Читать книгу Şəhid Ənvər Paşa (Nevzat Kösoğlu) онлайн бесплатно на Bookz (3-ая страница книги)
bannerbanner
Şəhid Ənvər Paşa
Şəhid Ənvər Paşa
Оценить:
Şəhid Ənvər Paşa

3

Полная версия:

Şəhid Ənvər Paşa

"Üç Vilayət" (Vilayat-i Seləse) olaraq xatırlanan və əhalisinin yarısından çoxu müsəlman olan Selanik, Kosova və Monastır vilayətlərində, ikinci böyük xalq olan Bolqarlar "Makedoniya makedoniyalılarındır" şüarı ilə 1902-ci ildə qiyam qaldırarlar. Daha əvvəl 1877-ci ildə Rus müharibəsi sonrasında “Ayaste-fenos razılaşması” ilə Makedoniya Bolqarlara verilsə də, daha sonrakı “Berlin razılaşması”nda geri alınmışdı. Amma əsl böyük qiyam illərcə sürən silahlanma və təşkilatlanmadan sonra 1903-cü ilin avqustunda başladı. Çox qanlı prosesə çevrilən və on beş-iyirmi min qiyamçının qatıldığı deyilən qiyamı Osmanlı ordusu ancaq üç ay içində yatıra bildi. Amma onların əsl məqsədi Av-ropa və Rus müdaxiləsini təmin etmək idi.

21 iyul 1905-ci ildə “Cümə görüşündə” Sultan Həmidə bomba atılsa da, nəticəsi olmur. Xarici dövlətlərin müdaxilələri gün keçdikcə artmaqdadır. 1906-cı ildə Makedoniyadakı maliyyə islahatı bəhanə edilərək Midilli və Limni gömrük və poçt-teleqraf binaları xaricilər tərəfindən işğal edilmişdi.

Balkanlarda Osmanlı zabitləri bu qeyri-müsəlman üsyançılara qarşı bezdirici mübarizələrində qəhrəmancasına vuruşurdular. Xüsusilə 1903-cü il qiyamından sonra Osmanlı zabitləri də daha hazırlıqlı olmuşdular; üsyançı dəstələrə qarşı, sadəcə vəzifə olduğu üçün deyil, ehtirasla döyüşürdülər. Bəli, mayor Ənvər onların arasında idi. Bismillahsız addım atmayan bu gənc zabit "Ya Rəbbi! Mənə, vətənimə, millətimə və dinimə yaxşı xidmətlər etməyi nəsib et", – deyə davamlı dua edir, qorxu tanımırdı. Və ulduzu parlayırdı. Şövkət Süreyya bəy deyir ki: "Bu həmin Ənvər Bəydir ki on il sonra ordudakı komanda heyətinin hamısını təmizləyəcək. Balkan müharibəsində az qala güllə atmadan dağılan bir ordudan yalnız bir il yarım sonra idarəçilik işlərində dünyanın, bəlkə də, ən intizamlı ordusunu quracaq." (Ş. Süreyya Aydəmir, Makedoniyadan Orta Asiyaya Ənvər Paşa, İstanbul 1970, c. I, s. 483)

Makedoniyada döyüşən zabitlər, eyni zamanda Hökumət üçün Sultan Həmidə qarşı təşkilatlanırdılar. Onları özlərindən çıxaran əsas faktor üsyançılar deyil, xarici dövlətlərin müdaxilələri qarşısında Osmanlı Hökumətinin çarəsizliyi idi. Belə bir hadisə yaşanır: Monastırdakı Rus konsulu küçələrdə gəzir və rast gəldiyi Osmanlı əsgərlərini təhqir edir, hətta qamçısı ilə vururmuş. Bir gün yenə eyni tərbiyəsizliyi edib polis bölməsinin növbətçisi Halimi vuranda əsgər tüfəngini qaldırır və konsulu küçəyə sərir. Dünya ayağa qalxır və qürurunu qoruyan Osmanlı əsgəri Halim “Divan-i Harb” qərarıyla edam edilir. Gənc zabitlər bu cür alçaldılmaları qürurlarına sığışdıra bilmirdilər; üsyançılara istənilən şəraitdə vuruşub ölürdülər, amma bunu həzm edə bilmirdilər. Ənvər bəy də bütün digər gənc Osmanlı zabitləri kimi "Nə vaxt bizdə məntiqli bir idarə qurulacaq, nə vaxt özünü belə təhqirlərdən təmizləyə biləcək və qoruya biləcək bir dövlət olacağıq!" deyə hirslə düşünürdü. Ənvər bəyin idarə etdiyi batareya Rus konsulunun ölümünə görə beş yaylım atəşi açmaq məcburiyyətində qalmışdı və Ənvər Paşa Osmanlının çarəsizlik içindəki bu zülmünü ölənə qədər unutmayacaqdı. Çox sonrakı qeydlərində, Avropanın Osmanlılar üzərindəki çevrəsini daralda-daralda Türkləri əzməkdə davam etdiyini, Rus hökumətinin bu əsgəri asdırmaqla "Osmanlıların izzəti-nəfsini daha da alçaldaraq onları əsiri olmağa alışdıracağını zənn edirdi." (Masayuki Yamauchi, Məmnun olmamış adam – Ənvər Paşa, İstanbul 1995, s. 288) deyə yazacaq.

Çox təəssüf ki, bu gənc zabitlər dövlətin zəifliyini başda padşah Əbdülhəmid Xan olmaqla Saray ətrafındakı şəxslərə bağlayır və bu çərçivədə aparılacaq dəyişikliklərlə xilas ola biləcəklərini düşünürdülər

“Cemiyet-i Mukaddese” və vətəni xilas etmək

Osmanlının son dövrünün proseslərini şərh edəcək və cəmiyyəti bütövlükdə qucaqlayacaq tək və təsirli bir siyasi təşkilatlanma olaraq İttihad və Tərəqqi Partiyası, Hərbi Tibb məktəbinin beş tələbəsi tərəfindən qurulan gizli birlikdir. 3 iyun 1889-cu ildə Hərbi Tibb məktəbində qurulan birliyin adı İttihadi Osmani Cəmiyyətidir. İshak Sükutu, İbrahim Temo, Abdullah Cövdət, Məmməd Rəşid və Konyalı Hikmət Emin adlı beş tələbə tərəfindən qurulan gizli Təşkilatin məqsədi vətəni xilas etməkdir. Vətəni qurtarmaq dedikdə isə Sultan II Əbdülhəmid hakimiyyətini devirməyi nəzərdə tuturlar. Bəzən Sultan Həmidə qədər uzanan, ümumiyyətlə, onun ətrafı haqqında təbliğatlar edərək ətraflarını genişlədər, bir müxalifət mərkəzi halına gəlməyə çalışarlar.

Bu müxalifət, xarici dövlətlərin Osmanlının daxili problemlərinə müdaxilələrini qəbul edə bilməyən və qürurları qırılan gənc zabitlərin diqqətini çəkir; Osmanlı rəhbərliyinin bacarıqsızlığı və cəhalətini səbəb olaraq görən bu təbəqə, rəhbərliyin devrilməsi və güclü bir idarəçiliyin qurulmasıyla hər şeyin düzələcəyini zənn edirdilər. “Qanuni Əsasi” bu xəyalın simvolu halına gətirilmişdir, elan edilməsiylə Tənzimatın bacara bilmədiyi Osmanlı qardaşlığı reallaşacaq. Bu gün bizə çox yüngül görünən bu düşüncələr, asan yoldan məmləkəti qurtarmaq həvəsində olan o günün bəzi əsgər və ziyalıları üçün təsiredici bir inanc halına gəlmişdir.14 Bir çox ziddiyyət bir yerdə yaşanır; amma, fərq edilə bilmir. 1856-ci il İslahat Fərmanının müsəlman-qeyri-müsəlman siyasi bərabərliyini elan etməsinin Osmanlı xalqını bir millət halına gətirmədiyini, bütünlüyünü təmin etmədiyini, tam tərsinə ayrılıq və bölünmələrin önünü açıb dərinləşdirdiyini bu vətənpərvərlər görə bilməmişdilər. Bunu görə bilməyənlər, əlbəttə ki, bütün bu "anâsır-ı muhtelife"15nin meydana gətirəcəyi bir “Meclis-i Mebusan”ın16 birlik deyil, nifaq mərkəzi olaraq çalışacağını, bölünməyi gücləndirəcəyini, formalaşdıracağını düşünə bilməmişdilər. Çünki bunları düşünərək Osmanlının problemlərinə həllər axtarmaq çətin işdir və Sultan II Əbdül-həmidin etməyə çalışdığı budur. Amma, gənc zabitlərimiz, işin asan yoldan şərhi varkən, elə çətin suallarla məşğul olacaq səviyyədə deyildilər. O qədər ki, milli qüruru zədələndiyi üçün ayağa qalxan insanlar rum, erməni, yaxud bolqar milliyyətçiləri ilə eyni cərgədə Osmanlı sultanına qarşı döyüşə girirdilər. İşin qəribə tərəfi bu zabitlərin Ənvər bəy daxil çoxu bir tərəfdən də dağlarda bu üsyançılarla döyüş halındadırlar. Böyük dövlətlərin müdaxilələrini qürurlarına sığışdıra bilməyib üsyan edənlər Osmanlını yenidən qurmağa çalışan padşaha qarşı bu dövlətlərin dəstəyini tələb edir, yaxud səs çıxarmazdılar. Ən qısa və köhnə şəkildə ifadə etsək, əsgər-vətəndaş ziyalılarımız, tam bir "ruhi və fikri teşevvüş" (qarışıqlıq) halındadılar.

Dövrün təhsil almışlarının hamısı Avropa təsiri altındadır və Qərbi nümunə götürməkdədirlər. Tripolidə İtalyanlarla vuruşarkən gənc Osmanlı zabiti və bir İttihadçı olan Ənvər bəy, xarici dostuna, qadın hüquqları mövzusunda bunları yazır:

"Amma, madam ki Avropanın mədəniyyətiylə bizdən daha üstün olduğunu və mövcudiyyətimizi davam etdirmək üçün bu mədəniyyəti təqlid etmək məcburiyyətində olduğumuzu söyləyirəm, o zaman bu mədəniyyətin pislikləri də istər-istəməz bizə gələcəkdir. Amma inşallah qadınlarımızın köhnə həyatından bir az da olsa nələrinsə qalması üçün daha diqqətli olarıq." (Hanioğlu, h.d.ə., 28 sentyabr 1912, mek.124)

Bu sətirlərdə Avropanın mədəniyyət üstünlüyünü qəbul etmiş olan insan yalnız sözləriylə deyil bütün həyatıyla tam inanmış bir Osmanlı və İslam qəhrəmanıdır, amma məmləkəti xilas etmək məsələsində beyni çox qarışdırılıb. Eynilə digərləri kimi Qərbi bütün təşkilatlarıyla qavrayıb şərh edə biləcək, iki cəmiyyət və mədəniyyət arasındakı fərqləri dəyərləndirəcək gücdə deyil. Bu baxımdan yuxarıdakı sözlər tək-tək ifadə edilmiş olsun, ya da olmasın, bütün bir dövrün oxumuşlarının ortaq qənaətidir.

Özünə, yəni öz mədəniyyətinə olan etibarı sarsılıb, həlli xarici mədəniyyətlərdə axtaran və xarici heyranlığına düşən oxumuşlar üçün zehni qarışıqlıq və qiymətləndirmə zəifliyi qaçınılmazdır. Osmanlı üçün çıxış çətinliyi bundadır ki, ənənəvi mədəniyyətimizə bağlı olanların, mədrəsədən yetişənlərin gərginlikləri, yaradıcı gücləri itmişdir. Bunlar Osmanlının problemləri barədə Katib Çələbidən, Koçi bəydən bəri görüşlər irəli sürsələr də, hərəkət gücünü itirmişdilər. Hücumçu olan, diri olan, gərginliyi yüksək olanlar yeni məktəblərdə yetişənlərdir; onlar da milli mədəniyyətlərinə etibarı sarsılmış, istiqaməti oxu-muşlardır. Sultan Həmid öz qurduğu məktəblərə istiqamət verə bilsəydi, canlandırmağa çalışdığı zehniyyəti buralarda hakim edə bilsəydi, bəlkə də, milli müqəddəslərimiz barədə bir dirçəliş hərəkatını başlada bilərdi. Çünki simvolu Ənvər Paşadır dediyimiz bu son dövr Osmanlı nəsilləri fövqəladə yaradılış imkanlarına sahib insanlar idi.

* * *

İttihadi Osmanı Cəmiyyəti 1895-ci ildən etibarən, məktəb xaricində ətrafını genişlətmək qərarı alır və Parisdəki Əhməd Rza bəylə əlaqəyə keçir. Əhməd Rza bəyin təklifi ilə Cəmiyyətin adı Osmanlı İttihad və Tərəqqi Cəmiyyəti olaraq dəyişdirilir. Cəmiyyət o il İstanbulda meydana gələn və "erməni patırdısı" olaraq xatırlanan qiyamı erməni qiyamı olaraq göstərən və küçələrə bunu padşah ətrafının təşkil etdiyi təbliğatını ehtiva edən afişalar asmağa çalışırlar. Abdullah Cövdət daxil yetmiş gizli cəmiyyət üzvü həbs olunaraq sürgünə göndərilir. Vətəni xilas edəcək “cəmiyyətçilər” bu xəyanət və saxtakarlıqlarıyla böyük dövlətlərin “Bab-i Ali”yə müdaxiləsinə zəmin hazırlamaq niyyətindədirlər.

