скачать книгу бесплатно
O, şlemini çıxartdı, kəmərləri açdı və idarə dəstəyini cəld sol tərəfə çevirdi. «Spitfayr» qanadının üzərindən yavaşca arxası üstə çevrildi və o, dəstəyi kəskin şəkildə özündən kənara çəkdi. Təyyarəçi təyyarədən tullandı.
O, aşağı düşərkən gözlərini açdı, çünki bilirdi: paraşütün halqasını dartmamış huşunu itirməməlidir. O, bir tərəfdən günəşi, digər tərəfdən ağ buludları görür və havada çevrilə-çevrilə buludların günəşin dalınca qaçdığını, günəşin isə buludları izlədiyini sezirdi. Onlar, beləcə, çevrə vura-vura bir-birinin dalınca qaçır, getdikcə sürəti artırırdı: günəş buludları, buludlar isə günəşi təqib edirdi. Sonra buludlar get-gedə daha yaxından qaçmağa başladı və birdən günəş itdi, yerdə təkcə nəhayətsiz bir bəyazlıq qaldı. Dünya başdan-başa ağardı və orda başqa heç nəyə yer olmadı. Dünya elə ağ idi ki, bəzən qara görünürdü, sonra gah ağ, gah da qara görünməyə başladı, amma daha çox ağ olurdu. O, dünyanın ağdan qaraya, sonra qaradan ağa çevrildiyini izləyirdi. Əslində o, uzun müddət ağ olurdu, qara çalara yalnız bir neçə saniyə ayrılırdı. O bu ağ müddət ərzində yuxuya gedirdi, amma dünya bir az qaralan kimi ayılırdı. Hərçənd bu qara dövr uzun çəkmirdi – elə-beləcə bəzən qara şimşək kimi parıldayırdı. Ağ dünya isə uzun çəkirdi, bax onda o, yuxuya gedirdi.
Dünya növbəti dəfə ağaranda o, əlini uzadıb nəyəsə toxundu. O həmin şeyi barmaqları ilə əzişdirməyə başladı. Bir müddət uzanıb əlinin altında olan şeyi hamarladı. Sonra gözlərini yavaş-yavaş açdı və əlinə baxdı, barmaqları ilə ağ bir şey tutduğunu gördü. Bu, mələfənin ucu idi. O bunun mələfə olduğunu bilirdi, çünki parçanın fakturasını və kənarındakı tikişi görürdü. O, gözlərini qıyıb dərhal da açdı. Bu dəfə otağı gördü. O, üzərində uzandığı çarpayını gördü; o, boz divarları, qapını, pəncərələrdəki yaşıl pərdələri gördü. Çarpayının yanındakı balaca masada qızılgüllər vardı.
O, sonra masadakı qızılgüllərin yanında kasa gördü. Kasa minalı və ağ rəngdə idi, yanında isə menzurka vardı.
«Bura hospitaldır, – o düşündü. – Mən hospitaldayam». Amma o heç nə xatırlamırdı. O, yastığa söykənərək tavana baxdı və nə baş verdiyini xatırlamağa çalışdı. Hamar, boz rəngli divar elə təmiz və elə boz idi ki. Və o birdən bu boz və hamar divarda milçəyin gəzişdiyini gördü. Elə milçəyi, boz dənizdə qəfil peyda olmuş bu balaca qara nöqtəni görərkən də sanki şüuru aydınlandı və o bir saniyənin içində hər şeyi xatırladı. O, «spitfayr»ı, iyirmi bir min futu göstərən hündürlükölçən cihazı xatırladı. Kabinənin şüşəsini hər iki əli ilə itələdiyini və paraşütlə hoppandığını xatırladı. O öz ayağını xatırladı.
İndi, deyəsən, hər şey qaydasında idi. O, çarpayının aşağı tərəfinə baxdı, amma dəqiq heç nə deyə bilmədi. Onda əlini adyalın altına saldı və dizlərini əllədi. Birini dərhal aşkarladı, amma digərini əlləməyə başlayanda əli nəsə yumşaq, bintlənmiş bir şeyə dəydi.
Elə bu vaxt qapı açıldı və içəri tibb bacısı daxil oldu.
– Salam, – o dedi. – Nəhayət, oyandın.
Qəşəng deyildi, amma qamətli və üst-başı təmiz idi. Hardasa otuz-qırx yaşı olardı, sarışın idi. O başqa heç nə görə bilmədi.
