скачать книгу бесплатно
– Sonra vəziyyətə uyğun hərəkət edərik.
Ortaya sükut çökdü.
– Qoca?
– Hə.
– Burdakı qadınlardan kimisə tanıyırsan?
– Vaxtilə tanıyırdım. Bir türk qızı vardı, dərisi bəmbəyaz idi. Adı Venka idi. Biri də Yuqoslaviyadan vardı, məndən bir baş hündür idi, Kiki deyə çağırırdılar. Hə, bir də, deyəsən, suriyalı. Amma adını xatırlamıram.
– Onlara zəng edək, – Gənc dedi.
– Sən viski gətirməyə gedəndə artıq zəng etmişəm. Heç birini tapmadım. Alınmadı.
– Elə həmişə belə olur, – Gənc dedi.
– Əvvəlcə dükanları gəzək, – Qoca dedi. – Nə qədər desən vaxtımız var.
Gənc vannadan bir saatdan sonra çıxdı. Hər ikisi bozumtul-yaşıl rəngdə təmiz şort və köynək geyinib aşağı düşdü. Onlar mehmanxananın vestibülündən keçib qızmar günəşin yandırdığı küçəyə çıxdılar. Qoca qara eynək taxdı.
– Mənə nə lazım olduğunu bilirəm, – Gənc dedi. – Gün eynəyi.
– Yaxşı. Gedək alaq.
Arabaçı saxlayıb, ona Siqurelə getməyi əmr etdilər. Gənc eynək, Qoca isə poker zərləri aldı, sonra boğanaq və qələbəlik küçədə yavaş-yavaş yeridilər.
– Qıza fikir verdin? – Gənc soruşdu.
– Eynəyi aldığın qızı deyirsən?
– Hə. Qaraşını.
– Yəqin, türk qızıdır, – Qoca dedi.
– Mənə fərq etməz, – Gənc dedi. – Amma yaman qəşəng qız idi. Sənə belə gəlmədi?
Onlar əllərini ciblərinə salıb Şəriə-Qəsr-əl-Nil boyu gəzirdilər. Gənc elə indicə aldığı eynəyini taxdı. Hava çox isti idi. Tozlu küçə misirlilərlə, ərəblərlə və ayaqyalın oğlan uşaqları ilə dolu idi. Milçəklər bu oğlanların iltihabdan qızarmış gözlərinin ətrafında dövrə vuraraq vızıldayırdı. Onlar lap uşaq olanda anaları başlarına nəsə dəhşətli bir şey gətirdiklərindən gözləri bu vəziyyətə düşmüşdü. Qadınlar bunu övladları böyüyəndə orduya götürülməsinlər deyə etmişdilər. Oğlanlar Qoca ilə Gəncin dalınca gəlir və yorulmadan qışqırırdılar: «Bəxşiş! Bəxşiş!» – milçəklər də dilənçilərdən əl çəkmirdilər. Qahirə başqa şəhərlər kimi qoxumur. Burda bir şeyin iyi gəlmir və bu iy, üstəlik, bir yerdən gəlmir. Bu qoxu hər şeyin üzərinə çöküb: qanovlara, səkilərə, evlərə, dükanlara, dükanlarda satılan mallara, elə küçənin ortasındaca hazırlanan yeməklərə, atlara və küçələrdəki at peyinlərinə. Adamlara və qızmar şüalarını onların başına yağdıran günəşə də, qanovlara da, atlara da, yeməyə və küçəni başına alan tullantılara da bu iy hopub. Bu əlahiddə qoxuda eyni zamanda həm şirin, həm çürük, həm qaynar, həm duzlu, həm də acı nəsə hiss olunur və o heç vaxt yoxa çıxmır, hətta sərin sübh çağında belə.
İki təyyarəçi qələbəlikdə sallana-sallana gəzişirdilər.
– Məgər sənin ağlını başından almadı? – Gənc soruşdu.
O, Qocanın fikrini öyrənmək istəyirdi.
– Qəşəng idi.
– Qəşəng dedin qoydun. Bilirsən, Qoca?
– Nə?
– Axşamı bu qızla keçirmək istərdim.
Onlar küçənin o başına keçib irəli getdilər.
– Yaxşı görək, – Qoca dedi. – Bəlkə, madam Rozettə zəng edəsən?
– Rozett hardan çıxdı?
– Madam Rozett, – Qoca ona düzəliş verdi. – Böyük qadındır.
Onlar «Timin Barı»na yaxınlaşdılar. Barın yiyəsi Tim Gilfillan adlı bir ingilis idi. Ötən dəfəki müharibədə serjant-kvartirmeyster olan bu adam hərbçilər Qahirəni tərk edəndən sonra hansısa yolla orda qala bilmişdi.
– Bu da Tim, – Qoca dedi. – Gəl ona baş çəkək.
İçəridə Timdən başqa heç kəs yox idi. O, piştaxtanın arxasında butulkaları taxçalara qoymaqla məşğul idi.
– Belə-belə işlər, – geriyə çevrilən bar yiyəsi dedi. – Uşaqlar, neçə vaxtdır harda itib-batmışdınız?
– Salam, Tim.
O, təyyarəçiləri xatırlamırdı, lakin bircə baxış kifayət idi ki, bu adamların səhradan gəldiyini anlayasan.
– Köhnə dostum Qrasiani necədir? – Tim barın piştaxtasına söykənib dedi.