Gizli cəmiyyət müxtəlif mərkəzlərdən icra edilən sıx təbliğatlarla bir tərəfdən də böyüməkdə və hər cür müxaliflərin toplandığı bir quruluşa çevrilməkdədir. 1896-cı ildən etibarən Hərb Məktəbində komitələr qurulmağa başlanır. Eyni il, Cəmiyyət içindəki anlaşılmazlıqlar səbəbiylə Əhməd Rza bəy başçılıqdan aşaraq yerinə Parisə gəlmiş olan Mizançı Murad bəy gətirilər. Bu dövrdə böyük dövlətlərin dəstəyini alaraq siyasi həll yolunda təbliğat aparılır. Cəmiyyətin 1896-cı və 1897-ci ildə iki müvəffəqiyyətsiz çevrilişə cəhdi olur və iştirakçılar həbs olunur.

1897-ci ildə türk-yunan savaşındakı zəfərimiz Sarayın gücünü artırır. Xaricdəki Murad bəy başda olmaq üzrə bir çox “Jön türk”, Sultan Həmidin əfvinə sığınaraq yurda dönür və Padşahın lütfüylə vəzifələrə yerləşdirilirlər. Əhməd Rza və ətrafı işlərinə davam edir. 1898-99-cu illərdə yenidən Sultan Həmidin adamlarıyla razılığa girişərlər; bir qismi xaricdəki Osmanlı səfirliklərində vəzifələrə gətirilir; Cəmiyyətin xaricdəki bəzi şöbələri bağlanır; bir çöküntü yaşanır.

Bu illərdə Şahzadə Səbahəddin bəy və Lütfullah bəyin Parisə qaçıb, cəmiyyəti maliyyə baxımından dəstəkləməyə başlamaları ilə yeni bir canlılıq başlayır. 4-9 fevral 1902-ci ildə toplanan Birinci Jön Türk konqresində anlaşılmazlıqlar yaşanır. Şahzadə Səbahəddin və ətrafındakı rum, erməni və alban nümayəndələr, Sultan Həmidi devirmək üçün 1878-ci il “Berlin razılaşması”na tərəf olan dövlətlərin müdaxilələrinin təmin edilməsini istəyən bir qanun layihəsi təqdim edirlər. Əhməd Rza bəy və Cenevredən gələn Jön Türklərin etirazlarına baxmayaraq, qanun qəbul edilir. Cəmiyyət ikiyə bölünür. Şahzadə Səbahəddin və ətrafı “Osmanlı Hürriyetperveran Cəmiyyəti”ni qururlar. Əhməd Rza bəy və yoldaşları isə “Tərəqqi və İttihad Cəmiyyəti” adını alaraq “Şura-yı Ümmət” qəzetini çıxarmağa başlayırlar. Bu parçalanmada, Şahzadə Səbahəddinin “edəm-i mərkəziyyətçi” və azadlıqlara vurğu edən fikirləriylə Əhməd Rza bəyin mərkəziyyətçi və radikal türkçü mövqeyi arasındakı qarşıdurma da öz təsirini göstərmişdir.

1905-ci ildə Parisə qaçan Dr. Nazım və Bahattin Şakirin səyləriylə Cəmiyyət daha da canlanır. 1906-cı ildə Selanikdə qurulmuş bir başqa gizli cəmiyyət olan “Osmanlı Azadlıq Cəmiyyəti” ilə “Tərəqqi və İttihad Cəmiyyəti” 1907-ci ildə birləşir, “İttihad və Tərəqqi” adını alır. Bu vaxt ölkədaxili təşkilatlanmalar sürətlənir.

Hikmət Bayur Əhməd Rza bəyin yazılarına və “Şura-yı Ümmət” qəzetinə söykənən Cəmiyyətin 1906-cı ilə qədər qiyamçılığın əleyhində olduğunu, (Hikmət Bayur, Türk İnqilab Tarixi, Ankara, 1983, c. 2, Hissə 4, s. 12) bu tarixlərdən etibarən, xüsusilə ordu mənsublarının ağırlığı artdıqca qiyamçılığa sürükləndiyini yazır. Başlanğıcda xarici dövlətlərin, ümumi islahatların tətbiq olunması üçün padşaha təzyiq etmələri açıq şəkildə istəndiyi halda, etnik qaynaqlı islahatlara müdaxiləni rədd etdiyi (Bayur, haqqında danışılan əsər, c. 1, Hissə 1, s. 249 .), getdikcə də nə şəkildə olursa-olsun, xarici müdaxilələrə qarşı çıxdığı görülməkdədir. Məhəlli yaxud etnik muxatariyyətlərə lap əvvəldən qarşı çıxılmışdır. Cəmiyyət, rəhbərlikdə mərkəziyyətçiliyi sərgiləyən mövqeyini sonuna qədər davam etdirmişdir. Cəmiyyət mənsubları, bir tərəfdən hadisələrin fonunda özbaşına meydana çıxan Türkçülük və İslamçılıq həssaslıqlarına əsaslanır. İctimai quruluş və mənəvi həyatımızda özümüz olaraq qalıb Qərbin elm və texnikasını götürməyimiz kifayətdir. Zamanın oxumuşlarından birinə aid olan bu məktub sətirləri daha sonra Ziya Göyalpın fikirlərinin də əsası olacaq:

"Biz Firəng təqlidçisi deyilik. Elə olanlardan da çəkinərik. Avropalıların texnikadakı yüksəlişləri inkar edilə bilməz. Yaponlar kimi biz də Firənglərin texnikadakı inkişaflarını öyrənmək və tək bu qismin məmləkətimizdə tətbiq edildiyini görmək istəyərik. Yoxsa əxlaq və ənənələr baxımdan Müsəlman, əlbəttə ki, Firənglərə qat-qat üstündür." (Bayur, haqqında danışı-lan əsər, c. 2, His. 4, s. 88)

1907-ci ildə yenə Parisdə “İkinci Jön Türk Konqresi” toplanar. Bir ortaq fəaliyyət komitəsi yaradılır. Bütün müxalifət tək mərkəzdə birləşmiş kimi görünür. Bu konqresdə qəbul edilən qərarların, o günün şərtləri daxilində qiymətini vermək çətindir; qərarlar ürküdücü və altındakı imzalar düşündürücüdür. Sultan Həmid rəhbərliyi "Xarici siyasətdə azadlıqpərvər dövlətlərin rəğbət və söhbətini nifrətə çevirdiyi" iddiasıyla qınanmaqda, buna qarşı "İndiki rəhbərliyin əsasən dəyişməsi, məsləhətləşmə üsulunun və Hökumətin qurulması" lazım olduğu bildirilərək bu "uca məqsəd" üçün bütün Osmanlı vətəndaşlarına bu mübarizə yolları nəsihət edilməkdədir:

1. Hökumətin fəaliyyət və hərəkətlərinə qarşı silahla müqavimət göstərmək.

2. Siyasi və iqtisadi tətillərlə, silahsız müqavimət (Məmurlar üçün tətil hərəkatlaarı)

3. Hökumətə vergi verməmək.

4.Ordu içində təbliğat aparmaq. Hərbçilər vətən övladlarına və qiyamçılara qarşı çıxmamağa çağırılacaq.

5. Ümumi bir qiyam.

6. Hadisələrin göstərdiyi zərurətə görə digər lazımlı vasitələrlə mübarizə.

Qərar belə sona çatır:

"Yaşasın indiyə qədər tək olan millətlərin birliyi! Yaşasın ictimai güclərin toplanması!"

Ziya Nur bəyin "”Dövləti Aliyyəni” yıxmaqdan, mənsub olduqları xalqların fəlakətini hazırlamaqdan başqa bir nəticə verməyəcək olan bu xəcalət və xəyanət vəsiqəsi" dediyi sənədin altında bu cəmiyyətlərin imzası var: “Osmanlı Tərəqqi və İttihad Cəmiyyəti” (nəşr orqanları “Şura-yi Ümmət” və “Meşveret”), “Erməni Qiyam Heyəti Müttefikası” – Daşnaksütun – (nəşr orqanı “Duruşak”), “Misir Cəmiyyəti İsrailiyesi” (nəşr orqanı “Lavara”), “Xilafət” – Türkcə və Ərəbcə Yazı Qurumu, mərkəzi London; “Armenya” qəzeti idarə heyəti – mərkəzi Marseldə; Balkan ölkələrindən idarə olunan “Ruzmik”; idarə heyəti, rəhbərliyi Amerikada yerləşən, “Hayrenik”; “Ahd-i Osmani Cəmiyyəti” – Misirdə, “Təşəbbüsi- Şahsi və Adem-i Merkeziyet, Meşrutiyet Cəmiyyəti” (nəşr orqanı “Tərəqqi”.) (Bayur, haqqında danışılan əsər, c. 4, his. 4, s. 138)

“Osmanlı Tərəqqi və İttihad Cəmiyyəti”nin bu qərarların altında imzasının olması izaholunmazdır. Çünki yuxarıda toxunulduğu hissənin təməl qanunlarına zidd olduğu kimi, Selanik mərkəzinə göndərdikləri hesabatda qeyri-müsəlmanların niyyətlərinin fərqində olduqlarını ifadə etməkdədirlər. Selanik mərkəzinə bu qərarları bildirən hesabatda ermənilərin Cəmiyyətlə əməkdaşlıq etmək istədikləri və "xam xəyallarını ürəklərində saxladıqları” bildirilməkdədir. Eyni zamanda bolqar və rumların öz hökumətlərindən əmr aldıqlarını, Osmanlı rum və bolqarlarını düşünmədiklərini, buna görə onlarla əməkdaşlığın mümkün olmadığı bildirilməkdədir.

