərinə götürmüşdür.

“Leyli və Məcnun” poemasının müqəddiməsində şair atası ilə anasından sonra dayısını da itirməyindən böyük kədərlə söhbət açmışdır.

Bəzi təzkirələrdə qeyd olunduğu kimi Nizami dayısının himayəsinə tək deyil, öz qardaşı Qivami Mütərrizi ilə birlikdə keçmişdir. Bəzi rəvayətlərə görə bu Mütərrizi Nizaminin qardaşı deyil, ya xalası oğlu, ya da əmisi oğlu imiş. Necə olursa-olsun, uğradıqları fəlakətə baxmayaraq gənclər öz zamanlarına görə yüksək təhsil almış və yaxşı yetişmişlər. Mütərrizinin öz parlaq qəsidələri ilə klassik ədəbiyyatda önəmli yer tutması da dediklərimizi təsdiq edir. Onun Azərbaycan atabəylərindən Qızıl Arslana yazdığı qəsidə, qəsidə ədəbiyyatında şah əsər sayılmaqdadır

.

Nizaminin yüksək təhsil alması onun əsərlərindən və müasirləri tərəfindən ona “Həkim” (böyük, bilici, müdrik – red.) ləqəbinin verilməsindən aydın görünür. XII əsrin məşhur irfan sahələrinin hamısından əsərlərində əlamətləri görünən bu ensiklopedik bilikli adamın İslam elmləri ilə yanaşı yunan fəlsəfəsinin bütün hissələri ilə yaxından tanış olub bəhrələndiyi heç bir şübhə doğurmur. “İskəndərnamə”də bütün tanınmış yunan filosoflarının hamısını danışdıran şair onların “dünyanın yaranışı” haqqındakı fikir sistemlərini özünəməxsus şeir dili ilə xülasə etmişdir. Bundan əlavə şair tarixə, dinlərə, hikmətə, həndəsəyə, riyaziyyata, astronomiyaya, sehriyyat və əsatirə dair geniş məlumata sahib olduğunu göstərmişdir. Əsərlərini təşkil edən canlı səhifələr zamanının əsl bir ensiklopediyasıdır.

Şairin musiqi aləmində geniş biliyə malik olduğunu Barbədin Xosrov Pərvizə çaldığı otuz mahnının ustalıqla hərəsini bir beytlə təsvir etdiyindən, ədəbiyyat sahəsində olan dərin məlumatını “Kəlilə və Dimnə”nin təmsillərinin qırxını qırx beytə sığışdıra bildiyindən, İslam elmlərinin dərinliklərinə vardığını Quran, hədis, İslam peyğəmbərinin tərcümeyi-halı və onun haqqındakı rəvayətlərdən bol-bol iqtibaslarından, astronomiya aləmində böyük mütəxəssis olduğunu isə Məcnunun ulduzlara öz vəziyyətini şərh etməyindən öyrənirik. Həkimliyin, təbabətin mahiyyətini şair iki kəlmə ilə izah edir: “Nə az ye, nə də çox…”

.