– Mən hardayam?
– Bəxtin gətirib. Çimərliyin yaxınlığındakı meşəyə düşmüsən. Braytondasan. Səni iki gün əvvəl gətiriblər və indi hər şey qaydasındadır. Əla görünürsən.
– Mən ayağımı itirmişəm.
– Eyib etməz. Biz sənə başqasını taparıq. İndi isə yat. Həkim bir saatdan sonra gələcək.
Qadın kasa ilə menzurkanı götürüb çıxdı.
Amma o yata bilmədi. Gözləri açıq halda uzanmaq istəyirdi, çünki qorxurdu ki, gözlərini bu dəfə də yumsa, hər şey bitəcək. O uzanıb tavana baxırdı. Milçək elə həminki yerində idi. Yaman hərəkətli idi. Bir neçə düym yüyürüb dayanırdı. Yenə yüyürüb yenə dayanırdı, sonra yenə yüyürürdü, arada bir də havaya qalxaraq vızıldaya-vızıldaya dövrə vururdu. Hər dəfə də tavanda eyni yerə qonurdu, sonra yenə yüyürməyə başlayır və dayanırdı. O bu milçəyi o qədər izlədi ki, bir müddət sonra tavandakının milçək deyil, boz dənizdə qara ləkə olduğunu düşündü. Tibb bacısı qapını açanda hələ də milçəyi izləyirdi. Qadın kənara çəkilərək həkimə yol verdi. Bu, hərbi həkim idi, kitelinin üstündə ötən müharibədən qalma lentlər vardı. Daz və bəstəboy idi, mehriban üzü və xeyirxah gözləri vardı.
– Belə-belə işlər, – o dedi. – Deməli, istənilən halda oyanmağı qərara aldınız. Özünüzü necə hiss edirsiniz?
– Yaxşı.
– Əla. Biz sizi tez sağaldacağıq.
Həkim onun nəbzini dinləmək üçün biləyindən tutdu.
– Yeri gəlmişkən, – o dedi, – eskadrilyanızdan zəng edib sizi xəbər alırdılar. Baş çəkmək istəyirlər, amma onlara dedim ki, bir neçə gün gözləsinlər. Bir də dedim ki, sizinlə hər şey qaydasındadır və onlar bir müddət sonra gələ bilərlər. Odur ki sakitcə uzanın və heç nəyin fikrini çəkməyin. Oxumağa bir şeyiniz var?
O, qızılgüllər olan masaya nəzər saldı.
– Yox? Eyib etməz, tibb bacısı bir şey fikirləşər. O, tamamilə sizin ixtiyarınızdadır.
Həkim bunları deyib əlini yellədi və tibb bacısının müşayiəti ilə otaqdan çıxdı.
Onlar gedəndən sonra çarpayıda dikəldi və yenə tavana baxmağa başladı. Milçək hələ də orda idi. Onu müşahidə etdiyi müddətdə hardasa uzaqda təyyarə səsi eşidildi. O, mühərrikin səsinə qulaq verdi. Küy çox uzaqdan gəlirdi. «Maraqlıdır, görəsən, hansı təyyarədir, – o düşündü. – Modelini müəyyənləşdirməyə çalışım». O, birdən başını qanırdı. Bombardmana məruz qalan hər kəs «Yunkers-88»-i səsindən tanıya bilər. Küyünə görə başqa alman təyyarələrini də hesablayıb tapmaq olar, amma «Yunkers-88» xüsusi səs çıxarır. Bu alçaq, bas, titrək səsdə yüksək tenor da eşitmək olar. «Yunkers-88»-i fərqləndirən məhz tenordur, odur ki burda səhv etmək mümkün deyil.
O, səsə qulaq verir və ona elə gəlirdi ki, bunun hansı təyyarə olduğunu dəqiq bilir. Amma sirena və top səsləri niyə yoxdur? Bu alman təyyarəçisi günün günortaçağı Brayton yaxınlığında peyda olmağa cəsarət edibsə, qurd ürəyi yeyib.
Təyyarə hardasa uzaqda uğuldayırdı və səs tezliklə itdi. Sonra digər səs peyda oldu, amma bu dəfə də hardasa uzaqda, amma yenə də dərin titrək bas yüksək tenorla qarışdı, odur ki dəqiq səhv etmirdi. O bu cür səsləri Britaniya uğrunda döyüşlərdə hər gün eşidib.
O karıxıb qalmışdı. Çarpayının yanındakı balaca masada zınqırov vardı. Əlini uzadıb onu çaldı. Dəhlizdə ayaq səsləri eşidildi. Tibb bacısı otağa daxil oldu.
– Tibb bacısı, bu nə təyyarələr idi?
– Bilmirəm. Mən onların səsini eşitməmişəm. Yəqin, qırıcı, ya da bombardmançı təyyarələrdir. Yəqin, Fransadan qayıdır. Nədir ki?
– Bu, «yu-səksən səkkiz» idi. Onun «yu-səksən səkkiz» olduğuna özüm kimi əminəm. Mən onların mühərrikinin necə səs çıxardığını bilirəm. İki təyyarə idi. Onların burda nə iti azıb?
Tibb bacısı çarpayıya yaxınlaşıb döşəkağını hamarladı və onu döşəyin altına soxdu.
– Aman Allah, özündən nə uydurursan. Beynini belə şeylərlə yorma. İstəyirsən sənə oxumağa nəsə gətirim?
– Yox, lazım deyil.
Qadın yastığı çırpdı və alnının üstünə düşmüş saçlarını geri daradı.
– Onlar artıq günortalar uçub gəlmir. Sən də bunu yaxşı bilirsən. Bu, yəqin, ya «lankaster»lərdir, ya da «uçan qalalar».
– Tibb bacısı.
– Bəli.
– Mənə siqaret verə bilərsiniz?
– Əlbəttə ki.
Qadın otaqdan çıxdı və az keçməmiş əlində «players» qutusu və kibrit geri qayıtdı. Siqareti alıb ağzına yaxınlaşdıranda tibb bacısı kibriti yandırdı və o çəkməyə başladı.
– Lazım olsam, – qadın dedi, – sadəcə, zınqırovu çal.
Tibb bacısı bunu deyib otaqdan çıxdı.
O, axşam yenə təyyarə səsi eşitdi, bu dəfə başqası idi. O hardasa uzaqda uçurdu, amma buna baxmayaraq birmühərrikli olduğunu müəyyənləşdirə bildi. Təyyarə sürətlə uçurdu; bu aydın idi. Hansı model olduğunu söyləmək çətin idi. Nə «spit»dir, nə də «harrikeyn». Heç Amerika mühərrikinə də oxşamır. Amerika istehsalı daha küylü olur. Təyyarənin modelini müəyyənləşdirə bilmirdi və bu ona dinclik vermirdi. «Yəqin, çox xəstəyəm, – o düşündü. – Yəqin, xəyal görürəm. Bəlkə də, sayıqlayıram. Sadəcə, nə düşünəcəyimi bilmirəm».
Həmin axşam tibb bacısı qaynar su ilə dolu kasa gətirib onu yumağa başladı.
– Hə, necəsən, – qadın soruşdu, – ümid edirəm, daha sənə elə gəlmir ki, bombalanırıq?
Tibb bacısı onun pijamasının köynəyini soyundurdu və flanellə qolunu sabunlamağa başladı. O cavab vermirdi.
Qadın flaneli suda islatdı, növbəti dəfə sabunladı və onun sinəsini yumağa başladı.
– Bu gün əla görünürsən, – tibb bacısı dedi. – Səni bura gətirən kimi əməliyyat ediblər. İşlərinin öhdəsindən gələ bildilər. Səninlə hər şey qaydasında olacaq. Mənim qardaşım hərbi hava qüvvələrində xidmət edir, – qadın əlavə etdi. – Bombardmançı təyyarədə uçur.
– Mən məktəbə Braytonda getmişəm, – o dedi.
Qadın tez ona baxdı.
– Lap yaxşı, – tibb bacısı dedi. – Yəqin, şəhərdə tanışların var.
– Hə, – o cavab verdi. – Mən burda çoxlarını tanıyıram.
Qadın onun sinəsini və qollarını yudu, sonra adyalı elə itələdi ki, təkcə sol ayağının üstü açıldı, bintlənmiş ət parçası altda qaldı. Pijamanın şalvarındakı ipləri açıb onu da soyundurdu. Bu çətin başa gəlmədi, çünki sarğıya mane olmaması üçün şalvarın sağ balağını kəsmişdilər. Qadın sol ayağı və bədənin qalan hissəsini yumağa başladı. Onu ilk dəfə idi ki, çarpayıda yuyurdular, bu səbəbdən özünü narahat hiss edirdi. Qadın dəsmalı onun pəncəsinin altına qoyub ayağını flanellə yumağa başladı.
– Lənətə gəlmiş sabun heç köpüklənmir. Buranın suyundandır. Çox coddur.
– İndi, ümumiyyətlə, yaxşı sabun yoxdur, üstəlik, su da cod olanda, işlər lap tərs gedir, – o dedi.
Elə həmin an gözünün qarşısında xatirələr canlandı. O, Brayton məktəbindəki vannaları xatırladı. Daş döşəməli uzun vanna otağında dörd cərgə vanna vardı. Su elə yumşaq idi ki, bədənindəki sabunu təmizləmək üçün sonra duş qəbul eləmək lazım gəlirdi. Bir də köpüyün suyun səthində necə üzdüyünü xatırladı. Su o qədər köpüklü olurdu ki, heç ayağın görünmürdü. Daha sonra yadına düşdü ki, bəzən onlara kalsium həbləri verirdilər, çünki həkim yumşaq suyun dişlərə ziyan olduğunu deyirdi.
– Braytonda, – o, sözə başladı, – su…
Amma cümləsini bitirmədi. Ağlına nəsə gəldi, bu fikir o qədər fantastik və mənasız idi ki, hətta düşündü – bəlkə bunu tibb bacısına danışsın və onlar birlikdə gülsünlər.
O, qadının üzünə baxdı.
– Hə, ordakı su ilə bağlı nə demək istəyirdin? – tibb bacısı soruşdu.
– Heç, mühüm bir şey deyil, – o cavab verdi. – Heç özüm bilmirəm niyə xatırladım.
Qadın flaneli kasada isladıb ayağındakı sabunu yudu və dəsmalla quruladı.
– Adamı yumaq nə yaxşı şeydir, – o dedi. – Lap rahatladım.
O, əlini üzündə gəzdirdi.
– Təraşlasan yaxşı olardı.
– Sabaha saxlayaq, – qadın dedi. – Bunu özün də edə bilərsən.
Bu gecə gözünə yuxu getmədi. O uzanıb «Yunkers-88» və cod suyu düşünürdü. Başqa heç nə haqqında düşünə bilmirdi. «Bunlar «yu-səksən səkkiz idi», – özünə dedi. Dəqiq bilirəm. Amma bu ola bilməz, axı onlar günün günortaçağı burda bu qədər alçaqdan uça bilməzlər. Yəqin, mən xəstəyəm. Yəqin, özümü axmaq kimi aparıram və nə dediyimin, nə etdiyimin fərqində deyiləm. Bəlkə, mən sayıqlayıram». O uzanıb uzun-uzadı bütün bunları düşündü, bir dəfə hətta çarpayısından qalxıb ucadan dedi:
– Dəli olmadığımı sübut edəcəm. Nəsə mühüm və ağıllı bir şey haqqında balaca bir nitq söyləyəcəm. Müharibədən sonra Almaniya ilə necə davranmaq barədə danışacam.
Amma danışmağa macal tapmamış yuxuya getdi.
Oyananda otağa pərdələrin arasından gün işığı düşürdü. İçəri hələ qaranlıq olsa da, pəncərənin arxasındakı işığın zülməti necə pərən-pərən saldığını görürdü. O uzanıb pərdələrin arasından düşən boz işığa tamaşa edirdi, sonra birdən dünənki günü xatırladı. «Yunkers-88» və cod suyu xatırladı. Gülərüz tibb bacısını və mehriban həkimi xatırladı, sonra beyninə şübhə toxumları səpildi və böyüməyə başladı.
O, palataya nəzər saldı. Tibb bacısı qızılgülləri dünən axşam aparmışdı. Masanın üzərində təkcə bir qutu siqaret, kibrit və külqabı vardı. Palata bomboş idi. O artıq mülayim və mehriban görünmürdü. Daha rahatlığını demir. O, soyuq və boş idi və bura ölü sükut çökmüşdü.