1908-ci ildən etibarən Cəmiyyətin ölkədaxili işləri sürətlənir; ağırlıq ordu mənsublarındandır. “Cemiyyet-i Mukaddese” olaraq tanınan təşkilat Osmanlı cəmiyyətinin çox da vərdiş etmədiyi sıx bir təbliğat ilə hücumlara girişir.

Hərçənd Cəmiyyət hələ Parisdə fəaliyyət göstərdiyi illərdən etibarən Qafqaz və Türkistan türkləri ilə maraqlanmağa başlamış, oralar üçün xüsusi iş proqramları hazırlanmışdır; məktublaşmalar vardır: "Bir müddət üçün Rusiyaya olan düşmənçiliyinizi, hələ Türkiyəyə iltihak etmək ideyalarınızı ürəyinizdə saxlamağa cəhd göstərin." (Bayur, haqqında danışılan əsər, c. 1, h. 1, s. 342 vd.) Ancaq iqtidara yaxınlaşdıqca yaxud iqtidarı dövründə “İttihad və Tərəqqi”nin fikir və mövqeləri çox dəyişir. Bu dəyişmələr onların bəyinlərinə yeridilən yaxud kitabdan gələn düşüncələrinin Osmanlı Dövlət və cəmiyyət gerçəyi ilə qarşılaşmasından doğulmuş olmalıdır. Ən qısa şəkildə ifadə etsək, bu düşüncə islamçı-türkçü bir xətt izləyir. İslamçılıq həssaslığında İngilislərin Xilafət qorxusunu Türkçülükdə də Rusiyanın narahatlıqlarını düşünərək yüksək səslə danışmamağa çalışmışlar. Ancaq Dövlətin son anına qədər rəsmi Osmanlıçılıq siyasətindən heç bir zaman ayrılmamışdılar.

1910-cu ildən etibarən Ziya Göyalpın “İttihad və Tərəqqi” üzərində təsirləri görünməyə başlayır. Bəzi yazarlar bunu “İttihad və Tərəqqi” mürşidliyi olaraq xarakterizə edərlər.

"Selanikdən qalxıb İstanbula gəldikdən və burada yerləşdikdən sonra Ziya Göyalp ətrafında miqdarı getdikcə artan bir sıra müridlər toplamağa və özü də bunların arasında milli bir dərgah postuna oturmuş mürşid kimi mövqe seçdi” (Alaattin Korkmaz, Ziya Göyalp, Hərəkatı, Ank.1988, s. 261; Mühittin Birgen, “İttihad Tərəqqidə on il, c. I, İİst.2006, s. 360.) "Dünyanın şərqi də, qərbi də bizə açıqca göstərir ki, bu əsr milliyyət əsridir; bu əsrin vicdanları üzərində ən təsirli qüvvət milliyyət məfkurəsidir. Dövlət ancaq bunun fərqində olanlar tərəfindən idarə oluna bilər və "Milliyyət hissinin hakim olduğu bir məmləkəti, ancaq milliyyət zövqünü nəfsində duyanlar idarə edə bilər." (“Türkləşmək, İslamlaşmaq, Müasirləşmək”yə istinadən N. Kösoğlu, Türk Milliyyətçiliyinin Doğuşu və Ziya Göyalp , İst.2005, s. 158)

Göyalp Türkçülük və İslamçılığı bir-birini möhkəmləndirən iki siyasət olaraq şərh edir və siyasi hərəkata yol göstərməyə çalışırdı. Hadisələrin məcbur etdiyi istiqamət də bundan fərqli deyildi. İttihad Tərəqqi Partiyasının Ümumi katibli olmuş Fəthi Okyarın Partiyanı qiymətləndirməsi belədir:

"O şərtlər içində fikir adamlarını və təşkilatları olmayan və gizli çalışan bir cəmiyyətin başqa qaynaqlardan ilhamlanması çox təbii hətta zəruri idi. Necə ki bu qaynaqlar Balkan komitaçılığından Mason lojalarına qədər uzanan ziqzaqlar içində idi. Lakin, şübhəsiz, olan bu idi: İttihad və Tərəqqi, bəlkə, o günün şərtləri içində açıqca ifadə edilməsi qeyri-mümkün və hətta rəhbərlikdə olanların da fəlsəfə və fikir olaraq ifadə edə bilməyəcəkləri şəkildə türk milliyyətçisi idi." (Fəthi Okyar, Üç dövrdə bir adam, İstanbul 1980, s. 23) Hökumətin elanından sonra "İki ay içində az qala bütün ölkədə Cəmiyyətin şöbələri açılmışdı. Bura diqqətimdən qaçmırdı: Məmləkətdə oxucu-yazar azlığına, vilayət, bayraq və qəzalarda həkimlik, əczaçılıq, baytarlıq, hətta az sayda olmaqla birlikdə mühəndislik peşələri Türk və Müsəlman olmayan rum-erməni-yəhudilərin əlində olmasına, bizim din, irq, məzhəb, milliyyət fərqinə baxmadan Osmanlı olduğumuzu israrla elanımıza baxmayaraq, təşkilat üçün müraciət edənlər arasında, az qala Türklərdən qeyrisi yox idi". (Fəthi Okyar, haqqında danışılan əsər, s. 27-28)

Osmanlı siyasi həyatında getdikcə, ümumiyyətlə, Türk olmayan ünsürlərin müxalifət cəbhəsində toplanması, türklərin də İttihad Tərəqqiyə yönəlməsini sürətləndirir. Partiya bu baxımdan da zəruri olaraq türkçülüyə yönəlir. (Mühittin Birgen, “İttihad Tərəqqi”də on il, İstanbul 2006, c. I, s. 113)

Göyalpı yaxından tanıyan və o illərdə İttihadçıların “Tanin” qəzetində redaktorluq edən Mühitdin Birgen belə yazır:

"Bəli Ziya Göyalp belə bir adam idi. İçində fikir ilə şeiri bir-birinə qarışdırmış kah fikirlərinin məşəli ilə ətrafını işıqlandıraraq, kah şeir və xülyanın buludları üstündə göylərdə səyahətə çıxaraq, Türkiyə üçün fikir aləmində bələdçilik edirdi. Yavaş-yavaş Ziya Göyalp “İttihad və Tərəqqi”yə müəyyən bir ictimai və siyasi əqidə verən ruh oldu. O, Ümumi Mərkəzdə bu işi başlayana qədər “İttihad Tərəqqi” içində ictimai və siyasi fikir olmaq üzrə heç bir şey yox idi deyə bilərik. Həm məmləkət daxili, həm “İttihad və Tərəqqi” mühitində çox müxtəlif fikirlər vardı; lakin, bunların heç biri sistemlənməmiş, başdan-ayağa müəyyən bir fəlsəfədən ruh almış deyildi. Bütün fikirlər, xüsusilə, yenilik və inqilab fikirləri, əksəriyyətlə şəklə və zahiri görünüşlərə aid şeylər idi. O, ilk dəfə olaraq Avropanı Türkə görə oxumuş, Türk gözüylə araşdırmış və Türk ruhuyla anlamış insan olaraq ortaya çıxırdı… O tarixlərdə məmləkətdə yeganə sistematik fikir hərəkatı, “İttihad və Tərəqqi”nin sağ tərəfində idi." (Birgen, haqqında danışılan əsər, s. 364)

Köhnə bir “İttihadçı” olan Cəlal Bayar, keçmiş Osmanlı rəhbərlərini günahlandıraraq Osmanlılıq hüququnun qoruna bilmədiyini söyləyir. "Nə qədər qaydalar, adətlər varsa, hamısı Osmanlılığın əleyhinə, Osmanlı düşmənlərinin lehində idi". Buna görə İttihad və Tərəqqi siyasi baxımdan, bu qaydaları dəyişdirmək üçün inqilabçı. ictimai həyatında təkamülçü idi, deyir. (Cəlal Bayar, Mən də yazdım, İstanbul 1966, c. II, s. 432) Bayar, 1856-cı il “İslahat fərmanı”nın gətirdiyi müsəlman-qeyri-müsəlman siyasi bərabərliyinə toxunmadan, heç bir siyasi haqqı olmayan tayfa və camaatların ictimai nüfuzlarını genişlədərək siyasi güc halına gəldiklərini və hökumətlə mübarizəyə girdiklərini yazır. Lakin qeyri-müsəlmanların Osmanlı Məclisində təmsil hüququ əldə etmələri bir tərəfə haqqında danışılan ictimai qrupların, Hökumət sisteminin verdiyi imkanlarla güc Kazandıqları və parçalayıcı olduqlarının fərqində olmur.

