скачать книгу бесплатно
– Yaxşı, baxarıq.
Sonra o, komendanta müraciət edərək dedi:
– Doğrudan da bu zavallıya yazığım gəlir. Biz yuxarı qayıtdıqda, onun şəxsi işini mənə göstərərsiniz.
Komendant cavab verdi:
– Əlbəttə, lakin qorxuram, orada onun haqda ən xoşagəlməz məlumatlar görəsiniz.
– Bilirəm, – deyə Dantes davam etdi, – bilirəm ki, səlahiyyətinizə görə siz məni azad edə bilməzsiniz; lakin siz mənim xahişimi yuxarıda rəhbərliyə çatdıra bilərsiniz, istintaq apara bilərsiniz, nəhayət məni məhkəməyə verə bilərsiniz. Məhkəmə! Mənim, təkcə istədiyim budur; qoy hansı cinayəti törətdiyimi və hansı cəza verildiyini özümə desinlər. Axı məlumatsızlıq dünyada bütün edamlardan pisdir!
Müfəttiş dedi:
– Araşdıraram.
Dantes uca səslə dedi:
– Səsinizdən kədərləndiyinizi anlayıram! Mənə deyin görüm, ümid edə bilərəmmi?
Müfəttiş dedi:
– Sizə belə sözü deyə bilmərəm, ancaq işinizi araşdırmağa söz verə bilərəm.
– Bu halda mən azad oluna, xilas edilə bilərəm!
Müfəttiş soruşdu:
– Sizi həbs etməyi kim əmr edib?
Dantes cavab verdi:
– Cənab de Vilfor. Onunla görüşün.
– Cənab de Vilfor artıq Marseldə deyil; bir ildir Tuluzadadır.
Dantes pıçıltıyla:
– Onda təəccüblənməyə dəyməz! Mənim yeganə himayədarım burada yoxdur!
Müfəttiş soruşdu:
– Cənab de Vilforun sizdən nifrət etməyə elə bir səbəbi yox idi ki?
– Heç bir; əksinə, mənə qarşı çox mərhəmətli idi.
– Beləliklə o sizin haqqınızda verdiyi məlumatları və yaxud da deyə biləcəklərinə inana bilərəmmi?
– Tamamilə.
– Yaxşı. Gözləyin.
Dantes diz üstə düşüb, əllərini göyə qaldıraraq dua etməyə başladı, duasında o cəhənnəmdən qəlbləri azad etmək üçün gələn Xilaskar kimi, onun yanına, zirzəmiyə, enmiş bu adama Tanrı qarşısında dua edirdi.
Müfəttişin ardınca qapı bağlandı, lakin onun özü ilə gətirdiyi ümid, Dantesin kamerasında qaldı. Komendant soruşdu:
– Həbs olunanların siyahısına indi baxmaq istəyirsiniz? Yoxsa rahibin yanına, zirzəmiyə girmək istəyirsiniz?
Müfəttiş:
– Əvvəlcə baxışı bitirək, – deyə cavab verdi. – Yuxarı qalxsam ola bilsin, bir daha aşağı enməyə həvəsim olmasın.
– Rahib buna bənzəmir, qonşusunun dərrakəsindən fərqli olaraq, onun dəliliyi əyləncəlidir.
– Bəs onun dəliliyi nədən ibarətdir?
– Çox qəribə fikirlərdən: o, özünün saysız-hesabsız təsəvvür edilməz dərəcədə sərvətə malik olduğunu fərz edir. Həbsinin ilk ilində, buraxılması üçün dövlətə bir milyon, ikincidə iki milyon, üçüncüdə üç, və s… Artıq beşinci ildir, həbsxanadadır; təklikdə danışmağı xahiş edəcək və sizə beş milyon təklif edəcək.
Müfəttiş dedi:
– Bu doğrudan da maraqlıdır. Bəs bu milyonerin adı nədir?
– Rahib Faria.
Müfəttiş dedi:
– İyirmi yeddinci nömrə!
– Bəli, o burdadır. Antuan, açın.
Gözətçi tabe oldu, müfəttiş hamının “Dəli rahib” adlandırdığı bu məhbusun zirzəmisinə baş çəkdi. Kameranın ortasında, divardan qoparılmış əhənglə cızma-qara edilmiş dairə içərisində, yerdə demək olar, lüt vəziyyətdə və paltarı cır-cındıra çevrilmiş bir adam uzanmışdı. Bu dairə içərisində aydın görsənən həndəsi xətlər çəkir və Arximedin Marsellanın əsgəri tərəfindən öldürdüyü andakı kimi, məsələ həlli ilə məşğul idi. Buna görə də qapı cırıldayanda heç tərpənmədi də, yalnız məşəlin alovu onun işlədiyi yaş döşəməni qeyri-adi işıqla işıqlandıranda özünə gəldi. Yalnız indi dönüb heyrətlə onun zirzəmisinə daxil olmuş çox saylı qonaqlara baxdı.
Cəld ayağa qalxıb ziyarətçilərin hüzuruna yaxşı görkəmdə çıxmaq üçün yorğan-döşəyin üstündəki ədyalı üstünə atdı.
Müfəttiş həmişəki qaydasına əməl edərək soruşdu:
– Siz nə xahiş edirsiniz?
Rahib təəccüblə təkrarladı:
– Mən nə xahiş edirəm? Heç nə xahiş etmirəm.
Müfəttiş davam etdi:
– Başa düşmədiniz, mən hökumət tərəfindən həbsxanalara baxmaq və məhbusların şikayətlərini qəbul etmək üçün göndərilmişəm.
Rahib cəld ucadan dedi:
– Bax, bu başqa məsələ, güman edirəm, bir-birimizi başa düşərik.
Komendant dedi:
– Görürsünüzmü, dediyim kimi, başlayır.
Məhbus davam etdi:
– Mərhəmətli cənab, mən rahib Fariayam, Romada doğulmuşam, iyirmi yaşımda kardinal Rospilozinin yanında katib işləyirdim; 1811-ci ilin əvvəllərində, özüm də bilmədən nə üstündəsə həbs olunmuşam, o zamandan da əbəs yerə italyan və fransız hökumətlərindən azad olmağımı tələb edirəm.
Komendant soruşdu:
– Fransız hökumətindən niyə?
– Çünki məni Pyombinoda həbs ediblər, hesab edirəm, Pyombino da Milan və Florensiya kimi hansısa bir fransız departamentinin şəhəri olub.
Müfəttişlə komendant bir-birinə baxdılar.
Müfəttiş dedi:
– Əzizim, – sizin İtaliya haqqındakı fikirlərinizin yeniliyi ilə seçildiyini demək olmaz.
Rahib Faria cavab verdi:
– Bu fikirlər həbs olunduğum günə aiddir, o zaman əlahəzrət İmperator Roma krallığı yaratdığından, hesab edirdim, o, qələbələrin bəhrəsinin davamı olaraq Makiavelli və Bordjia Sezarın arzusunu həyata keçirərək, bütün İtaliyanı birləşdirəcək, vahid bölünməz bir dövlətə çevirəcək.
Müfəttiş etiraz edərək dedi:
– Xoşbəxtlikdən ilahi qüvvə sizin də təqdir etdiyiniz bu nəhəng planı dəyişdirib.
Rahib dedi:
– Bu İtaliyanı güclü, azad və xoşbəxt dövlətə çevirmək üçün yeganə vasitədir.
Müfəttiş cavab verdi:
– Ola bilər, lakin mən bura sizinlə İtaliyanın siyasi kursunu müzakirə etməyə deyil, yeməkdən və yerinizdən razısı olub-olmadığınızı soruşmağa gəlmişəm.
Rahib cavab verdi:
– Burada yemək bütün həbsxanalarda olduğu kimidir, yəni çox pisdir, yer isə gördüyünüz kimi, nəmişlikdir və sağlamlıq üçün zərərlidir, lakin ümumilikdə zirzəmi həbsxana üçün əlverişlidir. Lakin məsələ bunda deyil, məsələ mənim dövlətə vermək istədiyim mühüm sirdədir.
Komendant müfəttişin qulağına dedi:
– Başlanır.
Rahib davam etdi:
– Buna görə də sizi görməyimə çox şadam, mühüm bir hesablama aparmağıma mane olsanız da, bu hesablama uğurlu olsa, ola bilsin, bütün Nyuton sistemini dəyişəcək. Sizinlə təklikdə danışa bilərəmmi?
Komendant müfəttişin qulağına pıçıldadı:
– Sizə nə demişdim?
Müfəttiş gülümsəyərək cavab verdi:
– Kirayənişinləri əla tanıyırsınız, – sonra rahibə müraciət etdi. – Sizin xahişinizi yerinə yetirə bilmərəm.
– Bəs, söhbət hökumətə böyük bir məbləğin çatdırılmasından gedirsə, məsələn beş milyondan?
Müfəttiş komendanta müraciət edərək dedi:
– Qəribədir, siz hətta məbləği də bilirdiniz.
Rahib müfəttişin getməyini görüb davam etdi:
– Yaxşı, təklikdə olmadıqda da danışa bilərik; cənab komendant söhbətimizdə iştirak edə bilər.
Komendant onun sözünü kəsdi:
– Əzizim, təəssüf ki, əvvəlcədən sizin bizə nə deyəcəyinizi əzbər bilirik. Söhbət sərvətinizdən gedir, eləmi?
Faria rişxəndçiyə elə bir nəzər saldı ki, ağıllı müşahidəçi burada hökmən sağlam düşüncə və səmimiyyət görməli idi.
– Əlbəttə, başqa nə haqda danışa bilərəm?
Komendant davam etdi:
– Cənab müfəttiş, mən bu əhvalatı sizə rahibdən heç də pis danışmaram; budur, artıq beş ildir daima eşidirəm.
Rahib dedi:
– Cənab komendant, bu onu sübut edir ki, siz də Müqəddəs Əhdi-cədiddə deyildiyi kimi, “gözü var, görmür; qulağı var, eşitmir” olan adamlara aidsiniz.
Müfəttiş dedi:
– Əlahəzrət, dövlətimiz varlıdır, Tanrıya şükürlər olsun, sizin pulunuza ehtiyacı yoxdu; onları həbsxanadan çıxacağınız vaxtda saxlayın.
Rahibin gözləri böyüdü; o, müfəttişin əlindən tutdu.
– Həbsxanadan çıxmasam; həqiqətə rəğmən məni bu zirzəmidə saxlasalar və öz sirrimdən heç kimə bəhs etməyib burada ölsəm, deməli, bu sərvət hədər yerə itib-batacaq, eləmi? Yaxşı olmazmı ki, bu sərvətdən hökumətlə bərabər istifadə edək? Mən altı milyona da razıyam; bəli, məni azadlığa buraxsalar altı milyon verib yerdə qalanlarla özüm kifayətlənə bilərəm.
Müfəttiş astadan dedi:
– Vicdanıma and olsun, belə inamla danışdığına görə, dəli olduğunu bilməsəydik, dediklərinin hamısının həqiqət olduğunu düşünərdik.
Məhbuslara xas olan dəqiq eşitmə qabiliyyətinə malik Faria, müfəttişin dediklərinin hamısını eşidərək, cavabında dedi:
– Mən dəli deyiləm, tamamilə həqiqəti söyləyirəm, bəhs etdiyim xəzinə doğrudan da mövcuddur. Təklif edirəm, müqavilə bağlayaq, müqaviləyə əsasən siz məni göstərdiyim yerə aparasınız; orada yanımızdaca qazıntı aparsınlar, heç nə tapılmasa, sizi aldatmış olsam və dediyiniz kimi, dəliyəmsə, yenidən məni bura zirzəmiyə qaytararsınız, nə sizi, nə də başqalarını öz xahişlərimlə yormadan, ömürlük burada qalıb ölərəm.
Komendant gülümsədi.