Şübhə toxumu yavaş-yavaş böyüməyə başladı və özü ilə bərabər yüngül oynaq qorxu gətirdi; bu qorxu təlaş doğurmaqdan çox nəyisə xəbərdar edirdi. Bu duyğu insanda qorxduğu üçün deyil, nəyinsə yolunda getmədiyini hiss etdiyi üçün əmələ gəlir. Şübhə və qorxu elə sürətlə böyüyürdü ki, o, əsəbiləşməyə və hirslənməyə başladı, əli ilə toxunanda isə alnının tərlədiyini aşkarladı. Bir tədbir görmək lazım olduğunu qərara aldı, ya haqlı, ya da haqsız olduğunu özünə necəsə sübut etməlidir. O yenə qarşısında pəncərə və yaşıl pərdələr gördü. Pəncərə düz çarpayısının qarşısında idi, lakin aralarında tam on yard məsafə vardı. Bir yol tapıb pəncərəyə yaxınlaşmalı və bayıra baxmalı idi. Bu fikrin əsirinə çevrildi və indi pəncərədən savayı heç nə barədə düşünə bilmədi. Lakin bəs ayağı necə olsun? O, əlini adyalın altına salıb qalın bintlənmiş ət parçasına toxundu – sağ qıçından təkcə bu qalmışdı. Sanki orda hər şey qaydasında idi. Ağrı yoxdur. Amma bax elə burda problem yarana bilər.
O, qalxıb çarpayıda oturdu. Sonra adyalı bir tərəfə çəkib sol ayağını yerə salladı. Yavaş-yavaş və ehtiyatla hərəkət edə-edə çarpayıdan xalçaya sürüşüb düşdü və hər iki əli ilə döşəməyə dirəndi. Bu cür vəziyyətdə durub sağ ayağından qalan ət parçasına baxdı – çox qısa və yoğundur, başdan-başa bintlənib. Həmin yerdə ağrı əmələ gəldi və qan damarı döyünməyə başladı. O, döşəməyə sərilib eləcə qalmaq istədi, amma irəli getmək lazım olduğunu bilirdi.
O, əlinin köməyi ilə mümkün qədər irəli gedir, sonra yüngülcə hoppanır və sol ayağından qalanı sürüyüb aparırdı. Hər dəfə ağrıdan inildəyir, amma döşəmədə əlləri və ayağı üstə sürünməyə davam edirdi. Nəhayət, pəncərəyə yaxınlaşıb əlləri ilə pəncərəaltından yapışdı, əvvəlcə bir, sonra digərini irəli uzatdı və yavaş-yavaş bir ayağı üstə qalxdı, daha sonra tez pərdəni çəkib bayıra baxdı.
O, boz kirəmitli damı olan balaca ev gördü. Ensiz xiyabanın yaxınlığında yerləşən bu ev tənha idi, arxasında şumlanmış tarla uzanırdı. Evin qarşısında baxımsız bağ vardı. Xiyabanla bağı yaşıl çəpər ayırırdı. O, çəpərin üstündə lövhəcik gördü. Bu, qısa şüvülə mıxlanmış adi lövhəcik idi, çəpərə çoxdan əl gəzdirilmədiyindən taxtanın üstünü budaqlar örtmüşdü. Bu səbəbdən sanki lövhəciyi çəpərin arasında quraşdırmışdılar. Taxta parçasının üstündə ağ boya ilə nəsə yazılmışdı. O, burnunu pəncərənin şüşəsinə dayayıb yazını oxumağa çalışdı. Birinci hərf «G» idi, bunu dəqiq gördü, ikinci «a», üçüncü isə «r» idi. O, hərfləri növbə ilə ayırd edə bildi. Lövhəcikdə cəmi üç söz yazılmışdı və o, hərf-hərf oxumağa başladı: «G-a-r-d-e a-u c-h-i-e-n»[7 - Fransız dilindən tərcümədə – «ehtiyatlı olun, it qapa bilər»]. Orda eləcə bu yazılmışdı.
O, əlləri ilə pəncərəaltından yapışaraq bir ayağı üstə qərarsız dayanıb, lövhəciyə və ağ boya ilə yazılmış hərflərə baxırdı. Bir müddət başqa heç nə düşünə bilmədi. Eləcə lövhəciyə baxır və üzərində yazılan sözləri ürəyində təkrarlayırdı. Birdən ona çatdı. O, tənha evə və şumlanmış tarlaya bir də baxdı. Sonra evin sol tərəfindəki meyvə bağına və yaşıllıqla örtülmüş ətrafa nəzər saldı.
– Deməli, mən Fransadayam, – o dedi. – Mən Fransadayam.
Qan sağ budunda bərk döyünürdü. Sanki kimsə ət parçasına çəkiclə möhkəm vururdu və birdən ağrı elə şiddətləndi ki, gözləri qaraldı. Ona elə gəldi ki, indicə yerə düşəcək. Tez yerə oturub çarpayıya tərəf süründü və son gücünü toplayıb yuxarı dırmaşdı, taqətsiz yastığa söykənib adyalı üstünə çəkdi. Yenə də çəpərdəki lövhəcikdən, şumlanmış tarladan və meyvə bağından savayı heç nə düşünə bilmədi. Lövhəcikdəki kəlmələr heç cür beynindən çıxmırdı.
Bir azdan tibb bacısı gəldi. Qadın qaynar su ilə dolu kasa gətirdi.
– Sabahın xeyir, bu gün özünü necə hiss edirsən? – o dedi.
Sarğının altında ağrı hələ güclü idi, amma o, tibb bacısına heç nə demək istəmirdi. Qadının otaqda var-gəl etməsinə tamaşa etdi. İndi onu diqqətlə gözdən keçirdi. Saçları sarı rəngə boyanmışdı. Boylu-buxunlu, qamətli idi, xoşagəlimli siması vardı. Amma gözlərində qəribə bir təlaş hiss olunurdu. Nəzərləri elə hey ora-bura qaçırdı, heç nəyin üzərində bir andan artıq dayanmırdı, baxış obyektlərini anidən dəyişirdi. Hərəkətlərində də nəsə bir qəribəlik vardı. Həddən ziyadə qəfil və əsəbi idi və laqeyd səs tonu ilə heç uyğun gəlmirdi.
Qadın əlindəki kasanı masanın üstünə qoyub onun pijamasının köynəyini çıxartdı və bədəninin yuxarı hissəsini yumağa başladı.
– Yaxşı yatmısan?
– Hə.
– Lap yaxşı, – o dedi.
Qadın onun qollarını və sinəsini yudu.
– Deyəsən, səhər yeməyindən sonra hava idarəsindən kimsə sənə baş çəkməyə hazırlaşır, – qadın sözünə davam etdi. – Onlara hesabat lazımdır, heç bilmirəm düz dedim, ya yox. Sən daha yaxşı bilərsən. Səni necə vurublar və buna oxşar suallar. Onlara çox oturmağa imkan verməyəcəm, narahat olma.
O cavab vermədi. Tibb bacısı bədənini yuyub, ona diş məcunu və fırça verdi. O, dişlərini təmizlədi, ağzını yaxaladı və suyu kasaya tüpürdü.
Sonra qadın məcməyidə səhər yeməyi gətirdi, amma o yemək istəmirdi. Özünü yenə zəif hiss edirdi, üstəlik, ürəyi bulanırdı. Eləcə uzanmaq və baş verənlər barədə düşünmək istəyirdi. Bir cümlə beynindən heç cür çıxmırdı. Bu cümləni eskadrilyasındakı kəşfiyyat zabiti Conni hər gün uçuşdan əvvəl təyyarəçilərə təkrarlayırdı. İndi təsəvvüründə həmin Conni canlanmışdı. Budur, əlində tənbəki çubuğu dayanıb, ehtiyat aerodromunda balaca yay evinə söykənib və deyir: «İşdir, sizi vursalar, təkcə adınızı, rütbənizi və şəxsi nömrənizi deyin. Başqa heç nə. Allah xətrinə, başqa heç nə deməyin».
– Hə, – qadın bunu deyib məcməyini onun dizinin üstünə qoydu. – Yumurta ye. Özün öhdəsindən gələ biləcəksən?
– Hə.
Qadın çarpayının yanında dayanmışdı.
– Özünü yaxşı hiss edirsən?
– Hə.
– Lap yaxşı. Yumurta azlıq edəcəksə, birini də gətirə bilərəm.
– Yox, bəs edər.
– Yaxşı, daha nəsə istəsən, zınqırovu çal.
Qadın bunu deyib otaqdan çıxdı.
Tibb bacısı geri qayıdanda elə o da yeməyini bitirirdi.
– Aviasiya komandiri Roberts gəlib. Ona dedim ki, burda bir neçə dəqiqədən artıq ola bilməz.