İttihadçılığın bir xüsusiyyətinin də terrorçuluq yaxud "terror davranışı" olduğu deyilmişdir. Bunu hər məsələni qüvvətə söykənərək qısa və asan yoldan həll etmə anlayışı olaraq ifadə edə bilərik. Doğru olmaqla birlikdə bu rəftarın “İttihadçılar”a xas olduğunu düşünmək səhvdir; əsgərin içində olduğu bütün siyasi hərəkatlarda eyni tutumu görərik. “İttihadçıların” da, xüsusilə, güclü olan hərbi qanadı, Selanik mərkəzli III Ordu mənsublarıdır və gənc yaşlarından etibarən qiyamçı təqibi və qarşıdurmalarıyla həyata atılıbar. Problemlərin qüvvətlə və birbaşa həll edilməsi onlar üçün bir təhsil məsələsindən çox yaşanan bir həyat vərdişidir. Eyni zamanda bu nəslin tələsik həll yolu axtardığı və bunun üçün də həyat bahasına olsa da, asan həllərə meyilləndiyi unudulmamalıdır. Osmanlının həyatında və təhsillərində demokratik bir quruluş və tərbiyə götürməyən bu insanların, vərdişlərini siyasi həyata da əks etdirmələri təbiidir. Bilirik ki, ilk siyasi partiya, bir gizli qiyam cəmiyyəti olaraq qurulmuşdur. Bu cəmiyyətə mənsub bir hərbi tibb məktəbi şagirdinin, 1907-ci ildə yazdığı bir məktubunda bu sətirlər vardır:

"Məqsədimiz təkamülə bağlı olmaq deyil, onu silah ilə, ölüm ilə, qan ilə tezləşdirməkdir… Vətənin yarasının dərmanı silah və barıtdır…"

Bu ifadələri bir az uşaqca qəbul etsək də, dövrün ab-havasını əks etdirir.

Ənvər bəy cəmiyyətdə


Ənvər bəy, 1906-cı ilin sentyabrında Osmanlı qürurunu təmsil edə biləcək güclü bir iqtidarın xəyalları içində Selanikdəki Osmanlı Azadlıq Cəmiyyətinə daxil olur. Poçt məmuru Tələt bəyi orada tanıyır, –"Ona qarşı böyük məhəbbət hiss etdim", – deyə yazır. Bu cəmiyyət III Ordu mərkəzi olan Selanikdə, Tələt bəy, Midhət Şükrü (Bleda), Bursalı Tahir (Ongun), Kazım Nami (Duru), İsmail (Canpolat), Ömər Naci və yoldaşları tərəfindən qurulmuşdur. İtalyan Karbonari tərzində gizli təşkilatlanması və masonik mərasimlərə bənzər and mərasimləri vardır. Cəmiyyət mənsubları, əsasən, əsgərlərdir. Bu cür bir gizlilik və şişirdilmiş mərasimlər, xüsusilə, narazı gənc zabitlərin marağını çəkməkdədir və mistik bir təsir oyandırmaqdadır. Beləcə, qanı qaynayan gənclər, nəticəsini çox da düşünmədən, mahiyyəti məchul “vətəni xilas etmək” oyununa qatılmaqdadır.

Zabitlərin yüksəlişinin nizamlı ola bilməməsi, maaş və ödənişlərin həm az, həm də zamanında ödənə bilməməsi kimi ordudaxili çətinliklər narazılar zümrəsini artırmaqdadır. İstanbuldakı Mərkəz Ordusunun heç bir problem yaşamadığı, paşa övladlarına rütbələr paylandığı kimi təbliğatlar hər kəsin dilindədir. Selanik masonlarının da dəstəyini almış olan bu Təşkilatin qurucularından Midhət Şükrü cəmiyyətin ilk günlərini belə izah edər:

"Ən böyük zövqümüz Saray idarəsinə rahatca müzakirə etmək idi… Bu müzakirələr Padşaha uzaqdan yumruq yelləmələr, evimizin dörd divarını aşmırdı." (Ziya Nur Aksun, Osmanlı Tarixi, İstanbul 1994, c. 5, s. 74)

Selanikdə olduğu bir gün əmisi baş leytenant Xəlil bəy Ənvər bəyə "cəmiyyətdən" bəhs edir. Xəstə olan yoldaşları Hafiz Haqqını ziyarət edib; ona da məlumat verərlər. Xəlildən şərtləri soruşanda, o da "Məmləkətdə qanuni idarənin qurulmasına çalışmaq, 1877-ci Konstitusiyasının tətbiq olunmasını təmin etməkdən ibarətdir", – deyə cavab verir. Ənvər bəy əmisindən ayrıldıqdan sonra Selanik Rüşdiye müdiri olan, sevib-saydığı mayor Bursalı Məmməd Tahir bəyi ziyarət edir. Ona belə bir təklif gəldiyini söyləyərək fikirini öyrənmək istəyir. M.Tahir bəy şübhələnsə də, Ənvərin saflıq və səmimiyyətinə inandığından belə bir cəmiyyətin var olduğunu, özünün də üzv olduğunu açıqlayır, "Sən də gir, yaxşı olar" deyir. Ənvər bəy sabahısı gün Monastıra dönmək məcburiyyətində olduğunu söyləyincə, evində gözləməsini, gecə yarısı onu aparmağa gələcəklərini və aparacaqları yerdə xüsusi bir and içdikdən sonra cəmiyyətə girmiş olacağını söyləyir.

bannerbanner