скачать книгу бесплатно
Hekayələr
Roald Dahl
Hekayə ustaları
Roald Dahlın bu kitaba daxil edilən bir-birindən maraqlı hekayələr istər süjetinə, istərsə də məzmununa görə birnəfəsə oxunur, düşündürür və həyəcanlandırır.
Roald Dahl
Hekayələr
DEQUSTATOR
Həmin axşam Mayk Skofildin Londondakı evində şam süfrəsi arxasında altı nəfər idik: Mayk, arvadı və qızı, mən və arvadım, bir də Riçard Pratt adlı birisi.
Riçard Pratt ətrafda ağzının dadını bilən adam kimi tanınmışdı. «Epikureyslər» adlı kiçik bir cəmiyyətin prezidenti olan bu şəxs hər ay onun üzvlərinə yemək və şərab haqqında broşürlər göndərirdi. Onun təşkil etdiyi nahar ziyafətlərində təmtəraqlı yeməklər və nadir şərablar verilirdi. O, ağız dadını korlamamaq üçün siqaret çəkmirdi və hər hansı bir şərabın keyfiyyəti müzakirə olunanda həmin içki haqqında sanki canlı məxluqmuş kimi rəy bildirirdi, bu da çox məzəli səslənirdi. «O son dərəcə xırdaçıdır, – Riçard Pratt deyirdi, – kifayət qədər utancaq, amma, sözsüz ki, xırdaçı». Ya da: «Mehriban və gümrah şərabdır, bəlkə, bir az kəskindir, amma yenə də mehribandır».
Maykın evində bu vaxtadək artıq bir neçə dəfə Riçard Prattla birgə nahar etmişdim və hər dəfə də Maykla arvadının məşhur qurmanı hər hansı bir xüsusi yeməklə təəccübləndirməsi üçün dəridən-qabıqdan çıxdıqlarının şahidi olmuşdum. Aydın məsələdir ki, onlar bu gün də istisna etmək niyyətində deyildilər. Ayağımızı qonaq otağına basar-basmaz bizi ziyafət gözlədiyini anladım. Hündür şamlar, sarı qızılgüllər, par-par parıldayan gümüş dəstlər, hər qonağın qarşısında şərab üçün üç qədəh və üstəlik, mətbəxdən gələn qızardılmış ət qoxusu, – bütün bunlar ağzımı sulandırdı. Biz süfrə arxasına keçdik və mən Maykın evində bundan əvvəl də olanda onun iki dəfə Prattla bir yeşik şərabdan mərc gəldiyini xatırladım. Qonaq uduşun qarşılığında həmin şərabın növünü və ilini təyin etməli idi. Prattsa söhbətin məlum ildən getdiyi halda bunun heç də çətin olmadığını söyləyir, mərcin şərtləri ilə razılaşır və hər dəfəsində udurdu. Onların bu dəfə də mərc gələcəklərinə və Maykın bu mərci uduzmaq istəyəcəyinə adım qədər əmin idim, belə ki o, şərabının nə qədər yaxşı olduğunu sübut etmək istəyi ilə alışıb-yanırdı, Prattsa öz növbəsində biliyini nümayiş etdirmək fürsətindən son dərəcə məmnun qalırdı.
Nahar yağda xırt-xırt qızardılmış snetoklardan[1 - Snetok – şimal göllərində yaşayan balıq növü] başladı, onun yanında mozelveyn[2 - Mozelveyn – Almaniyanın ən qədim şərab bölgələrindən biri olan Mozel çayı vadisində hazırlanan yüngül ətirli şərab növü] verdilər. Mayk ayağa qalxıb şərabı özü süzdü, o öz yerini alandan sonra isə Riçard Prattı müşahidə etdiyini gördüm. Şərab şüşəsinin etiketini görə bilməyim üçün mənim qarşıma qoymuşdu. Onun üzərində yazılmışdı: «Qayersley Oliqsberq, 1945». Mayk mənə tərəf əyilib pıçıldadı ki, Qayersley Mozeldə kiçik bir kənddir və bu kənd Almaniya hüdudlarında, demək olar ki, tanınmır. O dedi ki, hazırda içdiyimiz şərab o qədər də adi deyil. Həmin yerlərdə o qədər az şərab istehsal edirlər ki, kənardan gələn birisi onu əldə edə bilməz. Bu şərab növünü əldə etmək üçün ötən yay şəxsən özü Almaniyaya gedib və çətinliklə də olsa bir neçə düjün ala bilib.
– İngiltərədə bundan daha kimdəsə olduğuna şübhə edirəm, – o bunu deyib Riçard Pratta baxdı. – Mozelveyni fərqləndirən cəhət, – o, səsini ucaldıb sözünə davam etdi, – onun klaretdən[3 - Klaret – Bordonun bir neçə qırmızı şərab növünün ümumi adı] əvvəl yaxşı getməsidir. Çoxları klaretdən əvvəl reynveyn[4 - Reynveyn – Reyn çayı sahilindəki üzümlüklərdən istehsal olunan şərab növü] içirlər, amma onlar daha yaxşının dadından xəbərsiz olduqları üçün belə edirlər. Heç bilirsiniz ki, reynveyn klaretin zərif ətrini öldürür? Reynveyni klaretdən əvvəl içmək, sadəcə, cahillikdir. Mozelveynsə başqa məsələ.
Mayk Skofild ortayaşlı xoşagəlimli adam idi. O, birjada makler işləyirdi. Daha dəqiq desək, fond birjasında komisyonçu və bu peşənin bəzi nümayəndələri kimi, deyəsən, elə bir əhəmiyyət kəsb etməyən bacarığı qarşılığında yaxşı pul qazanması onu azacıq, bəlkə də, lap çox utandırırdı. Qəlbinin dərinliyində adi broker olduğunu dərk edirdi və bunu dostlarının da bildiyindən şübhələnirdi. Odur ki indi mədəni insan olmağa, ədəbi və estetik zövqünü inkişaf etdirməyə, tablo, not, kitab və bu cür şeylər yığmağa can atırdı. Maykın reynveyn və mozelveyn haqqında kiçik moizəsi onun can atdığı mədəniyyətin tərkib hissəsi idi.
– Gözəl şərabdır, sizə də elə gəlmir ki? – o soruşdu.
Mayk yenə Riçard Prattı izləyirdi. Mən onun hər dəfə ağzına balıq atmaq üçün süfrəyə sarı əyiləndə masanın o biri başına gizlicə nəzər saldığını görürdüm. Mən sözün əsl mənasında bütün vücudumla hiss edirdim ki, o, Prattın ilk udum edib gözlərini qaldıracağı, bu baxışlarda təəccüb, bəlkə də, heyrət oxunacağı anı gözləyir. Sonra müzakirə açılacaq və Mayk ona Qayersley kəndi haqqında danışacaq.
Lakin Riçard Pratt heç şərabın dadına baxmaq niyyətində deyildi. Onun başı Maykın on səkkiz yaşlı qızı Luiza ilə söhbətə qarışmışdı. Qıza sarı yanakı oturan Pratt üzündə təbəssüm ona Paris restoranlarından birinin baş aşpazı barədə danışırdı. O, söhbət əsnasında vəcdə gələrək get-gedə Luizaya yaxınlaşır və az qala qızın üstünə yıxılırdı. Prattdan mümkün qədər uzaq durmağa çalışan biçarə qız başını nəzakət xətrinə tərpətsə də, eyni zamanda ümidsiz baxışlarını onun üzünə deyil, smokinqinin yuxarı düyməsinə dikmişdi.
Biz balığı yeyib-qurtaran kimi otağa girən qulluqçu qadın boşqabları yığışdırmağa başladı. O, Pratta yaxınlaşanda boşqabın dolu qaldığını gördü və nə edəcəyini bilmədi. Qadını sezən Pratt əlinin işarəsi ilə onun getməsini əmr etdi və söhbətini kəsib yeməyə başladı. O, çəngəli tələsik balığa batırır və elə həmin sürətlə ağzına ötürürdü. Yeməyini bitirəndən sonra qədəhi götürüb şərabın dadına baxdı və söhbətinə davam etmək üçün Luiza Skofildə sarı çevrildi.
Mayk bunların hamısını görürdü. Mən ev sahibinə baxmadan hiss edirdim ki, o, sakitliyini saxlasa da, buna çətinliklə müvəffəq olur və gözlərini qonaqdan çəkmir. Onun mehriban sifəti uzanmış, yanaqları sallanmışdı, amma yenə də özünü tutub saxlayır, nə qımıldanır, nə də bir kəlmə söyləyirdi.
Qulluqçu qadın tezliklə ikinci yeməyi gətirdi. Bu, iri qızardılmış mal tikəsi idi. O, yeməyi masaya Maykın qarşısına qoydu. Ev sahibi ayağa qalxıb əti çox nazik dilimlərə bölməyə və qulluqçunun paylaşdırdığı qablara ehmalca qoymağa başladı. Özü də daxil olmaqla hər kəsə ət kəsib bıçağı qaba qoydu və hər iki əli ilə masanın küncünə dayaqlandı.
– İndi isə, – o, Riçard Pratta baxa-baxa hamıya müraciət etdi, – indi isə klaretə keçək. Üzr istəyirəm, amma mən onun ardınca getməliyəm.
– Mayk, onun ardınca getməlisiniz? – mən təəccübləndim. – O hardadır ki?
– Kabinetimdə. Mən şüşənin ağzını açmışam və indi şərab nəfəs alır.
– Niyə bəs kabinetdə?
– Əlbəttə ki, otaq temperaturunda olması üçün. O artıq bir sutkadır ki ordadır.
– Amma niyə məhz kabinetdə?
– Bu mənim evimdə ən yaxşı yerdir. Ötən dəfə Riçard mənə onu seçməyə kömək etdi.
Öz adını eşidən Pratt çevrildi.
– Düz demirəm? – Mayk soruşdu.
Hə, – ciddi ifadə ilə başını tərpədən Pratt cavab verdi. – Düz deyirsiniz.
– O, kabinetimdə yaşıl yazı masamın üstündədir, – Mayk dedi. – Biz məhz o yeri seçdik. Yaxşı yerdir, külək tutmur və temperatur dəyişmir. Üzr istəyirəm, amma onun ardınca getməliyəm.
Mərcə layiq daha bir şərabı olduğunu düşündükcə kefi düzəldi və o, tələsik otaqdan çıxdı. Heç bir dəqiqə keçməmiş yenidən peyda olan Maykın əlində şərab səbəti vardı. Tündrəngli butulka səbətə elə qoyulmuşdu ki, etiketi görünmürdü.
– Hə! – o, masaya yaxınlaşıb uca səslə dedi. – Riçard, bu şərabdan mərc gələkmi? Onu heç vaxt tapan deyilsiniz!
Riçard Pratt yavaş-yavaş çevrilib Mayka baxdı, sonra nəzərlərini balaca hörmə səbətdəki şəraba dikdi. Yuxarı qaldırdığı qaşları və aşağı uzatdığı nəm dodağı onun üzünə o qədər də xoş olmayan təkəbbürlü ifadə verirdi.
– Ömrünüzdə tapan deyilsiniz, – Mayk dedi. – Lap yüz il fikirləşin.
– Klaret? – Riçard Pratt lovğa-lovğa maraqlandı.
– Əlbəttə.
– Yəqin ki, hansısa balaca üzümlükdəndir.
– Bəlkə də, haqlısınız, Riçard. Amma, bəlkə də, yox.
– Lakin söhbət ən məhsuldar ildən gedir, elə deyilmi?
– Hə, buna başımla cavabdehəm.
– Onda cavab vermək o qədər də çətin olmayacaq, – Riçard Pratt sanki darıxırmış kimi sözləri uzada-uzada dedi.
Hərçənd mənə sözləri bu cür uzatması və üzünə verdiyi cansıxıcı ifadə bir az qəribə gəldi; sonra gözlərində nəhs kölgə sayrışdı, üzündə isə əcaib bir dalğınlıq peyda oldu və bu məni ürkütdü.
– Bu dəfə tapşırıq gerçəkdən də çox çətin oldu, – Mayk dedi. – Mən hətta heç mərcə də israr etməyəcəm.
– Yox bir. Nəyə görə ki? – Riçard Prattın qaşları yenə yavaş-yavaş qalxdı, baxışlarından isə soyuqluq və sayıqlıq yağdı.
– Çünki çox çətindir.
– Mənə münasibətdə o qədər də iltifatlı davranmırsınız.
– Əzizim, – Mayk dedi, – könlünüzdən keçirsə, sizinlə məmnuniyyətlə mərc gələrəm.
– Bu şərabın adını çəkmək o qədər də çətin deyil.
– Deməli, siz mərc gəlmək istəyirsiniz?
– Buna tamamilə hazıram, – Riçard Pratt dedi.
– Yaxşı, onda həmişəki kimi mərc gəlirik. Bir yeşik bu şərabdan.
– Yəqin, düşünürsünüz ki, mən onun adını tapmayacam.
– Sözün düzü, bir şərab bilicisi kimi sizə nə qədər hörmət etsəm də, bəli, bu cür düşünürəm, – Mayk dedi.
Ədəb qaydalarından kənara çıxmamağa çalışan ev sahibi özünü boğub saxlayırdı, əvəzində Pratt baş verənlərə nifrət dolu münasibətini gizlətməyə belə çalışmırdı. Bununla yanaşı, nə qədər qəribə olsa da, növbəti sual, deyəsən, onun mərcə bir qədər maraqlı olduğunu aşkara çıxartdı:
– Bəs siz şərabların sayını artırmaq istəmirsiniz ki?
– Yox, Riçard. Bir yeşik kifayət edər.
– Bəlkə, əlli yeşikdən mərc gələk?
– Bu, səfehlik olardı.
Əlində şərab səbəti masanın başında, öz stulunun arxasında dayanan Maykın burun pərləri sanki yüngülcə ağardı və o, dişlərini möhkəm sıxdı.
Pratt stula yayxanıb oturmuşdu – gözləri xumarlanmış, dodaqlarının kənarında isə istehza dolu təbəssüm gizlənmişdi. Və mən yenidən gördüm ki, bəlkə də, mənə elə gəldi ki, onun üzündə qayğılı bir ifadə sayrışdı, baxışlarında isə qəribə bir dalğınlıq peyda oldu, elə həmin gözlərində, düz bəbəklərində isə qığılcımlar oynaşıb gizləndi.
– Deməli, şərabların sayını artırmaq istəmirsiniz?
– Əslində, mənim üçün heç bir fərqi yoxdur, – Mayk dedi. – Nədən istəsəniz mərc gəlməyə hazıram.
Üç qadınla birgə onları sükut içində izləyirdik. Bütün bunlar Maykın arvadını qıcıqlandırmağa başladı. O, qaşqabağını sallayıb oturmuşdu və mən hiss edirdim ki, söhbətə hər dəqiqə müdaxilə edə bilər. Boşqablarımızdakı rostbif[5 - Rostbif – qızardılmış mal əti] soyuyurdu.
– Deməli, siz mənimlə nədən gəldi mərcə girməyə hazırsınız?
– Yenə deyirəm. Əgər bu sizin üçün belə mühümdürsə, kefiniz istəyən şeydən mərc gəlməyə hazıram.
– Hətta on min funtdan?
– Əgər belə istəyirsinizsə, əlbəttə.
İndi Mayk sakit idi. O, yaxşı bilirdi ki, Prattın söyləyəcəyi istənilən məbləğlə razılaşa bilər.
– Deməli, deyirsiniz mən istədiyimi dilə gətirə bilərəm?
– Məhz bunu demək istəyirəm.
Ortaya sükut çökdü və Pratt həmin arada baxışlarını masa arxasında oturanların üzərində süzdürdü – növbə ilə əvvəl mənə, sonra qadınlara baxdı. Sanki o bizə bu razılaşmanın şahidləri olduğumuzu xatırladırdı.
– Mayk! – missis Skofild dedi. – Mayk, gəlin bu axmaq söhbətə son qoyaq və yeməyə davam edək. Ət soyuyur.
– Amma bu, axmaq söhbət deyil, – Pratt təbirini pozmadan dedi. – Biz, sadəcə, biz az mərc gəlməyi qərara aldıq.
Mən fikir verdim ki, əlində tərəvəzli yemək bir qədər kənarda dayanmış qulluqçu qadın masaya yaxınlaşmağa cürət etmir.
– Nə deyirəm ki, – Pratt söylədi. – Sizə nədən mərc gəlmək istədiyimi açıqlayaram.
– Buyurun, – Mayk kifayət qədər cəsarətlə dedi. – Ağlınıza nə gəlirsə gəlsin, mən razıyam.
Pratt razılıqla başını tərpətdi və yenidən dodaqlarının kənarlarında təbəssüm oynadı, sonra baxışlarını Maykdan çəkmədən mümkün olduğu qədər yavaş-yavaş dedi:
– İstəyirəm ki, mənə qızınızı verəsiniz.
Luiza Skofild dik atıldı.
– Dayanın! – o çığırdı. – Bu lap ağ oldu və heç də gülməli deyil! Ata, bu heç gülməli deyil.
– Əzizim, sakitləş, – anası dedi. – Onlar, sadəcə, zarafat edirlər.
– Mən heç də zarafat etmirəm, – Riçard Pratt dəqiqləşdirdi.
– Bütün bunlar mənasız səslənir, – Mayk dedi.
Deyəsən, o, yenə çaşqınlıq içində idi.
– Siz ki dediniz, nədən gəldi mərcə girməyə hazırsınız.
– Mən pulu nəzərdə tuturdum.
– Amma siz pulun adını çəkmədiniz.
– Amma mən məhz bunu nəzərdə tuturdum.
– Onda heyif ki bunu birbaşa söyləmədiniz. Hərçənd sözünüzü geri götürmək istəyirsinizsə…
– Əzizim, məsələ sözü geri götürüb-götürməməkdə deyil. Əslində heç bu vəziyyətdə mərc də alınmır, axı siz uduzduğunuz təqdirdə mənə öz qızınızı verməyəcəksiniz – olmayan şeyi necə vermək olar ki? Üstəlik, olsaydı belə, çətin ki onunla evlənmək istəyərdim.
– Bunu eşitmək çox xoş oldu, – arvadı söhbətə müdaxilə etdi.
– Mən nədən istəsəniz mərcə girməyə hazıram, – Pratt bəyan etdi. – Məsələn, evimdən. Hə, necədir?
– Hansı evinizdən? – Mayk söhbəti zarafata çevirməyə çalışdı.
– Şəhər kənarındakı.
– Bəlkə, üstünə o birini də gələsiniz?
– Yaxşı. Sizə belə xoşdursa, hər iki evimdən mərcə girirəm.
Bu vaxt Maykın fikrə getdiyini gördüm. O, masaya yaxınlaşıb şərab səbətini ehmalca onun üzərinə qoydu. Sonra duzqabını bir tərəfə, istiotqabını digər tərəfə çəkib bıçağı götürdü, hardasa bir dəqiqə dalğın-dalğın onu nəzərdən keçirdi, sonra yerinə qoydu. Qız da atasının qərarsızlığını sezdi.
– Ata! – o çığırdı. – Bu ki axmaqlıqdır! Bu, sözlə ifadə olunmayacaq axmaq fikirdir. Məndən mərcə girmənizi istəmirəm.
– Sən tamamilə haqlısan, əzizim, – anası dedi. – Mayk, dərhal bu söhbətə son qoy və yerinə oturub yeməyini ye.
Mayk ona məhəl qoymadı. O, qızına baxıb gülümsündü – yavaş-yavaş, atasayağı, onu himayə edirmiş kimi gülümsündü. Amma eyni zamanda gözlərində qalibiyyət qığılcımları parıldadı.
– Bilirsən, – o, üzündə təbəssüm dedi, – bilirsən, Luiza, məncə, fikirləşməyinə dəyər.