– Bizdən o qədər də uzaqda deyil, – Qoca cavab verdi. – Mersanın yaxınlığındadır.
– İndi hansı təyyarələrdə uçursunuz?
– «Qladiator»larda.
– Lənət şeytana, onlarda səkkiz il bundan əvvəl uçurdular.
– Elə həmin təyyarələrdir, – Qoca dedi. – Lap köhnəliblər.
Onlar viski götürüb küncdəki masaya doğru getdilər.
– Bu Rozett kimdir? – Gənc soruşdu.
Qoca dərin bir udum edib stəkanı qoydu.
– Böyük qadındır, – o cavab verdi.
– Kimdir ki?
– Qoca və murdar suriyalı yəhudi.
– Bunu bildik, – Gənc dedi, – amma onu niyə xatırladın ki?
– İndi sənə danışaram, – Qoca cavab verdi. – Madam Rozett yer üzündə ən böyük fahişəxananın sahibidir. Deyilənə görə, o, adama Qahirənin istənilən qızını təşkil edə bilər.
– Cəfəngiyyatdır.
– İnanmırsan? Onda ona zəng et və qızı harda gördüyünü, hansı dükanda, hansı şöbədə işlədiyini, necə göründüyünü ətraflı təsvir et, yerdə qalanını özü düzüb qoşacaq.
– Bu qədər sadəlövh olma, – Gənc dedi.
– Bu həqiqətdir. Təmiz həqiqət. Mənə onun haqqında otuz üçüncü eskadrilyada danışıblar.
– Səni ələ salıblar.
– Yaxşı. Gəl telefon sorğu kitabçasını götürüb onun nömrəsini tapaq.
– Bu soyadla onu çətin ki telefon sorğu kitabçasında tapasan.
– Mənsə sənə deyirəm tapacaqsan, – Qoca söylədi. – Get madam Rozetti axtar. Haqlı olduğumu görəcəksən.
Gənc ona inanmadı, amma yenə də Timin yanına gedib ondan telefon sorğu kitabçasını istədi. Geri qayıdıb kitabçanı masanın üstünə qoydu və «Roz…»la başlayan soyadları tapanacan onu vərəqləməyə başladı. Barmağı Rozeppi… Rozeri… Rozett sütununda gəzdi. Bu da madam Rozett, ünvan və telefon nömrəsi, hər şey var. Qoca onu diqqətlə izləyirdi.
– Tapdın?
– Hə, bax burdadır. Madam Rozett.
– Hə, bəlkə, ona zəng edəsən?
– Ona nə deyəcəm ki?
Qoca stəkanının dibinə baxdı və buz parçalarını barmağı ilə qarışdırdı.
– Polkovnik olduğunu söylə, – o cavab verdi. – Polkovnik Higgins. Təyyarəçilərə o qədər də etibar etmir. Bir də de ki, Siqureldə gün eynəkləri satan qəşəng qaraşın qız görmüsən və özün dediyin kimi, onunla şam etmək istəyirsən.
– Burda telefon yoxdur.
– Niyə yoxdur ki? Bax orda.
Gənc ətrafa boylandı və barın piştaxtasının sonunda divardan asılmış telefonu gördü.
– Mənim piastrım yoxdur.
– Məndə var, – Qoca dedi.
O, cibindən çıxardığı pulu masanın üstünə qoydu.
– Tim nə danışdığımı eşidəcək.
– Cəhənnəmə eşitsin, nə dəxli var ki? Bəlkə, elə özü də bəzən ona zəng edir. – Sonra əlavə etdi: – Qorxaqsan.
– Sənsə pox, – Gənc dedi.
Gənc lap uşaq idi. Bu yaxınlarda on doqquz yaşı tamam olmuşdu – Qocadan səkkiz yaş kiçik idi. Kifayət qədər hündür və arıq idi, gur qara saçları, qəşəng üzü və iri ağzı vardı; səhra günəşi dərisini qəhvə rəngində etmişdi. Heç şübhəsiz ki, eskadrilyada ən yaxşı təyyarəçi idi. Müharibənin əvvəlindəcə on dörd italyan vurmuşdu və bu, sənədlə təsdiqlənmişdi. Yerdə yorğun adamlar kimi ağır-ağır hərəkət edirdi, elə düşünməyi də bu cür idi, lap yuxulu uşaqlar kimi. Amma havaya qalxanda ağlı iti işləyirdi, elə hərəkətləri də ondan geri qalmırdı, o qədər sürətlə hərəkət edirdi ki, sanki bütün bunları reflekslə yerinə yetirirdi. Yerdə gəzəndə elə təəssürat yaranırdı ki, sanki kabinəyə oturmazdan əvvəl güc toplaması üçün istirahət edir, mürgüləyir, əvəzində sonra sağlam və qıvraq görünür və ikisaatlıq ifrat fikir cəmliyinə hazır olurdu. Amma indi Gənc aerodromdan uzaqda idi və nəsə onu uçuşdakı kimi sayıq olmağa məcbur edirdi. Bəlkə də, bu vəziyyət uzun çəkməyəcəkdi, amma ən azından həmin dəqiqə fikrini bir yerə cəmləyərək hərəkət edirdi.
Вы ознакомились с фрагментом книги.
Для бесплатного чтения открыта только часть текста.
Приобретайте полный текст книги у нашего партнера: